Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti aysu əSƏdova elçİN QIZI azərbaycan diLİ DƏrsliKLƏRİNDƏ MƏtnləRİn vəTƏNPƏRVƏRLİk təRBİYƏSİ baximindan məzmun təHLİLİ


II FƏSİL SƏKKİZİNCİ SİNİF AZƏRBAYCAN DİLİ DƏRSLİYİNDƏ VƏTƏNPƏRVƏRLİK MÖVZULARI VƏ ONLARIN TƏDRİSİ



Yüklə 90,64 Kb.
səhifə8/11
tarix25.03.2022
ölçüsü90,64 Kb.
#54166
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   11
Aysu Əsədova.Diplom işi

II FƏSİL

SƏKKİZİNCİ SİNİF AZƏRBAYCAN DİLİ DƏRSLİYİNDƏ VƏTƏNPƏRVƏRLİK MÖVZULARI VƏ ONLARIN TƏDRİSİ.

2.1. Mövzu baxımından dərsliyin təhlili.

Haqqında araşdırma apardığımız 8-ci sinif “Azərbay­can dili” dərsliyinin müəl­lifləri Yeganə Hüseynova və Samirə Bektaşidir. Dərslikdə şagirdlərin şifahi və yazılı nitqinin formalaşması, dünyagörüşünün zənginləşdirilməsi məqsədilə verilmiş mətnlər məz­mun baxımından altı bölmədə qruplaşdırılmışdır. Mətnlər nitq bacarığını (dinləmə, oxu, danışma, yazı) inkişaf etdirməyə xidmət edir. Linqvistik qaydalar, söz ehtiyat­larının zənginləşdirilməsi də mətnlərlə əlaqədar kompleks şəkildə fəaliyyətə yönəldilir.

Müxtəlif üslubi imkanları nəzərə alaraq hər bölmədə məişət, bədii, elmi və kütləvi mətnlər təqdim olunmuşdur. Mətnlərlə iş elə qurulmuşdur ki, şagirdlər özləri həmin mətnləri müxtəlif formada işləyə bilsinlər. Sadədən mürəkkəbə istiqamətlənən bu tapşırıqlar şagirdlərdə cəmiyyətin müxtəlif sahələrində dil vasitələrindən istifadə vərdişləri formalaşdırır. Dialoqdan faktları seçib elmi-kütləvi mətnin yazılması, mətnin dialoqa çevrilməsi, fakt və ayrı-ayrı materiallardan istifadə edərək mətn, ssenari tərtib olunması, hekayə, inşa, esse yazılması bu qəbildən olan tapşırıqlardır. Dialoqlar (dialoq qurmaq) şagirdlərdə ünsiyyət qurmaq, informasiyanı başqaları ilə bölüşmək vərdişi, dialoqu mətnə çevirmək, alınan informasiyanı yazılı nitqə çevirmək bacarığı formalaşdırır.

Şagirdlərin vətənə, torpağa bağlılığı, millətə, dəyərlərə sevgisi, intel­lektual səviyyəsinin inkişaf etməsi fənnin məzmunu üzrə materialların hansı forma və məzmunda dərsliklərə gətiril­­­məsindən aslıdır. Bəşəri dəyərlərin və nümunələrin əsas qaynağı olan ədəbi əsərlərin tədrisdə, Azərbaycan dili üzrə fənnin məzmunun təşkil edən standartların reallaşdırılmasında istifadə edilməsi tədrisin keyfiyyətinin artırıl­ma­sına ciddi təsir edir. Şagird həm milli ədəbi nümunə­lərlə tanış olur, onları mənimsəyir, həmin yazıçının, folklor nümunəsinin təqdim etdiyi məntiqi yükü mənimsəyir, paralel olaraq dünya ədəbiyyatı nümunəsinin həmin məzmununu mənimsəməklə daha əhatəli və daha dərin bilik, bacarıq əldə etmiş olur.

Müəllimlər əvvəlki tədris ənənələrindən də şagirdlərin xeyiri üçün istifadə etməli, dərsliyin verdiyi imkanlardan maksimum səviyyədə yararlanaraq dərslərinin daha yüksək səviyyyədə təşkil olunmasına çalışmalıdırlar. Pedaqogika elminin, təlim və tərbi­yə­ nəzəriyyəsinin formalaşıb inkişaf etməsinin mahiy­yə­tində eyni fəlsəfə dayanır.

İnsan həyatının dəyərlərinin keyfiyyət və kəmiyyətcə artması, yaşayış səviy­yəsinin mürək­kəb­ləş­mə­si, yeni sosial və iqti­sadi, siyasi münasibətlərin forma­laş­ması xüsusi pedaqogika elminə zərurət yaratmış, təlim və tərbiyənin qarşısında yeni məqsədlər qoyulmuşdur.

Dərslikdə bütün bölmələr üzrə standartların tələblərinə əməl edilmişdir. Bütün standartlar üzrə fəaliyyət nəzərdə tutulmuşdur. 8-ci sinif dərsliyində, əsasən, bu qaydalar gözlənilmişdir. Misal olaraq bir çox tapşırıq və nümunələri göstərə bilərik.

Həmin tapşırıqlarda şagird fəaliyyətinin müxtəlif məzmunlarda təmin edil­məsi üzrə işlər də görülmüşdür. Şagirdin məntiqi düşüncəsinin inkişafı ilə bağlı əqli baca­rıqları özündə əks etdirən müxtəlif tipli tapşırıq nümunələri vardır. Bundan əlavə tənqidi təfəkkürün inkişafı üçün şagirdin müqayisələr aparmaq, inkar etmək, təhlil etmək kimi bacarıqlarını formalaşdırmağa istiqamətlənmiş tapşırıq nümunələri tərtib olunmuşdur.

Yaradıcı təfəkkürün inkişafı üçün də maraqlı və məzmunlu tapşırıqlar əksini tapmışdır. Bu tipli tapşırıqların verilməsi şagirdin fəallığını və əqli bacarıqlarını Azərbay­can dili nöqteyi-nəzərindən inkişaf etdirməyə istiqamətləndirmişdir.

Bundan əlavə təqdim edilmiş mətnlər müəllimlərin mövzular üzrə daha yaxşı plan­laşdırmalar aparmasına, dərsi təşkil etməsinə əsasən köməklik göstərir.

Azərbaycan dilinin təlimi müasir metodika tədrisinə görə söz incəsənəti, təfək­kürün inkişaf etdirilməsi kimi spesifik xüsusiyyətlərdən irəli gəlir, mənəvi və estetik imkanların reallaşması ilə bərabər əqli bacarıqların inkişafını özündə əhatə edir.

Onillər boyu Azərbaycan məktəbi təlim-tərbiyə prosesinin təşkilində, habelə ana dili dərslərinin tədrisində dil qaydalarının tədrisini reallaşdırmağa çalışırdı. Tapşı­­rıqlar müxtəlif dil qaydalarının tapılması, akademik biliklərin müəyyən­ləşdiril­məsi ilə bağlı olurdu. Bu tapşırıqların həlli daha çox nəzəri və qeyri-həyati məqam­larla bağlı olurdu.

“Hansı cümlənin mübtədası mürəkkəbdir?”, “Azaltma dərəcəsində işlənmiş sifəti müəyyən edin”, “Qeyri-müəyyən yiyəlik hal hansı nümunədədir?”, “Tabeli müərrəkəb cümləni seçin”, “Baş cümləsi birinci gələn tabeli mürəkkəb cümləni müyyənləşdirin” və s. kimi suallar dil dərslərində şagirdlərin əsas baş sındırdıqları məsə­lələr idi. Bu tapşırıqlar uzun müddət klassik Azərbaycan dili dərsliklərinin məzmununu təşkil edirdi. Amma müasir dərsliklərin tələbləri dəyişdiyi kimi, tərtib olunmuş tapşırıqların forma və məzmununda da dəyişikliklər demək olar ki, şərtdir. Məzmun xətlərinə uyğun olaraq mətnin açıqlanması, aşkarlanması, orada verilmiş fikirlərin müəyyən edilməsi və s. kimi məqamları tapmağı, uyğunlaşdırmağı, yeni ideya və təkliflər müəyyənləşdirməyi tələb edən tapşırıqlar artıq tələbdir. Bəzən dərslik müəllifləri tapşırıqlar tərtib edərkən standartları unudurlar. Bu əsas qüsurlardan hesab edilməlidir.

Bundan əlavə, tapşırıqlar tərtib edilərkən sadədən mürəkkəbə doğru prinsi­pinin tələbləri də gözlənilməlidir. Dərsliyi təhlil edərkən müşahidə etdik ki, bu tələb gözlənilmişdir. Tapşırıqlar standartların tələblərinə uyğundur və sadədən mürəkkəbə doğru prinsipinin tələbləri gözlənilmişdir.

Dərslik müəllifləri qeyd edirlər ki, seçilmiş mətnlər məktəblidə müəyyən bacarıqları formalaşdırmağa hesablanıb. Onlarda əvvəlcə dinləmənin reallaş­dırılıb-reallaşdırılmaması yoxlanılmalıdır. Sonra ardı ilə oxu bacarıqları yoxlanılmalıdır. Sistem düzgün qurulsa, şagird də tam olaraq prosesi anlaya bilər.

Azərbaycan dili dərsliklərində əvvəlki, ənənvi dərsliklərdən fərqli olaraq hafizəyə əsaslanan tapşırıqlar demək olar ki, yox dərəcəsindədir. Hafizə tapşırıqları ümumilikdə mövcud olan tapşırıqlardan bir qismidir. Şagirdə hafizəyə əsaslanan tapşırıqlar təqdim etmək vacibdir. Bu biliklərin mənimsənilməsini yoxla­mağa xidmət edir. Şagird əvvəlcə dərslikdə onun üçün müəyyən edilmiş müəyyən kiçik həcmdə materialı mənimsəməlidir. Bunun üçün də standartlarda nəzərdə tutlan məqamları əks etdirən materiallar mənimsənilməli, bu mənimsənilmə yoxlanıl­malıdır.

Hafizə tapşırıqlarına dərslikdə müəyyən qədər rast gəlinir. Həmin tapşırıqlar şagirdin materialı öyrənməsini, əzbərləməsini və yadda saxlamasını müəyyən edir. Eyni zamanda faktları sadalamağı, düzgün, yaxud yanlış olanı müəyyən­ləşdirməlidir. Bundan başqa, fikrini ifadə edərkən hansısa qaydaya əsaslan­malıdır. Və bu qayda onun əzbərlədiyi, yadda saxladığı materialdır. Tapşırıqların şərtindəki son feillər onun təfəkkürün hansı sahəsinə aid olmasının göstəricisidir.

Şagirdin məntiqi təfəkkürünü inkişaf etdirən tapşırıqlar dərslikdə öz əksini tapmış­dır. Bu tipli tapşırıqlar çox əhəmiyyətli hesab olunur.

Burada şagird ona təqdim olunmuş materialı izah etməli, yaxud təsvir etməlidir. Eyni zamanda hansısa məsələni şərh edə, dəyişdirə, yeni nəticə çıxara bilər.

Bundan başqa ümumiləşdirmə, xüsusiləşdirmə, hansısa obyektlər arasında oxşar və fərqli cəhətləri tapa bilər.

Bunlar nəyin göstəriciləridir? Onun göstəriciləridir ki, dərsliklərin əsas vəzifəsi şagirdlərdə təfəkkürü inkişaf etdirməkdir. Təfəkkürün bu sahələrinə uyğun olaraq tapşırıq nümunələri təqdim edilməli, şagirdlər əqli fəallığa cəlb olunmalıdırlar.

Bu sinif dərsliyində bununla bağlı kifayət qədər nümunələrdən istifadə edilmişdir. Bunlar da bacarıqların möhkəmlənməsi üçün əlverişli zəmin yarada bilir.

Tənqidi təfəkkürün reallaşmasını müəyyənləşdirmək üçün tərtib edilən tapşı­rıqlar da dərslikdə müəyyən qədər yer almışdır.

Eyni sözləri yaradıcı təfəkkürlə bağlı da qeyd etmək mümkündür. Şagirdlərin fəallığını təmin etmək üçün dərslikdə müəyyən səmərəli yanaşmalar da özünü göstərir.

Dərslik üzərində araşdırma apardıqda onun məzmun və strukturu ilə bağlı qənaətbəxş məlumatları görürük. Dərslikdəki materiallar o səviyyədə təşkil edil­məli və tərtib olunmalıdır ki, müəllimin fəaliyyətinin planlaşdırılmasında müsbət nəticə əldə olunsun. Eyni zamanda qeyd etməliyik ki, dərsliyin tərtibində şagirdlərdə vətənə, millətə, dilimizə sevgi yaradan, yurdumuzun, xalqımızın tarixi həqiqətlərini göstərən, ümumilikdə milli-mənəvi dəyərlər aşılayan mətnlər kifayət qədərdir.

Səkkizinci sinif üçün yeni kurikulum əsasında hazırlanmış "Azərbaycan dili" dərsliyi bu baxımdan, xüsusilə təqdirəlayiqdir. Dərsliyin məzmununu əks etdirən altı bölmədə cəmlənmiş mövzular demək olar ki, bilavasitə vətənpərvərlik tərbiyəsinə xidmət edir. Bu baxımdan dərsliyin "Bilik xəzinədir", "Tarixin daş yaddaşı", "Milli-mənəvi dəyərlərimiz", "Şəxsiyyətlər", "Mətbuat: dünən və bu gün", "Sənət dünyasına səyahət" bölmələrində verilmiş mətnlər vətənpərvərlik tərbiyəsi üçün əsl örnəkdir. Onlar haqqında verilən məlumatlar əsasında şagirdlər həm tarixin müəyyən mərhələlərində xalqımızın həyatında, yadellilərə qarşı mübarizədə, müstəqilliyimizin əldə olunmasında, dövlətçiliyimizin qorunmasında, mədəniyyətimizin, ədəbiyyatımızın inkişafında böyük rol oynamış qəhrəmanları, tarixi şəxsiyyətləri, mədəniyyət xadimlərimizi tanıyır, həm də onların həyat və mübarizə yolu timsalında vətənpərvər kimi yetişirlər.

Bu baxımdan “Bilik xəzinədir” bölməsində müəllifi Bəxtiyar Vahabzadə olan “Ana dili” şeirini nümunə göstərə bilərik. Şeir 17 və 18-ci səhifələri əhatə edir. Dil həmişə milli özünü dərk etmə baxımından xalqın tarixində aparıcı mövqe tutmuşdur. Müasir Azərbaycan ədəbiyyatında B.Vahabzadənin dilə, dil tarixinə, onun saflığına, qorunmasına həsr etdiyi şeirlər nəinki uşaqlar, hətta böyüklər tərəfindən sevilməkdədir. 

“B.Vahabzadənin dilçilik görüşlərini ən gözəl şəkildə əks etdirən“Ana dili”şeiri onun yaradıcılığının ən monumental, şah əsərlərindən biridir. Bu şeirdə şair dil üçün deyiləcək ən mütərəqqi fikir və ideyalarını əks etdirmişdir”. (http://zim.az/sherqinsesi/550-bvahabzad-yaradclnda-ana-dilimizin-mvqeyi.html)

Dilin xalqın həyatında nə qədər vacib bir vasitə olması fikri ilə şeirdə dilimizin həm qrammatik, həm də poetik imkanlarının genişliyindən söhbət açılmışdır. Bundan başqa şeirdə ana-vətən vəhdəti hiss olunur. Şeirin birinci misralarında bunun şahidi ola bilərik.

Dil açanda ilk dəfə, ana söyləyirik biz,


Ana dili adlanır bizim ilk dərsliyimiz.

Şair “Ana dili” şeirinin sonrakı bəndlərində dili çoxcəhətli ibarələrlə tərif etmiş onu xalq üçün ən qiymətli miras görmüş və hal-hazırkı dövrün üzərinə bu mənəvi mirası gələcəyə olduğu kimi dürüst çatdırmaq kimi mənəvi yük qoymuşdur. 

Bu dil - bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil - bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil-tanıtmış bizə bu dünyada hər şeyi.
Bu dil -əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoryub nəsillərə biz də hədiyyə verək.

Şeirin axırıncı bəndində şair dilin xalqımıza bəxş etdiyi əvəzsiz nemətləri tanımayan özünün də dediyi kimi “ana dilində danışmağı ar bilən,modalı ədəbazlar”a qarşı tənqidi mövqe tutmuş, əvvəldən didaktika yolunu tutan şair axırıncı bənddə öz təlatümləri və dil haqqında qayğılarından belə bəhs etmişdir.

Ey öz doğma dilində danışmağı ar bilən,
Bunu iftixar bilən , modalı ədəbazlar
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Qoy bunlar mənim olsun.
Ancaq vətən çörəyi, bir də ana ürəyi
Sizlərə qənim olsun.

8-ci sinif dərsliyindəki “Ana dili” şeiri şagirdlərdə ana dilimizə sevgi aşılayan, ana dilimizin onlara əmanət olduğunu öyrədən ən gözəl, milli-mənəvi dəyərlərə sahib mövzulardan biridir.

Dərslikdəki başqa bir mövzuya diqqət çəkmək istəyirik. Elə həmin bölmənin beşinci mövzusu olan “Mədinə xanım Qiyasbəyli” mətni də şagirdlərdə milli-mənəvi dəyərlərin yüksəldilməsinə xidmət edən mövzulardan biridir. Mətn səhifə 20-də başlayıb 21-də bitir. Mətndə Mədinə xanım Qiyasbəylinin Azərbaycan təhsil tarixindəki yerindən, onun maarifçi fəaliyyətindən danışılır. Mətn vasitəsilə şagirdlər Azərbaycanın təhsil tarixi haqqında məlumat almış, eləcə də Azərbaycanın maarifçi şəxsiyyətini tanımış olurlar. Belə mətnlərin dərsliklərə salınması təqdirəlayiq haldır.

Bundan əlavə, dərslikdəki tapşırıqların da məzmununa nəzər salsaq, görərik ki, tapşırıqların məzmununda da şagirdlərin qrammatik biliklərini artırmaq, möhkəmləndirməkdən əlavə onların mənəviyyatını zənginləşdirmək, vətənə sevgi, Azərbaycanın milli dövlətçilik ənənələrinin qədimliyini göstərən, dövlətimizin ən ali varlıq kimi qiymətələndirdiyi bayrağımıza, eləcə də digər mənəvi dəyərlərimizə hörmət aşılayan tapşırıqlar az deyil. Belə tapşırıqlardan biri 22-ci səhifədə olan 11 nömrəli tapşırıqdır. Bu tapşrıq qrammatik cəhətdən mürəkkəb adların yazılışının mənimsədilməsi məqsədini güdürsə, məzmun cəhətdən XIV-XV əsrlər Azərbaycan tarixindən, eyni zamanda, Azərbaycanın tarixi şəxsiyyətlərindən, Azərbaycan mədəniyyətindən bəhs edir. Və bununla da şagirdlərdə tariximiz, mədəniyyətimiz, şəxsiyyətlərimiz haqqında müəyyən qədər fikir formalaşır.

Bu qəbildən olan tapşırıqlara 36-cı səhifədə yerləşən 14 nömrəli tapşırığı da nümunə göstərə bilərik. Şagirdlər həmin tapşırığın məzmunu ilə tanış olduqdan sonra Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olması ilə bağlı məlumat əldə edirlər. Qeyd edək ki, dərslikdə bu kimi tapşırıqlar kifayət qədərdir. Hansı ki həmin tapşırıqlarla şagirdlərdə qrammatik qaydanın möhkəmləndirilməsilə bərabər mənəvi dəyərlər də formalaşmış olur.

“Tarixin daş yaddaşı” bölməsində də mətnlərin məzmununa nəzər salanda eyni vəzifəyə xidmət etdiyini görmək çətin olmur. Əslində bölmənin adından da artıq əhatə etdiyi mövzu dairəsini təxmin etmək olur. Bölməyə daxil olan beş mətnin hər biri özlüyündə Azərbaycan mədəniyyətinin, Azərbaycan tarixinin, Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin, şəxsiyyətlərinin tanıdılmasına xidmət edir.

Bölmənin 1-ci mətnində şanlı tariximizin şahidi olan memarlıq abidələrindən, onları yaradan sənətkarlarımızdan bəhs olunur. “Hər daşında bir hikmət gizlənən, hər daşında tarixlərin nişanını yaşadan Azərbaycan memarlıq nümunələri xalqımızın nəyə qadir olduğuna əyani sübutdur”. (4, 30)

Digər mətn isə Azərbaycan musiqi mədəniyyətinin inkişafında, dünya miqyasında tanınmasında müstəsna xidmətləri olan maestro Niyazi haqqındadır. Mətn səhifə 34-də başlayıb 35-də bitir. Demək olar ki, mətn 1 səhifə həcmindədir. Dərslikdə mətnin məzmunun tam şəkildə mənimsənilməsi üçün kifayət qədər tapşırıq verilmişdir. Bir şeyi də qeyd etməliyik ki, bu mətn və tapşırıqlar şagirdlərdə dəyərlərə hörmət, eyni zamanda qrammatikanın öyrədilməsi məqsədi güdürsə, bunlarla bərabər şagirdlərin idraki inkişaf səviyyələrini inkişaf etdirməyə yönəlmişdir.

Dərslikdəki başqa bir mətnə diqqət çəkmək istəyirik. Səhifə 43-də Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasından bir parça verilmişdir. 1813-cü ildə bağlanmış “Gülüstan” müqaviləsinə həsr olunmuş bu peoma xalqının varlığını, milli-mənəvi dəyərlərini, dilini, tarixini əks etdirən bir əsərdir. Dərslikdə poemadan verilmiş parçalar “Gülüstan” müqaviləsini tam şəkildə əks etdirən bəndlərdir.

Hökmü gör nə qədər böyükmüş anın,

Möhür də basdılar varağa təkrar.

Yox, varağın deyil, Azərbaycanın

Köksünə dağ boyda dağ basdı onlar.

1813-cü ildə Gülüstan kəndində Rusiya və İran arasında Azərbaycan torpaqları bahasına sülh sazişi imzalanmış, nəticədə Azərbaycan ikiyə bölünərək, bir hissəsi Rusiyanın ixtiyarına keçmiş, digər hissəsi İranın tərkibində qalmışdır. “Gülüstan” poemasında bu ədalətsiz tarixi hadisənin şairdə doğurduğu qəzəb və nifrət ifadə olunmuşdur. Şagirdlər bu əsər vasitəsilə Azərbaycanın faciəvi tarixiylə tanış olurlar. Azərbaycanın tarixi haqqında, xalqımızın faciəsi haqqında məlumat alır. Və elə şairin misralara tökdüyü o acını onlar da duya bilir və vətənin taleyini bu misralarda görə bilirlər.

“Milli-mənəvi dəyərlərimiz” bölməsində “Həmrəyliyimiz əbədidir” mətni şagirdlərə həmrəylik, milli birlik, milli mənsubiyyət, ən əsası azərbaycançılıq kimi ali dəyər aşılayır. Mətndə dahi şəxsiyyət Ulu öndər Heydər Əliyevin xalqın milli azadlıq mübarizəsinin ən gərgin vaxtlarında azərbaycançılıq ideyası uğrunda mübarizəsi əks olunub. Həmin mübarizə Azərbaycan xalqının həmrəyliyinin sütunu rolunu oynamışdır. Ulu öndərin təşəbbüsü ilə 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” tarixi qərarı qəbul etdi. Bu qərara əsasən, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildi.

Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideyasının dünya azərbaycanlılarının həmrəyliyinin təmin edilməsində rolunu yüksək qiymətləndirirdi. O, güclü diaspora təşkilatının formalaşdırılmasının və onun Azərbaycan dövləti ətrafında daha sıx birləşməsinin vacibliyinə diqqəti cəlb edərək 2001-ci il noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında demişdir: “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyət onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!!!” (4, 76) Heydər Əliyevin bu fikirləri bütün yeniyetmə və gənclərimizin milli ruhda, azərbaycançılıq məfkurəsinə sadiq böyüdülməsində çox böyük rola malikdir.

Dərsliyin 88 və 89-cu səhifələrini əhatə edən başqa bir mətnə-“Tariximizin şanlı səhifəsi” nə diqqət çəkmək istəyirik. Mətn 20 Yanvar faciəsinə həsr olunub. Mətn vasitəsilə şagirdlərə xalqımızın tarixi faciəsi çatdırılmış, ən çətin vəziyyətdə belə xalqımızın birliyi, həmrəyliyi öz əksini tapmışdır. Hər cümləsində vətənə sevgi, millətimizin birliyi kimi fikirlər əks olunub. “Vətən sevgisi ən müqəddəs duyğudur. Vətən sevgisi bütün sevgilərdən ucadır. 1990-cı ilin 20 Yanvar faciəsi bunu bir daha sübut etdi. Uzun illərin müstəmləkəçiliyinə “Yox!” deyən, milli azadlığına qovuşmaq üçün ayağa qalxan xalqı beşikdə boğmaq məqsədilə yırtıcı pəncəsini Azərbaycana uzadan işğalçı hakimiyyət önündə milli kimliyini və vətəni üçün canından keçməyi bacaran xalq gördü.” (4, 89)

92-ci səhifədə verilmiş “Qədim türklərdə tərbiyə” adlı mətn də bu qəbildən olan mətnlər sırasına daxildir. Mətndə Azərbaycan türklərinin tərbiyə sisteminin qədim türklərin tərbiyə sistemi ilə eyni olması öz əksini tapır. Qədim türklərin övlada məhəbbəti vətən məhəbbəti ilə çulğalaşır, övladı vətən üçün, dövləti qorumaq üçün hazırlayırdılar. Hərbi təlim, cəsurluq, cəngavərlik Azərbaycan türklərinin tərbiyəsində mühüm yer tuturdu. Əsgəri şücaətlər hər bir türk kişisi üçün, onun özünün, ailəsinin, tayfasının şərəf, namus işi idi. Azərbaycan türklərində vətən əxlaqı, vətənpərvərlik hissi həmişə güclü olmuşdur. Vətən əxlaqı bu gün də Azərbaycan övladlarının ən böyük istinad nöqtəsi olmalıdır.

“Milli-mənəvi dəyərlərimiz” bölməsində 14-cü mövzusu olan “Yolun sonu” mətnində Azərbaycanın yaxın tarixində baş vermiş böyük zəfərin bünövrəsinin necə sağlam təməllərlə atıldığı, vətən torpaqlarının azadlığı üçün mərd oğullarımızın canından keçməsi, vətəni hər şeydən daha üstün tutması öz əksini tapmışdır. Mətn səhifə 95-də başlayıb, səhifə 96-da bitir. Mətn 2016-cı il aprelin 18-də Azərbaycan Respublikasının suverenliyi, azadlığı, ərazi bütövlüyü uğrunda Cəbrayıl rayonu ərazisində yerləşən Lələtəpədə vəzifə səlahiyyətlərini icra edərkən və tabeliyində olan silahdaşını xilas edərkən qəhrəmancasına həlak olmuş palkovnik-leytnat Sənan Axundova həsr olunmuşdur. Mətnlə tanış olduqda sonra şagirdlərdə belə fikir möhkəmlənir ki, aprel döyüşləri bir daha Azərbaycan xalqının qüdrətini, ordumuzun gücünü göstərdi. Mətn Azərbaycanın-doğma vətənin qəhrəmanlarını tanıtmaq, onlara sevgi yaratmaq baxımından bu mətn çox qiymətlidir.

Dərsliyin dördüncü bölməsi olan “Şəxsiyyətlər” bölməsindəki “Vaqif obrazından başlanan səhnə uğuru” mətninə diqqət çəkmək istəyirik. İlk olaraq onu qeyd edək ki, dördüncü bölmədəki mətnlər azərbaycanın mədəniyyət və incəsənət xadimlərini tanıtmaq baxımından önəmlidir. “Vaqif obrazından başlanan səhnə uğuru” mətni isə Azərbaycan səhnəsinin ən böyük aktyorlarından olan Ələsgər Ələkbərov haqqındadır. Mətn 108-ci səhifədə başlayıb, 109-cu səhifədə bitir. Mətndə Ələsgər Ələkbərovun rol aldığı tamaşalar , onun uğurlu sənət yolu haqqında danılmışdır. Düşünürük ki, istər bu mətn, istərsə də bu bölmə bütövlükdə şagirdlərimizə incəsənət xadimlərimizi tanımaq, onları özləri üçün nümunə görmək, bəzən həyat yollarını bu istiqamətdə cızmaq yolunda mühüm əhəmiyyətə sahibdir.

8-ci sinif Azərbaycan dili dərsliyinin147-ci səhifəsində “Həyatda həqiqi səadət budur: uca olduğunu qəbul etdiyiniz bir amal üçün var olmaq” epiqrafı ilə başlanan mətndə Azərbaycanın gələcək rifahı üçün daim çalışan, elmə öz töhfəsini verən alimlərimizdən danışılmışdır. Mətnə nəzər salaq. Qədim mədəniyyətə malik olan xalqımız elmin bütün sahələri üzrə dünya şöhrətli aimlər, səyyahlar və çoğrafiyaşünaslar yetirmişdir. Bunlardan IX əsrdə yaşamış, bir çox ölkələri gəzmiş və çoxlu əsərlər yazmış Məkki Bərdani, AZərbaycanın ilk tam xəritəsini tərtib edən və X əsrə məxsus sərhədləri, ərazisi, təbiəti , təsərüffatı haqqında mükəmməl məlumat verən Əbdül Qasım Hauqalı , astronom Əli Dərbəndi, seyid Yəhya Bakuvi və başqalarını göstərmək olar. Belə alimlərdən biri də XVIII əsrin sonu XIX əsrin əvvəllərində yaşamış, məşhur səyyah və coğrafiyaşünas Zeynalabdin Şirvanidir. Zeynalabdin Şirvani təkcə səyyah və coğrafiyaşünas olmamış, bir sıra elmi əsərlər yazmış, tarixçi, etnoqraf, ədib, şair və böyük İslam alimi olmuşdur. (4, 147)

Düşünürük ki, bu mətn Azərbaycanın məşhur alimlərinin, coğrafiyaşünaslarının şagirdlərə tanıdılması, onların elmə olan maraqlarının artırılması baxımından böyük əhəmiyyət kəsb edən mətnlərdən biridir.

Türklər qədim tarixə malikdir. Bu tarixi qədimlik əlimizdə olan müxtəlif elmi əsərlərlə də sübut edilmişdir. Burada XI əsrdə yaşamış alim Mahmud Kaşğarinin də rolu və xidməti böyük olmuşdur. Dərsliyin 150 və 151-ci səhifələrini əhatə edən Mahmud Kaşğarlı haqqında olan mətnlə şagirdlər həm məşhur türk alimini tanıyır, həm də onun tərtib etdiyi “Divani-lüğət-it-Türk” ensiklopedik xarakterli əsəriylə tanış olurlar. Bu əsər haqqında məlumat alarkən onlar türklərin qədim tarixə, geniş coğrafiayaya malik olduğunu öyrənirlər.

Biz 8-ci sinif dərsliyi ilə tanış olduqdan sonra belə bir qənaətə gəldik ki, dərslik həqiqətən də şagirdlərin vətənpərvər, vətənin milli-mənəvi dəyərlərini tanıyan və qoruyan, vətən üçün çalışan, milli ruhda yetişdirmək, tərbiyə etmək baxımından təqdirəlayiqdir.




Yüklə 90,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin