Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 0,65 Mb.
səhifə39/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   35   36   37   38   39   40   41   42   ...   161
t.kimya, 1,3

4. Torpaq – unikal mürəkkəb tərkibə malik təbiət cismidir. Bu, torpağı digər təbiət obyektlərindən fərqləndirən xüsusiyyətlərindən biridir. Əgər dağ süxuru bir neçə mineral birləşmədən ibarətdirsə, istənilən torpağın tərkibi bitki və mikroorqanizmlərin mürəkkəb bioüzvi birləşmələrindən, onların transformasiyası və humuslaşması nəticəsində yaranmış birləşmələrdən, həmçinin üzvi və mineral komponentlərin qarşılıqlı təsiri nəticəsində törəmiş məhsullardan ibarətdir. Bu minlərlə müxtəlif birləşmələr deməkdir ki, onların çoxu hələ öyrənilməyibdir. Torpaqların xassəsi, onların bioməhsuldarlığı və münbitliyi torpaqdakı ayrı-ayrı birləşmələrin tərkibi ilə müəyyən olunur. Torpağın maddi tərkibinin tam öyrənilməsi sahəsində müəyyən uğurlar olsa da müasir dövrdə çox çətin məsələdir. Bununla belə, əksər torpaqların mineral tərkibi və bəzi üzvi birləşmələr (şəkər, amin turşuları, vitaminlər, fermentlər, bir sıra yağlar və s.) yaxşı öyrənilmiş, kompleks xassəyə malik mineral-üzvi birləşmələrin tərkibi və xassələri haqqında məlumat toplanmışdır. Nəzərə almaq lazımdır ki, torpaq birləşmələri yalnız torpaq məhlulunda molekulyar səviyyə kimi dispersləşmişdir. Ona görə də maddələrin transformasiyasının və qarşılıqlı kimyəvi təsiri proseslərinin əsas hissəsi torpaqda maye fazanın və ya nəmliyin kifayət qədər olması şəraitində baş verir. Torpağın bərk fazasındakı birləşmələrin əsas hissəsi müxtəlif ölçülü aqreqatlarda birləşmişdir. İstənilən torpağın səciyyəvi cəhəti - tərkibində müxtəlif mineral-humus birləşmələrinin mürəkkəb sisteminin olmasıdır. Bu birləşmələr bioloji mənşəli məhsullarla dağ süxurları komponentlərinin qarşılıqlı təsirinın nəticəsi kimi ortaya çıxmışdır. Torpaqların maddi tərkibi onların uzun müddət fəaliyyəti və təkamülü nəticəsində formalaşır. Beləliklə, torpaqəmələgəlmənin ən əhəmiyyətli xüsusiyyəti - torpağın bərk fazasına daxil olan bütün torpaqlar üçün səciyyəvi spesifik birləşmələrin toplanmasıdır. Bu birləşmələrin bir hissəsi öz kimyəvi strukturuna görə mürəkkəb olub, nisbətən sabit mürəkkəb molekulyarüstü strukturlar (kolloidlər, aqreqatlar, mikroaqreqatlar) yaradır. Bu strukturlar ayrı-ayrı genetik horizontların morfoloji əlamətlərinin formalaşmasında ümdə rol oynayırlar.
5. Bütün torpaqlar üçün mürəkkəb ərazi təşkili və həmçinin əlamət, xassə və proseslərin differensiasiyası səciyyəvidir. Torpaqların struktur təşkilinin aşağıdakı səviyyələri ayrılır: atomar səviyyə, kristal – molekulyar səviyyə, aqreqat səviyyəsi, horizont səviyyəsi, torpaq profili və yaxud torpaq səviyyəsi və nəhayət, torpaq örtüyü səviyyəsi. Torpağın maddi sistem kimi təşkilinin struktur səviyyələrindən danışarkən, birinci struktur səviyyə kimi onun atomar səviyyəsi götürülə bilər. Müasir torpaqşünaslıqda torpağın atomar struktur səviyyəsi haqqında danışılanda onun təbii və süni radioaktivliyi başa düşülür. Bütün təbii radioaktiv elementlər 3 qrupa bölünür: birinci qrup – xüsusi radioaktiv elementlərin izotopları (U238 , U235, Th232, Ra226, Rn222,), ikinci qrup – radioaktivlik xassəsinə malik olan kimyəvi elementlər ( K40, Rb87, Sm147, Ca48, və s.), üçüncü qrup – kosmik şüaların təsiri ilə əmələ gələn radioaktiv izotoplar ( H3 , Be7 , C14 ). Süni radioaktivlik atom və istilik nüvə partlayışları, həmçinin atom sənayesinin təsirilə əmələ gəlir. Bu partlayışlar zamanı ağır nüvənin parçalanmasından külli miqdarda süni izotoplar (U238 , U235, Pu235 ) yaranır. Bunlar tədricən atmosferdən yerə çökərək lokal şəkildə torpaqda radioaktiv mənbələr yaradır. Atomar struktur səviyyənin əsas cəhəti ondan ibarətdir ki, torpaqda qeyd edilən kimyəvi elementlərin izotopları elementar hissəcikləri və ya atom nüvələrini azad etməklə başqa elementlərin izotoplarına çevrilir. Məlumdur ki, torpaq qatında maddə və enerjinin çevrilməsi ilə müşahidə edilən proseslər torpaqəmələgəlmədə əhəmiyyətli dərəcədə rol oynayır. Lakin radioaktiv elementlərin parçalanması və çevrilməsi mürəkkəb poses olub, xarici amillərə bağlı deyildir və torpaqəmələgəlmə amillərindən asılı olmadan bir istiqamətdə inkişaf edir. Bununla yanaşı torpağın radioaktivliyi həm torpağın enerji balansında, həm də torpaqdakı mineralların aşınmasında və bioloji proseslərdə əhəmiyyətli rol oynayır. Torpağın təşkilinin ikinci struktur səviyyəsi kristal-molekulyar səviyyədir. Bu səviyyə atomar səviyyədən kəskin şəkildə fərqlənir. O, torpaqda əsas maddələrin çevrildiyi və kimyəvi reaksiyaların baş verdiyi səviyyədir. Bu səviyyə üçün səciyyəvi olan torpaqdakı üzvi və mineral komponentlərin molekulyar və kristal – molekulyar qarşılıqlı əlaqəsi torpaqşünaslıq elmində xüsusi sahə olan torpaq kimyası və mineralogiyasının predmetidir. Torpaqdakı kristallar və molekullar ayrı-ayrılıqda mövcud deyildir. Onlar aqreqatlarda, əvvəlcə müxtəlif bərklikli mikroaqreqatlarda, sonra struktur hissələrdən ibarət makroaqreqatlarda birləşir. Torpaq aqreqatlarını torpağın “hüceyrələri” də adlandırsaq səhv etmərik. Bu aqreqatlar birləşib horizontları, “toxumaları” törədir. Torpağın aqreqat halı torpağın təşkilinin növbəti struktur səviyyəsidir. Yaxşı məlumdur ki, torpaq aqreqatlarının daxili hissəsi onun xüsusi plyonka ilə örtülmüş səth hissəsindən fərqlənir. Hazırda torpaq aqreqatları daxildə, aqreqatların səthində və aqreqatlararası fəzada baş verən proseslər haqqında elmdə demək olar ki, məlumat yoxdur. Güman etmək olar ki, torpaqəmələgəlmənin vacib hissəsi olan maddələrin çevrilməsi, əksər biokimyəvi və kimyəvi proseslər aqreqatdaxili mühitdə baş verir. Bunu əksər kökcüklərin aqreqatların səthində və aqreqatlararası fəzada deyil, aqreqatların daxilində yerləşməsindən də görmək mümkündür. Torpağın təşkilinin dördüncü struktur səviyyəsi torpaq horizontudur. Torpağın üç ölçülü xüsusi qatı kimi “torpaq horizontu” anlayışı elmə V.V.Dokuçayev və onun şagirdlərinin tədqiqatları nəticəsində daxil edilmişdir. Torpaqəmələgəlmə nəticəsində ana süxurun genetik baxımdan müxtəlif keyfiyyətli qatlara differensiasiyası və torpaq horizontlarının əmələ gəlməsi genetik torpaqşünaslıqda xüsusi tədqiqatın predmetidir. Nəzərə almaq lazımdır ki, torpaq horizontu hüdudunda bu və ya digər horizontu əmələ gətirən və formalaşdıran maddə və enerjinin axını prosesi təkcə şaquli deyil, üfüqi (laterial) istiqamətdə də baş verir. Ona görə də hər bir torpaq horizontu müəyyən mərhələdə onun morfologiyası, tərkibi, genezisi baxımından torpaq profilinə bağlanılmadan müstəqil sistem kimi tədqiq oluna bilər. Bu metodiki baxımdan da özünü doğruldur, belə ki, hər bir maddi sistemin təşkilinin istənilən struktur səviyyəsi həm müstəqil formada, həm də öz kompleks metodları vasitəsilə öyrənilə bilər. Ayrı-ayrı torpaq horizontlarının qanunauyğun şəkildə birləşməsi və ya əlaqələnməsi torpaq profilini və ya “torpaq” adlanan təbiətin xüsusi maddi sistemini yaradır. Nəticədə biz torpaq təşkilinin növbəti struktur səviyyəsini əldə edirik. Şərti olaraq onu beşinci struktur səviyyə də adlandıra bilərik. Bu struktur səviyyədə sistemin əsas aparıcı komponenti kimi torpağın özünün çıxış etməsi təbiidir. Çünki daha yüksək təbii struktur səviyyələrlə müqayisədə torpaq bu sistemlərin (torpaq örtüyü, biosfer) komponenti kimi çıxış edir. Torpaq - üç ölçülü təbiət cismi və ya maddi sistemdir. Bütün təbiət cisimləri kimi onun da məkanda tutduğu yeri, həcmi və sərhədləri vardır. Torpağın aşağı sərhədi, torpağın torpaqəmələgəlmə prosesi nəticəsində onun dağ süxurundan təbiətin xüsusi varlığına (biokos sistemə) çevrildiyi dərinlikdə yerləşmişdir (P.S.Kossoviç). Lakin tarixi torpaqşünaslıqda torpağın aşağı sərhədi ilə bağlı vahid fikir olmamışdır; V.V.Dokuçayev torpağın aşağı sərhədi kimi humuslu qatların – A və B horizontlarının aşağı sərhədini, P.A.Kostıçev yalnız bitki köklərinin yayıldığı dərinliyi (rezosferi), Q.N.Vısotskiy isə atmosfer sularının filtrasiya nəticəsində nəmləşdirdiyi torpaq qatını aşağı sərhəd kimi götürməyi təklif etmişdir. Müasir torpaqşünaslıqda Dokuçayev-Kossoviç prinsipinə uyğun olaraq torpağın O, A, B horizontları torpaq, C, D, R horizontları isə torpaqaltı horizontlar kimi qəbul olunmuşdur. Torpağın yuxarı sərhədi kimi, torpağı atmosfer qatından ayıran hissəsi, yəni yerin səthi götürülür. Torpaq bətninin yan sərhədlərinə gəldikdə isə onu naturada ayırmaq çox çətindir. Çünki torpaqların bir-birinə keçidi tədrici olub, nəzərəçarpmaz, yəni diffuziya şəklindədir. Lakin bu o demək deyildir ki, torpaqlar arasında sərhəd yoxdur. Hazırda torpaqşünaslıq elmində torpaqların yan sərhədi kimi torpaq individiumları arasındakı sərhədlər götürülür. Torpaq individiumlarının sərhədləri ilə hüdudlanmış torpaq ərazisi elementar torpaq arealı adlanır.
Elementar torpaq arealı kimi, adətən, torpağın ən aşağı taksonomik vahidi götürülür. Beləliklə də, torpağın təşkilinin beşinci struktur səviyyəsini elementar torpaq arealı da adlandırmaq mümkündür. Təbiətdə müxtəlif torpaq individiumları müxtəlif birləşmələr və ya komplekslər yaratmaqla, torpaq örtüyünü və ya torpaq təşkilinin altıncı skruktur səviyyəsini formalaşdırır. Yerin digər təbəqələri – litosfer, atmosfer, hidrosfer ilə sərhəddə yerləşən və daim onlarla qarşılıqlı əlaqə və təsirdə olan torpaq örtüyü, xüsusi geosfer – pedosfer yaratmaqla bu yer geosferlərinin mürəkkəb sistemində özünəməxsus rol oynayır. Lakin pedosferin qalınlığı planetimizin hər yerində eyni deyildir. Qitələrin ayrı- ayrı ərazilərinin iqlim və relyefindən, bitki örtüyü və ana süxurların xarakterindən və digər amillərdən asılı olaraq onun qalınlığı bir neçə santimetrdən (Arktika və tundra zonasında) on-on beş metr (rütubətli ekvatorial meşələrdə) arasında dəyişir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin