NƏTİCƏ
Dövrümüz özünün mürəkkəb və qarışıq sosial-iqtisadi, mədəni durumu ilə seçilir, fərqlənir. İnsanların bir-birinə yadlaşması, tənhalıq problemi, laqeydlik, vərdiş etdiyimiz qaydaların pozulması, ənənəvi ailə modellərinin dəyişməsi, ailədaxili gərginliklər, sosial mediyanın hər kəsin iç dünyasına birbaşa daxil olması, qloballaşmanın gətirdiyi aşkar sərbəst davranış uşaqların, gənclərin, eləcə də böyüklərin şüuruna müəyyən təsirlər göstərmiş, fərqli sosial baxışlar formalaşdırmışdır. Bunlar da tədris fənlərinin qarşısında həlli vacib olan yeni problemlər qoyur.
Bu mənada orta məktəblərdə Azərbaycan dili fənninin tədrisi şagirdlərin təlim fəallığının artırılması, onlarda milli və bəşəri dəyərlərin formalaşdırılması, vətənə sevginin, dövlətimizin yüksək tutduğu ali dəyərlərə hörmət aşılanması, şəxsiyyətin mənəvi tərbiyəsinin təşkil edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Şagirdlərin bilik və bacarıqlarının formalaşmasında lazımi fənn materiallarının seçilərək dərsliklərə daxil edilməsi, böyüyən nəslə qədərincə öyrədilməsi xüsusən indiki mürəkkəb mədəni-ideoloji fikir mübarizələri çağında xüsusi zərurətə çevrilmişdir. Yaddaş məktəbindən təfəkkür məktəbinə, ənənəvi təhsil proqramlarından yeni fənn kurikulumlarına, yeni təlim üsul və formalarına keçidi zərurətə çevrilmiş müasir ictimai şüur və sosial münasibətlər hər bir tədris fənni kimi Azərbaycan dili üçün də yeni yol starategiyasını müəyyənləşdirmişdir.
Diplom işində yuxarıdakı məqamlarla əlaqəli yanaşmalar təhlil edilmiş, araşdırılmışdır. Azərbaycan dilindən fənn kurikulumunda təlim tərbiyə məsələləri, mətnin məzmun təhlili anlayışı, mövzu baxımından 8-ci sinif Azərbaycan dili dərsliyinin təhlili, mövzu baxımından 8-ci sinif Azərbaycan dili dərsliyi üzrə metodik vəsaitin təhlili kimi məsələlər tədqiq edilmişdir.
Tədqiqat işi zamanı müəyyən olunmuşdur ki,şagirdlərdə vətənpərvərliyin, milli-mənəvi dəyərlərin formalaşdırılması baxımından dərslik qənaətbəxş hesab oluna bilər. Dərslikdəki mətnlərdən əlavə, tapşırıqların da bəzilərinin bu yöndə qoyulması, şagirdlərə nəzəri biliklərlə yanaşı, bu tip dəyərlərin aşılanması müsbət bir haldır.
Ancaq, düşünürük ki, gələcək nəslin vətənə, milli dəyərlərə, milli dövlətçilik ənənələrinə sadiq yetişməsini təmin etmək üçün, onlarda yüksək mənəvi dəyərlər formalaşdırmaq üçün dərslikdəki vətənpərvər mövzuların artırılmasına ehtiyac var.
Gələcəkdə Azərbaycan dili dərsliklərinin bu yöndə daha da təkmilləşərək yüksək səviyyədə çap olunacağına əminik.
Dostları ilə paylaş: |