Qələmkar parçalar
74
Azərbaycanın ənənəvi pambıq parçaları arasında qələmkarlıq üsulu ilə bəzədilib
hazırlanmış məmulat növləri xüsusi yer tuturdu. Qələmkar süfrə, pərdə, canamaz, dəsmal
(məhrəba) və s. yaxın keçmişədək Azərbaycanın şəhər və kənd əhalisinin ev məişətində ən zəruri
bəzək məmulatı olaraq qalmaqda idi. XIX əsrin ikinci yarısında Avropa və Rusiyadan fabrik
istehsalı olan ucuz pambıq parçaların idxalının güclənməsinədək yerli qələmkar parçalar
özlərinin əməli əhəmiyyətini qoruyub saxlaya bilmişdi.
Qələmkar məmulatının bəzədilib hazırlanması nisbətən mürəkkəb texnoloji proses olub
spesefik iş üsulu və müəyyən qədər peşə səriştəsinə malik ixtisaslı usta əməyi tələb edirdi. Ona
görə də qələmkar parça məmulatının istehsalı kütləvi səciyyə ala bilməmiş və xüsusi qələmkar
dükanlarında cəmləşmişdi.
Son orta əsrlərdə Azərbaycanın qələmkar və basma parça istehsalı mərkəzləri arasında
Təbriz, Marağa, Naxçıvan xüsusilə fərqlənirdi.
146
Orta əsrlərdə Azərbaycanın qələmkar parça
istehsalı mərkəzləri arasında ənənəvi pambıqçılıq mərkəzləri sayılan Təbriz, Mərənd, Marağa,
Naxçıvan, Ordubad, Gəncə xüsusilə fərqlənirdi.
147
Ö.Çələbinin yazdığına görə, Naxçıvanın
qələmkar parçaları, basma çit süfrələri bütün dünyada məşhur olmuşdur.
148
Qələmkar süfrə, taxça, pəncərə, qapı pərdəsi, canamaz, dəsmal (məhrəba) və s. özünün
əməli əhəmiyyətini XIX əsrdə hələ də itirməmişdir. Bunlar keçmiş ev məişətinin ən zəruri
ləvazimatı sayılırdı. Ənənəvi nəqqaşlıq sənətinin mühüm sahələrindən biri olmaq etibarilə
qələmkarlıq peşəsinin özünə məxsus istehsal texnologiyası yaranmışdır.
Hər şeydən əvvəl, qeyd etmək lazısdır ki, qələmkarlıq məmulatı çox vaxt «ədədi»
qaydada toxunur, sonra müxtəlif naxış motivləri ilə bəzədilirdi. Bəzən isə arşınnüma toxunmuş
pambıq parçaları (ağ, bez, mitqal) satın alan qələmkar usta onu müvafiq ölçüdə kəsib «kargah»
adlanan çərçivəyə çəkir və üzərində qatı boya ilə lazımi naxışlar salırdı.
Bir qayda olaraq, qələmkar boyası məmulat üzərinə yaxılmazdan əvvəl parça (bez və ya
mitqal) əhəng və qəlyədaşı qatışığından hazırlanmış xüsusi qələvi məhlulda bişirilib ağardılır və
toxumaları sıxlaşdırılırdı. Bunun üçün xam bez və ya mitqal əvvəlcə soyuq suda yuyulub çirkdən
təmizlənir, sonra əhəngqarışıq qəlyədaşı məhlulunda qaynadılırdı. Parçanın ağarıb «bişdiyi» bəlli
olandan sonra onu sərib qurudur və kargaha çəkib üzərində qarğı qələm vasitəsi ilə müvafiq
nəqş-bəzək əməliyyatı aparılırdı.
Ədəbiyyat məlumatlarından göründüyü kimi, Şamaxı bəzzazları hər 10 top bezin
bişirilməsi üçün bir batman əhəng, yarım batman qəlyədaşı sərf edirdilər.
149
Qeyd edək ki,
ağardıcı məhlulun ikili-birli nisbətdə hazırlanması qaydasına şiləçilik sənətində də ciddi əməl
olunurdu.
150
Qələmkar boyası, adətən, solmayan təbii boyaq bitkilərindən, həm də rəngaba nisbətən
qatı hazırlanırdı. Bunun sayəsində boyanın rəngi parçanın astar üzünə keçmirdi. Tələb olunan
naxış motivinin mühit xətlərinə müvafiq olaraq, qatı boya xüsusi qələm vasitəsilə məmulat
üzərinə yaxılırdı.
Qarğıdan düzəldilmiş qələmkar qələminin nazik və enli ucu həm də dilimlənib çərtlənir
və fırça halına salınırdı. Nəqş xəttlərinin enli və ensiz düşməsi qələmin köməyi ilə təmin edilirdi.
Bunun üçün qələmi, nəqşin mühit xəttləri üzrə çəp və ya düz çəkmək lazım gəlirdi. Ucu boyağa
batırılmış qələmi parça üzərinə çəp vəziyyətdə çəkdikdə nəqş xətləri nazik, düz çəkdikdə enli
düşürdü.
Qələmkarlıq məmulatlarının hazırlanmasında həm süjetli, həm də ornamental nəqş
motivlərindən geniş istifadə olunmuşdur. Bununla belə, süjetli məmulat növləri çox vaxt sifarişlə
hazırlandığından onların istehsalı müəyyən qədər məhdud səciyyə daşıyırdı. Adətən, bu
məmulatların haşiyəsində Quran və ya Şərq şairlərinin əsərlərindən əxz olunmuş ibrətamiz
kəlamlar yazılırdı. Ən ümdəsi isə bundan ibarət idi ki, qələmkar ustaların əlində ərəb əlifbasının
müxtəlif yazı xətlərinin özü nəqşə çevrilirdi.
Süjetli məmulatlardan fərqli olraq, kütləvi səciyyə daşıyan və satış məqsədilə istehsal
olunan məmulat növləri, adətən, ornamental naxış nümunələri ilə bəzədilirdi. Bu bəzək
nümunələri arasında buta, qönçə, zanbaq, budaq, badam, sərv ağacı və b. bəzək motivlərinə
daha çox təsadüf edilirdi. Bəzən isə məmulatın bəzədilməsində həndəsi və astral səciyyəli nəqş
ünsürlərindən də istifadə olunurdu.
75
Qələmkar istənilən rəsm və ya nəqşin «rədd» adlanan mühit xətlərini əvvəlcə ütümə yolu
ilə ucu qaraldılmış sivri qələm vasitəsilə parça və ya məmulat üzərinə çəkəndən sonra həmin
izlərin üzərini boyağa batırılmış yastı uclu qarğı qələmlə boyayıb bəzəkli hala salırdı. Bu mənada
qələmkar usta həm rəssamlıq, həm də nəqqaşlıq əməliyyatlarını müştərək icra etmiş olurdu.
Nəqş ünsürünün tələbindən asılı olaraq, qələmkarlıq sənətində ucu müxtəlif ölçüdə
yonulmuş qələm növlərindən istifadə olunurdu. Bəzəyin ara doldurmalarını çəkib tamamlamaq
üçün ucu yarıqlanmış, yaxud ucuna əski dolanmış xüsusi qələm növündən istifadə olunurdu.
151
Dostları ilə paylaş: |