Təpmə (keçə) məmulatı. Ənənəvi basma məmulatının ikinci qrupunu “təpmə” üsulu ilə
hazırlanan keçə məmulatı təşkil etmişdir.
Vaxtilə Azərbaycanda geniş yayılmış basma (təpmə) məmulatı kənd əhalisi, xüsusilə də
köçəbə elat obalarında uzun müddət özünün əməli əhəmiyyətini itirməmişdir. Keçmişdə
həllaclıq (basma) sənəti hətta ətraf elat mahalları ilə üzvi surətdə bağlı olan bir sıra şəhərlərdə də
intişar tapmışdır. Lakin elat əhalisinin oturaqlaşması prosesinin güclənməsi ilə əlaqədar olaraq
XIX əsrin ikinci yarısında şəhər həllacxanalarında hazırlanan keçə məmulatına tələbat xeyli
azalmağa başlamışdır. Hətta bu tələbat ilbəil o dərəcədə azalmışdır ki, əhalinin basma
məmulatına olan ehtiyacını kəndbəkənd, oba-oba gəzib dolaşan səyyar həllaclar layiqincə ödəyə
bilirdilər. Bunu Naxçıvan və Ordubad şəhərlərində fəaliyyət göstərən həllac dükanlarının
timsalında aydın izləmək olur. Akademik Ə.S.Sumbatzadənin arxiv sənədlərinə istinadən
yazdığına görə, 1831-ci ildə Naxçıvan şəhərində 16 nəfər həllac işlədiyi halda, 1865-ci ildə
onların sayı azalıb 4 nəfərə enmişdi.
156
Yaxud 1832-ci ildə Ordubad şəhərində 29 nəfər həllac
fəaliyyət göstərdiyi halda, 1864-1865-ci illərdə onlardan yalnız 8 nəfəri işləyirdi.
157
Həmin dövrdə Bakı və Şamaxı şəhərlərində 10 nəfərədək həllac işlədiyi halda, XIX əsrin
80-90-cı illərində onların hamısı öz fəaliyyətlərini dayandırmışdır. Belə vəziyyət ölkənin digər
şəhərlərində də müşahidə olunmaqda idi.
158
XIX əsrin 70-90-cı illərində Şuşa şəhərində keçə məmulatı (qəlib,yapıncı) istehsal edən 3
həllacxana fəaliyyət göstərirdi.
159
Qeyd etmək lazımdır ki, XIX Azərbaycan şəhərlərində
həllaclığın zəif inkişaf etməsinin başlıca səbəbini akad. Ə.S.Sumbatzadə ümumən keçmişdə yun
məmulatı istehsalının əyalətlərdəki kəndli təsərrüfatlarında cəmləşməsində görürdü.
160