Oxu dərslərində müəllimin bütün fəaliyyəti ona yönəlməlidir ki, şagird oxunun onun həyatındakı əhəmiyyətini dərk etsin. Dərk etsin ki, oxunan səhifələr vasitəsilə bütün dünyanı qavramaq, gözəl söylənmiş bir hekayədən zövq almaqla bərabər, həm də uğur qapılarını öz həyatına açmaq olar. Elə şagirdlər də var ki, oxu prosesində ciddi problemlərlə üzləşir. Həmin şagirdləri oxuya cəlb etmək və gələcəkdə ömür boyunca öyrənənlər olmasını təmin etmək üçün onlara maraqlı kitablar təqdim etmək lazım gəlir.
Şagirdlər sinifdən-sinfə keçdikcə onlara təqdim edilən mətnlər müəllim tərəfindən diqqətlə təhlil edilib, seçilməlidir. Oxu materialının məzmununun dərk edilmə səviyyəsi mətndə işlənən sözlərin anlaşılmasından çox asılıdır. Müəllim oxu mətnində işlənən sözlərin izahı üzrə işi düzgün təşkil etməzsə, oxunun səmərəliliyindən danışmağa dəyməz.
Lüğət işinin diqqət mərkəzində saxlanılması mətnin məzmunun dərk olunmasına imkan verir. Bu zaman müəllim sinifdəki şagirdlərin idrak səviyyəsini, əldə edilən nailiyyətəri və boşuqları nəzərə almalıdır.
Əgər oxu üçün seçilən mətn çox asan olarsa, o strategiyalı oxuya heç bir ehtiyac yaratmaz. Oxu materialı çox mürəkkəb olarsa, şagirdi oxudan uzaqlaşdırar və oxuya olan marağını azaldar. Məzmunun səviyyəsi məsələsində elə seçim edilməlidir ki, şagird mətnin mənasını dərk etmək üçün ardıcıl və mütəşəkkil fəaliyyətdə olmaq ehtiyacı duysun. Sinifdə təhsil alan şagirdlərin idraki səviyyələri və oxu bacarıqlarının fərqli olduğu nəzərə alınaraq onlara təqdim olunan oxu materiallarının da bir neçə səviyyədə olmasını təmin etmək lazımdır. Mətnlər mürəkkəblik baxımından müxtəlif səviyyələrdə olsalar da, semantik baxımdan əlaqəli olmalıdır ki, mövzular bir-birini tamamlasın, bir dərsdə müxtəlif problemlər ətrafında müzakirələr açılmasın. Oxu startegiyasının tətbiqinin ilkin mərhələsində müəllim kiçik mətnlər üzrə şagird fəalyyətini təşkil etməlidir. Qısa mətnlər üzrə gözlənilən nəticələr əldə ediləndən sonra, artıq geniş mətnlər üzrə strategiyalı oxu fəaliyyətini təşkil etmək olar.
Şagird mövqeyindən problemə nəzər salaq. Ümumiyyətlə, oxuya belə bir münasibət formalaşıb: əgər şagird sözləri ucadan və düzgün oxuyursa, deməli, o oxuyur. Səlis və ifadəli oxuya bilməyən uşaqlar isə pis oxucular hesab edilirlər. Bu yanaşmada bir həqiqət olsa da, etiraf etmək lazımdır ki, biz çox hallarda ucadan və yaxşı oxuyan uşağın oxuduğunun mənasını dərk etmədiyinin şahidi oluruq. Eyni zamanda əksinə, mətni çətinliklə oxuyan şagirdlərin əsas fikri dərk etdiyini və təhlillər apardığını müşahidə edirik. Bütün bu kimi hallar deməyə əsas verir ki, savadlı olmaq hələ sıra ilə əvvəl sözləri düzgün yazmaq, onları düzgün oxumaq və sonra mənasını izah etmək kimi deyil, qarşılıqlı əlaqəli məsələlər kimi dəyərləndirilməlidir. Bu qəbul edilmiş həqiqətdir ki, yaxşı oxucu mətndəki çətin sözlərin mənasını tapır, janrını müəyyənləşdirir, simvollardan istifadə edir. Amma bu da yaxşı oxucu olmağın bütün şərtləri deyil. Bunun üçün əslində daha geniş aspektdə fəaliyyət göstərmək lazımdır. Belə ki, şagirdlər oxudan əvvəl, oxu zamanı, oxudan sonra anlamanı idarə etmək, suallar vermək, nəticələr çıxarmaq, əlaqələndirmək, ümumiləşdirmək, inteqrasiya etmək və dərk etməklə fəal düşünənlərə çevrilirlər.
Oxu dərsləri şagirdlərin lüğət ehtiyatını zənginləşdirmək baxımından çox mühüm və zəruri bir mənbədir. Oxu dərslərində lüğət üzrə işi əsasən yeni sözlərin izahı, həmin sözlərin şagirdlərin fəal lüğət ehtiyatına daxil edilməsi, nitqinin sinonimlər, omonimlər, çoxmənalı sözlər, antonimlər, obrazlı sözlər, obrazlı ifadələr hesabına zənginləşdirilməsi şəklində aparılmalıdır.
Müşahidələr göstərir ki, bəzi müəllimlər oxu dərslərində lüğət üzrə işi bir neçə çətin sözün izahı kimi başa düşürlər. Yəni oxunan mətnin içərisindəki bir neçə çətin sözü izah etməklə lüğət üzrə işi bitmiş hesab edirlər. Bunun əksinə olaraq, bir sıra müəlimlər mətndəki bütün sözləri izah edir, mətni oxumağa, məzmun üzrə iş aparmağa vaxt qalmır. Müəllim oxu prosesində lüğət üzrə işi necə təşkil etməlidir? Tədqiqatlardan belə nəticəyə gəlinmişdir ki, müəllim oxu dərslərində lüğət üzrə iş apararkən aşağıdakı məsələləri nəzərə almalıdırlar:
İzah ediləcək sözün mətnin ideya və məzmunu ilə bağlılıq dərəcəsi.
İzah ediləcək sözün xarakteri.
İzah ediləcək sözün izahı yolları.
İzah ediləcək sözün şagirdin təfəkkürünün inkişafına təsiri.
İzah ediləcək sözün qrammatika və orfoqrafiyanı mənimsəməyə kömək göstərmək dərəcəsi.
İzah ediləcək sözün aktiv və ya passiv lüğətə daxil edilməsi məsələsi.