“Silsilədəki digər şeirlərin ideya istiqamətvericisi funksiyasında çıxış edən bu təsirli
şeirdə günəş, torpaq və insan məfhumları vəhdətdə tərənnüm olunmuş, həmin
komponentlərin hamısı estetik idealın tərcümanına çevrilə bilmişdir”.
Müasir Naxçıvan ədəbi mühitinin təhlil edilib dəyərləndirilməsi də
İ.Həbibovun fəaliyyətində mühüm yer tutur. Ədəbi-tənqidi fəaliyyətinin ilk
vaxtlarından İ.Həbibov Naxçıvandakı qələm sahiblərinin sənət axtarışlarını da
diqqətlə izləmiş, ayrı-ayrı məqalə və kitablarında bu sahəyə də özünün elmi
münasibətini ifadə etmişdir. Məsələn, 1977-ci ildə yazdığı “Fəhlə şairin mövzuları”
məqaləsində (“Şərq qapısı” q., 1977, 5 mart) sadə zəhmət adamı olan Hüseyn
Fərəcoğlunun satirik şeir və təmsillərinə nəzər salınır.
Alimin bu sahədəki dəyərli məqalələrindən biri 1981-ci ildə yazdığı “Gəncliyin
sənətkarlıq imkanları” adlanır [103]. Həmin məqalədə yeni nəşr olunmuş “Arpaçayı
aşdı-daşdı” almanaxındakı şeir, poema və hekayələr təhlil süzgəcindən keçirilmiş,
uğurlar da, qüsurlar da izah olunmuşdur. M.Qasımzadə, E.Həbib, A.Yadigar,
G.Məmmədova, L.Əhmədova, B.İsgəndərov və digərlərinin müxtəlif janrlı
əsərlərindəki müsbət məziyyətləri, duyum və deyim tərzini dəyərləndirən alim
nöqsanları da diqqətə çatdırmışdır. Bəzi hekayələrdə təhkiyələrin oxşarlığı, obrazların
xarakteri və süjetin ümumi axarı ilə uyuşmayan təsadüfi məqamların təsviri və s. bu
qəbildəndir.
133
1985-ci ildə çap olunmuş “Ədəbi yüksəliş” kitabının son bölümünü müasir
Naxçıvan ədəbi mühitinə həsr edən İ.Həbibov muxtar respublikada yaşayıb fəaliyyət
göstərən Hüseyn İbrahimov, Hüseyn Razi, Əliyar Yusifli, Həsən Fətullayev, Adil
Qasımov, Elman Həbib, Elmira Qasımova, Kəmalə Ağayeva, Həmid Arzulu, Muxtar
Qasımzadə, Asim Yadigar, Vaqif Məmmədov, Güllü Məmmədova, Novruz
Nehrəmli, Bayram İsgəndərov və digərlərinin yaradıcılıq axtarışlarına nəzər salmış,
onların poeziya, nəsr, dramaturgiya sahəsindəki sənət axtarışlarının timsalında
səciyyəvi tendensiyaların elmi-ədəbi təhlilini vermişdir. Azərbaycanın bir sıra
görkəmli şair, yazıçı, tənqidçi və ədəbiyyatşünaslarının (M. Arif, R. Rza,
M.İbrahimov, B.Nəbiyev, Y.Seyidov, İ.Şıxlı və s.) müasir Naxçıvan ədəbi mühitinin
nümayəndələrinin yaradıcılığı barədə bəzi fikirləri də kitabda xatırladılmışdır. [108,
s.57-63]
Akademik İsa Həbibbəylinin bir neçə resenziyası və ədəbi-tənqidi məqaləsi
xalq yazıçısı Hüseyn İbrahimovun sənət dünyasına həsr olunmuşdur. Bəllidir ki,
H.İbrahimov zəngin yaradıcılıq yolu keçmişdir. “İsa Həbibbəyli bu yolu addım-
addım izləyir və yazıçının ... uğurlarını elmi-ədəbi əsaslarla araşdırır” [217,s.83].
H.İbrahimovun 1983-cü ildə çap olunmuş “Bahar yağışı” romanı barədə bir
sıra tənqidçi və ədəbiyyatşünaslar fikir söyləmişlər. Bunların sırasında
İ.Həbibbəylinin “İstehsalat romanında mənəvi həyat” məqaləsi xüsusi yer tutur
[106].
Məqalənin əvvəlində Hüseyn İbrahimovun yaradıcılığında bahar motivinin,
əhvali-ruhiyyəsinin, rənglərinin özünəməxsus mövqeyinə diqqət yönəldən alim yeni
romanı da bu kontekstdə nəzərdən keçirmişdir. Mövzusu zəhmət adamlarının həyatı
və fəaliyyətindən götürülmüş bu romanda epik konfliktin bir qütbündə Arançay
dəryaçasının tikinti rəisi Osman Məlikzadə və onunla birgə xalq malını mənimsəyən
əlaltıları, digər tərəfdə isə yenilik ruhu, vətənə xidmət əzmi ilə çalışan mühəndis
Yalçın İbrahimbəyli və onun kimi sağlam qüvvələr dayanır. Əsas obrazların bədii
təcəssümünə bu konflikt müstəvisində nəzər salan İ.Həbibbəyli vurğulayırdı ki,
müəllif birtərəfli yolla getməmiş, istehsalat mövzusunda olan romanda “bu
mübarizənin
gedişatını
ənənəvi
xeyir-şər,
mənfi-müsbət
vuruşlarından,
çəkişmələrindən xilas etmiş, hadisələrin təbii məntiqinə, həyati əsaslarına meydan
134
vermiş”, surətləri təkcə istehsalat mühitində deyil, hərtərəfli şəkildə canlandırmış,
“mənəviyyatların, dünyagörüşlərin, vicdanların fərqini açmağa” nail olmuşdur.
Bütün bunlar isə romanın kompozisiyasının bütövlüyünə, xarakterlərin canlılığına,
kolliziyaların aydınlığına mühüm zəmin yaratmış, əsərin sosial əhəmiyyəti ilə bir
sırada bədii səviyyəsini də qüvvətləndirmişdir.
Hüseyn İbrahimovun “Səhv edəndə” adlı kitabına həsr etdiyi məqalə də
İ.Həbibbəylinin çağdaş ədəbi prosesə geniş elmi-nəzəri ümumiləşdirmə mövqeyindən
yanaşmasının əyani göstəricisidir [109]. Hekayə, novella və kiçik povestlərdən ibarət
həmin kitabı yazıçının çoxillik yaradıcılıq təcrübəsinin uğurlu bəhrəsi sayan
İ.Həbibbəyli buradakı əsərləri birləşdirən ortaq cəhəti belə səciyyələndirmişdir:
“Yazıçını qələmə aldığı çoxcəhətli əhvalat və obrazların mərkəzində əsasən bir meyar
dayanır: Ləyaqət!”.
H.İbrahimovun kitabda verilmiş “İnam”, “Kənd həsrəti”, “Təmiz
adam”, “Zərifənin çiçəkləri”, “Kərim əmi”, “Səfər müəllimin qızı” və digər hekayə-
lərini müfəssəl şəkildə təhlil edən tənqidçi yazıçının yaratdığı Yelmar Zərgərli, Qoş-
qar Çinarlı, Sabir, Fərrux, Eldar və s. obrazları da məhz bu kontekstdə dəyərləndir-
mişdir.
Hüseyn İbrahimov bir sıra satirik hekayələr də yazmışdır. Akademik İsa
Həbibbəylinin qeyd etdiyi kimi, hekayələrdəki satira elementləri onları kitabda
verilən satirik novellalarla doğmalaşdırmışdır. Alim yazırdı: “Azərbaycan satirik
nəsrinin ənənələrindən yaradıcılılqla faydalanan H.İbrahimov indiki həyatımızda
klassik novella “qəhrəmanları” ilə qarşılaşarkən “Sənə min rəhmət, Mirzə Cəlil”,
yaxud “Heyf, Mirzə Cəlil sağ deyil” kimi yerinə düşən, cəlbedici epiqrafların gur
işığı altında ənənəvi gülüş obyektinin müasir vəziyyətini bacarıqla açıb
göstərmişdir”.
Akademik İ.Həbibbəylinin bu məqalədə Azərbaycan tənqidi realizminin böyük
ustadı Mirzə Cəlilin satirik nəsri ilə H.İbrahimovun “Arxayın Məmməd”, “Zırrama”,
“Day lazım olmadı”, “Barıt” və s. əsərləri arasında apardığı müqayisəli təhlillər həm
də ədəbi irs və varislik probleminin açılmamış qatlarına işıq salır. Xüsusən Mirzə
Cəlilin Usta Zeynal və H.İbrahimovun yaratdığı Arxayın Məmməd obrazlarının bu
aspektdə nəzərdən keçirilməsi diqqəti çəkir. H.İbrahimovun “Göyərçinin məhəbbəti”,
135
“Baharın hekayəsi”, “Kamalın ad günü”, “Səhv edəndə” kimi povestlərində sosial-
mənəvi problemlərin qoyuluşu və bədii həllini məqbul sayan məqalə müəllifi bu
əsərlərin hər birinin əsas özəlliklərini dəqiqliklə müəyyənləşdirmişdir.
İsa Həbibbəyli bəzi tənqidi qeydlərini də bildirmişdir. Alim haqlı olaraq
yazıçının “Aspirant” hekayəsindəki Fərəc obrazının mükəmməl olmadığını,
“Kamalın ad günü” povestində isə süjetin bəzi məqamlarının stereotip ənənəvilik
təəssüratı yaratdığını, həmçinin “Qapıçı” novellasında sonluğun hadisələrin məntiqi
yekunu ilə birbaşa bağlılığının zəif göründüyünü nəzərə çatdırmışdır.
İ.Həbibbəylinin “Həyat eşqinin təsdiqi” məqaləsi [112] tanınmış sənətkarımız
Hüseyn İbrahimovun “Əsrin onda biri” tarixi romanının nəşri ilə əlaqədar yazılmış
resenziyadır. Tanınmış alim XII əsrin məşhur Azərbaycan memarı Əcəmi
Naxçıvaniyə həsr olunmuş bu romanı yazıçının yeni sənət uğuru kimi
qiymətləndirmiş, daima qurub-yaratmaq əzmi ilə yaşayan, bütün varlığı ilə doğma
elinə, torpağına bağlı olan memarın, eləcə də onun bir sıra müasirlərinin bədii
obrazının, dövrü və mühitinin əsərdə əhatəli şəkildə təqdimini müsbət
qiymətləndirmişdir. Resenziya müəllifi əsərin dilində işlənmiş bəzi alınmalara isə o
qədər də ehtiyac duyulmadığını bildirib.
Akademik İsa Həbibbəylinin “Nəciblik” məqaləsi Hüseyn İbrahimovun
hekayələrindən biri ilə eyniadlıdır [83]. Yazıçının anadan olmasının 75 illiyi ilə
əlaqədar qələmə alınmış bu məqalə sadəcə yubiley təbriki deyil, şəxsiyyət, yaradıcılıq
psixologiyası və mühit arasında əlaqələrin elmi şərhini verən, dəyərli nəzəri
ümumiləşdirmələrlə maraq doğuran analitik yazıdır. Sənətkarın yaradıcılığına onun
şəxsi xarakterinin, mənəvi aləminin, həmçinin fəaliyyət göstərdiyi mühitin ciddi təsir
göstərdiyini qeyd edən İ.Həbibbəyli yazırdı
Dostları ilə paylaş: |