Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova


I FƏSİL Oxu təlimi haqqında.Oxu mədəniyyəti ümumi mədəniyyətin, dünyagörüşünün göstəricisi kimi



Yüklə 0,51 Mb.
səhifə2/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   2   3   4   5   6   7   8   9   ...   70
C.Nabat Monoqrafiya

I FƏSİL
Oxu təlimi haqqında.Oxu mədəniyyəti ümumi mədəniyyətin, dünyagörüşünün göstəricisi kimi


Qloballaşmanın getdiyi indiki şəraitdə məktəb qarşısında tənqidi tə­fək­kü­rə malik şəxsiyyət (şagird) yetişdirmək məsələsi ön plana çəkilir. Xalqımızın maarifpərvər ziyalıları bütün zamanlarda gənc nəslin oxumasını, savadlanmasını cəmiyyətin tərəqqisində mühüm amil olduğunu söyləmişlər.
Tarixi, maddi-mənəvi irsimizin qorunub saxlanılmasında, gələcək nəsillərə ötürülməsində isə kitab oxumağın çox böyük rolu vardır. İnsanlar həyatı həm yaşayaraq, həm də oxuyaraq öyrənirlər. Oxu kitablarda, yazılı mənbələrdə olan məlumatları mənimsəməyə yönələn kommunikativ fəaliyyətidir. Belə ki, burada qarşılıqlı olaraq müxtəlif tərəflər fəaliyyət göstərir. Məsələn, müəlliflər, çap olunan material və ya əsər, onu oxuyan şəxs (şəxslər), böyük oxucu kütləsi və b.
Tədrisin qarşısındakı vəzifələrə uyğun olaraq oxucunun kim olduğu anlayışının izahını vermək mütləqdir. Oxu (mütaliə) hər bir fərd tərəfindən həyata keçirilsə də məzmun etibarı ilə cəmiyyət üzvlərinə, onların maraq və istəklərinə istiqamətləndiyi üçün çoxluğun tələbinə çevrilə bilir.
Oxuya tələbatın yaradılması qayğısına qalmaq, onu vərdişə çevrilməsinin vacibliyini düşünmək valideynlərin işi olsa da, bu işin elmi zəmində həyata keçirilməsi ibtidai sinif müəllimlərinin vəzifə borcudur. Oxuya maraq məhz bu dövrdən formalaşdırılmalıdır.
Oxu mədəniyyəti ümumi mədəniyyətin, dünyagörüşünün göstəricisi kimi, onun mühüm komponenti kimi çıxış edir. Oxu mədəniyyəti oxumağı həyati tələbat səviyyəsində dərk edən insanlara xas xüsusiyyətdir.
V.A.Flerovanın fikrincə, oxunun başlıca prinsipi şagirdlərin düşüncəsini inkişaf etdirməkdir. Belə olduqda şagird oxuyaraq yaşamağı bacaracaqdır. Birinci sinifdə hərflərdən hecalar, hecalardan sözlər düzəldərək ilk dəfə oxu texnikasına yiyələnməklə bağlı hər kəsin bir çox təsəvvür və xatirələri vardır.
Oxunun psixoloji xüsusiyyətlərini öyrənən psixoloq D.B.Elkonin oxunu sözün səs formalarının onların qrafik (hərf) modeli üzrə yenidən hasil olması prosesi kimi dəyərləndirir [19, s. 17]. Oxu təlimi, oxu bacarıqlarına yiyələnmə təqdim olunan mətni dərk edərək, düzgün, rəvan, şüurlu, ifadəli oxuya bilmək qabiliyyətini formalaşdırır. Bu zaman şagird oxunmuş materialın məzmununu nəql edir, ona öz münasibətini bildirir, təhlil edir, hadisələri həyatla əlaqələndirir.
Oxu təhsilin əsas funksiyalarından biridir. Oxu şagirdlərin söz ehtiyatını zənginləşdirir, nitqini (şifahi və yazılı), özünüifadə bacarıqlarını inkişaf etdirir. Ən əsası Azərbaycan dilinə yüksək səviyyədə yiyələnmə baş verir.
Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsi müzakirə olunarkən ulu öndər Heydər Əliyev demişdir: “... Dilimiz zəngindir, çox ahəngdar dildir, dilimizin söz ehtiyatı çox böyükdür”[4, s.2].
Yazıçı, müəllim, ictimai xadim Abdulla Şaiqin söylədiyi kimi: “Dilimiz olduqca gözəl, və məntiqə müvafiq dildir”[3, s.128]. O cümlədən “Dil mədəniyyətin açarıdır. Dil hər zaman xalqların ictimai, siyasi və mədəni həyatında böyük yer tutmuş və tutmaqdadır”[3, s.389].
Dövlət dilinin tədrisində yüksək nəticəyə nail olmaq, bu sahədə işləri gücləndirmək ibtidai siniflərdən başlanılır. Məhz bu dövrdən başlayaraq bütün səviyyələrdə Azərbaycan dilinin inkişafını, yad təsirlərdən qorunmasını diqqət mərkəzində saxlamaq lazımdır. Azərbaycan dilinin bütün incəlikləri ilə tədrisi qayğısına qalmaq müəllimlərin şərəfli vəzifə borcudur. Bu işdə ibtidai sinif müəllimlərinin də böyük məsuliyyəti vardır. Çox da sadə olmayan bu məsələləri: şagirdlərə oxu və yazı bacarıqlarının aşılanmasını ibtidai sinif müəllimləri həyata keçirirlər. Onlar bu fənnin daha yaxşı öyrənilməsinə xidmət göstərən oxu texnikasını, oxu mətnlərinin düzgün, rəvan, şüurlu, ifadəli oxusunu, yazı və qrammatik qaydaları şagirdlərə öyrədirlər. Yalnız Azərbaycan dili müəllimləri yox, digər fənn müəllimləri də öz fənni üzrə şagirdlərə oxumağı, yazmağı öyrətməli, bunun vacib bir məsələ olduğunu qəbul etməlidirlər.
Azərbaycan dilinin öyrənilməsi şagirdlərin fonetika, orfoqrafiya, orfoepiya, leksika və qrammatika haqqında ilkin biliklərə yiyələnməsinə imkan verir. Bu zaman şagirdlərin rabitəli nitqi ədəbi dil normalarına uyğun formalaşır.
İbtidai siniflərdə oxu təlimi prosesində ədəbiyyat kursuna dair sadə anlayışlar şagirdlərin diqqətinə çatdırılır, oxu və nitq inkişafında yeni məzmun yaradılır. Şagirdlərin düzgün, rəvan, şüurlu və ifadəli oxusu ibtidai siniflərdə əsas prioritet sahələrdən biri kimi qarşıda durur. Bu dövrdə şagirdlər oxuya nə qədər səmərəli yiyələnırsə, bu onların şifahi nitqinin zənginləşməsinə gətirib çıxarır və şagird təfəkkürünün inkişafı məqsədini güdür. Bundan əlavə, mətn oxunur, onun məzmunu müzakirə olunur, sual-cavab təşkil edilir, məzmun şəkillərlə əyaniləşdirilir, ayrı-ayrı sözlər, ifadələr, cümlələr təhlil edilir. Obrazlı nitq üzrə müvafiq işlərin aparılması nəzərdə tutulur. İbtidai sinif müəllimləri şagirdlərdə müsbət iradi vərdişlərin yaranmasına, onların şəxsiyyət kimi formalaşmasına, inkişafına təkan verən tərbiyəvi və inkişafetdirici işlərin aparılmasına görə məsuliyyət daşıyırlar.
İbtidai siniflərdə tədrisin mühüm vəzifələrindən biri oxu bacarıq və vərdişlərinin yaradılmasıdır. Şagirdlərin kitab oxumaq marağının təmin olunması mühüm məsələdir. Onların oxuya olan maraq və məhəbbətinin yaradılması günün aktual problemlərindən biridir. Müşahidələr bunu deməyə əsas verir ki, şagirdlərin əksəriyyəti kitabı yalnız qiymət almaq xatirinə oxuyur, onlarda mütaliə etmək, daha çox oxumaq həvəsi demək olar ki, çox aşağı səviyyədədir. İbtidai siniflərdə oxu bacarıqlarını necə yüksəltmək olar? Buna nail olmaq üçün nə etmək lazımdır? Məqsəd heç də şagirdləri bütün fəaliyyətlərdən uzaqlaşdırmaq, vaxtının çoxunu oxuya həsr etmək demək deyildir. Hər bir fənn müəllimi şagirdləri oxuya, daha doğrusu, strategiyalı oxuya yönləndirməli, oxunun, mütaliənin təkcə dərslərdə deyil, müstəqil həyatında, uğur qazanmalarında mühüm rol oynayacağını onlara inandırmalıdır.
Oxunun şagird nitqinə güclü təsiri danılmaz faktdır. Oxu prosesində şagirdlər ədəbi tələffüz normalarına əməl etməyə yönləndirilir, orfoepiya və intonasiya komponentləri praktik olaraq onlara mənimsədilir. Savad təliminin ilk günlərindən, oxu dərslərinin təşkilindən başlayaraq şifahi nitqin inkişafı qayğısına qalınır.
Oxu təliminin təşkili şagirdlərdə materialın məzmununu nağıletmə qabiliyyətini və bu zəmində şifahi nitq bacarıqlarını formalaşdırır, təfəkkürünü inkişaf etdirir. Metodist alim A.Abdullayev yazırdı: “...Qiraət savad uğrunda aparılan mübarizənin mühüm sahələrindən biridir. Qiraət insan şüurunun təşkilində mühüm rol oynayır. Düzgün qiraət işində sözləri düzgün oxumaq, heca buraxmamaq, sözlərin axırlarını aydın demək cəhətləri nəzərdə tutulur” [1, s.46].
Fonematik eşitmə qavrayışı savad təlimi dövrü üçün zəruri əhəmiyyətə malikdir. Nitq prosesində səslərin öz məxrəcində tələffüzü şagirdin fonemləri eşitməsinin göstəricisidir. Belə ki, ədəbi tələffüz vərdişlərinin mənimsənilməsi nitqə aydınlıq gətirir, söylənilən fikrin dərk olunmasını asanlaşdırır, məzmunun dolğun çatdırılmasına səbəb olur.
Oxu prosesində müxtəlif səslər birləşərək sözləri yaradır, şagird əvvəlcə çətinliklə səsləri hecalarda, sözdə birləşdirə bilir, sonradan isə şagird oxumağa başlayır.
Psixoloq D.B.Elkoninin oxu bacarığının yaranmasında fonematik eşitmənin vacibliyini əsaslandırmışdır[25]. Səslər eşitmə və hərflər görmə qavrayışına aiddir və onlar birlikdə assosiasiya yaradır və söz və ifadələrin, cümlələrin düzgün anlaşılmasında, yazılmasında mühüm rol oynayır. Azərbaycan dili I sinif şagirdlərinin ilk qiraət (oxu) və dil qaydaları kitabıdır. Savad təlimindən yenicə ayrılmış, ilk qiraət vərdişləri qazanmış şagirdlər “Azərbaycan dili”nin köməyi ilə bir tərəfdən qiraət vərdişlərini inkişaf etdirərək, təbiət və cəmmiyyət haqqında müstəqil biliklər əldə etməyi öyrənəcək, yüksək insani hisslərə yiyələnəcək, digər tərəfdən, dilimizin qrammatik qanunları ilə tanış olacaq, düzgün danışmaq, savadlı yazmaq kimi mühüm vərdişlərə yiyələnəcəklər [9, s.3].
Psixoloq L.M.Şvarts yazırdı ki, sözlərin hecalara ayrılmasını bilməyən adam düzgün oxumağı bacarmayacaqdır, onun yazmasına dair danışmağı düşünmək belə olmaz. Heca texnikasına yiyələnməklə şagirdlər sözlərin oxunmasını mənimsəməkdə çətinlik çəkmirlər. İlk oxu texnikasının yaradılması üçün sözlərin hərflələ oxusundan “qaçmaq” lazımdır, çünki belə hal oxunun ağırlaşmasına səbəb olur: baba sözü oxunduqda şagird dörd səsli sözü (baba) altı səsli (bıabıa) kimi təqdim edir. Açıq hecalar oxunun oriyentidir. Açıq hecalarla iş aparan müəllim şagirdlərin oxu bacarıqlarını müvəffəqiyyətlə inkişaf etdirir. Məhz oxunun əsas metodunu səs-heca təhlil-tərkib təşkil edir. Yəni əvvəlcə sözun təhlili aparılır (sözün səslərə, hecalara ayrılması), sonra isə sözün tərkibi (səsin hecada, hecanın sözdə birləşməsi) tamamlanır.
Metodist alim A.Abdullayevin qeyd etdiyi kimi, sözlərin quruluşunun öyrənilməsi anlayışının verilməsi sözlərin hecalara və səslərə ayrılması və ayrılmış səslərin hecada, hecaların isə sözlərdə birləşdirilməsidir.
Şagirdlər bu zaman oxunan sözü bütöv tələffüz etməyi və sözdəki səsləri dərk etməyi öyrənirlər[1, s.27]. Şagirdlər öyrənirlər ki, səslər nitqin, yəni sözün, həmçinin hecanın elementləridir. “Deməli, oxu texnikasına hecalarla oxu ilə başlamaq lazımdır… . Təhlil-tərkib proseslərinin qarşılıqlı əlaqəsi bunu təmin edən mühüm şərtlərdən biridir” [14, s.103]. İbtidai siniflərdə oxu təlimi mühüm əhəmiyyət kəsb edir. Oxu təlimindən kənar hansı iş növləri oxunu əvəz edə bilər, bunu təsəvvür etmək qeyri-mümkündür. Düzgün, sürətli, şüurlu və ifadəli oxumaq oxu qarşısında duran əsas tələblər olsa da, onların praktik olaraq tətbiqinə nail olmaqda şagirdlərin lazımi qədər dəstəyə ehtiyacı vardır. Oxu, oxunun tədrisindəki çətinliklərin dəf edilməsi, şagird fəaliyyətinin məhsuldarlığı oxu təliminin səmərəli təşkilindən çox asılıdır. Odur ki, yeni oxu təlimi strategiyalarından, fəal təlim üsullarından istifadə etməklə mətnin düzgün, rəvan, şüurlu, ifadəli oxusunun təşkilinə nail olmaq olar. Bu isə öz növbəsində oxu üzrə təlim nəticələrinin yüksəldilməsinə geniş imkanlar yaradır.
Savad təlimi dövründə oxunun həyata keçirilməsində bir sıra cəhətlər gözlənilməlidir:
1) dildəki səslərin öz məxrəcində tələffüzünə əməl edilməlidir;
2) oxu və yazının fərqi izah edilməlidir;
3) oxu zamanı orfoepiya qaydaları və intonasiyanın komponentləri nəzərə alınmalıdır;
4) oxu təlimində düzgünlüyə, sürətə, şüurluluğa və ifadəliliyə diqqət yetirilməlidir [16, s.6 ].
Azərbaycan Respublikasının I-IV siniflər üçün Azərbaycan dili üzrə fənn kurikulumunda ümumi təlim nəticələri öz əksini aşağıdakı kimi tapmışdır.
Şagird:

  1. mətni düzgün, sürətli, ifadəli, şüurlu oxuyur;

  2. müxtəlif mətnləri bütöv sözlərlə səsli və səssiz oxuyur;

  3. oxuduğu mətnlərin məzmununa münasibət bildirir;

  4. mətnin hissələri arasında məna əlaqələrini müəyyənləşdirir;

  5. bədii və elmi-kütləvi mətnləri fərqləndirir.

Şagirdlərin təlim nəticələri, onların reallaşdırılması, təlimin səmərəliliyi düzgün oxuya malik olmaqdan, innovativ üsullardan istifadə etməkdən çox asılıdır. Oxunun düzgün təşkili dedikdə isə strategiyalı oxu nəzərdə tutulur. Düşünməklə oxunun idarə edilməsi, şagirdlərin öz oxusunu nəzarətə almağa cəlb edilməsi strategiyalı oxunun əsasını təşkil edir.
Dərs nümunəsinə nəzər salaq:

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin