Giriş
Hüquq elmində yaranması baxımından aşkar sayılan və ətrafdakı şəxslərə aydın
olan ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat bütün cəmiyyət üzvlərinə
aid edildiyindən publik anlayışlar sırasına aid edilir. Adlarından göründüyü kimi, bu
anlayışların təsirində mövcud olan ictimai münasibətlərin hər birisi məzmun baxımından
aktual və vacibdir.
Azərbaycan Respublikası Konstitusiyasının məzmunundan irəli gələrək şəxsiyyətin,
cəmiyyətin və dövlətin təhlükəsizliyi dövlətin aidiyyəti orqanları tərəfindən mühafizə və
müdafiə olunur. Burada qanunvericilik fəaliyyətinin həyata keçirilməsi və müvafiq
sahələri tənzimləmək məqsədilə qanunların qəbul edilməsi, həmçinin onların həyata
keçirilməsindən irəli gələrək müvafiq hakimiyyət orqanlarının yaradılması xüsusilə qeyd
edilə bilər.
Dövlət idarəetməsində icra hakimiyyəti sistemindəki mərkəzi icra hakimiyyəti
orqanları statusu olan bəzi orqanlar, habelə DİN və onun sisteminə daxil olan ərazi və
ixtisaslaşdırılmış polis orqanları fiziki və hüquqi şəxslərin hüquq, azadlıq və qanuni
mənafelərini hüquqazidd qəsdlərdən qorumaqla, Azərbaycan Respublikasının Konstitu-
siyası ilə təsbit edilən ali dəyərləri mühafizə edirlər. Barəsində danışılacaq mövzu öz
aktuallığı baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, 1 mart 2016-cı il tarixdən
qüvvəyə minən İXM-in xüsusi hissəsinin quruluşu mühafizə olunan obyektlərin sosial
mahiyyəti baxımından sistemləşdirilmişdir.
Mühazirənin birinci sualında ictimai qayda əleyhinə olan inzibati xətalara görə
inzibati məsuliyyətə dair nəzəri və normativ müddəalar təhlil ediləcəkdir. İctimai
təhlükəsizlik əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyət qanunvericilik
baxımından mühazirənin ikinci sualında şərh olunacaqdır. Mühazirənin üçüncü sualında
isə ictimai mənəviyyat əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyətə dair
məlumatlar təhlil ediləcəkdir.
Qeyd edilən suallar üzrə verilən məlumatlar “Polis haqqında” Azərbaycan
Respublikası Qanununda nəzərdə tutulan polisin fəaliyyət istiqamətlərinin öyrənilməsinin
tərkib hissəsidir. Odur ki, mühazirə dərsində “İnzibati məsuliyyət” fənninin predmeti
baxımdan veriləcək məlumatlar və ixtisas fənnlərindən olan “Cinayət hüququ” fənni
vasitəsilə bu mövzuya dair əldə edəcəyiniz əlavə biliklər gələcək peşə fəaliyyətiniz
baxımından xüsusi əhəmiyyət kəsb edir.
|