Endomitoz.Endomitoz zamanı hüceyrədə xromosomların reproduksiyası nüvənin bölünməsi ilə müşayiət olunmur. Bunun nəticəsində hüceyrədə xromosomların sayı ilkin saya nisbətən, bəzi hallarda on dəfələrlə artır. Bu zaman nüvə qılafı dəyişilməmiş qalır, xromosomlar nüvənin daxilində qat-qat artır. Endomitozu həm bitkilərin, həm də heyvanların müxtəlif toxumalarının intensiv funksiyaya malik olan hüceyrələrində müşahidə etmək olar.
Politeniya.Bəzən xromosomların əmələ gəlməsi hüceyrədə onların sayının artması ilə yox, xromosomların dəfələrlə ikiləşməsi və bacı xromosomların bir-biri ilə birləşmiş şəkildə qalması ilə xarakterizə olunur. Belə hadisəni politeniya adlandırırlar. Polite-niya nəticəsində xrosomların diametri böyüyür və tellərin sayı 1000-2000 ədədə çata bilir. Belə hallarda nəhəng xromosomlar əmələ gəlir. Politeniya hadisəsi bir sıra diffe-rensiasiyaya uğramış toxumaların hüceyrələrində -məsələn, bəzi həşəratların tüpürcək vəziləri və bitkilərin bəzi toxumalarında müşahidə olunur.