Çıxış zamanı davranış qaydaları. Çıxışa vaxtından əvvəl gəlmək və bu vaxtı daxili rahatlığın yaradılmasına sərf etmək lazımdır. Bu arada əlyazmanı oxumaq məsləhət görülmür, bu inamsızlığın əlamətidir. İmkan daxilində müxtəlif üsullardan (nəfəs almaq, əl əzələlərini boşaltmaq) istifadə edərək həyəcanı azaltmaq lazımdır. Məruzəçi çıxış zamanı publikanın diqqətini aşağıdakı əlamətləri ilə cəlb etməlidir:
Xarici görünüş: Burada uyğun geyimə diqqət yetirilir. Geyim səliqəli olmalıdır. Çıxış zamanı pozitiv gülüşlə publikaya nə isə maraqlı bir məlumatın çatdırılmasına siqnal vermiş olarsınız.
Çıxışdan öncə danışıq: Situasiyadan asılı olaraq sizin üçün müəyyən amillər və ya şəxslər önəmli ola bilər: təşkilatçı, texnika, moderator və digər məruzəçilər. Onlarla çıxışdan öncə söhbətləşib müəyyən açıq sualları müzakirə etmək olar.
Texnikanı yoxlamalı: Çıxışdan öncə lazımi texniki avadanlıqların funksionallığını yoxlamaq lazımdır.
Sənədlər: Çox zaman məruzəçilər çıxışlarının qısa skriptini hazırlayaraq ən azından publikada əyləşən, qərarverici şəxslərə (professorlara, dosentlərə, qonaqlara) paylayırlar.
Çıxışa başlamazdan öncə bir neçə saniyə gözləməklə publikanın diqqətini özünüzə çəkmiş olursunuz. Bundan sonra normal nəfəs almaqla lazımı səs tonuna şərait yaradılır. Qısa gecikmə ilə başlamaq məruzəçinin yüksək kompetensiyaya malik olmasından xəbər verir.
Non-verbal siqnal bir şəxsin çıxışı zamanı onun haqqında formalaşan fikrin 50%-ni təşkil edir. Məruzəçinin mimika və jestləri dinləyicilərdə pozitiv assosiasiya yaratmalıdır. Əllərin açıq şəkildə tutulması, mülayim sifət və sakit, sərbəst baxış bunun əlamətləridir. Bu əlamətləri inkişaf etdirmək üçün evdə hazırlıq zamanı şəxsi çıxışı videoya çəkib analiz etmək məsləhət görülür. Çıxış zamanı əllərin boş qalmaması üçün köməkçi vasitələrdən istifadə edilir. Lazer işığı və ya köməkçi vərəqdən istifadə əllərin diqqətə alınmamasına şərait yaradır.