Təmsil uşaqları çox maraqlandıran janrlardan biridir. Təmsillər nəzm və nəsr şəklində yazılan kiçik həcmli hekayələrdir. Təmsillərdə paxıllıq, hiyləgərlik, tənbəllik, lovğalıq, yalançılıq, xəbərçilik, xainlik və s. bu kimi pis cəhətlər tənqid olunur. Xeyirxahlıq, zəhmətsevərlik, sadəlik, təvazökarlıq, düzlük, doğruluq, səmimiyyət və s. bu kimi xüsusiyyətlər alqışlanır. Təmsillərdə təsvir olunan hadisə və əhvalatlarda, əsasən, heyvan, quş və bitkilər iştirak edir. Yazıçı onları insan kimi canlandırır, danışdırır, kimə isə rəğbət bəsləyir, kimi isə ifşa edir. Hiyləgər və acgözləri tənqid atəşinə tutur, igidləri düşmənlərə qarşı mübarizəyə çağırır. Epik növün ibtidai formalarından biri olan təmsil hələ qədim yunan ədəbiyyatında (Romada “Fadr”, Yunanıstanda “Ezop” (e.ə.VI-Vəsrlər) mövcud idi. Hindistanda təmsillər toplusunun-"Pançatantra"(III əsr) olduğu məlumdur.
Yeni dövrün ən məşhur təmsil yazanlarından biri fransız şairi Jan Lafonten (XVII əsr) olmuşdur. Rusiyada təmsil janrının kulminasiyası İ.A.Krılovun yaradıcılığı hesab olunur.
Azərbaycan ədəbiyyatında təmsilin ilk nümunələrinə N.Gəncəvinin "Sirlər xəzinəsi" əsərində rast gəlinir. A.Bakıxanov, Q.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir, Abbas Səhhət, Abdulla Şaiq kimi şairlərimizin təmsilləri məşhurdur.
Təmsillər məzmununa görə iki yerə bölünür:
Alleqorik əsərlər.
Təmsillər.
Alleqorik əsərlərdə fikir və əhvalatlar konkret olaraq bir əşya tərəfindən söylənilir.
Təmsillərdə fikir və əhvalatlar “oxşama, bənzətmə, əvəzetmə” və s. kimi təsvirlə verilir. Təmsillər satirik, gülüş və nəsihətamiz məzmunda yazılır.
“Ümumiyyətlə, təmsillər şagirdlərdə bədii dili öyrənməyə maraq oyadır və bədii zövq almağı tərbiyə edir. Təmsillərin tədrisində iki məqsəd qarşıya çıxır:
şagirdin diqqətini əsərin ideyasına yönəltmək” [32, s.203].
Təmsillərin əsasında alleqoriya durur. Təmsil yazanlar heyvan, quş, həşərat, bitki və başqa əşyaların obrazlarında insanların tipik mənfi xasiyyətlərinə(yalançılıq, oğurluq, acgözlük, qorxaqlıq və s.) gülür, öyüd-nəsihət verirlər. Bütün bunlar müəllimdən aktyorluq məharəti tələb edir.
Epik növə daxil olan bu əsərlərin öz quruluş xüsusiyyətləri vardır. Burada insanlara məxsus keyfiyyətlər cansız varlıqlar üzərinə köçürülür. Adətən, nəzmlə yazılır və üç hissədən ibarət olur. Giriş, əsas hissə, nəticə. Təmsillər öyüd, nəsihət xarakterli olur və tərbiyəvi, hikmətli fikirlər əsas hadisələrdən sonra verilir. Deməli, oxu prosesində onun bu keyfiyyətinə diqqət yetirilməli, səhnələşdirmə ünsüründən istifadə etməklə ifadəli oxunu həyata keçirmək lazımdır.
Təmsillərin dili sadə, zəngin və rəngarəngdir. Təmsillərin oxu xüsusiyyətlərinə nəzər salsaq, onun oxusu kiçik bir pyesin oxusunu xatırladır. Oxu zamanı təmsilin dili üzərində iş aparmaq lazımdır. Məsələn, A.Səhhətin “Ayı və şir” təmsilində tülkünün hiyləgərliyindən söz açılır.