14
Materiya, forma, cisim, hərəkət, məkan və zaman kimi fəlsəfi kateqoriyaları qarşılıqlı
əlaqədə nəzərdən keçirən Ə.Bəhmənyar orta əsrlər peripatetizmində olduğu kimi materiya və
formanın nisbətinə mürəkkəb substansiya kimi yanaşır, hərəkəti isə potensiallıqdan aktuallığa
tədrici keçid kimi xarakterizə edir. Zaman gəldikdə o, hərəkətin miqdarı kimi təqdim olunur və
o, materiyanın ayrılmaz xassəsi adlandırılır. Onun fikrincə, zamanın mövcudluğu materiyadan
asılıdır, o, materiyada mövcuddur və bu mövcudluq hərəkət vasitəsilə şərtlənmişdir.
Ə.Bəhmənyarın “Təhsil kitabı”nda dünyanın vəhdəti məsələsinin anlaşılmasına dair
fikirlərində aydın olur ki, o, çoxlu dünyaların mövcudluğunu inkar edir, vahid materiya və
forma daxilində xüsusiləşən aləmin dünyanın vəhdətinin əsası hesab edir.
Onun fikrincə, bu
mövcudat isə ilkin məqsədəuyğunluq, ilkin səbəblər əsasında tam zərurətlə inkişaf edir.
Dünyadakı bütün hadisə və proseslərin düzülüşü, nizamı, qayda-qanunu onlara əvvəlcədən
daxil edilmiş, həqiqi bir nizamdır, ondan daha bitkin nizam yoxdur.
Ə.Bəhmənyarın idrak nəzəriyyəsində hissi və məntiqi (əqli) idrak pillələri bir-birilə
əlaqədar
şəkildə nəzərdən keçirilir, idrakın obyekti və subyekti düzgün fərqləndirilir və
göstərilir ki, “hər dərk edilən şey dərk edəndə təzahür edir”, duyğular, qavrayışlar maddi
varlıqların düzgün sürətləri, inikaslarıdır. Əqli və ya rasional
idrak da onun diqqətindən
kənarda qalmamış, o, əqli idrakı şeyləri mahiyyətini aşkara çıxaran ən yüksək idrak növü
adlandırmışdır.
Ə.Bəhmənyar Yaxın və Orta Şərq ölkələrində istedadlı bir məntiqçi alim kimi
tanınmışdır. O, məntiqi həm elm, həm də idrak sənəti baxımından qiymətləndirmiş, məntiqin
predmetinə, vəzifələrinə, problemlərinə “Təhsil kitabı”nda geniş yer vermişdir.
XIII əsrdə yaşamış
Əfzələddin Məhəmməd Naməvər oğlu Xunəçi (1193-1248)
böyük
filosof, görkəmli məntiqçi, mahir təbib, müdrik hüquqşünas kimi hələ öz sağlığında, habelə
sonrakı dövrlərdə şöhrət tapmışdır. Əfzələddin Xunəçi Azərbaycanın Xalxal vilayətinin Xuanc
qəzasında anadan olmuş və orada təhsil almışdır. Mütəfəkkir sonralar gedib Misirdə baş qazi
vəzifəsini tutmuşdur.
Əfzələddin Xunəçinin yaradıçılığı çox cəhətlidir. “Məntiqə dair cümlələr”, “Məntiqə dair
xülasə”, “Sirlərin kəşfi”, “Təriflərə və təsvirlərə dair məqalə”, “Tibb qanununun şərhi” bu
Azərbaycan mütəfəkkirinin mühüm əsərləridir. Əbunəsr Fərabi (874-950), İbn Sina.
Əbdülhəsən Bəhmənyar məktəbinin layiqli varisi olan Əfzələddin Xunəçinin yaradıcılığında
xüsusilə məntiq məsələləri geniş işıqlandırılmışdır.
Burada anlayış və onun tə'rifi, hökm,
istidlal və onların növləri ardıcıl peripatetizm mövqeyindən dərindən araşdırılmışdır.
Azərbaycan filosofu Aristotel ənənələrinə sadiq qalaraq onu yad ünsürlərdən qorumuşdur.
Əfzələddin Xunəçinin traktatlarının, eləcə də onların Seyfəddin İsa ibn Davud (?-1365),
Məhəmməd ibn Əhməd Tilimsani (?-1368), Bürhanəddin Bəğan (?-1457) və b.
görkəmli
filosoflar tərəfindən edilmiş şərhlərin əlyazması nüsxələri dünyanın bir sıra kitabxanalarında
saxlanılır.
Orta əsrlərdə Yaxın Şərq ölkələrində tanınmış Azərbayçan filosoflarından biri də
Nəcməddin Naxçıvanidir (?-1253).