Elmi (məlumatlandırıcı) mətnlər (müxtəlif sahələr haqqında məlumat verən mətnlər)
İbtidai siniflərdə oxu materiallarının seçilməsində şagirdlərin yaş və bilik səviyyəsi nəzərə alınır. Yığcam formada onların əsas cəhətlərinə diqqət yetirilir.
İbtidai siniflərdə lirik əsərlərin tədrisi şagirdlərin oxu vərdişlərini təkmilləşdirir, lüğət ehtiyatını zənginləşdirir və şagirdlərin rabitəli nitqə yiyələnmələrinə şərait yaradır ki, bu da xüsusi əhəmiyyət kəsb edir.
Lirik obrazlı bədii ifadələr şagirdlərin ətraf aləmi dərk etməsinə güclü təsir göstərir, varlığı dərk etmək hisslərini artırır, yaradıcılıq fəaliyyətini, təfəkkür və nitq mədəniyyətini inkişaf etdirir. Şagirdlər sözlərin məna çalarlığını aydın və konkret olaraq dərk edir, onlarla bədii dilə və obrazlı təfəkkürə sahib olurlar. Oxu dərsliklərinin tərtibində lirik əsərlərin aşağıdakı bölgüləri nəzərə alınmalıdır.
Təbiəti təsvir edən lirik əsərlərə oxu dərsliklərində çox yer verilir.Bu məzmunda olan əsərlər iki yerə bölünür:
təbiətin gözəlliyini olduğu kimi tərənnüm edən lirik əsərlər;
təbiətin gözəlliyinin təsviri şairin yaradıcılığı əsasında verilən lirik əsərlər.
Belə əsərlər şagirdlərdə təbiətin gözəlliyinə heyranlıq, vətən sevgisi, həmçinin onlarda sevinc, şadlıq və s. hissləri tərbiyə edir.
Heyvanlar haqqında olan lirik əsərlərin dili şagirdlərin başa düşəcəyi səviyyədə təsvir olunur. Hadisələrin gedişi incə, sadə, konkret, asan, başa düşülən söz və ifadələrlə zərif, əzizlənmə təsviri yaradır ki, şagird təsəvvürünü obyektə “canlı surətdə” yaxınlaşdırır. Həm də şagirdin obrazlı təsvirə meylini çoxaldır, obyekt haqqında müstəqil fikir söyləməyi fəallaşdırır.
Vətənpərvərlik təsvirinə aid olan lirik əsərlər oxu dərsliklərində əsas yerlərdən birini tutur. Bu baxımdan vətənpərvərliyə aid olan mövzuları aşağıdakı kimi qruplaşdırmaq olar:
insanların həyat mübarizəsini, uşaqların xoşbəxt həyatını təsvir edən mövzular;
vətənin oğul və qızlarının qəhrəmanlığını təsvir edən mövzular;
vətən uğrunda canlarını qurban verən və xain düşmənlərdən vətəni qoruyan igidlərə aid mövzular və s.
Əməksevərlik mövzusunda olan lirik əsərlər şagirdləri əmək, sənət, peşə tərbiyəsinə istiqamətləndirir.
Təsvir xarakterli lirik əsərlər şagirdlərə yaxın və doğma olduğuna görə onlar bu məzmunda olan şeirləri sevir, tez də qavrayırlar.
Müşahidə əsasında yazılan lirik əsərlər şagirdlərə nə qədər doğmadırsa, bir о qədər də onların nitq inkişafına təsir göstərir.
İbtidai siniflərin “Azərbaycan dili” dərsliklərində folklor nümunələrindən də geniş istifadə olunur. “Fikrimizcə, aşağı siniflərdə folklor poetikasının cüzi əlamətləri öyrədilirsə, III sinifdə o bir qədər də dərinləşməlidir. III sinifdə şagird üçün yeni anlayışlar meydana çıxır. Mif, əsatir, əfsanə, rəvayət kimi istilahlar onun üçün təzədir. Buna görə də müəllim həmin janrları başqalarından ayıran başlıca xüsusiyyətləri izah etməyə borcludur”[26, s.30-31].
- nağılların tədrisi zamanı şagirdlər həm xalqın adət-ənənəsi ilə tanış olur, həm də bir növ nağıllar onlarda qara qüvvələrə, acgözlərə, düşmənə qarşı mübariz olmağı tərbiyə edir;
- dastanlardan verilmiş parçalar şagirdlərə vətənə sadiq olmaq, dostluq, yoldaşlıq, mərdlik, qəhrəmanlıq, xalqını sevmək kimi keyfiyyətlər aşılayır;
- atalar sözü qısa və lakonik ifadələrlə dərin mənalı fikir söyləməyə, şirin, duzlu danışmağa xidmət edir;
- tapmacalar isə şagirdlərdə əşya üzərində düşünmək və onları yaddaşda bərpa etmək hisslərini aşılayır.
Folklor nümunələrinin siniflər üzrə öyrədilməsini aşağıdakı qaydada həyata keçirmək məqsədəuyğun hesab edilir. Dərsliyin tərtibində aşağıdakı məsləhəti nəzərə almaq lazımdır.
“Tapmaca ilə yanıltmacın fərqi” uğurlu ifadə olmasa da, mətləb məlumdur. Yəni bu janrların hər birinin özünəməxsus xarakterinin səciyyəsini araşdırmağı tələb edirsə, bu çox vacibdir[26, s.31].
Nağıllar. I-II siniflərdə tarix və heyvanlar aləmindən bəhs edən nağıllar;
III sinifdə I-II siniflərdə öyrədilən nağıllara əlavə olaraq, sehirli nağıllar.
IV sinifdə I-III siniflərdə öyrədilən nağıllara əlavə olaraq məişət nağılları tədris olunur.
Dastanlar - I-II siniflərdə dastan motivləri əsasında yazılmış hekayələr, III-IV siniflərdə isə qəhrəmanlıq dastanlarından parçaların verilməsi nəzərdə tutulur.
Atalar sözləri – I-IV siniflərdə bu janr üzərində yazılı və şifahi iş aparılmalı, belə ki, I-III siniflərdə-ata, ana, böyüklərə hörmət, dostluq, yoldaşlıq, yaxşılıq, birlik, mərdlik, əməksevərlik, vətən, xalq, ailə və s.
IV-sinifdə isə bunlara əlavə olaraq sənət, peşə, təsərrüfat mövzularında atalar sözü seçilib öyrədilir.
Tapmacalar. I sinifdə - heyvanlar, təbiət hadisələri, məktəb əşyaları, meyvə, tərəvəz və quşlara aid tapmacalar öyrədilməlidir.
IIsinifdə - I sinifdəöyrədilənlər nəzərə alınmaqla ağaclar, bəzək və geyim şeyləri, həşəratlar, heyvanlardan alınan məhsullar, xörək adları, ev əşyaları və avadanlığı, insanlara aid tapmacalar öyrədilməlidir.
III-IVsiniflərdə - I-II siniflərdə öyrədilən tapmacalar nəzərə alınaraq: musiqi adları, silah adları, texnika, alətlər, qeyri-maddi aləm haqqında və mücərrəd anlayışları bildirən tapmacaların öyrədilməsi nəzərdə tutulur.