AZƏRBAYCAN NAĞILLARININ NÖVLƏRİ VƏ XÜSUSİYYƏTLƏRİ
Hər bir xalqın öz əfsanəsi, əsatiri və nağılları vardır. Azərbaycan folklorunun mühüm janrlarından biri olan nağıllar da xalqımızın çoxəsrlik tarixini əks etdirir. Azərbaycan nağıllarında xalqımızın məişət tərzi, dünyagörüşü, adət-ənənələri, qəhrəmanlığı, mübarizəsi, istək və arzuları özünəməxsus şəkildə verilmişdir. Poetik şifahi xalq yaradıcılığının başqa janrları ilə müqayisədə nağıllar hadisələri daha geniş, ətraflı, yerli-yataqlı, anlaşıqlı və canlı təsvir edir, ona görə də əsrlər boyu - yazı və kitabın kəşfindən qabaq da, sonra da xalqın diqqətini maqnit kimi özünə çəkmişdir. Nağıllarla epik süjetqurmanın əsası qoyulmuş, təsvir üsulları formalaşmış, bədii yaradıcılığın prinsipləri meydana gəlmişdir. Nağıllar bütün zamanlarda yaranan ədəbiyyat və incəsənət əsərlərinin mayası, qaynağı, bir çox hallarda isə özülü olmuşdur. Onlarda şifahi xalq yardıcılığına xas bütün xüsusiyyətlərə rast gəlirik. Ona görə də nağıllar xalq poetik yaradıcılığının epik ənənəsinin ən qədim, populyar nümunələri kimi böyük tərbiyəvi və idrakı əhəmiyyətə malikdir. Nağıllar kəmiyyət etibarilə çoxluq təşkil etdiyi qədər mövzu, forma cəhətdən və struktur cəhətdən rəngarəngdir. Folklorşünaslıq elminin meydana gəldiyi ilk günlərdən başlayaraq nağılların mənşəyi tədqiqatçıların diqqət mərkəzində durmuşdur. Nağılların inkişafı ilə əlaqədar ayrı-ayrı məktəb və cərəyanların işləyib hazırladığı konsepsiyalar, heç şübhəsiz, bu sahədə maraqlı nəticələr əldə edilməsinə təkan vermişdir. Məsələn, nağılların mənşəyini araşdırarkən Y.E.Meletinski yazırdı ki, şifahi xalq ədəbiyyatında əksini tapan ibtidai təsəvvürlər onun inkişaf dövrlərindəki sosial amillərlə əks etdirir. Tədqiqatçılar belə qənaətə gəlirlər ki, sehirli nağıllarla müqayisədə məişət nağıllarının mənşəyini öyrənmək xeyli asandır.
Nağılları mövzularına görə bir neçə növə bölmək olar:
Heyvanlar haqqında olan nağıllar
Sehirli nağıllar
Sosial- məişət nağılları
M.Təhmasibin fikrincə, heyvanlar haqqında nağıllar ən qədim nağıllardır. Qədim insanlar bəzi heyvanlara ecazkar varlıq kimi baxıb onları müqəddəsləşdirmişlər. Totem və tetemizm də belə yaranmışdır. Azərbaycan nağıllarının çoxunda totem heyvanlara rast gəlmək olar. “Göyçək Fatma”, “Fatmanın inəyi”, “Ovçu Pirim” və s. Heyvanlara aid olan nağılların içərisində böyük bir qismini alleqorik nağıllar təşkil edir. “Şəngilim, Şüngülüm, Məngülüm” və s.
Prof. V.Vəliyev yazır: “Heyvanlar aləmindən bəhs edən nağıllar bizi insan cəmiyyətinin qədim dövrlərinə aparıb çıxarır”. Bu qənaətdən sonra həmin qrupa daxil olan nağılların inkişaf yollarından danışır və bunun, əsasən, üç mərhələ keçdiyini göstərir: “Birinci mərhələ: cəmiyyətin ilk pilləsinə, insanların təbiətin kortəbii qüvvələrinə qarşı mübarizə apardığı dövrlərə aiddir. Məlumdur ki, ilk insan üzərində obyektiv təbii hadisələrlə yanaşı, ayrı-ayrı canlıların da qüvvətli təsiri olmuşdur. Bu dövrlər insanların bədii təfəkküründə əsatirli görüşlər yaratmışdır. Onlar yaşamaq və təbiəti özlərinə tabe etmək yollarında əsatir yaratdıqları kimi, heyvanlara da sitayiş etmiş, totem yaratmışlar. Heyvanlar aləmindən bəhs edən nağılların birinci mərəhələsi totemlə əlaqədar olmuşdur”. “Heyvanlar aləmindən bəhs edən nağılların ikinci mərhələsi təmsillərlə əlaqədardır. Başqa sözlə, təmsilin ədəbi janr kimi meydana çıxması, insanların bədii yaradıcılığında heyvanların iştirakı daha canlı və məqsədli xarakter alır”.
Qeyd etmişdik ki, folklorşünaslıq elmi nağıl janrının araşdırılması ilə özünü təsdiqləmişdir və dünyanın məşhur araşdırma aparanları, demək olar ki, hamısı mühüm tədqiqat əsərini nağıla həsr etmişdir. V.Vəliyev də onları yaxşı tanıyır, dərsliyində dəfələrlə adlarını çəkir, sitatlar gətirir. Lakin nağıl nəzəriyyələrinin müddəalarını işləyib hazırlayan istər Avropa klassik tədqiqatçıları (V.Qrim qardaşları, A.Arne, O.Miller, V.Anderson, T.Benfey, C.Frezer və b.), istərsə də müasir rus alimləri(A.N.Veselovski, V.Y.Propp, Y.M.Meletinski, E.V.Pomerenseva, V.Anikin və b.) əsatir və totemlə bağlı yaranan nağılları heyvanlar aləmindən bəhs edən nağıllar qrupuna daxil etməmişlər.
V.Y.Propun “Sehirli nağılların tarixi kökləri” adlı məşhur monoqrafiyasında fövqəltəbii qüvvəyə malik heyvan və quşlar iştirak edən bütün nağıllar, o cümlədən “Göyçək Fatma” nağılının süjetini özündə daşıyan “Morozko” sehirli nağıl kimi təqdim olunur. Bu heyvan və quşlar sehirli nağılların xüsusiyyətlərinə cavab verdiyi üçün bu qrupda öyrənilib araşdırılmışdır.
Nağıllar yalnız alleqorik ifadə vasitəsindən istifadəyə görə təmsillərlə müqayisə edilə bilər. Qalan məsələlərdə təmsillə üst-üstə düşən cəhətlərindən danışmaq mümkün deyil. “Ovçu Pirim”, “Göyçək Fatma”, “Qara at” kimi nağıllar isə sehirli nağıl kimi təqdim olunur. Fikrin qüsürlü olmasını qoyaq bir kənarda, bilinmir, müəllif Azərbaycan folklorundan bəhs edir, yoxsa yazılı ədəbiyatdan. Hər halda uşaqlarımıza bağça yaşından təmsil öyrədirik və onların arasında müəllifsiz, xalq yaradıcılığına məxsus nümunəni göstərən tapılmaz. Təmsilin şifahi xalq yaradıcılığının janrı kimi təqdimi ağlasığmazdır. Yenə nağıllardan alınıb təmsilin yaranmasına təkan verən alleqorik ifadə vasitəsinə işarə olunsaydı, dərk olunardı. Belə çıxır ki, bu günədək Azərbaycan folklorşünaslığında nağılın tədqiqinə bir qədər ögey münasibətin kökləri məhz bu cür ali məktəb dərsliklərində axtarılmalıdır. Müəllif doğrudan-doğruya folklorun janr sistemindən, xüsusilə nağıldan yazdığını unudur, təmsilin rolunu və əhəmiyyətini qabartmağa çalışır: “Təmsillər yalnız tənqiddən ibarət olmur, burada gənc nəslin tərbiyəsi, namuslu vətəndaş olması üçün nəsihətamiz, didaktik mövzulara da geniş yer verilir. Xalq ədəbiyyatının “İnsan insanın dostu və havadarıdır” ideyası təmsillərdə də geniş əks olunur”. Hətta klassik yazılı ədəbiyyata baş vurub təmsil ustalarının adlarını çəkmək də lazım bilinir: “Şərqin böyük şairi Azərbaycanın qüdrətli söz ustaları Q.Zakirin, S.Ə.Şirvaninin, M.Ə.Sabirin və başqalarının təmsil və nəsihətamiz rəvayətələri birinci növbədə “Kəlilə və Dimnə”dən qida almışdır”.
Bu sənətkarların təmsillərinin Azərbaycan folklorundan mayalandığı əsaslandırılsaydı, yaxşı olardı. Dərslikdə heyvanlar aləmindən bəhs edən nağılların üçüncü mərhələsinə nələr aid edilir: “Heyvanlar aləmindən bəhs edən nağılların üçüncü mərhələsi müasir dövrlə əlaqədardır. Hal-hazırda uşaqları təbiətlə və canlılarla tanış etmək, təbiəti və canlıları sevdirmək məqsədilə nağıllardan geniş surətdə istifadə olunur. Bu məqsədlə tarixən geniş xalq kütləsi tərəfindən yaranan nağıllar əsas götürüldüyü kimi, eyni zamanda yazıçılar yeni nağıl, hekayə və poemalar yaradırlar. A.Şaiq, M.Dilbazi, M.Seyidzadə, M.Müşfiq və b. xalq nağıllarından yaradıcı surətdə istifadə edərək uşaqlar üçün maraqlı əsərlər yazmışlar. Bu əsərlərdən “Tülkü həccə gedir”, “Tıq-tıq xanım”, “Qoca canavar”, “Danışılmamış nağıllar” və s. göstərmək olar”. Şərhə ehtiyac varmı? Bircə onu başa düşmürük ki, bu oçerkdən şagird xalq nağılının maraqlı qolu - heyvanlar aləmindən bəhs edən nağıllar haqqında hansı biliyi və məlumatı ala bilər?
P.Əfəndiyev də “Azərbaycan şifahi xalq ədəbiyyatı” dərsliyinin nağıl bölməsində öz həmkarından bir addım da olsa irəli getmir. Heyvanlar haqqında nağılları ən qədim və zəngin hesab etdikdən sonra saysız-hesabsız toplulara üz tutur, lakin bir nağıl da olsun tapmır ki, onu bu qrupa aid nümunə kimi tələbələrə təqdim etsin. Saysız-hesabsız nağıllarımızın içərisindən onun da əlinə keçən elə iki-üç sehirli nağıl olur. Müəllif yazır ki, “Azərbaycan şifahi xalq ədəbiyyatında insanların heyvanlara münasimbətini özündə əks etdirən nağıllara “Ovçu Pirim və “Fatmanın nağılı” xarakterik misaldır” və sonrakı abzasda heyvanlar haqqında nağıllar qrupundan bəhs açdığını unudaraq sözü gedən nağılları məhz sehirli nağıl kimi şərh edir: “Ovçu Pirimin silahından, sal qayalara həkk olunan əfsanəvi dəmir çıraqlarından danışılır”. Maraq üçün alimin heyvanlar haqqında nağıllar kimi adlarını çəkdiyi başqa nümunələrə də diqqət yetirək: “Axmaq kişi”, “Müqəddəs balıq”, “Armud alanla tülkü”, Əlyarla dovşan”, “Çil madyan”. Əslində bunlar da sehirli nağıldır. Nə qədər baş vursanız da, sözü gedən bəhsdə heyvanlar haqqında bir nağılın, şərhini yox, sadəcə adını tapa bilməzsiniz. “Tıq-tıq xanım”, “Tülkü həccə gedir” istənilən qədər araşdırılıb, amma bəzi nağıllarımız o qədər də araşdırılmayıb. Bu, Azərbaycanda nağılların tədqiqinin vəziyyəti haqqında tam təsəvvür yaradır. Mənşə, genezis məsələsində yuxarıdakı qənaətlərlə ona görə razılaşmaq olmaz ki, nağılların qruplaşdırılması, təsnif edilməsi son yüz-yüz əlli ilə aid məsələdir.
Nağıllar, eləcə də başqa folklor janrları formalaşanda isə bütün mövzu qruplarına aid məsələlərin rüşeymləri onun içərisində əridilir. Başqa sözlə, mənşə-genenzis məsələsində qruplaşmadan, fərdi əlamətlərdən söhbət gedə bilməzdi. Başlanğıcda bütün detallar, elementlər rüşeym şəklində mövcud olur. O rüşeymin böyüyüb hansı formada doğulacağını qabaqcadan müəyyənləşdirmək çətindir. Ən ümdəsi isə odur ki, ilkin çağlarda ulu əcdad hər şeyə başqa gözlə baxırdı. Onların yaratdıqları heyvan, quş, bitki obrazları adi halında deyildi, fövqəltəbii qüvvəyə malik şəkildə dərk olunurdu. Bu elə bir dövr idi ki, ən adi əşya belə öz halından çıxıb qeyri-adi varlığa çevrilə bilirdi. Heyvanlar aləmindən bəhs edən nağılların isə əsas əlaməti odur ki, onun qəhrəmanları adi heyvan, quş və bitkilər olsun, tülkü tülkülüyündən, şir şirliyindən, quş quşluğundan çıxarılmır. İnsanlara aid xüsusiyyətlər belə onların üzərinə xasiyyətlərinə uyğunlaşdırılaraq köçürür.
Dostları ilə paylaş: |