Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə121/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   117   118   119   120   121   122   123   124   ...   194
GEYİM  MƏDƏNİYYƏTİ 
 
Ənənəvi geyimlərin ümumi səciyyəsi 
XIX əsr Azərbaycan xalqının etnosiyasi tarixində ən mürəkkəb dövrlərdən biri olub, onun 
iki hissəyə parçalanması, beləliklə  də, sosial-iqtisadi və  mədəni-texniki cəhətdən müxtəlif 
istiqamətlərdə inkişafı ilə səciyyələnir. XIX əsrin əvvəllərində Azərbaycanın şimal torpaqları çar 
Rusiyası tərəfindən işğal olunmuş, cənub torpaqları isə İran əsarəti altında qalmışdır. Azərbaycan 
xalqının tarixi taleyində dərin iz buraxan bu parçalanma vahid etnosun siyasi və sosial-iqtisadi 
həyatının bütün sahələrinə, o cümlədən onun maddi və  mənəvi mədəniyyətinin inkişaf 
meyllərinə  təsirsiz qalmamışdır. Rusiya tərəfindən işğalın müstəmləkə  məramından asılı 
olmayaraq, bu tarixi akt sayəsində Azərbaycanın  şimal torpaqları uzun müddət xarici 
qəsbkarların basqınlarından, siyasətindən yerli feodal hakimlərin dağıdıcı ara müharibələrindən 
xilas ola bildi.
1
 Bütün bu proseslər öz növbəsində xanlıqlar dövründə mövcud olan məhəlli 
təsərrüfat qapalılığına və feodal pərakəndəliyinə son qoymağa,  Şimali Azərbaycan  əhalisinin 
iqtisadi və  mədəni həyatının qabaqcıl Avropa və rus mədəniyyətinə yaxınlaşmasına imkan 
vermişdir.
2
 
Şimali Azərbaycanın iqtisadi işğalı, başqa sözlə, bu ərazinin təsərrüfat-iqtisadi cəhətdən 
mənimsənilməsi, onun hərbi-siyasi işğalından bir qədər sonra baş verməklə, xeyli müddət davam 
etmişdir. XIX əsrin ikinci yarısında Rusiyada kapitalizmin sürətli inkişafı ilə  əlaqədar olaraq, 
Şimali Azərbaycan  əyalətləri təsərrüfat baxımından Rusiya iqtisadi sisteminin ayrılmaz tərkib 
hissəsinə çevrilməyə, beləliklə də, Azərbaycan iqtisadiyyatı tədricən Rusiya və dünya bazarına 
cəlb olunmağa başlamışdır. Bu proseslər öz növbəsində Azərbaycanın  şimal torpaqlarında 
feodal-patriarxal münasibətlərin sürətlə dağılmasına və kapitalist istehsal münasibətlərinin 
inkişaf etməsinə, beləliklə  də, ölkənin kapitalist inkişafı yoluna düşməsinə  əlverişli zəmin 
yaratmışdır. 
Ölkənin sosial-iqtisadi və  mədəni-texniki həyatı üçün əlamətdar olan bu tarixi dönüş 
nəticəsində Bakıda və  sənaye mərkəzlərinə çevrilməkdə olan digər Azərbaycan  şəhərlərində 
burjuaziya və proletariat təşəkkül tapmağa başlamış, milli konsolidasiya prosesi güclənmişdir. 
Çarizmin mürtəce müstəmləkə siyasətinə baxmayaraq, işğaldan sonrakı dövrdə Azərbaycanın 
şimal  əyalətlərində iqtisadi-ticarət  əlaqələrinin güclənməsi, su və quru nəqliyyatı, xüsusilə 
dəmiryolu nəqliy-yatının intensiv inkişafı, mətbu orqanların artması, rabitə vasitələrinin 
təkmilləşməsi və s. amillər mədəniyyətin, o cümlədən maddi mədəniyyətin inkişafında 
ümummilli xüsusiyyətlərin artmasına gətirib çıxarmışdır. Bununla belə,  ənənəvi maddi 
mədəniyyətin bir çox sahələrində, o cümlədən xalq geyimlərində ümummilli xüsusiyyətlər 
gücləndikcə  məhəlli  əlamətlər azalmağa başlamış, lakin tamam yox olmamışdır
3
. Ona görə  də 
ümummilli geyim mədəniyyətinin təşəkkülü prosesində onun müxtəlif məhəlli variantları hələ də 
qalmaqda idi. Xanlıqlar dövründə daha da güclənmiş məhəlli xüsusiyyətlər tədricən zəifləməyə 
başlamışdır. Etnoqrafik faktlardan bəlli olduğu kimi, ümummilli geyim dəstlərinin təşəkkül 
tapmasında Azərbaycanın tarixi-etnoqrafik bölgələrinin hər biri yaxından iştirak etmiş, bu 
mədəni sərvətin yaranmasına öz əməli töhfəsini vermişdir. Məhz bu səbəbdən də XIX əsr və XX 
əsrin  əvvəllərində Azərbaycanın ümummilli geyim mədəniyyətinin etno-qrafik bölgələr üzrə 
fərqlənən məhəlli dəstləri və geyim dəbləri bir-birindən seçilirdi. Həm də bu məhəlli fərqlər 
təkcə terminoloji baxımdan deyil, eyni zamanda tipoloji cəhətdən də nəzərə çarpırdı. 
Maddi mədəniyyətin digər sahələri kimi, ənənəvi geyimlər də sosial-iqtisadi həyat şəraiti 
ilə üzvi surətdə bağlı olub, xalqın  əmək fəaliyyətinin, onun təsərrüfat məşğuliyyətinin 
xarakterini, bədii-estetik zövqünü, cəmiyyətin ictimai qrupları arasındakı sosial-zümrə fərqlərini 
aydın  şəkildə özündə  əks etdirirdi. Məlum olduğu kimi, Azərbaycanın XIX əsr sosial-iqtisadi 
həyatı  əvvəlki tarixi dövrlərdən xeyli dərəcədə  fərqlənirdi. Geyim mədəniyyətinin səciyyəsi 
baxımından bu dövr, hər şeydən əvvəl, tarix səhnəsinə burjuaziya və proletariatdan ibarət yeni 
sosial təbəqələrin çıxması ilə diqqəti cəlb edir. Yeri gəlmişkən qeyd edək ki, yeni dövr geyim 
mədəniyyətinin inkişafında təzə yaranmaqda olan milli burjuaziyanın xüsusilə böyük rolu 
olmuşdur. Feodal-zadəgan geyim və bəzək ənənələrini xeyli müddət davam etdirən Azərbaycan 


 
 
128
milli burjuaziyası özünün mövcud ənənəvi geyim dəbini heç də tezliklə dəyişdirib Avropa libası 
ilə  əvəz etməmişdir. Məhz bu səbəbdən də milli geyim dəbi ilə Avropa libası arasındakı 
üstüörtülü rəqabət XX əsrin  əvvəllərinədək kəskin  şəkildə davam etmişdir. Lakin burjua 
saraylarında bərqərar olmuş labüd geyim dəbləri tədricən məğrur milli libasın tərk olunmasını və 
Avropa geyim dəbini qəbul etməyi təkidlə tələb edirdi.
4
 
Əvvəllər olduğu kimi, XIX əsrdə  də geyim dəbi xalqın sosial-mənəvi həyatı ilə üzvi 
surətdə bağlı olub, köhnə geyim və  bəzək  ənənələrinin xeyli hissəsini qoruyub saxlamışdı. Bu 
cəhət özünü bayram və mərasim geyimlərində daha aydın büruzə verirdi. 
Ümumşərq və Ümumqafqaz geyim ənənələrini xeyli dərəcədə mühafizə edib saxlamaqla 
yanaşı, XIX əsr Azərbaycan milli geyim mədəniyyəti özünə  məxsus bir sıra məhəlli 
xüsusiyyətlərə  də malik olmuşdur. Belə ki, XIX əsr Azərbaycan geyim dəstində  əhalinin 
müxtəlif zümrə və ictimai qruplarına xas olan libas növləri, o cümlədən peşə mənsubiyyəti ilə 
bağlı geyim dəbləri yaranıb sabitləşmişdi. 
XIX əsrin geyim dəblərində habelə o dövrün şəriətlə bağlı qəbul olunmuş etik normalarına 
da ciddi əməl olunduğu nəzərə çarpır. Məlum olduğu kimi, moda insanların daim təzələnən 
məişət və estetik ehtiyaclarına müvafiq olaraq, ev əşyalarının, o cümlədən geyim formalarının 
qısa müddətli zahiri dəyişməsindən ibarətdir. Geyim dəbləri sahəsində zövqlərin dəyişkənliyi isə 
hər bir tarixi dövrün sosial-iqtisadi həyat səviyyəsi və dini-etik normaları ilə ölçülür. Bu mənada 
XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda sənaye istehsalının inkişaf etməsi təkcə 
əhalinin həyat tərzinə deyil, habelə fabrik üsulu ilə hazırlanan geyim materiallarının növünə və 
keyfiyyətinə, buradan da mövcud geyim dəblərinə əsaslı təsir göstərmişdir. 
XIX  əsr geyim dəsti  biçim üsuluna və  tikiş texnikasına görə özündən  əvvəlki tarixi 
dövrlərdə təşəkkül tapmış geyim tiplərinin davamı olsa da, yeni dövrün tələblərinə uyğun olaraq 
bəzi dəyişikliyə məruz qalmışdır. Bu cəhət özünü daha çox şəhərlərdə kübar geyim dəstində və 
peşə geyimlərində təzahür etdirirdi. Azərbaycan şəhərlərində kapitalist istehçsal müəssisələrinin 
yaranması, əmək bölgüsünün artması, peşə və zümrə fərqlərinin dərinləşməsi müxtəlif növ peşə 
geyimlərinin yaranmasını zəruri etmişdir.
5
 
XIX əsr Azərbaycan geyimlərində baş verən mühüm dəyişikliklərdən biri də ənənəvi hərbi 
geyim ünsürlərinin (cövşən, dəbilqə, qolçaq)  və onunla bağlı olan yaraq  növlərinin  (qılınc, 
qalxan, nizə, mizraq, əmud,  şeşpər, ox, kaman) tədricən gərəksizləşməsi və aradan çıxması 
olmuşdur. Təkcə kəmərdən asılan xəncər və çuxanın yaxasına düzülmüş, patrondaşı əvəz edən 
«vəznə» hələ  də kişi libasının tamamlayıcı  bəzək elementi kimi qalmaqda idi. Odlu silahların 
yayılması nəticəsində dəb düşmüş vəznə tədricən özünün əməli əhəmiyyətini itirərək, daha çox 
dekorativ bəzək elementinə çevrilmişdir. 
Müasir dövr geyim mədəniyyətində bu vaxtdan etibarən alt və üst paltarının bir-birindən 
qəti surətdə ayrıldığı  nəzərə çarpır. Fabrik üsulu ilə yüksək keyfiyyətli pambıq parça (ağ, çit, 
sətin) istehsalının artması  əhalinin bütün ictimai zümrələri arasında alt paltarının geniş 
yayılmasına əlverişli zəmin yaratmışdır. 
XIX əsr Azərbaycan geyimləri tipoloji cəhətdən əvvəlki yüzilliyin geyimlərindən o qədər 
də fərqlənmirdi. XIX əsrin sonu və XX əsrin əvvəllərində milli səciyyə kəsb etmiş Azərbaycan 
geyim dəstinin tipoloji nümunələri  əslində feodalizm dövründə, xüsusilə  də son orta əsrlərdə 
təşəkkül tapmış və xanlıqlar dövründə xeyli dərəcə məhəlli xüsusiyyət kəsb etmiş olan ənənəvi 
libas növlərinin bir növ davamı idi. Lakin bu dövrün geyim tiplərində biçim üsulu və tikiş 
texnikası baxımından müəyyən dəyişiklik, təkmilləşmə baş verdiyi nəzərə çarpır.
6
 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin