1.Təkrar etmədən (geri qayıtmadan) oxu. İbtidai sinif şagirdləri mətni oxuyarkən tez-tez geri qayıdır və təkrar oxuyurlar. Belə təkrar oxuya və ya oxuda geri qayıtmalara təkcə kiçikyaşlı məktəblilərdə təsadüf edilmir, müəyyən qədər təcrübəli oxucularda da bu hala rast gəlinir.
Sürətli oxu metodikası isə mətnin axıracan oxunmasını və zəruri hallarda təkrar oxuya yol verilməsini məqbul sayır. Ehtiyac olmadan təkrar oxuya yəni oxuda geri qayıtmalara yol verilməməlidir, çünki bu zərərli oxu vərdişinə çevrilə bilər, onun islahı isə çətinliklər törətməklə, mütaliəyə marağı azaldacaqdır. Şagird hər sətri iki dəfə oxuyarsa, bu ənənəvi ləng (astagəl) oxunun göstəricisinə çevriləcəkdir. Onu da qeyd edək ki, oxuda bu cür geri qayıtmalar mətnin mürəkkəbliyi ilə yox, daha düzünü desək, diqqətsizlikdən qaynaqlanır. Odur ki, şagirdləri geri qayıtmalardan uzaqlaşdırıb sürətli oxuya yiyələndirmək lazımdır.
Bəzən bu halda məqsəd oxu mətnindəki yeni ideyaları daha yaxşı mənimsətmək də ola bilər. Belə olduqda şagird bəzi faktları detalları, fikirləri dəqiqləşdirməyə can atır və mətni yenidən, diqqətlə, təkrar oxuyur.
2.İnteqral alqoritm üzrə oxu. Belə oxu təfəkkürün qavrama səviyyəsinin düzgün seçilməsi və lazımı məlumatların əldə edilməsinin optimallığının, səmərəliliyinin təşkilidir.
Qarşıya qoyulan məqsəddən və oxunun vəzifələrdən asılı olaraq şagirdin oxu texnikası fərqlənməlidir. Təcrübələr göstərir ki, inteqral alqoritmlə oxu sürətini iki dəfədən çox artırmaq mümkündür. Bunun üçün mətnin oxunmasına dair işi planlaşdırarkən aşağıda qeyd olunanları nəzərə almaq lazımdır:
fikrin ifadə vasitələri;
müəllifə sualların verilməsi;
oxu materialının həyatla inteqrasiya imkanları.
3.Artikulyasiyasız oxu. Oxu zamanı nitq orqanlarının hərəkəti tənzimlənir. Nitqi yaradan orqanlar gizli fəaliyyətdə olurlar. Bu fəaliyyətlərin intensivliyi oxu materialının mürəkkəbliyindən və oxu vərdişlərinin inkişaf səviyyəsindən asılı olur. Oxu vərdişləri zəif, mətndə çətinlik olduqda artikulyasiya orqanlarının fəaliyyəti azalır, bu da oxunun sürətini azaldır.
Məlumdur ki, şagirdlər sözləri ilkin olaraq hərf-hərf, daha sonra heca-heca, nəhayət, bütöv sözlərlə oxuyurlar. Tədricən gözlə oxunan mətn arasıda əlaqə tənzimlənir. Mətnin müxtəlif variantlarda (uca, pıçıltılı, səssiz və s.) oxunması yaranır. Deyə bilərik ki, artikulyasiyasız oxumanın sürəti strategiyalı oxu üçün əsas qaydalardan biridir.
4.Gözün şaquli hərəkəti ilə oxu. Gözün şaquli hərəkəti ilə oxunu necə başa düşməliyik? Belə ki, əvvəlki oxuda kiçik baxış dairəsi mövcud idi. Görmə sahəsinə bir baxmaqda mətnin dəqiq seçilən hissəsi aiddir. Ənənəvi oxu prosesində görmə sahəsində ən çox 2-3 söz qeydə alınırdı. Strategiyalı oxu üçün belə göstərici lap aşağı hesab olunur. Şagirdlərin görmə sahəsinin genişləndirilməsi bir baxmaqla bir neçə sözün oxunmasını şərtləndirir ki, bu da oxuda sürəti artırır. Oxunun sürəti artdıqca gözün hərəkəti qənaətli olur. Belə oxu daha çox söz və ifadənin əhatə olunmasını nəzərdə tutur. Bu halda mətnin müfəssəl və keyfiyyətli mənimsənilməsi və sürətli oxusu təmin edilir.
5.Dar görüş sahəsi. Mətnə bir dəfə baxmaqla gözlərin qavradığı sözlərə görüş sahəsi deyilir. Görüş sahəsi birinci sinif şagirdlərində çox dar olmaqla, ən yaxşı halda hərf, söz və ya bir neçə söz qavranıla bilir. Görüş sahəsinin genişliyi gözün hər dayanmasında daha çox informasiyanın qavranılmasını təmin edir. Gözün dayanması azaldıqca oxunun sürəti də artır. Oxusu sürətli olan şagird bir baxışla bir sətri, cümləni, abzası bütövlükdə qavraya bilir.
6.Diqqətlilik. Oxunun tənzimləyicisi olan diqqətin inkişafı strategiyalı oxuda mühüm əhəmiyyət kəsb edir. Oxunun sürəti ləng olarsa, şagirdin diqqəti yayınaraq kənar fikirlərə döğru yönələcəkdir ki, bu da oxuya marağı azaldacaqdır. Mexaniki oxuda isə mətndə nədən söhbət getdiyinin dərk olunması çətinləşəcəkdir. Odur ki, belə oxuda şagird tez-tez geri qayıtmalara məcbur olur, oxuduğu hissəni bir neçə dəfə təkrar oxuyur ki, bu da oxunun sürətini azaldır. Ona görə də mətnin oxusu zamanı maksimum diqqətli olmağın vacibliyi şagirdlərin nəzərinə çatdırılmalıdır.
7.Panoram sürətli oxu. Buraya təkmilləşmiş oxu sürəti aiddir. Oxuya dair tədqiqatlara nəzər saldıqda görürük ki, oxuda görmə sahəsi ilə bağlı məşqlərdən istifadə etməklə şagirlərin görmə sahəsində böyük irəliləyişlər əmələ gətirmək mümkündür.Bu halda mətnin mənasının başa düşülməsi asanlaşır, şagirdin oxusunun sürəti artır.
Dərinləşdirilmiş oxu və ya hərtərəfli (dərin) oxu. Oxunun dərinləşdirilməşi dedikdə, oxu zamanı bütün cəhətlərə diqqət verilməsi, oxunun təhlil olunması və dəyərləndirilməsi başa düşülür. Oxunun bu forması təhliletmə, tənqidetmə və yaradıcı oxu kimi də adlandırılır. Dərinləşdirilmiş oxu məktəb dərslərinin öyrənilməsi üçün çox yaxşı oxu formasıdır. Dərinləşdirilmiş oxu dərslərdə şagirdlərin fəallığını yüksəldir, mətnin asan mənimsənilməsinə səbəb olur. Şagirdlər mətni oxuyur, əvvəlki biliklərlə inteqrasiya edir, yeni nəticələr çıxarır, məlumatlara yaradıcı yanaşır, əldə edilən nailiyyətlər onları daha da həvəsləndirir. Dərinləşdirilmiş oxu mətnin daha tez, asan, səmərəli mənimsənilməsini təmin edir. Şagirdlər hərtərəfli (dərin) oxuya yiyələndikdə onlara tanış olmayan çətin mövzulu materiallar üzərində də əməliyyat apara bilirlər.
Seçmə oxu. Mətndən, məqsəddən asılı olaraq hər hansı fakt və hadisənin, təsvirin, obrazların, onların xarakter xüsusiyyətlərinin seçilməsi və oxunması seçmə oxu adlanır. Seçmə oxu materiala cəld nəzər yetirməklə istənilən hissəni oxuya bilməkdir. Seçmə oxuda istənilən hissənin axtarılması sürətlə icra olunur. Gözün görməsi seçilən hissəyə dəfələrlə tez fokslanır. Seçmə oxunun inkişafı görməni gücləndirir. Seçmə oxunun təşkili surətlərin xarakteristikasını tez müəyyənləşdirməkdə səmərəlidir.
Ordan-burdan (qeyri-ardıcıl) oxu. Oxunun sürəti, ordan-burdan oxu kimi növü mətnin bütövlükdə, yəni tam deyil, lazım olan hissələrin oxusuna aid edilir. Belə oxu prosesində şagird ona lazımlı hissələrə vaxt ayırır. Diqqəti məhz mətndə lazım olan hissəyə yönəlir. Oxunun qeyri-ardıcıl metodu mətnin ilk oxusundan sonrakı, yəni ikinci oxunmasında həyata keçirilir. Qeyri-ardıcıl oxuma oxunun sürətini artırır, mətnin lazımlı hissəsinin tapılmasına yardımçı olur, seçilmiş hissənin dərinləşdirilmiş şəkildə oxunmasına gətirib çıxarır.
Nəzərdən keçirməklə oxu. Oxunun nölərindən biri də mətnlə ilk tanışlıqdan sonra nəzərdən keçirməklə oxudur. Bu oxudan çox zaman istifadə edilir, çünki səmərəli metoddur. Mənbələrdə N.A.Rubakinin mükəmməl olan oxu vərdişləri haqqında belə qeyd olunur ki, o, heyrətamiz şəkildə cəld oxumağı bacarır və kitabın dəyərini müəyyənləşdirirdi. Kitabı əlinə alan kimi tes ön sözə, mündəricata baxmaqla müəllifin baxışlarını şərh edirdi. Ordan-burdan oxu vasitəsilə kitab haqqında “hökm” verirdi.
Dərsliklərdə olan mürəkkəb mətnlərin təkrar oxunması təbiidir. Dərsliklərdəki mətnlər maraqlı olduqda da şagirdlər onu dəfələrlə oxumaq istəyirlər. Asan mətnlərin oxunmasında geriyə qayıdış hərəkətlərinə yer verilməsi, əlbəttə, nöqsanlı bir oxudur. Belə oxunun qarşısı vaxtında alınmazsa, şagirdlərin oxu vərdişləri düzgün olmayan istiqamətdə formalaşacaqdır ki, bunun islahı çox cətindir. Oxu zamanı geriyə qayıdışların- reqressiyaların qarşısı vaxtında alınmalıdır. Bəzi geri qayıdışları əsaslandırmaq lazımdır. Yaradıcı fikirlərin mükəmməl olması üçün mətnə bir də baxmaq olar.
Qeydlər aparmaqla oxu. Belə oxuda şagirdlərin fəaliyyətini daha düzgün müəyyən etmək olur. Qeydlər aparmaqla oxu şagirdlərə lazımlı məlumatların, hadisələrin yaddaşda saxlaya bilmələrinə imkan verməkdir. Səsli və ya səssiz oxu növlərindən istifadə zamanı müəllim şagirdlərdən oxunan mətnlə bağlı məqsədli şəkildə qeydlər aparmağı tələb edə bilər. Qeydlər aparmaqla oxunun təşkilində şagirdlərə nələrə diqqət yetirmələri haqqında məlumat verilir. Mətnin oxusu başa çatdıqdan sonra şagirdlərin apardığı qeydlər qiymətləndirilir. Səssiz oxuya əməl etməklə şagirdlər iş dəftərində maraqlı fakt və hadisələri yazırlar.
İşarələyərək oxu. Mətndəki zəruri görünən hissələrin şagirdlər tərəfindən işarələnməsi işarələyərək oxu adlanır. Şagirdlər müxtəlif işarələrlə müəyyənləşdirdikləri “parçaları” öz sözləri ilə yeni mətn kimi düzəldirlər. Bu oxunun məqsədi mətnin mühüm hissələrinin müəyyənləşdirilməsidir.
Təxmin edərək (proqnozlaşdırılmış) oxu. Proqnozlaşdırılmış oxumaq şagirdlərin marağını təmin etməklə bərabər, onların fəallığını yüksəldir. Şagirdlərdə hissetmə qabiliyyəti güclənir. Proqnozlaşdırılmış oxunun məqsədi əsərə marağın yaradılması olsa da, şagirdlər mətnə dair açar sözlərdən istifadə edərək hadisələrin gedişi haqqında fikir yürüdürlər. Belə oxunun həyata keçirilməsi bir neçə mərhələdən ibarətdir:
1.Şagirdlər mətndən müəyyən parçanı oxumağa davam edir. Bu zaman şagirdlər hadisələrin inkişaf dinamikasına görə iki sütunda qeyd edirlər.
2. Müəllim oxunu davam etdirir, hadisələrin davamı başqa sütunda qeyd edilir. Beləliklə, proqnozlar üç sütunda yazılır. Ola bilər ki, üç sütun çəkilmiş vərəqlər şagirdlərə hazır şəkildə verilsin.
3. Mətn ucadan oxunur. Şagirdlər həmin hissə ilə bağlı suallar yazırlar, oxu davam etdikcə suallara cavab tapılır, o zaman cavabı tapılan sual pozulur.
4. Müəllim mətnə dair şagirdlərin proqnoz verməsini tələb edir. Şagirdlər oxuya başlamazdan əsərin adına və əyaniliyə əsasən fərziyyələr söyləyirlər.
5. Səsli oxu zamanı hadisələrin davamının necə olacağı ilə bağlı suallar verilir ki, bu da şagirdlərin diqqətinin oxu ətrafında cəmlənməsinə səbəb olur.
Sual verərək oxu. Oxunun təşkili zamanı tələb edilir ki, şagirdlər suallar hazırlasınlar. Məqsəd şagirdlərin oxu materialı haqqında düşünmələrinə nail olmaqdır. Belə metodun tətbiqi müxtəlif formalarda həyata keçirilir.
-Mətnin oxusu (səsli və ya səssiz) həyata keçirildikdən sonra şagirdlərin oxu prosesində zehinlərində doğan sualların yazıması.
Qruplarla iş zamanı şagirdlər bu sualları cavablandırmağa çalışırlar.
-Qrup üzvləri və ya sinif şagirdləri bir-birinə suallar verir və ya sualları cavablandırırlar.
- Şagirdlər mətnin başlığına dair onların təfəkküründə yaranmış sualları dəftərdə və ya lövhədə qeyd edirlər, cavablar məlum olduqca sualları pozurlar.
Tənqidi oxu. Oxunun tənqidi xarakteri şagirdlərə oxunanlar haqqında fikir yürütmək vərdişləri qazandırır. Onlar mətnin oxusunda əldə etdikləri biliklərə əsaslanaraq tənqidi münasibətlərini bildirirlər. Tənqidi oxu şagirdlərə əsərə, hadisələrə, obrazlara, təsvirlərə “qiymət”(mənfi(-) və ya müsbət (+) vermələrinə və ya şəxsi münasibətlərini söyləməyə imkanı yaradır. Oxunun gedişində şagirdlər dinləyib-dinləmədikləri yerləri müəyyənləşdirirlər, fikrən yaranan sualları cavablandırmaq üçün hadisələrin baş vermə səbəbini və ardıcıllığını dərk etməyə çalışırlar. Oxunanları öz fərdi təcrübələri ilə əlaqələndirirlər.
Xorla oxu. Xorla oxu, adətən, birinci siniflərdə tətbiq edilir. Xorla oxu prosesində şagirdlərin birgə fəaliyyəti inkişaf edir. Həm şeir, həm də hekayə hissələrə ayrılaraq xorla oxunur. Sinif şagirdlərinin xorla oxusu müəllimin təşkilatçılığı ilə həyata keçirilir.
Bu oxuya 3 cür əməl edilir:
birlikdə oxu;
qruplarla oxu;
qarşılıqlı şəkildə oxu.
Belə də olur: şagirdlər iki qrupa ayrılaraq bir hissəni biri, digər hissəni isə o biri qrup oxuyur.
Müzakirə edərək oxu. Oxu materialının şagirdlərin müzakirəsinə verilməsi onların biliklərinin, düşüncələrinin başqaları ilə bölüşmək imkanı yaradır. Müzakirələrdə şagirdlər düşündüklərini, məsələlərə yeni baxışlarını söyləməklə təfəkkürlərini inkişaf etdirirlər. Mətnin müzakirəli oxusuna müxtəlif metodikalarla yanaşmaq, onun bütöv, yaxud hissə-hissə oxunmasına dair qərar qəbul etmək müəllimin məsuliyyətini artırır. O, sinifdəki şagirdlərin yaş və bilik səviyyəsini nəzərə almaqla mətnin müzakirəsini təşkil edə bilər. Mətnin oxunub müzakirə edilməsində qrup işindən istifadə edilməsi daha səmərəlidir. Belə ki, mətnin ayrı-ayrı hissələri qruplar arasında bölünür, hər bir qrup onlara verilən hissəni müzakirə edir, qrupların təqdimatından sonra mətnin bütöv müzakirəsi aparılır. Muştərək və fərqli fikirlər bir daha nəzərdən keçirilir, ümumi nəticəyə gəlinir.
Rollu oxu. Şagirdlər rollarla oxunu çox sevirlər. Onlara tapşırılan rolu həvəslə yerinə yetirən şagirdlər növbəti oxuda rollarının dəyişdirilməsini xahiş edirlər. Belə ki, onlar özlərini bütün obrazlarda tədim etmək istəyirlər. Belə oxunun effekti daha yüksək olur. Hər bir obrazın xarakterik xüsusiyyətlərini vermək üçün şagirdlərin fəaliyyətini səhnələşdirmə ilə tamamlamaq olar. Müəllim şagirdlərlə birgə “ssenari” hazırlayır, üzərinə düşən obrazı canlandırır, dialoqa girir, təsvirlər, işlədilən ifadələr dəyişikliyə uğramadan mətndəki kimi verilir. Rollar üzrə oxu əsərin şagirdlərdə doğurduğu estetik-emosional təəssüratı, mövzu üzrə qazanılmış bilik və bacarıqları daha da dərinləşdirir. Fərdi və rollar üzrə oxunun həm oxşar, həm də fərqli cəhətləri vardır.
Rollar üzrə oxu üçün seçilən şagirdlərin bu və ya digər personajın xüsusiyyətini, nitqini, hərəkət və davranışlarını dinləyicilərə inandırıcı şəkildə çatdırmaq imkanları nəzərə alınmalıdır.
Bu baxımdan rollar üzrə oxu şagirddən personajın nitq xüsusiyyətlərinin, intonasiya boyalarının müəyyənləşdirilməsi və çatdırılmasına nail olmaq üçün əvvəlcədən müəyyən məşqlər, hazırlıq tələb edir[19, s.193].
Əzbər öyrənmə. Əzbər öyrənmə hafizəyə əsaslanan bilik növüdür. Əzbərləmənin məqsədi mətndəki sözlərin, durğu işarələrinin mexaniki olaraq yadda saxlanmasıdır. Cümlələrin olduqu kimi əzbərlənməsi şagirdlərin yeri gəldikdə hazır cümlələrdən istifadə etməsi imkanını yaradır. Seirlərin əzbərlənməsində şagirdlərin lüğətinə onlarla obrazlı ifadə, bədii təsvir vasitələri daxil olur ki, onlar inşa yazılarında həmin obrazlı ifadələrdən asanlıqla istifadə edirlər. Qeyd edək ki, əzbər öyrənmə həm şeir, həm də mətn hissələrinə aiddir. Şagirdləri maraqlandıran nəsr parçalarının öyrənilməsinə imkan yaratmaq lazımdır. Çünki belə olduqda şagirdlər mətndəki cümlələri, onların quruluşunu, cümlədə işlənən leksik vahidləri mənimsəyir, özləri də cümlə qurarkən öyrəndiklərindən istifadə edərək Azərbaycan dilində aydın, rəvan, ifadəli, düzgün danışığa riayət edirlər. Şeir və mətnlərin əzbərlənməsi şagirdlərin leksik bazasını zənginləşdirir, düzgün tələffüzün, cümlə quruluşunun mənimsənilməsində əsaslı rol oynayır.
Müqayisəli oxu. Mütəfəkkirlərin fikrincə, müqayisə hər cür dərketmənin əsasıdır. Şagirdlər dərslikdə və ya sinifdənxaric oxuda tanış olduqları mətnləri düşüncə tərzlərinə uyğun olaraq oxuduqları mətnlə müqayisə edirlər. Müqayisəetmə şagirdlərdə təfəkkür proseslərinin ikişafına səbəb olur. Verilmiş mətnin əvvəlki mətnlərdən fərqli və oxşar cəhətlərinin müzakirə edilərək müəyyənləşdirilməsi sinif şagirdlərinin intellektual inkişafını dəstəkləyir. Şagirdlərə mətnlərin müqayisəli oxusundan əldə etdikləri məlumatları qısa şəkildə qeyd etmələri tapşırılır, sonra nələri qeyd etdikləri soruşulur. Beləliklə, şagirdlər müqayisəli oxuda əldə etdikləri faktları inteqrasiya etmək imkanı da qazanırlar.
Müəllim müxtəlif suallarla şagirdlərə müraciət edir. “Bu mətnlər arasında hansı fərqi müəyyən edə bildiniz?”, “Bu mətnlər arasında hansı oxşarlıq vardır?”, “Təqdim olunan mətnlər arasında zaman, surət, personaj baxımından oxşarlıq mövcuddurmu?”, “Sizcə, bu mətnləri birləşdirmək olar?”, “Niyə olmaz?” və s. suallarla şagirdlərə fikirlərini söyləməyə imkan verilir və s.
Şagirdlər mətnlər arasında obrazların, fikirlərin, hadisələrin, zamanın, yerin fərqini bildirir, lakin hər ikisində fikir, ideya, məqsəd, surət, fakt, hadisə, yer və zaman anlamı olduğuna görə, quruluşuna görə oxşar olduğunu qeyd edirlər.
İSOAT- izlə, soruş, oxu, anlat, təkrarla.Robinson (1960) təlimlə bağlı araşdırmalarda oxuda sürətin artırılması, məlumatı qavrama, yaddasaxlama və s. keyfiyyətin yüksəldilməsi üçün oxunun aşağıda göstərilən beş mərhələdə aparılmasını təklif etmişdir:
1.İzlə
2.Soruş
3.Oxu
4.Anlat
5.Təkrarla.
İzlə-mətnin əvvəldən axıra qədər gözdən keçirilməsini, ilk baxış mərhələsini əks etdirir. İzləmədə mövzunun adı, abzaslar, mətndə ilk və son cümlə, mətn daxilində xüsusi rəng, forma ilə seçilən sözlər, ifadələr diqqətdə saxlanılır. Burada verilmiş mətnin bütövlükdə oxunması vacib deyil.
Soruş-izləmədə oxunanlara dair suallar formalaşdırmaq vacib sayılır. Oxunanlardan şagirdlərdə suallar yaranmayıbsa, oxuda izləmə yetərincə anlaşılmayıb. Mövzu başlıqları, oxşarlıq, fərqlilikdən bəhrələnən sualların yazılması mütləqdir. Sualların yazılması üçün 8-12 dəqiqə vaxt müəyyən edilir.
Oxu-zamanı soruş addımında yaranan sualların cavablandırılması, lazım gələrsə, onların qeyd edilməsi tələb olunur. Oxunan mətndəki əsas ideyaların, fərqləndirilmiş söz və ifadələrin diqqətdə qalması üçün altından xətt çəkilməli, işarələnməlidir.
Anlat (izahını ver)-bu zaman mətnə nəzər yetirmədən soruş addımındakı mövzu başlıqları, oxşarlıq, fərqlilikdən bəhrələnən suallar cavablandırılmalı və cavablar qarşısında sinif yoldaşları varmış kimi uca səslə danışılmalıdır.
Təkrarla. Oxunan mətnin nə qədər yadda qalması maraqlıdır. Deyilənə görə bu 70 faizi təşkil edir, yəni oxudan bir saat sonra vəziyyət belə olur. Belə düşünməklə beşinci addımda oxunun təkrar olunmasının vacibliyini qəbul etmək olar. Oxunun təkrarlanması çatışmayan faktları müəyyənləşdirmək və islah etmək məqsədini daşıyır.
Nişanlamaqla oxuma. Buna, insert üsulu da deyilir. Bu zaman şagird mətni təhlil edərək oxuyur. Mətndə verilən məlumatlar qruplaşdırılır. Müəllim təklif edir ki, şagirdlər məlumatları aşağıdakı kimi qruplaşdırsınlar:
sizə məlum olan məlumatı “+” işarəsi ilə qeyd edin;
əvvəlki biliklərinizə zidd olan məlumatı “-” işarəsi ilə göstərin;
maraqlı və gözlənilməz fikirləri “!” işarəsi ilə göstərin;
qaranlıq qalan, öyrənmək istədiyiniz məlumatı “?” işarəsi ilə göstərin.