Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti Tərcümə fakültəsi Tağızadə Bəyaz Natiq qızı



Yüklə 116,17 Kb.
səhifə6/11
tarix18.05.2022
ölçüsü116,17 Kb.
#58507
1   2   3   4   5   6   7   8   9   10   11
Buraxılış işi Tağızadə Bəyaz (1)

(2, s41-44)
1.3Abreviatuların təsnifatı
Müasir dövrümüzdə abbreviaturdan istifadə daha çox əhəmiyyət kəsb edir. . Abreviaturalardan insanlar öz fikirlərini daha tez və qısa şəkildə çatdırmaq istəyərkən istifadə edirlər, çünki onlar daha çox danışmaq və ya bir çox şey haqqında müzakirə edə bilmək üçün vaxt ayırmaq istəyirlər. Ümumiyyətlə, abbreviatura zaman və ya məkandan daha səmərəli istifadə etmək üçün sözü və ya ifadəni qısaltmaqla ünsiyyət vasitəsidir. Hartman və Storka görə abbreviatura dilin müəyyən formalarının həm nitqdə, həm də yazıda istifadəsinə sərf olunan səylərin vaxtını azaltmaq üçün qısaldılmasıdır. Buna əsasən, səmərəlilik üçün abbreviaturdan istifadə edildiyini görmək olar. Adətən, lakin həmişə deyil, söz və ya ifadədən alınan sonuncu və ya hərflər qrupundan ibarətdir. Məsələn, “ixtisar” sözünün özü “abbr” və ya “abbrev” abreviaturası ilə göstərilə bilər.
İxtisarın istifadəsi təkcə gündəlik söhbətdə, müzakirədə və ya nitqdə deyil, həm də yazılı şəkildə istifadə olunur. Abreviaturalar daha çox sosial mediada rast gəlinir.
Dilçilər abreviaturanı başqa cür təyin edirlər. Ümumiyyətlə, abbreviatura sözlərin və ya ifadənin qısaldılmış forması kimi tanınır. Abbreviatura dilin müəyyən formasının həm nitqdə, həm də yazıda istifadəsinə sərf olunan vaxtı və səyi azaltmaq üçün qısaldılmasıdır. Bu o deməkdir ki, abreviaturadan istifadə etməklə yazıçı və ya natiq öz vaxtından səmərəli istifadə edə bilir. Beləliklə, əsas məqam zamanın səmərəliliyidir.(8, p140)
Müasir Azərbaycan dilində ən sadə ixtisarlar qısaltma sözlərdir.Bu cür qısaltmalar dildə mövcud olan sadə və ya mürəkkəb sözlərin abbreviasiyası yolu ilə yaranır. Söz birləşməsi qısaltma obyekti olmur.
Dilimizdə, struktur müxtəlifliyinə görə, qısaltma sözlərin üç növü məlumdur. Bunlardan ən geniş yayılmışı suspensiya üsulu ilə qısaltmalardır (bəzən final qısaltması da adlanır). Burada sözün informasiya ifadə etməyən son hissəsi ixtisar edilib atılır, başlanğıc hissə sözü müvəffəqiyyətlə əvəz edir, məsələn: fotoqrafiya – foto, metropoliten – metro, kiloqram – kilo, avtomobil – avto, kinematoqrafiya – kino, taksimotor – taksi, teleqram – tel, santimetr – santim, familiya – famil və s. Dilimizin antroponimika sistemində suspensiya üsulu ilə qısaltma daha geniş yayılmışdır ki, burada da rus dilinin təsiri təkzibedilməz faktdır. Məsələn: Mehriban – Mehri, Gülnarə – Gülya, İbrahim – İbiş, Sədaqət – Sada, Fəridə – Fəriş; həmçinin «Məhəmməd – Məmməd – Məmiş» (Ç.Hüsey- nov) və s. Qısaltma şəxs adlarının qeyri-rəsmi səciyyə daşımasına baxmayaraq, bəzi hallarda onların rəsmi pasport adı səviyyəsinə qalxdığı faktları ilə rastlaşırıq; məsələn: Kəriş, İbiş, Ema, Hüsü, Zeynal, Şəmsi, Əbdül, Mehi, Miri, Nuru və s.
Qısaltmaların ikinci növü kontaktur sözlər (sıxılmalar) adlanır. Vahidin ortasından informasiya itkisinə səbəb olmayacaq müəyyən bir hissə atılır, sözün əvvəli ilə sonu bir növ sıxılaraq birləşir. Rus dilində olduğu kimi, Azərbaycan dilində də kontakturlar əsasən antroponimika sahəsində fəaliyyət göstərir. Məsələn: Məhəmməd – Məmməd, Elmira – Ema, Zemfira – Zema, Səlahəddin – Saləddin və s. Əgər adın əvvəlinci hərfi və ya hissəsi və ortasından seçilmiş bir və ya bir neçə hərfi (səsi) birləşdirilərək şifahi nitq vahidi yaradılarsa, bu cür qısaltmalar da kontaktur adlandırılır, məsələn: Təranə – Tata, Elxan – Exa, Çimnaz – Çina, Zeynəb – Zina, Firudin – Fedya, Etibar – Edik, Fəxrəddin – Fəxi və s.
Dilimizdəki antroponimik ixtisarlar arasında əvvəlinin ixtisar edilməsi yolu ilə yaradılmış qeyri-rəsmi adlara da rast gəlirik ki, bunlara da start qısaltması deyilir, məsələn: Zemfira – Fira, Gülnaz – Naza, Elenora – Nora, Esmira – Mira, Gülara – Lara, Şəmsəddin, Ələddin, Sədrəddin və s.
Hələlik Azərbaycan dilinin antroponimik sistemindən qırağa çıxmayan son iki qısaltma növünün qeyd olunması onların söz-termin yaradıcılığında yayılma imkanlarının aşkar edilməsində müəyyən rol oynaya bilər.
Müasir Azərbaycan dilinin söz yaradıcılığı sistemində hazırda ən çox yayılmış abbreviasiya üsulu inisial hesab edilməlidir. İnisialların tarixi dilimizdə daha qədimdir. Sovet hakimiyyətinin ilk illərindən etibarən, dilimizdə leksik inisiallar yayılmağa başlamışdır.
İnisialların bir sıra üstün və çatışmaz cəhətləri vardır. Dil daşıyıcılarının teleenerjiyə qənaət və dil sisteminin özündən irəli gələn lakonizm tələblərinə cavab verməsi bu cür abbreviaturaların işlədilməsini olduqca əlverişli vəaktual edir. Lakin digər tərəfdən, onların bir sıra hallarda daxili mənası geniş xalq kütlələrinə məlum olmadığı üçün şifahi nitqdə işlənmə tezliyi zəifləyir, bu cür inisiallar dilin tam hüquqlu leksik vahidi funksiyasını daşımaqda çətinlik çəkir. Burada dilxarici amillərin rolu qeyd olunmalıdır.
Əsrimizin 20-ci illərindən bəri sovet inzibati-iqtisadi sistemində yaradılmış saysız-hesabsız idarə və müəssisələrin və müxtəlif tipli təşkilatların, həmçinin beynəlxalq əhəmiyyətli təşkilatların abbreviaturlaşmış adlarının azərbaycanlılar arasında da məşhurlaşmasının əsas səbəbi bu cür inisialların daxili mənasının onlara aydın olması ilə bağlıdır. Beləliklə, daxili formalı dildaşıyıcısının şüurunda «şəffaf» olan inisial-abbreviaturalar sözün tam mənasında leksik vahidlərdir. YUNESKO, NATO, FRELİMO, TUL, PAP, UEFA, FİFA tipli internasional abbreviaturaların isə daxili mənasının deyil, ümumi məzmununun aydın olması əsas şərtdir. Beləliklə, BMT, OMİK, ADU inisiallarının daxili mənasının Beynəlxalq Millətlər Təşkilatı, Ordu Mərkəzi İdman Klubu və Azərbaycan Dövlət Universiteti olduğunu hər bir dil daşıyıcısı bilir. Bu, həmin vahidlərin uzun birləşmələri ilə ifadə olunmuş adları işlənmə dairəsindən sıxışdırıb çıxarmasına, özlərinin sözə çevrilməsinə səbəb olur. Müəyyən bir qisim inisial adların isə motivləşməsi üçün müəyyən vaxt tələb olunur. Bu müddətdə inisial tədricən məşhurlaşır, tanınır və nəhayət, leksikləşir.
İnisial şəklində ixtisarlar mürəkkəb abbreviasiya prosesində formalaşsa da, bir leksik vahid olmaq etibarilə quruluşuna görə sadə sözlər qrupuna aid edilməlidir. Uzun tərkibli söz birləşməsi ilə ifadə edilmiş adların və definitiv məna bildirən terminlərin hər bir komponentinin baş hərfi götürülərək, bir-biri ilə birləşdirilir və nəticədə əmələ gəlmiş fonetik tərkib leksik və ya terminoloji vahid kimi təşəkkül tapır. Bir vurğu altında tələffüz edilən bu cür vahidlərin hər bir fonetik komponentinin ayrılıqda inisial olduğu tədricən ikinci plana keçir və həmin vahid ümumi şəkildə inisial adlanır.
İnisiallar bütün dünya dillərində, o cümlədən Azərbaycan dilində ən geniş yayılmış abbreviaturalardır.
Vaxtilə inisial-abbreviaturalar yalnız qrafik səciyyə daşıyır və onların hər bir elementindən sonra nöqtə qoyulurdu. Yalnız 60-cı illərdən inisiallarda durğu işarəsinin düzgün olmadığı haqqında qəti fikir formalaşdıqdan sonra onlar müstəqil leksik vahid kimi etiraf edilmişdir.
Struktur-fonetik xüsusiyyətlərinə görə inisialların üç növü məlumdur:
1. Hərf inisialları şəklində formalaşan abbreviaturaların tərkibi yalnız samitlərdən ibarət olur, məsələn, BMT – Birləşmiş Millətlər Təşkilatı, KTN – Kənd Təsərrüfatı Nazirliyi, YSN – Yeyinti Sənayesi Nazirliyi, FZŞM – Fabrik-Zavod Şagirdliyi Məktəbi, XTNS – Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi və s. Bütün dünya dillərində məşhur olan hərf inisiallarının ümumi orfoepiya qaydalarına görə, onların tələffüzü zamanı hər bir hərfin əlifbadakı adına əsaslanmaq lazımdır: BMT – Be-eM-Tv, KTN – Ke-Te-eN, YSN – Ye-Se-eN, FZŞM – Fe-Ze-Şe-eM, XTNS – Xe-Te-eN- Se və s. Azərbaycan dilində hərf inisiallarının orfoepiya normalarının indiyədək rəsmiləşdirilməməsi ucbatından bu sahədə hələ də hərc-mərclik hökm sürür; hər bir samitdən sonra «ı» səsinin artırılması yayılmışdır. Bu isə elmi əsası olmayan və tələffüz unifikasiyasını pozan, beləliklə, nitq mədəniyyətinə zərbə vuran bir faktdır.
Hərflər əlifbadakı adına əsasən tələffüz edildiyinə görə bu cür inisiallara bəzən «alfabetizmlər» də deyilir1. Azərbaycan dilçiliyində, tarixilik baxımından yanaşsaq, bunlara «əlifbaizmlər» demək olar.
2. Ümumi dilçilikdə səs inisiallarına akronimlər də deyilir. Akronimlər ən uğurlu inisiallar hesab olunur. Onlar tərkibindəki hərflərin ifadə etdiyi səslərin məcmusundan alınan söz kimi tələffüz edilir, başqa sözlə, orfoepiyaya görə akronimlər dilin adi sözlərindən fərqlənmir, yazıldığı kimi oxunur. Buna görə də, onlar dilin digər sözləri ilə tezliklə qaynayıb-qarışır və nisbətən daha asanlıqla lüğət tərkibinə daxil olur. Əlifbeizmlərdən fərqli olaraq, akronimlərdə samitlərlə yanaşı müxtəlif saitlər də çıxış edir; burada saitlər və samitlər bir-birini kifayət qədər səliqə ilə izləyir; məsələn, ADU – Azərbaycan Dövlət Universiteti (dilin adi sözləri ilə müqayisə et: ahu), APİ – Azərbaycan Pedaqoji İnstitutu (müq. et: ani), SİTA – Sovet İttifaqı Teleqraf Agentliyi (müq. et: bina), OMİK – Ordu Mərkəzi İdman Klubu (müq. et: aşıq, ozan və s).
Akronimlərin asan tələffüzü, adi sözlərə oxşaması onların dil daşıyıcıları arasında populyarlaşmasını təmin edir, bütöv ad və terminlərin işlədilməsinə ehtiyac qalmır.
3. Qarışıq inisialların tərkibi isə hərf və səs inisiallarının kombinasiyasından ibarət olur. Onların əlifbeizm elementləri hərf inisialı, akronim hissələri isə səs inisialı şəklində, vahid özü isə bir vurğu altında tələffüz edilir: məsələn OADKYC – OADKe-Ye-Ce – Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti, VVAQ – Ve-VAQ – Vətəndaşlıq Vəziyyətlərinin Aktlaş- dırma Qeydiyyatı və s.
Ümumiyyətlə, qarışıq inisialların da tələffüz normalarının hələlik qəti müəyyənləşməməsi səbəbindən onlar dilimizin orfoepiya lüğətinə daxil edilmir; deməli, dil daşıyıcıları arasında yayılmır. Lakin xüsusi quruluşlu sözlər kimi inisiallar da dilin lüğət tərkibinin zənginləşdirilməsində müəyyən dərəcədə iştirak edir. Onların müxtəlif lüğətlərdə təsbitinin sahmana salınması hazırda aktuallıq kəsb edir.
Öz daxili formasının “şəffaflığı” baxımından daha çox maraq doğuran ixtisarlar heca abbreviaturalarıdır. Bu cür vahidlər söz birləşməsinin komponentlərinin heca ixtisarına məruz qalması və alınan söz “qəlpələrinin” bütöv halında birləşməsi yolu ilə yaradılır.(9, s371-376) Fikrimizcə, xüsusən bu mövzu da yaranan rəy müxtəlifliyi bu normaların sabitləşdirilməməsindən irəli gəlir. Tərcümə dövlət əhəmiyyəti olan bir sahədir. Onun düzgün aparılmaması bir çox fəsadlara yol aça bilər. Buna görə də tərcümənin düzgün aparılmasını tərcüməçilərə öyrədilməsi mühüm əhəmiyyət daşıyır. Lakin bunu da bilmək lazımdır ki, tərcümə bütöv bir sahə deyildir. Bu belə izah edə bilər ki, mövcud olan bütün sahələr müəyyən bölgüylə,təsnifatla öyrənilir. Bu sahələrin qolları olur və bu sahələr dərindən araşdırmalar aparan, hər detalı diqqətlə nəzərdən keçirən peşəkarlara ehtiyac duyur. Ona görə də əgər hər hansı bir dildən-dilə tərcümədə olan abreviaturaların aparılması barədə məlumat verilirsə burada abreviaturaların təsnifatını düzgün şəkildə aparmaq xüsusi əhəmiyyət daşıyır. Sözü gedən abreviaturaların təsnifatını Məmməd Adilov mövzuyla bağlı kitabında da ətraflı şəkildə aparıb. Onun fikrinə görə, abreviaturalar geneoloji, işlənmə səviyyəsi, işlənmə tezliyi, əhatə dairəsi aspektləri istiqaməti şəklində təsnifləşdirilməlidir. 1.Geneoloji təsnifat. Müasir Azərbaycan dilində mövcud olan abreviaturaları mənşəyinə görə 2 qrupa bölmək olar. Birincisi, Azərbaycan dilinin öz abreviaturaları. Bunlar Azərbaycan dilində abreviatur mahiyyəti daşıyan yeganə qrup hesab olunur. İkincisi, isə digər xarici dillərin abreviaturaları. Bizə məlumdur ki, dünya üzərində tamamilə saf dillər mövcud deyil, yəni heç bir başqa dilin təsiri altında bir az olsun belə qalmamış dil tapmaq mövcud deyildir. Elə digər dünya dilləri kimi Azərbaycan dilidə izlədiyi tarix yolu boyunca digər xalqlarla əlaqədə olmuş, onların bəzi sözlərini mənimsəmişdir. Məsələn, dilimizi vaxtilə rus dilindən və rus dili vasitəsi ilə, xarici dillərdən çox alınma söz keçmişdir. Bunların içərisində təbii ki, abreviaturalar da vardır. Lakin bunu da qeyd etməliyik ki, açılış variantları dilimizdə olmadığı üçün abreviatur mahiyyətini itirmiş leksemlərdir. Digər dillərdən bizim dilimizə keçmiş abreviaturalar əsasən 2 cür yazılır- dilimizin adi sözləri kimi və ilk mənbədə olduğu kimi. Birinci halda olanları, yəni dilimizin adi sözləri kimi olan abreviaturaları Azərbaycan dilində formal abreviatur saymaq olar. Məsələn, UNESCO- United Nations Educational, Scientific and Cultural Organization Yunesko olaraq tərcümə olunur və Azərbaycan dilində təşkilatın adı belə tərcümə olunur: Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət təşkilatı. Bundan başqa FRELİMO//Frelimo, CANA//Cana və s. rus mənşəli abreviaturunun əlaqəsi tam itmişdir. Bunun əksinə isə DEFA, NATO, SEATO və s. tipli alınma abreviaturalar isə yalnız ilk mənbədə olduğu kimi yazılmağa davam edir. Bunun kimi abreviaturaların mənşəcə işlənmə tarixi daha qədimə söykənir.
2. İşlənmə səviyyəsinə görə təsnifat. Qeyd etdiyim kimi, Azərbaycanda abreviaturaların bir dil hadisəsi kimi inkişafı XX əsrin əvvəllərinə təsadüf edir. Elə buna görə də, abreviasiya bir dil hadisəsi kimi müasir Azərbaycan dilinin məhsulu hesab edilir. Lakin buna baxmayaraq, bu qısa dövr ərzində onların bir çoxu köhnələrək tarixizmlər cərgəsinə keçmişdir. O dövrdə Azərbaycanda baş verən köklü dəyişiklər bunun əsas səbəbi idi. Belə ki, o dövrdə rus hakimiyyəti altında olan bütün müəssisələr də köklü dəyişiklər olmuş, onlar özünü yeni qurumlarla əvəzləmişdi. Beləliklə, mövcud olan abreviaturaları işlənmə səviyyəsinə görə iki hissəyə bölmək olar. Birincisi, Azərbaycan dilinin artıq köhnəlmiş abreviaturaları. Bu abreviaturalar xüsusilə sovet dövründə olan insititutlarla bağlıdır. Əlbəttə ki, onlar öz fəaliyyətlərini dayandıran zaman artıq bu abreviaturaların işləkliyi azalmışdır. Lakin bu o demək deyildir ki, biz SSRİ dövründən qalan heç bir abreviaturu işlətmirik. Elə əvvəlki cümləmdə “SSRİ” abreviaturundan istifadə etdik ki, bu abreviaturun özü də arxaikləşmişdir. Bu qəbildən olan abreviaturalara eyni zamanda ÜİLKGİ, ÜİHİMŞ,AHİMŞ, DAM və s. kimilərini əlavə edə bilərik. Bunların hamısı, milli dil zəminində yaranmış olsa da, əslində rus dilinin kalkası kimi yaşamış, rus dilinin özü kimi cəmiyyətimizi tərk etmişdir. Bununla belə, bu sözləri unutmaq düzgün deyil. Hər bir Azərbaycan Respublikasının vətəndaşı öz tarixinə hakim olmalıdır ki, bu tarixi öyrənən kəslərin belə tipli abreviaturaların açılışından xəbərdar olması mühümdür. Beləliklə, onlar o tarixdə mövcud olan quruluşları daha yaxından öyrənə biləcək. Belə sözlər Azərbaycan dilinin leksik fondunda öz yerini tarixizm statusunda saxlayır.
3. İşlənmə tezliyinə görə təsnifat. Azərbaycan dilində abreviaturaların dildə işlənmə tezliyinə görə 3 qrupa bölmək olar. Birincisi dildə aktiv olan abreviaturalar, ikincisi məhdud dairədə fəal olan abreviaturalar və son olaraq üçüncüsü qrafik abreviaturalar.
Dildə aktiv olan abreviaturalar. Bunlar Azərbaycanda xalqa məlum olan müəssisə, təşkilat, ölkə, idarə və. qurumların adlarının ixtisar formalarını əhatə edir. Məsələn, DYP, AMEA, BMT, AzTV, AXC, YAP və s. kimi ixtisar sözlər dilimizdə fəal şəkildə işlənir.
Yuxarıda qeyd olunan qəbildən olan abreviaturalar geniş xalq kütlələrinə aydın olur. Lakin bundan fərqli olaraq, ikinci qrupdan olan abreviaturalar isə geniş kütlələr tərəfindən izahatsız anlaşıla bilmir. Çünki onlar xüsusi peşə leksikasına aid olur. Məsələn, AMEA MEK EBŞ ixtisarının nə olduğunu akademiyanın mərkəzi elmi kitabxanası ilə əlaqəsi olan xüsusi şəxslər başa düşə bilər. Məmməd Adilov bu qrupu məhdud dairədə fəal ixtisarlar qrupu adlandırmağı uyğun görmüşdür.
Lakin burada bunu da qeyd etməliyik ki, Azərbaycanda orta təhsilin icbari olmasından ötrü xalq kütlələri bəzi elm və peşə sahələrinə aid olan məhdud ixtisarları çox yaxşı bilir. Məsələn, hər bir şagird tarix fənni ona tədris olunarkən e.ə yəni eramızdan əvvəl ifadəsini işlədir. Və bu ixtisarın mənasına yiyələnmiş olur. Və ya
Qrafik abreviaturalar. Dilimizdə hələ də ancaq yazıda ixtisar kimi qeyd edilən, şifahi nitqdə isə tam oxunan abreviaturalar var ki, onlar qrafik abreviaturalar olaraq adlandırılır. Məsələn, və s.-və sair, və b.- və başqaları, və i.a-və ilaxır, e.ə-eramızdan əvvəl və s.
4.Əhatə dairəsinə görə təsnifat. Alekseyev abreviaturaları “coğrafiyasına” görə 6 qrupa bölür: 1.sahə-peşə ixtisarları, 2.telegraf ixtisarları, 3.hərbi ixtisarlar, 4.siyasi ixtisarlar, 5.anroponimik ixtisarlar, 6.inqilabi ixtisarlar(18, c.132-149)
Azərbaycan dilində işlənən abreviaturaları isə əhatə sahələrinə görə isə belə qruplaşdırmaq olar: 1.sənayə abreviaturaları, 2.siyasi abreviaturalar, 3. elm və peşə leksikası abreviaturaları, 4.kalka yolu ilə xarici dildən götürülmüş abreviaturalar, 5.antroponimik abreviaturalar.
Sovet dövrünsə sənayə abreviaturaları rus dilinin müdaxiləsi altında formalaşırdı. Qeyd edilməlidir ki, Azərbaycan dilində abreviaturalar birbaşa leksik abreviaturalar kimi formalaşırlar, yəni onlar ilk öncə şərti ixtisar kimi formalaşıb, sonra qrafik abreviaturalar halına gəlib ən son olaraq leksik abreviatura çevrilmirlər. Daha doğrusu belə abreviatur mərhələləri az hallarda baş verir. Sovet dövründə Bakı, Gəncə, Sumqayıt kimi şəhərlərdəki müəssisələrdə, elmi-tədqiqat institutlarında gündəlik işlərin, əsasəb sənədləşdirmə işlərinin rus dilində aparılması nəticəsində sənayə abreviaturaları ən birinci rus dilində yaradılır, sonra hərfi şəkildə Azərbaycan dilinə tərcümə edilir. Bu terminlər hər iki dildə yaranır lakin rus dilinin müdaxiləsi altında qalır. Bütün bunlara səbəb bildiyimiz üzərə sənayə müəssisələrinin sovet dövründə ümumiittifaq əhəmiyyətli olması, adını çəkdiyimiz şəhərlərdə bir yerdə toplanması yəni təmərküzləşməsi, bu müəssisələrdə işləyən fəhlə sinfinin tərkibinin çox rəngarəng olmasıdır. Bilmək lazımdır ki, Azərbaycan dilinin daxili qaydalarına riayət etdikdə abreviatur düzgün şəkildə yaranır, lakin əgər ancaq rus dili əsas götürülürsə yararsız abreviaturalar meydana çıxır.
Azərbaycan dilində müxtəlif ölkələrin, beynəlxalq təşkilatların və s. müəssisələrin abreviaturaları işlənir. (2, s76-79) Bəzi kəslər düşünürki, müasir dilimizdə onların tərcüməsi üçün sadəcə kalka üsulundan, yəni hərfi tərcümədən istifadə edilir. Lakin əlbəttə ki, bu doğru deyil. Yəni bir lazımlı faktı nəzərinizə çatdırmalıyıq ki, Azərbaycan tərcüməçiləri abreviaturaları tərcümə edərkən birinci o müəssisənin, təşkilatın adını Azərbaycan dilinə tərcümə edir, sonrakı mərhələdə isə onu yenidən abreviaturlaşdırır. Bunu çox sadə bir beynəlxalq təşkilat adı ilə sizə göstərə bilərik. Məsələn, UN- United Nations: Azərbaycan dilinə bu təşkilat Birləşmiş Millətlər Təşkilatı olaraq tərcümə edilir, sonra onun abreviaturu yaradılır ki, bu da BMT olur. Əlbəttə, tərcüməçilər hər zaman çalışır ki, Azərbaycan dilindəki abreviatur ilə digər dildəki abreviatur bir-birinə bənzəsin. Bəzən elə hallar da olur ki, abreviatur ingilis dilində olduğu kimi saxlanılır. Məsələn NATO-North Atlantic Treaty Organization Azərbaycan dilinə Şimali Atlantika Müqaviləsi Təşkilatı kimi tərcümə olunur. Lakin azərbaycan dilində biz onu NATO abreviaturu olaraq tanıyırıq. Bu abreviaturun bir növü olan akronim hesab olunur ki, bununla bağlı məlumat vermək lazım gəlir. Əgər akronimlərdən bəhs ediriksə, o zaman onun növləri haqqında qısa məlumat verməliyik. Əslində, fərqli materialları oxuyarkən nəzərimizə çarpacaq ki, abreviaturaların neçə növünün olduğu hələ də dilçilər tərəfindən müzakirə olunan məsələdir. Məsələn, Azərbaycan dilçiliyində abreviaturaların 4-5 növü olduğu düşünülür. 1980-ci ildə AMEA Dilçilik İnstitunun nəşr etdiyi kitabın 2-ci cildində Azərbaycan dilində abreviaturaların 8 növü olduğu qeyd olunub. (12) Amma bu bölgü düzgün aparılmamışdır. Lakin, Schendlin 2001-ci il nəşrli “Tarixi dilçilik” kitabında apardığı təsnifat daha düzgündür. (13)O kitabında qeyd edib ki, abreviaturaların 5 növü var. Onun “clipping word” deyə adlandırdığı bizim “şərti ixtisar ”ilə eyniləşdirdiyimiz növünün düzəldilməsi belə baş verir: Bir heca sözdən kəsilir . Bu proses sözü qısaltmaq üçün xarakterik olsa belə, ancaq kəsilən hissə əlavə şəkilçi deyil birbaşa sözün bir hissəsidir. Məsələn, ingilis dilində fridge yəni soyuducu sözü, refrigerator sözündən kəsilərək düzəldilib. Bundan başqa, gym sözü “gymnastics”dən, exam sözü “examination”dan, phone “telephone” kəsilərək düzəldilib. S.B.Berlizon deyir ki, bu cür sözlər ədəbi dilə yox sadəcə şifahi nitqə mənsubdur. Lakin bunu da xüsusən qeyd etmək lazımdır ki, ədəbi dilin özü şifahi nitqlə birbaşa əlaqədədir. Bu sözlərin ədəbi dilə keçməsi də yaşana biləcək haldır. Azərbaycan dilində də bu hallar baş verir. Məsələn, Azərbaycan dilində həm şifahi nitqdə həm də ki, ədəbi dildə istifadə olunan metro, kino, taksi, foto kimi sözlər əslində , metropoliten, kinematoqrafiya, taksomotor, fotoqrafiya kimi sözlərdən kəsilərək hazırlanmışdır. Elə bu “kəsmə” prosesinə görə bu növ abreviaturaların “clipping word” adlandırılması düzgün bir addım olmuşdur.
“Tarixi dilçilik” kitabında bəhs edilən abreviaturanın 2cı növü isə “blends” adlandırılıb. Yazar bu cür abreviaturaların iki fərqli sözdən meydana gəldiyini göstərir. Yəni iki fərqli sözün hecaları bir biri ilə birləşdirilir və ortaya yeni abreviatur çıxır. İngilis dilində məsələn, “cyborg” sözü “cybernetic” və “organism” sözlərinin birləşməsindən əmələ gəlmiş bir abreviatura hesab olunur. Haşiyə çıxaraq bildirməliyik ki, “cyborg” sözünü izahlı mənasını isə belədir:fiziki qabiliyyətləri bədənə daxil edilmiş mexaniki elementlər vasitəsilə normal insan məhdudiyyətlərindən kənara çıxan fərziyyə xarakterli şəxs. (30)Əlbəttə ki, Azərbaycan dilində də belə sözlərlə biz qarşılaşa bilərik. Məsələn, raykom/rayom komitəsi və Baksovet/Bakı sovet birləşmələri sözləri buna nümunə göstərilə bilər.
Bəhs olunan kitabda abreviaturaların 3cü növü isə akronimlər hesab olunur. Akronimlər başqa sözlərin ilk hərflərindən və ya mürəkkəb terminin əsas hissələrindən əmələ gələn tam sözlərdir. Həm abbreviatura, həm də inisializmlər cümlədəki sözlərin ilk hərfindən və ya hərflərindən ibarətdir. Akronim sözü adətən nəticədə söz kimi oxuna bildikdə tətbiq edilir; məsələn, radar-“radio detection and ranging"dan yəni "radio aşkarlama və diapazon"dan, scuba isə -self-contained underwater breathing apparatus”dan yəni, "müstəqil sualtı tənəffüs aparatı"ndan gəlir.(31)
Abreviaturanın digər növü inisializmlər adlanır. İnisializm termində olan bütün sözlərin hər birinin ilk hərfindən əmələ gələn abbreviaturadır. Initializmlər informasiya texnologiyalarında daha çox yayılmışdır. Məsələn, API -Application Programming İnterface yəni, “tətbiqi proqramlaşdırma interfeysi “ bir çox nümunələrdən yalnız biridir. İnisializm termini tez-tez akronimin sinonimi kimi istifadə olunur. Bununla belə, inisializmlər qısaldılmış ola bilsə də, yalnız bir kateqoriyaya və ya digərinə aid olan bəzi ixtisarlar var.
Düzünü desək, qısaltma söz kimi də tələffüz oluna bilər. Bu tərifə əsasən, adətən “gooey ”kimi tələffüz edilən GUI-“Graphical User İnterface” yəni, “qrafik istifadəçi interfeysi” həm akronimdir, həm də inisializmdir, lakin GPU-“Graphics processing unit” yəni, qrafik prosessor modulu sadəcə bir inisializmdir. Eynilə, bəzi abbreviaturalar inisiallardan deyil, birdən çox sözün hissələrindən hazırlanır, yəni onlar inisializm kimi uyğun gəlmir.
Və son olaraq, yazar abreviaturaların 5ci növünü “contraction” yəni konstruksiya adlandırır. Konstruksiya sözün (və ya sözlər qrupunun) müəyyən hərfləri və ya səsləri buraxan qısaldılmış formasıdır.Əksər qısaltmalarda apostrof itkin hərfləri təmsil edir. Ən çox yayılmış qısaltmalar başqa sözlərə bağlanan fellərdən, köməkçilərdən və ya modallardan düzəlir: He would=He’d. I have=I’ve. They are=They’re. You cannot=You can’t. (32)



Yüklə 116,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin