AFAQ MƏSUD
(1959)
Həyatı və fəaliyyəti. Afaq Məsud qızı Vəliyeva 1959-cu il iyunun 3-də Bakıda ziyalı ailəsində doğulmuşdur. O, yazıçı Əli Vəliyevin nəvəsi, tənqidçi Məsud Əlioğlunun qızıdır. Ziyalı mühitində böyüyən, çox erkən yazıb oxumağa başlayan Afaq uşaqlıqdan müstəqil xasiyyəti, adamlara qarşı həssaslığı ilə seçilmişdir. O, orta təhsilini Bakının 190 saylı məktəbində almışdır.
Afaq 14 yaşında olanda onun atası qəflətən və faciəli surətdə həyatdan getmişdir. Bu hadisə yeniyetmə qızın psixologiyasına dərin təsir etmiş və onu sarsıtmışdır. Sonralar Afaqın əsərlərində bu hadisə müxtəlif formalarda və variantlarda əksini tapmışdır. Güman etmək olar ki, yazıçının yaradıcılığındakı dərin pessimizmin köklərindən biri də bu hadisə ilə bağlıdır. Yazıcının bütün yaradıcılığında izdiham, insanların toplaşması bədbin bir ovqatın, tragik gözləntilərin əsası kimi diqqəti cəlb edir.
Yaradıcılığı. Afaq Məsud 1970-1980-ci illər nəsrinin ən orijinal və istedadlı yaradıcılarından biridir. Azərbaycanın lirik-psixoloji nəsri onun yaradıcılığı ilə tamamlanır və daha yüksək keyfiyyət səviyyəsinə - ekzistensial psixologizm mərhələsinə daxil olur.
Afaq yaradıcılığa çox erkən yaşlarından başlamışdır. «Qarğalar nə üçün qarıldayır» adlı hekayəsi 1970-ci ildə «Azərbaycan pioneri» qəzetində dərc olunmuşdur. 1979-1983-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alan Afaq hələ tələbə ikən yazdığı hekayələri ilə müəllim və tələbələrin diqqətini cəlb etmişdir. Dəqiq və sadə nəsr dili, istiqanlı təhkiyə, nəsrimiz üçün təzə olan ovqat və psixologiyaların ədəbiyyata gətirilməsi onun hekayələrində aparıcıdır. Ümumiyyətlə, bu yazıçı əsərlərində gördüyümüz psixologizmin dərinliyi, fəlsəfi mənası ilə digər yazıçılardan prinsipial şəkildə seçilir.
Afaq Məsud 1987-1989-cu illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində Telefilm İstehsalat Birliyinin baş redaktoru işləmişdir. 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Tərcümə Mərkəzinin direktorudur. O, 1991-ci ildə Azərbaycan Yazıcılar Birliyinin katibi seçilmişdir. Yazıçının həyatı hadisələrlə zəngin deyildir, elə nəsri də bu cürdür. Bunun əvəzində, onun nəsri həmişə psixoloji dərinliyə meyllidir.
Afaq Məsud ədəbiyyata 70-ci illərin ortalarında çox yetkin bir qələm sahibi kimi gəlmişdir: ilk hekayələrini çap etdirəndə cavan, hündür və yaraşıqlı bir tələbə qız idi. Amma mürəkkəb materiallı, yığcam, sadə süjetli hekayələri tez bir zamanda ədəbi ictimaiyyətin diqqətini cəlb etdi. Yaradıcılıq fəaliyyətinin erkən başlanması baxımından onun bizim nəsrdə oxşarı demək olar ki, yoxdur. Çünki Azərbaycanda nasirlər adətən gec, yetkin yaşlarında yaradıcılığa başlayırlar.
Bəziləri onun sürəkli ədəbi uğuruna başqa cür qiymət verməyə çalışdılar: Afaq o zaman sağ olan, ədəbi mühitdə böyük hörmətə və nüfuza malik olan xalq yazıçısı, el dilinin gözəl bilicisi Əli Vəliyevin sevimli nəvəsi idi. Onun uğurlarını bununla izah etmək istəyənlər də oldu. Amma Afaqın istedadı bu söz-söhbətlərin hamısını yalana çıxardı: onun bir-birinin ardınca çap olunan hekayələrində yenilik, istedad işartıları həddən artıq qüvvətli idi və bunlar bütün qeybətləri hər şeydən yaxşı, tutarlı təkzib edirdi.
Ədəbiyyatımızın sağlam, müdrik ağsaqqalları onun haqqında lap ilk addımlarından yüksək fikirlər söyləmişlər. 70-ci illərdə Afaqın ilk «Qarğış» povesti çapdan çıxanda qadın tənqidçilərdən biri bu əsərdəki başlıca məziyyəti – Afaqın həyat qavrayışının subyektiv-psixoloji təbiətini tənqid etmişdi. «Ədəbiyyat qəzeti»ndə çıxan bu yazıdan bir müddət sonra xalq yazıçısı İlyas Əfəndiyev həmin yazıya cavab xarakteri daşıyan bir məqalə çap etdirdi. Bu məqalədə Afaqın istedadı layiqincə qiymət alırdı, ədəbi yeniliyi duymaq üçün tənqidin əzmkarlığının aşağı olması tənqid olunurdu. Cavan yazıçının povestini rəğbətlə, qayğı ilə, müasirlik hissi ilə təhlil edən yazıçı gənc nasirin qələminə təpər vermiş oldu, onu qanadlandırıb yeni-yeni əsərlər yazmağa həvəsləndirdi.
Əslində Afaqın ədəbiyyata gəlişi heç də çətin olmamışdır: ilk addımlarından onun yazıları redaksiyalarda xeyirxah münasibətlə qarşılaşmış və çap edilmişdir. Ədəbi tənqid də onun istedadı haqqında vaxtında və tutarlı söz demiş, onun müasir nəsrimizə özünəməxsus bir dəst-xətlə gəlməsi təqdir olunmuşdur.
İnamla deyə bilərik ki, Afaqın qələmində dağ mühitindən, onun təbii təmizliyindən şəffaflığından gələn irsi bir istedad özünü büruzə vermişdir. Bu istedad ilk addımlarından parlaq idi. Yazıçı özü də etiraf edir ki, onun istedadı genetik köklərə bağlıdır və onların ailələrinin bütün üzvlərində vardır. Amma Afaqda ədəbiyyata, qələmə, sözə məhəbbət ardıcıl bir yazıçı iradəsi ilə qaynayıb qarışır və bunların çoxu onun şəxsiyyəti, həyat duyumu ilə bağlıdır.
Afaq oxuduğu Jurnalistika fakültəsinin partaları arasından ədəbiyyata gəlirdi. Bu xüsusiyyət onun yazıçı dilinin formalaşmasına və özünə məxsus bir yığcamlığa, təzəliyə malik olmasına mühüm təsir göstərmişdir. Yığcam, diri qəzet dili onun hekayələrinin dilinə qüvvətli təsir buraxmışdı, amma burada publisistik dilin solğunluğu yox idi. Qəzet dilinin yığcamlığı yazıçının konkret müşahidələrini sərrast ifadə edə bilməsinə qüvvətli təsir göstərirdi. Spesifik bir istedad sayəsində hələ ilk ədəbi addımlarından Afaq həyata kənar və yad bir nəzərlə baxmağı bacarmış, buradan çoxlu həyat materialı ortaya gətirməyə nail olmuşdur.
İnsanın təkliyi mövzusu. Yazıçının ilk hekayələrində psixologizm ən çox onun həyat materialına bir qədər soyuqqanlı münasibəti kimi özünü göstərirdi. Amma müşahidə sərrastlığı bu soyuqluğun duyulmasına o qədər də imkan vermir, psixoloji detallar yazıçının nəsrinin bədii çəkisini ağırlaşdırırdı. Lakin illər keçdikcə Afaqın həyata münasibəti daha ciddi və emosional olur və onun «İzdiham» (1998) kitabında və eyni adlı povestində gördüyümüz sarsıdıcı psixoloji tragizm səviyyəsinə gəlib çıxır.
Afaq şəxsiyyətin təkliyi və ekzistensial yadlaşmadan çəkdiyi əzabları göstərmək baxımından müasir nəsrimizdə ən tragik yazıçıdır. Onun qələmindəki özünəironiya bəzən bu tragizmi yumşaldır, gizlədir. Bəzən oxucuya elə gəlir ki, müəllif özü də tragizmdən bir mətləb kimi qorxur və çəkinir, həyatın ən çıxılmaz problemlərini qələmə alanda belə, rəngləri tündləşdirməkdən çəkinir. Bu zaman yazıçı eyhama, ironizmə keçir, fikirləri emosiyaların dili ilə çatdırmağa üstünlük verir. Amma bütün bunlar Afaqın istedadındakı dərin tragizmin mahiyyətini üstələyə bilmir: illər keçdikcə bu motiv qüvvətlənir, hətta yazıçı müsahibələrində belə, bu barədə daha açıq və birmənalı danışmağa üstünlük verir.
Afaq böyük rus yazıçısı A.Çexovu çox sevir. Doğrudur, onun hekayələrində Çexov tragizmi demək olar ki, duyulmur: Afaqın süjetləri, ilk növbədə onu bu klassikdən ayırır, amma insan həyatına baxışın ümumi rakursuna görə onun hekayələrində bu xüsusiyyətlərin qabarıqlığı üzə çıxır. «Sərçə», «Tək» kimi ən yaxı hekayələri bunu aşkar şəkildə təsdiq edir.
Dünya ədəbiyyatında Çexov tragizminin ən böyük davamçılarından biri də Frans Kafka olmuşdur: Kafka da Afaqın sevdiyi, hətta Azərbaycan dilinə tərcümə etdiyi yazıçılardan biridir. Fərdi mövcudluğun tragizmi məhz bu yazıçının yaradıcılığında fantastik bir qüvvə ilə əksini tapmış və özündən sonrakı Avropa nəsrinə qüvvətli təsir buraxmışdır. Afaqın yazıçı kimi üstünlüyü ondadır ki, 60-cılar nəslinin bir sıra tanınmış nümayəndələri kimi yazıçılığa ekzistensial tənhalıq ədəbiyyatını yaxşı mənimsəyəndən sonra gəlməmişdir. Əksinə, Afaq ədəbiyyatda özünü tapandan və tanıyandan sonra üslubu və həyat duyumu ilə dünya ədəbiyyatında böyük ənənəsi olan bu məktəbə yaxınlığını hiss etmişdir. Yaradıcılığının orijinallığı baxımından bu, Afaqın bir yazıçı kimi ən böyük məziyyətidir. O ekzistensial nəsrə öz bənzərsiz materialı ilə gəlmişdir və bunun əsl ədəbi qiyməti Azərbaycan ədəbiyyatının gələcək nəsilləri tərəfindən daha dərindən üzə çıxarılacaqdır.
Afaqın hələ ilk hekayələrindən onun qəhrəmanları ilə mühit arasında sanki anlaşılmaz bir sədd, bir məsafə vardır. Bu qəhrəmanların demək olar ki, hamısı bu yaxın mühitə tamam ağrılı bir yadlaşma məsafəsindən baxırlar. Bu məsafə, onun həssas qəhrəmanlarının ətraf mühitə yovuşa və qarışa bilməməsi faciə kimi yaşanır, yazıçının yaradıcılığında illər keçdikcə daha dərin bir bədii qüvvə ilə ifadəsini tapır.
Onun 1970-80-ci illərdəki yaradıcılığında bu surət müxtəlif əsərlərdə özünü büruzə verən qadın obrazıdır. Bu, müasir tipli, həssas təbiətli, yüksək mənəviyyatlı bir qadındır. O ətrafdakı süniliyə, riyakarlığa, qeyri-səmimiliyə qarşı dözülməz mövqe tutan bir insandır. Ümumən Afaqın yaratdığı qadın obrazları bizim nəsrimizi zənginləşdirmişdir. Ondan əvvəlki nəsillərdə, xüsusilə İlyas Əfəndiyev nəsrində yaradılan Nuriyyə kimi müasir qadın obrazları öz sərbəstliyi və müstəqilliyi üzündən tənqiddə mübahisələr doğururdu və onları bir sıra tənqidçilər Azərbaycan dəyərlərinə yad tiplər kimi qələmə verirdilər. Əlbəttə, bu qadın tiplərini müdafiə edənlər də oldu və bu yolda, ilk növbədə, İlyas Əfəndiyevin özünün yaradıcılıq hünəri xüsusi əhəmiyyət kəsb edirdi. Yazıçı yeni tipli qadın obrazlarını yaratmaqdan nəinki çəkinmədi, zəmanədən geri qalan tənqidçilərin iradlarını qəbul etmədi, üstəlik maraqlı və müstəqil şəxsiyyət kimi həyatda öz yerini axtaran və tapan qadın obrazlarının yaradılmasında davam etdi, bu istiqamətdə silsilə qadın obrazları yaratdı.
Cəmiyyətin inkişaf səviyyəsini, ilk növbədə orada qadının statusunda görmək olar. Bizim nəsrimizin və dramaturgiyamızın bu istiqamətdə ciddi və sanballı ənənələri vardır. Bu ənənələr bizim ictimai-ədəbi fikrin yetkinlik göstəricilərindən biridir. Azərbaycan tənqidi fikrinin qabaqcıl qolu bu problemi layiqincə işıqlandırmış və həm ədəbiyyat, həm də cəmiyyətin taleyi və tərəqqisi üçün qadın probleminin proqressiv rolunu doğru qiymətləndirmişdir.
Əlbəttə, biz Afaq haqqında feminist, ancaq qadın problemindən yazan yazıçı kimi danışmaq fikrindən uzağıq. Onun yaradıcılığının əsas istiqaməti bir qədər başqa səmtdədir. Amma Afaqın qadın obrazları üzərindən də elə-belə keçmək doğru olmazdı, çünki bizim ədəbiyyatımızın keçən əsrdəki təcrübəsi üçün prinsipial xarakter daşıyan bu problemin işıqlandırılması baxımından da Afaqın öz ədəbi xidmətləri vardır.
İlyas Əfəndiyevin prinsipial qadın qəhrəmanları özlərini şəxsiyyət kimi təsdiq etmək, həyatda müstəqil surətdə, sağa və sola baxmadan, qadınlıq üçün xüsusi güzəşt almadan yaşamaq istəyirlər. 1950-60-cı illərin Azərbaycan gerçəkliyi üçün bu, problem idi, cəmiyyəti narahat edirdi və qızğın mübahisələr doğururdu.
Afaqın nəsrində isə qadın fenomeni artıq feminist baxımdan tamam uzaqdır: onun qadınları artıq universal insan, universal ekzistensial mövcudiyyəti təmsil edən və onun problemlərini yaşayan insanlardır. Yazıçının qadınları artıq feminist problemləri həll ediblər: onlar üçün həyat-ölüm, nikbinlik və bədbinlik, özünüaldatma və həqiqət kimi problemlər aparıcıdır. Ədəbiyyatımızdan ekzistensial tənhalıq probleminin qadınların məişəti və şüuru materialında bədii şəkildə ifadə edilməsi məhz Afaqın xidmətidir.
Afaqın qadın obrazlarının yeniliyi ancaq bununla bitmir: bütün universallığı ilə yanaşı, bunlar əsl qadınlardır, öz səmimiyyətləri, fədakarlıqları, ailə dayağı olmaları ilə, sevgiləri və qısqanclıqları ilə onlar ədəbiyyatımızda müasir qadın psixologiyasının tədqiqi baxımından mühüm nailiyyət sayıla bilərlər. Təkcə Afaqın öz nəsrində və digər yazılarında anasının obrazını necə məhəbbətlə, necə açıq bir cəsarətlə qələmə almasını xatırlamaq kifayətdir. Afaq anasına bir zəhmətkeş, bir ailə başçısı, nəhayət misilsiz gözəllik sahibi olan bir qadın kimi də pərəstiş edir və oxucu da bu pərəstişə qoşulur.
Afaqın yaratdığı qadın obrazlarının ən maraqlıları demək olar ki, təpədən dırnağa emosional varlıqlardır. Bəzən onların məntiqini belə, izləmək, aydınlaşdırmaq çətin olur: hiss olunur ki, Afaq bu məntiqi qadın üçün vacib bir şey saymır, çünki qadının emosiyadan çox sevgi və qayğıdan, həssaslıq və fədakarlıqdan ibarət olmasını daha əsas sayır. Onun qadınları bütün əsərlərdə körpə balalarından ayrılmazdır, həyatın gedimlilik dərdi bu analardan məhz məsum körpələr vasitəsilə uzaqlaşır, onları həyata bağlayır.
Afaqın qəhrəmanlarının çoxu ziyalılardır: yazıçı onları ən çox məişətdə göstərməyi xoşlayır. Yazıçı sanki məişət xırdalıqlarını böyük bir zərrəbinlə göstərməyə və həyatın bu adiləşmiş qatında xüsusi psixoloji qatlar üzə çıxarmağa çalışır. Bu qatlar içərisində Afaqın bir sıra hekayələrinin əsası olan absurd mövzusu, insan həyatını dolduran mənasızlığın əyaniləşdirilməsi cəhdləri xüsusilə qiymətlidir və bizim nəsrimizi, 1970-80-ci illərin nəsr prosesini zənginləşdirən bir hadisə olmuşdur.
Həyatı dolduran absurdla mübarizə, onun inkarı “O”, “Sərçə”, “Qu quşu”, “Gecə”, “Qəza”, “Çürümə” kimi hekayələrində əsas yer tutur. Xüsusilə “Çürümə” hekayəsi müasir nəsrimizdə mənəviyyatsızlığa, sürü-qrup halında mövcudiyyətin eybəcərliyinə qarşı ciddi və ağrılı bir etirazdır. Maraqlıdır ki, hekayənin materialında ədəbi mühitdə rast gəldiyimiz bir sıra eybəcər hallar, istedadsızların ətrafa yaydığı mənəvi zəhər problemi xüsusi qüvvə ilə ümumiləşir. Afaq ziyalı cildinə girən, amma daxili obrazı, mahiyyəti və məzmunu etibarı ilə həqiqi ziyalılığa və mənəviyyata tragik parodiya olan şəxslərin təkcə faciəsini göstərməklə kifayətlənmir. Çünki istedadsız və başqalarına mexaniki bir təqlidlə yaşayan adamlar ancaq mənəviyyatsızlıq daşıyıcısı deyillər.
Yazıçı xüsusi bir bədii qüvvə ilə göstərir ki, istedadsız adamlar insan həyatını səhnə aktyoru kimi yaşamaqla mənəvi dəyərləri maskalara çevirirlər, əxlaqi kateqoriyaların ölməsinə və bu yolla son nəticədə cəmiyyətin sağlam əsaslarının çürüyüb yox olmasına səbəb olurlar. Cəmiyyət sanki alim, yazıçı, şair, rejissor, aktyor, politoloq cildinə girmiş mənasız və dəhşətli bir deqradasiya və çürümə verən bir izdihamla üz-üzə qalır. Belə mühitdə artıq ağ ilə qaranın, doğru ilə yalanın, həqiqi həyatla ziyalı maskasının fərqi itir, cəmiyyətdə dəhşətli çürümə baş verir. Bu çürümə onunla təhlükəlidir ki, cəmiyyətin əsasını təşkil edən dəyərləri, sosial və əxlaqi fərqləri aradan qaldırır: müxtəlif cür geyinmiş, müxtəlif sifəti olan adamlar daxilən çürüntülü bir oxşarlığı və eyniyyəti ifadə etməyə başlayırlar.
Afaqın sağlam qəhrəmanları bu mühitə nifrət edir və ona qarşı dururlar: lakin bu tək-tək qəhrəmanlar bu mühit içində yaşamağa, onun havasızlığında boğulmağa məhkumdurlar. Bu məhkumluğun ağrıları Afaqın nəsrinin əsas bədii motividir: onun qəhrəmanları bu ağrılardan intihar edir, ağır nevroz vəziyyətinə düşür, qaçmaq istəyir, amma yer tapmırlar. Meşşanlıqla, mənasızlıqla, təqlid və təkrarlarla qarşıdurmada bu qəhrəmanlar da faktiki olaraq öz yaxşı həyat arzularını puç edirlər, üfunətli hava ilə nəfəs almaq məcburiyyətində qalırlar. Onlar sağlam yuxudan belə, məhrum olurlar. Bu çıxılmazlıq, həllolunmazlıq vəziyyəti yazıçının bir çox hekayələrinin əsasını təşkil edir, onlar arasında mövzu və motiv bağlılığı yaradır. Lakin bu bağlılıq təkrara deyil, mənəvi eybəcərlik mövzusunun bədii tədqiqinin dərinləşməsinə səbəb olur, yazıçının öz tematik dünyasını böyüdür və genişləndirir.
“Azadlıq” romanı. Yazıçının iri həcmli “Azadlıq” romanı Afaqın yaradıcılığında mövzu təzəliyi ilə diqqəti cəlb edir. Bu əsər iri formalara meylli olmayan yazıçının ilk romanıdır. Lakin bu romanda da ən dərin qatda yenə mənəvi eybəcərlik mövzusunun tədqiqini görürük. Amma ədəbiyyatətrafı mühitdə bu roman bir qədər siyasi əsər kimi qəbul edilmişdir və paradoksal bir vəziyyət yaranmışdır. Yazıçı özü “Azadlıq” romanının siyasi bir əsər olmasına etiraz edir və onu yuxularında itmiş bir ziyalı ilə qoca bir professorun macərası kimi təqdim edir.
Bu etirazın özü ədəbiyyat tarixində yazıçı ilə əsərin münasibətinə dair maraqlı bir ziddiyyəti açıb ortaya qoyur. Ədəbiyyat tarixində yazıçının əsərdə vermək istədiyi fikirlərlə bu əsərdə obyektiv olaraq əksini tapan həyat materiallarının mənası arasındakı ziddiyyət adi bir hadisədir. Bir çox böyük yazıçılar belə vəziyyətdə qalmışlar. Bunun əsas səbəbi odur ki, ədəbi əsərdə əksini tapan obrazların müstəqil bir həyatı və oxucular tərəfindən qavrayış tarixçəsi olur. Yazıçının yaratdığı obrazların müxtəlif fikirli və əqidəli oxucuların şüurunda hansı qənaətlər yaradacağı yazıçının iradəsindən uzaq və kənar bir şeydir. Aydındır ki, siyasiləşmiş oxucular Afaqın romanının siyasi qatını aydınlaşdırmağa və anlamağa çalışır və buradakı bəşəri psixoloji dramların fərqinə varmırlar. Bu çox təbii bir haldır və yazıçının buna səmimi etiraz etməsinə elə bir əsas vermir.
Romanda zahirən yaxın dövrün siyasi hadisələri əksini tapsa da, burada aparıcı mövzu yenə mənəviyyatsızlıqdır. Çünki zaman keçəcək, 90-cı illərin hadisələrini yaxşı bilən adamların yerinə yeni oxucu nəsilləri gələcəkdir. Bax, məhz onların bədii qavrayışında “Azadlıq” romanının mənəvi və psixoloji problemləri tarixi hadisələr materialında göstərməsinin üstünlükləri aşkar şəkildə üzə çıxacaqdır.
Afaqın xüsusi məhəbbətlə sevib Azərbaycan dilinə tərcümə etdiyi Qabriel Markesin yaradıcılığı da belə olmuşdur: o həm “Yüz il tənhalıq”, həm də “Patriarxın payızı” romanlarında fərdi özünütəsdiqin tragizmi problemini Kolumbiyanın tarixindən götürülmüş konkret bədii material əsasında romanlaşdırmışdır. Həm də maraqlıdır ki, hər iki əsər Kolumbiyanın tarixini bilən yerli oxuculardan daha artıq, Avropa oxucuları tərəfindən oxunub yüksək qiymət almış, sevilmiş və hətta yazıçının Nobel mükafatı ilə təltif edilməsinə səbəb olmuşdur.
Markesin sevimli motivi Afaqın yaradıcılığının aparıcı mövzusu ilə çox yaxındır. Kolumbiyalı yazıçı həm prezident, həm də adi mehtər üçün fərdi daxili özünütəsdiqin eyni dərəcədə dramatik olması paradoksunu araşdırmağı xoşlayırdı. Başqa sözlə, cəmiyyətdəki status, adamların fərdi daxili həyatının mürəkkəbliyini aradan qaldırmır: Afaq hətta “Azadlıq” romanında bunun əksini əsaslandırmağa çalışır. Şəxsiyyətin cəmiyyətdə statusu, sosial mərtəbədəki mövqeyi nə qədər yüksəkdirsə, onun insan kimi subyektiv, xüsusilə şüuraltı qatdakı özünütəsdiqi və özünütənzimi daha mürəkkəb və dramatik olur. Son nəticədə krallar və prezidentlər də həyatın mənasızlığı və absurdu ilə üz-üzə qalır, ölümün və tənhalığın qaçılmazlığı barədə düşünməli olurlar.
Yazıçının satirik tərzdə ifşa etdiyi böyük mənəviyyatsızlar izdihamı bu romanda cəmiyyətin taleyində sınaq və fəlakət xarakteri daşıyan vətəndaş müharibəsi prosesində göstərilmişdir. Bir müsahibəsində roman haqqında müəllif bir qədər başqa fikir də söyləyir: o deyir ki, əsərdə Mirzə Cəlilin avam qəhrəmanları səviyyəsində qalmış kütlənin çətin siyasi sınaq dövründə özünü necə apardığını göstərmək istəyib, nəticədə “Azadlıq” romanı alınıb. Zahirən bu münasibət yuxarıda xatırlatdığımız digər fikirlə – romanın təxminən yuxuda yatmış adamın macəraları olması fikri ilə fərqlidir. Amma bunların hər ikisində bir yaxınlıq və eyniyyət görürük. Bu eyniyyət ondadır ki, mənəvi şikəstlik və eybəcərlik siyasət burulğanında işıq axtarışında verilir və təşəbbüsün özü ironiya və dərindən tragik olan bir komizm yaradır. Bu situasiyada Afaqı, əslində eybəcər izdiham nəfərlərinin tarixi tragizmi mövzusu maraqlandırır və romanda bu cəhət daha aparıcı və qiymətlidir. Çünki bu cəhət daha novator xarakter daşıyır və müasir nəsrimizi zənginləşdirir.
Bir-birinə kor-koranə təqlid edən eybəcər adamlar məsuliyyətli siyasi mühitdə yenə özlərini şikəst aktyorlar kimi aparırlar. Yazıçı xalqın həyatındakı siyasi fəlakətin, vətəndaş müharibəsinin köklərinə də izdiham nəfərlərinin prizmasından baxır. Onlar bütün ömürlərini yaşadıqları eybəcərliyi və məsuliyyətsizliyi ağır siyasi böhran şəraitində də eyni sionizmlə davam etdirdiklərini göstərir. Ölü maskalar siyasi pilləkənə dırmaşaraq cəmiyyəti labüd fəlakətə doğru sürükləyirlər.
“Azadlıq” romanında yazıçı sosial hadisələrə yaxından toxunsa da, onun təhkiyəsinin psixoloji məzmunu və üslubu dəyişmir. O, siyasi böhranı psixoloji bir kolliziya, maskaların toqquşması və dağılması kimi qələmə alır. Yuxular, subyektiv təəssüratlar, reallıqla yuxunun və fantaziyanın qaynayıb qarışması romanın üslubunun aparıcı əlaməti kimi davam edir. Çap ediləndən sonra tənqid tərəfindən bir qədər soyuqqanlı qarşılanan bu roman 1990-cı illərə məxsus hadisələrin bədii dərki istiqamətində ən sanballı və ən bədii təşəbbüslərdən biri, bəlkə də birincisidir. Burada həm də xalqın tarixi taleyinin tragikomizmi vardır.
Roman xalqın xilaskarının Bakıya gəlməsi ilə bitir. Tarixin yeni səhifəsi açılır. Sağlam qüvvələr sağlam rəhbərlik ətrafında birləşirlər. Lakin bu hadisələr artıq romanda yoxdur. Yazıçı sanki eybəcər izdiham nəfərlərini tarixə həkk etməklə, bədii salnaməyə salmaqla kifayətlənir.
Yuxu ilə gerçəklik arasındakı bağların araşdırılması da “Azadlıq” romanında intriqanın əsasını təşkil edən motivlərdən biridir. Ədəbiyyat tarixində, hətta elmdə də bu məsələyə çox müraciət olunmuşdur. Afaq da bu mövzunu özünəməxsus şəkildə çözməyə çalışır və bunun üçün onun kifayət qədər psixoloji və emosional materialının varlığı göz qabağındadır. Bir sıra alimlər yuxunu ancaq reallığın əksi kimi izah etməyə çalışırlar. Amma Afaqın romanının bədii materialı da göstərir ki, yuxuların məzmunu problemi daha çoxmənalı, mürəkkəb bir məsələdir və onun ətrafındakı elmi, bədii araşdırmalara nöqtə qoymaq hələ çox tezdir.
Afaq Məsud nəsrinin bədii xüsusiyyətləri. Afaq məişət materialı və vəziyyətləri üzərində süjet qurmağı xoşlayan bir yazıçıdır. Bu, 70-ci illər nəsri üçün prinsipial bir xüsusiyyət, hətta əsas bədii nailiyyətdir. Bizim tənqidçilərdən biri vaxtilə bu prinsipi mikromühit ədəbiyyatı adlandırmışdı. Əlbəttə, bu, başa düşməzlikdən daha artıq, o zamankı sovet ədəbiyyatının bədii prinsiplərini müdafiə mövqeyindən deyilmiş bir söz idi. Çünki sovet ədəbiyyatı, sosialist realizmi prinsipi yazıçılardan daim böyük sosial miqyas, əhatə, ictimai əhəmiyyətli problemlərin və kolliziyaların ön plana çəkilməsini tələb edirdi. Hətta insanın təsvirində də sovet yazıçısından onun fərdi aləmindən daha artıq, onun sosial əlamətlərini, sosial funksiyasını, ictimai faydalı əmək prosesini, bu prosesdəki mövqeyini göstərməyi tələb edirdi. Əlbəttə, bir çox yazıçılar, xüsusilə sosialist realizminin təəssübkeşləri bu prinsiplərə əməl edir və bu yolda yarışırdılar.
Amma 60-cı illərdən başlayaraq, Azərbaycan nəsrində bu prinsiplərdən imtina, onlardan uzaqlaşma, onları bədii formada inkar etmə meylləri aparıcı olmağa başladı: nəsrdə sayca aparıcı olmasa da, sanbal baxımından ədəbi prosesin əsas hadisələri bu yöndə idi. Nəsrdəki bu yeniləşmə, saxta sosialist realizmi prinsiplərindən uzaqlaşma meylləri 70-ci illərin yazıçıları arasında heç kimin yaradıcılığında Afaqın nəsrində olduğu qədər qüvvətli olmamışdır.
1970-ci illər nəsrində mikromühitdən – insan psixologiyasının dərinliklərindən material və mövzu almaq prinsipi heç bir başqa yazıçımızda Afaqın yaradıcılığında olduğu qədər xalis, ardıcıl və təmiz bədii prinsip kimi özünü göstərməmişdir. Bir qəzetə müsahibəsində Afaq özünün yazıçı kimi həyata münasibətini parlaq, birmənalı şəkildə belə ifadə etmişdir: ədəbiyyat hadisələrin deyil, insan hisslərinin süjeti olmalıdır. Bu gözlənilməz etiraf Afaqın yazıçı psixologizminin yığcam və proqram xarakterli ifadəsidir. Doğrudan da, onun nəsrində hadisələrin ardıcıllığını qələmə almaq meyli demək olar ki, yoxdur. Onu maraqlandıran insanın hissləri, təəssüratları, qavrayışının keyfiyyəti və məzmunudur.
Sözün hərfi mənasına psixologizm ən çox məhz Afaq Məsud nəsrinin məğzini və həyata münasibətinin başlıca prinsipini təşkil edir. Nəsrimizin inkişaf yolları və gələcək taleyi Afaq Məsud nəsrinin 70-ci illərdən hakim mövqeyə keçən psixoloji nəsrin ən səciyyəvi və aparıcı yazıçısı olduğunu təsdiqləyəcəkdir. Çünki Afaq bir yazıçı kimi həyata münasibətin psixoloji prinsipinə axıradək sadiqdir və sosial həyat onu bir yaradıcı insan kimi, demək olar ki, maraqlandırmır. Lakin 1990-cı illərdə cəmiyyətdə baş vermiş dramatik hadisələrin onun nəsrində özünəməxsus ifadəsi də göz qabağındadır. Burada yazıçı qətiyyən xronikaçı, tarixçi, hadisələrin bədii salnaməsini yaratmaq istəyən yaradıcı rolunda görünmür və bunu qətiyyətlə istəmir. Hətta müsahibələrində dərin bir səmimiyyətlə “Dahi”, “S.V.A.C.O.” kimi hekayələrinin siyasi mövzuda olmasına səmimi bir narahatlıqla etiraz edir.
1990-cı illərin hadisələrinin bədii ifadəsi baxımından Afaqın son illərdəki yaradıcılığı xüsusilə əhəmiyyət kəsb edir: bunun həm bədii, həm də milli-tarixi mənası vardır. Afaqın yaradıcılığında 90-cı illərin faciələrinə münasibət, bədii baxımdan onunla xüsusi seçilir və nəsrimizdə mövqe qazanır ki, bu faktlara yazıçının spesifik dünyagörüşü mövqeyindən qiymət verilir: biz Afaqın nəsrində 90-cı illər faciələrimizin surətini, nümayişini görmürük, bunları yazıçının məxsusi tragik şəxsiyyət konsepsiyasının işığında oxuyur və tanış oluruq. Qarşımızda hadisələrin oçerki yox, spesifik və mürəkkəb bir yazıçı yozumu canlanır, mənəvi eybəcərliyin fantasmaqorik və mübaliğəli ifadəsi əksini tapır. Bu, artıq həyata fərdi, orijinal yazıçı münasibətinin ifadəsidir. Hamının siyasi bir süjet kimi qəbul etdiyi “türmədə bunt” motivinə həsr olunmuş hekayəsi ədəbiyyatımızda fantasmaqorik hekayə janrının gözəl bir nümunəsidir. İzdiham nəfərinin bu hadisələr zamanı özünü necə aparması absurd və anlaşılmazlıq məntiqinin parlaq bədii əyaniləşməsidir. Afaqın bundan daha az siyasi olan əsərini göstərmək çətindir.
Afaqın bədii dünya qavrayışı fitridir: yəni o konsepsiyalardan, fəlsəfi kitablardan və qənaətlərdən həyata doğru getmir. O, həyatı tragik şəkildə yaşayır, ağrı və iztirab çəkir, mənəvi eybəcərliyə xüsusi allergik bir həssaslığı nəticəsində sanki boğulma dərəcəsinə çatır və yalnız bundan sonra bütün bunlardan uzaqlaşmaq, sərfi-nəzər etmək üçün əlinə qələm alır. Türmədə bunt mövzusunun hekayələşdirilməsi də bunun ən yaxşı nümunəsidir. Digər nümunə kimi yazıçının mərhum ədib Aydın Məmmədovun xatirəsinə yazdığı qısa qeydləri göstərmək olar. “Balaca oğlan” başlıqlı yazıda mərhum alim və ictimai xadimin xatirəsinə böyük ehtiram ifadə olunur.
Lakin Afaqın məqsədi bu deyildir: balaca bir vida sözündə belə o, öz dünyaduyumunun bir xüsusiyyətini obrazlaşdırmağa nail olur. Adi məişət məntiqi ilə hamı baharı həyat və ümid simvolu kimi sevir. Amma yazıçının fantaziyası baharın parıltılı obrazında – “itkilər və ölüm dolu qoca dünyanın süni surətdə həyatsevər gənc cildinə girməsi”ni görür. Baharın həyatı xatırladan həyəcanlarının o biri qütbündə, yazıçı yaddaşı dünyanın itimli təbiətini yada salır. Səciyyəvidir ki, yazıçı qısa vida sözündə uzun xatirə danışmağa çalışmır, ancaq Aydının məsum simasındakı tənhalıq kölgəsinin obrazlaşdırılması ilə kifayətlənir. Yazıçı fantaziyası Aydının ata evindəki cənazəsinin, izdiham içindəki cənazəsinin görünüşündə də tənhalığın rəmzini tapır. O, “Yaz ölümü” obrazını ekzistensial bir obraz səviyyəsinə qaldırır.
Afaq ziyalı mühitində bitib qalxmış istedaddır. Bəzən onun yazılarında hövsələsizlik və tələskənlik də duyulur. Amma ən qısa, ən tələsik qeydlərində belə, Afaq bir yazıçı və vətəndaş kimi mənəvi və ədəbi dəyərlərin keşiyindədir. Xüsusilə son on-on beş ildə onun yaradıcılığında ziyalı problemi, xalqın mədəni səviyyəsi məsələləri qabarıq əksini tapır. O, öz qeydlərində yaradıcı insanlar haqqında danışanda bunların hamısından ziyalılıq problemi qırmızı xətt kimi keçir. Bunun mühüm səbəbi odur ki, Afaq 1990-cı illərdə yaşadığımız problemlərin, ağrıların öz kökləri ilə Azərbaycan ziyalılığının, elitasının zəifliyi ilə bağlılığı fikrinə gəlib çıxmışdır. Çünki müdrik, uzaqgörən, xalqın mənəvi dəyərlərinin daşıyıcısı olan şəxsiyyətlərin öndərliyi olmadan xalqın taleyüklü problemlərini həll etmək olmaz.
Ziyalı problemi Afaq üçün simasız izdiham probleminin əks üzüdür. Ona görə də o, qələm yoldaşları, sevdiyi ziyalılar, yazıçılar haqqında qeyri-adi bir səmimiyyət və aydınlıqla yazır. Afaq uzun illərdir ki, Azərbaycan Yazıçılar Birliyinin Tərcümə Mərkəzində çalışır, ana dilini yaxşı bilən istedadlı yazıçı və tərcüməçiləri öz ətrafına yığaraq ədəbi xəzinəmizin zənginləşməsinə xidmət göstərir. Sırf yazıçılıq baxımından bir yerdə bu qədər müddət işləmək, bəlkə də əlverişli deyil. Çünki hər bir hərəkət, təzəlik yeni insanlar və problemlər ortaya gətirir. Amma Afaqın tərcümə mərkəzinə bağlılığı başa düşüləndir. Bura diri, canlı, doğma və yaşadıcı qüvvəyə malik bədii Azərbaycan sözünün qaynar ocağı kimidir.
Afaqın 30 illik yaradıcılığı göstərir ki, 1980-1990-cı illər bir yazıçı kimi onun yaradıcılıq axtarışlarının daha məhsuldar dövrüdür. Bu məhsuldarlığı biz, onun zəhləsini tökən izdihamın ailə-məişət miqyasından sosial və milli müstəviyə çıxmasında görürük. Bu, sosial izdiham nevrozunun milli tale və milli tarix miqyasında bədii tədqiqata cəlb edilməsidir. Bu, həm ədəbiyyatımızın, həm ümumi düşüncəmizin, həm də parlaq istedadlı yazıçı Afaq Məsudun bir yazıçı kimi, şəffaf söz və şəffaf ədəbi həqiqət zirvələrinə doğru inamlı addımlarıdır. Bu addımlar ədəbi fikrimizi zənginləşdirmiş, ona yeni çalarlar gətirmişdir.
Ədəbiyyat:
Əliyeva N. Tək və izdiham, Zamanın sözü, B., 2006.
Dostları ilə paylaş: |