GİRİŞ
Mövzunun aktuallığı. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyildir. vətənpərvərlik həm də vətənin naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək,vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır.
Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən
olub. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır. Ulu öndərimiz, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev məhz buna görə də vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verir və bunu çıxışlarında dönə-dönə müəllimlərə tövsiyə edirdi. Təhsil işçiləri ilə çoxsaylı görüşlərinin birində böyük öndər demişdir: "Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin".
Müəllimlər də öz növbəsində fəaliyyətlərində ulu öndərin bu tövsiyəsini həmişə diqqət mərkəzində saxlayır və ona əməl etməyə çalışır.
Məlumdur ki, təlim-tərbiyə işinin bütün sahələrində, istiqamətlərində olduğu kimi vətənpərvərlik tərbiyəsinin də əsası orta məktəbdə qoyulur.
XX əsrin sonlarından etibarən ölkəmizdə həyata keçirilən təhsil islahatında Azərbaycan təhsilini bütün parametrlərdə inkişaf etdirmək, onu dünyanın təhsil məkanında yüksək səviyyəyə çatdırmaq əsas vəzifələrdən biri kimi qarşıya qoyulmuşdu. Bu, müstəqil Azərbaycanın taleyüklü problemi kimi hamını, xüsusən də pedaqoji ictimaiyyəti daha çox düşündürürdü. Azərbaycan təhsilinin mütərəqqi dünya təhsilinə inteqrasiya olunmasında önəmli rol oynayan, onun müasir ruhlu vətəndaşlarını formalaşdıran «yeni təhsil sistemini yaratmaq» qloballaşan dünyanın tələbləri baxımından vacib hesab edilirdi. Ona görə də ölkəmizdə qəbul olunmuş İslahat Proqramında təhsil sahəsində görüləcək işlərin mühüm istiqamətləri müəyyənləşdirildi. Onlardan biri təhsilin məzmunu və metodikasında görüləcək işləri əhatə edirdi. Orada göstərilirdi: «Əmək bazarına tələbatın formalaşması ilə bağlı tədris proqramının, təhsilin məzmunu və metodikasının yeniləşdirilməsi. Burada əsas meyil respublika iqtisadiyyatının başlıca inkişaf istiqamətlərinə, eləcə də humanitar və ictimai fənlərin məzmununun keyfiyyətinin yüksəldilməsinə yönəldilməli, günün tələblərinə cavab verməyən proqramlar, metodikalar və səmərəsiz təhsil fəaliyyətləri aradan qaldırılmalıdır» (12, 34)
Göründüyü kimi, islahatyönümlü fəaliyyətlərdə təhsilin məzmun komponentinin yeniləşdirilməsinin zəruriliyi xüsusi qeyd olunmaqla onun reallaşdırılması aktual problem kimi göstərilir. Hətta təhsilin şəxsiyyət meyarları əsasında humanist prinsiplərə istinad olunmaqla yeniləşdirilməsindən bəhs edən psixoloq alimlərimiz məzmunun yeniləşdirilməsini vacib hesab edirdilər. Professor Ə.Əlizadə yazırdı ki, «90-cı illərdə təhsilin humanistləşdirilməsi ideyaları kontekstində təhsilin məzmununun müəyyənləşdirilməsi sahəsində yeni meyar – şəxsiyyət meyarı əmələ gəlmiş və bərqərar olmuşdur» (24, 16)
Təbii ki, yeni məzmun dedikdə, ilk növbədə, yeni təhsil proqramları (kurikulumları) və müasir dərsliklər başa düşülür. Ümumtəhsil məktəbləri üçün belə dərsliklərin hazırlanması təhsil islahatının tələbi hesab edilir. Ona görə də təhsil islahatının gedişi zamanı təhsilin məzmununu ifadə edən mühüm komponentlərdən biri kimi, dərsliklərin yaradılmasına xüsusi əhəmiyyət verilmişdir. Artıq Azərbaycanda qəbul olunmuş dərslik siyasətinə uyğun olaraq müasir dərsliklərin hazırlanmasına başlanılmışdır.
Bu gün biliklərlə bərabər, bacarıqlara, şagirdin təfəkkürünün inkişaf ertdirilməsinə istiqamətlənmiş təlim-tərbiyə prosesinin təşkili təhsil sisteminin əsas prioritetlərindəndir. Məktəblilərin idraki qabiliyyətlərinin, ünsiyyət və psixomotor bacarıqlarının inkişaf etdirilməsi, onların gələcək həyata lazımi dəyərlərlə atılması prosesinin təmin olunması ən zəruri təhsil məqsədlərindəndir. Şagirdin məntiqi, tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirilməli, o, ətraf aləm, onunla bağlı olan cisim və hadisələrin daxili mahiyyəti, bir-biri ilə bu və ya digər müxtəlif vəziyyətlərdə münasibətdə olan obyektlərin əlaqə xüsusiyyətlərini müəyyənləşdirmək, çevik qərarvermə bacarıqlarına sahib olmalıdır. Bunun üçün şagirdin istifadəsində lazımi tədris resurslarının olması çox zəruridir.
Bu resurslar içində dərsliklərin xüsusi rolu və çəkisi vardır. Dərslikdəki materiallar şagirdin əqli bacarıqlarını inkişaf etdirmək, onun təfəkkürünü lazımi səviyyədə formalaşdırmaq, təxəyyülünü gələcək elmi və əmək fəaliyyəti üçün lazımi formada kökləmək vəzifəsini həyata keçirməlidir.
Şagirdin təfəkkürünü inkişaf etdirmək, təhsilin, təlimin keyfiyyətinin yüksəldilməsi ilə bağlı bütün məqsədlər, standartlar və s. tapşırıqlarla, oyun və digər vasitələrlə reallaşdırılmalıdır. Tapşırıqlar, müxtəlif məzmunlu çalışmalar şagird təfəkkürünün, istedadının formalaşmasında əsas amildir. Bunun üçün mükəmməl düşünülmüş, özündə müxtəlif məntiqi və tətbiqi məqamları birləşdirən tapşırıqlar, materiallarla zəngin dərsliklərə ehtiyac vardır.
Bu mənada dərsliklər və onun məzmunu o dərəcədə maraqlı və cəlbedici olmalı, şagirdlərin təfəkkür və əqli bacarıqları o səviyyədə mükəmməl inkişaf etdirilməlidir ki, uşağın istəklərinə, marağına, dövrün sosial tələblərinə, dövlətin və xalqın ümumi marqlarına cavab versin.
Buraxılış işində dərsliklərdə vətənpərvərlik mövzusuna aid mətnlər və onların didaktik xüsusiyyətləri təhlil edilmiş, şagird şəxsiyyətinə təsiri araşdırılmışdır.
Dostları ilə paylaş: |