Mövzu 3: Təbii-tarixi cisim kimi torpağın kimyəvi xüsusiyyətləri. Plan: 1.Təbii-tarixi cisim kimi torpağın kimyəvi xüsusiyyətləri. 2.Kimyəvi xüsusiyyətlərinə görə torpaqda baş verən polikimyalaşma, heterogenlik və polidisperslilik prosesləri. 3. Kimyəvi xüsusiyyətlərinə görə baş verən üzvi-mineral maddələrin qarşıliqlı təsiri, torpaq proseslərinin dinamikliyi və əhatəli müxtəlifcinslilik prosesləri. 4. Kimyəvi xüsusiyyətlərinə görə torpaqda baş verən qeyri-bərabər vəziyyət və termodinamik bərpa olunmayan proseslər.
1.Torpağın xüsusi təbii cisim kimi əsas xüsusiyyətləri Torpaq mineral, üzvi və üzvi- mineral maddələrdən ibarətdir.Torpaqda mineral birləşmələrin mənbəyi dağ süxurlarıdır. Dağ süxurlardan yer qabığının bərk qatı – litosfer yaranmışdır. Deməli, yer qabığı süxurlardan təşkil olunmuşdur,süxurlar da öz növbəsində minerallardan ibarətdir.Üzvi maddələr – bitki və heyvanların fəaliyyəti nəticəsində torpağa daxil olur. Mineral və üzvi maddələrin qarşılıqlı təsiri torpağın üzvi – mineral birləşmələrinin mürəkkəb kompleksini yaradır.Torpağın mineral hissəsi onun 80-90%-ni təşkil edir.Yalnız orqanogen (üzvi maddələrlə çox zəngin torpaqlar) torpaqlarda mineral hissə üzvi birləşmələrdən 10%-ə qədər aşağı düşür. Torpağın xüsusi təbii cisim kimi əsas xüsusiyyətləri aşağıdakılardır:
1. Torpağın bizim planetimizdə xüsusi yeri vardır. O, yer qabığının qalın olmayan səth horizontudur . Yer qabığının bu hissəsində biosfer komponentlərinin – atmosfer, litosfer, bitki və heyvan orqanizmlərinin sıx və daha fəal qarşılıqlı təsiri üçün şərait yaranır, yəni torpaqəmələgəlmənin məlum amillərinin birgə fəaliyyətinin mümkünlüyü reallaşır. Torpaq daha mürəkkəb təbii sistemlərin – biogeosenozların, ekosistemlərin və bütövlükdə biosferin komponentidir. Biogeosenoz – yer səthinin mikroiqlim, geoloji quruluş, relyef, torpaq və su rejiminə görə səciyyəvi xüsusiyyətlərinə malik müvafiq sahəsində bitki, heyvan və mikroorqanizmlərin birliyidir. Ekosistem – canlı orqanizmlər və onların yaşadığı mühitin birgə yaratdığı vahid təbii kompleksdir.
2. Torpaq – Yerdə həyatın yaranması və təkamülünün və səthə çıxmış dağ süxurlarının biotla müxtəlif qarşılıqlı təsirlərinin daha iri miqyaslı qlobal nəticəsidir. Dağ süxurlarının çöküntüləri ilə müqayisədə qalın olmayan quru səthinin bu münbit qatı, biosferdə cərəyan edən və ekosistemlərin fəaliyyəti və canlı orqanizmlərdə maddələr mübadiləsi ilə bağlı olan maddələrin transformasiyası və miqrasiyasının bütün müasir proseslərində iştirak edir. Torpaqda külli miqdarda ölüb getmiş biokütlə transformasiyaya uğrayır və qaz şəklinə düşənə kimi oksidləşir və bununla da atmosferin təbii tərkibinin, həmçinin torpağın münbitliyinin sabitliyi və ya torpağın təbii təkamülünün dayanaqlığı təmin edilir. Torpaq təkcə quruda deyil, okeanda yaşayan canlıları da qida ilə təmin edir. Dəniz mikroorqanizmlərinin, bitki və heyvanların tərkibinə daxil olan mineral qidalanmanın biofil elementləri (karbon, azot, fosfor, kalium, kalsium, dəmir və s.) səth (torpaq) suları və çay axınları vasitəsilə okeana daxil olur. Bu, torpaq vasitəsilə biosferi təşkil edən müxtəlif strukturlar arasında əlaqəni yaradan və biosferin normal fəaliyyətini təmin edən çoxsaylı miqrasiya axınlarından biridir.
3. Torpağın yaranması və həyatı ilə bağlı proseslər Yerdə maddə və enerjinin mürəkkəb dövranı ilə bağlı geoloji, bioloji və biogeokimyəvi proseslərin tərkib hissəsidir. Geoloji dövran torpaqəmələgəlmə ilə bağlı olan proseslərin iştirakı olmadan da baş verə bilər. Lakin biosfer və torpağın mövcudluğu şəraitində onlar səth və yeraltı axınların formalaşmasında, çökmə, səth və dib çöküntülərinin yaranmasında və s. əhəmiyyətli rol oynayırlar. Biosfer və torpaqların yaranması və fəaliyyəti proseslərində bioloji və biogeokimyəvi dövranlar formalaşmışdır. Bioloji dövran anlayışına V.A. Kovda “mühitlə bitki və heyvan orqanizmlərinin məcmusu arasında maddə və enerji mübadiləsinin tsiklik proseslərinin cəmi” anlayışını əlavə etmişdir.