II Fəsil. ÜMUMİ DAXİLİ MƏHSULUN GÖSTƏRİCİLƏR SİSTEMİ VƏ İQTİSADİ-STATİSTİK TƏHLİLİ
2.1 Azərbaycanda ÜDM-nin strukturuna və inkişaf dinamikasına milli iqtisadiyyatda quruluş dəyişikliklərinin təsiri və onun iqtisadiyyatın sahələri üzrə təhlili
Müstəqillik illərinin ilkin dövrlərindən başlayaraq Azərbaycan Respublikasının qarşısında duran ən mühüm vəzifələrdən biri yeni müstəqillik əldə edən hər bir ölkədə olduğu kimi milli iqtisadiyyatın tələblərinə uyğun səmərəli iqtisadi quruluş formalaşdırılmasıdır. Inzibati-amirlik iqtisadi sistemində müttəfiq Republkalarda iqtisadiyyatın mövcud quruluşu ictimai mülkiyyət münasibətlərinə və SSRİ xalq təsərrüfatı kompleksinin tələblərinə uyğun formalaşdırılmışdır. İctimai mülkiyyətin özünü doğrultmaması kifayət dərəcədə təbii zəngin bir ölkənin iqtisadiyyatını “qıtlıq iqtisadiyyatı” vəziyyətinə gətirib çıxardı.İttifaqa daxil olan bütün respublikaların iqtisadiyyatının quruluşu çox ciddi deformasiyaya uğramışdır.Milli respublikaların marağından daha çox ittifaq maraqlarına uyğun gələn sahələr inkişaf etdirilirdi. Bu zaman formalaşdırılmış iqtisadi quruluş ictimai mülkiyyət münasibətlərinin fövqündə duran bürokratik mərkəzi dövlət idarəetmə aparatının maraqlarına uyğun gəlirdi. Iqtisadi maraqlarda uyğunsuzluq ittifaq subyektləri olan müttəfiq Respublikalar arasında çox dərin kök salmışdır. Bir sıra Respublikalar (Rusiya Fedarasisiyası, Ukraina, Qazaxıstan, Azərbaycan, Özbəkistan) ittifaq büdcəsinin formalaşmasında çox əhəmiyyətli rol oynamalarına baxmayaraq mərkəzi büdcədən digərlərinə nisbətən az pay alırdılar. Yerdə qalan respublikalar isə ( Ermənistan, Gürcüstan, Pribaltika Respublikaları və başqaları) ittifaq büdcəsindən onu yaranmasında iştirak etdikləri paydan çox vəsait əldə edirdilər. Müttəfiq Respublikalardakı müəssisələrin ittifaq tabeçiliyindəki nisbəti də fərqli idi. Azərbaycan Respublikasının sənaye müəssisələrinin 90%-dən çoxu ittifaq tabeliyində olduğu halda Ermənistanda sənaye müəssisələrin cəmi 10%-ə yaxını ittifaq tabeliyində idi. Iqtisadiyyatı bu səviyyədə deformasiyaya uğrayan Azərbaycan Respublikası yeni iqtisadi sistemə transformasiya dövründə ardıcıl və məntiqi qaydada həyata keçirdiyi iqtisadi-siyasi, sosial islahatlar və struktur siyasəti vasitəsi ilə bazar iqtisadiyyatına uyğun sahibkarlığın bütün formalarının inkişafını şərtləndirən mütərəqqi iqtisadi quruluş formalaşdırmağı qarşısına məqsəd qoydu.Müstəqilliyinin bərpası ilə bütün sərvətinin yeganə mülküyyətçisinə çevrilən Azərbaycan Respublikası ilkin olaraq bazar iqtisadiyyatının əsaslarını yaratmaq üçün mülküyyət münasibətlərində köklü dəyişikliklər etməyə başladı. Azərbaycan höküməti inzibati–amirlik iqtisadi sistemində hakim mülküyyət forması olan dövlət mülküyyətinin özəlləşdirilməsinin dövlət proqramlarını qəbul etdi.Bu dövlət proqramlarına uyğun olaraq ilkin quruluş dəyişiklikləri həyata keçirildi.Mülküyyətin çoxnövlüyünün hərtərəfli inkişafına əlverişli şərait yaradılmağa başlanıldı.Mülküyyətə görə iqtisadiyyat iki böyük bölməyə,dövlət və özəl bölməyə ayrıldı.Dövlət mülküyyətinin özəlləşdirilməsinin dövlət proqramlarına uyğun olaraq keçid dövrü başa çatdıqdan sonra dövlət mülküyyətinin 30% , özəl mülküyyətin isə 70% olacağı nəzərdə tutulurdu.Özəlləşdirilməyə başlanılan zaman ÜDM-də özəl sektorun payı faktiki olaraq 10% təşkil etdiyi halda, statistik məlumatlara görə 2015-ci ildə ÜDM-nin 85%-i özəl sektorda istehsal olunmuşdur [27].
Azərbaycan iqtisadiyyatının strukturunda sənaye aparıcı sahələrdəndir.2014-ci ildə istehsal olunmuş 59 mld. manatlıq ÜDM-in 41,5%-i sənayenin payına düşmüşdür.Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olan sənayenin özünün də yarımsahələri sənaye məhsulu istehsalında fərqli pay nisbətinə malikdirlər.Ənənəvi olaraq neft və neft –qaz sahəsi sənaye məhsulu istehsalında daha çox xüsusi çəkiyə malik olmuşdur. [26].
Sovet dönəmində Azərbaycan iqtisadiyyatı SSRİ xalq təsərrüfatı kompleksinin bir elementi olduğundan çox bəsit bir struktura malik idi.Həmin dönəmdə də neft, neft-qaz və neft-kimya sənayesinin iqtisadiyyatımızda çox böyük xüsusi çəkisi var idi.Sənaye istehsalın 50%-ə yaxını, ixracın daha çox hissəsi onun payına düşürdü. Müstəqilliyimizin ilk illərində qarşıda duran mühüm vəzifələrdən biri milli iqtisadiyyatı formalaşdıra və inkişaf etdirə bilən, dünya iqtisadiyyatına inteqrasiyanı şərtləndirən iqtisadiyyatda quruluş dəyişikliklərini həyata keçirilməsindən ibarət olub. Bu quruluş dəyişikliləri neft sənayesini inkişaf etdirməklə yanaşı qeyri-neft sektorunun inkişafına əlverişli şərait yaratmaqla iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılmasına yönəldilmişdir.
Müstəqilliyimiz ərəfəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi neft sənayesi də böhranlı günlərini yaşayırdı.Neftçıxarmada tətbiq olunan texnalogiya fiziki və mənəvi cəhətdən köhnəlmişdir.Neft sənayesinin əsas avadanlıqlarının 70%-dən çoxü öz ömür müddətini başa vurmuşdur.Tarixən Azərbaycan sənayesinin flaqmanı olan neft sənayesini dirçəltmədən bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi mümkün deyildi. Doğrudur, müstəqillik illərimizdə də uzun müddət istehsal və ixracda neft sektoru dominant rol oynamışdır.Ulu öndər H.Ə.Əliyev dünyanın aparıcı neft şirkətlərini Azərbaycan neft sənayesi müəssisələri ilə birgə işləmələrə cəlb etməklə (neft konraktları) Azərbaycan neft sənayesinin inkişafına yeni nəfəs verilmişdir. Respublikamıza yeni texnologiyalar gətirilmiş, nəticədə yeni neft yataqlarını kəşf etmək və istismara vermək müm¬kün olmuşdur. Neft hasilatı təxminən 12-14 mln. tondan 50 mln. tona çatdırılmışdır.Yeni texnoloji biliyə malik neft sənayesi işçiləri formalaşmışdır. Azərbaycanın Avropaya inteqrasiayasını gücləndirən neft boru kəməri çəkilmiş, şaxələndirilmiş qaz kəmərlərinin (TAP,TANAP) çəkilməsi (qaz ehtiyatlarımız 2,6 trilyon kub metr dəyərləndirilir) gündəmdə olan məsələlərdəndir. Ölkəyə külli miqdarda valyuta gəlmişdir.Azərbaycan tarixində ilk dəfə neft sənayemizə 8mld.ABŞ dolları civarında investisiya qoyulmuşdur(“Əsrin müqaviləsi” 20 sentyabr 1994-ci il). Bütövlükdə müstəqillik illərində iqtisadiyyatımıza 200 mld.dollar investisiya qoyulmuşdur.Artıq son 8-9 ildə investisiyanın quruluşunda ciddi dəyişikliklər baş vermişdir. 2015-cı ildə iqtisadiyyata qoyulan 16 mld. manat investisiyanın 56%-i daxili investisiyanın payına düşür. Investisiyaların quruluşunda daxili investisiya üstünlük təşkil edir. Neft gəlirlərindən istifadənin səmərəliliyini təmin etmək məqsədi ilə Neft fondu yaradılmışdır.Ölkəyə daxil olan neft gəlirləri bu fondda cəmləşdirilmişdir. Hal-hazırda valyuta ehtiyatlarımız Mərkəzi Bankın ehtiyyat fondu da nəzərə alınmaqla 40 mld. dollardan çox qiymətləndirilir. Bu valyuta ehtiyatları ümumi milli təhlükəsizliyimizin o, cümlədən də iqtisadi təhlükəsizliyimizin əsas maliyyə mənbəyi kimi çıxış edir. [26].
Neft fondunun vəsaitləri neft sektorunun inkişafı ilə yanaşı qeyri-neft sektorunun inkişafına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, sosial infrastrukturun inkişaf etdirilməsinə, insan kapitalının müasir tələblər səviyyəsində hazırlanmasına, büdcəyə transfert yolu ilə ümumi milli problemlərin həllinə istifadə olunur. 2016-cı ilin dövlət büdcəsinə də Neft Fondundan 6 mld. dollar civarında vəsaitin transfert olunması nəzərdə tutulmuşdur. [26].
Neft sənayesinin inkişafı iqtisadiyyatın digər sahələrinin inkişafına əlverişli şərait yaratmışdır.Bugün Azərbaycan iqtisadiyyatında quruluş dəyişikliyi baxımından gündəmdə olan mühüm məsələlərdən biri qeyri- neft sektorunun üstün inkişaf etdirilməsi, neftdən asılılığın minimuma endirilməsindən ibarərtdir. 2015-ci ilin nəticələrinə görə ÜDM-də qeyri-neft sektorunun payı 70% -i ötüb keçmişdir, qeyri-neft sektorunda artım 8,4% , dünya iqtisadiyyatında böhranın davam etməsinə baxmayaraq,bütövlükdə Azərbaycan iqtisadiyyatında 1,1% artım müşhidə olunmuşdur. Dünya bazarında neftin qiymətinin 3-4 dəfədən çox aşağı düşməsinə və respublikamızda onun hasilatının azalmasına baxmayaraq ixracatımızın əhəmiyyətli hissəsi (90%- dən çoxu) yenə də neft sektorunun payına düşür.
Yeni təsərrüfatçılıq şəraitində sənayenin mühüm tərkib hissələrindən olan yüngül, yeyinti, emal sənaye sahələrinin və turizmin inkişaf etdirilməsi perespektivli sahələrdəndir.Respublikamızda bu sahələrin inkişaf etdirilməsi üçün hərcür əlverişli şərait var.Bu sahələrin ixrac potensialı genişdir.
Bütövlükdə, maşınqayırma sənayesinin, xüsusi ilə kənd təsərrüfatı maşıqayırma sənayesinin ( kənd təsərrüfatı avadanlıq və alətləri də daxil olmaqla) inkişaf edirilməsi bir sıra ciddi problemlərin həll edilməsinə şərait yarada bilər. [28].
Düşünürəm ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə yanaşı bu sahədə ixrac yönümlü məhsulların istehalının təçkil edilməsi strateji istiqamət olmaqla yanaşı ixracın sturukturunu təkmilləşdirəcək,iqtisadiyyatın rəqabətə dözümlülüyünün və iqtisadi təhlukəsizliyinin təmin edilməsinin mühüm amillərindən birinə çevriləcək.
Azərbaycan iqtisadiyyatının strukturunda kənd təsərrüfatı tarixən əhəmiyyətli rol oynamışdır. Əhalinin kənd və şəhərlərdə məskunlaşmasında təxmini bir bərabərlik var. Azərbaycan SSR-in kənd təsərrüfatının sturukturunda pambıqçılıq, üzümçülük, tütünçülük daha çox xüsusi çəkiyə malik idi.Hətta bəzi illərdə pambıq istehsalı 1mln.tona, üzim istehsalı 2mln. tona çatdırılmışdır.Müstəqillik illərimizdə bu sahələrə nədənsə diqqət çox zəifləmiş, pambıq,tütün,üzüm istehsalı kəskin şəkildə aşağı düşmüşdür. Ölkəmizdə 2014-ci ildə 41 min ton pambıq, 2,9 min ton tütün, 147,7 min ton üzüm istehsal olunmuşdur.Bu sahələrin inkişaf etdirilməsi ölkə rəhbərliyi 2016-ci ildən yenidən diqqət mərkəzinə gətirilmiş,satınalma qiymətləri yüksəldilmiş, iri kənd təsərrüfatı müəssisələrinin yaradilmasının dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulmuşdur.
Müstəqilliyimizin ilk illərindən başlayaraq kənd təsərrüfatında bazar münasibətlərinin əsaslarını formalaşdırmaq məqsədi ilə kənd təsərrüfatı müəssisələrinin əmlakı əvəzsiz (pulsuz) özəlləşdirilmiş, nəticədə kənd əhalisi torpağın və digər kənd təsərrüfatı istehsal vasitələrinin mülkiyyətçısınə çevrilmişlər. Ölkəmizdə kənd təsərrüfatı məhsullarının demək olar ki, hamısı özəl sektorda istehsal olunur. Kənd təsərrüfatı məhsulları istehsalının ÜDM-də xüsusi çəkisinin 6% təşkil etməsinə baxmayaraq (sovet dönəmində 30%) ölkə əhalisinin ərzaq təhlukıizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Sovet dönəmində əlçatmaz hesab olunan 1 mln. ton taxıl istehsalına 1997-ci ildə nail olunmuşdur. Artıq, ölkəmizdə 2014-cü ildə 800 min. ha əkin sahəsində 2,6 mln. ton taxıl istehsal olunmuşdur.. Taxıl əkin sahələrinin 1mln. ha-ya çatdırılması nəzərdə tutul¬muşdur. Kənd təsərrüfatında özəl mülkiyyət münasibətlərinin inkişafı nəticəsində ölkə əhalisinin əsas ərzaq məhsullarına (çörək, ət, ət məhsulları, süd, süd məhsulları, meyvə-tərəvəz, bostan məhsulları və s.) olan tələbatının əhəmiyyətli hissəsi,80-85%-i daxili istehsal hesabına ödənilir. 2015-ci ildə ərzaq istehsalı 2,9% artmışdır. [25]. Ölkə rəhbərliyi tərəfindən məqsədli proqramların, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi dövlət proqramlarının qəbul edilməsi və reallaşdırılması, sahibkarlığın inkişaf etdirilməsinin öncül istiqamətinin müəyyənləşdirilməsi, aqrar bölməyə dövlət büdcəsində nəzərdə tutulan dövlət dəstəyi iqtisadiyyatın mühüm sahəsi olan kənd təsərrüfatının inkişafını stimullaşdırır.Dövlət malik olduğu iqtisadi və inzibati resurslardan səmərəli istifadə edərək daxili bazarı qorumaqla daxili ba-zarın struktur elementlərinin fəliyyətlərinin səmərəliliyini təmin etmiş olur.
Xüsusi mülkiyyətin bütün formalarının inkişafına əlverişli şərait yaradılması iqtisadiyyatımızın strukturunun mühüm elementindən birinə çevrilən tikinti-inşaat sektorunun da inkişafına güclü təkan vermişdir. [28]. Keçid dövrünün müxtəlif illərində (2000-2008 ci illər ) ümumi daxili məhsulun təxminən 10-14% -i tikintinin payına düşmüşdür. Tikinti-inşaat sektorunun sürətli inkişafı bir sıra sosial problemlərin həllində əhəmiyyətli rol oynayır. Mənzil tikintisi sürətlə inkişaf etdirilmidir.Mənzil tikintisi 2010-cu ildə ən yüksək səviyyəyə çatmışdır.Mənzil tikintisində 2010-cu ildə 2009-cu illə müqayisədə 36,5% artım olmuşdur.Bütün mülküyyət növləri üzrə 2014-cü ildə 2197 min kv.metr yaşayış evi istifadəyə verilmişdir.Onun 205 min kv.metri dövlət, 1992 min kv. metri isə qeyri-dövlət sektorunun payına düşür. Tikintinin inkişafı inşaat materialları istehsalının inkişafını da stimullaşdırmışdır.Tikinti-inşaat işlərinin genişlənməsi nəticəsində sement istehsalı yeni texnoloji əsaslara keçirilmiş, ətraf mühitin çirkləndirilməsi minimuma endirimişdir.Yerli xammalla işləyən inşaat mterialları istehsal edən müəsisələr işə salınmışdır.Tikintiyə qoyulan əsas vəsaitlə onun ÜDM-də payı arasında bir mütənasiblik müşahidə olunur.2014-cü ildə əsas kapitala yönəldilmiş vəsait 12,6%, ÜDM-də tikintinin payı isə 12,5% olmuşdur. [25].
İqtisadiyyatın strukturunda mühüm sahələrdən biri də nəqliyyat sektorudur.İqtisadiyyat sahələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlərin 2014-cü ildə 13,9%-i nəqliyyatın payına düşmüşdür, bu sektorunÜDM-də payı isə həmin ildə 4,5% olmuşdur.Nəqliyyat sektorunun inkişaf etdirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər bu sahənin iqtisadiyyatda rolunu daha da artıracaq.Bu gün Azərbaycan iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynaya biləcək rellaşan nəqliyyat layihələrindən biri Bakı beynəlxalq Dəniz ticarət limanının istifadəyə verilməsidir.Bakı Beynəlxalq Dəniz Ticarət limanı Xəzər hövzəsi ölkələrinin, Rusiya Fedarasiyasının, Iran İslam Respublikasının və Qazaxıstanın dəniz ticarəti limanları sırasında müasirliyinə və yükaşırma qabiliyyətinə görə ilk sıralardadır.Bu limanım ərazisində azad ticarət zonasının və böyük logistika mərkəzinin yaradılması nəzərdə tutulub. Bütövlükdə nəqliyyat sektorunun inkişaf etdirilməsi,Bakı Beynəlxalq Dəniz Ticarət limanının istifadəyə verilməsi , Qədim “İpək yolunun” bərpası, Neft-qaz boru kəməri şəbəkələrinin genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinin başa çatdırılması,TAP və TANAP qaz kəmərlərinin çəkilişi, İran İslam Respublikası ilə Azərbaycan hökümətinin nəqliyyat sektorunun inkişaf etdirilməsi sahəsində əldə etdikləri razılaşmalar, Azərbaycanın Asiyanı Avropaya birləşdirən nəqliyyat dəhlizi rolu oynaması nəqliyyat sektorunun ÜDM-də payını artırmaqla bərabər ümumi iqtisadi inkişafa təkan verəcək. [26].
Qəbul olunmuş qaydaya əsasən ÜDM-un strukturuna istehlak, investisiya, dövlət xərcləri, xalis ixrac kimi fərqləndirilən elementlər daxil edilir. Həmin göstəricilər arasında olan münasibətlər istənilən halda ÜDM-un ümumi həcminə bərabər olmalıdır. 2015-ci ildə ÜDM-in real artım tempi 1.1% təşkil etmiş və cari qiymətlərlə 54.4 milyard manat olmuşdur. [26]. Adambaşına düşən ÜDM-in həcmi 5703.7 manat (5558.7 ABŞ dolları) təşkil etmişdir. 2015-ci ildə qeyri-neft sahələrinin inkişaf dinamikası ümumilikdə bu sahənin real ifadədə 1.1% artması ilə nəticələnmişdir. Belə ki, 2014-cü ilə nisbətən 2015-ci ildə rabitə sahəsi 6.8%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsi 14.0%, ticarət sahəsi 10.9%, kənd təsərrüfatı isə 6.6% artmışdır.Ölkədə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 15957.0 mln. manat əsas kapitala investisiya yönəldilmişdir. Əsas kapitala qoyulmuş vəsaitin 56.0%-ni daxili investisiyalar, 44.0%-ni isə xarici investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş ümumi investisiyaların 8796.3 milyon manatı (55.1%-i) qeyri-neft bölməsinin, 7160.7 milyon manatı (44.9%-i) isə neft bölməsinin inkişafında istifadə edilmişdir.
2015-ci ilin 1 dekabr tarixinə iqtisadiyyata maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin həcmi 2014-cü ilin 1 dekabr tarixinə nisbətən 3.3% artaraq 18744.3 mln. manat təşkil etmişdir (2014-cü ilin dekabr ayının 1-nə kredit qoyuluşlarının artımı 19.1% olmuşdur). [25]. 2015-ci ilin 1 dekabr tarixinə əhalinin banklardakı əmanətləri 7089.5 milyon manat təşkil etmişdir.2015-ci ildə əhaliyə istehlak bazarında satılmış əmtəələrin və göstərilmiş xidmətlərin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.7% artaraq 34295.1 mln. manata bərabər olmuşdur. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 10.9%, pullu xidmətlərin həcmi isə 5.1% artmışdır. 2015-ci il ərzində ölkə sakinləri ticarət şəbəkəsindən 12.9 milyard manatlıq ərzaq məhsulları və 12.8 milyard manatlıq qeyri-ərzaq malları almış və bu göstəricilərin həcmi ötən ilin eyni dövrünə nəzərən müvafiq olaraq 10.1% və 12.8% artmışdır. 2015-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqları 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4.5% artaraq 462.0 manat təşkil etmişdir. 2015-ci ildə əhalinin hər nəfərinə düşən gəlirləri isə 4.5% artaraq 4380.1 manata çatmışdır.
2015-ci ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 18.8 mlrd. ABŞ dolları, o cümlədən, ixrac 10.6 mlrd. ABŞ dolları, idxal isə 8.2 mlrd. ABŞ dolları olmaqla 2.4 mlrd. ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranmışdır. [28].
Aqrar sahənin inkişafının aktuallığı XX əsrin son onilliyində qlobal miqyasda bütün ölkələr üçün fəaliyyət proqramı kimi qəbul edilmişdir. Bu sahənin dayanıqlı inkişafına kənd ərazilərinin inkişafından ayrılıqda baxılmamalıdır. Ərazilərin inkişafı isə əsas etibarilə təbii, maddi, maliyyə resursları və əmək potensialının qarşılıqlı inteqrasiyasında özünü göstərir. Bu isə öz növbəsində əhalinin təhsil səviyyəsini, səhiyyə xidmətinin vəziyyətini, idarəetmənin institusional amillərini, bazar infrastrukturlarını, informasiya xidmətlərini, kənd təsərrüfatı istehsalının diversifikasiyasını, maliyyə təminatını və s. əhatə etməlidir. Burada dayanıqlı inkişafın dövlət tənzimlənməsi aqrar sahənin maliyyə vəziyyətinin sabitləşdirilməsi məqsədini güdür.
Ölkəmizdə son illərdə kənd təsərrüfatı sahəsində həyata keçirilmiş iqtisadi siyasət nəticəsində bir çox nailiyyətlər əldə olunmuşdur.
Kənd təsərrüfatı texnikasının dəyərinin 40 faizi dövlət tərəfindən qarşılanmış, satılmış texnika ilə bağlı yaranmış borclar dövlət hesabına silinmiş, güzəştlə satılan mineral gübrələrin həcmi hər hektar üzrə 50 manatdan 80 manata çatdırılmış, mineral gübrələrin satış qiymətinə tətbiq tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilmiş, ölkədə sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması məqsədi ilə ilk biznes inkubatorlar fəaliyyətə başlamış, regionlarda kiçik sahibkarlıqla məşğul olan vətəndaşların güzəştli kreditlərə çıxışını təmin etmək və fermerlər arasında kooperasiya əlaqələrini gücləndirmək məqsədilə Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ilə əməkdaşlıq edən bank olmayan kredit təşkilatlarının sayı artırılmış, məhsulların istehsalından satışınadək bütün mərhələləri əhatə edəcək özəl pilot aqroparklar və aqrar-sənaye kompleksləri yaradılmışdır.
Ölkə iqtisadiyyatının digər sahələri ilə müqayisədə ən böyük multiplikativ potensiala malik sahə kənd təsərrüfatıdır. Azərbaycanda kənd təsərrüfatına dövlət tərəfindən yönəldilən mərkəzləşdirilmiş maliyyə vəsaitlərini əsasən aşağıdakılar təşkil edir:
-
Yanacaq və motor yağlarına subsidiyalar;
-
Buğda və çəltik səpininə subsidiyalar;
-
1-ci və 2-ci reproduksiyalı toxumlara, həmçinin tinglərə subsidiyalar;
-
Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortalanmasına subsidiyalar;
-
Aqrolizinq ASC-nin xətti ilə verilən mineral gübrələrə, damazlıq heyvanlara və kənd təsərrüfatı texnikasına verilən bilavasitə subsidiyalar;
-
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə edilməsi üzrə Dövlət Xidmətindən verilmiş güzəştli kreditlər;
-
Sahibkarlığa Kömək Milli Fondundan verilən güzəştli kreditlər;
-
Kənd təsərrüfatına tətbiq edilən vergi güzəştləri;
-
Beynəlxalq layihələr çərçivəsində Azərbaycan Hökumətinin payı.
Həmçinin heyvandarlıqda yoluxucu xəstəliklərə qarşı aparılan tədbirlər, meliorasiya və irriqasiya işləri, torpaqların yararlı hala salınaraq əkin dövriyyəsinə verilməsi, aqrar yönümlü elmi-tədqiqat, təcrübə-sınaq işləri də büdcə vəsaitləri hesabına həyata keçirilir.
Azərbaycanda kənd təsərrüfatına yönəldilən mərkəzləşdirilmiş maliyyə vəsaiti kənd təsərrüfatında ümumi məhsulun dəyərinin 7-8%-ni təşkil edir. İnkişaf etmiş ölkələrdə isə bu göstərici, müvafiq olaraq 50-60%-dir. Həmçinin inkişaf etmiş ölkələrdə aqrar bölməyə dövlət yardımının ÜDM-da xüsusi çəkisi 1,7-5,5%, 1 ha kənd təsərrüfatına yararlı torpaq sahəsinə düşən yardımın həcmi 2650-10671 ABŞ dolları təşkil etdiyi halda, Azərbaycan Respublikasında analoji göstəricilər, müvafiq olaraq 0,6-0,7%; 62-94 ABŞ dolları olmuşdur.
Təhlil aparılan dövrdə milli iqtisadiyyatın bütün sahələrinə 12243,7 milyon manat kredit verilmişdir. Həmin kreditin 546,2 milyon manatı və ya 4,4%-i kənd təsərrüfatı və emala ayrılmışdır. Aqrar bölməyə 127,8 milyon manat SKMF-dan, 15,0 milyon manat isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətindən güzəştli kredit verilmişdir. Deməli, kənd təsərrüfatına verilən güzəştli kreditlərin cəmi məbləği (142,8 milyon manat), kənd təsərrüfatı və emala verilən kreditin (546,2 milyon manat) 26,1 %-ni təşkil etmişdir. Hesab edirik ki, aqrar bölməyə ayrılan güzəştli kreditlərin həcminin artırılması kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə təminatının möhkəmləndirilməsində əhəmiyyətli rol oynaya bilər.
Tələb-təklif nisbətlərinin səviyyəsindən asılı olmadan kredit faizinin səviyyəsi mənfəət normasından aşağı olmalıdır. Ölkəmizdə bank kreditinə faizin səviyyəsi (15-20%) milli iqtisadiyyatın bir sıra sahələrində orta mənfəət normasını üstələyir. Belə kreditləri almaqla nəinki qazanc əldə etmək, hətta istehsal xərclərini və vergiləri də ödəmək mümkün deyil. Təsərrüfatlar bu cür kreditləri almaqla özlərinin maliyyə-təsərrüfat fəaliyyətini daha da ağırlaşdıra bilərlər.
Bankların iqtisadiyyata kredit qoyuluşunun ÜDM-ə nisbəti onların iqtisadi inkişafda roluna meyar hesab oluna bilər. Dünya ölkələrində iqtisadiyyata kredit qoyuluşunun ÜDM-ə nisbəti 80-100% olduğu halda, Azərbaycan bu göstərici təxminən 25 faiz təşkil edir.
Aşağıdakı cədvəldən göründüyü kimi (cəd. 1.) kənd təsərrüfatına kredit qoyuluşu kənd təsərrüfatının ÜDM-dəki xüsusi çəkisindən də az olmuşdur.
Dostları ilə paylaş: |