ATALAR SÖZLƏRİNİN OXUSU ÜZRƏ İŞİN METODİKASI
Azərbaycan şifahi xalq ədəbiyyatının spesifik janrlarından biri atalar sözləridir. Atalar sözləri xalq tərəfindən yaradılan bitkin ifadələrdir. Atalar sözləri folklorun formaca kiçik, məzmunca dərin janrıdır. Az sözlə dərin mənalar ifadə etmək, xalqın həyat təcrübəsini, müşahidələrini yığcam, səlis ifadə etmək onun başlıca cəhətləridir.
Kiçik formalı xalq yaradıcılığı nümunələri olan atalar sözü dilin obrazlı vasitələrinə daxildir. Fikri yığcam şəkildə ifadə edib, parlaq obrazlar yaratdığından atalar sözü ədəbi dilə canlılıq verməyə kömək edir. Əsrlərdən bəri insan həyatının müxtəlif sahələrinə aid atalar sözləri yaranmışdır. Xalq atalar sözü vasitəsi ilə həyata baxışlarını, öz əxlaqi-tərbiyəvi fikirlərini ifadə edir. Atalar sözlərinin bəzilərində əməyin insan üçün faydası, bəzilərində birlik ifadə olunur. Əməyə, peşəyə məhəbbət tərbiyə etmək baxımından bəzi atalar sözlərinə diqqət edək: “Əmək xoşbəxtliyin açarıdır”, “Əmək həyatın ziynətidir”, “İş adamın cövhəridir”, “İşləməyən dişləməz”, “İşləyən dəmir pas tutmaz” və s. atalar sözləri əmək haqqındadır.
Atalar sözləri mövzu etibarı ilə çox zəngindir. “Tək əldən səs çıxmaz”, “El gücü, sel gücü” atalar sözlərində isə birlik ifadə olunur. Vətən məhəbbəti, qəhrəmanlıq və s. mövzularla da bağlı atalar sözləri çoxdur. Belə atalar sözlərində doğma yurd, vətənin müqəddəsliyi ifadə olunur.
Atalar sözlərinin şagirdlərin şifahi nitqinin inkişaf etdirilməsində imkanları genişdir. Belə ki, uşaqları ayrı-ayrı hadisələrin xüsusiyyətləri ilə tanış edir, biliklərini daha da dərinləşdirir, hissini, təxəyyülünü, təsəvvürünü inkişaf etdirir, söz ehtiyatını zənginləşdirir, az sözlə geniş fikir söyləməyi öyrədir, uşaqların nitqini canlı xalq dilinə yaxınlaşdırır. Professor Ə.Qarabağlı yazır ki, xalqın hikmətli ifadələrini, mənalı, fəlsəfi ümumiləşdirmələrini xülasə şəklində istifadə edən həyati həqiqətlər, yəni atalar sözü əvəzsiz mənəvi xəzinədir. Buna görə də atalar sözü ana dili məşğələsinin maraqlı keçməsinə təsir göstərir.
İbtidai sinif “Azərbaycan dili” dərsliklərində mətnlərin məzmununun dərk olunmasında atalar sözlərindən istifadə edilməsi həm tapşırıqların rəngarəngliyini təmin edir, həm də nitq bacarıqlarının inkişafına təkan verir. Məsələn, “Xəstə” mətninin məzmununa uyğun atalar sözlərinin seçilməsi şagirdlərin təfəkkürünü, nitqini inkişaf etdirir: “Tənbəl tədbirli olar”; “Tənbələ dedilər, dur qapını ört, dedi, külək örtər”; “Yalan ayaq tutar yeriməz”, “Ortada yeyir, qıraqda gəzir”; “Yalançının şahidi yanında olar”[17, s.146].
Bu zaman uşaqların diqqəti atalar sözlərində fikrin yığcamlığına və məcazi mənasına yönəldilməlidir.
Atalar sözləri şagirdlərin şifahi nitqini xalq dilinin canlı, təbii tələffüz və ifadə xüsusiyyətləri ilə silahlandırır, nitqi daha kəsərli, daha tutarlı edir. Atalar sözləri şagirdləri pis xüsusiyyətlərdən uzaq olmağa, düzgün, xeyirxah, əməksevər, vətənpərvər şəxsiyyət kimi yetişməyə səsləyir.
Məsələn, “Yaşıl fincan” mətni ilə əlaqədar verilmiş “Mətnin məzmununa uyğun atalar sözlərini seç” çalışmasında aşağıdakı atalar sözlərindən istifadə olunmuşdur:
Yalan üz qaraldar.
Yalançının şahidi yanında olar.
Yalanın ömrü az olar.
Yalançı özünün düşmənidir.
Yalan cücərər, amma bitməz [18, s.43].
Qrammatik anlayışların tədrisində də atalar sözlərindən istifadə edilməsi həm mənəvi sərvətimizə məhəbbət hissinin aşılanmasına, həm şagirdlərin lüğət ehtiyatının zənginləşməsinə, həm də nitqin emosional, ifadəli olmasına xidmət edir. Məsələn, “Hansı atalar sözündə əksmənalı sözlər var?” çalışmasına nəzər salaq:
Gözəllik ondur, doqquzu dondur.
Yerin nuru günəşdir, insanın nuru-elm.
Hər gecənin bir gündüzü var.
“Hansı atalar sözündə əksmənalı sözlərin yeri səhv düşüb?”
A) Gecənin xeyrindən gündüzün şəri yaxşıdır.
B) Düz oturaq, əyri danışaq.
C) Ağ gün ağardar, qara gün qaraldar [19, s.68].
Mətnin məzmununa uyğun atalar sözlərindən istifadə məzmunun emosionallığını, təsir gücünü artırır. Atalar sözləri real varlıq, təlimlə həyat arasında vəhdət yaratmağa imkan verir.
Atalar sözlərindən əsərlə bağlı istifadə etdikdə əsərin məzmununun tam açılmasına, ayrı-ayrı personajların xarakterinin başa düşülməsinə, hər birinin əhval-ruhiyyəsinin öyrənilməsinə, onlar arasındakı münasibətlərin meydana çıxmasına, yaxşı, pis, ədalətli və ədalətsiz hərəkətlərinin qiymətləndirilməsinə gətirib çıxarır. Bu həmçinin şagirdlərin düşünmələrinə, təfəkkürlərinin, nitqlərinin inkişafına təkan verir.
Ən adi sözlərdən düzəldilmiş, lakin çox dərin məna ifadə edən, zəmanənin fırtınaları qarşısında sinə gərən atalar sözlərinə ibtidai siniflərdə geniş yer verilməlidir. Burada hər söz dar lüğəvi məna deyil, geniş məcazi məna alır. Atalar sözlərinin düzgün, yerində deyilməsi nitqin təsir qüvvəsini artırır. IV sinif “Azərbaycan dili” dərsliyində “Alma ağacı” mətninə dair çalışmanın tələbinə görə şagirdlər mətnin məzmununa uyğun olmayan atalar sözünü tapmalıdırlar[20, s.170].
Bağ salan barın yeyər.
Lovğalığın sonu xəcalətdir.
Bilməmək eyib deyil, bilməyib soruşmamaq eyibdir.
Bu tipli tapşırıqlar əsərdə qəhrəmanın münasibətini aydınlaşdırmağa kömək göstərir. Müvafiq atalar sözlərindən istifadə şagirdlərin təşəbbüskarlıq və yaradıcılıq qabiliyyətlərini, müstəqil fikir söyləmək, fakt və hadisələrə obyektiv münasibət bəsləmək, düzgün qiymət vermək bacarıqlarını formalaşdırır. “Bala məhəbbəti güclü olar”, “Bala baldan şirindir”, “Ana bala üçün canını oda yaxar” kimi atalar sözlərində ana məhəbbətinin ülviliyi əks olunursa, “Dost dosta tən gərək, tən olmasa, gen gərək”, “Nə tökərsən aşına, o da çıxar qaşığına”, “Özün istəmədiyini başqasına rəva bilmə” və s. atalar sözlərində tarixlərin sınağından çıxmış yoldaşlığa dair fikirlər şagirdlərə bir mesaj olaraq ünvanlanır. Atalar sözləri şagirdlərin emosional hisslərini və estetik zövqünü də inkişaf etdirmək baxımından dəyərlidir.
Şifahi xalq yaradıcılığından məqsədəuyğun istifadə şagirdlərin nitqini daha ifadəli edir, oxunun ifadəliliyinə öz müsbət təsirini göstərir. Çünki atalar sözləri, məsəllər, sınamalar, düzgülər, saymacalar, alqışlar, diləklər və s. mətnlərin intonasiyaları, məntiqi vurğu çalarları ilə məlahətli səslənir və şagirdlərdə xoş ovqat və yaxud da müsbət təəssürat yaradır. Məsələn, “Lal axan çaydan içməzlər” məsəli həm də inancdır; şagirdlərə əgər buna uyğun misal kimi, “Suyun lal axanı, adamın yerə baxanı” məsəli tapdırılsa və deyilsə, habelə “Sirkə nə qədər tünd olarsa, öz qabını sındırar” məsəlinin izahı zamanı “Hirsli başda ağıl olmaz” məsəlindən istifadə olunur, “Nə tökərsən aşına, o da çıxar qaşığına” məsəlinin izahı üçün “Yaxşılıq da qazanılır, pislik də”, “Hər kəs öz əməlinin nəticəsini görür”, “Yaxşılıq edən yaxşılıq görər, pislik edən pislik”, “Başqasına quyu qazan özü düşər” və s. nümunələrdən istifadə olunması oxu prosesində qazanılan və nitqə daxil edilən emosional-obrazlı ifadələrin yaranmasına şərait yaradır[70].
“Bir əldə iki qarpız tutmaq olmaz”, “Tamahkarlıq böyük nöqsandır”, “Artıq tamah baş yarar”, “Çox istəyən azdan da olar” və s. atalar sözlərində tamahkarlıq pislənir. Bədii nağıletmə bacarığına yiyələnən və atalar sözlərini yerli-yerində işlədən şagirdlər düşünülmüş, şirin, mənalı, məntiqi danışmağı, xəyala dalmağı və nəcib arzularla yaşamağı öyrənirlər. Belə bir fikir də mövcuddur: dilin zənginliklərinə hərtərəfli yiyələnən, ondan səmərəli istifadə edən insan, cəmiyyət və təbiətin mürəkkəb əlaqələrini müvəffəqiyyətlə anlayır.
Şagirdlərin nitqini inkişaf etdirmək baxımından atalar sözlərinin öyrənilməsinin əhəmiyyəti böyükdür. Şagirdlər üçün yaxşı nitq uğurlu təhsilin və inkişafın göstəricisidir.
Dərs nümunəsi: “İki gombul və dovşan” (2 saat) – 1-ci saat
Dostları ilə paylaş: |