2.2. Mövzu baxımından səkkizinci sinif Azərbaycan dili dərsliyi
üzrə metodik vəsaitin təhlili.
Hazırda məktəblilərin istifadəsində olan 8-ci sinif “Azərbaycan dili” dərslik komplekt olaraq iki hissədən ibarətdir. Birinci kitab dərslikdir. Burada fənnin məzmunu əks olunur. Digər vəsait müəllimin metodiki hazılrığını təmin etmək üçün dərslik müəlliflərinin hazırladıqları metodik vəsaitdir. Metodik vəsaitdə fənnin əsas müddəaları, fənin məzmununa verilən tələblər, təlimin üsul və formaları, kurikulumun tələbləri, standartların şərhi, dərslərlə bağlı zəruri qeydlər öz əksini tapmışdır.
Metodiki vəsaitin əvvəlində müəllimin illik planlaşdırmasına aid nümunələr verilir. Eyni zamanda müəllimin fəaliyyətinin düzgün istiqamətləndirilməsi üçün bir çox əlavə şərh və izahlar verilir. Müvafiq olaraq bu metodiki vəsaitdə də həmin məlumatlar təqdim edilmişdir. Müəllim dərsliklə bərabər metodiki vəsaitdən istifadə etməli, metodik vəsait onun yol yoldaşı olmalıdır. Metodik vəsait dərslik müəllifinin onunla danışığı, məsləhətləşməsidir.
Qeyd edək ki, bu sinif səviyyəsində Azərbaycan dili fənninin tədrisi həftədə 3 saat nəzərdə tutulub. Buna uyğun olaraq müəllim dərslərini planlaşdırmalıdır.
Qüvvədə olan qiymətləndirmə qaydalarına görə hər bölmənin sonunda müəllim sinifdə həmin bölməyə aid materialların yoxlanılmasını əks etdirən summativ qiymətləndirmə keçirməlidir. Dərslik müəllifləri də buna müvafiq olaraq bütün bölmələrin sonunda metodik vəsaitdə KSQ nümunələri təqdim edilib.
Burada bir haşiyəyə çıxaraq əlavə izah vermək istəyirik ki, təəssüf ki, dərslikdəki əksər KSQ nümunələri müasir qiymətləndirmə tələblərinə cavab vermir. Azərbaycan dili fənninin məzmunu dörd hissədən ibarətdir. Buna uyğun olaraq hər bölmədə bu məzmun xətlərinə aid standartlar reallaşdırılmalıdır. Deməli, hər bölmənin sonunda da dörd məzmun xəttinin reallaşdırılması üzrə tapşırıqlar tərtib edilməlidir. Amma burada əksər tapşırıqlar dil qaydaları məzmun xətti ilə bağlıdır. Yarımillərin sonunda isə həmin müddətin materiallarını, məzmunun yoxlanılmasını əks etdirən böyük summativ qiymətləndirmələrin keçirilməsi nəzərdə tutulur. Buna uyğun olaraq qiymətləndirmə nümunələri təqdim edilmişdir.
Dərslikdə şagirdlərin şifahi və yazılı nitqinin formalaşması, dünyagörüşünün zənginləşdirilməsi məqsədilə verilmiş mətnlər məzmun baxımından altı bölmədə qruplaşdırılmışdır. Mətnlər nitq bacarığını (dinləmə, oxu, danışma, yazı) inkişaf etdirməyə xidmət edir. Linqvistik qaydalar, söz ehtiyatlarının zənginləşdirilməsi də mətnlərlə əlaqədar kompleks şəkildə fəaliyyətə yönəldilir. Müxtəlif üslubi imkanları nəzərə alaraq hər bölmədə məişət, bədii, elmi və kütləvi mətnlər təqdim olunmuşdur. Mətnlərlə iş elə qurulmuşdur ki, şagirdlər özləri həmin mətnləri müxtəlif formada işləyə bilsinlər. Sadədən mürəkkəbə istiqamətlənən bu tapşırıqlar şagirdlərdə cəmiyyətin müxtəlif sahələrində dil vasitələrindən istifadə vərdişləri formalaşdırır. Dialoqdan faktları seçib elmi-kütləvi mətnin yazılması, mətnin dialoqa çevrilməsi, fakt və ayrı-ayrı materiallardan istifadə edərək mətn, ssenari tərtib olunması, hekayə, inşa, esse yazılması bu qəbildən olan tapşırıqlardır. Dialoqlar (dialoq qurmaq) şagirdlərdə ünsiyyət qurmaq, informasiyanı başqaları ilə bölüşmək vərdişi, dialoqu mətnə çevirmək, alınan informasiyanı yazılı nitqə çevirmək bacarığı formalaşdırır.
Mətn üzərində iş üçün təqdim olunan “əsas faktları seç”, “giriş, əsas hissə, nəticəni müəyyənləşdir”, “hər bir abzası bir cümlə ilə ifadə et”, “genişləndir”, “qısa şərh et”, “ideyanı müəyyənləşdir”, “mətndən əsas faktları seçmək üçün suallar ver” və s. bu kimi tapşırıqlar da şagirdlərin mətnlə işləmək bacarığını inkişaf etdirməyə və formalaşdırmağa yönəlmişdir
Bütün dərslər bu istiqamətlərdə qurulur: oxuyub və ya dinləyib-anlama, danışma; söz ehtiyatının zənginləşdirilməsi (lüğətlərlə iş), linqvistik qaydaların yazılı və şifahi nitqə istiqamətləndirilməsi və yazı vərdişlərinin formalaşdırılması. Daimi debatlar, mühakimələr, müzakirələr faktların düzgün qavranılması, təhlili kimi bacarıqları formalaşdırır. Yəni bacarıqların formalaşdırılması dərs şəraitində sistemli şəkildə inkişaf etdirilməlidir. Dərslikdə verilmiş tapşırıqlar müxtəlifdir, lakin onların hamısı bir istiqamətə yönəlir. Bu tapşırıqlar şagirdin Azərbaycan ədəbi dilini mükəmməl şəkildə öyrənməsində və milli ruhda tərbiyə olunmasında xüsusi rola malikdir.
Metodik vəsait üzərində araşdırma apardıqda onun məzmun və strukturu ilə bağlı qənaətbəxş məlumatları görürük. Dərslikdəki materiallar o səviyyədə təşkil edilməli və tərtib olunmalıdır ki, müəllimin fəaliyyətinin planlaşdırlmasında müsbət nəticə əldə olunsun.
Yuxarıdakı yarımfəsildə mövzu cəhətdən təhlil etdiyimiz mətnləri metodik cəhətdən təhlil edəcəyik.
Bununla bağlı 8-ci sinif dərsliyində 4-cü mövzu kimi təqdim olunan dərsə nəzər salaq. Mövzu dərslikdə 17 və 18-ci səhifələri əhatə edir. Materialın tədrisi 2 dərs üçün nəzərdə tutulub. I dərsdə “1.1.2. Dinlədiyi fikrin məntiqiliyini əsaslandırır, 1.2.2. Əlavə materiallardan istifadə etməklə nitqini zənginləşdirir, 2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını nümunələrlə şərh edir, 3.1.1. Mövzuya uyğun müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər yazır” standartlarının reallaşdırılması nəzərdə tutulub. Bu standartlara uyğun olaraq dərsin məqsədləri müəyyənləşdirilib
Dil haqqında fikirlərini əsaslandırır.
Nitqində müvafiq məzmunlu şeirlərdən nümunə kimi istifadə edir.
Həqiqi və məcazi mənalı sözlərin mənasını aydınlaşdırır.
Mövzuya uyğun mühakimə xarakterli inşa yazır.
Dərsdə üzərində işlənəcək məqsədlər və standartlar müəyyən edir ki, burada dinləyib-anlama və danışma, oxu və yazı məzmun xətləri üzrə təlim fəaliyyət aparılacaq.
Dilimizin gözəlliyini anlatmaq, varlığımızın təməli olduğunu göstərmək baxımından bu əsər çox qiymətlidir. Dərsə anlayışın çıxarılması üsulundan istifadə etməklə başlanılır. Yönəldici suallar vasitəsilə şagirdlərdən “dil” sözü alınır. Dərsin növbəti mərhələsində şagirdlər müzakirələrə cəlb olunur. Şeir oxunulduqdan sonra dərslikdəki 1-ci tapşırıq yerinə yetirilə bilər. Şeirin oxusundan sonra diqqət dərslikdəki şəklə cəlb edilir. Şəkil üzərində iş aparılır. Şeirlə şəkil arasındakı əlaqə müəyyən edilir. Daha sonra dərslikdəki mətnə dair tapşırıqlardan 6 və 7-ci tapşırıqların həlli nəzərdə tutulur. Metodik vəsaitdə sonrakı mərhələdə 2 və 5-ci tapşırıqların yerinə yetirilməsi qruplarla, 8,9-cu tapşırıqların yerinə yetirilməsi isə cütlələrlə nəzərdə tutulub. Lakin düşünürük ki, tədqiqat zamanı bu iş formalarından birindən tam şəkildə istifadə daha səmərəli olar. Çünki nəzərə alsaq ki, dərs 45 dəqiqədir və həm qrupla, həm cütlərlə iş zamanı sinfin təşkilində xeyli vaxt itkisi ola bilər. Ancaq həmin tapşırıqlar, qruplarla yerinə yetirilsə, həm vaxta qənaət etmiş, həm də dərsin daha dərindən mənimsənilməsinə şərait yaratmış olar. Bundan əlavə, motivasiya mərhələsində anlayışın çıxarılması metoduyla deyil, daha effektiv bir şəkildə motivasiya yaratmaq olardı. Məsələn elə Bəxtiyar Vahabzadənin öz səsində bu şeiri şagirdlərə dinlətməklə motivasiya yaratmaq və daha sonra istiqamətləndirici suallarla yığcam müzakirə təşkil etmək mümkün ola bilər.
Başqa bir mövzuya nəzər salaq. “Tarixin daş yaddaşı” mətnii dərslikdə 30 və 31-ci səhifələri əhatə edir. Materialın tədrisi 2 dərs üçün nəzərdə tutulub. I dərsdə 1.1.2. Dialoqdakı fikrin məntiqiliyini əsaslandırır, 1.2.1. Auditoriyanın səviyyəsinə uyğun ifadə forması seçir, 1.2.3. Nitq etiketlərindən məqamında istifadə edir, 2.1.1. Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq qarşılığını tapmaqla şərh edir. 2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını nümunələrlə şərh edir. 2.2.3. Mətndəki fakt və hadisələri real həyatla müqayisə edir və əlaqələndirir.
standartlarının reallaşdırılması nəzərdə tutulub. Bu standarllara uyğun olaraq dərsin məqsədləri müəyyənləşdirilib:
Dialoqdakı fikrin məntiqiliyini əsaslandırır.
Mətni şagirdlərin başa düşəcəyi şəkildə nəql edir.
Müvafiq nitq etiketlərindən istifadə edir.
Sözlərin mənasını araşdırır.
Sözlərin həqiqi və məcazi mənasını aydınlaşdırır.
Dialoqdakı faktları müasir dövrlə müqayisə edir və əlaqələndirir.
Dərsdə üzərində işlənəcək məqsədlər və standartlar müəyyən edir ki, burada dinləyib-anlama və danışma və oxu məzmun xətləri üzrə təlim fəaliyyət aparılacaq.
Dərsə motivasiya məqsədilə aşağıdakı bayatıyla başlamaq olar.
Əzizim, bizim qala
Həmişə bizim qala
Tikmədim özüm qalam
Tikdim ki, izim qala.
Daha sonra yönəldici suallar vasitəsilə bayatıda ifadə edilən fikir ətrafında müzakirə aparılır, ümumi rəyə gəlinir. Müzakirə əsasında tədqiqat sualı formalaşdırılır. Tədqiqatın aparılmasına mətnin oxusuyla başlamaq məqsədə uyğundur. Mətnin oxusu zamanı dərslikdəki 3-cü tapşırığın tələbinə əməl edilməli və oxu zamanı 1-ci həyata keçirilməlidir. Metodik vəsaitə əsasən mətnin oxusundan sonra 7 və 10-cu tapşırıqları həm cütlərlə iş formasından istifadə etməklə, həm də kollektiv müzakirələr şəklində yerinə yetirmək olar. Bizə görə də tapşırıqların müxtəlif iş formalarından istifadə etməklə yerinə yetirilməsi məqsədəuyğundur. Dərslikdəki 8-ci tapşırıq 2.2.3. (Mətndəki fakt və hadisələri real həyatla müqayisə edir və əlaqələndirir.) standartının həyata keçirilməsinə xidmət edir. Tapşırığın yerinə yetirilməsi zamanı paytaxtımızdakı müvafiq tikililərin şəkil və video görüntülərini şagirdlərə təqdim etmək, yaxud da öz yaşayış ərazilərində diqqəti çəkən hər hansı bir müasir tikilinin görüntülərindən istifadə edilməsi məqsədə müvafiqdir.
Dərsin nəticə mərhələsində şagirdlərdə belə bir qənaət möhkəmlənməlidir ki, vətənə məxsus hər bir şey, keçmişdən bu günə qalan daş parçası da, əslində, onun sərvətidir. Bugünkü memarlığımız dünənimizə söykənir.
Qiymətləndirmə isə təlim nəticələrinə uyğun aparılır.
Bizə görə dərsdə təlim nəticələri sayca çox olsa da, dərsin mövzusu və tapşırıqlar həmin təlim nəticələrinə çatmağa imkan yaradır.
Dərsin 2-ci saatında 1.1.2. Dinlədiyi fikrin məntiqiliyini əsaslandırır, 3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni gözləməklə yazıya düzəlişlər edir, 4.1.2. Söz və söz birləşmələrinin sintaktik vəzifəsini müəyyən edir. standartlarının reallaşdırılması nəzərdə tutulub. Bu standarllara uyğun olaraq dərsin məqsədləri müəyyənləşdirilib:
Fikrin məntiqiliyini nümunələrlə əsaslandırır.
Cümlələr arasında əlaqəni gözləməklə yazıya düzəlişlər edir.
Söz və söz birləşmələri arasındakı əlaqələri müəyyən edir.
Dərsdə üzərində işlənəcək məqsədlər və standartlar müəyyən edir ki, burada dinləyib-anlama və danışma və oxu məzmun xətləri üzrə təlim fəaliyyət aparılacaq.
Dərs zamanı kollektiv, fərdi, qruplarla iş formalarından və sual-cavab, müzakirə, cəld yazı iş üsullarından istifadə məqsədəuyğundur.
Motivasiya mərhələsində müəllim lövhəyə bir neçə söz yaza bilər. “Bu sözləri necə əlaqələndirmək olar?” sualı ilə sinfə müraciət edib çalışmalıdır ki, uşaqlar həmin sözləri məna və qrammatik cəhətdən əlaqələndirə bilsinlər. Bizcə müəllimin dərsə bu sualla başlaması məqsədəuyğundur. Çünki bu dərsdə artıq müəllim şagirdlərə sintaktik əlaqələr haqqında məlumat verəcək.
Daha sonra metodik vəsaitə əsasən səhifə 32-dəki 14, 15, 16-cı tapşırıqlar qruplarda yerinə yetirilir. Sonra qrupların cavabları dinlənilir, müzakirə edilir. Müəllimin köməyi ilə şagird sintaktik əlaqələr haqqında məlumatı öyrənir. 17-ci tapşırıq üzərində iş aparır. Sonrakı mərhələdə Şagirdlər tabesizlik əlaqəsi ilə bağlanan sözləri tapır. Onlar arasında olan sadalama intonasiyasını tabesizlik bağlayıcıları ilə əvəz edilə biləcəyini də aydınlaşdırırlar. Ümumiləşdirmə mərhələsində 18-ci tapşırıq yerinə yetirilir.
Nəzərə alsaq ki, dərs 45 dəqiqədir və dərslikdəki dil qaydası çox qısadır. Bu zaman deyə bilərik ki, verilmiş tapşırıqlar dərs üçün yetərsizdir.
Ümumilikdə metodik vəsait haqqında belə bir qənaətə gələ bilərik ki, metodik vəsait qənaətbəxş hesab etmək olar. Yalnız bəzi mövzuların motivasiya mərhələsini daha effektiv təşkil etmək, şagirdlər üçün daha cəlbedici tapşırıqlar verilə bilərdi. Eyni zamanda bəzi mövzuların tədrisi 45 dəqiqə üçün çox az nəzərdə tutulmuşdur.
Düşünürük ki, növbəti nəşrlər zamanı bütün bu xırda nüanslar aradan qaldırılmış olacaq.
Dostları ilə paylaş: |