institusional islahatların davam etdirilməsi və dövlət idarəetməsinin təkmilləşdirilməsi. [26]
Strateji məqsədlərə nail olmaq məqsədilə həyata keçiriləcək tədbirlər isə proqramda dörd funksional istiqamətdə qruplaşdırılmışdır:
makroiqtisadi sabitlik və iqtisadi artım;
məşğulluq siyasəti və əhalinin sosial müdafiəsi;
insan kapitalının inkişafı və sosial tərəqqi;
institusional siyasət və səmərəli idarəetmə.
Belə yüksək iqtisadi artım tempi iqtisadiyyatın sektorları üzrə ümumi faktor məhsuldarlığında ciddi dəyişmə olmadan, əsasən təbii ehtiyatlar sektoruna yönələn yüksək həcmli investisiyalar hesabına baş vermişdir. Kapital investisiyaları neft və qaz hasilatının və ixracının yüksəlməsinə səbəb olmuş, nəticədə fiskal gəlirlərdə və büdcə xərclərində sürətli artım müşahidə edilmiş, bu da öz növbəsində yoxsulluğun azaldılmasına və infrastrukturun inkişaf etdirilməsinə zəmin yaratmışdır.
Neft hasilatının 2025-ci ilədək azalacağı proqnozlaşdırıldığından qarşıda duran əsas vəzifə ölkə iqtisadiyyatının diversifikasiyasına nail olmaqdır. Qısa və ortamüddətli dövrdə qeyri-neft ticari sektorlara yönəldilən investisiyaların həcminin sürətlə artırılması, orta və uzunmüddətli dövrdə isə hazırkı investisiyaya əsaslanan ölkə iqtisadiyyatının ümumi faktor məhsuldarlığındakı artım sayəsində tədricən məhsuldarlığa əsaslanan iqtisadiyyata transformasiyası tələb olunur.
Müxtəlif hesablamalara görə, 2025-ci ilə qədər Azərbaycanda hər nəfərə düşən ÜDM-in həcmi indiki səviyyəsinin iki qatına yüksələ bilər. Bu isə, hazırda Dünya Bankının hər nəfərə düşən Ümumi Milli Gəlir təsnifatına görə yuxarı orta gəlirli ölkələr kateqoriyasında yer alan Azərbaycanın 2025-ci ildə yuxarı gəlirli ölkələr qrupuna yaxınlaşması deməkdir.
Hər nəfərə düşən ÜDM-in həcmi yüksəldikcə gəlirlərin ədalətli bölgüsünün də əhəmiyyəti artır. Bu günə qədər Azərbaycanda yoxsulluqla mübarizədə əsas parametr kimi “mütləq” və “nisbi” yoxsulluq hədlərinə istinad edilmiş və müvafiq göstərici üzrə xeyli irəliləyiş əldə olunmuşdur. Növbəti mərhələdə yoxsulluğa qarşı mübarizədə gəlirlərin artırılması və bərabərsizliklərin azaldılması ilə birlikdə Çoxfaktorlu Yoxsulluq İndeksinin yaxşılaşdırılmasına diqqət edilməsi daha əhəmiyyətli hala gələcəkdir.