Tənəffüs (nəfəsalma və nəfəsvermə). Düzgün tənəffüs, düzgün nəfəsalma və havanı qənaətlə, bərabər ölçüdə xərcləməkdən ibarətdir. Səsin təmizliyi, düzgünlüyü, gözəlliyi və dəyişməsi (tonal çalarlığı) düzgün nəfəsalmadan asılıdır. Düzgün nəfəsalmanın danışığın eşidənə xoş təsir bağışlamasında xüsusi rolu vardır. Nəfəs sürətlə alınmalı, lakin qənaətlə verilməlidir. Çalışmaq lazımdır ki, şagirdlər buna nail ola bilsinlər. Buna nail olmaq üçün döş qəfəsinin bütün əzələ aparatından istifadə olunur. Sözlər və ya ifadələr arasındakı qısa fasilələr zamanı hiss olunmadan ciyərlərə hava daxil olur. Dərindən nəfəs alanda xüsusilə ciyərlərin daha tutumlu olan aşağı hissəsi hava ilə dolur, döş qəfəsi genişlənir, oxu zamanı hava məntiqi cəhətdən bitmiş hissələrə uyğun olaraq az-az xərclənir. Bu vaxt qabırğalar və diafraqma fəal hərəkət edir. Şagird nəfəsi elə alıb-verməlidir ki, oxu prosesinə mane olmasın. Kitabın üzərinə çox əyilmək, sinəni partanın kənarına söykəmək nəfəsalmanı çətinləşdirir, şagird tez-tez dayanır, dərindən nəfəs almalı olur.
Vurğu.Fikrin emosional və dəqiq çatmasında vurğunun da rolu böyükdür. Heca vurğusu, məntiqi vurğu və həyəcanlı vurğunun hər birinin özünəməxsus yeri vardır.
Fasilə. Həm durğu işarələri ilə, həm də durğu işarəsiz fasilələr üzrə iş aparılmalıdır. Ritmik bölgülər fikri dəqiq və emosional anlamağa xüsusi kömək edir.
İfadəli oxu zamanı şagirdlər sözlərin məntiqi vurğusunu və əsəri bədii dildə oxumağı öyrənirlər. İfadəli oxu şagirdlərin şifahi nitqini cilalayır, onların nitqinin aydın, sərbəst, yığcam, dəqiq, düzgün, ifadəli, orijinal olmasına səbəb olur.
“İbtidai sinif şagirdlərinin ifadəli oxu mədəniyyətinə sahib olmaları üçün ilk növbədə canlı danışıqda işlənən sözlərin leksik və qrammatik mənalarını dərk etməli və ya başa düşməli, sözlərin cümlədə işlənmə yerini və üslubi xüsusiyyətlərini dərk etməlidirlər”[31, s.172 ].
“Şagirdlərin şifahi nitqinin, o cümlədən iadəli oxu bacarıqlarının inkişaf etdirilməsində stimullaşdırma, nitq situasiyalarının zəmin rolu oynaması, mətndən, əyanilikdən, texniki vasitələrdən, təsvir, nəqletmə, mühakimə səciyyəli çalışmalardan məqsədyönlü istifadə məsələlərinə xüsusi diqqət yetirilməlidir”[19, s.16 ].