Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova


Oxuya verilən başlıca tələblər. Oxu vərdişlərinin inkişaf etdirilməsi



Yüklə 0,51 Mb.
səhifə5/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   2   3   4   5   6   7   8   9   ...   70
C.Nabat Monoqrafiya

Oxuya verilən başlıca tələblər. Oxu vərdişlərinin inkişaf etdirilməsi

Şagirdlərin oxu vərdişlərinin normal inkişafını təmin etmək üçün təlimin hər bir mərhələsində bunu fərdi şəkildə öyrənmək zəruridir. Təlimin üçüncü ilində şagirdlərin oxu vərdişlərinə yiyələnməsi və oxunun təkmilləşdirilməsi davam edir. Oxunun düzgün, aydın, sərbəst, səlis, rəvan, ardıcıl, şüurlu, ifadəli olması qayğısına qalınır. Şagirdlərin qarşısında oxunmuş, materialların məzmununu dərk etmək, ona münasibət bildirmək, onu qiymətləndirmək tələbi qoyulur. Bütün bunlar həm də şagirdlərin nitq inkişafına xidmət edir [15, s.32].


Şagirdin oxusuna verilən tələbləri: düzgünlüyü, sürəti, şüurluluğu, ifadəliliyi təmin edən və ya əks təsir yaradan halları aşkara çıxarmaq, bu istiqamətdə ardıcıl iş aparmaq oxunun keyfiyyətini üzə çıxarır, şagirdlərin oxusunu vərdişə çevirməkdə əhəmiyyətli rol oynayır. Oxunun bütün növləri aşağıdakı tələbləri doğrultmalıdır:

  • oxunun düzgünlüyü;

  • oxunun rəvanlığı;

  • şüurluluq;

  • ifadəlilik.

Şagirdlərin oxusu təkmilləşdirilməsə, oxu mətnləri uşaqlara düşünməyi, oxumağı və hiss etməyi aşılamayacaqdır. Odur ki, şagirlərin oxusuna verilən tələblər haqqında bəzi məqamları bilmək lazımdır.
Düzgün oxu. Məzmun o zaman daha tez anlaşılır ki, oxu düzgün olsun.

  • Oxunun düzgünlüyü şüurluluğun təmin oxunmasına xidmət edir.

  • Oxunun rəvanlığı oxunun şüurluluğu ilə üst-üstə düşmürsə, faydalı deyildir.

  • Oxuda gözlənilən digər keyfiyyət onun ifadəli olmasıdır.

Oxu materialında verilənlər, əsas ideya, obrazlar, fikirlər ifadəli oxuda canlanır və məzmunun şüurlu dərk olunmasına səbəb olur. Düzgün oxu, rəvan oxu, şüurlu oxu ifadəli oxunu tənzimləyir. Oxunun düzgünlüyünə verilən başlıca tələblər aşağıdakılardır:
1) sözləri düzgün, aydın, sərbəst, səlis təhrifə yol vermədən oxuya bilmək;
2) sözlərdə vurğunun yerini müəyyən etmək, vurğuya uyğun olaraq mənanı dəyişməmək;
3) bir sözü başqa oxşar sözlə dəyişməmək;
4) düzgün tələffüzə əməl etmək;
5) cümləyə söz artırmamaq, sözü ixtisat etməmək;
6) təkrarlara yol verməmək;
7) mətni, cümlələri oxuyarkən fasiləyə əməl etmək;
8) punktuasiya qaydalarını gözləmək;
9) nitqdə olan qüsurları aradan qaldırmaq.
Oxu zamanı düzgünlüyü pozan başlıca amillər aşağıdakılardır:
- birinci sinifdə oxunun düzgün aparılmaması(hərf-hərf oxu);
-dialekt və şivə qüsurlarının islah edilməməsi;
-yazı və tələffüz arasındakı fərqin başa düşülməməsi;
-fizioloji nöqsanların mövcudluğu;
-şagirdlərin leksik mənanı başa düşməmələri;
-oxu mətnlərində şagirdlərin yaş səviyyəsinə uyğun olmayan çətin sözlərin yer alması.
Qeyd olunanları islah etmək üçün aşağıdakı iş növlərindən istifadə məqsədəuyğundur:

  • müəllimin düzgün oxusu;

  • oxunun izahla müşayət edilməsi;

  • yoldaşlarının oxusuna nəzarət;

  • səhv oxunan sözlərin təkrar oxusu;

  • sözlərdə çətinlik səviyyəsinin müəyyənləşdirilməsi və təhlili;

  • oxuya nəzarət və səhvlərin islahında sinif şagirdlərinin fəal iştirakının təmin olunması.

I və II siniflərdə oxuya tam yiyələnməmiş şagirdlərin oxusunda belə səhvlər ortaya çıxır ki, bu zaman müəllim diqqətli olmalı və vaxtında tədbir görməlidir. Oxu vərdişinə yiyələnmiş şagirdlər  də yorulduqda səhvlərə yol verirlər.
Oxuda səhvlər obyektiv və subyektiv səbəblərdən baş verir. Belə ki, oxu mətnində şagirdlərin yaş xüsusiyyətinə uyğun olmayan sözlərin olması, çətin orfoqramlı sözlərin işlədilməsi, sözlərin mənasının izah olunmaması və ya lüğət işinin aparılmaması obyektiv səbəb kimi göstərilə bilər.
Subyektiv səbəb kimi şagirdlərin sözlərdə səs-heca tərkibinin müəyyənləşdirə bilməməsi, mətndəki sözlərdə obrazlılığın mənimsənilməməsidir. Belə hallarda şagirdlər sözləri daxil olduğu cümləyə əsasən yox, cümlədən kənarda qavrayırlar. Yenicə oxu texnikasına yiyələnmiş uşaqların çoxu sözləri cümlə və mətn xaricində dərk edirlər.
Müəllim mətnin oxusundan əvvəl çətin sözləri yazı lövhəsinə yazıb, izah etməli və bu zəmində oxuya başlamalıdır. Çoxhecalı sözlərin hecalarla oxunması və ya xorla oxusu şagirdlərin oxu bacarıqlarına yiyələnmələrini gücləndirir. Mətni təkrar oxumaq isə oxunu asanlaşdırır, görmə sahəsini genişləndirir. Bu prosesdə kiçik məktəblilərin fəallığının aşağı olmasına yol verilməməli, onlara oxu üçün maraqlı tapşırıqlar hazırlanmalıdır. Şagirdlərdə oxuya həvəs yaratmaqda rol oynayan şərtlərdən danışarkən onun rəvanlığını yada salmaq lazımdır.
Müəllimin oxu nümunəsu verməsi və şagirdlərin oxusuna daim nəzarət etməsi, səhvə yol verən şagirdlərin səhvlərinə biganə qalmaması əsas şərtdir. Düzgün oxu üçün nəzarət şagirdlərin özlərinə həvalə olunmalıdır. Oxu prosesində şagirdlərin kitabda yazıldığı kimi oxumasına imkan verilməməlidir. Bunun üçün müəllim şagirdləri orfoepik qaydalarla tanış etməlidir.
Oxunun düzgünlüyünün pozulması bəzən nitq orqanlarının nöqsanlarından (r, s, z, g, ş və s. səslərin öz məxrəcində tələffüz olunmaması), səslərinin tələffüzündə olan qüsurlardan və s. irəli gəlir.
Göründüyü kimi, düzgün oxu nitq orqanlarının vəziyyətindən də asılı ola bilir. Müəllim bu kimi hallarda hansı tədbirlər görəcəyini əvvəlcədən müəyyənləşdirməlidir. O, şagirdlə fərdi məşğul ola bilər və ya loqopedə müraciət edə bilər.
Şagirdlərin oxusuna nəzarətin ardıcıllığı və sistemli xarakter daşıması düzgün oxunun formalaşmasında mühüm faktordur. Nöqsanlı oxusu olan şagirdlər fərdi tapşırıqlarla işləyərək düzgün oxuya nail olmalıdırlar. Əlbəttə, bu iş müəllimin nəzarəti altında həyata keçirilməlidir. Şagird səhvini başa düşməlidir, əks halda o, nədə cəhv etdiyini bilməyəcəkdir. Müəllimin şagirdlərə yanaşmasında psixoloji amillər nəzərə alınmalı, hər kəsə onun xarakterinə uyğun tapşırıq verilməlidir, çətinliklər dəf olunmadıqda loqopedin yardımına müraciət edilməlidir
Düzgün oxunun yaranmasıda şagirdlərin fəallığı da mühüm rol oynayır. Onlar öz yoldaşlarının oxusuna diqqət yetirməli və oxuda aşağıdakı cəhətlərin gözlənilməsi nəzərə alınmalıdır:

  • sözlərdə hecaların, hərfin buraxılmaması və artırılmaması;

  • sözün mənasında təhrifə yol verilməməsi;

  • vurğunun yerinin düzgün müəyyənləşdirilməsi;

  • ədəbi tələffüz qaydalarının gözlənilməsi;

  • tələskən oxuya yol verilməməsi;

  • intonasiya komponentlərinə əməl edilməsi.

Oxuda sürət. Şagirdlərin  oxu texnikasına yiyələnməyə başladığı dövrdən aşağı templə müşayiət olunur, tədricən oxunun rəvanlığı artır. Oxunun nə çox asta, nə də çox sürətlə aparılması qəbuledilməzdir.
Oxunun rəvanlığı (sürəti) yaradıcılıq tələb edir, belə ki, şagird oxuduğu mətnin məzmununu dərk edirsə, oxunun sürəti normal olacaqdır, yox belə deyilsə, oxu sürəti aşağı düşəcəkdir. Əgər şagird oxu vərdişlərinə yiyələnibsə, hər hansı mərtni oxumaqda çətinlik hiss eməyəcək, əksinə onun oxu sürəti artacaqdır. Fəal təlimdə strategiyalı oxu tendensiyası hökm sürür ki, bu da oxunun idarə olunması və daha sürətli oxunun həyata keçirilməsini tələb edir.
Oxunun sürəti  normal olduqda oxunan mətnin şüurlu başa düşülməsini və müvəffəqiyyətini təşkil edir. Asta oxu isə mətnin şüurlu başa düşülməsini, qavranılmasını çətinləşdirir, oxu prosesi mexaniki şəkil alır.
Oxunun rəvanlığı mətnin qavranılmasında əsaslı rol oynayır. L.S.Vıqotskinin təbirincə desək, sürətli oxu daha məhsuldar oxudur. O, oxunun sürəti haqqında mülahizələrində deyirdi, elə güman edilir ki, asta oxu məzmunun dərk olunmasını yüksəldir, amma bu belə deyil, anlama sürətli oxuda çox yaxşı baş verir.
Rəvan oxu eşitməni, görməni, oxunmuş mətnin səmərəli qavranılmasını asta oxu prosesindən yüksək templə yerinə yetirir. Şagirdlərin danışıq nitqinə əsasən rəvan (sürətli) oxunun 3 növü var:
1)sürətli;
2) orta;
3) aramla oxu

Siniflər

Sürətli oxu

Orta oxu

Aram-aram oxu

Savad təlim dövrü

25-30

20-25

15-20

Savad təlimindən sonrakı dövr (I sinif)

30-35

25-30

20-25

II sinif

50-60

50-40

30-40

III sinif

60-80

50-70

40-50

IV sinif

80-100

70-90

60-70

İbtidai siniflərdə(III-IV siniflər) oxunun sürəti adi danışıqdakı kimi olmalıdır. Oxunun sürətinə kömək edən vasitələr aşağıdakılardır:


1) düzgün oxu nümunəsinin verməsi;
2) nöqsanlı oxusu olan uşaqların oxusunun normalla müqayisə edilməsi;
3) sinifdəki bütün şagirdlərin normal oxusunun təşkil edilməsi;
4) xorla oxudan az istifadə edilməsi;
5) fərdi oxu və sinifdənxaric oxuya diqqətin artırılması.
Oxu texnikası tədricən vərdişə çevrilir. Bunun birdən-birə baş verməsi mümkün deyildir. Ardıcıl oxu prosesi aparılmasa, bu problemə ciddi yanaşılmasa, əlbəttə, oxu vərdişinin yaranması ləngiyəcəkdir.
Şagirdləri sürətli oxu vərdişlərini mənimsəməsi ibtidai siniflərdə çox mühüm məsələlərdən biridir. Məqsəddən asılı olaraq sürət müəyyənləşdirilməlidir. Oxunun sürətinə nəzarət, yəni mətnin hansı sürətlə oxunmasını əvvəlcədən müəyyənləşdirməkdə sürət şkalasına istinad edilir.
Strategiyalı oxunun əsas amillərindən biri məhz sürətli oxu problemidir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, sürətli oxuya yiyələnmək oxu texnikasının necə mənimsənilməsindən çox asılıdır. Əgər şagird savad təlimi dövründə oxu texnikasına lazımi qaydada yiyələnmişsə, əlbəttə, onun oxu bacarıqları daha səmərəli olacaqdır. Psixoloq T.Q.Yeqorov göstərir ki, oxunun ilk mərhələsində şagirdlər hecalarla yox, hərflərlə oxuya üstünlük verirlər və hər bir hərfin üzərində müəyyən qədər dayanırlar. Odur ki, oxu texnikasının ilkin mərhələsində hecaya bərabər oxu sahəsi yaradılmalıdır.
Oxu texnikasının səmərəli olması müəllimin bu işi necə qurmasından da asılıdır. Qeyd etmək lazımdır ki, şagirdlərin hecanın oxu vahidi olmasını dərk etməsi və hecalarla oxumağı mənimsəməsi ibtidai siniflərdə nəzərə alınmalı zəruri məsələdir. Müəllim savad təlimi dövründə oxunun tədrisində açıq heca texnikasına, hecalarla oxuya, oxuda oriyentasiyaya, mövqelilik prinsipinə əməl edilməsinə diqqətli yanaşmışsa, şagirdlər strategiyalı və sürətli oxuya asanlıqla və mükəmməl yiyələnəcəkdir. Mövqelilik prinsipinə görə samit səslərin oxunması onlardan əvvəl və sonra gələn saitin tələffüzündən (qalın və incəliyindən) asılıdır.
Psixoloq N.İ.Jinkinin təbirincə desək, yazıda və danışıqda olduğu kimi, oxu prinsipində də sonrakı hissələri qabaqlama, əvvəlki hissələri isə hifzetmə özünü göstərir. Belə ki, bu, oxunun sürətini artırır, mənanın anlaşılmasını təmin edir. Oxumağa yeni başlamış şagirdlərin oxu sahəsi çox dar olduğu üçün müəllim uyğun çalışmaların tətbiqi ilə oxu texnikasının düzgün formalaşması qayğısına qalmalıdır.
Oxu vərdişlərinin yaradılmasında çalışmalar sistemindən ardicil istifadə edilməsi, görmə orqanının bu sahədə fəaliyyətinin artırılması, gözün daha çox söz görməyə alışdırılması və həmin sözlərin mənasının kontekst daxilində qavranılması sonrakı mərhələdə sürətli oxunun yaranmasını təmin edir.
Şagirdlərdə oxu texnikası müntəzəm aparılan oxu çalışmaları nəticəsində tədricən yaranır və formalaşır. Bu zaman şagirdlər sürətli və rəvan oxumaqla yanaşı, oxuduğu materialın məzmununu dərk edir, başa düşürlər. Oxu prosesində hər bir sözün hərf-heca birləşməsi gözdən keçirilir, qavranılır və mənası dərk olunur. Bundan əlavə, oxunan mətnin ardıcıllığı da yadda saxlanılmalıdır. Oxu vədişinə yiyələnmiş şagird üçün bu hal bir o qədər çətinlik törətmir, lakin oxu texnikasına yenicə yiyələnmiş şagirdlərdə belə proses çətinliklərlə müşayiət olunur. Oxu vərdişləri artıqca, çətinliklər də dəf olunur.
Oxu sürətinin artırılmasında sözlərin mənasının dərk olunmasının əhəmiyyəti çoxdir. Oxumağa yeni başlayan uşaqlarda oxu sürətinin aşağı olmasının səbəblərindən biri məhz mətndə sözlərin mənasının anlaşılmamasıdır.
Belə ki, oxu vərdişləri təzəcə yaranan şagird mənası ona tanış olmayan sözü oxumaqda çətinlik çəkir və ya həmin sözə çatanda oxunu dayandırır. İbtidai sinif şagirdlərinin oxu sürətini tənzimləmək üçün aşağıdakı iş üsullarından istifadə edilir:

  • Mətnə dair sualların verilməsi. Mətnin oxunmasından əvvəl şagirdlərə mətnə dair suallar verilir ki, şagirdlər mətndə nədən bəhs olunacağını düşünürlər. Bu, adətən, dərsin motivasiya mərhələsində təşkil olunur. Mətnə dair veilmiş suallara şagirdlərin cavabları (fərziyyələri) dinlənilir.

  • Mətnin hissələrlə oxunması. İbtidai siniflərdə mətnin hissələrlə oxunması şagirdlərin oxu sürətinin tənzimlənməsində mühüm rol oynayır. Belə ki, sürətli oxusu olan şagirdlə ləng oxusu olan şagirdin oxusunun müqayisəsi şagirdlərin hansı oxuya üstünlük verməsini müəyyənləşdirməyə imkan verir. Müstəqil işlərin təşkilində oxuya verilən tələblərin gözlənilməsi üzrə tapşırıqların yerinə yetirilməsini nəzərdə tutan zaman sürətli oxunun yaradılması da diqqət mərkəzində olmalıdır. Müşahidələr göstərir ki, adətən, oxunun sürətli olması məzmunun daha yaxşı mənimsənilməsini təmin edir.

  • Rollar üzrə oxu. Səhnələşdirmə oxu mətnlərinin oxunmasını maraqlı etməklə yanaşı, əsərdəki surətlərin nitqini yamsılamaqla, obrazın xarakterinə uyğun sürət seçməklə oxu sürətini tənzimləyir.

  • Əzbərləmə. Şeirlərin, mətnlərdən bir hissənin əzbərlənməsi əzbər söyləmənin sürəti mexaniki xarakter daşımaqla şagirdlərin yaddaşına hopur. Oxu mətnlərinin, şeirlərin oxusunda şagird yenə də həmin sürəti qorumağa çalışır. Bu da tədricən sürətli oxunu formalaşdırır.

  • Seçmə oxu. Müəllimlər oxu mətnlərinə aid müxtəlif xarakterli tapşırıqlar verməklə şagirdlərin oxu sürətinin artırılmasına çalışırlar. Məsələn, əsərin qəhrəmanının xarakterik xüsusiyyətlərinin seçilib oxunması şagirdləri vadar edir ki, mətni sürətlə oxusun və qəhrəmana xas xüsusiyyətləri tapsınlar. Yaxud, təbiət təsvirlərinin seçilib oxunması, əsas faktların seçilməsi, ikinci dərəcəli məsələlərin seçilib oxunması, tarixi faktların seçilməsi, müəllifin özünə xas sözlərin seçilib oxunması və s. sürətli oxunun yaranmasında istifadə edilən seçmə oxudur.

  • Təkrar oxu. Oxu mətninin ilkin oxu sürəti ilə təkrar oxu sürəti arasında xeyli fərq olur. Çünki ilkin oxu prosesində şagirdlər mətndə onlara tanış olmayan xeyli söz və ifadələrlə rastlaşırlar. Oxunun həyata keçirilməsi mərələlərindən biri də məhz mətnin lüğəti üzərində aparılan işdir. Mətnin oxunması, söz və ifadələrin izah olunması, kontekst daxilində öyrənilməsi mətnin növbəti dəfə oxunmasında sürəti artırır. Mətn maraqlı olduqda da şagirdlər onu həvəslə və dəfələrlə oxuyurlar, nəticədə oxunun sürəti artır.

  • Səhnələşdirmə. Oxu mətnlərinin səhnələşdirilməsi şagirdlər tərəfindən maraqla qarşılanır. Səhnələşdirmə zamanı oxu mətnində olan obrazların nitqinə uyğun sürətin seçilməsi, şagirdlərin oxu sürətlərinin bir-birinə uyğunlaşdırılmasına şərait yaradır.

  • Müsabiqənin təşkili. Müəllim əsərin oxusunu cütlərlə iş şəraitində keçirir. Mətnin bir hissəsinin müəyyən vaxt (5 dəq.) ərzində oxunub məzmununun nəql edilməsi tapşırığını alan şagirdlər daha sürətlə oxumağa, verilən vaxt ərzində məzmunu öyrənməyə çalışırlar. Əlbəttə, tapşırığı cəld, vaxtında yerinə yetirənlər təltif olunurlar(müəllim qalibləri verval və qeyri-verbal üsullarla mükafatlandırır). Beləliklə, şagirdlərin sürətli oxu vərdişləri möhkəmləndirilir.

  • Sinifdənxaric oxu. Sinifdənxaric oxu şagirdlərin müstəqil oxu vərdişlərini, nitqini, dünyagörüşünü formalaşdırır. Sinifdənxaric oxu zamanı şagird oxuduğu əsəri tez tamamlamağa çalışır, hadisələrin sonunu bilməyə can atır. Odur ki, sürətili oxu vərdişləri güclənir.

Oxu sürətinin dəyərləndirilməsinə şagirdlərin özlərinin cəlb edilməsi çox faydalıdır. Bu zaman şagird öz oxu sürətini sinif yoldaşlarının oxusu ilə müqayisə edərək daha sürətli oxumağa çalışır.
Oxunun sürəti mətnin məzmunundan da asılıdır. Məsələn, daha təntənəli, qürur, sevinc hissi güclü olan şeirlərin oxusu daha sürətli olduğu üçün sürətli oxu vərdişlərinin yaradılmasında belə şeirlərin seçilməsi məqsədəuyğundur. Bəzən bir mətn daxilində fakt və hadisələrdən, onların vəziyyətindən asılı olaraq oxunun sürəti bir neçə dəfə dəyişə bilir.
Şüurlu oxu. Şüurluluq oxuda çox vacib oxu fəaliyyətidir. Oxu prosesində şagird oxuduğunun mahiyyətini dərk etmək üçün şüurluluğa əməl etməlidir, əgər şüurluluq gözlənilməzsə, çətin ki, o, məzmunu dərk etsin. Oxuda şüurluluq şagirdlər tərəfindən oxunmuş mətnin mənimsənilməsidir. Oxuda şüurluluğun təmin edilməsi mühüm məsələdir. Mətnin yanlış başa düşülməsi və ya başa düşülməməsinə səbəb şüurlu oxuya riayət olunmamasıdır. Əsərin məzmununun anlaşılmaması sürətli və ifadəli oxuya mənfi təsir göstərir. Şagirdlərin şüurlu oxuya yiyələnməsi üçün qavrayışın dərinləşdirilməsinə yönəlmiş məşğələlərin təşkili zəruridir: Məsələn:

  • şagirdlərin şüurlu oxuya hazırlaşması;

  • oxunmuş mətnin məzmununa dair sualların verilməsi;

  • lüğət işinin təşkili;

  • planın tərtib edilməsi;

  • seçmə oxuya üstünlük verilməsi;

  • mətnin məzmununu nağıletmə;

  • nəticələrin çıxarılması;

  • həyatla əlaqələndirmə və s.

Şagirdlərin şüurlu oxusu ifadəlilikdə əsas şərtdir. Odur ki, izahlı oxu dərslərinə üstünlük verilməli, dərslər belə təşkil olunmalıdır. Məhz mətn üzrə lüğət işlərinin təşkili şüurluluğun yaradılması məqsədini güdür. Mətnin izahlı oxusu, lüğət işlərinin yerinə yetirilməsi şagirdlərin fəallığı ilə müşayiət olunur.
Şüurluluq:
- oxu mətnindəki sözlərin, söz birləşmələrinin, cümlələrin başa düşülməsində;
-oxu mətninin tam başa düşülməsində;
-şagirdlərin  fakt və hadisələrə münasibətində meydana çıxır.
Şüurlu oxuda şagird:

    • məzmunu başa düşür;

    • mətndəki əsas fikri şərh edir;

    • hadisə və faktları göstərir;

    • obrazın davranışını müəyyənləşdirir;

    • əsərin ideyasını başa düşür;

    • baş verənlərə münasibət bildirməyi bacarır;

    • baş obrazın fikirlərini başa düşür, münasibət bildirir;

    • həyatla əlaqəni başa düşür.

Müxtəlif vəziyyətlərdə oxu zamanı bəzi problemlər yarana bilər. Belə ki, birinci sinifə gələn hər bir şagird nitqə yiyələnmiş olur. Təlimə qoşulduqda isə oxu və yazı bacarıqlarına yiyələnməyə başlayır, müəyyən çətinliklərlə qarşılaşır. Mətnlərin oxusu zamanı yaranan çətinliklərin aradan qaldırılmasında müxtəlif vasitələrdən istifadə edilir. Aşağıdakı vasitələr şüurluluğun təşkili üçün faydalıdır:

  • əyaniləşdirmə;

  • şagirdlərin müşahidələri ;

  • oxu mətnindəki emosional çalarlığın izahı;

  • surətlərin konkretləşdirilməsi;

  • çətin sözlərin təhlili.

Oxuda şüurluluğun vacibliyini düşünən müəllim əvvəlcədən mətnlə tanış olmalı, izah edəcəyi hissələri, söz və ifadələri müəyyənləşdirməlidir:

  • mətndəki əsas fikrin şərhini vermək;

  • hadisə və faktları təsvir etmək, mətnin məzmununu dərk etmək;

  • müəllifin məqsədini, əsərin ideyasını başa düşmək;

  • əsərin məzmununu başa düşməklə ona münasibət bildirmək;

  • yazılı nitqdə durğu işarələri, sözlərin sırası, nida, digər ifadə vasitələrinin rolunu başa düşmək;

  • əsərdə qəhrəmanın fikirlərinin mənasını, həyəcanını ifadə etmək üçün müəllifin işlətdiyi ifadələri başa düşmək və dəyərləndirmək;

  • oxuduğu əsasında (oxuduqlarına əsasən) müasir həyatımızın həqiqətlərini başa düşmək və qiymətləndirmək .

Oxunun ifadəliliyi. İbtidai siniflərdə ifadəli oxu oxunun zirvəsi hesab olunur. İfadəli oxu əsərin mənasının dərk olunmasında, mətndəki söz, ifadə və cümlələrin məntiqi mənası və emosional çalarlığının açılmasında böyük rol oynayır. İfadəli oxu şagirdin sözün qüdrətini dərk etməsinə, estetik zövqünün inkişafına kömək edir. İfadəli oxu mətnin məzmunu əsasında emosional mühitin yaranmasına, hadisə və faktların olduğu kimi dərk edilməsinə şərait yaradır. Oxunun ifadəliliyi oxu vərdişlərinin yaranmasına təkan verir, həmçinin şagirdlərin oxuya marağını gücləndirir.
“Şifahi nitq-ifadəli oxu, ifadəli söz deməkdir. İfadəli oxu təkcə əsəri oxumaq deyil, ifadəli oxu zamanı şagirdlər sözlərin ədəbi tələffüz qaydalarını, nitqdə yaradıcı inkişafını, sözün ədəbi kəsər mənalarını, o cümlədən danışıqda ədəbi dilin əlaqələlərini öyrənirlər. İfadəli oxunun ikinci bir cəhəti odur ki, şagirdlər yazıçı sənətkarlığını, onun üslubunu, arzu və istəyini dərk edirlər. Sözün arxasında həyatı görür, adamları tanıyır, pisi yaxşıdan seçə bilir, nəhayət, oxuduğu əsərdən tərbiyə alırlar”[17, s.172].
Şüurlu oxunun düzgün aparılması şagirdlərin ifadəli oxusunun əsasıdır. Rus mütəfəkkiri N.V.Qoqol yazırdı, yalnız ifadəli oxu şeirə dair düzgün fikir yaradar... . Yaxşı oxumaq üçün şairin qəlbini duymaq, hər bir sözün ruhunu tapmaq lazımdır.
Bədii mətnin mənasının anlaşılması yalnız ifadəli oxu zamanı mümkün olur. Oxuya verilən digər tələblərin (düzgün, rəvan, şüurlu oxu) reallaşması ifadəli oxuya zəmin yaradır. Əsərin oxusu o zaman daha effektli təsir bağışlayır ki, ifadəlilik gözlənilsin.
Müəllim bu işdə ibtidai sinif şagirdlərinə nümunə olmalıdır. Müəllim oxuya hazırlıq üçün düşünməli, yazıçının nə demək istədiyini araşdırmalı, özünü hadisələrin iştirakçısı kimi hiss etməlidir. Müəllim həmçinin duyğularını şagirdlərə çatdıra bilməli, mətni (şeir, hekayə, təmsil və s.) tələb olunan səviyyədə oxumalıdır. Düzgün, rəvan şüurlu oxuya bilmək, hələ hər şey demək deyildir. Yalnız oxuda ifadəliliyin gözlənilməsi şagirdlərin diqqətini mətndəki əsas fikrə istiqamətləndirir. Oxunun ifadəli olması üçün müəllim əsərdəki ən xırda nüansları da şagirdlərin diqqətinə çatdırmağı özünə borc bilməli, obrazların xarakterini, daxili aləmlərini, onlara müəllifin münasibətini və s. çatdırmağı bacarmalıdır. İfadəli oxu üçün ilk şərt mətnin məzmununun şüurlu öyrənilməsidir.
İfadəlilik həçinin şüurluluğu artırır. Oxu bədii əsərlə tanışlığın ən sadə formasıdır. Lakin ifadəli oxudan bəhs etdikdə bu sadəlikdən əsər-əlamət qalmır. Əsəri ifadəli oxumaq asan deyildir, şagirdlər ilk mərhələdə hələ bunu bacarmırlar. Amma məhz ifadəli oxu ifaçıya və dinləyiciyə güclü təsir edərək əsərin bütün dərinliyini, emosional təbiətini açıb göstərir[20, s.51]. İfadəlilik üzərində iş zamanı şagirdlərin oxusuna müxtəlif tələblər verilir. İfadəli oxuya dair vərdişlərin formalaşdırılması zamanı müəllimin işi ardıcıl və sistemli olmalıdır. Şagirdlərin nitqinin ifadəli olması onların oxu vərdişlərinə yiyələnmələri səviyyəsindən asılıdır. Müəllim daim oxu vərdişlərinin yaradılması, nitq texnikası istiqamətində çalışmalıdır. Belə ki, tənəffüs, səs, diksiya nitq texnikası anlayışının mühüm elementləridir. Nitq texnikası anlayışına oxu və danışıq prosesində tənəffüs, səs, diksiya və s. daxildir [14, s.172].
İfadəli oxunun aşağıdakı vasitələri vardır:
İntonasiya. İntonasiya nə deməkdir? Mətndəki obrazların, hadisələrin oxucuya çatdırılmasında ifadəli oxunun komponenti olan intonasiyanın rolu böyükdür. Oxu mətnində əks olunanlar intonasiyanın gücü ilə təsir qüvvəsi qazanır. İntonasiya oxunan materialdakı hissi, həyəcanı bütünlüklə dinləyiciyə ötürə bilir. İntonasiyaya aşağıdakılar daxildir:
Səs. Qüvvə, ucalıq, uzunluq, sürət, tembr və başqa keyfiyyətlər səsə aiddir. Səsin əmələ gəlmə mexanizminin hərəkəti sahəsində ağ ciyərlərdəki hava nəfəs yolu vasitəsi ilə xirtdəyə daxil olur və səs tellərinin titrəyişi nəticəsində səs əmələ gəlir. “Səs bu və ya digər mühitdə yayılıb eşitmə üzvü ilə qəbul olunan və beyində müəyyən təəssürat yaradan rəqslənmədir” [11, s.16].
Səsin gücü. Səsin gücü, həcmi, emosionallığı, məlahətliliyi sözlərin daha canlı çatdırılmasına xidmət edir. Səsin gözəlliyi ilə iş bitmir, onun düzgün idarə olunması da başlıca şərtdir. Səsdə qüvvə və ucalığı eyniləşdirmək düzgün deyildir. Müəyyən qüvvədə səsə sahib adam ucadan və astadan danışmağı bacarır.
Səsin ucalığı. Nitq zamanı müəyyən məqamda səsin ucalması baş verir. Uca səs tonun dəyişməsi, əvəzlənməsi olub rəqslənmə tezliyindən asılıdır. Səsin ucalığı yüksək orta, alçaq olur. Səs tez-tez dəyişə bilir. Səsin bu keyfiyyətləri ağız boşluğunda yaranır.
Melodiklik. Səsdə yüksəklik, alçaq səs tonu, musiqililik, yumşaqlıq, oxuda incəliyin gözlənilməsi və s. oxunun melodikliyindən asılıdır.
Sürət. Oxuda rəvanlıq-məzmunla bağlı oxunu sürətləndirmə və ləngiməni bildirir.
Ritm. Hecalarda əvəzlənmənin ahəngdarlığı ritm adlanır.
Diksiya. Danışıq üzvlərini idarə edə bilmək, nitq səslərini düzgün tələffüz edə bilmək, düzgün nəfəsalmaya malik olmaq diksiyanı şərtləndirir.
Oxunun ifadəliliyinin formalaşdırılması müəllimdən ciddi hazırlıq tələb edir.
Bu zaman aşağıdakı şərtlərin nəzərə alınması zəruridir:

  • müəllimin ifadəli oxu üzrə elmi-nəzəri əsaslara yiyələnməsi;

  • ifadəli oxu işinin sistemli qurulması;

  • ifadəli oxumaq üçün izahlı oxunun təşkil edilməsi.

Tənəffüs nəfəsalma- nəfəsvermə). Bu, düzgün nəfəsalma və alınan havanı tələbə uyğun xərcləməkdən ibarətdir.
Səsin tonallığı (səsdə təmizlik, düzgünlük, gözəllik və dəyişmə tempi) düzgün nəfəsalmadan asılıdır. Nəfəsalmanın düzgünlüyü oxunun, danışığın dinləyiciyə, eşidənə xoş təsirini təmin edir. Belə ki, oxu prosesində sürətlə alınan nəfəs qənaətlə xərclənməlidir. Şagirdlərin oxusunun bu tələblərə cavab verməsi üçün müəllim ciddi səy göstərməlidir. Buna nail olmaq üçün şagirdlərin döş qəfəsi əzələlərinin möhkəmləndirilməsi qayğısına qalınmalıdır. Sözlərin, ifadələrin, cümlələrin tələffüzündə ağ ciyərlərə hava keçir. Nəfəsalma zamanı ağ ciyərlər hava ilə dolur, döş qəfəsi genişlənir və oxu zamanı bu hava az-az istifadə olunur. Şagirdin partada düzdün oturması vacibdir ki, o, rahat tənəffüs edə bilsin və oxusu səmərəli olsun. Döş qəfəsini partaya söykəmək, kitab üzərinə çox əyilmək, nəfəsalmanı çətinləşdirir, şagird oxunu dayandırıb dərindən nəfəs almağa məcbur olur.
Vurğu. Vurğu nədir? Sözdə hecaların, cümlədə sözlərin birinin digərinə nisbətən qüvvətli deyilməsi vurğu hesab edilir. Deməli, heca, məntiqi və həyəcanlı vurğunun fikrin emosional və dəqiq çatdırılmasında əsaslı rolu vardır.
Fasilə. Bəzi mənbələrdə buna pauza da deyilir. Yazılı nitqdə hər bir durğu işarəsinə uyğun fasilə vardır. Həmçinin sintaqmlar üzrə fasilə də fikrin dəqiqliyinə və emosional anlaşılmasına xidmət edir.
İfadəli oxu zamanı şagirdlər sözlərin məntiqi vurğusunu və əsəri bədii dildə oxumağı öyrənirlər. İfadəli oxu şagirdlərin şifahi nitqini cilalayır, onların nitqinin aydın, sərbəst, yığcam, dəqiq, düzgün, ifadəli, orijinal olmasına səbəb olur.
“İbtidai sinif şagirdlərinin ifadəli oxu mədəniyyətinə sahib olmaları üçün ilk növbədə canlı danışıqda işlənən sözlərin leksik və qrammatik mənalarını dərk etməli və ya başa düşməli, sözlərin cümlədə işlənmə yerini və üslubi xüsusiyyətlərini dərk etməlidir” [17, s.172].
“Şagirdlərin şifahi nitqinin, o cümlədən ifadəli oxu bacarıqlarının inkişaf etdirilməsində stimullaşdırma, nitq situasiyalarının zəmin rolu oynaması, mətndən, əyanilikdən, texniki vasitələrdən, təsvir, nəqletmə, mühakimə səciyyəli çalışmalardan məqsədyönlü istifadə məsələlərinə xüsusi diqqət yetirilməlidir” [12, s.16 ].



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin