1.Torpağın element tərkibinin xüsusiyyətləri. Yulius Lotar Meyer və D.İ.Mendeleyevin dövrü sistemlərinin (1864-1869) demək olar ki, bütün təbii elementləri torpaqda vardır. Torpaqda həmin elementlərin 95 %-ni məlum 26 element təşkil edir. Torpaq, elementlərin kəmiyyətcə toplanmasına görə bütün canlı orqanizmlərdən, minerallardan və dağ süxurlarından fərqlənir. Bildiyimiz kimi canlı orqanizmlər əsasən orqanogen elementlərdən – C, H, N, O, P, S təşkil olunmuşdur. Müqayisəcə az miqdarda isə mineral komponentlər adlanan maddələr də bu tərkibə aiddir. Lakin elə minerallar var ki, 2-5-7, 9-11 elementdən (sadə silikatlar) ibarətdir. Duz mineralları 2-5 elementdən ibarətdir. Torpağın tərkibinə daxil olan bütün kimyəvi elementlər mütləq və mühüm rola malikdirlər. Torpağın birinci fərqləndirici xüsusiyyəti onun böyük elementlər toplumundan ibarət olmasıdır. İkinci xüsusiyyəti isə yüksək miqdarda karbon və silisium elementinin olmasıdır. Hansı ki, bu iki mühüm torpaqəmələgəlmə amilinə eyni zamanda təsir edir: bunlar bitki və heyvanat aləmidir. Üçüncü xüsusiyyəti elementlərin qatılığının böyük diapazonda mövcudluğudur.
Element tərkibinə görə profildə ən çox fərqli cəhətlər torflu, elyuvial, karbonatlı və şorlaşmış horizontlarda müşahidə olunur. Ayrı-ayrı elementlərin miqdarı geniş intervalda dəyişir. Məsələn, torflu torpaqlar istisna olmaqla qalan torpaqlarda silisiumun miqdarı 22-dən 44%-ə qədər tərəddüd edir. Alüminiumun miqdarının diapazonu – 1-8%, dəmirinki isə – 0,5-6% təşkil edir. Kiçik tərəddüdlərə baxmayaraq, hər bir elementin miqdarının intervalı mövcuddur.
Torpağın element tərkibi onun qranulometrik tərkibindən, tipindən, horizontundan və kimyəvi elementlərin xüsusiyyətlərindən çox asılıdır. Ona görə də, bu elementlərin bir metrlik qatdakı miqdarı torpaqəmələgətirən süxurların tərkibi ilə oxşardır. Sadə duzları (CaCO3, CaSO4, MgSO4, NaCl, NaHCO3) əmələ gətirən bu elementlər xüsusi yer tuturlar. Asan və çətin mənimsənilən duzlarla birlikdə onlar torpaq profilindən kənara çıxaraq elyuvial landşafta yaxud axmaz qatlara düşürlər. Onların torpaq profilində yayılması əhəmiyyətli dərəcədə su rejiminin xarakteri ilə bağlıdır.
Torpaqəmələgəlmənin gedişində element tərkibinin differensasiyası həm şaquli həm də üfuqi istiqamətdə gedir. Üfiqi istiqamətdə torpaq kütləsinin əsas hissəsini karbonatlar (60-80%) təşkil edir. SiO2-nin də miqdarı əhəmiyyətli dərəcədədir (15-30%), Al2O3 – 2-5%; Fe2O3 isə 1% ; faizin onda bir hissəsi qədər Na, K, S; ancaq faizin yüzdə bir hissəsi qədər isə P olur.
Torpaqda mütləq miqdarına görə elementlər bir neçə qrupa bölünür.