Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova


Oxu təlimində yeni texnologiyalardan istifadə



Yüklə 0,51 Mb.
səhifə12/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   8   9   10   11   12   13   14   15   ...   70
C.Nabat Monoqrafiya

Oxu təlimində yeni texnologiyalardan istifadə

Oxu təliminin qarşısında inkişafedici vəzifələr durur ki, bu da şagirdlərdə düzgün, sürətli, şüurlu, ifadəli oxu vərdişlərinin yaranmasına, onlarda ana dilinə, kitab oxumağa məhəbbət hissinin tərbiyə olunmasına gətirib çıxarır.


Şagirdlərin kitab oxumaq bacarıq və vərdişləri inkişaf etdikcə onlar daha məhsuldar fəaliyyət göstərir, əsər haqqında müstəqil fikirləri meydana gəlir. Şagirdlər əsərin iştirakçılarının davranışını qiymətləndirirlər. Oxu mətnləri vasitəsi ilə şagirdlərdə vətənə məhəbbət, leksik zənginlik, nitq inkişafı, kitaba sevgi, öz məsuliyyətini başa düşmək keyfiyyəti formalaşdırılır.
Bu zaman müəllimin bütün fəaliyyəti ona yönəldilməlidir ki, şagird oxunun onun həyatındakı əhəmiyyətini dərk etsin. Dərk etsin ki, oxunan səhifələr vasitəsi ilə bütün dünyanı qavramaq, gözəl söylənmiş bir hekayədən zövq almaqla bərabər, həm də uğur qapılarını öz həyatına açmaq olar.
Şagirdlər sinifdən-sinfə keçdikcə onlara təqdim edilən mətnlər müəllim tərəfindən diqqətlə təhlil edilib, seçilməlidir. Bu zaman müəllim sinifdəki şagirdlərin idrak səviyyəsini, əldə edilən nailiyyətəri və boşuqları nəzərə almalıdır. Əgər oxu üçün seçilən mətn çox asan olarsa, o zaman strategiyalı oxuya heç bir ehtiyac yaratmaz. Oxu materialı çox mürəkkəb olarsa, şagirdi oxudan uzaqlaşdırar və oxuya olan marağını azaldar. Məzmunun səviyyəsi məsələsində elə seçim edilməlidir ki, şagird mətnin mənasını dərk etmək üçün ardıcıl və mütəşəkkil fəaliyyətdə olmaq ehtiyacı duysun. Sinifdə təhsil alan şagirdlərin idraki səviyyələri, oxu bacarıqlarının fərqli olduğu nəzərə alınaraq onlara təqdim olunan oxu materiallarının da bir neçə səviyyədə olmasını təmin etmək lazımdır. Mətnlər mürəkkəblik baxımından müxtəlif səviyyələrdə olsalar da semantik baxımdan əlaqəli olmalıdır ki, mövzular bir-birini tamamlasın, bir dərsdə müxtəlif problemlər ətrafında müzakirələr açılmasın.
İbtidai siniflərdə oxu təliminin daha səmərəli və intensiv təşkilində ənənəvi təlim üsulları ilə yanaşı, yeni təlim texnologiyalarından istifadənin böyük rolu vardır. Təhsilvermədə şagirdin bilik, bacarıq və vərdişləri, təfəkkürü inkişaf etdirilir. Belə ki, fəal təlim texnologiyaları şagirdlərin təfəkkür fəaliyyətini stimullaşdırır, biliklərin mənimsənilməsini sürətləndirir, nitq bacarıqlarını inkişaf etdirir, nitq mədəniyyətini formalaşdırır.
İbtidai siniflərdə oxunun fəal təlim texnologiyaları ilə tədrisi zamanı şagirdlər əsərin məqsədini bilmək üçün fakt və hadisələri şərh etməli, fikirlərin doğru olduğunu əsaslandırmalı, müəllimin onları axtarışa istiqamətləndirməyi ilə problemlərin həlli yollarını tapmalıdırlar. Bunun üçün müəllim motivasiya yaratmalı və hətta motivasiyanın hansı növündən istifadə edəcəyini müəyyənləşdirməli və şagirdləri fəaliyyətə qoşmalıdır. Motivasiya düzgün qurulsa, şagirdlər asanlıqla fəaliyyətə qoşulurlar. Onlar tədqiqatcı kimi axtarışa başlayırlar. Şagirdlər bütün qüvvələrini “səfərbər edirlər”, təfəkkür prosesləri tapşırığın yerinə yetirilməsi üçün hazır vəziyyətə gətirilir. Qeyd etmək lazımdır ki, işin şagirdlərin maraqları ilə üst-üstə düşməsi, işin daha canlı keçməsinə səbəb olur və onlar daim axtarışda olurlar. Sonda müəllim ümumiləşdirmə aparır, şagirdlərə əsərlə bağlı nələrin çatıb-çatmadığını müəyyənləşdirir, tövsiyələri ilə işi yekunlaşdırır. Tədqiqata qoşulma yüksək səviyyədə həyata keçirilir.
Şagirdlərin maraqlandığı məsələlərə müəllimin diqqət yetirməsi və nəzərə alması həm müəllimin, həm də fənnin sevilməsi ilə nəticələnir ki, bu da uğurlu təhsilin əsasıdır. Şagird mətni oxuyur, mətndə xoş təsir bağışlayan, həmçinin xoş təsir bağışlamayan məsələlər ortaya çıxır. Xoş təsir bağışlayan məsələlər şagirdlərə sevinc, şadlıq, məhəbbət, xoşa gəlməyən emosiya isə kədər, qüssə, nifrət hissləri yaşadır.
Emosional hisslər, emosional yüksəliş şagirdlərin fəaliyyətində dəyişkənliklə müşahidə edilir.
Emosional qavranılan hər bir dərs dərindən mənimsənilir və uzun müddət yadda qalır.
Ş.A.Amonaşvili yazır ki, bəzi müəllimlər pedaqoji ekspressiyaya lazımi diqqət vermirlər. Onlar dərsi qurarkən əsas fikri mövzunun məntiqi açılışına, nümunələrin seçilməsinə, sualların qoyuluşuna, əyani vəsaitlərin tətbiqinə verirlər. Bəlkə də ən əsas şeyi-şagirdləri necə ilhamlandırmağı, onlarda necə nikbin əhval-ruhiyyə yaratmağı yaddan çıxarırlar. Şagirdlərlə müəllim arasında emosional-ekspressiv münasibət olmadan isə şagirdləri dərsin yaradıcı iştirakçısına çevirmək mümkün deyil. Emosional-ekspressiv yaddaş şagirdin davranışında, yoldaşları ilə münasibətində, hərəkərlərində böyük rol oynayır.
Mətnin oxunmasında mütləq şagirdlərin obrazlı təfəkkürünə əsaslanmaq lazımdır. Müəllim təkcə pedaqoji ustalığa deyil, həm də aktyorluq qabiliyyətinə (hisslərin bu və ya digər zahiri əlamətlərdə təzahür edən ifadəsinə) malik olmalı, öz fikrini ifadəli çatdırmaq üçün səsinin ahəngini, mimikasını, əl hərəkətlərini dəyişdirməyi bacarmalıdır. Emosiyalar məhz mətnin oxusu zamanı yüksəlir, ictimai mahiyyət kəsb edir, şagirdlərdə vətənpərvərlik, milli-mənəvi, mədəni sərvətlərimizə sevgi, düşmənə barışmazlıq kimi tərbiyəvi xarakter xüsusiyyətləri formalaşdırır. Estetika-estetik zövqün inkişafı, şagirdlərin bilikləri onların intellektual səviyyəsinin göstəricisidir.
Mətnin oxusu prosesində fakt və hadisələrin müəyyən edilməsi, onlar haqqında düşünmək, şagird təfəkkürünün inkişafını tənzimləyir. Hazırki dövrdə şagirdlərə öyrənməyi öyrətmək texnologiyasını müəyyənləşdirmək əsas vəzifə kimi qarşıya qoyulmuşdur.
Fəal təlim texnologiyalarına əsaslanan dərslərin təşkili müəllim-şagird əməkdaşlığına, onların birgə işləməsinə istinad edir. Müəllimin yüksək səviyyəli elmi-metodik hazırlığı dərslərin innovativ texnologiyalarla aparılmasına yönəlməlidir, çünki müasir tədrisin təşkili şagirdlərin təfəkkür fəaliyyətinin inkişafına hesablanmışdır. Həmçinin dərsin uğurlu təşkili təlim nəticələrinin reallaşmasına istiqamətlənmişdir.
Ona görə ki, kurikulum anlayışlarında məzmun standartı-təhsil alanın bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbi kimi səciyyələndirilmişdir. Şübhəsiz ki, ibtidai sinif müəllimləri şagirdlərin strategiyalı oxu vərdişlərinə yiyələnməsinə daha çox səy göstərirlər. Müəllimlər şagirlərin oxu vərdişlərini inkişaf etdirməklə yanaşı, onların strategiyalı oxuya yiyələnmələrinə çalışmalı, oxunun həyatdakı əhəmiyyətini dərk etmələrinə istiqamət verməlidir.
Strategiyalı oxunun məqsədini müəyyənləşdirmək və işi bu istiqamətdə qurmaq vacib məsələdir. Bunun üçün geniş istiamətdə iş görmək: oxudan əvvəl, oxu zamanı, oxudan sonra düşünməyə yönəltmə, dərketmə, düşünmə mərhələlərinə riayət etmək, oxunmuş materialı digər materiallarla inteqrasiya etmək, əlaqələndirmək, ümumiləşdirmək, nəticələr çıxarmaq və s. lazımdır. Müəllimin təqdim etdiyi kitablar haqqında şagirdlərin fikirlərini öyrənmək, hansı mövzuda olan əsərlərə maraq göstərdiklərini bilmək və onlara yaxın hadisələrlə bağlı müzakirələr təşkil etmək, diskusiya aparmaq kimi priyomlardan istifadə etməsi strategiyalı oxunun təşkilində vacib məqamlardan sayılır.
Elə şagirdlər də var ki, bu məsələlərdə ciddi problemlərlə üzləşir. Həmin şagirdləri oxuya cəlb etmək və gələcəkdə “ömürboyunca öyrənənlər” olmasını təmin etmək üçün onlara maraqlı kitablar təqdim etmək lazım gəlir. Elə kitablar ki, oxudan xoşlanmayan şagirdi də ecazkar və qüdrətli söz dünyasından zövq almağa yönəltsin.
Oxu startegiyasının tətbiqinin ilkin mərhələsində müəllim kiçik mətnlər üzrə şagird fəalyyətini təşkil etməlidir. Qısa mətnlər üzrə gözlənilən nəticələr əldə ediləndən sonra, artıq geniş mətnlər üzrə strategiyalı oxu fəaliyyətini təşkil etmək olar.
Şagird mövqeyindən problemə nəzər salaq. Ümumiyyətlə oxuya belə bir münasibət formalaşıb. Əgər şagird sözləri ucadan və düzgün oxuyursa, deməli o oxuyur. Səlis və ifadəli oxuya bilməyən uşaqlar isə pis oxucular hesab ediliblər. Bu yanaşmada bir həqiqət olsa da, etiraf etmək lazımdır ki, biz çox hallarda ucadan və yaxşı oxuyan uşağın oxuduğunun mənasını dərk etmədiyinin şahidi oluruq. Eyni zamanda əksinə, mətni çətinliklə oxuyan şagirdlərin əsas fikri dərk etdiyini və təhlillər apardığını müşahidə edirik. Bütün bu kimi hallar deməyə əsas verir ki, savadlı olmaq hələ sıra ilə əvvəl sözləri düzgün yazmaq, onları düzgün oxumaq və sonra mənasını izah etmək kimi deyil, qarşılıqlı, əlaqəli məsələlər kimi dəyərləndirilməlidir. Bu qəbul edilmiş həqiqətdir ki, yaxşı oxucu mətndəki çətin sözlərin mənasını tapır, janrını müəyyənləşdirir, simvollardan istifadə edir. Amma bu da yaxşı oxucu olmağın bütün şərtləri deyil. Bunun üçün əslində daha geniş aspektdə fəaliyyət göstərmək lazımdır. Şagirdlər oxudan əvvəl, oxu zamanı, oxudan sonra anlamanı idarə etmək, suallar vermək, nəticələr çıxarmaq, əlaqələndirmək, ümumiləşdirmək, inteqrasiya etmək və dərk etməklə fəal düşünənlərə çevrilirlər.
Buna necə nail olmalı? Müəllim bu barədə şagirdləri ilə söhbət aparır. “Oxu nədir?”, “Yaxşı oxucu nə etməlidir?” və s. Təlim zamanı şagirdlərə mətn, əsər, kitab haqqında danışmaq deyil, oxu strategiyasından necə istifadə edildiyini nümayiş etdirmək lazımdır.
Bu zaman müəllimin vəzifələri və fəaliyyəti köklü şəkildə dəyişir. Müəllim mətnin oxusunu tapşırıb, sonra da onun necə oxunduğunu qiymətləndirən bir ekspert vəzifəsindən oxu prosesini təşkil edən, modelləşdirən bir köməkçiyə, məsləhətçiyə, yol göstərənə çevrilir. Eləcə də, qiymətləndirmə zamanı mətnin əsas ideyasının aşkar edilməsi deyil, həmin ideyanın necə və hansı yollarla aşkar edildiyi qiymətləndirilir. Buna nail olmaq üçün müəllim “ucadan düşünməyi” bacarmalıdır. Bu zaman sanki müəllim şagirdlərin qarşısında “öz beyninə bir pəncərə açır” və onları həmin “pəncərəyə baxmağa” dəvət edir. Uşaqlar müəllimin əsas fikri müəyyənləşdirmək üçün düşünmə ardıcıllığını, baş verən prosesləri izləyirlər. Şagirdlərdən “Mətndən nə başa düşdünüz?” sualı əvəzinə “Nəyə görə belə qərara gəldiniz ki, mətn bu mənanı verir?” sualını soruşmaq lazımdır. Bir nümunəyə nəzər salaq:

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin