Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova


Hekayələrin tədrisi texnologiyası



Yüklə 0,51 Mb.
səhifə22/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   18   19   20   21   22   23   24   25   ...   70
C.Nabat Monoqrafiya

Hekayələrin tədrisi texnologiyası

Hekayələrdə hadisələr ardıcıl süjet xətti üzrə, ardıcıllıq gözlənilməklə inkişaf etdirilir və bu hadisələr şagirdlərə canlı bir dillə çatdırılır. Hekayələrdə hadisələri şagirdlər asanlıqla izləyir və yadda saxlayırlar. Bu əsərlərin oxusu oxu texnikasının inkişaf etdirilməsi baxımın çox fayda verir. Qeyd edək ki, I-IV siniflərdə hekayələrin tədrisi prosesində müəllimin nümunəvi oxusu təqdim edilməlidir. III-IV siniflərdə müəllimdən sonra bir neçə şagirdin nümunəvi oxusu da dinlənilə bilər. Bəzən müəllimin oxu nümunəsi verməsinə ehtiyac olmur, o zaman ki, sinfin şagirdlərinin bilik səviyyəsi və oxu vərdişləri yaxşı inkişaf etmiş olsun.
Belə demək olar ki, dramatik hadisələri, zəngin təsvirləri, emosional yanaşmaları şagirdlər müəllimin nümunəvi oxusunda həssaslıqla qarşılayırlar. Təqdim olunan hekayənin məzmunu, həcmi şagirdlərin yaşına müvafiq olmalıdır. Həmin fakt əsas götürülməklə hekayələrin tədrisinə həsr olunmuş məşğələlər də müxtəlif variantlarda təşkil edilir.
Hekayədə şagirdlər  baş verən hadisələri ardıcıl inkişaf edən xətt üzrə izləyir, oxuyur, yadda saxlayır və nəql edirlər. Hekayədə verilən bədii obrazların xarakteri şagirdlərə ciddi hiss-həyəcan təsiri bağışlayır. Müəllim hekayədə baş verən hadisələr, şərait və qəhrəmanlar haqqında şagirdlərdə aydın təsəvvür yaratmalıdır. Şagirdlər hekayədəki qəhrəmanların xarakter əlamətlərini xarici görünüşü ilə bağlı müəyyənləşdirməyi bacarmalıdırlar.
Əsərin oxusundan sonra müəllimin şagirdlərdən hekayənin qəhrəmanına aid sifətləri seçməyi, ona xasiyyətnamə yazmağı tələb etməsi faydalıdır. Belə ki, əvvəlcə, müəllim şagirdlərə hekayə qəhrəmanına sadə xasiyyətnamə tərtib etməyi öyrətməlidir. Xasiyyətnamə çox sadə şəkildə tərtib olunmalıdır.
Məsələn, şagirdlər üçüncü sinifdə “Yaxşılığa yaxşılıq” hekayəsini oxuyan zaman Tural və Vüsal obrazlarını tutuşdururlar. Şagirdlər qeyd edirlər ki, Tural qayğıkeş, diqqətli, saf ürəkli, mərhəmətli, təbiətə və heyvanlara qayğı göstərən, qoruyan, yardım edən məktəblidir. Vüsal isə soyuqqanlı, özünüsevən, diqqətsiz, heyvanları xoşlamayan, insanları sevməyən, dosta yardım etməyən məktəblidir. Tural yoldaşını yaxşı yola dəvət etsə də, Vüsal ona qulaq asmır.
Dördüncü sinifdə bu sahədə iş bir qədər də mürəkkəbləşdirilir. Şagirdlər iştirakçıların hərəkətlərini müqayisə edir, obrazların xüsusiyyətlərinə münasibət bildirməklə yanaşı, onların hərəkətlərinin səbəbini araşdırıb nəticə çıxarmağa səy göstərirlər, bu hərəkətlərə qiymət verməyə çalışırlar. 
Hekayədəki obrazların dialoqu onlar üçün xasiyyətnamənin verilməsinə imkan yaradır, Belə dialoqlar qəhrəmanın xasiyyətinin üzə çıxması vasitəsi kimi də dəyərləndirilir.
Oxunun müxtəlif növlərindən istifadə etməklə hekayələr üzərində işi daha maraqlı və səmərəli qurmaq mümkündür. Hekayənin səsli və səssiz oxusunun öz spesifik xüsusiyyətləri vardır. Belə ki, səsli oxu şifahi nitq bacarıqlarının, düzgün tələffüz vərdişlərinin, oxu texnikasının inkişaf etdirilməsi baxımından əvəzedilməzdir. Hər bir şagird səsli oxunu dinləyib oxuya dair öz fikirlərini (müsbət və ya mənfi) söyləyə bilər.
Səssiz oxuda belə bir imkan yoxdur, lakin bu oxu növü şagirdlərin müstəqilliyi baxımından çox əhəmiyyətlidir. Müəllim şagirdlərin səssiz oxusunu təşkil edərkən, məqsəddən asılı olaraq müəyyən taşırıqlar verə bilər.
1.Mətni səssiz oxuyun və suallara cavab hazırlayın(suallar əvvəlcədən filipçata yazılır və səssiz oxu zamanı lövhədən asılır).
2.Mətndə başa düşmədiyiniz hissələri işarələrlə qeyd edin (işarələyərək oxu).
3.Mətni daha necə adlandırmaq olar? Mətnə başqa ad fikirləşin.
4.Oxu mətninə aid neçə şəkil çəkmək olar?
5.Oxu mətninə aid şəkil çəkin.
6.Obrazlı ifadələrin altından xətt çəkin.
7.Oxu mətnindəki hadisələrin ardıcıllığını vərəqdə sxemlə göstərin.
Beləliklə, müəllim şagirdlərin səssiz oxusunu idarə edir, onların biliklərini dərinləşdirir. Müəllimin tapşırığı istiqamətində şagirdlərin fəallığı artır və müstəqil şəkildə araşdırma aparmağa başlayırlar. Əqli hücum strategiyası ilə açıq sualların verilməsi şagirdlərin daha asan yolla məqsədə çatmasına kömək edir. Suallar elə qurulmalıdır ki, oxu mətnində olduğu kimi cavab verilməsin. Məsələn:

  • hadisənin səbəb-nəticə əlaqələrini üzə çıxaran suallar;

  • oxu mətnindəki fakt və hadisələrin müqayisəsini tələb edən suallar;

  • söylənilən fikrin əsaslandırılmasına kömək edən suallar.

Sualların cavablandırılması yeni-yeni cəhətlərin meydana çıxmasına səbəb olur.
Hekayələrin seçmə oxu ilə aparılması müstəqil iş növü kimi şagirdlərin materialı daha yaxşı dərk etməsinə imkan verir. Seçmə oxu əsərin dili üzərində işləməyə şərait yaradır. Mətndən obrazlı ifadələrin, təsvirlərin, surətlərin xüsusiyyətlərini aşkara çıxaran ifadələrin seçilməsi xüsusi diqqət və səy tələb edir. Hekayədəki təbiət təsvirlərini əks etdirən söz və cümlələrə diqqəti cəlb etmək üçün seçmə oxu mühüm rol oynayır. Seçmə oxunun köməyi ilə şagirdlər hadisənin və ya şəxsin xarakterinin təsvir olunduğu yerləri axtarır, bu da öz növbəsində mətnin şüurlu oxunmasına və onun ideyasının başa düşülməsinə gətirib şıxarır. Belə demək olar ki, seçmə oxu mətn üzərində aparılan müstəqil işlərin əsasını təşkil edir.
Əsərin oxusunun ifadəli olması şagirdlərə hekayədəki surətlərə hissiyatla yanaşmağı, intonasiyanın komponentlərinə əməl etməklə, cümlələrin, sözlərin mənasını başa düşməyi öyrədir. Hekayədə təsvir olunanlar şagirdlərin bədii hisslərini, duyğularını gücləndirir. Şagirdlərin ifadəli oxu və nitq vərdişlərinin inkişafında hekayələrin mühüm rolu vardır.
Hekayələrin tədrisinin fəal təlim metodları ilə təşkili bədii obrazların səmimi mənimsənilməsini təmin edir, onların estetik zövqünü inkişaf etdirir. Hekayələrin tədrisi optimal qurulduqda oxu vərdişlərinin formalaşmasında əsaslı rol oynayır.
Azərbaycan dili dərslərində oxunan hekayələrdən bir neçəsinin tədrisi ilə tanış olaq [8].
Mövzu: Ağa və nökər (1-ci saat)


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin