2
3
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
ƏDƏBİYYATŞÜNASLIQ
HÜSEYN HƏŞİMLİ
Naxçıvan Dövlət Universiteti
E-mail: huseyn.hashimli@mail.ru
UOT: 82: 316. 3
İZZƏDDİN HƏSƏNOĞLUNUN BİR QƏZƏLİ HAQQINDA
Açar sözlər: Azərbaycan ədəbiyyatı, poeziya, İzzəddin Həsənoğlu
Key words: Azerbaijan literature, poetry, Izzeddin Hasanoglu
Ключевые слова: Азербайджанская литература, поэзия, Иззеддин Гасаноглы
On üçüncü yüzillikdə yazıb-yaratmış Şeyx İzzəddin Həsənoğlu doğma dilimizdə lirik şeirləri
dövrümüzə çatmış ilk Azərbaycan şairi kimi ədəbiyyat tariximizdə mühüm mövqe tutur. Hazırda
elm aləminə şairin üçü Azərbaycan, biri fars dilində olmaqla cəmi dörd qəzəli məlumdur.Bu
məqalədə biz İzzəddin Həsənoğlunun Azərbaycan elmi-ədəbi ictimaiyyətinə təqdimedilmə tarixi
baxımından doğma dildə ikinci şeiri - “Necəsən, gəl ey yüzü ağum bənüm” misrası ilə başlanan
qəzəli barədə bəzi məsələləri araşdırmaya cəlb edəcəyik.
Həmin şeiri alman şərqşünası, Hamburq Universitetinin professoru Barbara Flemminq aşkara
çıxarmış, 27-29 sentyabr 1972-ci il tarixlərdə Türkiyədə keçirilmiş I Türk Dili Bilimsəl
Qurultayında etdiyi “Sultan Qavri divanında naməlum şeirlər” adlı məruzəsində bu barədə elmi
ictimaiyyətə məlumat vermişdir. Dinlənilmiş məruzələrin materialları Türkiyədə 1975-ci ildə çap
olunmuşdur və B.Flemminqin təqdim etdiyi mətn daxilində Həsənoğlunun qəzəli də verilmişdir
(bax: 3, s.332). Həmin elmi tədbirdə iştirak edən Azərbaycan alimi Fərhad Zeynalov alman şərqşü-
nası B.Flemminqin aşkarladığı qəzəl barədə Bakıda çıxan “Ədəbiyyat və incəsənət” qəzetinin 25
noyabr 1972-ci il tarixli sayında dərc olunmuş “Həsənoğlunun azərbaycanca yeni şeiri” adlı yığcam
məqaləsində məlumat vermiş, şeirin mətnini də oxuculara çatdırmışdır (7).
Fərhad Zeynalov yazırdı: “B.Flemminqin məlumatından aydınlaşdı ki, o, yeni bir Misir türk
əlyazmasında Həsənoğluya aid ola bilən ikinci bir şeirə də rast gəlmişdir. Bu əlyazması, özü də şeir
yazan Məmlük sultanı Kanısav əl-Qavriinin “Divan”ıdır. Bu “Divan”da Qavriinin həştad şeirindən
əlavə, Həsənoğlunun, Nəsiminin, Yaşbek və başqalarının iyirmi doqquz şeiri toplanmışdır.
B.Flemminqin fikrincə, Qavrii ”Divan”ında tapılan şeir Həsənoğlunun ola da bilər, olmaya da.
Həmin dövrdə Həsənoğlu imzası ilə yazan digər bir şair də ola bilərdi. B.Flemminqə görə,
Həsənoğlunun birinci şeiri ilə bu şeir arasında dil cəhətdən bir qədər fərq özünü göstərir.Şeiriyyət
cəhətdən isə hər iki şeirdə ümumi cəhət daha çoxdur”.
F.Zeynalovun yazdığına görə, B.Flemminq yeni aşkarladığı qəzəl barədə Azərbaycan
alimlərinin fikirlərini bilmək istəyib...
O vaxtdan ötən qırx ildən artıq müddət ərzində Azərbaycanda və Türkiyədə bir sıra
tədqiqatçılar “Necəsən, gəl...” mətləli qəzəl haqqında elmi qənaətlərini bölüşmüş, əksəriyyət də
bunu İzzəddin Həsənoğlunun əsəri kimi qiymətləndirmişlər. Araşdırmalar nəticəsində XIII-XIV
əsrlərdə türkdilli ədəbiyyatda Həsənoğlu təxəllüsü ilə yazıb-yaradan digər bir şair barədə məlu-
matlar əldə edilməmişdir.
“Necəsən, gəl...” qəzəlinin Həsənoğluya aidliyinə tək-tək şübhələr olsa da, fikrimizcə, bunlar
əsassızdır. Aparılmış araşdırmalardan görünür ki, B.Flemminqin tapdığı şeirlə Həsənoğlunun daha
əvvəllərdən bəli olan “Apardı könlümü...” qəzəli arasında bir çox ortaq məziyyətlər vardır ki,
bunlar eyni bir müəllifin duyum və deyim tərzi kimi xarakterizə olunur. Təhlil boyunca həmin
məqamlara toxunacağıq.
4
Həsənoğlunun Sultan Qavri divanında olan qəzəlindən əvvəl şeiri yazanın kimliyi “Həsənoğlu
fərmayəd” qeydi ilə bildirilmişdir. Həmin şeir belədir:
Nеcəsən, gəl, еy yüzü ağum bənüm?
Sən əritdün оdlara yağum bənüm.
And içərəm səndən artuq sеvməyəm,
Sənün ilə хоş kеçər çağum bənüm.
Hüsn içində sana manənd оlmaya,
Əsli yuca, gönlü alçağum bənüm.
Al əlimi irəyim məqsuduma,
Qоma yürəkdə yana dağum bənüm.
Sən rəqibə sirrini faş еylədün,
Anun ilə оldu şiltağum bənim.
Qışladum qapunda itlərün ilə,
Оldu kuyin uşda yaylağum bənüm.
Bən ölücək yоlına gömün bəni,
Baхa dursun yara tоprağum bənüm.
Tоprağumdan bitə həsrətlə ağac,
Qıla zari cümlə yaprağum bənüm.
Bu Həsənоğlu sənin bəndəndürür,
Anı rədd еtmə, yüzi ağum bənüm.
(11, s.105-106)
“Necəsən, gəl...” qəzəli də Həsənoğlunun “Apardı könlümü...” qəzəli kimi, məhəbbət mövzu-
sunda yazılmışdır. Amma burada dünyəvi eşqin təqdimi daha aparıcıdır.İlk beytdə lirik qəhrəman
öz ağüzlü sevgilisinə xitab edərək onun gəlişini arzulayır, bildirir ki, nigarın eşqinin ucbatından
aşiqin bədəninin yağı odlarda ərimişdir. Əslində litota kimi səciyyələndirilən bu deyim düşünməyə
əsas verir ki, aşiqi odlara salan məhz elə ilk misrada “gəl” deyə xitab olunan sevgilinin hicranıdır,
ayrılıq atəşidir.İkinci beytdə aşiq and içərək öz sevgisinə sədaqətini vurğulayır, onunla keçən
günləri xoş çağ sayır. Üçüncü beytdə əsas yeri nigarın tərənnümü tutur. Aşiq onun gözəllər içində
onun bərabəri olmadığını vurğulayır. Eyni zamanda, sevgilinin mənəvi kamilliyinə də xüsusi diqqət
yetirilir, bu gözəlin həm də “əsli yuca”, könlü alçaq” olması nəzərə çatdırılır. Fikrimizcə, burada
şair gözəlin uca əsilli, yəni əsil-nəsəbli olsa da, lovğalanmadığını, davranışca, mənəviyyatca sadə,
təvazökar, yetkin olduğunu demək istəmişdir. Bu beyt bir daha göstərir ki, qədim dövrdə “alçaq”
sözü dilimizdə indikindən fərqli məna daşımışdır.
Dördüncü beytdə aşiq sevgilisinə xitabən çəkdiyi hicrandan, ürəyinə çəkilmiş dağların yana
biləcəyindən danışır, vüsal arzusunu ifadə edir. Beşinci beytdə sevgilidən müəyyən mənada giley-
güzar duyğuları üzə çıxır. Anlaşılır ki, nigar bu eşqin sirrini rəqibə bildirmiş, aşiqlə onun arasında
mübahisə, çəkişmə də olmuşdur. Lakin bunlara baxmayaraq lirik qəhrəman eşq yolunda
fədakarlığını davam etdirir, hər cür əzablara, sınaqlara mətanətlə qatlaşır. Altıncı beytdə obrazlı şə-
kildə deyilir ki, aşiq sevgilinin yaşadığı yerin önündə daimi məskən salmışdır, qışı onun qapısında
itlərlə qışlayır, yayda isə yar yaşayan küçəni özünə yaylaq edir. Yəni lirik qəhrəmanın eşq naminə
gecəsi, gündüzü yoxdur, o, yar yolunu gözləməkdə, daima bu sevgi üçün iztirab çəkməkdədir.
Amma bu əzab aşiq üçün usandırıcı deyil.
5
Yeddinci beytdən anlaşılır ki, aşiq hətta dünyasını dəyişəndən sonra da bu eşqə sadiqliyinin,
nigara hüdudsuz məhəbbətinin bilinməsini istəyir. O arzulayır (bəlkə də vəsiyyətdir): öləndən sonra
məni sevgilim keçən yolda dəfn edin ki, məzarımın torpağı da yarıma tərəf baxsın... Yeddinci
beytdəki “nisgilli mənzərə” (13, s.164) səkkizinci beytdə də davam edir. Bu dünyada kama çat-
mayan, murada yetməyən nakam aşiq diləyir ki, öləndən sonra qəbrimin torpağında bitən ağacın
yarpaqları da zar qılaraq, yəni ah-nalə çəkib ağlayaraq bu həsrəti bəyan etsin.
Həsənoğlunun “Apardı könlümü...” şeirində olduğu kimi, “Necəsən, gəl...” qəzəlinin də son
beytində aşiq gözələ xitabən özünü onun bəndəsi sayır, eşqinə cavab verilməsini, rədd
olunmamasını istəyir. Beləcə,vüsal arzusuyla başlanan qəzəl elə bu aspektdə də tamamlanır. Şeirin
ilk və son misralarının qafiyəsinin (“yüzü ağum”) eyniliyi də bu baxımdan təsadüfi deyil. Qəzəlin
bəzi, daha dəqiqi, son beytlərində təsəvvüf ovqatının da bir qədər nəzərə çarpdığını deməliyik.
İ. Həsənoğlunun “Apardı könlümü...” şeiri ilə müqayisədə “Necəsən, gəl...” qəzəlinin dili
daha sadədir. Bunun bir səbəbi ilk qəzəldə subyekt-atribut münasibətlərinin təqdiminə xidmət
göstərən poetik strukturun, ifadə tərzinin xüsusiyyətlərinə uyğun olaraq bütün beytlərin ikinci
misralarının izafət birləşmələri üzərində qurulmasıdır ki, bu da özlüyündə şeirin dilində müəyyən
ağırlaşma yaratmışdır. Beytlərdə ilk misralarla müqayisədə ikinci misraların nisbətən qəlizliyi, on-
larda alınma sözlərin çoxluğu (hərçənd ki, bunların da böyük əksəriyyəti dilimizdə əsrlərdən bəridir
ki, vətəndaşlıq hüququ qazanmışdır) da ilk növbədə bununla bağlıdır.
Digər tərəfdən, filologiyada çoxdan təsdiqlənmişdir ki, klassik poeziyada hər hansı bir şairin
təsəvvüf ovqatlı şeiri ilə dünyəvi məhəbbətə həsr edilmiş mənzum əsəri arasında dil-üslub
xüsusiyyətləri baxımından müəyyən fərqlər qeydə alınır. Hətta həmin nümunələr eyni vəzndə və
janrda yazılsa da. Ona görə də Həsənoğlunun sufiyanə məhəbbəti əks etdirən “Apardı könlümü...”
qəzəlinin dili dünyəvi eşqin tərənnümünün üstünlüyü ilə seçilən “Necəsən, gəl...” şeiri ilə müqayi-
sədə bir qədər qəlizdir və bu hal təbii sayılmalıdır.Amma bütövlükdə bu qəzəllərin “arasında hər
ikisinin eyni bir sənətkar yaradıcılığının bədii məhsulu olduğuna dəlalət edən bir daxili yaxınlıq,
uyarlıq da özünü göstərir” (1, s.82-83). Azərbaycan MEA-nın müxbir üzvü Əbdüləzəl Dəmirçizadə
Həsənoğlunun həmin iki qəzəlini müqayisə edərək yazırdı: “Bu iki qəzəlin eyni müəllif üslubu ilə
bağlı olduğunu təsdiq edən aşağıdakı faktları da burada qeyd etməyi lazım bilirik: “Mən ölsəm” -
“Bən ölicək”, Sənünlən içdigim badə - “Sənünlən xoş keçər çağum bənim”, “Həsənoğlu sana...sadiq
bəndə” - “Bu Həsənoğlu sənin bəndəndürür”...Bu qəzəllərin hər ikisində Sən - Mən qarşılığı xüsusi
üslubi mahiyyət daşıyır və eyni müəllifin ifadə üsulunu nümayiş etdirir. Məsələn: “Mən ölsəm, sən
büti-şəngül...” - “Sən əritdün odlara yağum bənüm” (5, s.143).Professor Nizami Xudiyev də bu
məqamlara diqqət yetirmişdir (10, s.41).
Ədəbiyyatşünaslığın gəldiyi aşağıdakı nəticə “Necəsən, gəl...” qəzəli haqqında çoxsaylı elmi
təhlillərin yekun ifadəsi sayıla bilər: “Bu qəzəl ümumi-əhvali-ruhiyyəsi, lirik qəhrəmanın mənəvi
aləminin ifadə tərzi baxımından “Apardı könlümü...” qəzəlinə çox yaxındır... Ona görə də şeirin
Həsənoğluya aid olduğunu inamla söyləmək olar” (6, s.242).
Prof. N.Xudiyevin hesablamalarına görə, Həsənoğlunun ikinci qəzəlində Azərbaycan-türk
mənşəli sözlər 83 faiz, alınmalar isə cəmi 17 faizdir (10, s.39).O da təsadüfi deyil ki, hər iki qəzəldə
işlənmiş Azərbaycan-türk mənşəli sözlərin bir qismi daha qədim leksik vahidlərdir: tutuşmayınca,
bəlirməz, qılur, qıla, irəyim və s.
Akademik Tofiq Hacıyev İzzəddin Həsənoğlunun ilk iki qəzəlinin dilində işlənmiş alınma
sözlər barədə yazırdı: “Ərəb-fars mənşəlilərin isə hamısı əsrimizin 30-cu illərinə qədər ədəbi dildə
işlənmişdir. Bunlardan müasir dil üçün ancaq əhmər, kuy, manənd, sağər, suziş, çakər, canfəza,
şahid (gözəl) sözləri arxaikdir. Əcnəbi sözlərin çoxunun – atəş, badə, bəndə (müəyyən məna
dəyişikliyi ilə), büt, qiymət, dəftər, dua (-çı), əzəl, əsil, zaman, yar, məna, məst, rəqib, rədd, sadiq,
sirr, surət, sürahi, faş, xislət, xoş, həsrət, hüsn, can, cümlə, şəkər, şah, şirin – sonralar və bu gün
də xalqın gündəlik ünsiyyətində varlığı, bir tərəfdən, Həsənoğlu dövründə əcnəbi leksik qatın artıq
müəyyənləşdiyini, digər tərəfdən, XIII əsr Azərbaycan ədəbi dilinin xəlqi əsasda formalaşdığını
göstərir” (12, s.140).
Türk alimləri Mehmet Fuad Köprülü, İsmayıl Hikmət, azərbaycanlı professorlardan
Əbdüləzəl Dəmirçizadə, Əkrəm Cəfər və başqaları orta əsr qaynaqlarına istinadən İzzəddin
6
Həsənoğlunun əruzla yanaşı, heca vəznində də şeirlər yazması ehtimalının güclü olduğunu vurğula-
mış, bu baxımdan Həsənoğlu türkülərinin vaxtı ilə geniş yayılması barədə mənbələrin
məlumatlarına əsaslanmışlar. Həsənoğlunun “Necəsən, gəl…” qəzəli müəyyən axıcılığına görə
məhz türküləri yada salır. Ədəbiyyatşünas Namiq Babayevin “Əruz” adlı irihəcmli məqaləsində
Həsənoğlunun bu şeiri ilə onbirlik heca ölçüsü arasında müəyyən paralellər aparması da bu baxım-
dan xatırladıla bilər (bax: 2, s.429).
İzzəddin Həsənoğlu “Necəsən, gəl...” qəzəlində məzmuna uyğun bəhr seçmişdir. Şeir əruz
vəzninin rəməl bəhrinin III növündə yazılmışdır, təfilələri belədir: fAilAtün fAilAtün fAilün.
Qəzəlin iki müxtəlif beytinə nəzər salaq:
f A
1
i
2
l A
3
tün
4
f A
5
i
6
l A
7
tün
8
f A
9
i
10
lün
11
N E
cə
sən
gəl
ey
yü
z Ü
A
ğum
bə
nüm
Sən
ə
rit
dün
od
la
r A
y A
ğum
bə
nüm
Hüs
ni
çin
d Ə
san
a
m A
nən
dol
ma
ya
Əs
li
yuc
A
gön
lü
al
ç A
ğum
bə
nüm
FAilAtün təfiləsində ikinci heca qısa, qalanları uzundur. Failün təfiləsində isə birinci və
üçüncü hecalar uzun, ikinci isə qısa hecanı göstərir. Bütövlükdə rəməlin bu növündə yazılmış
şeirlərdə əvvəldən axıradək misraların hər birində ikinci, altıncı və onuncu hecalar qısa, digərləri
isə uzun olur. “Nümunə gətirilən ilk misrada bəhrin tələbinə uyğun olaraq 1-ci, 7-ci və 8-ci, ikinci
misrada 7-ci və 8-ci, üçüncü misrada 4-cü və 7-ci, dördüncü misrada isə 4-cü və 8-ci hecaların
sonundakı sait tələffüzdə uzadılır. Həmin hecalarda uzanan saitlər yuxarıdakı cədvəldə verilmiş
təfilədə, eləcə də mətndə böyük hərflə və tünd şriftlə göstərilmişdir. Cədvəldən göründüyü kimi,
bəhrin xüsusiyyətlərinə uyğun olaraq bəzi hecaların sonundakı samit ayrılır və sonrakı hecanın
əvvəlinə birləşir. Məsələn, üçüncü misranın 8-ci hecasından, yəni “manənd” sözünün ikinci
hecasındakı -nənd hissəciyindən d samitinin ayrılaraq sonrakı heca ilə birləşməsi bu qəbildəndir”
(8, s.82-83).
İzzəddin Həsənoğlunun “Apardı könlümü...” şeiri kimi, “Necəsən, gəl...” qəzəli də yüksək
ideya-bədii məziyyətləri ilə dəyər qazanmışdır. Seyfi Sarayi birinci qəzəli Misirdə Sədi Şirazidən
etdiyi “Gülüstan” tərcüməsinin sonuna artırıb ona yazdığı nəzirəni də verdiyi kimi, Misir hökmdarı
Sultan Qavri də özünün şeirlər divanına Həsənoğlunun “Necəsən, gəl...” qəzəlini və həmin şeirin
təsiri ilə qələmə aldığı nəzirəni də daxil etmişdir. Misir hökmdarının türkcə şeirlər divanı haqqında
geniş araşdırma aparmış (əsasən də dilçilik baxımından) türkiyəli tədqiqatçı Orhan Yavuza istina-
dən Sultan Kansu Qavrinin Həsənoğlunun “Necəsən, gəl...” qəzəlinə yazdığı, indiyədək bizim
ədəbiyyatşünaslıqda söz açılmayan həmin nəzirəni tam halda veririk:
İy yüzi gül, gülşenü bagum benüm,
Zülfünün zinciridür bağum benüm.
Ol kadar ok urdı gamzen bagruma,
Yüregümde kalmadı yagum benüm.
Vasl-ı sinün Tur-ı Sinadur bana,
İy dil-aram oldı turagum benüm.
Sen gelürsen sinüme baş kaldurup
Ayaguna düşe topragum benüm.
7
Dilbera, bin hacc u umre sayaram
Senün-ile her geçen çagum benüm.
Şol kara halün gibi hahi degül
Yüregümde dayima dagum benüm.
Görk içinde olmaya hüsnün gibi
Kadri yüce, gönli alçagum benüm.
Husreva, lutf eyle, rahm it Gavriye,
İy gözi nerkis, yüzi agum benüm.
(11, s.106-107)
Sultan Kansu Qavri də İzzəddin Həsənoğlu kimi, öz qəzəlini rəməl bəhrinin III növündə
yazmışdır. Nəzərə alaq ki, Misirin şair hökmdarı azsaylı ustad sənətkarlara, o cümlədən böyük
şairimiz İmadəddin Nəsimiyə nəzirə yazmışdı və sultanın bir sıra şeirləri də öz növbəsində bəzi
nəzirələrin qələmə alınmasına rəvac vermişdi, o zaman aydınlaşar ki, Kansu Qavrinin Həsənoğlu
şeirindən təsirlənməsi təsadüfi olmayıb, “Necəsən, gəl...” qəzəlinin yüksək dəyərinə əsaslanır.
Sultan Qavrinin nəzirəsində qafiyələrin çoxu Həsənoğlu şeirində işlənənlərdir. Məsələn: yağum, ça-
ğum, toprağum, ağum, alçağum, dağum...Hər iki nümunə arasındakı mövzu, ruh, qayə, duyum və
deyim tərzinin yaxınlığı da aşkar nəzərə çarpır. Bu oxşarlıq bəzi beytlərdə daha qabarıqdır. Məsə-
lən, Həsənoğlunun:
Hüsn içində sana manənd оlmaya,
Əsli yuca, gönlü alçağum bənüm,-
beyti müqabilində Sultan Kansu Qavri aşağıdakı beyti işlətmişdir:
Görk içinde olmaya hüsnün gibi,
Kadri yüce, gönli alçagum benüm.
Bunlarla yanaşı, Kansu Qavrinin Həsənoğluya nəzirəsinin ümumən ideya-bədii
mükəmməlliyə, bir sıra orijinal deyimlərə malik olduğunu da vurğulamaq gərəkdir. Bu baxımdan 2-
ci, 3-cü, 5-ci beytlər xüsusən təqdirəlayiqdir.
Sultan Kansu Qavrinin haqqında danışılan qəzəlindən söz açan türkiyəli tədqiqatçı Orhan
Yavuz öz kitabında, çox güman ki, diqqətsizlik ucbatından mexaniki bir yanlışlığa da yol vermiş,
səhifəaltı qeyddə Həsənoğlunun Qavri qəzəlinə nəzirə yazdığını bildirmişdir (11, s.105). “Halbuki
təxminən 1440-cı ildə doğulan, 1516-cı ildə dünyasını dəyişən Misir məmlük sultanı Kansu Qavriyə
ondan çox-çox əvvəllər yaşamış İzzəddin Həsənoğlu necə nəzirə yaza bilərdi?” (8, s.85). Sultan
Qavrinin divanında da əvvəl Həsənoğlu şeiri, sonra isə Qavrinin nəzirəsi verilmişdir. Təsadüfi deyil
ki, digər türk ədəbiyyatşünasları birmənalı şəkildə haqlı olaraq məhz Sultan Qavrinin Həsənoğluya
nəzirə yazmasını bildirmişlər: “Sultan Gavri, Hasanoğlu’nun “Niçesin, gel iy yüzi agum menüm,
Sen eritdün odlara yagum menüm” beyti ile başlayan şiirine, “İy yüzi gül Gülşen ü bâgum benüm,
Zülfünün zinciridür bağum benüm” şeklinde başlayan gazelle cevab vermiştir” (9, s.163).
Həsənoğlunun “Necəsən, gəl...” qəzəli ilə bağlı bir maraqlı faktı da elmi ictimaiyyətimiz üçün
gərəkli ola biləcəyindən diqqətə çatdırmaq istərdik. Türkiyəli alim Ersen Ersoy 2013-cü ildə
yayınlanmış “XIV-XVI. yüzyıllar arasında yazılmış bazi şiirleri ihtiva eden bir mecmua ve İbn-i
Ömerin şiirleri” məqaləsində Parisdə milli kitabxanada saxlanılan bir əlyazmada bir sıra şairlərin
əsərləri ilə yanaşı, İ.Həsənoğlunun vaxtı ilə Barbara Fleminq tərəfindən aşkarlanmış qəzəlinə də
rast gəldiyini nəzərə çatdırmışdır. E.Ersoyun yazdığına görə, Paris kitabxanasındakı əlyazmada
qeydə alınan Həsənoğlu qəzəli B.Flemminq nüsxəsi ilə müqayisədə bir neçə beyt artıqdır
(4).İnternetdə oxuduğumuz bu məlumatı dəqiqləşdirmək üçün tədqiqatçı Ersen Ersoyun e-mail
ünvanını tapıb onunla əlaqə yaratdıq. Xahişimizə cavab olaraq Ersen bəy şairimiz Həsənoğlunun
“Necəsən, gəl...” qəzəlinin Paris əlyazmasındakı variantını yazıb bizə göndərdi (Ersen bəyə dərin
təşəkkürümüzü bildiririk- H.H.).
Həmin variantı sadəcə Azərbaycan orfoqrafiyasına uyğunlaşdırmaqla burada ilk dəfə diqqətə
çatdırırıq:
8
Səfa gəldün, ay yüzi ağum bənüm,
Sən əritdün yürəgüm yağın bənüm .
And içəm kim, səndən artuq sevməyəm,
Sənün ilə xoş geçər çağum bənüm.
Hüsn içində hiç manəndün olmaya,
Əsli yüca, gönli alçağum bənüm .
Al əlümi, irəyüm maksuduma ,
Yoxsa dağlar əridür ahum bənüm.
Ay toğıcak aləmə şölə verür,
Karanuda şəmü, həm çırağum bənüm.
Verr başunı, vermə sirrin kimsəyə ,
Şöylə təlim etdi ustadum bənüm.
Bən ölicək yar yolına kon bəni,
Baxa dursun yara toprağum bənüm.
Toprağumdan nə ki, bitərsə bənüm,
Zari kıla cümlə yaprağum bənüm.
Tâ ölincə eşqini eltəm başa,
Gər Hasanoğlu durur adum bənüm.
Bu variantda da qəzəl doqquz beytdən ibarətdir. Amma 5-ci və 6-cı beytlər B.Flemminq
nüsxəsindən tamamilə fərqlidir. Həmin beytlərə diqqət yetirək:
Barbara Flemminq variantında:
Sən rəqibə sirrini faş еylədün,
Anun ilə оldu şiltağum bənim.
Qışladum qapunda itlərün ilə,
Оldu kuyin uşda yaylağum bənüm
Dostları ilə paylaş: |