Məzdəkilik.
Məzdək
maniliyin radikal və demokratik istiqamətinin tərəfdarı olmuşdur.
Sasani hökmdarı I Qubadın zamanında Məzdək və onun tərəfdarları yüksək dövlət vəzifələri
tutmuş, özü isə İranın baş kahini olmuşdur. Məzdəkilər xüsusi mülkiyyəti ləğv etməyə
çalışmasalar da, var-dövləti adamlar arasında bərabər bölməyi təbliğ edirdilər. İctimai ədaləti
qəbilə-tayta quruluşuna qayıtmaq yolu ilə bərqərar etmək istəyirdilər.
Məzdəkilər dini, fəlsəfi və sosial təlim olub, qədim zərdüştilik prinsiplərinə (oda sitayiş və
s.) əsaslansalar da, kahinlər və əyanlara qarşı çevrilmiş xalq hərəkatının ideologiyası olmuşdur.
Lakin onların əxlaq təlimində qəbuledilməz cəhətlər çoxdur (atanın qızı, bacının qardaşı ilə
evlənməsi və s.).
Məzdəkilik sosial şüuru ön plana çəkən manilik təliminə əsaslanırdı. Manilikdəki dualizm
məzdəkilik üçün də səciyyəvidir. Həm məzdəkilikdə, həm də manilikdə mövcud olan dualizmi,
İşıq ilə Qaranlığın mübarizəsi ideyasını əsas götürürdü. Manilikdən fərqli olaraq məzdəkilik
təlimi hesab edirdi ki, İşıq (Xeyir) səltənətinin fəaliyyəti ədalətli, ağıllı və məqsədəuyğundur,
Qaranlıq (Şər) səltənətini hərəkəti isə təsadüfi və xaotikdir. Məzdəkiliyə görə, Xeyirin Şər
üzərində qələbəsi uzaq gələcəkdə deyil, "hazırkı həyatda" baş verməlidir. Məzdək təlimində
insanları qarşılıqlı maddi köməyə, bərabərliyə, "əmlak ümumiliyinə" çağıran sosial-etik
10
görüşlər mühüm yer tutur. Məzdəkilik sosial bərabərsizliyi məhv etmək, ilkin mövcud olan
Allahdan gələn ümumi bərabərliyi isə zorla həyata keçirmək üçün fəal mübarizəyə çağırırdı.
Məzdəkilərin ideyaları sonralar xürrəmilər tərəfindən davam etdirilmişdir.
Xürrəmilik.
Məzdəkilik Xürrəmilik
təliminə böyük təsir göstərmişdir. Tarixi ədəbiyyatda
xürrəm sözünü üç cür izah edirlər.
1.
Xürrəm- Ərdəbil yaxınlığında yer adıdır;
2.
Xürrəm- şad, kefcil deməkdir;
3.
Xürrəmə- Məzdəkin qadını və təbliğatçısı.
Bunlardan mövcud ədəbiyyatda kef və kefcil mənaları daha çox məqbul sayılmışdır.
Lakin akademik Ziya Bünyadov ilk dəfə olaraq xürrəm sözünün mənasını atəş sözünə istinadən
izah etmək təklifini irəli sürmüşdür. O, haqlı olaraq yazır ki, feodal və burjua müəlliflərinin
«xürrəm» sözünü əxlaqsızlıqla əlaqələndirmələri, şübhəsiz, onların elmi və siyasi cəhətdən dar
düşüncəli olmaları ilə izah edilməlidir. Çünki xilafətə qarşı iyirmi ildən artıq bir müddət
ərzində qəhrəmancasına azadlıq mübarizəsi aparmış Xürrəmiləri kefcil bir dəstə, əyyaş həyatı
keçirən adamlar kimi qələmə vermək olmaz.
Xürrəm sözü, heç şübhəsiz, «Avesta»dakı Xürrəm sözündəndir. Sonrakı filosoflar onu
«Mənəvi işıq» mənasında işlətmişdilər. Xürrəm emanasiaya prosesində İşıqlar işığından çıxan
ilk nəticəyə deyilir. Bütün maddi varlıqlar məhz Xürrəmin sayəsində vücuda gəlmiş şeylərdirr.
Bəlkə elə buna görədir ki, Xürrəmilər işıqlar işığı əvəzinə bu ilk nəticəyə pərəstiş etmişlər.
Atəşpərəstliyin (məcusiliyin) bir etiqad kimi Azərbaycanda tədricən sıxışdırılmasına
baxmayaraq, onun ayrı-ayrı prinsip və ünsürləri uzun zaman yaşayaraq adət və mərasimlərlə
çulğalaşmışdır.
Zərvanilik, zərdüştilik və maqların təməl ideyaları Azərbaycan fəlsəfəsinin gələcək
inkişafına xeyli təsir göstərmişdir. Yeni eranın ilk əsrlərində digər fəlsəfi cərəyanlara da rast
gəlinir.
Qədim dövrün sonu və erkən Orta əsrlərdə zərdüştilik, astral dinlər, tanrıçılıq (Göy
Tanrı), şamanizm və xristianlıqla bağlı cərəyanların içində manilik və məzdəkilik fəlsəfi
görüşləri xüsusi yer tutur. E.ə. I minilliyin sonundan və yeni eranın ilk yüzilliklərindən
başlayaraq Azərbaycanın şimal ərazisi olan Albaniyada bir-birinə zidd iki siyasi və məfkurə
təmayülü – maqların yaydığı zərdüştilik təmayülü və politeizmə, sonra isə xristianlığa
söykənən yunan-Roma və Bizans təmayülü mövcud idi.
Qədim dövr və erkən Orta əsrlərdə yanğın, müharibə, siyasi və dini münaqişələr
nəticəsində yazılı abidələrin məhvi bəhs olunan dövrlərə aid fəlsəfi fikrin tam zənginliyi ilə
təsvir və tədqiqinə imkan vermir. Buna baxmayaraq, əldə olan məlumatlar aşağıdakı qənaətə
gəlmək üçün əsas verir: qədim dövr və erkən Orta əsrlərdə Azərbaycanın mədəni irsində fəlsəfi
problemlərin qoyuluşu və şərhi metodları, fəlsəfi kateqoriyalardan – mövcudat, başlanğıc, son,
maddə, ruh, nəfs, zaman, məkan, həqiqət, ədalət, Xeyir və Şərdən, onların qarşılıqlı
əlaqələrindən bəhs edilməsi Azərbaycan fəlsəfəsini Qədim dövr dünya fəlsəfi fikrinin ayrılmaz
hissəsi kimi səciyyələndirir. Bu mülahizəni qədim yunan filosofları, tarixçiləri, eləcə də orta əsr
və yeni dövr mənbələri də təsdiqləyir. Qədim dövrdə və erkən Orta əsrlərdə varlığın
11
atomlardan yaranması, maddi və qeyri-maddinin, Xeyir və Şərin, işıq və zülmətin ziddiyyəti və
vəhdəti, Allahın işıq və həqiqətlə eyniləşdirilməsi, idrakın dəyərləndirilməsi tərzi, sosial ədalət
və utopik xoşbəxt cəmiyyət haqqında təsəvvür və nəzəri mülahizələr Azərbaycanda fəlsəfi
fikrin təşəkkülü və inkişafının ideya əsaslarını təşkil etmişdir.
Dostları ilə paylaş: |