6-TƏKYƏ VƏ ZAVİYƏLƏR (XANƏGAHLAR)
İslam mədəniyyəti tarixində mühüm yeri olan müəssisələrdən biri də təkyədir.289 Təkyələrin İslam müəssisələri arasında çox böyük xidmətləri olmuşdur. Ümumən hər cür problemli insanlar təkyələr vasitəsilə tərbiyə edilmiş və cəmiyyətə qatılmışlar. Həmin yerlərdə yetişən insanlar əsrlər boyu İslama xidmət etmişlər.290
Təsəvvüf düşüncəsindəki tərbiyənin işləndiyi, dərinləşdiyi və xalqa təqdim edildiyi təkyəyə, zaviyə, xanəgah və dərgah kimi adlar da verilmişdir. İlk təkyənin Rəmlədə (Hicri IV əsrdə) Hacə Abdullah Ənsari tərəfindən yaradılmasından qısa bir müddət keçmiş hər tərəfdə yayılan və daha sonra qurulan Müsəlman dövlətlərin quruluş fəaliyyətlərində olan təkyələr, Türklərin Anadoluya daxil olub oraya yerləşməsində də böyük rol oynadılar.291
Eyni şəkildə, Anadolunun İslamlaşdırılmasında da bunların rolu inkaredilməz qədər böyükdür. Necəki, Məntəşə Bəyliyi adlı araşdırmasında Paul Vittek, adı çəkilən bölgədə, dərvişlərin İslamlaşdırma hərəkətlərində necə fəal bir rol oynadıqlarını izah edir.292
Osmanlılar, təkyə düşüncəsini sistemləşdirmək, müəssisələşdirmək və həmin düşüncəni müxtəlif metod və təşkilatlarla cəmiyyətə bəxş etmək üçün mühüm xidmətlər göstərmişlər. Bu mövqedən çıxış edərək, daha əvvəlki Müsəlman dövlətlərin təkyə və zaviyə şeyxlərini qorumaları ənənəsi, Osmanlılarda da eyni ilə davam etmişdir.293
Təkyələr, Məscid və mədrəsə paralelində təlim-tərbiyə işləri aparan müəssisələrdir, orada təriqət və təsəvvüf tərbiyəsi keçilirdi. Təkyələrin özlərinə məxsus bir ədəbiyyatı və terminləri vardır.294
Demək olar ki, psixoloji, pedaqoji və tibbi məsələlərə varıncaya qədər geniş bir xidmət sahəsi olan təkyə, o dövrün məktəbi, xəstəxanası, idman mərkəzi, mənəvi qida mənbəyi, dincəlmə düşərgəsi, incəsənət akademiyası, ədəbiyyat və fikir ocağıdır. Qısaca desək təkyə, insanların xeyrinə olan hər şeydir.295 Ümidsizlik və məhrumiyyət içində qalıb öz canına qəsd etmək istəyən insanların, təsəlli tapıb yenidən həyata bağlandığı yerlərdir.296
Təkyənin icra etdiyi funksiyaları belə yekunlaşdıra bilərik:
1. Təkyələr, xüsusilə dövlətlərin quruluş illərində öz şeyxləri tərəfindən seçilən yerlərdə təsis edilərdilər. Bundan ötrü onlar, ətraflarındakı insanların mənəvi ehtiyaclarını təmin edərək bölgələrinin insanlarına sahib çıxırdılar. Beləliklə onlar, Qur’anın tövsiyə etdiyi bir metod olan hikmət və gözəl öyüdlə insanları dinə və həqiqətə dəvət edirdilər.
2. Təkyə, zaviyə və xəstəxanaların bir qısmi, dövlət tərəfindən, xüsusən yolçuluq üçün təhlükəli olan yerlərdə təsis edilirdi. Bu baxımdan təkyələr qarlı və yağışlı zamanlarda da yolçu və ticarətçilərin sığınağı olar, əskəri sövq və idarəni asanlaşdırmaq, ticarətə mane ola biləcək quldurlar və s. qabağını almaq üçün bir hərbi zabit işini görürdülər.
3. Xalq arasında təməl inanc və əxlaqın, birlik və bərabərliyin, ünsiyyət və xəbərləşmənin daha yaxşılaşmasını təmin edirdi. Müasir dövrün mətbuatının gördüyü vəzifəni həmin dövrlərdə məscid və təkyələr görərdi.
4. Təkyə və zaviyələrin bəzən ruh və əsəbi xəstəlikləri üçün müalicə mərkəzi olaraq işlədildiyi də məlumdur. Daha çox təlqin və irşad yolu ilə xidmətlərini davam etdirən bu şəfa ocaqları, çox zaman bir şeyxin rəhbərliyində, cəmiyyətin bu sahədəki dərdlərinə çarələr axtarırdı.297
Göründüyü kimi müxtəlif sahələrdə insanlara xidmət edən təkyə, zaviyə və xəstəxanalar tamamilə vəqflərə bağlıydılar. Bunlar, insanlara verdikləri xidmətlərdən başqa, dərvişlərin həmişə qaldıqları, təriqətə intisab edənlərin zikr və mərasimləri birlikdə icra etdikləri yerlərdi. Bu vəziyyət və ehtiyacı nəzərə alan təkyələr memari quruluş olaraq aşağıdakı bölmələrdən meydana gəlirdi: Səmaxana, türbə, çiləxana, dərviş otaqları, salamlıq, hərəm, mətbəx, ambar və çayxana.298
7-KİTABXANALAR
İslam təlim-tərbiyəsində kitabxanaların böyük rolu olduğu hamıya məlumdur. Kitabxanaların, “Hafizi-Kütüb” adı verilən bir məmuru vardı.299
İkinci dünya muharibəsindən sonrakı nəslin, avtomobil, televizya və soyuducuya göstərdikləri həvəskarlığına bənzəyən kitab həvəskarlığı, İslam dünyasının hər tərəfinə bir yoluxucu xəstəlik kimi sürətlə yayılır. Bu, qarşısı alınamayacaq dərəcədə hər kəsi əhatə edir.
Bugünkü insanların iqtisadi, ictimai və fikri səviyyəsi, necə mal-dövlətinin çoxluğu ilə ölçülərdisə, eləcə də bir müsəlmanın da bu baxımdan səviyyəsi, (IX–XIII əsrlər arasında) sahib olduğu kitablarla ölçülərdi. Xəlifə Harun ər-Rəşid də Bağdadda “Beytül-Hikmə”adında bir kitabxana təsis edəndə, mühüm bir ehtiyacı nəzərə almışdı. Bunun davamı olan yəni kitabxanalar, yağışdan sonra çıxan göbələklər kimi böyüyür və çoxalardı.300
Müsəlmanlar Səmərqəndi aldıqları zaman (712) Çinlilərdən kətan və başqa bitkiləri döyüb xəmir etdikdən sonra, həmin xəmiri incə vərəqlər halında qurutmağı öyrəndilər. Bu maddə, hələ papirusun unudulmadığı bir dövrdə Yaxın Şərqə daxil olaraq parşömənin (üzərinə yazı yazılan xüsusi işlənmiş dəri) yerini aldı. İslam dünyasında ilk kağız fabriki 794-cü ildə vəzir Harun oğlu əl-Fəzl tərəfindən Bağdadda təsis edildi.
Daha sonra müsəlmanlar kağız emalını Sicilya və İspaniyaya apardılar. Kağızçılıq buradan İtaliya və Fransaya keçdi və Məkkədə 797, Misirdə 800, İspaniyada 950, İstanbulda 1100, Sicilyada 1102, İtalyada 1154, Almaniyada 1228, İngiltərədə 1309-cu illərdə işlədilməyə başlandı. Bu yeni icad sayəsində kitabçılıq sürətlə inkişaf etdi. Yaqubi öz zamanında (891) Bağdadda 100-dən çox kitab evi olduğunu bildirir.
Əl-Vaqidi 600 kitab sandığı buraxmışdır. Bu sandıqlardan hər birini iki nəfər çətinliklə yerindən tərpədərdi. X əsrdə Sahib ibn Abbas kimi hökmdarların kitabxanasındakı kitabların sayı bütün Avropa kitabxanalarındakı kitabların sayından daha çoxdur. Çindəki Ming Huang dövrünü nəzərə almasaq VIII, IX, X və XI əsrlərdə dünyanın heç bir yerində müsəlmanlarda olduğu kimi bir kitab sevgisi olmamışdır.301
Bir səyyah, 891-ci il tarixdə Dəclə kənarındakı böyük bir şəhərdə100-dən çox ümumi kitabxana olduğunu qeyd edir. Bundan sonra hər İslam şəhərində hər bir kəsin əmanət yolu ilə alıb oxuma imkanına malik, oxuma salonlarında öz biliyini çoxaltdığı, mütərcim və müsənniflərin çalışmaları ilə müzakirə, söhbət və elmi konfranslar olan bugünkü “İngilis klubları”na bənzəyən, öz kitabxanaları təsis edilmişdi.
X əsrdə Qərb monastırları, çox sahib olduqları bir neçə nadir kitabı, qıfıllı qapılar arxasında mühafizəyə çalışarkən, Iraqın Nəcəf kimi kiçik bir qəsəbəsi belə 40.000 cildlik bir kitabxanaya sahib olmaqla iftixar edirdi. Rey şəhər kitabxanasının varidatını müəyyən etmək üçün on böyük kataloqa ehtiyac hiss edilir. Hər məscidin bir kitabxanası vardır. Hər xəstəxana ziyarətçini, geniş kitab şkafları olan böyük görüş zallarında qəbul edirdi.
Marağadakı rəsədxanası üçün Nəsirəddin Tusi, 400 min cildlik bir kolleksiya toplayır. Bağdadda xəlifələrin bu barədəki fəaliyyətlərini, Dövlətin ən uzaq guşələrindəki kiçik şahzadələr də təqlid edirdilər. O cümlədən olaraq Cənubi Ərəbistanda yüksək elmi səviyyəli bir əmir, 100 min cildlik bir kitabxana təsis etmişdi.
İbn Sina, hələ on səkkiz yaşındaykən, xəstə olan Buxara Sultanı Məhəmməd Əl-Mənsuru müalicə etmək üçün gedəndə, həmin xidmətinə əvəz olaraq əmirin sarayının kitabxanasından, öz çalışmalarına yarayacaq kitabları seçib aparmağa icazə verilmişdi. Həmin kitabxanadakı kitabların vəziyyətini İbn Sina belə təsvir edir: “Orada nə daha əvvəl, nə də daha sonra, əsla bənzərini görmədiyim və əksər hissəsinin müəlliflərini tanımadığım kitablar gördüm.”
Kitabxanalara olan həvəskarlıq baxımından heç kim, Qahirədəki “Əl-Əziz” ilə müqayisə edilə bilməz. 6.500-ü riyaziyyat, 18.min-i fəlsəfə mövzularına aid olan əsərlərlərlə birgə 1.600.000 cildlik “Fatimi Kitabxanası”, bütün kitabxanaların ən gözəli və ən mükəmməlidir. Hakimiyyətə gəlincə, oğlu tərəfindən həmin kitabxananın yanında inşa etdirilən onsəkkiz salonlu ikinci müəzzəm kitabxananın kitabları buna daxil deyildir.
963-cü ildə öləndə geridə 117. min cildlik bir kitab kollekisyası qoyan vəzir Əl-Mühəlləbi, bir istisna təşkil etmirdi. Gənc həmkarı İbn Əbbad, 206. min cild kitaba sahib olmaqla məşhur olmuşdu. Bir hakimin 1.050. min cildlik bir kitab kolleksiyası vardı. Onlar, özlərini bu sevincə o qədər yüksək səviyyədə uymuşdulkar ki bir vəzir, öz yanında otuz dəvə yüklü kitab olmadan əsla səyahatə çıxmamaqla məşhur olmuşdu. Bir çox cəhətdən bir Müsəlman tələbəsi sayılan İmperator II Fridrixə bütün səfərlərində yoldaşlıq edən dəvə üstündəki kitabxanaların əsl nümunə və mənşəyini harada axtarmağın lazım gəldiyi artıq bir sual mövzusu olmamalıdır.
Sultan Səlahəddinin xüsusi doktoru İbn Mutran, məşhur Farmakoloq İbn Talmis və ya tarixçi Əl-Qiftinin bir araya gətirdikləri şəkildə 20 ilə 30 min cildlik kitabxanalara bu gün kimlər malikdir? Onu da xatırladaq ki, o vaxt mətbəə olmadığı üçün kitabların yazılması aylarca və ya illərcə sürürdü. Optikanın qurucusu İbn Heysən, Evklidin bir cild kitabını 75 dirhəmə satın alırdı. Evklid isə həmin pulla altı ay dolanardı. Səyahatə maraqlı olan İslam alimi İbn Cəssar, bilavasitə özünün yazdığı 12 min kiloqram ağırlığında ceyran dəriləri işlətmişdir. 10 ton ağırlığında kitabxanasıyla digər əşyalarını, yeni iqamətgahına nəql edə bilmək üçün 400 dəvəyə ehtiyacı olduğundan Buxara Sultanının sarayına getmə dəvətini, bir həkimin rədd etmək məcburiyyətində qaldığı eşidiləndə, digər həkimlər heyrətdən çaşmışdılar. Vəfat edən bir alimin evindən bütün elm sahələrinə aid müxtəlif kitablarla dolu hər biri bir neçə insan tərəfindən güclə daşına bilən 600 sandıq evdən çölə çıxarıldığını eşidəndə buna heç kim təəccüb etmədi.
Müsəlmanlarda kitab sevgisi yalnız alimlərə məxsus deyildi. Yüksək vəzifədəki dövlət adamlarından fabrikdəki fəhləyə, şəhərin hakimindən əzan çəkən müəzzinə qədər, təhsil alan hər bir şəxs, kitabçıların daimi müştərisiydi. X əsrdə, bir nəfərin xüsusi kitablığında orta kitab sayı, o dövrdəki Qərbin bütün kitabxanalarında olan kitabların cəmindən çox idi. Nadir tapılan və dəyərli kitablardan mütəşəkkil bir kolleksiyaya sahib olmayan bir səxsi zəngin saymaq olmazdı.
Kitablara olan yüksək səviyyəli maraq Müsəlman iqtisadi həyatında böyük rol oynayırdı. Çünki hər il kitablara, milyardlar xərclənirdi. Yalnız Bağdaddakı məşhur “Nizamiyyə Mədrəsəsi Kitabxanası”nın illik büdcəsinə, yeni kitab və əlyazmalarını təmin etmək məqsədilə əlavə olaraq milyon yarım qızıl frank məbləğində pul ayrılırdı.
Kitablara qarşı Müsəlmanların göstərdiyi bu maraq sayəsində, yüz minlərlə insan işlə təmin edilirdi. Müstənsix302 və xəttatlar, peşələrində həqiqi sənətkarlar idilər. Hər kitabxana və kitabcı, özlərini bu sahədə yetişdirmək istəyənlərdən ibarət bir kollektiv işlədirdi. Eyni şəkildə Səmərqənd, Bağdad, Şam, Suriya, Tarablus, Fələstin, Tiberiya və Əndəlusda Valansiya yaxınlığındakı Fativada təsis edilən kağız fabriklərində güclü kağız istehsal mütəxəssisləri vardı.
Hər il külli miqdarda kağız, mürəkkəb, Ərəb zamkı istehsal edilib işlədilmək üçün gənc ceyran və keçi dəriləri, ipəkli yumşaq parşömənlərə və gözəl marken (sün’i ipəkdən toxunmuş parça) cildlərə sərf edilərdi.
Deməli əczaçılıq kimi, kitabçılıq da Ərəb yəni Müsəlman icadıdır. Tarixdə mədəniyyət vasitəsi olaraq kitabçı, mədəniyyət mərkəzi olaraq da kitab evi, ilk dəfə və uzun zaman yalnız Müsəlman dünyasında mövcud idi. “Kitabçılarda” sözü Bağdadın Bəsrə qapısındakı içində 100-dən çox kitabcı dükanı olan bazarın ¼-ni təşkil edirdi. Həmin yer Bağdadın elm dünyası, hər tərəfdən aramsız gələn alimlərin yığışdıqları dövlətin qəlbi və dimağı idi. Burada filosof, şair və astronomun yanında yeni nəşriyyatı başdan ayağa gözdən keçirir; həkim, tarixçi və kollaksiyaçı, əski əsərləri əldə etməyə çalışardı. Elmi müzakirələr keçirilir, yüksək səslə kitab oxunardı. Bura bilik mübadilə mərkəzi idi.
Bağdad kitabçılarından böyük alim İbn Nədim, o tarixə kimi Ərəb dilində nəşr edilən bütün tərcümə və orijinal əsərlərin müəlliflərinə dair bioqrafiyaları müəyyən edən, “Əl-Fihrist = Elmlərin Kataloqu” adlı əsərini eyni il müştərilərinə təqdim edir.
İbn Nədim, bir çox həmkarları kimi əsaslı bir təhsil almışdı. Öz dövründəki ən mühüm filosofların tə’limi izləmiş və X əsrdə hər tərəfdə keçirilən elmi konfranslarda da iştirak etmişdi. Kitab həvəskarları üçün dəyərli və nadir kitabların alınması və satılmasında, bilavasitə şəhərləri gəzərək yeni nəşriyyatı araşdırıb bunları öz ambarlarına çatdıran kitabçılar da vardı.303
OXU MATERİALI
DİŞSİZ ADAM
Bir İslam tarixçisi kitabxana təsis etmək mövzusunda başından keçən gülünc bir hadisəni belə nəql edir:
Kordovada olduğum zaman, ehtiyacım olan bir kitabı axtarmaq üçün tez-təz kitabçılar bazarına gedirdim. Nəhayət bir gün axtardığım kitabı tapdım. İzləməyə başladım. Fəqət hər dəfəsində bir adam məni keçdi.
Ona dedim ki:
-Allah, tələbə qardaşımızın ömrünü uzun etsin. Əgər bu kitab sizin üçün çox vacibdirsə mən vazkeçərəm. Çünki qiyməti çox qalxdı.
O isə mənə belə cavab verdi:
-Mən tələbə deyiləm; kitabın mahiyyətini də dəqiq bilmirəm. Xalq arasında bir az etibarımı çoxaltmaq üçün bir kitabxana təsis etdim. Kitabxanamda bu kitabın tam dolduracağı boş bir yer var. Bundan başqa bu kitabın yazısı və cildi də çox gözəl və mötəbər olduğuna görə çox xoşuma gəldi. Bundan ötrü də ödəyəcəyim pulun miqdarına çox əhəmiyyət vermirəm. Çox şükür imkanım yaxşıdır.
Onun bu sözləri məni belə deməyə vadar etdi və ona dedim:
-Bu kitabı almaq üçün, sənin kimi bir insanın lazım olan pula malik olması, qozu olub onu yeyə bilmək üçün dişləri olmayan bir kimsəyə bənzər.
KİTAB HƏVƏSKARI VƏZİR
Çox gəzən bir Iraqlı kitabcı, həkim İbn Rizvanın ən yaxşı tələbələrini, zəngin həkim Əfraim ibn Əs-Safinin, müstənsixləri kimi işlətdiyini, tibb və digər mövzulara aid əsərlərdən meydana gələn dəyərli bir elm xəzinəsi yaratdığını eşitmiş və bir gün durub Misirə getmişdi, həkimə iqna edici bir təklif vermişdi. Həkim Əfraim də kitabxanasından 10 min cild kitabı, ona satmağa qərar verir.
Bu hadisə, Misir rəsmi dövlət adamlarından biri olan vəzir Əl-Əfzəlin qulağına çatır. Elm aşiqi olan bu qüdrətli dövlət adamı, vətənpərvəranə bir narazılıq göstərdi: “Misirdə meydana gətirilən, Misirdə də qalmalıdır. Belə bir şərəf, Iraqa nəql edilə bilməz!”-dedi.
Əfraim ibn Əs-Sufiyi yanına çağırdan vəzir Əl-Əfzəl, bir dövlət adamına uyğun vəzifə ciddiyyəti içində bu növ xəzinələrin öz vətənində qalmasının lazımlığına onu inandırır. Iraqlı ilə razılaşdırılmış məbləği ona öz cibindən ödəyərək kitabların xaricə çıxmasına mane olur.
Eyni gün xalq, bir çox kitab sandığını vətənpərvər Vəzirin evinə daşındığını görür. Iraqlının səbr, gözəl söz və pulla bağlı təklifləri baş tutmur.
100 il sonra, “Əfraimin adından başqa Əl-Əfzəlin də adını daşıyan tibbə və digər mövzulara dair saysız kitablarla qarşılaşdım”-deyən İbn Üseybiə (XIII əsr) bu hadisəyə işarət edirdi.
KƏDƏR MƏNBƏYİM
Frenklərin təbabətindən tükləri biz-biz edən nümunələr verən Əmir Usamə İbn Munqiz, Xaçlıların gəmi batırma və talan etmələrilə, bir gün bütün var-dövlətini itirmişdi. Bu Müsəlman, təvəkkülü ilə qədərin bu zərbəsinə dözdü. Xatirələrində o, belə yazır:
“Uşaqlarım, dostlarımın uşaqları ilə qadınlarımızın salamat qalmaları, sərvətimin təmiz əldən getməsini mənə unutdurdu. Məni, yalnız kitablarımın tələf olması üzdü. Onların itməsi, bütün həyatım boyunca mənim üçün bir kədər mənbəyi olacaqdır.”
XII FƏSİL
İSLAM MƏDƏNİYYƏTİNDƏ
ELM VƏ İNKİŞAF
1-İSLAMDA ELM
Yer üzündə insanlığı elmə sövq edən və elm tehsilini ibadət qəbul edən yeqanə din, İslam dinidir. Bu baxımdan İslamiyyətə “elm dini”də deyilir. Müsəlmançılıq irqlər, rənklər, millətlər arasında heç bir fərq qoymayıb mütləq bir bərabərlik elan etmiş olduğu halda, Qur’ani-Kərim alimlə cahili bir saymamış və bu qəti hökmünü belə bəyan etmişdir:
“...Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi? 304
Bu barədə çoxlu hədis də vardır. Bunlardan bir neçəsi belədir:
“Bir saat elm öyrənmək altmış illik (nafilə)ibadətdən xeyirlidir.”
“Elm Çində də olsa, onun dalınca gedin.”
“Elmi beşikdən qəbrədək öyrənin.”
“Elm (öyrənmək) hər bir müsəlmana istər kişi olsun, istər qadın-fərzdir.”
“Elm öyrənin. Çünki elm öyrənmək, düşmənlərimizə qarşı bizim silahımızdır.”
“Alim ol, yaxud alimlərin tələbəsi, yaxud dinləyici və yaxud onların dostu ol; fəqət beşinci bir vəziyətdə olmamağa fikir ver! Çünki məhv olarsan.”
“Alimlər, Peyğəmbərlərin varisləridir.”
“Alimləri eşidin, çünki onlar dünyanın çırağı, axirətin nurudurlar.”
“Cahillər içində alim, ölülər içində diri kimidir.”
“Hər şeyin bir yolu vardır, cənnətin yolu da elmdir.”
Bütün bu hədislərin açıq-aydın sübut etdiyinə görə İslamiyyətdə:
“Elm qadağan edilə bilməz.”
Çünki digər bir hədisə görə:
“Cəhalətdən daha dəhşətli bir kasıblıq ola bilməz.”
Bundan on dörd əsr əvvəl Şərqdə İslam kimi bir elm dini gəlib dünyanı aydınlatmağa başladı.305 Bilinməlidir ki; insanlıq tarixində bu zamana qədər İslam dini kimi, elmə əhəmiyyət verən, onu təşviq edən, dəyərini bilən, elm sahiblərini üstün tutan, ədəblərini açıqlayan, nemətlərini ortaya qoyan, cahillikdən çəkindirən bir başqa din olmamışdır. İslamdan əvvəlki dinləri öyrənən və ya müqəddəs kitablarını oxuyan bir kimsənin İslamın bu yöndəki böyüklüyünə imanı daha da artacaqdır.
Əgər (bu gün əldə olan) Tövrat və İncil səhifələrini vərəqləsəniz; ağıl, fikir, nəzər, elm, hikmət kimi söz və ifadələrlə rastlaşmazsınız. Ancaq Qur’ani-Kərimi oxusanız belə bir vəziyyətlə qarşılaşarsınız:
Qur’ani-Kərimdə “elm” sözü səksən dəfə işlədilir. Digər tərəfdən “elm” məsdərindən yaranan “alim”, “əllamə”, “əlimə”, “yə’ləmu”... kimi sözlər Qur’anda min dəfələrlə zikr edilməkdədir. Hədis kitablarını nəzərdən keçirsəniz, bölümlərə görə təsnif edilmiş bütün əsərlərdə, mövzusu elm olan bir çox geniş fəsillərlə rastlaşarsınız.306 Onlardan bəzilərini yuxarıda göstərdik.
Elmə edilən bu dəvətin, ona dəyər verməyin, elm əhlini ucaltmağın və elm təhsilinə təşviqin bir çox bəhrələri və gözlə görünən əsərləri mövcuddur. Bunlardan bəziləri belədir:
1.Əshabələrin mümkün olan bütün imkanlarını səfərbər edərək elm öyrənməyə və nübüvvət mənbəyindən bilgi toplamağa çalışdıqlarını görürük. Hz. Ömər (ra) deyir:
“Mən və Uməyyə ibn Zeyd oğullarından Mədinəli qonşum, növbələşərək gün aşırı Rəsulullahın (səs) yanına gedərdik. O günün vəhy və digər xəbərlərini bir-birimizə çatdırardıq.”307
Səhabəyi-kiram, Rəsulullahın (səs) sağlığında olduğu kimi, onun vəfatından sonra da eyni sədaqəti göstərirdilər. Bir-birindən soruşub öyrənirlər, bir hədis üçün belə olsa səhraları aşaraq, dənizləri keçərək xəbəri bilavasitə öz mənbəyindən almaq üçün, onu Peyğəmbərimizdən (səs) eşidən şəxsin yanına gedərdilər.
Əshabədən sonra gələn Tabiun alimləri də elm mövzusunda eyni hissiyatı yaşayırdılar. Hədis imamlarından Darimi (255/868) səhih bir sənədlə Busr ibn Abdullahın belə dediyini nəql edir: “Bir hədisi eşitmək üçün miniyimlə şəhər-şəhər dolaşırdım.”308
Elm tarixinə nəzər saldıqda, İslamiyyətdə böyük bir tərəqqi görürük. Sadəcə din elmləri deyil, bəşəri elmlər sahəsində də parlaq dövrlər yaşandığına şahid oluruq. O dərəcədə ki, cəhalətin qaranlığında üzən Avropa belə, o sönməz günəşin parıltılarıyla aydınlaşmış və inkişaf etmişdir. Elmin qorunması və yayılmasını məqsəd bilən İslam alimləri, elmi öyrənməklə kifayətlənməyib, onu yazmaq və başkalarına çatdırmaq üçün hər cür fədakarlığa can qoymuşlar.
Bu iş üçün isə, ilk olaraq kağız lazım idi. Fabrik təsis edilməliydi. Necə ki, hələ 794-cü ildə Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fazil (739-805) ilk kağız fabrikini təsis etdi. Bunu 800-cü ildə Misir, 950-ci ildə Əndəlus təqib etdi. Avropaya isə ancaq illər sonra daxil ola bildi. 1100-cü ildə Bizans, 1102-ci ildə Siciliya, 1228-ci ildə Almaniya, 1309-cu ildə İngiltərədə kağız fabrikləri təsis edildi.
Məlum olduğu kimi kağız, kitabın xam maddəsidir. İslam dünyasında kağız fabriklərinin yaranması, elmin sürətlə yayılmasına səbəb olmuşdur.
891-ci ildə Bağdadda yüzdən çox kitab evi vardı. Məşhur tarixçi Vaqidi (747-823) öldüyü zaman, 600 sandıq kitabı vardı. Bu sandıqlardan hər biri də bir nəfərin daşıya bilməyəcəyi qədər ağırdı. X əsrdə yaşayan Sahib ibn İbadın kitabxanasında, Avropa kitabxanalarında olan kitabların cəmi qədər kitab vardı.
Müsəlmanlar hər elm sahəsində böyük nailiyyətlər əldə etdilər. Bir çox kəşf və ixtira tibbdən fizikaya, riyaziyyatdan kimyaya qədər hər elmə öz möhürlərini vurdular.309
2-XRİSTİANLIQDA ELM
Xristianlıq, yeddinci əsrinə girmiş olmasına baxmayaraq elm və fikir düşməni olaraq qərbi qorxunc bir cəhalət qaranlığına bürümüşdü. Hətta “Obscurantism” deyilən qaranlıqlığı öz daxilində saxlamış və elmi qadağan edib, alimləri cəzalandırmışdı. Beləliklə də İslamın aydınlığına qarşı əsrlər boyu davam edəcək bir mücadilə dövrünü başlatmışdı.
Məsələn; XV-XVI əsrlərdə yaşamış Kopernik (Copernic) İslam elmindən aldığı ilhamla dünyanın həm öz oxu ətrafında, həm də günəşin ətrafında fırlandığını yəqin etdiyi zaman, Xristian qanunlarına qarşı böyük bir günah işlədiyini hiss etmiş və öz fikrini ölənə kimi bir sirr olaraq saxlamaq məcburiyyətində qalmışdır. Ona görə də onun məşhur əsəri310 ancaq 70 yaşında öldüyü gün nəşr edilə bilmiş və bu talehsiz əsər, XVIII əsrə kimi kilsənin qadağan etdiyi kitablar siyahısında qalmışdı.
XVI-XVII əsrlərdə yaşayan böyük İtalyan alimi Qaliley də Koperniki təsdiq edən əsərindən ötrü 70 yaşında inkvizisiya məhkəməsinə verilmiş, “Kitabı-müqəddəsə” zidd fikirdə bir əsər yazdığı üçün elmi davasını diz üstə inkar etməyə məcbur edilmiş və öz-özünü rəsmən təkzib edən sözlərini açıqdan söyləyərkən xəfif bir səslə də dünyanın hələ də fırlandığını:
“— E pur si mueve!” (yenə də dünya fırlanır.) – deyə öz vicdanına sədaqətlilik etmişdi. Əlbəttə ki, zavallı Qalileyin çəkdiyi əzab-əziyyət bircə bundan ibarət deyildi. O, ömürlük ev dustağı edildi və 74 yaşında öldüyündə də meyyiti Xristian qəbristanlığına aparılmadı.
Bütün bunlara baxmayaraq, Təcrübi-fizika elminin təsisçisi olaraq qəbul edilən bu talehsiz elm adamı Xristian fanatiklərinin əlindən çətinliklə canını qurtara bilmişdi. Çünki ondan bir müddət əvvəl, XV əsrdə Kopernik nəzəriyyəsinə isnad edilərək kainatda bir çox dünyalar (aləmlər) olduğunu və həmin dünyaların ruhunun da Allah olduğunu irəli sürən məşhur İtalyan filosofu “Jordanno Bruno”, Roma inkvizisiya məhkəməsinin müvafiq qərarı ilə diri-diri yandırılmışdı.
Şərqdə doğulan elm dininin aydınlığı Qərb Xristianlığının bu dəhşətli qaranlığını və fanatikliyini tədricən aradan götürməsi üçün, bügünkü dünya mədəniyyəti bundan sonra göz qabağına gətirəcəyimiz Qərb alimlərinin ifadələriylə də sabit olduğu kimi, həm də bir İslam əsəri olaraq təşəkkül etdi. Yəni insanlığı (qaranlıqlardan) qərb deyil, Şərq xilas etdi.311
3-İSLAMDA KƏŞFLƏR
Avropada elm adamlarının öldürüldüyü, xəstələrin “ruhuna şeytan girmiş” deyərək diri-diri yandırıldığı dövrlərdə, müsəlmanlar universitet təsis edir və dünyanın hər tərəfindən gələn tələbələrə fizika, tibb, riyaziyyat və astronomiyadan dərs keçirdilər. Riyaziyyat, cəbr, həndəsə sahələrində Avropalı alimlərə müəllimlik edən Müsəlman alimlər, dünyanın yuvarlaq olduğu, öz ətrafında və günəş ətrafında fırlandığını Avropalılardan əsrlərcə əvvəl təsbit edib, yerin çevrəsinin ölçülməsinə müvəffəq olmuş, günəşin üstündəki ləkələri kəşf etmiş, günəş ilini tapmışlar. Günəş və ay tutulmaları İslam alimləri tərəfindən tapılmışdır.
Optika elminin təməlləri, səsin fiziki təbiəti, ilk uçuş təcrübəsi, ilk təyyarənin təcrübəsi, yerin cazibə qanunu, xüsusi çəkisini (bir cismin bir sm3-nün ağırlığı.), suyun sıxlığı, havanın sıxlığı, atomun parçalana biləcəyini, göyqurşağı hadisəsini ilk araşdıran və izah edənlər İslam alimləri olmuşlar. Barıtı və topu ilk dəfə Müsəlmanlar işlətmiş, yenə ilk raketi Müsəlmanlar düzəltmişdir.
Amerika qıtəsinin varlığı və hətta xəritəsinin ilk dəfə çəkilməsi Müsəlmanlar tərəfindən həyata keçirilmişdir.
İbn Baytarın 1400-cü ilə qədər bitki və dərmandan bəhs edən kitabı, XVI əsrə qədər dünyada elm mənbəyi olmuşdur.
Bir sözlə, müsəlmanların can atmadıqları heç bir elm sahəsi yoxdur. Bütün elmlərin əsasını Müsəlmanlar qoymuşlar.
Həqiqət belə ikən, Avropalılar bir çox kəşfi öz adlarına çıxmaqdan çəkinmədikləri kimi, bəzi həqiqətlərə də bilə-bilə göz yumdular və inkar etdilər. Qan dövaranı deyəndə Harvey (1578-1657), planet hərəkətləri deyəndə Kepler (1571-1657) və Kopernik (1473-1542), yerin cazibə qüvvəsi deyəndə Nyuton (1642-1727), atom deyiləndə E. Rezerfurdu (1871-1937), atom bombası deyəndə E. Fermini (1901-1954) və s. əzbərləmiş olduq.
Sözün düzü, bu kəşf və ixtiraların ilk kəşf edənlərinin İslam alimləri olduğunu bilmirdik. Çünki, gözlərimizi Avropaya dikmiş, demək olar ki, özümüzdən xəbərsiz idik. Halbuki Avropa həqiqətdə bizə aid olanları mənimsəyib, təkrar bizə satmışdır.
Məsələn, Konstantin (1016-1087) adında bir patrik, Əli ibn Abbasın “Kitabül-Məliki” əsərini alıb latın dilinə tərcümə etmiş və öz əsəri kimi “Liber Pantegni” adı ilə çap etdirib yaymışdı. Həmin saxtakarlığı Stephan adında başqa bir patrik, 40 ildən sonra aşkar etmişdi. Yenə də öyrəndik ki, elmin Avropaya keçməsində bir körpü olan Əndəlusda (İspaniya) elm oğurluğu elə çoxalmışdı kı, Sevillada (XIII əsrdə) bunu qadağan edən bir qanun da çıxarılmışdı.
Nəticə etibarilə İslam alimləri, bütün elmlərin təməlini qoymuşlar.312 Əslində islam alimləri yalnız elmlərin təməlini qoymaqla kifayətlənməmiş, həm də elmlərin gələcək inkişafı üçün geniş meydan açmışlar ki, bu barədə artıq XI və XII fəsildə geniş yazılmışdır.
XIII F Ə S İ L
İSLAM MƏDƏNİYYƏTİNDƏ
DİNİ ELMLƏRİN İNKİŞAFI
1-TƏFSİR
Təfsir, Qur’ani-Kərimin mənasını bəyan və izah etməklə əlaqədar olan elmdir.
Qur’ani-Kərimi yalnız oxumaq kifayət deyildir. Oxumaq savabdır. Ancaq həmin xəzinənin açarı təfsirdir. Təfsir Qur’anın başa düşülməsini təmin edir. İşin ən mühümmü də Qur’anı başa düşərək oxumaqdır. Hansı dövrdə təfsir elmi ilə məşğuliyyət çox isə orada tərəqqi vardır. Çünki müsəlmanlar Qur’ana tabe olduqca ucalmış, ona zidd hərəkət etdikcə isə geri qalmışlar.
Qur’an ruhundan doğulan qüvvə Şərqdə İran, Qərbdə Bizansı təslim etdi və həmin əsrlik səltənətləri yıxıb ən fəzilətli bir ümmət meydana çıxararaq yüksək səviyyəli mədəniyyət yaratdı. Müsəlman, Xristian, Yəhudi hər dindən və hər millətdən insanların tarixdə misli görülməmiş dərəcədə əl-ələ verərək yaşadıqları Əndəlus, itirilmiş cənnət kimi yaddaşlarda həmişəlik qaldı. O dövləti yaradan ruh, Qur’an ruhundan başqası deyildi. Bugünkü müsəlmanlar, Qur’an oxuyurlar; hədisi-şərifdə zikr edildiyi kimi heç bir faydası olmur. Əsasən yas və mərasimlərdə oxunur. Sanki Qur’an ölülər kitabıdır. Halbuki, Qur’an dirilərə düşülmək üçün enmişdir.313
Qurani-Kərimin ilk nazil olmasından etibarən səhabələr, onun mənasını dərk edirdilər. Ona görə ki, Qur’an öz dillərində enmişdir. Digər tərəfdən ayələrin nazil olma səbəbləri onlara aydın idi.314
Bu səbəblə Peyğəmbərimiz (səs) dövründə yaşayan müsəlmanlar arasında çox az münaqişə olurdu, zəbt və tədvinə ehtiyac da olmurdu.315 Bununla birlikdə başa düşülməkdə çətinlik çəkdikləri ayələrin mənasını, Peyğəmbərimizdən (səs) soruşub öyrənirdilər. Həmin məlumatlar o zamandan etibarən rəvayət yolu ilə bu günə qədər gəlmişdir.316
Müsəlmanlar, Əshabədən eşidilən bu rəvayət yolu ilə gələn təfsirləri sonradan toplayaraq yazıb təsbit ediblər. Bu şəkildə ilk təfsir kitabları Təfsiri-Rəvayə olaraq meydana çıxmışdır. Həmin rəvayət və nəqlin yardımı ilə bəzi İslam alimləri Qur’anı izah etməyə başlamışdılar ki, buna Təfsiri-Dirayə deyilir. Əvvəl rəvayət təfsiri yaranmış, sonra, dirayət təfsiri ona isnad edilərək ortaya çıxmışdır. Təfsiri-Rivayənin ən məşhuru İbn Cərir ət-Təbərinin “Təfsiri-Təbəri”sidir. Təfsiri-Dirayəninki isə, Fəxrəddin Razinin “Təfsiri-Kəbiri”dir.317
Sonralar İslamiyyət, dövlət halına gəlmiş, bu səbəblə qanun və nizamların tədvininə (bir yerə yığıb sistemləşdirilməsinə) ehtiyac olduğundan Qur’an, İslam hüququnun mənbəyi olaraq qanun halına gəlmişdir. Beləcə dövrün müfəssirləri (Quranı təfsir edən alimlər) və hafizləri, daha sonrakı dövrlərdəki faqihlər (qanun adamları) kimi rol oynamışdılar.
Müsəlmanlar, Hicri tarixlə I əsrin sonlarına qədər təfsiri şifahi olaraq oxumuş və oxutdurmuşdular. Təfsiri yazı ilə ilk yazan şəxs, Hicri tarixlə 104-cü il tarixdə vəfat edən Mücahid ibn Cübeyrdir. Bundan sonra bir çox təfsirlər yazılmışdır. Hicri il tarixlə 207-ci ildə vəfat edən Vaqidi və 310 tarixində vəfat edən Təbəri, təfsir yazanların ən məşhurlarıdır. Qısaca desək, ilk dövrlərdə 300-dən çox təfsir yazılmışdır.318
Qur’ani-Kərimin toplanıb tərtib edilməsindən sonra ilk yazılan əsər təfsirlə əlaqəlidir. Əsasən İslami elmlərin ən mühümü də əlbəttə ki Təfsirdir.
İlk dövrlərdə təfsirin yeganə mənbəyi, Peyğəmbərimizin (səs) özündən, daha sonraları səhabələrdən və ya tabiundan edilən nəql və isnadlardan ibarət idi.
İlk təfsir kitabları, keçmiş dinlərə aid bəzi ənənələri də əhatə edirdi. Ancaq daha sonralar, müsəlman ərəblər arasında lüğət elmlərinin yaranıb inkişaf etməsi və fəlsəfi cərəyanların baş verməsi, tənqid və mühakimə qabiliyyəini təkmilləşdirəndə, İbn Atıyyə, Qurtubi, Zəməxşəri kimi ciddi tədqiqlərə isnad edərək mühüm əsərlər yazan müfəssirlər yetişmiş, hətta təsəvvüf cərəyanının İslam aləmində mühüm bir yer tutması ilə, Qur’an ayələrini təsəvvüfi əsaslara görə şərh və izah edən müəlliflər də ortaya çıxmışdır.319
Dostları ilə paylaş: |