II strategiya: Mətnlərin müqayisəsi. Mövzu təqdim edilir. Şagirlərə həmin mövzuda kiçik mətn yazmaq tapşırılır. Sonra şagirdin yaratdığı və dərslikdə təqdim edilən mətnlərin hər ikisinin müqayisəli oxusuna yönəldən tapşırıq verilir: Mətnləri oxuyun, hər iki mətndə oxşar və fərqli cəhətləri seçin. Seçimi aşağıdakı məsələlərə əsasən aparın:
Sizin tərtib etdiyiniz mətndə olan məsələlər.
Dərslikdə təqdim edilən mətndə olan məsələlər.
Hər iki mətndə təqdim edilən məsələlər.
Fikirlərinizi ifadə etmək üçün Venn diaqramı tərtib edin.
Öyrəndiklərinizdən nə kimi qənaətə gəldiniz?
Bir də bu mövzuda mətn yaratsaydınız oraya daha nələr əlavə edərdiniz?
Venn diaqramı Şagirdin tərtib etdiyi mətmndə olan məsələlər(fərqli). Hər iki mətndə olan məsələlər(oxşar). Dərslikdəki mətndə olan məsələlər(fərqli).
Fərqli Oxşar Fərqli
Şagirdlərin müəllimin onlardan hansı kitablara maraq göstərdiyi sualına cavabları müxtəlif ola bilər, bu da təbiidir. Hər bir şagirdin istək və arzusu, maraq dairəsi, dünyagörüşü, estetik zövqü fərqlidir. Belə ki, müəllim işini elə qurmalıdır ki, hər bir şagird mətnin strategiya ilə oxusuna nail ola bilsin.
Bu zaman müəllimin fəaliyyəti çox ciddi şəkildə dəyişir. O, strategiyalı oxu nümayiş etdirir, şagirdlərin oxusuna nəzarət edir, sonra oxunu qiymətləndirən ekspert vəzifəsində çıxış edir, bununla yanaşı, oxu prosesini təşkil edən, məsləhətçiyə, bələdçiyə çevrilir. Qiymətləndirmədə isə mətnin əsas ideyasının aşkar etməklə yanaşı, həmin ideyanın necə aşkar edildiyi nəzərə alınır.
Strategiyalı oxuya nail olmaq üçün müəllim və şagirdlər daha cox düşünmək bacarığına üstünlük verməlidirlər. Müəllim, sanki şagirdlərin əksini göstərən güzgü rolunu oynayır. Şagirdlər müəllimin fikirlərini müəyyənləşdirmək üçün oxu prosesinin ardıcıllığını izləyir, hadisələrin baş vermə şəraitini düşünür, baş verən dəyişikliklərə münasibət bildirirlər.
Müəllim isə şagirdlərdən “Nə düşündünüz və nə üçün belə qərar qəbul etdiniz?”- deyə, mətn haqqında şagirdlərin fikirlərini soruşmaqla sinif üçün strategiyalı oxunun effektini yoxlayır. Yenə bir nümunəyə baxaq:
Birinci strategiyanı artıq izah etmişik, yəni birinci, ikinci siniflərdə müəllim şagirdlərə mətni işarələməklə oxu nümunəsi verməlidir. Müəllim strategiyalı oxu növündən həm bədii, həm elmi-kütləvi, həm məlumatlandırıcı, həm də təsviredici mətnlərin tədrisində istifadə edilə bilər. Hər hansı bir mətni oxuyan zaman müəllim uşaqlara tapşırır ki, o, mətni oxuduqca işarələrin(+, -, !, ? ) düzülməsinə nəzər yetirsinlər. Beləliklə, şagirdlərin ilkin praktik strategiyalı oxu bacarıqlarının yaradılması qayğısına qalınır.
Müəllim mətni abzas-abzas oxuyur, hər abzasın sonunda dayanır kiçik, rəngli, bir tərəfi yapışqanlı vərəqdə əvvəlcədən lövhədə yazılan və izah edilən işarələrdən qeyd edir və həmin abzasın kənarına yapışdırır.
Abzasın kənarına yapışdırılmış qeydlər şagirdlərin oxu zamanı nələrə diqqət etməsinə istiqamət verir. Şagirdlər müstəqil oxu zamanı bu işarələrin mənasına daha çox diqqət yetirirlər. Bu işarələr şagirdlərin oxusu zamanı müzakirə obyekti olur. İşarələrin yapışdırılması strategiyası şagirdlərin oxuya marağını daha da artırır. Oxunan hər cümlə üzərində düşünməyə təhrik edir, bununla da mətnin dərk edilməsini yüksəldir[23].
Nümunə: Mətn üzrə oxu(Ay niyə donsuz qaldı?) [6, s119]: 4 Mətnin məzmunu belədir: Ay özünə paltar tikdirmək qərarına gəldi. Ay dərzinin yanına gəldi, dərzi ölçü götürdü, işə başladı. Ay bir müddət sonra gəldi, paltar əyninə olmadı. Dərzi pərt oldu, yenidən ölçü götürdü və paltarı yenidən tikdi. Paltar yenə Aya dar gəldi. Dərzi paltarı təzədən tikmək qərarına gəldi. Paltar hazır idi. Dərzi uzaqdan ayın gəldiyini gördü və özünü itirdi. Ay bu dəfə o qədər kökəlmişdi ki, yumurlanmışdı. Paltarın onun əyninə olmayacağını bilən dərzi üzə çıxmadı(gizləndi). Ayın donsuz qalmasının səbəbi belə oldu. Təbiət hadisələrinin dərk olunması kiçik məktəblilər üçün hələ çətindir. Lakin onlar səma cisimlərindən Günəşi və Ayı tanıyır, onlar haqqında şeirləri, mətnləri maraqla qaşılayırlar. Bu mətnin də Ay haqqında olması şagirdlərin diqqətini cəlb edir. (Oxudan əvvəl düşünmə). Şagirdlər mətni oxuduqdan sonra Ayın bəzən qovun dilimi və ya aypara kimi, bəzən də yumru top kimi olduğunu xatırlayırlar. (Əlaqələndirmə). Dərzinin tikdiyi don niyə dar və qısa olurdu? (Sual vermək). Dərzinin ikici dəfə tikdiyi don niyə Aya dar gəldi? (Sual vermək). Ay niyə donsuz qaldı? (Nəticə çıxarma). Sizcə, Ay niyə dəyişir? Nəyə görə belə qərara gəldiniz? (Oxudan sonra düşünmə). Ay haqqında daha nələri bilmək istərdiniz?(Təsəvvür etmə). II strategiya: Mətnlərin müqayisəsi.
Dərslikdən“Alma ağacı” mətni oxunduqdan sonra müəllim şagirdlərə esse yazmağı tapşırır [8, s.169].
Mövzunun adı: Bitkilərə necə qulluq edirəm?
Şagirdlər kiçik həcmli esse yazırlar. Şagirdlər yazdıqları və dərslikdə olan mətni müqaysə edirlər. Müəllimin tələbinə əsasən fərqli və oxşar cəhətləri müəyyənləşdirirlər. Müəllim şagirdlər üçün istiqamətverici suallar hazırlayır:
1.Dərslikdəki mətndə nədən bəhs olunur?
2.Sizin tərtib etdiyiniz mətndə nədən bəhs olunur?
3. Hər iki mətndə fərqli və oxşar cəhətlər hansılardır?
Müəllim:
-Fikirlərinizi Venn diaqramında əks etdirin.