295 felsefe m N3felsefede varliq ve materiya problemi qiyabi
Sual 1. “Varlıq” anlayışı, onun əsas formaları və dialektikası "Varlıq" fəlsəfi dünyagörüşünün əsasında duran mühüm anlayışlardandır. Fəlsəfənin əsas
məsələsinin-təfəkkürlə varlığın ruhla təbiətin münasibətinin həlli ilə əlaqədar olaraq "varlıq"
kateqoriyası və varlıq haqqında təlim olan ontologiya ətrafında həmişə kəskin mübahisələr
getmiş və indi də getməkdədir. Çünki fəlsəfi düşüncələr üçün bu anlayışın mənası və
əhəmiyyəti olduqca böyükdür.
İnsanın həyat fəaliyyəti, adətən, qəbul olunan bəzi sadə və anlaşıqlı ilkin şərtlərə əsaslanır.
Onların içərisində birincisi və universal olam insanın belə bir inamıdır ki, dünya vardır, o,
müəyyən məkan və zamanda mövcuddur, onda nə kimi dəyişikliklərin baş verməsindən asılı
olmayaraq, o həmişə saxlanılır. Bəzi filosoflar bildirirlər ki, dünya hər yerdə mövcuddur, eyni
zamanda əbədidir. Başqaları isə iddia edirlər ki, dünya məkan və zaman etibarilə sonludur, onun
əvvəli və axırı vardır.
Varlıq probleminin birinci aspekti məhz varlıq haqqında fikirlər zənciri, hər biri sonrakı
məsələnin qoyuluşunu doğuran suallara verilən cavablardır: Nə mövcuddur? Dünya harada
mövcuddur? Burada və hər yerdə. O nə müddətə mövcuddur? İndi və həmişə. Bəs ayrı-ayrı
şeylər, orqanizmlər, adamlar nə müddətə mövcuddur? Onlar sonlu və keçicidir. Yəni onlar
yaranır, inkişaf edir və müəyyən müddətdən sonra ölüb gedirlər, lakin yox olmurlar, yeni
formalar kəsb edir, başqa cisimlərə çevrilirlər. Problemin kökü, mənası, təbiətin keçici olmayan
varlığının şeylərin müxtəlif hallarının ötəri olan varlığı ilə ziddiyyətli vəhdətindədir. Tam kimi
dünyanın varlığı dünyada mövcud olan bütün şeylərin varlığından ayrılmazdır.
Varlıq probleminin ikinci aspekti bundan ibarətdir ki, özlərinin mövcudluq formalarına
görə müxtəlif olan təbiət, insan, fikirlər, ideyalar, cəmiyyət eyni dərəcədə mövcud olub, hər
şeydən əvvəl öz mövcudluqlarına görə sonsuz, keçici olmayan dünyanın bütöv vəhdətini əmələ
gətirirlər.
Varlıq probleminin üçüncü aspekti bundan ibarətdir ki, hər bir adam öz praktiki
fəaliyyətində dünyanın vəhdətinin ilkin şərtini təşkil edən mövcudluğu qəbul edir. O həm də
sadəcə olaq dünyanın var olması, daim mövcud olması haqqında deyil, həmçinin özlüyündə
dünyanın bir-birindən fərqlənən cisimlərinin vəhdətində mövcud olması haqqında fikri də qəbul
edir. İnsana dünyanın proseslərindən baş çıxarmağa imkan verən anlayışlar sistemində "varlıq"
kateqoriyası və ona sinonim olan "gerçəkli" və "reallıq" anlayışları xüsusi yer tutur.
Ontologiyanın ən geniş anlayışı olan varlıq kateqoriyasının mahiyyətini dərk etmək və onu
fəlsəfi kateqoriya kimi səciyyələndirmək üçün gerçəklik və reallıq anlayışlarına nəzər
salmalıyıq. Ona görə ki, varlıq kateqoriyasının məzmunu məhz gerçəklik və reallıq anlayışları
vasitəsilə açılıb konkretləşdirilir.