Apardı könlümü bir şux, qəməryüz, canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər [7, s. 25.].
Həsənoğlu dilbərin hərfi mənasını – könül aparmağını açmaqla kifayətlənməyib, onun başqa sifətlərini də – “şahid” (gözəl) olmağını (Şahid - ər. “şahid – bir hadisəni, əhvalatı öz gözü ilə görmüş adam; gözəl, göyçək deməkdir [6, s. 301] və üstəlik “şahidi-sərvər” (gözəllər başçısı) olduğunu xüsusi vurğulayaraq məşuqə obrazının klassik örnəyini yaratmağa nail olmuşdur. İndi isə müqayisə üçün Mirzə Ələkbər Sabirin “Məsləhət” şeirində işlənmiş eyni antroponimə nəzər salaq:
İndi ki, var elçi də Səfdər kimi,
Bir bala qız al, boyu ərər kimi.
On-on iki sinnidə dilbər kimi,
Zülfü qara, sinəsi mərmər kimi.
Qoy başını sinəsinə bir dad al,
Qoy babalın boynuma, get arvad al! [8, s. 158].
M.Ə.Sabirin satirasında da, söz yox, “dilbər” gözəl mənasında işlənmişdir. Ancaq bu gözəl – Həsənoğlunun qəzəlində gördüyümüz gözəl deyil. Əgər Həsənoğluda dilbər öz aşiqinə zülm edən, onu görüşə həsrət qoyan, səbrini və dincliyini ürəyi ilə birlikdə aparan külli-ixtiyar sahibidirsə, Sabirin dilbəri on-on iki yaşında bir uşaq ikən ana qoynundan zorla ayrılaraq altmış yaşlı bir qocanın zindandan fərqlənməyən evinə atılan, onun iyrənc şəhvətini söndürməyə alət edilən hüquqsuz, dilsiz-ağızsız, bədbəxt bir insandır. Həsənoğlunun dilbəri öz gözəlliyi və gənclik təravəti ilə haqlı olaraq fəxr etdiyi halda, Sabirin dilbərinin gözəlliyi və gəncliyi öz başına bəla olur, onun qul kimi pulla alınıb-satılmasının başlıca səbəbinə çevrilir. Beləcə, bir antroponim olaraq, klassik dilbər və satirik dilbər üslubi cəhətdən bir-birindən həddən artıq fərqli xüsusiyyətlər kəsb edir.
Cəlil Məmmədquluzadənin bədii yaradıcılığında, xüsusən bədii nəsrində də şifahi xalq ədəbiyyatından, canlı xalq danışıq dilindən, islam tarixi və mədəniyyətindən, klassik Azərbaycan və Şərq ədəbiyyatından gələn xeyli miqdarda antroponim vardır ki, onlar yazıçının satirik üslubunun tələbləri ilə komik məzmun kəsb etmişlər.
“Danabaş kəndinin əhvalatları” povestində islam tarixində məşhur olmuş şəxsiyyətlərdən Həzrət Peyğəmbərin sevimli arvadı Həzrət Ayişənin adı əsərin mənfi qəhrəmanı Xudayar bəyin dilində söyüş kimi işlədilir ki, bu da fanatik şiələr arasında həmin qadının o qədər də yaxşı reputasiyaya malik olmadığı səbəbindən qaynaqlanır. Xudayar bəy arvadı ilə dalaşandan sonra onu hədələyərək “Ayişənin qızı” ifadəsi ilə söyür ki, bu da o dövrün abır-həyalı şiə qadınları üçün böyük təhqir sayılırdı: “And olsun Allahın birliyinə, sən bir də mənim işlərimə qarışasan, mənim sözümün qabağında söz danışasan, ta onda özünü ölmüş bil!.. Ayişənin qızı, mənim evlənməyimin sənə nə dəxli var?” [1, s. 82.]
Halbuki, islam tarixçiləri Həzrət Ayişə haqqında danışarkən ən tərifli sözlərdən belə çəkinməmişlər. Onlardan birinə müraciət edək: “Həzrət Peyğəmbərlə doqquz illik evlilik həyatı yaşayan Həzrət Ayişə ondan çox şey öyrənmiş, dinin (İslam dininin – Z.Q.) incəliklərinə bələd olmuşdur. Bu da onun ağıl və idrak cəhətdən kamilləşdiyini sübut edir. Həzrət Ayişə islam aləmində qadınlığın iftixarıdır. Çox hədis söyləmək sahəsində tanınmış yeddi nəfərdən biri olan Həzrət Ayişə Əshabi-kiramın (Həzrət Peyğəmbərin ən yaxın səhabələri – Z.Q.) din bilicilərindən idi. O, 2210 hədisi-şərif rəvayət etmişdir. Xeyli məsələdə onun sözü sənəd kimi qəbul edilmişdir. Elmi, zəkası çox kişilərdən üstün olan Həzrət Ayişə ağlını yerində, lazımi məsələlərdə işlətmiş, həmişə gərəkli tövsiyələri ilə ətrafındakılara kömək etmişdir...” [ 9, s. 278-279].
Eyni sözləri islam dininin möhkəmlənməsində və yayılmasında böyük xidmətləri olan xəlifə Ömər ibn Xəttab (634-644) haqqında da demək olar. “Danabaş kəndinin əhvalatları”nda Xudayar bəyin dilindən islam tarixi ilə bağlı olan bu antroponim yenə də söyüş və təhqir mövqeyində istifadə edilmişdir.
“– A kişi, adına and olsun, eşşəyi mənə Məhəmmədhəsən əmi özü verib. Eşşəyi mənə o dəyyus özü veribdi, o qurumsaq özü veribdi, o Ömər özü veribdi. A kişi, niyə inanmırsan?” [1, s. 63].
İslam peyğəmbəri Həzrət Məhəmmədin (570-632) ən yaxın silahdaşlarından olan, Peyğəmbərdən sonra hakimiyyətdə olan dörd raşidi xəlifəsindən biri kimi tanınan Ömər ibn Xəttab (634-644) Əbu Bəkrdən sonra ikinci xəlifə olmuşdur. Qatı şiə olan Xudayar bəyin dilində “Ömər” sözünün söyüş kimi işlənməsi, şiələrin fikrincə, onun (Ömərin – Z.Q.) guya dördüncü xəlifə və Peyğəmbərin əmisi oğlu Həzrət Əliyə (652-656) qarşı düşmən mövqe tutması ilə bağlıdır. Ömər 634-cü ildə Əbubəkrin vəfatından sonra müsəlman icmasına başçılıq edən sayca ikinci “raşid xəlifəsi, islam dininin erkən çağlarının ən böyük xadimlərindən biri olmuşdur [10, s. 98].
Bu antroponimlə bağlı maraqlı bir üslubi cəhət də – Xudayar bəyin həmin söyüşünün Məhəmmədhəsən əminin arvadı İzzətin dilindən artıqlaması ilə özünə qaytarılmasıdır. Ancaq, əlbəttə, aydındır ki, hər iki söyüş yalnız qiyabi səslənərək əyani olaraq ünvanına çatmır. “İzzət lap hirslənib üzünü tutdu Məhəmmədhəsən əmiyə səmt və başladı: – Dur get, gör axı eşşək necə oldu? Gör o Ömər oğlu Ömər eşşəyi neylədi?”[1, s. 97.]
Göründüyü kimi, Xudayar bəy Məhəmmədhəsən əmini sadəcə “Ömər” adlandırırsa, İzzət öz nifrətinin böyüklüyünü ifadə etmək üçün bu söyüşü ikiqat gücləndirərək, Ömər oğlu Ömər şəklində ifadə edir. İslam dini ilə, xüsusi halda şiəliklə bağlı mənfi mənada işlənmiş tarixi passiv antroponimlərdən biri də Yeziddir ki, şiələrin gözündə təxminən Ömərlə eyni statusa malikdir. Hələ eşşəyin təzə aparıldığı zaman Məhəmmədhəsən əmi Xudayar bəyin zülmünü yada salaraq onu ən ağır təhqir formalarından biri olan “Yezid oğlu Yezid” adlandırır: “Bu Yezid oğlu Yezid elə mənim eşşəyimi gərək gəlib aparaydı ki, başıma bu qədər qalmaqal gəlsin?” [1, s. 88-89.]
Məlum olduğu üzrə, Əməvi xəlifəsi Yezid ibn Müaviyə (680-683) 680-ci il oktyabrın 10-da Kərbəla düzündə Məhəmməd Peyğəmbərin nəvəsi, Həzrət Əlinin və Həzrət Fatimənin oğlu İmam Hüseyni 72 tərəfdarı ilə birgə qətlə yetirmiş və bu hadisədən sonra təkcə şiələr deyil, bütün islam aləmi onu zülmün və ədalətsizliyin daşıyıcısı kimi yad edirlər. Bütün ömrü boyu Kərbəla ziyarətinin həsrətini çəkən Məhəmmədhəsən əminin dilindən “Yezid” adının söyüş məqamında işlədilməsi çox təbii səslənir.
Akademik T.Hacıyev bu barədə yazır: “XII-XIII əsrlərdə islam dini çərçivəsində sünni və şiə təriqətləri arasında gedən ardı-arası kəsilməz mübahisə və mübarizələr öz təsirini bilavasitə antroponimlərdə göstərirdi” [11, s. 88].
Cəlil Məmmədquluzadənin öz əsərlərində işlətdiyi qadın adları XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan ictimai-mədəni mühitində çox yayılmış adlardır. Bir qədər diqqətli yanaşsaq, əslində “Danabaş kəndinin əhvalatları” əsərinin əsas mövzusu məhz qadın azadlığıdır və bu baxımdan əsərin baş müsbət qəhrəmanı da elə Zeynəbdir. Ərəb mənşəli antroponim olan “Zeynəb” Cəlil Məmmədquluzadənin təsvir etdiyi şiə mühitində çox yayılmış adlardan biridir. Bunun səbəbi – Həzrət Əlinin qızının, imam Həsən və imam Hüseynin bacılarının adının da Zeynəb olmasıdır. Kərbəla hadisələrində özünü mərd və mübariz bir qadın kimi göstərən Zeynəb sonralar şiə mühitində məşhur şəxsiyyətlər zümrəsinə daxil olmuş və Kərbəla qətlindən sonra sürgün edildikləri Şam (Dəməşq) şəhərində vəfat edərək orada da dəfn olunmuşdur. Hazırda Dəməşqdə möhtəşəm “Xanım Zeynəb” məqbərə kompleksi vardır və hər il yüz minlərlə şiə həmin məqbərəni ziyarət etməyi özünə bir dini borc hesab edir.
Bundan başqa, Xanım Zeynəbin ibrətamiz həyatı və mübarizəsi haqqında da ilahiyyatçı alimlər tərəfindən elmi araşdırmalar aparılmaqdadır. (Bax: S.Abbasova. Həzrəti Zeynəbin (s. ə.) Kərbəla dərsləri // islamaz.com) Mirzə Cəlilin qadın qəhrəmanı da əvvəlcə öz tarixi prototipinə layiq səviyyədə çıxış edir, Xudayar bəyin elçilərinə rədd cavabı verərək təhqir edir. Ancaq Kərbəla hadisələrində olduğu kimi, burada da qüvvələr nisbəti həddən artıq fərqli olduğundan, sahibi Kərbəlayı Heydəri itirən, oğlu Vəliqulu hiylə ilə əlindən alınan Zeynəb son nəticədə məğlubiyyətlə barışmaq məcburiyyəti qarşısında qalır. Həzrət Əlinin qızı Zeynəb Şamda qaçqın-əsirlər arasında bir xarabada məskən saldığı kimi, Mirzə Cəlilin də Zeynəbinin xoşbəxt günləri miskin durumla əvəzlənir.
Bu mənada böyük yazıçının öz qəhrəmanının yaxşı və pis günlərini müqayisə edən final səhnəsi çox təsirli alınmışdır: “Zeynəb haman biz gördüyümüz evdə ki, indi heç bir şey qalmayıbdı, – köhnə palaz üstə oturub, dizlərini qucaqlayıb, gözlərini dikmişdi səqfə; guya ki, pərdiləri sayır. Zeynəbin libası lap halına müvafiq gəlirdi; yəni lap mündər idi. Sifəti də biz gördüyümüz sifət deyil. Bu dörd ilin ərzində lap qocalıbdır” [1, s. 122].
Maraqlıdır ki, “Danabaş kəndinin əhvalatları” povestində Xudayar bəyin üzündən Kərbəla ziyarətindən qalan zavallı Məhəmmədhəsən əmi peşmançılıq məktubu yazdırıb Həzrət Abbasa göndərir. “ – Apar, qardaş, apar... O ərizəni apar... Apar həzrəti-Abbasa. Apar... Mən gedə bilmədim. Qoymadılar. Mənim eşşəyimi oğurladılar. Yedilər, satdılar. Apar ərizəni. Apar.
İzzət ağlaya-ağlaya başlayır Məhəmmədhəsənin sözünü kəsməyə.
– Çavuş, apararsan o ərizəni həzrət-Abbasa. Gərək mənim ərimi bu yoldan binəsib eləyəni həzrət-Abbas özü qənim ola. İmam özü qənim ola [1, s. 109].
Beləliklə, Cəlil Məmmədquluzadənin bədii yaradıcılığının antroponimikası möhkəm ənənələr üzərində qurularaq bir sıra mötəbər qaynaqlara söykənir. Ancaq böyük ədibin əsərlərində işlənmiş antroponimlər daha çox onun satirik üslubunun müxtəlif çalarlarının gerçəkləşməsində oynadıqları rola görə çağdaş filologiya elmində üslubi-linqvistik əhəmiyyət daşıyır. Bu isə, Azərbaycan bədii dili onomastikasının üslubi imkanlarının zənginliyini bir daha sübuta yetirir.
Dostları ilə paylaş: |