289 felsefe m N1felsefenin predmeti ve metodu qiyabi (1)
Beləliklə, müdriklik üzərində yüksələn fəlsəfə bəşər düşüncəsinin ən böyük nailiyyətlərindən birinə çevrilmişdir. Fəlsəfənin başlıca mənası əsasən dünyagörüşü məsələlərinin qoyuluşunda və onlara
dair cavabların axtarılmasındadır. Bunların nəzəri mənimsənilməsinin insanlar üçün
həyatı əhəmiyyəti mühümdür. İstər təbiətdə, istərsə də cəmiyyətdə baş verən hadisələrin
fəlsəfi anlamı tarix boyu vacib olmuşdur. Müasir zamanədə bu həmişəkindən daha
böyük əhamiyyət kəsb edir. Bunun səbəbi müasir dünyanın elmi-texniki, sosial və siyasi
tərəqqiyə nail olmasıdır. Fəlsəfə izah etməli olduğu məsələlərin birdəfəlik həllini təklif
etmir. Onun əsl mahiyyəti həqiqəti dərk etməyin əbədi axtarışında olmasındadır. Təbiət
elmləri – fizika, riyaziyyat, kimya və s. məsələnin son, həm də bitmiş həllini axtarıllar.
Lakin varlığa, təfəkkürə, həyata, mənəvi dəyərlərə və s. aid məsələlərinin birdəfəlik və
həmişəlik həllini vermək qeyri-mümkündur. Onlar daima geniş müzakirə və mübahisələr
obyekti olmuş və olacaqdır. Belə sualların araşdırılması fəlsəfənin işidir. Fəlsəfə həm də
«əbədi məsələlərin» dərk olunmasının prinsip və metodlarını işləyib hazırlayır. Bu
cəhətdən müasir dünyaya üzünü tutan fəlsəfə xüsusi maraq doğurur.
Dünya, kainat necə qurulub? Varlığın, təbiətin mahiyyətini təşkil edən nədir?
Mənəvi və maddini, ideal və real olanın birbirinə münasibəti necədir? İnsanın dünyadakı
yeri nədən ibarətdir? O, dünyanı dərk etməyə və dəyişdirməyə qadirdimi? Həqiqət
nədir? Xeyir və şər, gözəllik və eybəcərlik nə deməkdir? İnsan zəkasını həmişə
düşündürən bu kimi əbədi suallar insanın dünyadakı mövqeyini müəyyən etmək
zərurətindən irəli gəlir. Yarandığı gündən indiyə kimi fəlsəfə bu cür başlıca dünyagörüşü
mahiyyətli suallara cavab verməyə çalışıb. Bu baxımdan, istər fəlsəfə tarixindən, istərsə
də müasir elmi-tədqiqat ədəbiyyatlarında fəlsəfənin müxtəlif tərifləri verilir. Onların
hamısında, xüsusilə XIX-XX əsrlər dövründə fəlsəfəyə varlıq və idrakın ən ümumi
qanunauyğunluqları, insanın dünyaya münasibətlərinin ən ümumi prinsipləri haqqında
elm kimi tərif verilmişdir.