Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova


II FƏSİL Müxtəlif janrdan olan əsərlərin oxunması üzrə işin təşkili texnologiyası



Yüklə 0,51 Mb.
səhifə21/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   17   18   19   20   21   22   23   24   ...   70
C.Nabat Monoqrafiya

II FƏSİL

Müxtəlif janrdan olan əsərlərin oxunması üzrə işin təşkili texnologiyası


Bədii əsərlər müxtəlif növdə olur ki, onların oxusunun özünəməxsus xüsusiyyətləri vardır. Oxunun düzgünlüyünü təmin etmək üçün bəzi məqamları bilmək son dərəcə vacibdir. Ədəbi əsərlərin ifadəli oxusunda janr xüsusiyyətlərinə daha çox diqqət yetirilməlidir, çünki hər bir janra uyğun iş üsullarından, fəal təlim metodlarından istifadə edilməlidir.
I-IV sinif şagirdləri yüksək poetik-bədii tələblərə cavab verən şeir və nəsr nümunələrini sevə-sevə öyrənir və nitqlərində onlardan istifadə edirlər. Bədii əsərlərin şagird ruhuna təsir gücü bədii oxudan başlanır. Oxu prosesində təsirlənməyən şagirdin nitqinin estetik təsiri güclü olmaz. Ton, tembr, intonasiya vurğu, orfoepiya və ədəbi tələffüzün bütün komponentlərinin nitqə verdiyi estetik gözəllik ədəbiyyatı ürəkdən sevməyin əsasıdır. İbtidai siniflərdə oxudan, ən əsası ifadəli oxudan, bədii oxudan istifadə edilməsi şagirdlərin bədii-estetik hisslərinin tərbiyəsində və nitq mədəniyyətlərinin inkişafında böyük əhəmiyyət kəsb edir. I-IV sinif Azərbaycan dili dərsliklərində müxtəlif janrlardan olan mətnlərə geniş yer verilir. Müəllimlərin vəzifəsi budur ki, o mətnlərin oxusunu, tədrisini kurikulum tələblərinə uyğun yeni düşüncə tərzi olan innovativ texnologiyalar əsasında qursunlar.
İbtidai siniflərdə şagirdlər üçün xüsusi mətnlər seçilməlidir. Dəsliklərdə bütün janrlardan; hekayə, lirik şeirlər, nağıllar, təmsillər, bayatılar, bədii oçerk, xalq mahnıları, atalar sözləri, yanıltmaclar, məsəllər, laylalar, halovalar, oxşamalar və dastanlardan parçalar verilir. Müxtəlif janrda olan mətnlərlə iş nağıletmə, əsbərləmə, məzmunu hafizədə canlandırma, dünyagörüşünü inkişafetdirmə və s. keyfiyyətlərin yaranmasına və oxu vərdişlərinin inkişaf etdirilməsinə səbəb olur.
Quruluşca və məzmunca fərqli olan bu əsərlərin oxusunun da spesifik xüsusiyyətləri vardır. Bədii əsərlər həyatın tipik hadisələrini əks etdirir, müəllifin fikirləri təsir qüvvəsi kimi oxucunun diqqətini çəkir. Bədii əsərlərin əsas xüsusiyyəti varlığı obrazlı göstərməsidir. Müəllif öz fikir və hisslərini, əsərin qəhrəmanlarını, onların qarşılıqlı münasibətlərini, təbiət təsvirlərini, qəhrəmanlıq səhnələrini söyləmə yolu ilə deyil, bədii obrazlarla verir.
Varlığın obrazlı təsviri əsərə böyük emosional qüvvə verir. Emosional yaddaş isə şagirdlərin həyatında mühüm əhəmiyyət kəsb edir. Bədii əsərlərin fərqli olmağı, bu nümunələrin hər birinin quruluşunun, təsir qüvvəsinin də fərqindən xəbər verir. Bədii sözlər nəzm və nəsr əsərlərində eyni tərzdə işlənmir. Ona görə də müəllim hər bir janrın(dastan, hekayə, atalar sözləri, nağıllar, təmsillər, yanıltmaclar, məsəllər, lirik şeirlər, bayatılar, bədii oçerk, xalq mahnıları, laylalar, halovalar, oxşamalar) oxusunda gözlənilməli olan cəhətləri nəzərə almalı, dərsin planlaşdırılmasında görəcəyi işləri aydın şəkildə əks etdirməlidir.
Savad təlimi dövründən başlayaraq şagirdlərin tanış olduqları və oxuduqları bədii əsərlərin hər birinin öz ideyası, məzmunu, quruluşu, lüğət tərkibi uslubi xüsusiyyətləri vardır. Bədii əsərlərin tədrisinə həsr olunmuş metodik əsərlərdə çox müxtəlif terminlərdən istifadə olunur: iştirakçılar, qəhrəman, bədii obraz, obrazlı söz, obrazlı ifadə, obrazlı təsvir, bədii ifadə vasitələri və s. Sinifdən-sinfə keçdikcə həmin ifadələrin sadə izahı şagirdlərə verilməlidir.
Şagirdlər bədii mətnlərin təsir gücü altında fikir, hiss, xəyal və arzularında qəhrəmanlara bənzəmək istəyirlər. Qəhrəmanların xüsusiyyətlərini özlərində formalaşdırmağa can atırlar ki, bu da onlarda müsbət iradi xüsusiyyətlərin, milli-əxlaqi dəyərlərin möhkəmləndirilməsində əvəzsiz rol oynayır. Müəllim öz ifadəli oxu nümunəsi ilə bədii əsərlərin təsiredici qüvvəsini daha da artırır. Şagirdlərin əsərlərdəki obrazların nitqindən bəhrələnməsi, onları təqlid etməklə lazımi leksemləri öz nitqinə daxil etməsi, nitqini zənginləşdirməsi də məhz oxuduğu mətnlərin təsiri altında baş verir. Əsərdəki ideyanın dərk edilməsi, əsərlərin məzmununun başa düşülməsi şagirdlərin yaradıcı təfəkkürünün inkişafını istiqamətləndirir.
İbtidai sinif şagirdlərinin bədii mətnlərin oxusu zamanı əldə etdiyi biliklər onların orta məktəbdə ədəbiyyat kursunu yaxşı mənimsəməyə hazırlayır. İlkin bünövrənin möhkəmliyi gələcək inkişaf üçün mühüm şərtdir. Şagirdlər ibtidai sinif şəraitində bir çox anlayışlara yiyələnməlidirlər, məsələn, qəhrəmanın xarakterini, bədii əsərin sadə təhlilini, əsərdəki hadisələrin, zamanın, məkanın təsvirini verməyi, məcaz, epitet, metafora, metanomiya, ahəng, qafiyə, misra, bənd və s. müəyyənləşdirməyi bacarmalıdırlar.
I-IV siniflərdə oxunun tədrisi zamanı müxtəlif ədəbi əsərlərdən istifadə edilməlidir, əlbəttə, şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmalıdır.

  • Bədii mətnlər: hekayələr, dastanlar, nağıllar, təmsillər, tapmacalar, şeirlər və s.

  • Elmi-kütləvi, məlumatlandırıcı mətnlər: elmin müxtəlif sahələri haqqında məlumat verən mətnlər.

İbtidai siniflərdə oxu materiallarının seçilməsində şagirdlərin yaşının və biliyinin nəzərə alınması vacibdir. Müxtəlif janrda olan mətnlərin oxusu şagirdlərin ümuminkişafına əhəmiyyətli dərəcədə təsir göstərir:

  • şagirdlərin oxu bacarıqlarını inkişaf etdirir;

  • strategiyalı oxu vərdişlərini təkmilləşdirir;

  • lüğətini obrazlı ifadələrlə zənginləşdirir;

  • rabitəli nitqinin inkişafına şərait yaradır.

Lirik əsərlərin spesifik xüsusiyyətləri şagirdlərin ruhuna təsir edir, təfəkkürünü, nitqini inkişaf etdirir, təsvir və obrazların təsiri altında ilk yaradıcılıq fəaliyyətləri “cücərməyə” başlayır. Şagirdlərin bədii sözə, bədii dilə, bədii təfəkkürə sahib olmasında şeirlərin aşağıdakı cəhətlərinin dərk olunması vacibdir:
I-təbiət təsvirlərini verən əsərlər;
II- təsvirləri şairin yaradıcılığına görə verən lirik əsərlər.
İbtidai sinif dərsliklərində təbiət təsvirləri verilən əsərlər üstünlük təşkil edir. İbtidai siniflərdə bədii əsər-mətn üzrə işin xüsusiyyətləri aşağıdakılardır:

  • bədii əsərin ifadəli oxunması;

  • söz və ifadələrin izahı;

  • bədii əsərin ideyasının başa düşülməsi;

  • bədii əsərin məzmununun dərk olunması;

  • təsviri faktların seçilməsi;

  • hadisələrin həyati faktlara inteqrasiya edilməsi;

  • obrazların daxili aləminin təsvir edilməsi;

  • əsərin qəhrəmanı haqqında xarakteristikanın yazılması;

  • əsərin estetik cəhətdən qavranılması;

  • emosional münasibətin yaradılması;

  • gözəlliyi duymaq qabiliyyətinin yaradılması;

  • bədii əsərə münasibətin bildirilməsi;

  • əsərdən əxlaqi-estetik nəticənin çıxarılması.

Şagirdlərdə bədii mətnin yaratdığı ovqatın (cevinc, şadlıq, xəyal, arzu, kədər, qəm və s.) müəllim tərəfindən nəzərə alınması və onun hansı istiqamətə yönəltmək lazım olunduğunu bilməsi zəruridir. Ona görə ki, şagirdlərin hadisələrin gedişi ilə “köklənməsi” dərsin daha səmərəli keçməsini şərtləndirir. Şagirdlərin hadisələri təsəvvürlərində canlandırması onları başa düşülən söz və ifadələrlə obrazlara yaxınlaşdırır. Şagirdlərin əsəri başa düşəcək tərzdə müstəqil nəticə çıxarması, təsvir və obrazları təhlil etməsi dərsin fəal keçməsinə imkan verir.
İbtidai sinif dərsliklərində vətən, vətənpərvərlik, vətənin gözəlliklərinin təsviri və s. əsərlər üstün yer tutur.
Bu mövzuları belə qruplaşdırmaq olar:

  • vətənin gözəlliklərini əks etdirənlər;

  • uşaqların xoşbəxt həyatından bəhs edənlər;

  • vətəni düşmənlərdən qoruyan vətən igidləri;

  • qəhrəmanlıq mövzuları və s.

Şagirdləri əməyə, sənətə, peşəyə yönləndirən əsərlər də maraq doğurur. Yaş və bilik səviyyəsinə uyğun şeirlər şagirdlərə yaxın və doğma olduğuna görə tez sevilir və qavranılır. Müşahidələr göstərir ki, belə şeirlər şagirdlərin nitq inkişafına güclü təsir göstərir. İbtidai siniflərdə xalq yaradıcılığı nümunələrindən geniş istifadə olunur.
“Fikrimizcə, aşağı siniflərdə folklor poetikasının cüzi əlamətləri öyrədilirsə, III sinifdə o bir qədər də dərinləşməlidir. Bu sinifdə şagird üçün yeni anlayışlar meydana çıxır. Mif, əsatir, əfsanə, rəvayət kimi istilahlar onun üçün təzədir. Buna görə də müəllim həmin janrları başqalarından ayıran başlıca xüsusiyyətləri izah etməyə borcludur” [26, s.30-31].
İbtidai siniflərdə folklor nümunələrini öyrədərkən aşağıdakı qaydaların nəzərə alınması məqsədəuyğundur:
- Nağıllar tədris olunan zaman şagirdlər xalqın tarixi, adəti, ənənəsi, onların qara qüvvələrə, acgöz düşmənə qarşı mübarizəsi ilə tanış olurlar.
-Nağıllar şagirdlərdə vətəni qorumaq, el malına sədaqətli olmaq, düşmənə qarşı barışmaz olmaq kimi keyfiyyətlər tərbiyə edir.
-Nağıl və dastanlardan verilmiş oxu mətnləri vasitəsi ilə şagirdlər oxu vərdişlərinə yiyələnir, mətndə olan leksik ifadələrlə lüğət ehtiyatlarını zənginləşdirir, hadisələrin axarında təfəkkür fəaliyyətlərinə uyğun nəticələrə gəlir, mətnlərə yaradıcı yanaşır və nağıl edirlər.
-Şagirdlər mətnlərdə işlənən sözləri, o cümlədən dost, yoldaş, mərd, qəhrəman, xalqı sevmək kimi ifadələri izah edir və ya mənasını məktəbli lüğətlərindən istifadə etməklə izah edirlər.
-Atalar sözlərinin yığcam şəkildə dərin mənaya malik olması, şirin, duzlu danışmağa xidmət etməsi izah olunur.
-Tapmacalar da şagirdlərdə əşya və hadisələr haqqında düşünmək, onları yadda saxlamaq hissləri aşılayır.
Tapmaca ilə yanıltmacın fərqi uğurlu ifadə olmasa da, mətləb məlumdur. Yəni bu janrların hər birinin özünəməxsus xarakterinin səciyyəsini araşdırmağı tələb edirsə, bu çox vacibdir[16, s.31].
İbtidai sinif dərsliklərində aşağıdakı məslələri nəzərə almaq lazımdır:

  • Birinci-ikinci sinif dərsliklərinə tarixi və heyvanlardan bəhs edən nağıllar salınır.

  • Üçüncü siniflərdə öyrənilən nağıllardan, əlavə, sehirli nağıllar dərsliklərə salınır.

  • Məişət nağılları IV siniflərdə tədris olunur.

  • Birinci-ikinci sinif dərsliklərinə dastanlar əsasında yazılmış hekayələr salınır.

  • Ücüncü-dördüncü siniflərdə isə qəhrəmanlıq dastanlarından parçalar verilir.

  • Birinci-dördüncü sinif dərsliklərinə atalar sözü daxil edilir. Bu janr üzrə həm yazılı, həm də şifahi iş aparılır.

  • Birinci və üçüncü sinif dərsliklərinə böyüklərə hörmət, dostluq, yoldaşlıq, yaxşılıq, mərdlik, vətənpərvərlik, zəhmətsevərliyə və s. aid atalar sözləri salınır.

  • Dördüncü sinif dərsliklərinə əlavə olaraq sənət, peşə mövzusunda atalar sözləri salınır.

  • Birinci sinif dərsliklərində heyvan, bitki, təbiət hadisələri, dərs əşyaları, meyvələr, tərəvəzlər, quşlar haqqında tapmacalara yer verilir.

  • İkinci siniflərdə ağac, çiçək, gül, bəzək və geyim şeyləri, həşəratlar, xörəklər, ev əşyaları, insanlar haqqında tapmacalar üstünlük təşkil edir.

  • Üçüncü-dördüncü siniflərdə musiqi alətləri, silah adları, texnika və mücərrəd anlayışları bildirən tapmacalar təqdim edilir.

  • Birinci sinifdə ailəyə, vətənə məhəbbət, dostluq və mərdlik bayatıları; ikinci-üçüncü siniflərdə vəsfi- hallar, zəmanədən şikayət, qürbət bayatıları; dördüncü sinifdə öyüd-nəsihət, ağılar, oxşamalar, məişətlə bağlı və s. bayatılar dərsliklərə salınır.

  • Saymacalar- maraqlı olduğu üçün şagirdlər tərəfindən sevilərək öyrənilir, bu da onların nitqinin inkişafına səbəb olur.

Ümumiyyətlə, dərsliklərdə folklor nümunələrinin olması şagirdlərin dünyagörüşünün formalaşması, nitq bacarıqlarının və təfəkkürün inkişafı üçün məqsədəuyğun sayılır. Dünya xalqları, ayrı-ayrı yazıçıların yazmış olduğu nağıllar ibtidai sinif şagirdlərinin ümuminkişafı və oxu vərdişlərinin inkişafı baxımından faydalıdır.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin