Ev tapşırığı: Dostluq haqqında atalar sözləri tapıb yazın.
Qiymətləndirmə: Təqdimatlara əsasən aparılır.
ELMİ - KÜTLƏVİ MƏTNLƏRİN OXUSU ÜZRƏ İŞİN METODİKASI
I-IV siniflərin “Azərbaycan dili” dərsliklərinə daxil edilən materialları xarakterinə görə iki yerə bölmək olar:
1. Elmi - kütləvi mətnlər
2. Bədii mətnlər
Dərsliklərin tərtibi zamanı bəzi dövrlərdə elmi - kütləvi, bəzi vaxtlarda isə bədii mətnlərə üstünlük verilmişdir, məsələn: Böyük pedaqoq K.D.Uşinskinin “Vətən dili” kitabı ancaq elmi - kütləvi mətnlərdən ibarət olmuşdur.
I-IV siniflərin dərsliklərində hekayə-oçerk üslubunda yazılmış elmi-kütləvi materiallar verilmişdir ki, buraya təbiətə, coğrafiyaya, fizikaya, tarixə aid və s. mətnlər daxildir.
Belə materialların verilməsində başlıca məqsəd şagirdləri ətraf aləmlə tanış etmək, əşyalar, hadisələr barədə bilik verməkdir.
Təbiətşünaslığa aid materiallar, əsasən, fəsli prinsip üzrə verilir. Bu prinsipə əsasən şagirdlər payız, qış, yaz və yayda təbiətdə, insanların həyatında baş verən dəyişikliklər, təbiət hadisələrinin dəyişməsinin insanların, bitkilərin, heyvanların, quşların həyatına təsiri, qarşılıqlı əlaqəsinin qanunauyğunluqları haqqında məlumat alırlar.
İctimai-tarixi materiallar tarixi günlərdə (18 oktyabr, 8 noyabr-Zəfər günü, 17 noyabr, 31 dekabr, 20 yanvar, 8, 20-21 mart, 28 may) öyrənilir. Bu həmin materialların oxusunu həyatla əlaqələndirməyə imkan verir.
Elmi-kütləvi materialların öyrədilməsi bir tərəfdən şagirdlərin oxu vərdişinin inkişafına kömək edir, digər tərəfdən təbiətə və tarixə aid praktik biliklər verir.
Elmi-kütləvi mətnlərin oxusu şagirdlərə təbiətin insan həyatındakı rolunun dərk edilməsinin, qidalanmaq, nəfəs almaq, təbiət və insan, bunların qarşılıqlı əlaqəsinin, insanların təbiəti qorumasının zəruri olduğunu tərbiyə edir.
Təbiətə aid mətnlərin oxusu heyvanlar, bitkilər aləmi, mövsümi hadisələr, iqlim dəyişməsi ilə şagirdləri tanış edir.
Coğrafi materialların oxusu şagirdləri ölkəmizin sərvətləri, dənizi, nefti, şəhərləri, kəndləri, çayları, dağları ilə tanış edir.
Tarixi materiallar həm Azərbaycan xalqının kəşməkeşli tarixi, həm də şagirdlərə 8 Noyabr Zəfər gününün sevincini yaşadan Ali Baş Komandanımız Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin uzaqgörən siyasəti və 44 günlük II Qarabağ müharibəsi haqqında biliklər verir.
O cümlədən vətənimizin keçmişini, xalq qəhrəmanları, şəhidlər və onların qəddar və ikiüzlü işğalçılara qarşı mübarizəsini əks etdirən mətnlər vasitəsi ilə şagirdlərdə Koroğlu, Babək, Cavanşir, Qaçaq Nəbi kimi qəhrəmanlara və həmçinin Qarabağ döyüşlərində şəhid olmuş igidlərimizə qarşı məhəbbət hissi yaradılır.
Milli Qəhrəman Həmidov Şükür Nəriman oğlu, onun atası Milli Qəhrəman Həmidov Nəriman Şükür oğlu, Milli Qəhrəman Həşimov Polad İsrail oğlu, onun qardaşı Həşimov İlham İsrail oğlu, Milli Qəhrəman Quliyev Vahid Həbibulla oğlu və başqaları, Qarabağ müharibəsinin şəhidləri, qazilərimiz hər zaman qurur mənbəyimiz olduğu üçün onlara həsr edilmiş materialların dərsliklərə daxil edilməsi zəruridir. Müəllim bu haqda təkcə dərslik materialları ilə kifayətlənməməli, əlavə informasiya mənbələrindən də istifadə etməlidir.
Elmi-kütləvi mətnlər mütləq həyatla əlaqələndirilməlidir. Bunun üçün təbiətə, istehsalata, muzeylərə ekskursiyalar təşkil olunmalı, təbiətdə baş verən hadisələrin: qarın, yağışın yağması, külək, tufan, ağacların tumurcuqlaması, çiçək açması üzərində müşahidə aparmaq, ölkəmizin həyatına dair kinofilmlərə baxmaq, Milli qəhrəmanlar, qazilər və iş adamları ilə görüşlər keçirmək faydalıdır.
Elmi-kütləvi mətnlərdə sözlər ancaq həqiqi mənada işlənir və elmi terminlərə geniş yer verilir.
Elmi-kütləvi mətnlərin oxusu zamanı oxunmuşların təkrarına, biliyi sistemləşdirmək və ümumiləşdirmək məqsədi ilə müqayisə üsulundan istifadəyə geniş imkanlar yaranır.
Elmi-kütləvi mətnlərin xarakterinin bilik verməsi, yeni anlayış yaratması, ekskursiya, müşahidə, əşya dərsləri ilə bağlı olması daha çox ümumiləşdirmə tələb edir.
Müşahidə, ekskursiya, əşya dərsləri, gəzintilərə aid digər mövzular oxu dərsliyində verilən başqa mövzularla əlaqəli tədris olunur. Bu mövzular təlim-tərbiyə məqsədi daşıyır. Həm də bunlar oxu vərdişlərinin inkişafına və rabitəli nitqə xidmət edir. Müşahidə dərsləri təkcə təbiəti öyrənmək yox, həm də xalqın tarixi, əməksevər insanların işi ilə əlaqələndirilir. Ekskursiya dərsləri ən çox coğrafi materiallara aid olur, əşya və hadisələr, təbii şəraitdə müşahidə olunur. Ekskursiya planlı şəkildə aparılır. Əvvəlcə, hazırlıq işləri görülür, giriş müsahibəsi və məlumatların verilməsi nəzərdə tutulur. Ekskursiya zamanı əşya dərslərinə aid materiallar da toplamaq olar.
“Azərbaycan dili” fənni öz təbiəti etibarilə inteqrativ fəndir. Şagirdlər I sinifdən etibarən elmi-kütləvi (elmi idraki, əməli) xarakterli materiallar oxumağa başladıqlarından hər bir mətnlə istər-istəməz bir neçə elm sahəsinin qovuşması ilə qarşılaşırlar. İndi I-II sinif şagirdləri günəş, su, hava, torpaq, bitkilər aləmi, canlılar, insanlar, xalqımızın yaşayış tərzi, onların azadlıq, müstəqillik uğrunda mübarizəsi, elm-texnika yenilikləri, kosmos və s. haqqında oxumalı olurlar.
Elmi-kütləvi mətnlərdə şagirdlər üçün yeni material şərh olunur. Ona görə də bədii materialların tədrisi prosesində olduğu kimi elmi-idraki mətni bütöv oxuyub, məzmunun dərk ediləcəyinə ümid bəsləmək olmaz. Bu, məzmunun səthi mənimsənilməsi ilə nəticələnir. Belə mətnlər hissə-hissə oxunmalı, hər hissə dərindən təhlil edilib, başa düşüldükdən sonra digər hissənin oxunub təhlil edilməsinə keçmək lazımdır.
Dostları ilə paylaş: |