AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ нур­лана яли­йева sovet döVRÜ azərbaycan əDƏBİyyati



Yüklə 2,78 Mb.
səhifə33/40
tarix02.12.2016
ölçüsü2,78 Mb.
#673
1   ...   29   30   31   32   33   34   35   36   ...   40

Kənddə burjualaşmanın təsviri. İsi Mə­lik­za­də­nin kənd mü­hi­tin­də­ki əsas qəh­rə­man­la­rı tor­paq adam­la­rın­dan çox, bu­ra­da ça­lı­şan or­ta zi­ya­lı­lardan – mu­si­qi­çi­lərdən, hə­kim­lərdən, mü­əl­lim­lərdən və başqalarından ibarət idi. Onun po­vest­lə­ri çox za­man belə adamların ta­le­yi üzə­rin­də qu­ru­lur. Bu ra­yon zi­ya­lı­la­rı çü­rü­mək­də olan so­vet çi­nov­nik mü­hi­ti­nin qəd­dar­lığı ilə toqquşurlar, kənddə yeni ağaların nə­cib­li­yə və tə­miz­li­yə düş­mən­li­yi ide­ya­sı bə­dii araş­dır­ma­la­rın əsas pred­me­ti olur.

İsi Mə­lik­za­də­nin göstərdiyi ra­yon zi­ya­lı­la­rının ço­xu xa­rak­te­ri­nin baş­lı­ca key­fiy­yə­ti ilə onun əsas qəh­rə­ma­nına – sa­dəlövh və tə­miz kənd baş­lan­ğı­cına və in­sa­nına bağ­lı idilər. Ona gö­rə zi­ya­lı, ya da əmək­çi in­sa­nı qəh­rə­man se­çən­də yazıçı­nın baş­lı­ca mə­nə­vi prob­le­mi – tə­miz­lik və mühit, şəf­faf kənd ada­mı və şə­hər tül­kü­lü­yü, məmur qəd­dar­lığı möv­zu­su də­yiş­məz ola­raq qa­lır­dı. Ya­ra­dı­cılığının son on beş ilin­də, 1980-ci il­dən son­ra şə­hər mü­hi­ti yazıçı­nı da­ha az ma­raq­lan­dı­rır və o, əsas diq­qə­ti­ni kənd­də ge­dən so­si­al və mə­nə­vi pro­ses­lər üzə­rin­də cəm­ləş­di­rir­di.

70-ci il­lər­də Azər­bay­can kən­di sü­rət­lə in­ki­şaf edir, bu­ra­da nə­həng aq­rar-sə­na­ye komp­lek­si for­ma­la­şır­dı. Üzüm­çü­lü­yün, şə­rab­çı­lığın, ba­ra­ma və tü­tün is­teh­sa­lının, kon­serv sə­na­ye­si­nin, pam­bıq­çı­lığın in­ki­şa­fı Azər­bay­can ra­yon­la­rına ümu­mit­ti­faq büd­cə­sin­dən kül­li miq­darda ka­pi­talın, mil­yon­lar­la mad­di və­sai­tin axıb gəl­mə­si­nə sə­bəb olur­du. Kənd tə­sər­rü­fa­tı in­ki­şaf et­dik­cə, aq­rar-sə­na­ye komp­lek­si yük­səl­dik­cə, kənd­də ye­ni bir sa­hib­kar sin­fi for­ma­la­şır, qey­ri-rəs­mi sər­vət top­la­yır, və­zi­fə­lər tu­tur və par­ti­ya mə­mur­la­rı ilə əl­bir olur­du. Bu si­nif, əs­lin­də kən­din ye­ni mül­kiy­yət­çi sin­fi idi və kənd yer­lə­rin­də hə­ya­tın bütün sa­hə­lə­ri­nə nə­za­rət edir, Ba­kı mə­mur­la­rına pul ötür­mək­lə on­lar­la ha­ki­miy­yə­tə şə­rik ol­ma­ğa ça­lı­şırdı. İsi Mə­lik­za­də bu sin­fi kən­din mül­kiy­yət­çi­si ki­mi gö­rür­dü və bu baxış nə­in­ki doğru, ob­yek­tiv idi, üs­tə­lik bütün 70-80-ci il­lər nəs­ri və bütün ədə­biy­ya­tı­mız üçün bö­yük əhə­miy­yə­tə ma­lik idi. Çün­ki yazıçı on­la­rın si­ma­sın­da kən­din ye­ni qəh­rə­ma­nını tap­mış­dı. Bu, kən­din əsl sa­hi­bi olan sa­hib­kar, ka­pi­ta­list si­nif idi.

«Qu­yu» po­ves­ti­. 1976-cı il­də yazıçı kənd­də ye­ni sin­fin ən ti­pik nü­ma­yən­də­si olan kol­xoz səd­ri­nin so­sio­lo­ji portretini ya­ra­dan «Qu­yu» po­ves­ti­ni yaz­dı. Bu əsər yazıçının kənddə gedən prosesləri görməkdə ədəbiyyatın ön xəttinə çıxdığını göstərən bir nümunə idi. Sonralar yazıçı mövzunu dərinləşdirən silsilə əsərlər yazdı və qəhrəmanlar yaratdı. «Çəh­ra­yı dəf­tər»də­ki OBXSS Fət­tah, Şo­şu, «Dü­yün»də­ki Ço­ban Təh­ma­sib, «İlk qa­zanc» he­ka­yə­sin­də­ki Hə­şim, «Də­də pa­lıd»da­kı Na­maz, İd­ri­sov, «Kü­çə­lə­rə su səp­mi­şəm»də Bəh­mən, «Gü­nəş har­da ge­cə­lə­yir»də Ba­rat bu qə­bil­dən olan surət­lər­dir. On­lar ey­ni so­si­al ha­di­sə­ni, ey­ni sin­fi təm­sil edir­lər. İsi Mə­lik­za­də on­la­rı kən­din mad­di is­teh­sa­lının bütün sa­hə­lə­rin­də – mi­lis­də, ti­ca­rət­də, hey­van­dar­lıq­da, ti­kin­ti­də, me­şə­çi­lik­də və s. gö­rür və bə­dii şə­kildə ümu­mi­ləş­di­rir.

Kol­xoz və sov­xoz sədr­lə­ri­nin ob­raz­la­rı so­vet döv­rü nəs­rin­də çox ge­niş ya­yıl­mış­dı və bir qay­da ola­raq müs­bət təs­vir olu­nur­du . Yal­nız şəx­siy­yə­tə pə­rəs­ti­şin, Sta­lin üsuli-ida­rə­si­nin if­şa­sın­dan son­ra təsər­rü­fat rəh­bər­lə­ri­nin çox­lu mənfi ob­raz­la­rı or­ta­ya çıxdı və bun­la­rı Mir­zə İb­ra­hi­mo­vun «Bö­yük dayağ»ında, İsa Hü­sey­no­vun po­vest­lə­rin­də gör­mə­yə baş­la­dıq. Sta­li­niz­min tən­qi­di döv­rün­də bu sədr­lər ya­rıt­maz bir iş üsu­lu­nu təm­sil edən, aman­sız, xalq­dan uzaq düş­müş adam­lar ki­mi təs­vir olu­nur­du­lar.

Sözü ge­dən pro­ses­lə­ri gö­zəl bi­lən İsi Mə­lik­za­də kənd­də ge­dən ne­qa­tiv pro­ses­lə­rin epik təs­vi­ri­nə yox, yığ­cam prit­ça-po­vest for­ma­sına üs­tün­lük ve­rir­di. Ne­qa­tiv hal­la­rın, ha­rın­la­mış, gözü aya­ğının al­tını gör­mə­yən kol­xoz və sov­xoz rəh­bər­lə­ri­nin iri mən­fi plan­da təs­vi­ri çox gu­rul­tu­lu nə­ti­cə­lər ve­rə bilər və yazıçı­ya da həm mad­di, həm də mə­nə­vi cə­hət­dən zi­yan gə­ti­rər­di. Bun­dan qaç­maq üçün prit­ça-po­vest­lər çox əl­ve­riş­li idi: on­lar for­ma­ca ki­çik po­vest olsa da, məz­mun­ca əha­tə­li bir so­si­al oçer­kə bən­zə­yir­dilər. Ne­qa­tiv hal­lar­dan, rüş­vət­dən, oğur­luq­dan söh­bət ge­dən­də isə yazıçı ey­ham və işa­rə­lər­dən is­ti­fa­də edir, ne­qa­tiv pro­ses­lə­rin hə­qi­qi mən­zə­rə­si əsər­lər­də­ki təs­vir­lər­dən kə­nar­da qa­lır­dı. Ey­ni üsul­dan «Çəh­ra­yı dəf­tər», «Evin ki­şi­si», «İki gü­nün qo­na­ğı» po­vest­lər­də is­ti­fa­də edil­miş­dir. «Qu­yu» po­ves­ti bu sil­si­lə­nin ən uğur­lu nü­mu­nə­si idi və dərc olu­nan­dan son­ra tən­qid tə­rə­fin­dən yük­sək qiy­mət al­dı.

Əsə­rin be­lə qar­şı­lan­ma­sı tə­sa­dü­fi de­yil­di: yazıçı özü də ra­yon mər­kə­zi­ni təs­vir edən, bu­ra­da­kı ye­ni pul hök­mran­lığı­nı əks etdirən sin­fi bə­dii şə­kil­də araş­dı­ran əsər­lə­ri­nin da­xi­li bü­töv­lü­yü­nü hiss et­miş­di. Yazıçı say­dığı­mız əsər­lə­rin bir fi­kir əsa­sın­da ya­zıl­dığı­nı, bir-bi­ri­ni ta­mam­la­dığı­nı yax­şı an­la­mış­dı. Nə­ti­cə­də, onun so­sio­lo­ji oçerk xa­rak­ter­li po­vest­lə­ri yaz­maq­da, on­la­rın kom­po­zi­si­ya­sını qur­maq­da, ha­di­sə­lə­ri növ­bə­ləş­dir­mək­də us­ta­lığı da in­ki­şaf edib yük­sək həd­də çat­mış­dı. Ona gö­rə «Qu­yu» tək­cə po­vest-prit­ça yox, həm də oçerk-prit­ça ki­mi sə­ciy­yə­lən­di­ri­lə bi­lir. Bu­ra­da yazıçı­nın ne­qa­tiv fakt­la­rı bə­dii­ləş­dir­mək us­ta­lığı ar­tıq da­ha yük­sək bir sə­viy­yə­də­dir.

«Qu­yu» po­ves­ti­ni yazıçı üçün sə­ciy­yə­vi olan «sa­də­lövh və yır­tı­cı dün­ya» mövqeyindən də oxu­maq olar: əsər məhz bu mən­tiq­lə qu­ru­lub. Po­ves­tin qəh­rə­ma­nı Umud da Qa­ça­yın (“Evin kişisi”) bir va­ri­an­tı­dır, onun ki­mi təc­rü­bə­siz gənc­dir. Umud da ta­nıma­dığı sərt pul dün­ya­sının bütün sir­lə­ri­ni özü üçün ay­dın­laş­dı­ran­dan son­ra po­vest bi­tir, prit­ça ta­mam­la­nır. Am­ma Qa­çay­dan fərq­li olaraq Umud əsə­rin so­nun­da ona ba­ğış­lan­mış mo­to­sikl­də di­va­ra də­yir. Şüb­hə yox­dur ki, o sağ qa­lır və hət­ta kol­xoz səd­ri Xa­lı­qın qızı ilə ev­lə­nə­cək. Po­ves­tin son­luğun­da bu ba­rə­də heç bir işa­rə yox­dur, am­ma mühüm de­tal var. Zə­də al­sa da, Umud hü­rən itin Pat­ron ol­duğu­nu və onun Pi­ri tə­rə­fin­dən az­dı­rı­lan­dan son­ra qa­yıt­dığı­nı dərk edir. Pat­ro­nun qa­yıt­ma­sı Xa­lı­qın hə­yə­tin­də­ki hə­ya­tın əv­vəl­ki ki­mi da­vam edə­cə­yi­nə işa­rə­dir. Xa­lıq xalq ma­lını ta­la­maq pe­şə­sin­də, Min­gə­çe­vir­də ar­vad sax­la­maq yo­lun­da da­vam edə­cək, ev­də­ki eşq ma­cə­ra­sına ma­ne ol­ma­sın de­yə Sol­ma­zı Umu­dun evi­nə ötü­rə­cəklər, Umud isə sədr Xa­lı­qın rəm­zi qu­yu­sun­dan çı­xa bil­mə­yib on­la­rın hə­ya­tının iş­ti­rak­çı­la­rın­dan bi­ri ola­caq.

Ona gö­rə tam əmin­lik­lə de­mək olar ki, yazıçı Umu­dun şəx­sin­də sa­də­lövh aləm­dən çı­xıb pul ha­ki­miy­yə­ti­nə tə­rəf ge­dən, bu ha­ki­miy­yə­tə müt­tə­fiq və şə­rik ol­maq yo­lu­nu tu­tan bir gən­cin ob­ra­zını ya­ra­dıb. Be­lə­lik­lə, yazıçı il­lər keç­dik­cə, kən­din sa­də­lövh alə­mi­nin ne­cə par­ça­lan­dığı­nı, çox asan­lıq­la müx­tə­lif so­si­al ka­te­qo­ri­ya­la­ra ayrıl­dığı­nı gös­tə­rir. Be­lə nə­ti­cə ya­zı­çı üçün, onun kənd­də ge­dən tə­bə­qə­ləş­mə­yə münasibəti üçün çox va­cib idi.

«Qu­yu» po­ves­ti­ni ye­ni sin­fi təm­sil edən kol­xoz səd­ri Xa­lı­qın so­sio­lo­ji oçer­ki ki­mi də oxu­maq olar. Səd­rin əməl­lə­ri­nə və ai­lə­si­nə mü­na­si­bət­də yazıçı əsər bo­yu zərgər də­qiq­li­yi və həssas­lığı ilə yır­tı­cı sa­hib­ka­ra çev­ril­miş bir səd­rin ob­ra­zını ya­ra­dır. Ma­raq­lı­dır ki, yazıçı Xa­lıqın in­san mas­ka­sını sa­də­lövh­lər­lə ey­ni tə­bi­ət­li təs­vir edir. Yə­ni sədr nə vaxt­sa Umud ki­mi sa­də­lövh adam­lar­dan ol­muş­dur, am­ma pul mü­hi­ti­nə dü­şən­dən son­ra o, də­yi­şil­miş­, bir ağa ədası ilə ya­şa­ma­ğa baş­la­mış­dır. Xa­lıq kol­xo­zun sürü­sün­dən, Umu­dun qar­da­şın­dan is­tə­di­yi qə­dər hey­van apa­rıb rüş­vət ve­rir və ali təh­sil alır, üs­tə­lik də el­mi iş yaz­dı­rır. Hət­ta ço­ban Kam­ran da gö­rür ki, təh­sil alan Xa­lıq yox, qo­yun­lar­dır. Xa­lıq pul­la el­mi iş yaz­dı­rır və el­mi rəh­bər­lə gö­rüş adı ilə Min­gə­çe­vir­də ikin­ci ar­vad sax­la­yır. Xa­lıqın ai­ləsi əx­la­qi ba­xım­dan da­ğıl­mış, ey­bə­cər ha­la düş­müş­dür. Bu da tə­zə sa­hib­kar­la­rın ai­lə hə­ya­tı üçün sə­ciy­yə­vi idi. Evə do­lan pul ai­lə­nin için­də də in­san­la­rın var­lığı­na ha­kim kə­si­lir, on­la­rı də­yi­şir, on­la­rın hə­ya­ta münasibəti­nə öz mö­hü­rü­nü qo­yur. Pul ha­ki­miy­yət­dir və tə­zə ağa­la­rın evin­də ar­vad­la­rın da ha­ki­miy­yə­ti­ni ya­ra­dır. Xa­lıqın sol­ğun bə­niz­li ar­va­dı Əs­li əri­nin sürü­cü­sü Por­suq Pi­ri ilə eşq­baz­lıq edir. Bu­nu Xa­lıq bil­mə­miş de­yil. Ne­cə ki, Əs­li də əri­nin baş­qa qa­dın­lar­la eyş-iş­rət­də ol­duğu­nu bi­lir.

Xa­lıq əx­laq­sız ar­va­dı Əs­li­nin dil­siz qu­lu tə­si­rini ba­ğış­la­yır. La­kin bu za­hi­rən be­lə­dir. Əs­lin­də Xa­lıq özü üçün qur­duğu iki­li hə­ya­tı qo­ru­maq üçün hər bir na­za dözür. Bu dözü­mün ba­ha­sı onun öz sər­bəst­li­yi­dir. Xa­lıqın evin­də poz­ğun­luq, şəh­vət düş­kün­lü­yü o həd­də ça­tıb ki, Əs­li sü­rü­cü ilə eşq ma­cə­ra­sının da­vam et­mə­si xa­ti­ri­nə Ağ­dam­da oxu­yan qızı Sol­ma­zı adi vaxt­lar­da «an­qır, ta­yını tap!» sə­viy­yə­sin­də uzaq bil­di­yi Umu­da ver­mə­yə qə­rar­lı­dır.

70-ci il­lə­rə qə­dər kənd­də ha­ki­miyyətə nəzarət edən ra­yon par­ti­ya təş­ki­lat­la­rının bi­rin­ci ka­tib­lə­ri idi. La­kin 70-ci il­lə­rin son­la­rın­dan Azər­bay­can kən­din­də par­ti­ya ha­ki­miy­yə­tin­dən də güclü bir ha­ki­miy­yət – pul ha­ki­miy­yə­ti ya­ran­ır­dı. Hə­min pul ha­ki­miy­yə­ti hər şe­yi sa­tın ala bi­lir­di və alır­dı. O cüm­lə­dən ra­yon par­ti­ya ko­mi­tə­lə­ri­nin rəh­bər­lə­ri­ni də sa­tın alır­dı­lar. Bu mə­na­da, İsi Mə­lik­za­də kən­din ye­ni sa­hi­bi olan sin­fi nə­in­ki ədə­biy­ya­ta gə­ti­rir, həm də onu hər­tə­rəf­li araş­dı­rır, kənd hə­ya­tının müx­tə­lif sa­hə­lə­rin­də onun fəa­liy­yə­ti­ni qə­lə­mə alırdı. Yazıçı gös­tə­rir ki, bu tə­zə ağa­lar kənd­də hər şe­yi – hət­ta pro­ku­ro­ru, mi­li­si və baş­qa hü­quq-müha­fi­zə or­qan­la­rını da ələ alıb­lar.

Qarabağın taleyi və pessimist motivlər. İsi Mə­lik­za­də­nin 80-ci il­lər ya­ra­dı­cılığı­nı və xüsusi­lə he­ka­yə­lə­ri­ni araş­dı­rar­kən biz gö­rü­rük ki, Qarabağın taleyi ilə bağlı möv­zu və mo­tiv onun da ya­ra­dı­cılığın­da apa­rı­cı ol­muş­dur. La­kin İsi Mə­lik­za­də nəs­rin­də so­si­al pes­si­mizm öz qə­ləm dost­la­rın­dan, döv­rün apa­rı­cı yazıçı­la­rının ya­ra­dı­cılığın­da gör­dü­yü­müz­dən yax­şı mə­na­da se­çi­lir­di. Sözüge­dən fər­qi biz, ilk növ­bə­də, İsi Mə­lik­za­də­nin bəd­bin qəh­rə­man­la­rının da­ha də­rin so­si­al ana­li­zə əsas­lan­ma­sın­da, prob­le­min qəh­rə­man­la­rın ta­le­yi­nin da­ha də­rin qat­la­rın­da öz ək­si­ni tap­ma­sın­da gö­rü­rük. Bir söz­lə, İsi Mə­lik­za­də­nin nəs­rin­də pes­si­mizm güclü­dür, la­kin bu, bə­dii ma­te­ria­lın da­ha də­rin qat­la­rın­da­dır. Ona gö­rə də bu pes­si­miz­min bə­dii də­yə­ri də adi ağ­la­yan, sınan, hə­ya­tın di­bi­nə mü­qa­vi­mət­siz yuvar­la­nan di­gər yazıçı­la­rın qəh­rə­man­la­rın­dan da­ha yük­sək­dir.

İsi Mə­lik­za­də­nin «Ağ­rı» (1986) ad­lı ay­rı­ca hek­ayə­si də var­dır. Bu he­ka­yə İsi Mə­lik­za­də­nin yet­kin­lik döv­rü­nə xas bir ya­zı­dır və mü­əl­li­fin 80-ci il­lə­rin ikin­ci ya­rı­sına aid əsərləri üçün sə­ciy­yə­vi olan də­rin bəd­bin­lik not­la­rı və ov­qat­la­rı ilə se­çi­lir. Biz bu he­ka­yə­ni yazıçı­nın av­to­bi­oq­ra­fik ya­zı­la­rın­dan sa­yı­rıq. Çün­ki he­ka­yə­də mü­əl­li­fin yazının əsas qəh­rə­ma­nı olan Şə­ri­fə çox də­rin və aş­kar rəğ­bə­ti əsə­rin ilk cüm­lə­lə­rin­dən hiss olu­nur.

İsi Mə­lik­za­də­nin 1989-cu il­də Mosk­va ət­ra­fın­da­kı Pe­re­del­ki­no yaradıcılıq evin­də yaz­dığı bir ne­çə he­ka­yə ki­mi, bu əsər­də də ağır bir tra­gizm var­dır. Bu tra­giz­min ən yük­sək nöq­tə­si­ndə dayanan əsər müəl­li­fin hə­min 1989-cu il­də, cə­miy­yə­tin par­ça­lan­ma­sı pro­ses­lə­ri get­di­yi bir vaxt­da yaz­dığı he­ka­yə­lə­rin ən yax­şısı, şüb­hə­siz ki, «Ya­şa­sın de­mok­ra­ti­ya» (1989) ad­lı he­ka­yə­dir. Həc­m eti­ba­rilə bu əsər cə­mi dörd ki­tab sə­hi­fə­si­dir. La­kin məz­mu­n eti­ba­rilə za­ma­nı ifa­də edən ən par­laq ədə­bi abi­də­lər­dən bi­ri­dir. İsi Mə­lik­za­də bu he­ka­yə­ni Ağ­ca­bə­di­də yaz­mış və güman ki, gözü ilə gör­dü­yü ha­di­sə­lə­ri qə­lə­mə al­mış, on­la­ra «qan» mo­ti­vi ilə bağ­lı prit­ça­va­ri, şər­ti bir mə­na ver­miş­dir.

Qa­ra­bağ konf­lik­ti ilə bağlı Ba­kı­da baş ve­rən siyasi pro­ses­lə­rə, mi­tinq­lə­rə, cə­miy­yə­tin əks par­ti­ya və təş­ki­lat­la­ra par­ça­lan­ma­sına yazıçı çox eh­ti­yat­lı, kon­ser­va­tiv, bir sıra məqam­lar­da isə ne­qa­tiv mü­na­si­bə­t bəsləyirdi. Be­lə fi­kir ənənəsinin yazıçı­nın ay­rı-ay­rı əsər­lə­rin­də məna xət­ti ki­mi, xalq hə­rə­katının pers­pek­tiv­lə­ri­nə bədbin mü­na­si­bət ki­mi ifa­də olun­duğu­nu gö­rü­rük.

La­kin hə­yat özü yazıçı­ya bu ide­ya­la­rı, «in­qi­la­bi və mil­li» pro­ses­lə­rin pers­pek­ti­vi­nə münasibəti bir­mə­na­lı ola­raq ifa­də et­mək üçün im­kan ya­rat­dı və ha­zır bir sü­jet ver­di. 1989-cu ilin ya­yın­da yazıçı Ağ­ca­bə­di­də, doğma və­tə­nin­də olan­da Yov­şan­lı kən­din­də əha­li ilə kə­nar­dan gə­ti­ril­miş kol­xoz səd­ri ara­sın­da­kı konf­lik­ti mü­şa­hi­də et­miş və onun əsa­sın­da sözü­ge­dən he­ka­yə­ni yaz­mış­dır.

Yov­şan­lı kən­di­nin kə­nar­dan gəl­mə kol­xoz səd­ri Nə­zə­rə qar­şı el­lik­lə mü­ba­ri­zə­si iki dam­la su ki­mi Ba­kı­da ge­dən «xalq hə­rə­ka­tına» bən­zə­yir. Hər iki­si «gəl­mə­lə­rə» qar­şı yö­nə­lib və gu­ya xal­qın özünün özünü ida­rə et­mə­si tə­lə­bi­nə bağ­lıdır. Əs­lin­də isə Yov­şan­lı­da de­mok­ra­ti­ya ilə bağ­lı heç nə yox­dur. Kənd­də­ki tay­fa­lar və­fat et­miş kol­xoz səd­ri­nin ye­ri­ni – və­zi­fə­si­ni bö­lə bil­mir­lər. Mü­na­qi­şə uza­nan­da isə ra­yon rəh­bər­li­yi Yov­şan­lı­ya kə­nar­dan kol­xoz səd­ri gön­də­rir. Tə­zə sədr Nə­zər həm də elm­lər na­mi­zə­di­dir. 1989-cu il­də ar­tıq Ba­kı­da kom­mu­nist ha­ki­miy­yə­ti­nin sarsı­l­dığı vaxt­da ra­yon və kəndlər­də də ha­ki­miy­yət­lə he­sab­laş­ma­maq halları var idi, de­mok­ra­ti­ya pər­də­si al­tın­da gə­lir­li və­zi­fə­lə­ri böl­mək uğ­run­da müba­ri­zə ge­dir­di. Be­lə bir qey­ri-sa­bit si­ya­si şə­ra­it­də tə­zə sədr Yov­şan­lı kən­din­də ni­zam-in­ti­zam ya­rat­maq, lax­la­mış tə­sər­rü­fat­da iş­lə­ri qay­da­ya sal­maq is­tə­yir. Bu iş­də mi­li­sin gü­cün­dən is­ti­fa­də edən tə­zə sədr kən­din el­lik­lə ona qar­şı qalx­ma­sı ilə üz­lə­şir və kənd­dən qa­çır.

O, kənd adam­la­rını mi­li­sə ver­di­yi üçün ca­ma­at onun qal­dığı evi mü­ha­si­rə­yə alır: Nə­zə­rin ev­də olub-ol­ma­dığı da bi­lin­mir. Am­ma mi­lis rəi­si mi­li­sio­ner Əli­qu­lu­nu yol­la­yır ki, həm yov­şan­lı­lar Nə­zə­ri tu­tub öz­ba­şına cə­za­lan­dır­ma­sınlar, həm də onun qal­dığı «fins­ki» evi qə­zəb­li ca­ma­at yan­dır­ma­sın. He­ka­yə­də «xalq hə­rə­ka­tının» an­caq üç-dörd xır­da epi­zo­du öz ək­si­ni tap­mış­dır. La­kin bu epi­zod­lar ya­zı­da bö­yük ta­ri­xi pro­se­sin bə­dii-şər­ti mo­de­li­ni ya­rat­ma­ğa im­kan ve­rir.

Mi­li­sio­ner Əli­qu­lu hə­min dövr­də Mosk­va­dan hə­lə tam ası­lı olan Azər­bay­can hö­ku­mə­ti­ni xa­tır­la­dır. Əli­qu­lu da o vaxt­kı hö­ku­mət ki­mi həm rə­is­lə­rin­dən (Mosk­va­dan) qor­xur, həm də möh­tə­şəm xalq hə­rə­ka­tın­dan çə­ki­nir və bu­na gö­rə qə­ti bir hə­rə­kət et­mək gü­cün­dən məh­rum­dur. Əli­qu­lu iki­ti­rə­li və­ziy­yət­də qa­lıb ki­min üs­tün və haq­lı çı­xa­ca­ğını göz­lə­yir. Onun küt­lə­yə de­di­yi söz­lə­rin heç bi­ri sə­mi­mi de­yil. «Xalq hə­rə­ka­tı»nda, de­mok­ra­ti­ya uğ­run­da mü­ba­ri­zə edən­lə­rin için­də əsas adam or­den­li bri­qa­dir Qə­zən­fər­dir. Bütün hə­rə­ka­tı və eti­raz­la­rı təş­kil edən, is­ti­qa­mət­lən­di­rən odur. O, xal­qa müraciət­lə de­yir:

«Yol­daş­lar! İki-üç il qa­baq biz be­lə­cə yığı­şıb ürə­yi­mi­zi bo­şal­da bil­mir­dik! İn­di sək­sən doq­qu­zun­cu il­di! Öl­kə­də aş­kar­lıq, de­mok­ra­ti­ya elan olu­nub! Bi­zə azad­lıq ve­ri­lib! Biz dər­di­mi­zi uca­dan, özü də qorx­ma­dan de­yə bi­lə­rik! Biz Nə­zər ki­mi­lər­lə qa­nun dai­rə­sin­də haqq-he­sab çə­kə bi­lə­rik! Ya­şa­sın de­mok­ra­ti­ya, yol­daş­lar! Ya­şa­sın de­mok­ra­ti­ya!»

Əl­bət­tə, bu söz­lə­ri oxu­yan­da yazıçı­nın 1989-cu ilin ya­yın­da Ba­kı­da Le­nin mey­da­nın­da ge­dən mi­tinq­lə­ri, ora­da boş­bo­ğaz­lıq edən məsu­liy­yət­siz si­ya­sət­baz­la­rı nə­zər­də tut­duğu şək­siz-şüb­hə­siz ay­dın olur. La­kin bu söz­lə­ri de­yən ada­mın öz şəx­si məq­səd­lə­ri var: or­den­li bri­qa­dir Qə­zən­fər özü Yov­şan­lı­da kol­xoz səd­ri ol­maq is­tə­yir. Onun də­fə­lər­lə «ya­şa­sın de­mok­ra­ti­ya» de­mə­sində məqsəd an­caq göz­dən pər­də as­maq, tə­zə sədr­dən na­ra­zı olan kənd ca­maa­tının eti­ra­zın­dan, sa­də­lövh hiss­lə­rin­dən is­ti­fa­də et­mək­dir. Əl­bət­tə, be­lə giz­li, ta­mah­kar niy­yət­lər xalq hə­rə­ka­tının, Qa­ra­bağ mü­ha­ri­bə­si­nin fa­ciə­li, acı məğ­lu­biy­yət­lə, tor­paq­la­rın iti­ril­mə­si ilə ba­şa ça­ta­caq trage­di­ya­sını əks etdirir­di.

Çün­ki al­çaq və xır­da niy­yət­lər ar­tıq xalq hə­rə­ka­tına yol tap­mış, onu da­xil­dən və çox də­rin­dən par­ça­la­mış­dı. Hə­min par­ça­lan­ma­nın ar­xa­sın­da bö­yük ön­də­ri­miz H.Ə.Əli­ye­vin qeyd et­di­yi şəx­si məq­səd­lər du­rur­du. He­ka­yədə ən qiy­mət­li ob­raz xalq küt­lə­si­nin özü, onun qə­zəb və eti­raz­la­rının for­ma­sı, qey­ri-mütə­şək­kil­li­yi­dir. Nə­zə­ri günün gü­nor­ta ça­ğı daş-qa­laq et­mək is­tə­yən küt­lə­nin için­də əsas söz və əməl sa­hib­lə­ri or­den­li bri­qa­dir Qə­zən­fə­rin adam­la­rı­dır. Qaç­mış səd­rin boş evi­nə daş atan­lar, abır­sız söz­lər ya­zan­lar, hər vəch­lə qan çı­xar­maq is­tə­yən­lər onun adam­la­rı­dır. Yazıçı mü­təşək­kil ol­ma­yan, öz sa­diq li­der­lə­ri­ni ye­tiş­dir­mə­miş, hə­lə küt­lə ha­lın­da olan xal­qın fa­ciə­si­ni, Qa­ra­bağ mü­ha­ri­bə­si­nin nə­ti­cə­lə­ri­ni əv­vəl­cə­dən gö­rür və bu­nun üçün na­ra­hat olur­du.

Qa­ra­bağ mü­ha­ri­bə­si­nin ar­tıq baş­lan­dığı il­də İsi Mə­lik­za­də­nin ov­qa­tın­da qan və ölüm mo­tiv­lə­ri get-ge­də qa­ba­rıq­la­şır. Bu tra­gizm əh­val-ruhiyyəsi daha çox İsi Mə­li­kza­də­nin Qa­ra­bağ mü­ha­ri­bə­si­nin pers­pek­tiv­lə­ri ilə bağ­lı bəd­bin göz­lən­ti­lərin­dən irəli gə­lirdi. Yazıçı hə­qi­qi və bö­yük bir fəhm ilə, san­ki bütün var­lığı ilə, şüu­ru­nun bütün qat­la­rı ilə xal­qı­mı­z üçün tra­gik it­ki­lə­rin yaxın­laş­dığı­nı du­yur­du.

He­ka­yənin par­laq, çox­mə­na­lı, hə­lə 1989-cu il­də Qa­ra­bağ ət­ra­fın­da bi­zi göz­lə­yən fa­ciə­lə­ri proq­noz edən, ön­cə­dən gö­rən son­luğu döv­rün ədə­bi pro­se­sin­də əsl ha­di­sə idi. Xüsusi­lə dem­ok­ra­ti­ya ilə bağ­lı cə­miy­yə­tin o za­man­kı göz­lənti­lə­ri yazıçı tə­rə­fin­dən küt­lə ob­ra­zı və onun fo­nun­da qiy­mət­lən­di­ri­lir. Yazıçı­nın ya­ra­dı­cılığın­da ilk də­fə ola­raq «sa­də­lövh­lük», kənd tə­miz­li­yi mən­fi ob­raz ki­mi gö­rü­nür. Bu isə İsi Mə­lik­za­də­nin hə­ya­ta, kən­də xas əx­la­qi də­yər­lə­rə münasibətin­də bir ad­dım, bir hə­qi­qət anı idi.

«Ya­şa­sın de­mok­ra­ti­ya!» he­ka­yə­si­nin bə­dii və fik­ri uğu­ru on­da idi ki, bu­ra­da hərəkat dövründə ilk də­fə ola­raq küt­lə­nin mən­fi ob­ra­zı ilə rast­la­şı­rıq. Qa­ra­bağ mü­ha­ri­bə­si baş­la­dıq­dan son­ra küt­lə ob­ra­zı hə­lə ic­ti­mai fi­kir­də ro­man­tik bir ob­raz idi, az qa­la xalq ob­ra­zına yaxın bir mə­na yü­kü da­şı­yır­dı. O za­man küt­lə­nin mən­fi ob­ra­zını ya­rat­maq, on­da müs­bət ener­ji və xal­qın bir­li­yi­ni gös­tər­mək iq­ti­da­rın­dan baş­qa – bö­yük bir mən­fi, da­ğı­dı­cı, xa­os ­tö­rə­di­ci po­ten­sia­lın ol­duğu­nu gör­mək – yazıçı­nın və­tən­daş­lıq hü­nə­ri idi.

He­ka­yə­yə fi­kir və bə­dii ba­xım­dan ye­ku­nu mi­li­sio­ner Əli­qu­lu öl­müş itin be­lin­dən «Nə­zər» ya­zıl­mış ağ par­ça­nı aça-aça de­di­yi söz­lərlə vu­rur:

«Mən Yov­şan­lı­la­ra bə­lə­dəm: qan gör­mə­sə­lər, ra­hat ol­mur­lar.»

Yazıçı­nın adi mi­lis nə­fə­ri­nin di­li ilə səs­lən­dir­di­yi fi­kir əsərin əsas fəlsəfi nəticəsi idi. Ha­ki­miy­yət sa­hib­lə­ri çox qə­dim za­man­lar­dan küt­lə­vi üs­yan­la­rı, eti­raz­la­rı, qiyamla­rı məhz qan gös­tər­mək, qan tök­mək­lə ya­tı­rıb­lar. Bu qan­tök­mə­lər isə hə­mi­şə in­san­la­rın – küt­lə­lə­rin iş­ti­rak et­di­yi, top­laş­dığı mey­dan­lar­da küt­lə­vi edam­lar təş­kil et­mək­lə ic­ra edi­lib. Hər qi­yam­dan son­ra küt­lə­vi və küt­lə üçün nə­zər­də tu­tu­lan can­lı edam­lar təş­kil edil­miş­dir. Bu da in­san ta­ri­xi­nin bir si­fə­ti və bir qa­nu­nu­dur.

Xilaskar təbiət mövzusu. İlk əsər­lə­rin­dən baş­la­ya­raq İsi Mə­lik­za­dənin əsərlərindəki əsas qəh­rə­ma­nların tə­mizliyi və sa­də­lövh­lü­yü tək­cə qəh­rə­man yox, həm də baş­lı­ca sü­jet­ya­ra­dı­cı ele­ment idi, bir növ yazıçı­nın fər­di mi­fi idi. Sa­də, tə­miz kənd ada­mı şə­hə­rin fər­diy­yət­çi və eqo­ist hə­qi­qət­lə­ri ilə toq­qu­şur. Əs­lin­də, sa­də olan bu mi­fin ən müx­tə­lif va­ri­ant­la­rını ya­rat­maq­la İsi Mə­lik­za­də­nin nəsri də in­ki­şaf edib yet­kin­lə­şir­di, onun sü­jet və in­tri­qa­la­rı mə­nə­vi-əx­la­qi ba­xım­dan zən­gin­lə­şir, də­rin­lə­şir­di. 60-cı il­lə­rin so­nu­na qə­dər «sa­də­lövh kənd­li və qəd­dar dün­ya» əks­li­yi hə­lə mürəkkəb de­yil­di, da­ha doğ­ru­su, yazıçı bu mi­fin də­rin­li­yi­nə və mürəkkəb­li­yi­nə enə bil­mir­di.

«Də­də pa­lıd» İsi Mə­lik­za­də­nin «sa­də­lövh in­san - qəd­dar dün­ya» əks­li­yi üz­rə yaz­dığı so­nun­cu po­vest idi. Yazıçı­nın so­nun­cu sa­də­lövh qəh­rə­ma­nı Ba­ğır ki­şi onun tə­biə­tə si­ta­yiş edən tə­zə qəh­rə­ma­nı Nur­cab­bar­la əks qütb­də du­rur­lar və hət­ta Nur­cab­bar Ba­ğır ki­şi­nin gözünü aç­maq is­tə­yir, onu na­ğıl­la­rın­dan bi­ri­nə sa­lır. Nur­cab­bar nə­in­ki sa­də­lövh de­yil­dir, o özü­nə gö­rə bö­yük id­dia­lıdır və bu id­dia­nın bir te­zi­si də onun tə­biə­tin di­li­ni bil­mə­si, tə­bi­ət­lə da­nış­ma­sı­dır. Mü­əy­yən nöq­te­yi-nə­zər­dən, Nurcab­bar­da pey­ğəm­bər­lik id­dia­sı var­dır. Nurcab­bar­da tə­biə­tə mis­tik bir inam var. Ca­na­var­lar­la vu­ruş­duğu­nu yu­xu­da gö­rən­dən son­ra o, oya­nır və qan-tər için­də Kü­rün qı­ra­ğına dər­di­ni de­mə­yə ge­dir. Nur­cab­bar əbə­di­li­yi də tə­bi­ət­də gö­rür, çün­ki in­san nə­sil­lə­ri ölüb get­sə də, Kür axır, me­şə­lər du­rur, ay ye­nə hər ax­şam öz gü­mü­şü nu­ru­nu adam­la­rın üs­tü­nə sə­pə­lə­yir...

Be­lə­lik­lə, tə­bi­ət İsi Mə­lik­za­də­nin dün­ya­gö­rü­şü­nün, hə­ya­ta, əbə­diy­yə­tə, in­san mü­na­si­bət­lə­ri­nə ba­xı­şının ye­ni po­zi­tiv bü­növ­rə­si olur. Əs­lin­də, tə­bi­ət – sa­də­lövh in­san prob­le­mi­nin da­ha ge­niş, da­ha fəl­sə­fi bir miq­yas­da dərk edil­mə­si tə­şəb­bü­sü idi. Bu tə­şəb­bü­sə eh­ti­yac on­dan do­ğur­du ki, hə­ya­tı və in­san­la­rı da­ha də­rin­dən dərk et­dikcə İsi Mə­lik­za­də üçün hə­ya­tın po­zi­tiv is­ti­nad nöq­tə­si­ni in­san məh­fu­mun­da gör­mək və bu ina­mı sax­la­maq get-ge­də da­ha çə­tin olur­du. Ən çox ona gö­rə ki, sa­də­lövh­lük – əməl­də xe­yir­dən çox şə­rə xid­mət edir. Yazıçı­nın nif­rət et­di­yi mü­ti­li­yin, ya­zıq­lığın, fa­ğır­lığın, mə­na­sız qəd­dar­lığın kö­kün­də də çox za­man sadəlövhlük durur. Tə­biə­tin mə­nə­vi xi­las­kar ki­mi, tə­mən­na­sız­lıq və tə­miz­lik baş­lan­ğı­cı ki­mi təq­di­mi­nə yazıçı hə­lə 1978-ci ildə yaz­dığı «Ya­şıl ge­cə» po­ves­tin­də tə­şəb­büs et­miş­di. For­mal ola­raq, ya­zı­lış ta­ri­xi eti­ba­rilə bu po­vest ra­yon mər­kə­zi­nin so­sio­lo­ji-bə­dii təh­li­li­nə həsr olun­muş sil­si­lə­yə aid­dir. La­kin hə­min sil­si­lə­nin ide­ya-prob­lem əsas­la­rı bu po­vest­də o qə­dər də qüv­vət­li de­yil­dir. Ək­si­nə, bu­ra­da Qə­ri­bin xəs­tə­li­yi­nin əks qüt­bü ki­mi qo­ruq möv­zu­su, bu­ra­da baş ve­rən ha­di­sə­lər apa­rı­cı­dır. «Ya­şıl ge­cə»də ra­yon mər­kə­zin­də­ki mə­nə­vi deq­ra­da­si­ya möv­zu­su apa­rı­cı ol­sa da, bu­ra­da ar­tıq yır­tı­cı sa­hib­kar sin­fin nü­ma­yən­də­si ob­ra­zı, bö­yük sər­vət sa­hi­bi olan mə­mur ob­ra­zı yox­dur.

1980-ci ildə «Azər­bay­can» jur­na­lın­dan ge­dən­dən son­ra yazıçı açıq-aş­kar bəd­bin­ləş­miş­di və nis­bə­tən az ya­zır­dı. O, ən böh­ran­lı vaxt­la­rın­da ata oca­ğına – Ağca­bə­di­də­ki ev­lə­ri­nə üz tu­turdu. 1982-1983-cü il­lər­də yazıçı fa­si­lə­lər­lə ya­şa­dığı Ağ­ca­bə­di­də özünün ən par­laq əsər­lə­rin­dən bi­ri­ni – «Gü­müşgöl əf­sa­nə­si» po­ves­ti­ni yaz­dı. Bu əsər onun in­san və tə­bi­ət, düz­lük və xə­ya­nət, is­te­dad və mü­hit ba­rə­də ağır dü­şün­cə­lə­ri­nin nə­ti­cə­si idi. Bu­ra­da­kı ağrı­lı məqam­la­rın ha­mısın­da av­to­bi­oq­ra­fik nöqtələr var idi. Yazıçı gö­zəl xalq əf­sa­nəsin­dən, əs­lin­də öz öm­rü­nün, ta­le­yi­nin ağ­rı­lı nə­ti­cə­lə­ri­ni ifa­də et­mək üçün is­ti­fa­də et­miş­dir.

İsi Mə­lik­za­də, əslində bütün ya­ra­dı­cılığı ilə bir şe­yi yaz­mış­dı – özünün ürə­yi is­tə­yən tə­bii hə­yat­la ya­şa­ya bil­mə­mə­yi­nin ta­rix­çə­si­ni.

«Gü­müşgöl əf­sa­nə­si» əs­lin­də bu ta­rix­çə­nin fəl­sə­fi his­sə­si idi. Yazıçı yığ­cam bir po­vest­də bütün ya­ra­dı­cılığı ilə de­dik­lə­ri­ni ümu­mi bir əf­sa­nə şək­li­nə sal­mış­dı. Po­vest­də üç əsas qəh­rə­man – Or­xan, Ağbə­yim və Bə­növ­şə üç müx­tə­lif taleyi əks et­di­rir. La­kin bu talelərin ha­mı­sı tə­bi­ət və tə­bii hə­yat prob­le­mi ilə bağlı­dır.

Or­xan – iti­ril­miş tə­bi­ət və tə­bii­lik prob­le­mi ilə bağ­lı­dır. Yazıçı özü­nə bən­zər­lik­lə­ri uzaq­laş­dır­maq üçün onu kənd­li ba­la­sı ki­mi yox, İçə­ri­şə­hər­də do­ğu­lub ər­sə­yə gəl­miş bir zi­ya­lı ki­mi təs­vir edir. Or­xan möv­zu­su qlo­bal bir möv­zu­dur. O, tə­bii­li­yi və tə­biə­ti itir­miş müasir in­sa­nın, ur­ba­ni­za­si­ya­nın sü­ni bir hə­ya­ta məh­kum et­di­yi şə­hər ada­mının ob­ra­zı­dır. Or­xan­da yazıçı­nın öz bi­oq­ra­fi­ya­sın­dan gə­lən əsas cə­hət – tam ürə­yi­nə ya­tan tə­bii bir hə­yat ax­ta­rı­şı­dır. Əs­lin­də, bu ax­ta­rış de­di­yi­miz şey müasir in­sa­nın mə­nə­vi mü­va­zi­nə­ti­ni po­zan əsas prob­lem­dir. İn­san­lar ləz­zət­li, gözü se­vin­di­rən şey­lər­lə do­lu hə­yat ar­dın­ca şə­hə­rə gə­lib­lər və bö­yük şə­hər­lər ti­kib­lər. Am­ma şə­hər­də ya­şa­yan­dan son­ra mə­lum olur ki, ləz­zət­lər də, gözü se­vin­di­rən şey­lər də nə­sə sü­ni­dir, yad­dır – bir söz­lə, tə­bii de­yil. Or­xa­nın hə­yat dra­mın­da bu kol­li­zi­ya­nın ifa­də­si­ni gö­rü­rük.

Yazıçı onu bir şə­hər ti­pi ki­mi də bütün tə­fər­rüa­tı ilə qə­lə­mə al­mış­dır. O, İçə­ri­şə­hərdə köh­nə mə­həl­lədə do­ğu­lub, ali təh­sil­li xal­ça­şü­nas alim­dir. Ana­sı Fat­ma hə­kim sa­hə hə­ki­mi­dir, oğ­lu­na «Ji­qu­li» də alıb. Or­xan xal­ça­çı­lıq üz­rə el­mi iş ya­zır. El­mi rəh­bə­ri Xür­rəm mü­əl­lim ona məs­lə­hət bi­lir ki, da­im kənd­lə­ri gəz­sin və el sə­nət­kar­la­rını, sa­va­dı ol­ma­yan is­te­dad­lı xal­ça­çı­la­rı tap­sın, on­la­rın təc­rü­bə­sin­dən, rəng və il­mə üslubun­dan öy­rən­sin. Lakin o, dağ kəndinə gəlib romantik bir macəraya düşür. Orxanın yaşadığı macəra insanın təbiilik istəklərinin ziddiyyətli təbiətini ortaya çıxarır: mütləq təbiilik əxlaqla və mədəniyyətlə əkslik yaradır. Əsərdəki tragizmin məzmunu belədir.

«Qır­mı­zı ya­ğış» ai­lə ta­rix­çə­si ki­mi ya­zıl­sa da, əs­lin­də, tə­rə­kə­mə ai­lə tər­zi­nin ta­mam sıra­dan çıxdı­ğını bə­dii şə­kil­də gös­tə­rən əha­tə­li bir ro­man­dır. Ələm əsə­rin so­nun­da qa­rı­sı ilə tək qa­lır: onun ye­ga­nə tə­səl­li­si uşaq­lıq­da ol­duğu ki­mi ço­maq gö­tü­rüb qo­yun otar­maq, tə­bi­ət­lə çölçü ün­siy­yə­ti­nin fey­zi­ni ara­maq­dır. Ro­ma­nın so­nun­da Ələ­mi öz ba­la­ca sü­rü­sü ilə dar bir yol­da gö­rü­rük: bu yol pam­bıq və üzüm sa­hə­lə­ri­nin tu­tduğu Mu­ğan çöl­lə­rin­də Yov­şan­lı ca­maa­tı üçün qa­lan ye­ga­nə örü­ş­dür. Ələm bu yol­la hey­van­la­rını sü­rüb sər­bəst, boş örü­şə çıx­maq is­tə­yir, la­kin yol bi­tən­də üfüq­də qır­mı­zı bu­lud­lar gö­rü­nür. Bi­r az­dan mö­cü­zə baş ve­rir: qır­mı­zı ya­ğış yağ­ma­ğa baş­la­yır. Bu ya­ğış – yazıçı­nın di­gər əsər­lə­rin­də gör­dü­yü­müz fə­la­kət, yaxın­la­şan faciə mo­ti­vi­nin ye­ni va­ri­ant­da tək­ra­rı­dır. Bu ro­ma­nın ya­zıl­dığı 1984-cü il­də bu faciəyə ar­tıq dörd il qal­mış­dı. «Qır­mı­zı ya­ğış» İsi Mə­lik­za­də­nin kən­din so­sio­lo­ji-bə­dii təh­li­li­nə həsr olun­muş po­vest­lər silsi­lə­si­nə də aid edi­lə bi­lər. Çün­ki bu­ra­da tə­bi­ət və tə­bii­lik möv­zu­su ilə ya­na­şı, 70-80-ci il­lər­də ra­yon mü­hi­tin­də baş ve­rən qa­nun­suz, qəd­dar pro­ses­lər də öz ək­si­ni tap­mış­dır.

İsi Mə­lik­za­də­nin yığ­cam po­vest­lə­rin­də 60-70-ci il­lər­də So­vet cə­miy­yə­ti­nin da­xi­lin­də ge­dən mə­nə­vi və əx­la­qi deq­ra­da­si­ya, mə­mur və təsər­rü­fat rəh­bər­lə­ri­nin bur­jua­laş­mış bir sin­fə çev­ril­mə­si, kor­rup­si­ya­nın döv­lət me­xa­niz­mi­nin ay­rıl­maz bir ün­sü­rü­nə dön­mə­si pro­se­si döv­rün hər han­sı di­gər yazıçı­sın­dan da­ha ay­dın və bir­mə­na­lı şə­kil­də ək­si­ni tap­mış­dır.

Yazıçı­nın ilk ba­xış­da sa­də­lövh gö­rü­nən əsər­lə­rin­də so­si­al təh­lil və ön­cə­gör­mə qa­bi­liy­yə­ti müasir­lərin­dən da­ha yük­sək və əya­ni idi. So­si­al pro­ses­lə­rin qov­şa­ğı olan ba­la­ca ra­yon mər­kə­zi­nin tim­sa­lın­da yazıçı bütün Azər­bay­can cə­miy­yə­ti­nin so­si­al oçerk­lə­ri­ni ya­rat­mış­dır. Lakin tə­əs­süf­lə qeyd et­mə­li­yik ki, döv­rün tən­qi­di onun ya­ra­dı­cılığı­na la­zımi qiy­mət ve­rə bil­mə­mişdir.
Ədə­biy­yat:

Əliyeva N. “İsi Məlikzadənin yaradıcılığında qəhrəman ax­tarış­ları” (monoqrafiya), “Zamanın sözü” kitabında, B, 2006.

Ab­ba­so­va S. İsi Mə­lik­za­də­nin ya­ra­dı­cılığı, Nur­lan, 2004.

İsmayılov Y. İsi Məlikzadə - söz sərrafı, nəsr ustası, B., 2007.


ELÇİN

(1943)
Həyatı və fəaliyyəti. Elçin İlyas oğlu Əfəndiyev 1943-cü ildə Bakıda doğul­muş­dur. O, görkəmli yazıçı İlyas Əfəndiyevin böyük oğlu­dur. Orta məktəbi Bakıda bitir­dikdən sonra Elçin atası­nın yolu ilə getməyə qərar verir. O, gözünü açandan ədəbi mühitdə olmuş, atasının dostu və həmkarı olan yazıçı və şairlərlə ünsiyyətdə böyü­müş­dür. Ona görə yeniyetmə vaxtlarından yazılar yazmağa başla­mış, atası kimi populyar bir insan olmağı arzulamışdı. Hələ 1959-cu ildə 16 yaşı olanda “Azərbaycan gəncləri” qəzetində “O inanırdı” adlı ilk hekayəsi çıxmışdır. Lakin onun yaradıcılığının yetkin dövrü 1973-cü ildə çapdan çıxmış “Gümüşü, narıncı, məxməri” adlı kitabçası ilə başlanır.

Bu kitaba qədər cavan yazıçının üç kitabı çıxmışdı: birinci kitabı 23 yaşında, ikincisi isə 1969-cu ildə işıq üzü görmüşdü. Həmin ildə yazıçının «SOS» adlı balaca povesti də ayrıca kitab şəklində çap olundu. Oxucular tərəfindən maraqla qarşılanan bu povest həyat materialının təzəliyi ilə seçilirdi. Amma bu əsər müəllifin həyata nüfuzunun keyfiyyəti cəhətdən ədibin sonrakı əsərlərindən zəif idi.

Elçin 1960-1965-ci illərdə ADU-nun Filologiya fakültəsində təhsil almış, təhsilini bitirdikdən sonra Nizami adına Ədəbiyyat İnstitutunda əvvəlcə kiçik, sonra isə böyük elmi işçi işləmişdir (1969-1975). Burada çalışarkən Elçinin ədəbiyyatşünas kimi elmi istedadı da özünü qabarıq göstərdi: müstəqil və sağlam düşüncə qabiliyyəti, elmi fikrə həssaslıq ətrafdakıların diqqətini cəlb edirdi. Tənqid tarixçisi olan akademik Kamal Talıbzadə Elçinə də bu istiqamətdə mövzu təklif etdi: «Azərbaycan bədii nəsri tənqiddə (1945-1965)». Bu çox çətin və mübahisəli mövzu idi: 50-ci illərdə çoxlu nəsr diskussiyaları olmuşdu. Onların predmeti olan yazıçılar da, tənqidçilər də hələ fəaliyyətdə idilər. Cavan bir alimin onların mübahisələrinə qiymət verməsi o zaman üçün riskli bir hadisə idi. Amma Elçin bundan çəkinmədi: söhbət onun uşaqlıqdan ardıcıl oxuduğu əsərlərdən gedirdi. Onların ən yaxşıları isə onun atasının «Körpüsalanlar», «Söyüdlü arx» kimi əsərləri idi. O özü də bu mübahisələrin içində böyümüşdü.

Elçin bu mürəkkəb mövzunu qısa bir vaxtda araşdırıb öz dissertasiyasını yazdı. O, 1945-1965-ci illərin həm nəsrinə, həm də tənqidinə obyektiv və tənqidi qiymət verdi. Onun müdafiəsi uğurla keçdi.

1974-cü ildə Heydər Əliyev Yazıçılar İttifaqına yeni sədr təyin etdi: onun məqsədi sədri dəyişmək yox, Yazıçılar İttifaqında islahatlar aparmaq idi. 1934-cü ildən 1974-cü ilə qədər bu təşkilat fasiləsiz olaraq bir neçə titullu yazıçının cəmiyyətinə çevrilmişdi. Onların hamısı İttifaqa öz mülkiyyəti kimi baxırdı. H.Əliyev İttifaqı cavanlaşdırmaq və müasirləşdirmək istəyirdi. Bu niyyətlə 1976-cı ildə gənc şair olan Cabir Novruz və Elçin də Yazıçılar İttifaqının katibi seçildilər. Bu hadisə baş verəndə Elçinin 32 yaşı var idi.

Elçin namizədlik dissertasiyasında təsdiq etməyə çalışdığı ədəbi prinsipləri müdafiə etməyə başladı. Tənqiddə bu, qocalar və cavanlar mübahisəsi adlansa da, əslində məsələ başqa idi. Elçin və onun təmsil etdiyi cavan ədiblər nəsli partiya işinə çevrilmiş rəsmi ədəbiyyata qarşı idilər. Cavanlar müasir ədəbiyyatın siyasi xidmətçi rolundan çıxmasını, həqiqi bir insanşünaslığa və demokratik düşüncəyə çevrilməsini istəyirdilər. Bu mübarizə də çox zaman açıq yox, pərdəarxası, örtülü formada gedirdi. Elçin katib postunda ilk növbədə ədəbi tənqidi cavanlaşdırmağa və müstəqilləşdirməyə çalışırdı. Onun himayəsi ilə 70-ci illərin ikinci yarısında tənqidə Aydın Məmmədov, Rəhim Əliyev, Nadir Cabbarov, Şirindil Alışanov, Kamal Abdullayev kimi cavan tənqidçilər gəldilər. Bu vulqar sosioloji tənqidə ciddi bir zərbə oldu. Cavan tənqidçilər ilk növbədə cavan yazıçılar: Ə.Əylisli, Elçin, İ.Məlikzadə və başqaları barədə yazırdılar. Bu yazılar bəzən sərt tənqidi olur və ədəbiyyatın mənzərəsini dəyişməklə qocaları qəzəbləndirirdi.

O zaman hər xalq yazıçısının öz tənqidçi-tərifçiləri var idi; onlar Elçinin rəhbərliyi ilə gedən yeniləşməyə müqavimət gös­tərir, yuxarı partiya rəhbərliyinə bolşevik ritorikası ilə dolu şi­ka­yət­lər yazırdılar. Cavanların tənqidi isə çılpaq siyasi ittihamlara çev­ri­lirdi: guya onlar partiyalılıq prinsiplərindən uzaqlaşırlar, gu­ya partiya tələblərinə qarşı gedirlər, ideyasızlığı yayırlar və s.

Amma ümumilikdə 1975-1985-ci illərdə Yazıçılar İttifa­qın­da aparılan gəncləşdirmə siyasəti, həqiqi ədəbiyyat uğrunda mü­ba­ri­zə ədəbi mühitin mənzərəsini dəyişdi. Həqiqi, namuslu, siya­sət­baz­lıqdan uzaq olan böyük bir ədəbi nəsil ədəbiyyata gəldi və bu­ra­da möhkəmləndi. Yuxarıdan idarə olunan bu proseslərin ədə­biy­yat kimi mühafizəkar bir mühitdə həyata keçirilməsində El­çi­nin ciddi iştirakı oldu.

1982-ci ildə Elçin SSRİ Komsomolu mükafatına layiq gö­rül­dü. 1987-ci ildə yazıçı Xaricdə Yaşayan Həmvətənlərlə Azər­bay­can Mədəni Əlaqələr Cəmiyyətinin sədri seçildi. Sovetlərin dağıl­ma­sı ərəfəsində yazıçı xalqımızın səsinin, Dağlıq Qarabağ uğrun­da mübarizənin bütün dünyaya çatdırılması üçün yorul­ma­dan çalışdı. Bu illərdə yazıçı dünyanın əksər ölkələrində sə­ya­hət­də olmuş, səmərəli ictimai fəaliyyət göstərmişdir.

1993-cü ildə Elçin Azərbaycan Nazirlər Kabineti sədrinin Humanitar sahələr üzrə müavini təyin edildi. Ədib tənqidçi və alim qələmini yerə qoymur, Üzeyir Hacıbəyov barədə doktorluq işi yazıb müdafiə edir. Elçin 1984-cü ildə Əməkdar İncəsənət Xadimi, 2003-cü ildə isə 60 illik yubileyi münasibəti ilə Xalq Yazıçısı fəxri adı almış, Şərəf Nişanı, Xalqlar Dostluğu və Azərbaycanın «İstiqlal» ordeni ilə təltif olunmuşdur.



Yaradıcılığı. 1970-1980-ci illərdə Azərbaycan nəsrinin ye­ni­ləş­məsi prosesində Elçinin bir nasir kimi özünəməxsus xidmə­t­lə­ri vardır. O, fəal bir tənqidçi kimi də ədəbiyyatda mü­ha­fi­zə­kar­lı­ğa, siyasətbazlığa qarşı mübarizə aparmışdır.

Yaradıcılığının ilk addımlarından başlayaraq Elçinin əsər­lə­rin­də iki mövzu və iki cür qəhrəmanlar diqqəti cəlb edir. On­lar­dan birincisi yazıçının 1950-ci illərdə keçmiş uşaqlıq xatirələri ilə bağlı insanlar, ikincisi isə ziyalı mühitinin nümayəndələridir.

Elçin anasını çox erkən itirmiş, kiçik vaxtlarından mehrini böyüdüyü 50-ci illər Bakı məhəlləsinə, oradakı qonşu uşaqlarına salmışdı. Bütün qohum və tanışlar gözəl, istiqanlı uşaq olan Elçini çox sevirdilər, o, neçə-neçə evdə əziz adam kimi qarşılanırdı. Elçin böyüdükcə başı təhsilə, ədəbi işə qarışır və bu adamlardan uzaqlaşırdı. Lakin onlar onun yaddaşında və həyata münasi­bə­tində həmişəlik yer tutmuşlar. Ona görə yazıçı 70-ci illər yaradıcılığında dəfələrlə bu insanların obrazlarına müraciət edir, onların sadə, mərd, xeyirxah xüsusiyyətlərini ədəbiyyata gətirirdi.

Bir gecənin tarixçəsi” povesti belə bir povest idi. Burada ya­zıçı furqon sürən Məmmədağanın və onun məhəllə qonşusu Məs­mə­xanımın obrazlarını yaradır, onların mürəkkəb münasibət­lə­ri barədə söz açır. Yazıçı bu sadə, zəhmətkeş, qədirbilən adam­lar­da yüksək mənəvi keyfiyyətlər: həssaslıq, fədakarlıq, yaxşı mə­na­da təəssübkeşlik tapır. Özləri kasıb və köməksiz olan bu adam­lar hər cür fədakarlığa, verdikləri sözün dalında durmağa, qon­şuya əl tutmağa həmişə hazırdırlar.

«Bir gecənin tarixçəsi» povesti yazıçının istedadının başlıca keyfiyyətlərini qabarıq əks etdirən və ona şöhrət gətirən əsərlərindən birincisidir. Özünəxas həyat materialı, orijinal xarakterlər, dərin psixologizm, insan talelərinə baxış təzəliyi bu povestdə parlaq şəkildə özünü göstərirdi.

Povestdə yaradılan Mirzoppa obrazı o zamankı nəsr üçün yenilik idi, sadə insan xarakterinin dərin və fəlsəfi mənalı yozumu idi. Mirzoppa Bakının köhnə bir yerində məhəlləbaşılıq iddiasında olan bir insandır. O vaxtkı nəsr üçün ən çoxu xuliqan kimi təqdim oluna bilən bu insanın daxili aləmində yazıçı dərin ziddiyyətlərlə yanaşı, işıqlı tərəflər tapır. Hamıya qəddar adam kimi görünmək istəyən Mirzoppa şikəst qonşu uşağı Duduya mistik bir məhəbbət və mərhəmət hissləri bəsləyir. O, hətta özü də bu hissləri məhəllə qonşularından gizlətməyə çalışır. Elçin xarakterin bu ziddiyyətində fəlsəfi bir dialektika görür: insan qəddarlığı və insan mərhəməti ayrılmazdır. Heç kəsi xalis qəddar hesab etmək mümkün deyil, çünki yeri düşəndə qəddar adamlar da mərhəmət göstərmək ehtiyacı hiss edirlər, hətta ağlamaq da istəyirlər.

Elçinin uşaqlıq xatirələri əsasında yazdığı əsərlərdə köhnə Bakının sadə, sərt koloriti var. Yazıçı özü də bu koloriti sevir, ona sadiqdir və bu koloritdən müəyyən cizgilərin daşıyıcısı olması ilə fəxr edir. Bu koloritdə zamanı ötmüş, mühafizəkar, bəzən hətta eybəcər xüsusiyyətlər də vardır. Lakin yazıçı hər bir mühafizəkarlıqda yaşayan əxlaqı, qədirbilənliyi görür, tərənnüm edir və qiymətləndirir.

Elçin yaradıcılığındakı uşaqlıq dövrü obrazı daha bir köklü funksiya daşıyır: ziyalı mühitində və ziyalı həyatında gördüyü dərin bir fənalıq və mənasızlıq hissinə qarşı durur və yazıçı dünyagörüşünün nikbin qütbünü təşkil edir. Həyatın müvəqqətiliyi və mənasızlığı ideyası yazıçının bütün əsərlərində az-çox özünü büruzə vermişdir. Ekzistensialist ədəbiyyatla yaxşı tanışlıqdan sonra bu motivlər daha da güclənmişdir. «Bu dünyada qatarlar gedər», «Poçt şöbəsində xəyal» kimi əsərlərində bu ovqatlar güclüdür.

Elçinin bədbin qəhrəmanları əksərən ziyalılardır. Sağlam, təbii insan əməyindən uzaq düşməklə onların içində, ömründə boşluq yaranıb. Ədibin əksər əsərlərində bu boşluğu qabarıq göstərən bir, üç, beş günün hadisələri təsvir olunur. Belə dar zaman kəsiyində yazıçı həyatdakı boşluğu, ölümlə gələn mənasızlığı açıb göstərməyə çalışır. Lakin yazıçının uşaqlıq xatirələrindən gələn sadə, fədakar, təmənnasız insan obrazları həmişə bu ovqatlara qarşı işıqlı bir qütb kimi durur.

Dolça” povesti. Yazıçı bu əsərini fəlsəfi pritça-povest şəklində yazmışdır. Bu janr bədii ümumiləşdirmənin çətin üsulu olmaqla yanaşı, böyük həyat həqiqətlərini bədii şəkildə ifadə etməyə imkan verir. 70-ci illərin sonlarından başlayaraq cəmiyyətdə qütbləşmə güclənirdi: məmurların bir qismi rüşvət, fırıldaq, xalq malını oğurlamaq yolu ilə varlanıb harınlayır, ətraf insanlara da təsirini göstərirdi. Cəmiyyətdə tamahkarlıq, xeyir dalınca qaçmaq əsas sosial qüsura çevrilir, əxlaqi pozğunluğun, meşşanlığın geniş yayılması ilə nəticələnirdi.

Dövrün bu eybəcərliklərini yazıçı alleqorik formada − Dolça adlı həyət itinin timsalında əyani şəkildə göstərir. Dolça peşəsi avtobus sürmək olan zəhmətkeş, fədakar bir insanın həyət itidir. Həmin həyət dənizə yaxın və yay istirahəti üçün əlverişli olduğundan şəhərli tanışlar həyət sahibindən xahiş edirlər ki, öz ikimərtəbəli evində onlara istirahət üçün otaq ayırsın. Ev sahibi razılaşır.

Kirayəçilər bir ay hər axşam ocaq qalayıb kabab bişirir və aləmi tüstüyə verirlər, səhərə qədər çalıb oynayırlar. Onlar köçəndən sonra qəribə hadisə baş verir: Dolça südəmər vaxtından böyüdüyü həyəti tərk edib yaxınlıqdakı kababxanada məskən salır və daha sahibinin həyətinə ayaq basmır. Nəyə görə? Ona görə ki, Dolça artıq ancaq kabab sümüyü yeməyə öyrəşib, daha ona atılan çörəkləri yemir.

Yazıçı əsərdə insanın itin əxlaqını pozmasını göstərə bilmişdir. Lakin bu hələ əsərin fikrinin hamısı deyildir. Əsərin əsas qəhrəmanı əslində Dolça deyil, hər gün kabab sümüyü sormağa öyrəşmiş pozğun insanlardır. Sahibinə nəfsə görə xəyanət − it təbiətinə aid olan hadisədir. Lakin bu mənəvi qüsur Dolçaya kimdən keçir? Əlbəttə, harın insanlardan, vücudunu qarnına güzəştə getmiş gödən qullarından.

«Dolça» povesti yazıçının insanlara xəbərdarlığıdır: harınlamaq, öz qarnının quluna çevrilmək itlərin belə, əxlaqını pozan bir eybəcərlikdir, cəmiyyət üçün təhlükəli olan çürüdücü virusdur. Yazıçı deyir ki, mənəvi dəyərlərdən uzaqlaşıb ancaq yeməklə yaşayan müftəxor, pozğun insanlar itdən də keyfiyyətsiz məxluqlara çevriliblər. Əslində Dolça itin yox, öz mənini maddi dəyərlərə satmış kommunist məmur sinfinin obrazıdır. Onlar insan cildində dolçalardır. «Dolça» povesti əsasında gözəl bir ssenari yazılmış və bədii film çəkilmişdir.

«Dolça» povestində də sadə, zəhmətkeş adamlar, yazıçının uşaqlıq aləminin sakinləri mədəniyyət cildinə girmiş meşşan eybəcərliyinə qarşı müsbət, işıqlı bir qütb kimi durur. «Dolça» sovet cəmiyyətində gedən əxlaqi ikiləşməyə, kommunist əxlaqının çürüklüyünə qarşı yazılmış ən sərt satirik əsərlərdən biridir.

«Mahmud və Məryəm» romanı. 1982-ci ildə yazılmış bu əsər Elçinin ilk romanıdır. Bu əsərdə həm Cənubi Amerikada yüksəlmiş magik realizm məktəbinin, həm də Azərbaycan folklorunun poetikasından və bədii ifadə vasitələrindən istifadə edilmişdir. Yazıçı özü də əsərin onun yaradıcılığında xüsusi mərhələ təşkil etdiyini qeyd etmişdir.

Roman «Əsli və Kərəm» adlı xalq məhəbbət dastanının süjeti əsasında yazılmış, lakin qəhrəmanlar yeni Mahmud və Məryəm adları ilə təqdim olunmuşdur. 80-ci illərdə folklor poetikasından istifadə bütün Azərbaycan nəsri üçün səciyyəvi idi: müəyyən mənada bu həm də sosialist realizmi sxemlərindən kənara can atmanın əlaməti idi. Folklor şərtiliyi yazıçıya müəyyən yaradıcı sərbəstlik verdiyinə görə, Elçinin də folklor süjetindən istifadədə əsas niyyəti hadisələri universal zaman kəsiyində göstərmək istəməsidir. Mahmud müsəlman, Məryəm isə xristian qızıdır. Lakin bu macəranın dastanda olduğu kimi baş vermə zamanı aydın deyil. Yazıçı demək istəyir ki, insan azadlığına və məhəbbətinə münasibətdə qəddarlıq, əsassız ayrı-seçkilik bütün zamanlar üçün eyni dərəcədə səciyyəvidir.

Roman el aşığı Sazlı Abdullanın Gəncə hakimi Qara Bəşir tərəfindən qətlə yetirilməsi epizodu ilə başlanır. Aşıq hakimə ağ olub, onun sözündən çıxıb, onun oğlunun toyunu çalmaqdan imtina edib. Buna görə şəhər meydanında onun başını vururlar. Amma Sazlı Abdulla nə tərəddüd edir, nə də imdad istəyir. Onun üçün həyat eşqdən ibarətdir, eşqdən kənar olan şeylər isə mənasızdır. Yazıçı insan həyatını iki qismə: məhəbbətə və bütün yerdə qalanlara ayırır. Eşq romanda həm də hər bir insanın öz içində tapmalı olduğu fərdi həqiqətidir. İnsanlar bu həqiqəti tapandan sonra zəmanədən qüvvətli olurlar. İnsan bu həqiqəti ilə əbədilik qazanır. Bəlkə elə buna görə faciəli hadisələr baş verəndə əsərdə simvolik qara sazın səsi peyda olur.

Romanın əsas qəhrəmanı Mahmuddur. Müxtəlif simalarda hadisələrə qarışan bu qəhrəman təbii insanın azadlıq rəmzidir. Onun sazı təbiətin və məhəbbətin səsidir. Həyatın məğzi, insanın doğulmasında məqsəd elə bu səsdədir. Azad və təbii insan iradəsinə qarşı olan hakimiyyət, qaniçən cəmiyyət, cəlladlıqla çörək qazanan adamlar həyatda müvəqqəti mənasızlıq xidmətçiləridir.

İnsan qəddarlığının əsas kökünü humanist yazıçı müəyyən insanların məhəbbətin təbii səsini eşidə bilməməsi ilə əlaqələndirir. Bu halda insan yer üzündəki missiyasını itirir, öz içində olan həqiqətə qarşı kor olaraq özünü cəmiyyət müstəvisində axtarır. Bu, insanlıq yolundan, eşq yolundan sapmadır. Yazıçı sosial şərə qarşı çarə axtarır və bunun yolunu insanların öz daxili səsinə qulaq asmasında görür. Mahmudun sazından qopan nəğmələr ona görə qüdrətlidir ki, insanları eşq və mərhəmət yoluna dəvət edir.

«Mahmud və Məryəm» Elçinin dünyagörüşündə yeni bir səhifə idi: burada o, öz yaradıcılığı və bütün nəsrimiz üçün yeni olan bir sıra ideyalar tapır, dünyanı özünəxas şəkildə strukturlaşdırır. Bu strukturun və ideyaların bəzilərini yazıçı iki romanda - «Ağ dəvə» və «Ölüm hökmü» romanlarında inkişaf etdirməyə çalışmışdır. Bunlar da yazıçının yaradıcılığında fəlsəfi problematikanın uğurlu bədii həlli idi. Lakin «Mahmud və Məryəm»in bədii dil, təhkiyə və poetika gözəlliyi yazıçının bütün yaradıcılığında və nəsrimizdə bir zirvə təşkil edir.


Ədəbiyyat:

Paşayeva N. İnsan bədii tədqiq obyekti kimi, B., 2003.

Yusifli V., Yusifli C. Bu nə sehrdir belə, B., 1999.


YAŞAR QARAYEV

(1936-2002)
Həyatı və elmi fəaliyyəti. 1960-1970-ci illərdə ərsəyə gələn tənqidçilər nəsli­nin ən istedadlı nümayən­dələ­rindən biri Yaşar Qarayev olmuşdur. O, ədəbiy­yatşü­naslıq və tənqiddə vulq­ar sosiolo­giz­min qalıqlarına qarşı bir nəzəriy­yəçi və tənqidçi kimi ardıcıl mü­barizə apar­mış, elmdə də müasirlik me­yarla­rının təbliğatçısı olmuşdur.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin