Metalişləmə sənəti sahələrində əmək alətlərinin daha geniş tipoloji növləri yaranmış və
böyük bir qismi zəmanəmizə qədər gəlib çatmışdır.
Mis məmulatının hazırlanmasında tətbiq olunan istehsal proseslərinin (misin əridilib «qırs»
halına salınması, istidöymə yolu ilə onların yastılanması, çarxlama, naxışlama, qalaylama və s.)
tələbinə müvafiq olaraq, misgər dükanlarında müxtəlif növ tutucu, kəsici, tapdayıcı, sıxıcı,
hamarlayıcı alətlərdən istifadə olunmuşdur.
Misəritmə prosesində qoşa və tay körük, kürə, müxtəlif ölçülü gil qəlib, ərintini qəliblərə
tökmək üçün böyük və bala çömçə, ərintidə kənar qatışığı təmizləmək üçün uzun dəstəkli ödrənc
və s. istifadə olunurdu.
15
Misgərlik sənətində ən ümdə proseslərdən biri əridilmiş mis qırsların
«tapun» adlanan uzun dimdikli tov çəkisi vasitəsilə kollektiv surətdə tapdanıb yastı təbəqə halına
salmaqdan ibarət idi. Qırsın tapdayıb yastılanması prosesi və kəsilib pəstaha halına salınması
«qiblə» zindan üzərində, müxtəlif növ çəkic, kəlbətin, qayçı (gaz) vasitəsilə icra edilirdi. Pəstaha
soyuduqca onu tov kürəsində qızdırıb təkrar döyürdülər.
Mis məmulatının ayrı-ayrı hissələri müxtəlif növ zindan («qiblə» zindan, «qulaqlı» zindan)
üzərində döyülüb müvafiq formaya salınandan sonra «calğa» adlanan həmin hissələrin kənarı
gaz vasitəsilə doğranıb dilimlənirdi. Calğaların «dəndə» adlanan qıraq dilimləri «yastıdodaq»
kəlbətin vasitəsilə «içəri-geri» olmaqla əyilib qatlanırdı. Bundan sonra calğa dəndələri bir-birinə
keçirilərək ağız-ağıza birləşdirilir və zindan üzərində tapun ilə tapdanıb aşağı yatızdırılırdı. Bu
əməliyyat başa çatandan sonra calğaların calaqları lehinlənib bir-birinə birləşdirilirdi.
Mis məmulatının bir qismi hazır olandan sonra çarxa verilib hamarlanır və onların
səthindən çəkic izləri itirilirdi. Ona görə də ənənəvi mis məmulatları istehsal texnologiyası
baxımından «çarxı» və «qaratapdaq» olmaqla iki qismə bölünürdü. Bütün bunlardan əlavə, mis
qabların bir qismi «həkkak» və ya «yazıçı» adlanan nəqqaş tərəfindən polad qələm və həkkak
çəkici vasitəsilə naxışlanıb bəzədilirdi. Üzərində əlavə əməliyyat aparıldığı üçün naxışlanmış
qablar «izafə», naxışsız qablar isə «xara» adlanırdı.
Dəmir məmulatının hazırlanmasında müxtəlif çeşidli istehsal ləvazimatı və alətlər: körüklü
kürə (qoşa və tay körük), zindan («qiblə zindan», «yumru zindan», «qulaqlı zindan», «nalbənd
zindanı»), məngənə, tutqac (qədgir), müxtəlif formalı kəlbətin (yastıdodaq kəlbətin, sac
kəlbətini, novlu kəlbətin, nal-mıx kəlbətini), çəkic (gürz, tayəlli, naldöyən, mıxkəsən, nalbənd
çəkici), sünbə, qəlib, qələm, qayçı (taydəstə, qoşadəstə, ayaq qayçısı), yeyə (balıqbeli, bülül,
yastı, üçgül, dördgül), törpü (iri, miyanə, narın dişli), çarx (xart), girə, qıra və s. işlənirdi.
16
Ənənəvi metalişləmə sənətində istifadə olunmuş əmək alətləri tipoloji zənginliyə malik
olmaqla yanaşı, həm də onların xeyli qismi tətbiq sahələri üzrə spesifik səciyyə daşımışdır.
Nalbənd, təkərçi və yaxud zərgərlərin işlətdikləri əmək alətləri bir-birindən xeyli dərəcədə
fərqlənirdi.
Ənənəvi zərgərlik sənətində zərgər kürəsi, körük, məngənə, zindan, çəkic, kəlbətin, həddə,
30
simkeş, zərrədin, zərrəbin, qələm, biz, sümbə, bıçaq, matqab, buta, hövnə, yeyə, maqqaş, məhək
daşı və s. kimi müxtəlif növ əmək alətlərindən istifadə edilmişdir.
Dostları ilə paylaş: |