lalə
bayrağın rəngi
qırmızı
nar
Anlayışın çıxarılması. Oyun-tapmaca kimi təşkil olunan bu üsul dərsin fəal keçməsinə səbəb olur. Müəllim oxu mətninə aid anlayışı lövhədən asılan dairəvi kartın arxasına yazır. Şagirdlərə isə bir neçə söz deyilir və yazılır. Şagirdlər həmin sözlərə istinad edərək bu gün oxunacaq mətni müəyyənləşdirirlər. Anlayışın tapılması çətinləşərsə, müəllim yeni xüsusiyyətlər əlavə etməlidir. (qurbağa)(siçan)(?)(dostluq).
?
siçan
qurbağa
dostluq
Fərziyyələr dinlənildikdən sonra müəllim kartoçkada yazılan mətni açıqlayır:
“Siçanla qurbağanın döstluğu” [6, s.92].
Suallar. Oxu dərsinin səmərəli təşkilində mətnin məzmununun açılmasına xidmət edən sualların əhəmiyyəti çoxdur. Dərs prosesində sualların qurulması şagirdlərdə idrak fəallığını artırır. Tədqiqatı stimullaşdırır.
4-6 sualdan artıq sualın olması məqsədəuyğun sayılmır. Suallar elə tərtib olunmalıdır ki, düşündürücü olsun, tənqidi təfəkkürü inkişaf etdirsin, bilavasitə mövzu ilə bağlı olsun. Suallarda məzmuna fikir verilməli, məntiqi ardıcıllıq, əlaqəlilik gözlənilməlidir. Məsələn: “Lovğa” şeirinin oxusundan sonra verilmiş sulların məzmununa nəzər salaq [6, s.186]:
Lovğa
Bir uşaq lovğalandı,
Kükrədi dalğalandı,
Qabartdı sinəsini.
Gördü pisdir ədası,
Yoxdur bunun faydası.
Hamı çıxdı sözündən
Lovğa küsdü özündən.
Suallar:
-Kimə lovğa deyilir?
-Nə üçün lovğalıq pis xüsusiyyət sayılır?
-Lovğalığın nəticəsi nə olur?
-Lovğalarla necə rəftar edərdiniz?
-Lovğalara nə məsləhət verərdiniz?
-Lovğalıq kimi daha hansı pis xüsusiyyətlər vardır?
Auksion. Müəllim şagirdləri auksionun keçirilmə qaydaları ilə tanış edir. Oxunmuş mətn üzrə öyrənilənlər haqqında ardıcıl və cəld cavabların verilməsi nəzərdə tutulur. Lakin bu zaman müəllim hər bir cavabdan sonra əlindəki əşya ilə stola vurur və növbəti sualı səsləndirir. Cavabdan sonra müəllim yenə sayır:
“Bir, iki, ..., ...” hazırlıqlı şagird cəld cavab verir. Sonra müəllim yenə stolu tıqqıldadır və növbəti sualı verir. Mətnə aid bütün xüsusiyyətlər sadalanana kimi auksion davam edir. Diqqətə çatdırılır ki, cavablar təkrar olmamalıdır. Odur ki, hamı bir-birini diqqətlə dinləyir. Auksionda qalib sonda cavab verən şagird sayılır.
Karusel. Məşğələyə başlamazdan bir neçə iri ağ kağız üzərində (vatmanda) mətnə dair suallar yazılır. Qruplar yaradılır, hər bir qrupa bir süal yazılan vatman verilir. Qrupdakı şagirdlər bu suala bir cavab yazırlar. Qruplar kağızları saat əqrəbi istiqamətində bir-birinə ötürürlər. Karuselə bənzər şəkildə vatman digər qruplara ötrülür və sonda əvvəlki qrupa gəlib çatır. Kağızlar lövhədən asılır, cavablar müzakirə edilir.
Qeyd edək ki, “Karusel” üsulunda hər qrup fərqli flamasterlə işləyir, bu da imkan verir ki, qruplar öz cavablarını ayıra bilsinlər.
Müəllifdən soruşun (Müəllif kreslosu). Şagirdlərə əvvəlcədən tapşırılır ki, mətni oxuduqca suallar hazırlasınlar. Düşünsünlər ki, bu sualları mətni yazan müəllifə verəcəklər. Suallar çox olmamalıdır ki, bütün sinif “müəllif”lə əlaqə saxlaya bilsin. Sualların məzmunu oxunmuş mətni anlamağa yardım etməlidir. Şagirdlər növbə ilə müəllif rolunu öz üzərinə götürə bilərlər. Yerdə qalan uşaqlar “müəllifə” suallar verirlər. Bir neçə şagird müəllif kimi sualları cavablandıra bilər. Belə üsuldan istifadə şagirdlərin diqqətli olmasını və oxu vərdişlərini formalaşdırır. Bununla yanaşı, şagirdlər verilmiş sualların cavabını mətndən tapmağa çalışır və yenə də axtarışda olurlar.
Rollu oyunlar. Elə oxu mətnləri vardır ki, onları rollar üzrə oxumaq daha səmərəli nəticə verir. Şagirdlər ifa etdikləri rolun xarakter xüsusiyyətlərini verməyə cəhd edir, oxu prosesi daha maraqlı təşkil olunur. Məsələn,“Cırnatma”, “Ağac-hər dərdə əlac” (I sinif), “Xaqani”, “Sehirli söz”, “Dostlar səfərdə”(II sinif),“Balaca Karlson”, “Qavroş”, “Sabirin ilk uşaq şeiri”, “Bahalı xalça”(III sinif),“Yol söhbəti”, “Gülgəz”(IV sinif) və s. mətnlərin rollar üzrə oxusu şagirdlərin müxtəlif xarakterli insanların xüsusiyyətləri ilə tanış olmağa, intonasiyanın komponentlərindən rola uyğun düzgün istifadə etməyə, şüurlu və ifadəli oxu bacarıqlarına yiyələnməyə sövq edir. Rollu oyunlar problemin həllinə müxtəlif yanaşmaları üzə çıxarır. Şagirdlər rollu oyunlarda hadisələrin iştirakçısı kimi davranır, başqa bir xarakter yaratmağa müvəffəq olurlar. Belə oxuda şagirdlərdə yaxşı və pisi ayırmaq, real vəziyyətə uyğun nəticələr çıxarmaq bacarıqları yaranır.
Problemli vəziyyət. Bu üsul şagirdlərin tənqidi təfəkkürünü, təhliletmə, təsnifetmə, nəticəçıxarma qabiliyyətlərini üzə çıxarır. Müəllim dərsə hazırlaşarkən müzakirə üçün problematik sualları hazırlayır.
Şagirdlər qruplara ayrılır, müəllim hər qrupa iş vərəqi təqdim edir. İş vərəqində əks olunmuş problemli vəziyyət qrup üzvləri tərəfindən müzakirə edilir, həlli istiqaməti müəyyənləşdirilir. Qeyd etmək lazımdır ki, hər qrup bir problem üzrə iş aparır. Sonda problem üzrə ümumi müzakirə aparılır.
Klaster (şaxələndirmə). Yazı lövhəsində müəllim və ya şagird tərəfindən dairə çəkilir, dairənin mərkəzində həmin gün oxunacaq mətnlə əlaqəli bir söz və ya oxu mətninin adı yazılır, şagirdlər həmin yazılmış söz və ya ifadə ilə əlaqəli olan söz və ya ifadələr söyləyirlər. Bu sözlər dairənin mərkəzində yazılmış anlayışla (mətnin adı ilə) xətlərlə əlaqələndirilir.
Ayrılmış vaxt ərzində şaxələndirmə davam etdirilir. Şaxələndirmə ikiqat və üçqat ola bilər. Ayrılmış vaxt bitdikdən sonra klaster üzrə ümumiləşdirmə aparılır.
BİBÖ-Bilirəm/İstəyirəm bilim/Öyrəndim. BİBÖ üsülu üç sütunlu cədvəl kimi qurulur: başlıqda əvvəlcə Bilirəm; ardınca İstəyirəm bilim; sonda Öyrəndim yazılır.
Şagirdlərin oxunmuş mətnlə əlaqədar bilikləri əvvəldə olan qrafada; bilmək istədikləri orta qrafada; yeni öyrənilənlər isə sonuncu qrafada yazılır. Həmin cədvəl əsasında mövzu ilə bağlı öyrənilənlər bir daha təkrarlanır. Məsələn: “Şah İsmayıl” mətninə [7, s.117] dair BİBÖ:
Dostları ilə paylaş: |