Hidroslyudalar (hidromuskavit, hidrobiotit və b.) torpaqlarda geniş yayılmış dır. Onlar üçlaylı minerallara aid edilirlər. Bu mineralların kimyəvi tərkibi dəyişkəndir, bağlamalar arası rabitə möhkəmdir. Ona görə də su bağlamalar arası fəzaya daxil ola bilmir. Kaliumun əvəzləyici kationları mübadilə olunan deyil. Mübadilə olunan kalium parçalanmış kristal qəfəsin kənarlarında yerləşmişdir. Hidroslyuda bitki üçün əhəmiyyətli kalium mənbəyidir. İllit tipli hidroslyudalarda kaliumun miqdarı 6-7%- ə çatır. Hidroslyudalar əsasən slyuda və çöl şpatından əmələ gəlir. Üçlaylı minerallardan vermikulit də torpaqda geniş yayılmışdır. Xassələrinə görə o, montmorinolitə daha çox yaxındır.
Torpaqlarda gilli minerallar qrupuna daxil olan xloridlər də geniş yayılmışdır. Xloridlərin kristal qəfəsi dördlaylı olub, şişmir. Xloridlər tərkibində dəmir, manqan, nadir hallarda xrom və nikel olan alümosilikatlardan ibarətdir. Yaranma şəraitinə görə onlar ilkin minerallar da ola bilər. Torpağın tərkibində qarışıqlaylı minerallar da geniş yayılmışdır. Onların kristal qəfəsində müxtəlif mineralların oktaedr və tetraedr layları növbələşirlər, məsələn, montmorinolit illitlə, vermikulit xloridlə və s. Eksperimentlər nəticəsində şəkildə sübut olunmuşdur ki, gilli minerallar fosforun udulmasında iştirak edir. Torpaqla torpaqəmələgətirən süxurun mineraloji tərkibi oxşardır. Torpaqəmələgəlmə mineralların hərəkəti, parçalanması və sintezi ilə müşayiət olunur, lakin mineraloji tərkibini əsaslı şəkildə dəyişmir.
3.Torpağın turşuluğu və növləri. Torpaq turşuluğunun bitkilərə təsiri.
Torpağın turşuluğu (Hq) – torpaq məhlulunu və ya duz məhlulunu torpağın tərkibindəki turşular, həmçinin hidrogen və digər kationların mübadilə olunan ionları vasitəsilə turşulaşdırmaq qabiliyyətidir.Torpağın turşuluğu iki cür olur: aktual və potensial. Aktual turşuluq – torpaq məhlulunun turşuluğudur. Potensial turşuluğun daşıyıcıları torpağın bərk fazasında mübadilə olunan-udulmuş H+ və Al3+ kationlarıdır. Bu kationlar torpaq məhlulunu, tərkibində elektrolitlərin konsentrasiyasını artırmaq hesabına (məsələn, torpağa gübrə verməklə) mübadilə reaksiyası vasitəsilə turşulaşdırır. Təyin olma qaydasına görə potensial turşuluq da mübadilə olunan turşuluq və hidrolitik turşuluğa bölünür. Mübadilə olunan turşuluq neytral duz məhlulunun (1 n. KCl) köməyi ilə hazırlanmış su çəkimində titrlənmiş H+ və Al3+ ionlarının miqdarı ilə müəyyən edilir. Mübadilə olunan turşuluq pH duz çəkisi (1 n. KCl) kəmiyyəti ilə də səciyyələnir. Turş torpaqlar üçün pH duz çəkimi göstəricisi 3-6 arasında tərəddüd edir. Hidrolotik turşuluq natrium asetatı əsasında hazırlanmış titrlənmiş turşuluq ilə müəyyən edilir. Hidrolotik turşuluq mübadilə olunan turşuluqdan yüksək olur. Bu da onunla əlaqədardır ki, ion mübadiləsinin müvazinəti bu halda hidrolotik qələvi duzların tətbiqi və zəif sirkə turşusunun yaranması ilə H+ mübadilə olunan-udulan ionun maye fazaya keçməsi ilə yeri dəyişdirilmişdir. Beləliklə, mübadilə olunan turşuluq – torpağın hidrolotik turşuluğunun bir hissəsidir. Ondan izafi turşuluğu ləğv edən zaman əhəngin dozasının hesablanmasında, həmçinin torpağın əsaslarla doyma dərəcəsinin göstəricisini %-lə müəyyən edərkən istifadə edilir:
V = S: (S + Hq)·100 = (S:KMT) ·100
Burada, S- udulmuş əsasların cəmi; KMT- kation mübadiləsinin tutumu. Düsturdan göründüyü kimi, kation mübadiləsinin tutumu udulmuş əsasların cəmi ilə hidrolotik turşuluğun cəmindən yaranır. Eyni tipdən və eyni qranulometrik tərkibdən olan torpaqların pH duz çəkimi (potensial turşuluq) ilə hidrolotik turşuluğu arasında korrelyativ əlaqə mövcuddur. Bu da bir çox hallarda əhəngin dozasını hidrolotik turşuluğa görə deyil, potensial turşuluğa görə təyin etməyə imkan verir. Torpaqlar mübadilə olunan kationların tərkibinə görə bir-birindən fərqlənirlər Ca2+,Mg2+, H+ Al3+, Na- kationlardan başqa TUK-də bitkilər üçün zəruri olan bütün kationlar (K+ , NH+4 ) və mikroelementlər də vardır. Lakin onların udulmuş əsasların cəmində miqdarı böyük deyildir H+ və Al3+ -dən başqa torpaqdakı bütün mübadilə olunan kationların ümumi miqdarı mübadilə olunan əsasların cəmi adlanır. Torpaq uducu kompleksində (TUK) hidrogen və alüminium ionlarının mövcudluğundan asılı olaraq torpaqları iki qrupa bölürlər: əsaslarla doymuş (tərkibində H+ və Al3+ yoxdur) və əsaslarla doymamış. Mübadilə olunan kationların tərkibi torpaqəmələgəlmənin tipindən, ana süxurun tərkibindən, bəzən isə qrunt suyunun tərkibindən (əgər səthə yaxındırsa) asılıdır. Əkində istifadə olunan torpaqlarda udulmuş kationların tərkibini münbitliyin yüksəldilməsinə xidmət edən kimyəvi vasitələrlə tənzimləmək mümkündür. Bitkinin qidalanması üçün ən əlverişli şərait TUK-də Ca2+ və bitkinin qidalanması üçün zəruri olan kationlar üstünlük təşkil edəndə yaranır. Əlverişsiz şərait TUK-də xeyli miqdarda mübadilə olunan H+ və Al3+ (turş və əsaslarla doymamış torpaqlarda), Na+ və Na+ +Mg2+ , həmçinin qələvi və qələvi torpaq metallarının karbonatları (şorakətvari torpaqlar, qələvi torpaqlar) olanda yaranır. H+ və Al3+ ionları qismən torpaq məhluluna daxil olaraq, turşuluq yaradır. Alüminium ionları torpaq məhlulunu alüminium duzlarının hidrolizi hesabına turşulaşdırır. Bu reaksiya aşağıdakı formada baş verir.
AlCl3 + 3H2O → Al(OH)3 + HCl
Turşulaşdırma o dərəcədə güclü ola bilər ki, bu zaman torpaq məhlulunun pH-ı 3,5 göstəricisinə (bu bəzi torflu-bataqlıq və bataqlıq-podzollu torpaqlar üçün səciyyəvidir) kimi aşağı düşür. Əksər bitkilər üçün pH əlverişli dəyişkənliyi 5-6 və 8-ə kimi tərəddüd edir. Bu parametrlərin aşılması bitkilərin əziyyət çəkməsinə gətirib çıxarır. Digər tərəfdən, Al3+ ionunun 100 q torpaqda 3-7 mq hüdudunda konsentrasiyası bir çox bitkilər üçün toksik hesab olunur. Udulmuş halda Na+ ionu torpaq kolloidlərini peptitləşdirməklə torpağın fiziki və su-fiziki xassələrinə mənfi təsir göstərir. Mübadilə olunan-udulan Na+ torpaq məhlulunun (bəzən onu pH 9 kimi qələviləşdirən) Na+ ilə müvazinət halında olur. Həm yüksək qələvilik, həm də yüksək turşuluq bitkilərin inkişafına mənfi təsir göstərir. Beləliklə, torpaqların aqronomik səciyyəsindən və onların münbitliyinin artırılmasından ötrü mübadilə olunan kationların tərkibinin öyrənilməsinin, torpaq qələviliyinin və turşuluğunun qiymətləndirilməsinin və onları aradan götürməkdən ötrü səmərəli vasitələrin tapılmasının əhəmiyyəti böyükdür.
4.Torpaq turşuluğunun nizamlanması.Turş torpaqlarda turşuluğun neytrallaşdırılması və münbitliyin yüksəldilməsindən ötrü əsas tədbirlərdən biri əhəngələmək və yüksək qələviliyi kənar etməkdən ibarətdir. Əhəng gübrələri kənd təsərrüfatında çox qədimdən tətbiq olunur.Hələ romalıların hakimliyi dövründə (təqribən 2000 il bundan əvvəl ) Britaniya adalarının əkinləri tarla çəmən və otlaqlarda təbaşir və mergeldən istifadə edirdilər.Torpaqın əhənglənməsi sonralar (XVI-XVII əsrlər) daha geniş əkin sahələrdə qərbi avropa ölkələrində tətbiq olunmağa başlamışdır. Əhəngin effektliyinin öyrənilməsində ilk dəqiq tarla təcrübələri Rusiyada D.İ.Mendeleyev tərəfindən 1867-ci ildən – 1969-cu illərdə keçirilmişdir.Sonralar bu istiqamətdə tədqiqatlarA.N.Engelhardt,P.A.Kostiçev,P.S.Kossoviç,K.K.Herots,D.N.Priyanişnikov və başqa alimlər tərəfindən aparılmış və onların bu işdə çoxlu böyük xidmətləri olmuşdur. Bu alimlər tətqiqatlar nəticəsində əhəngin torpaqa təsirinin təbiətini aydınlaşdırmış,onun turş və çimli podzal torpaqlarda yüksək effektliyi müəyyən etmiş, həmçinin əhəngli gübrələrin tətbiqi üsullarını işləyib hazırlamışlar.Əhəngləmənin bu üsulları əkinçiliyin müasir praktikasında da geniş tətbiq edilir.Qeyd etmək lazımdır ki,turş torpaqlara əhəng vermədən onlardan yüksək məhsul almaq mümkün deyildir.Əhəng (CaCO3) saf suda praktiki olaraq həll olmur,lakin, karbon turşusu olan suda əhəngin həll olması xeyli (təqribən 60%) artır. Torpağa əhəng verilməsi zamanı torpaq məhsullarında olan CO2-nin təsiri altında Kalsium karbonat (Maqnezium karbonat) tədricən həll olub, Kalsium bi karbonata – Ca(HCO3)2 (və ya Maqnezium bikarbonata) çevrilir.
CaCO3+H2O+CO2 → Ca(HCO3)2
Akademik Vilyams və akademik Hedroytsun apardıqları tədqiqatları ilə müəyyən etmişlər ki, torpaq strukturunun möhkəmliyi onun tərkibində olan əhənginn miqdarından asılıdır.Əhəng torpaq topacıqlarını sanki sementləyir (yapışdırır).Podzollu torpaqlarda əhəng az olduğuna görə ,onların topacıqları tez dağılır.
Tərkibində kalsium – karbonat olan torpaq məhlulunda hidroksil və kalsium ionlarının konsentrasiyası yüksəlir.Kalsium kationları uducu torpaq kompleksindən hidrogen ionlarını çıxarır və turşuluq neytrallaşır.
Əhəng turş torpaqlarda,həmçinin sərbəst humus turşusu,başqa üzvi turşuları və nitrifikasiya prosesində əmələ gələn nitrat turşusu ilə qarşılıqlı təsirdə olur və onları neytrallaşdırır:
2RCOOH+CACO3(RCOO)2Ca+H2O+Co2
2HNO3+CaCO3 = Ca(NO3)2+H2O+CO2
Tam dozada əhəng verildikdə aktual və mübadilə turşuluğu kənar edilir,hidrolitik turşuluq xeyli azalır.Bu zaman torpaq məhlulunda kalsiumun miqdarı və torpağın əsaslarla doyma dərəcəsi yüksəlir.
Əhəngli gübrələrin verilməsi torpağın kalsiumla,bir çox hallarda isə (məsələn,dolamit unundan istifadə edildikdə) maqneziumla da zənginləşdirir.Torpaqların əksərriyətində kalsium və maqnezium vardır, hətta onların torpaqda olan, miqdarı ən tələbkar bitkilərin qidasından ötrü tamamilə kifayətdir.Lakin kalsium və maqneziumun əsas hissəsi çətin həll olan birləşmələr – karbonatlar sulfatlar,fosfatlar,silikat və alümosilikat minerallar formasında olur.Ca və Mg torpaqda həmçinin,mübadilə yolu ilə udulmuş formada və suda həll olan duzlar şəklində də olur.Bitkilərin Ca və Mg-la qidalanmasının əsas mənbəyi mübadilə yolu ilə udulmuş formalardır.Suda həll olan duzlar udulmuş kalsium və maqneziumun məhlula çıxarılması zamanı,eləcə də silikat və alümosilikat mineralların tədriclə dağılması,karbonatların həll olması nəticəsində əmələ gəlir.Çox turş podzollu torpaqlarda mübadilə qumsal və qumluca torpaqlarda mübadilə yolu ilə udulmuş kalsium və maqnezium çox az olur.Həmçinin , bu torpaqlarda hidrogen ionlarının antaqonizmi nəticəsində kalsium və maqnezium kationlarının bitkilərin köklərinə daxil olması çətinləşir.Ona görə bu torpaqlara əhəng vermək lazımdır. Normal əhəng dozalarını torpağa ya birdəfəyə ya da bir neçə dəfəyə verirlər.Tam əhəng dozasını bir dəfəyə verən zaman torpağın bütün şum qatının turşuluğunu uzun müddətə tez bir zamanda tamam neytrallaşdırmaq olur.Bu əsasən çox turş torpaqlarda turşuluğa həssas olan çay və sitrus bitkiləri yetişdirən zaman xüsusilə mühüm aqrotexniki tədbirlərdən sayılır.Həmçinin az mədəniləşdirilmiş çimli podzol torpaqların şum qatını dərinləşdirən zaman da bu mühüm işlərdən biridir.
Tam əhəng dozaları verən zaman təkrar əhəngləmə 15-20 ildən sonra keçirilir.Tam əhəng dozasını payızda plantaj şum altına və ya yazda pərşum etdikdə verirlər.
Kiçik əhəng dozaları torpağın bütün şum qatının turşuluğunu hiss olunacaq dərəcədə azaltmaqdan ötrü kifayət deyildir,buna görə torpağın ən yuxarı (6-8sm) təbəqəsinin turşuluğunu azaltmaq üçün onu kotan ilə deyil, əkinqabağı (səpinqabağı) kultivasiya və malalama zamanı verirlər.Torpağa verilmiş hər ton əhəng birinci illərdə tam dozanın tətbiqi zamanı olduğundan xeyli yüksək effekt verir.Turş torpaqlarda narıngi əkilən yuvaya fosforit ununun verilməsi (hər çalaya 150q) torpağın münbitliyini artırmış,məhsulu əhəmiyyətli dərəcədə hektardan 7,5t/ha və ya 150%-ə (gübrəsiz – nəzarət variantına nisbətən)çatdırılmışdır (X.Y.Babayev – 2009). Kiçik dozalarda əhəng verilən zaman təkcə üst təbəqənin və ya məhlul kökətrafı torpaq zonasının turşuluğu azalır,qalan kütlənin reaksiyası isə demək olar ki, heç dəyişmir.Buna görə kiçik dozalarda əhəng bitkinin böyüməsindən ötrü əlverilşli şərait yaradır və hansı bitkiyə verilmişsə (bizim misalımızda narıngi bitkisi)ancaq o bitkinin məhsuldarlığını yüksəldir.Kiçik əhəng dozalarından belə istifadə üsulu əhəngin hissə-hissə verilməsi adlanır.
pH-ı çox turş torpaqlara əhəngin kiçik dozalarla hissə-hissə verilməsi (turşuluğa həssas sitrus bitkiləri əkildikdə,lakin tam dozada verməyə imkan olmadıqda, məsələn narıngi və portağal əkinlərinə verilməsi) xüsusilə məqsədəuyğundur.Mineral gübrələrlə birlikdə onların potensial turşuluğunu neytrallaşdırmaq üçün çox az miqdarda əgəng tətbiq edilir.Bununla torpağın daha da turşulaşdırılmasının qarşısı alınır və gübrələrin effektivliyi xeyli yüksəlir.
Bir sentner ammonium – sulfatın turşuluğunu neytrallaşdırmaqdan ötrü 1,3 sentner CaCO3, bir sentner ammonium – şorasına 1 senter CaCO3 və 1 sentner superfosfata 0,1 sentner CaCO3 tələb olunur.
Dostları ilə paylaş: |