AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ нур­лана яли­йева sovet döVRÜ azərbaycan əDƏBİyyati



Yüklə 2,78 Mb.
səhifə30/40
tarix02.12.2016
ölçüsü2,78 Mb.
#673
1   ...   26   27   28   29   30   31   32   33   ...   40

Müstəmləkə zülmünün təsviri. «Fətəli fəthi» Azərbaycan ədəbiyyatında çarizmin müstəmləkə zülmünü göstərən nadir sənədli ədəbi nümunə idi. Bu mövzuda əvvəllər də bir sıra dram və nəsr əsərlərində  «Od gəlini», «İki od arasında», «Vaqif» pyesində üstüörtülü formada bəhs edilmişdir. Lakin Çingiz Hüseynov sənədlərin dilindən istifadə edərək çarizmin Qafqazda və Azərbaycandakı siyasi zülmünü epik əhatə gücü ilə qələmə almışdır.

Çarizmin insana zidd qəddar siyasətinin əsas cəhətlərindən biri onun maarifçilik cildinə girməsidir. Müstəmləkəçilər istila etdikləri xalqların hamısını «vəhşi» adlandırır, özlərini isə mədəni, maarifli kimi qələmə verirlər. Xalqların azadlığını əllərindən alıb onların təbii sərvətlərini talayırlar. Çarizm Bakını tutan kimi köhnə neft quyularının hamısını xəzinəyə məxsus elan etmiş, çoxunu da erməni millətindən olan fırıldaqçılara icarəyə vermişdi.

Çar üsuli-idarəsi Azərbaycanın bir çox yerlərində əsas müstəmləkə bitkisi olan pambıq əkdirməyə çalışır, onun məhsulu ilə rusiyadakı fabrikləri xammalla təmin edirdi. Azərbaycanlılar pambıq əkməyi bilmirdi, o biri tərəfdən pambıq üçün vacib olan suvarma torpaqlar az idi. Əhali belə torpaqlarda ənənəvi olaraq buğda, çəltik əkir və bununla öz ərzaq tələbatlarını ödəyirdilər.

Müstəmləkənin digər mühüm aləti yerli hakim sinfin ələ keçirilməsi və çarizm ilə sazişə cəlb edilməsi idi. Bunun üçün bütün vasitələrdən  şirnikləndirmə, hədiyyə vermə, hərbi rütbə vermə kimi üsullardan istifadə edilirdi. Türkmənçay müqaviləsindən (1828) sonra Azərbaycanın Rusiya ilə dil tapmaq istəyən xan ailələrinin başçılarına general rütbəsi verilirdi. Məsələn, Qarabağ xanı Mehdiqulu xana general-leytenant rütbəsi verilmişdi. Bakı xanları nəslindən olan A.A.Bakıxanov dövlət qulluğuna götürülmüş, polkovnik rütbəsi almışdı və pensiyaya çıxanda ona yüksək məvacib təyin edilmişdi. Çarizm bu yolla üzdə olan, nüfuzlu feodal ailələrini neytrallaşdırır, onların xalq üsyanlarına başçılıq edə bilməsi imkanını aradan qaldırırdı.

Eyni niyyətlə Şeyx Şamil əsir alınandan sonra imperator onun arvadlarına və qızlarına bahalı zinət əşyaları bağışlamışdı, özünə isə Voronej quberniyasında malikanə bağışlayıb sürgün həyatını orada təşkil etmişdi. Bu çarın özünü Dağıstan xalqlarına «mədəni padşah» kimi göstərmək təşəbbüsü idi. Şeyx Şamil isə həcc ziyarətinə getmək üçün çara xahişnamələr yazmalı olurdu. Sonda lap ağır xəstə vaxtında Şeyx Şamilə həcc ziyarətinə getmək icazəsi verildi: lakin tarix yenə təkrar olundu, Şeyx Şamil də həcc yolunda vəfat elədi.

«Fətəli fəthi» romanında çarizmin müsəlman ruhani sinfinə qarşı siyasətinə xüsusi diqqət yetirilmişdir. Ruhanilərə belə əhəmiyyət verilməsi onların yeganə savadlı təbəqə olması və əhali arasındakı böyük nüfuzu ilə bağlı idi. Molla sinfinə qarşı siyasətində çarizm bir çox müsəlman ölkəsini zəbt etmiş ingilis müstəmləkəçilərinin təcrübəsindən istifadə edirdi. Çar məmurları ruhani sinfinin şöhrətpərəst və tamahkar olduğunu gözəl bilir və bundan istifadə edirdilər. Əksinə, çarizmə açıq müxalif olan din xadimləri həbs edilir və sürgünə göndərilir, onlara dini fəaliyyətlə məşğul olmaq qadağan edilirdi.

Çarizmlə sazişə girənlərə torpaq və mülklər verilir, onların nüfuzunun artmasına və daha geniş dini fəaliyyət göstərmələrinə şərait yaradılırdı. Müsəlman ruhaniliyini özündən asılı vəziyyətə sal­maq və rahat idarə etmək üçün çarizm Tiflisdə şiələr və sünnilər üçün ayrıca dövlət qurumları düzəltmişdi. Şiələrin başçısına Şeyxülislam, sünnilərin başçısına müfti rütbəsi müəyyən edilmişdi. Həmin qurumlar sovet dövründə də dəyişilmədən saxlandı: məscidlərin axund və mollaları xüsusi sərəncamla təyin edilirdi və yerli adamların bunda nə iştirakı, nə də xəbəri olmurdu. Çarizm həm mollalar, həm də yerli feodallar arasından özünə arxa hazırlamamış öz rejimini möhkəmlətmək, kütləvi müsadirələrə əl atmaq siyasəti yeritməmişdir. Yalnız hakim feodal sinfi və ruhanilik çarizmə tərəf keçəndən sonra 40-cı illərdə çarizm fəal müstəmləkəçilik və əraziləri mənimsəmə siyasəti yeritməyə başladı. Artıq kəndli üsyanları da təhlükəli deyildi  onlara rəhbərlik edəcək yuxarı sinif nümayəndələri yox idi.

Vaxt keçdikcə, ruhanilər nüfuzlu vəzifələr tutmaq baxımın­dan müstəmləkə üsuli-idarəsindən tam asılı vəziyyətə düşdülər. Yazıçı inandırıcı şəkildə göstərir ki, qısa bir vaxt ərzində Azərbaycanda da ruhani karyerası dövlət qulluğunun bir şəklinə çevrildi. Ən adi kənd mollası da məclis aparmaq hüququ üçün Şeyxülislamın idarəsindən icazə almalı idi. Bir qayda olaraq belə mollalar çarizmin məxfi jandarm xidməti ilə əməkdaşlıq etməli idi. Sovet dövründə bu əməkdaşlıq məcburi və total bir hal aldı.

Çingiz Hüseynov çarizm və müsəlman ruhaniyyəti mövzusuna təsadüfi olaraq belə geniş yer vermir. M.F.Axundov dövründə təşəkkül tapan bu siyasət Azərbaycanın sonrakı milli hərəkatı tarixində xalqa zidd bir amil kimi meydana çıxdı. Qərb tipli Azərbaycan maarifçiliyi yarandığı vaxtdan ilk qəddar düşmənini ruhaniyyətin simasında tapdı. Gizli olaraq siyasi jandarm qurumları ilə əməkdaşlıq edən bu adamlar islamın təəssübkeşi kimi çıxış edərək bütün Qərb dəyərlərinə, Avropa təhsil sisteminə və elminə qarşı çıxır, avropasayağı geyinənləri də «dinsiz» elan edirdilər.

«Fətəli fəthi» çarizmin mədəniyyət yaymaq siyasətinin üstündən örtüyü götürür, bu siyasətin arxasında müstəmləkə xalqları üçün dəhşətli bir hörümçək torunun qurulduğunu açıb göstərirdi. Çarizmin maarif və mədəniyyət siyasəti, əslində cəmiyyətin bütün qüvvələrinin dövlətin inhisarına keçməsinə, onun əlavəsinə çevrilməsinə xidmət edirdi. Müstəmləkə sistemində verilən hər bir qərar, nəzərdə tutulan hər bir layihə, ilk növbədə, müstəmləkə torunun möhkəmlənməsinə xidmət etməli idi. Burada dövlət hər şeydir  konkret adamlar isə dəyərsiz və gərəksizdir, onların qayğı və problemləri heç kəs üçün maraqlı deyil. Müstəmləkə rejimi şəraitində milyonlarla insan özbaşına və sahibsiz olaraq ömür çürüdür. Firavan yaşamağın isə bir yolu qalır müstəmləkə maşınında özünə yer tutmaq, zülm edənlərə qoşulmaq.

«Fətəli fəthi» Azərbaycan ədəbiyyatında müstəmləkə rejiminə qarşı yazılmış ən sərt və dəyərli əsərlərdən bəlkə birincisidir. Romanın ilk qısa variantı rusca «Labüdlük» adı ilə «Siyasi ədəbiyyat» nəşriyyatında çapdan çıxmışdır. Çarizmi tənqid edən bir əsər kimi buraxılan bu kitabı müəllif böyük ustalıqla genişləndirib digər nəşriyyatlarda buraxdırdı. Əsər artıq siyasi senzuradan keçmiş hesab olunurdu.

Çingiz Hüseynov özü romanı Azərbaycan dilinə çevirmiş­dir. Lakin buna tərcümə demək çətindir: ana dilində romanın həcmi rusca olduğundan iki dəfə artıqdır. Ona görə tərcümədən yox, əsərin Azərbaycan variantından danışmaq daha doğru olardı. Yazıçı özü Azərbaycan dilinin təbiətinin ona böyük təsir etdiyini və əsərin həcminin qeyri-ixtiyari artdığını qeyd etmişdir. Əsər Qarabağ hadisələrinin başlandığı 1988-ci ildə Bakıda «Fətəli fəthi» adı ilə 710 səhifə həcmində çap olundu.



M.F.Axundov surəti. Sənədli nəsrin mühüm bir xüsusiyyəti var: burada yazıçının tarixi yazmaq və mənalandırmaq imkanları çox azdır. Tarixi faktların öz məntiqi və mənası buna imkan vermir. Sənədli nəsrin bu xüsusiyyəti əsas qəhrəmanların obrazında da əksini tapır. Burada müəllifin baş qəhrəmanı nə xalis müsbət, nə də xalis mənfi cizgilərlə vermək imkanı olmur. Ona görə Çingiz Hüseynov da M.F.Axundovu ideallaşdırmaq, müsbətləşdirmək niyyətindən uzaq olmuşdur.

Tarixi roman bir janr kimi çox qədimdir. Keçmişdə bioqrafiyaları hökmdar və sərkərdələri tərənnüm etmək üçün yazırdılar. Ona görə tarixi şəxsiyyətlər müxtəlif yazıçıların əsərlərində müxtəlif təsir bağışlayırdı. Lakin sənədli bioqrafiyada bu imkan yoxdur; sənədlər və faktlar əsasında yaradılan bədii obraz oxucunu tarixi həqiqətə yaxınlaşdırır. Sənədlilik tarixi romanda yazıçı fantaziyasını məhdudlaşdırır, obyektiv tarixi həqiqətin daha artıq üzə çıxmasına səbəb olur.

Çingiz Hüseynovun yaratdığı Mirzə Fətəli obrazını daha çox tarixi reallıqların bərpası adlandırmaq olar. Onun haqqında yazanların bəziləri onu ruspərəst, digərləri isə qatı allahsız kimi qələmə verirdilər. Çingiz Hüseynov isə tarixi sənəd və faktlarda qalmış Axundovu təqdim edir. Bir yazıçı kimi onun üçün tarixi həqiqət hər şeydən qiymətlidir. Lakin bunu ancaq bir yazıçının deyil, sənədli bioqrafiya janrının ümumi prinsipi adlandırmaq daha doğru olar. Bioqrafik sənədlilik prinsipinin geniş şöhrət qazanması və çox oxunması həm də bununla bağlı idi. «Fətəli fəthi» kimi əsərlər tarixi təkcə öyrənmək yox, həm də başa düşmək üçün gözəl bir vasitədir.

Romanda M.F.Axundovun körpəliyindən ölümünə qədər bütün həyatı izlənmişdir. Biz onu dayısının himayəsində yaşayan yetim kimi, nikbin və qüvvə dolu cavan məmur kimi, xalqına maarif işığı bəxş etmək istəyən vətəndaş kimi, maarifçi layihələri baş tutmayan tənha ziyalı kimi də görürük. Yazıçı üçün mürəkkəb yol keçən, taleyində dəyişmələr olan Axundovun taleyinin ağlı-qaralı bütün səhifələri mühümdür, onun qəhrəmanı bu səhifələrin məcmusudur. Romandakı Mirzə Fətəli XIX əsrdə xalqımızın faciəli tarixi taleyinin timsalıdır. M.F.Axundov böyük ictimai xadimdir: tarixi şəxsiyyətlərin əksəriyyəti kimi, onun ömrü də şəxsi seçimlərdən ibarət deyil, bəlkə də daha çox tarixi prosesin ərsəyə gətirdiyi bir yoldur. Bunun yaxşı, yoxsa pis olduğu əsas deyil. Əsas bunun həqiqət olmasıdır. Siyasət, ictimai-siyasi fəaliyyət tarixi şəxsiyyətləri özlərindən alır, tarixin canlı alətlərinə çevirir.

Romanda Mirzə Fətəli ömrünün Tiflis dövrü xüsusilə əhatəli verilmişdir. Məhz canişinlikdə işlədiyi illərdə o, dövrün Vazeh, Qutqaşınlı, Xasay xan Usmiyev, Natəvan kimi şəxsiyyətləri ilə tanış olur. Bir çox epizodlarda onu Qarabağ xanlığının problemləri ilə məşğul olan görürük. Qafqaz canişini Qarabağ xanlarının nəslini kəsmək üçün Natəvanı əslən Dağıstan qumıqlarından olan Xasay xan Usmiyevə ərə verir. Usmiyev Mirzə Fətəlinin yaxın dostu və evinə gedib-gələn adam idi.

Yazıçı romanın son fəslini «İflas» adlandırmışdır. Burada Axundovu qulluqdan çıxmış, tənha adam kimi görürük. Onun doğulan uşaqlarının çoxu ölmüşdür. Tubu da dünyadan köçmüşdür. Mirzə Fətəlinin yeganə ümid yeri xaricdə oxuyan oğlu Rəşiddir. Onu bəzən yazdıqlarının gələcək nəsillər tərəfindən oxunub-oxunmayacağı da nigaran qoyur, narahat edir. Lakin tarix Mirzə Fətəliyə haqq qazandırdı: onun əməlləri və əsərləri bütün dünyaya yayıldı və xalqımızın fəxri oldu. «Fətəli fəthi» romanı Azərbaycanın XIX əsr taleyi barədə ən əhatəli və gözəl bədii əsərdir.



«Doktor N» romanı. Fətəli haqda romanın böyük uğur qazanması müəllifdə aydın bir qənaət yaratdı: doğma xalqın tarixi taleyini ədəbiyyata gətirən əsərlər sevilir və yaşayır. Çingiz Hüseynov sənədli bioqrafik nəsrdən uzaqlaşmadı: bu dəfə Azərbaycanın XX əsr taleyinin ən səciyyəvi şəxsiyyəti olan Nəriman Nərimanovun bioqrafiyasına müraciət etdi. 1990-cı ilin sonlarında SSRİ dövləti dağıldı və bu hadisə də yazıçıya 70 illik Sovet quruluşu barədə öz sözünü deməyə imkan yaratdı.

Çarizmə qarşı mübarizə aparan Azərbaycan inqilabçıları N.Nərimanovun və M.Ə.Rəsulzadənin başçılıq etdiyi iki cəbhəyə ayrılmışdı. Müsavatçılar Azərbaycanın Rusiya müstəmləkəsindən qurtarması üçün əsas müttəfiq kimi Türkiyəni görürdülər.

N.Nərimanovun rəhbərlik etdiyi Azərbaycan bolşevikləri isə azadlıq yolunu rus inqilabçı bolşevikləri ilə ittifaqda görür­dülər. 1914-cü ildə Rus İmperiyası Birinci Dünya Müharibəsinə qoşulan kimi bolşeviklər Rusiyanın müharibədə məğlubiyyətinə tərəfdar olan şüar irəli sürdülər. Belə şüar imperiyaya daxil olan xalqların bolşevik təşkilatlarına xoş gəldi. N.Nərimanov kimi bolşeviklər bu şüarın səmimiliyinə inandılar. Amma Azərbay­canda yerli millətdən olan bolşeviklər çox az idilər.

1920-ci ilin 27 aprelində 11-ci Qızıl Ordu Bakını və Azərbaycanı işğal edəndən sonra mayın əvvəllərində Azərbaycan Xalq Komissarları Soveti hökuməti yaradıldı. N.Nərimanov bu hökumətin başçısı seçildi və iki il yarım  1922-ci ilin dekabrına qədər bu vəzifədə işlədi. Romanda Nərimanovun fəaliyyətinin bu dövrü xüsusi diqqətlə təsvir edilmişdir.

N.Nərimanov qocaman maarifçi və yazıçı kimi ölkədə nüfuzlu ziyalılardan biri idi. Yazıçı göstərir ki, bolşeviklər onu hökumətin başçısı qoymaqla nüfuzundan istifadə edirdilər; doğrudan da bir çox ziyalılar və sadə adamlar Nərimanov kimi böyük bir şəxsiyyətin başçılıq etdiyi hökumətə inanır və onu özlərininki sayırdılar.

Əslində ölkədəki vəziyyət daha mürəkkəb idi: N.Nərima­no­vun başçılıq etdiyi və bütün üzvləri azərbaycanlılardan ibarət olan müstəqil Azərbaycan Sovet Sosialist Respublikasında ikiha­ki­miy­yətlilik yaranmışdı. İkinci hakimiyyət 11-ci Ordunun rəhbərliyi idi. Onlar Hərbi İnqilab Komitəsinin tərkibinə daxil idilər. Ko­mi­tənin də rəhbəri N.Nərimanov olsa da, bu, formal xarakter daşı­yırdı. Hərbi İnqilab Komitəsinin yerli orqanları hərbi qulluqçular idi və onlar N.Nərimanovun göstərişlərini saymırdılar; ölkə üçün qiymətli olan savadlı və ziyalı insanlar həbs edilir, güllələnir və ya Sibirə sürgün edilirdi. Bu barədə N.Nərimanova müraciət ediləndə isə hərbçilər ona tabe olmurdular.

Romanda N.Nərimanova qarşı duran ikinci cəbhə Bakıda yu­va salmış ermənilərdir. Onlar Moskvanın və millətçi rus zabit­lə­rinin himayədarlığı ilə Bakı Partiya Komitəsini və Şəhər İnqilab Ko­mitəsini ələ almışdılar və azərbaycanlılara qarşı düşmənçilik edir­dilər. Ermənilər millətçi rus zabitləri ilə sövdələşib azər­bay­canlıların mal və mülkünü qanunsuz müsadirə edir, xalqı soymaq siyasəti yeridirdilər.

Bakıdakı və qəzalardakı bütün həbs yerləri dolu idi. Er­mənilər günahsız adamları bilərəkdən həbs edir, sonra böyük rüş­vət müqabilində azad edirdilər. Bu, sovet hökumətinin şüarla­rına yaraşmayan və onlara zidd olan şüurlu soyğunçuluq idi. N.Nəri­manov bütün bunları bilir və bu barədə Moskvaya məktublar göndərirdi. Ermənilər isə bu konflikti N.Nərimanovun guya millətçi olması kimi qələmə verirdilər.

Bu dövrdə SSRİ dövlətini yaratmaq barədə müzakirələr ge­dirdi: Bakıda kök salmış ermənilər Bakını Azərbaycandan ayı­rıb RSFSR ərazisinə vermək planları hazırlayırdılar. Nəriman Nəri­manov xalqın sadiq oğlu və alovlu vətənpərvər kimi bu fitnə­karlığa qarşı yorulmadan mübarizə aparırdı. Ermənilərin tərəfini tu­tan Moskva, nəhayət, Nərimanovu Bakıdan uzaqlaşdırmaq üçün yol tapdı. Onu Moskvaya böyük dövlət vəzifəsinə aparıb vətən­dən didərgin saldılar.

«Doktor N» sənədli romandır: müəllif indiyə qədər az öyrə­nil­miş sənədlərin dili ilə bu böyük dövlət xadiminin fəaliyyətinin bir sıra yeni tərəflərini üzə çıxarmışdır. Xalq Komissarları So­vetinin sədri işlədiyi iki il ərzində N.Nərimanov xalqı üçün böyük işlər görmüşdür: onlarla ziyalını ölümdən xilas etmiş, Azərbaycanın milli məktəb sistemini təşkil etmiş, ana dilində onlarla dərsliklərin və müntəxəbatların çap edilməsinə nail olmuş, Ali məktəblərin və texnikumların yaradılmasında iştirak etmişdi. 1921-ci ildə N.Nərimanov dövlət idarələrində və dəftərxanalarda Azər­baycan türkcəsinin tətbiq edilməsi barədə Hərbi İnqilab Ko­mitə­sinin xüsusi dekretini imzalamışdı. Lakin bu qanun icra edil­mədi və kağız üzərində qaldı.

Çingiz Hüseynovun şəxsi taleyi ilə N.Nərimanovun tale­yin­də oxşarlıq da var. Yazıçı da 1952-ci ildən Moskvada yaşayır, bir çox əsərlərini rus dilində yazırdı. Ona görə yazıçı N.Nərimanovun Moskva həyatını, oradakı vətən həsrətini səmimiyyətlə qələmə almışdır. Bu hisslər yazıçının özünə də tanış idi.

N.Nərimanovun ömrünün son dövrü ilə M.F.Axundovun taleyi arasında bənzərlik vardır: Hər ikisini sonda məyusluq və tənhalıq hissləri, şübhələr bürüyür. Lakin N.Nərimanovun həyatının sonu daha tragikdir. O vətəndə yaşamaq hüququndan məhrumdur, Moskvada mühitsizlikdən əziyyət çəkir.

Çingiz Hüseynov romanda N.Nərimanovu səmimi, əqidəli bir kommunist kimi qələmə almışdır. O, həyatda da belə bir insan idi, Şərq ölkələrində  İranda, Türkiyədə, Əfqanıstanda sosialist inqi­lab­larının olacağına inanırdı. Lakin dünya sosialist inqilabı baş vermədi. O biri tərəfdən, vaxt keçdikcə kommunizmin nəzəriy­yəsi ilə əməli arasında ziddiyyətlər daha bariz ortaya çıxır­dı və N.Nərimanov da ziddiyyətlərdən məyus olurdu. Sosializm insanların şüurlu seçimi olmalı idi. Amma bunun əvəzinə bolşevik hökuməti hər yerdə, hər addımda zorakılıq tətbiq edirdi. N.Nərimanov zorakı sosializm qurmağı qəbul etmirdi və buna görə müxalif mövqedə qalırdı.

Həyatının son aylarında N.Nərimanov dərin mənəvi böhran keçirir, faciəli ovqat içində yaşayırdı. Rus bolşeviklərinin ondan istifadə etdiklərini anlayır, amma vəziyyəti dəyişmək üçün çıxış yolu tapmırdı. Nəticədə nagahan ölüm onu həyatdan apardı. Bu barədə çoxlu şayiələr olsa da, Çingiz Hüseynov N.Nərimanovun qəsd nəticəsində ölməsi versiyasını rədd etmişdir.

«Doktor N» böyük dövlət xadimi və yazıçı N.Nərimanov və onun siyasi fəaliyyəti barədə yazılmış ən qiymətli sənədli bioqrafik əsərdir. Ziyalı və xalq problemi burada rəhbər və xalq səviyyəsində qoyulur, bolşevizmin xalqın taleyində oynadığı yaxşılı-pisli rola obyektiv qiymət verilir.

Çingiz Hüseynovun sonuncu bioqrafik romanı İslam dininin banisi olan Məhəmməd peyğəmbərin həyatına həsr olunmuşdur. «Peyğəmbər və ya kitabın nazil olması» romanı 1997-ci ildə Moskvada rus dilində çapdan çıxmışdır.

Çingiz Hüseynovun bioqrafik tarixi romanları 1970-1980-ci il­lər ədəbiyyatında fəxri yer tutur. O, tarixi mövzularda xalqımı­zın gələcək taleyini axtaran qüdrətli qələm sahibidir.

Ədəbiyyat:

Hüseynov Ç. «Fətəli fəthi», B., 1988.




IV FЯSИL
1960-1970-Cİ İLLƏRDƏ LİRİK-PSİXOLOJİ CƏRƏYAN
ƏLİBALA HACIZADƏ

(1935)




Həyatı və fəaliy­yə­ti. Əlibala Qüdrət oğlu Ha­cı­­zadə 1936-cı il av­qust ayının 28-də Ağalı­kənd kən­dində dünyaya göz aç­mış­dır. Atası Qüd­rət kişi kənd müəllimi idi, ədə­biy­­ya­tı, tarixi, şərq mə­də­­niy­yə­ti­ni sevən bir adam idi. 1940-cı ildə gələ­cək ya­zıçı­nın beş yaşı olanda atası təzə məktəbə təyinat aldı­ğına görə ailəsi ilə Əsgərabad kəndinə köçür. Əlibala da orta təhsilini bu kənd­dəki orta məktəbdə alır.

Gələcək yazıçının həyatı Böyük Vətən Müharibəsi ərəfə­sin­də doğulanların hamısı kimi ağır keçib. Əlibalanın yeddi yaşı olanda müharibə başlanır və atası cəbhəyə gedir. Ailə tək ananın öhdəsində qalır. Onun səhhəti isə elə də möhkəm deyildi, ona görə dava illərinin ağrı və məhrumiyyətləri onu sarsıdır. Bu illərdə kənd yerlərində, ziyalı ailələrində maddi çətinliklər daha ağır idi. Lakin Əlibalanın ailəsi mənəvi əzablarla da üzləşdi. 1943-cü ildə atasının qara xəbəri gəldi. Bu, yazıçının ali təhsilli müəllimə olan, ara-sıra şeirlər yazan anasına ağır zərbə oldu. Qüdrət kişi üçün qırx gün yas saxlayıb ehsan verdilər. Anası Asiya xanım hər gün ağlayırdı. Cavan ana, üç uşağın ümid yeri dərdə dözə bilmədi. Davanın bitməsinə bir il qalmış 1944-cü ildə Əlibala anasını itirdi. Doqquz yaşından yetimliyin acılarını dadan Əlibala uşaqlıqdan həyatın zərbələrinə dözməyi öyrənməli olur.

Amma Qüdrət kişinin cəbhədə həlak olması barədə xəbər yalan çıxır. Atası müharibədən səhhəti sarsılmış, yaraları sa­ğalmamış qayıtmışdı. Əlibala orta məktəbin ilk siniflərini atasının nəzarəti altında oxuyur: Qüdrət kişi oğlunda kitab oxumağa həvəs oyadır və onu xarici dilləri öyrənməyə həvəsləndirir. Ona rus və fars dillərini öyrənməyi tövsiyə edir. Sağlamlığının tükəndiyini hiss edən Qüdrət kişinin güman yeri yox idi, ona görə istəyirdi ki, balaları öz savadlarına söykənib yaşasınlar, ayaq altında qalmasınlar. Əlibala altıncı sinifdə oxuyanda tale ona ikinci zərbəni vurur: 1949-cu ilin payızında atası da vəfat edir. Əlibala az yaşlı qardaşı və bacısı ilə qoca nənəsinin himayəsində qalır.

Amma o, köməksiz qalmır: əmisi, bibiləri, kənd müəllimləri onlara əl tutur, mənəvi yaralarına məlhəm olmağa çalışırdılar. Davadan sonrakı ağır illərdə Əlibala sadə insanların xeyirxah köməyi və qayğısı ilə böyüyür. İnsanların təmənnasız xeyirxahlığı gələcək yazıçı üçün insanlığın ilkin əlamətinə çevrildi, sonralar onun əsərlərinin, yazıçı humanizminin əsas mövzusu oldu. «İnam» adlı povestində yazıçı bu mövzuya müraciət edərək öz humanizm konsepsiyasını ifadə etdi.

Yetimlərin iki dayağı olur: zəhmət və xəyallar. Əlibala bunların hər ikisinə bağlı idi. Gözəl hafizəyə, sağlam düşüncəyə malik olan gələcək yazıçı məktəbdə əla oxuyur, gözəl yaddaşı, çalışqanlığı, istiqanlı nitqi ilə müəllimləri heyrətdə qoyurdu. Hələ orta məktəb vaxtı atasından qalmış bütün kitabları oxumuşdu, poeziyanı daha çox sevirdi. Evlərində ərəb əlifbası ilə nəşrlər də vardı. Əlibala onları da acgözlüklə oxuyur, Azərbaycan və Şərq tarixi ilə maraqlanırdı. O, Səməd Vurğunun bir çox şeirlərini əzbər bilirdi.

Sıravi kənd məktəbini bitirən Əlibala 1953-cü ildə Bakıya gəlib ADU-nun Şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə daxil olur. Orta boylu, iri mavi gözlü, xəyalpərvər baxışlı gənc böyük şəhərə pul-parasız, Allah ümidinə gəlmişdi. Amma ona nişan verilən ünvanların heç birində onu ümidsiz qaytarmadılar. Əlibalanın üzündən əskik olmayan yapışıqlı təbəssüm, isti və ərkyana danışıq hər yerdə ona kömək edirdi. Tələbə yataqxanasında yer alandan sonra onun dostlarının sayı artdı. Onu sevməmək, ona bağlanmamaq, onun söhbətlərindən xoşlanmamaq çətin idi.



Yaradıcılığı. Yataqxana tələbələri mühitlə, kollektiv bir hə­yatla yaşayırlar. Əlibala da ədəbi tədbirlərin heç birindən kənarda qal­mır, universitetdə Yusif Şirvanın və Bəxtiyar Vahabzadənin dərnəklərinə gedirdi. O, həyatda öz qüdrətli silahını tapmışdı, bu silahla heç kəs ona güc gələ bilməzdi: həmin silah Əlibalanın sehrli qələmi idi.

Əlibala şeir də yazırdı: amma o, ilk addımlarından özünü nasir kimi görürdü. O, şair də ola bilərdi, amma hələ tələbələrin divar qəzetində çıxan ilk hekayəsində o, hamının diqqətini cəlb etdi; onun hekayələrində həmişə tale süjeti var idi. Onlar dünyaya ayıq və məhəbbət dolu nəzərlə baxan bir istedadın qələm məhsulları idi. Dil cəhətdən isə onun nəsri poeziyadan geri qalmırdı. Onun nəsr üslubunda şairanəliklə insan həyatına ayıq bir baxış nadir bir vəhdət təşkil edirdi.

Parlaq istedadı sayəsində Əlibala ədəbiyyata çox gənc ikən gəlmiş və ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. Onun ali təhsil aldığı 1953-1958-ci illər sovetlərin tarixində ən ziddiyyətli, eyni zamanda ən romantik və ümidlərlə dolu, nikbin dövr idi. Ölkədə hamı yaxşı, xoşbəxt dəyişikliklər gözləyirdi. Belə nikbin gözləntilər içində yetim tələbə Əlibala Hacızadə də nəyəsə ümid edir, nəsə gözləyir və yataqxana stolunun üstündə gecə səhərəcən yazırdı, amma yorulmaq bilmirdi. Bu zəhmətkeşliyin nəticəsində 1961-ci ildə Əlibalanın «Heykəl gülür» adlı hekayələr kitabı çıxdı. Bu zaman onun iyirmi altı yaşı vardı və Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi idi. Universitetdən sonra Akademiyada əmək fəaliyyətinə başlayan Əlibala Hacızadə bütün ömrünü bu elm ocağının divarları arasında keçirdi.

O, 1964-cü ildə «Fərrux Yəzdinin həyat və yaradıcılığı» mövzusunda namizədlik dissertasiyası müdafiə etdi. Bu əsər İran ədəbiyyatı mütəxəssislərinin yüksək qiymətini aldı və 1965-ci ildə «Elm» nəşriyyatında «Fərrux Yəzdinin poeziyası» adı ilə ay­rıca kitab şəklində çap olundu. Bu elmi əsər Əlibala Hacızadənin klas­sik və müasir fars dilini gözəl bildiyini nümayiş etdirdi. Müəllif görkəmli şairin yaradıcılığına müasir elmi mövqelərdən qiymət vermiş, sənətkarlıq xüsusiyyətlərini əhatəli şəkildə araşdırmışdı.

Ədib öz elmi fəaliyyətini sonralar da davam etdirmiş, klassik və müasir yazıçılarımızın yaradıcılığı barədə sanballı məqalə və oçerklər yazmışdır. Yazıçı bir müddət, xüsusilə 90-cı illərdə müxtəlif mətbuat orqanlarında  «Şəhriyar», «Nizami» ki­mi qəzet və jurnallarda, «Hikmət» elmi toplusunda redaktor kimi fəaliy­yət göstərmişdir. Lakin yazıçı həyatının əsas işi olan ro­man­çılıq­dan ayrılmamış və ədəbiyyatımızı «Təyyarə kölgəsində», «Və­­falım mənim», «İtkin gəlin» kimi parlaq romanlarla zən­ginləş­dirmişdir.

Əlibala Hacızadənin «Heykəl gülür» adlı ilk hekayə toplusu həcmcə kiçik olsa da, böyük maraqla qarşılandı. O zaman ədəbi mühitdə böyük nüfuzu olan Əli Vəliyev «Bakı» qəzetində 1963-cü ildə bu kitabça haqqında ayrıca məqalə yazdı. Qocaman ədib müəllifin yığcam və parlaq dilini, bu dildəki rəvanlığı və lirizmi xü­susi qeyd edirdi. Rəydə göstərilirdi ki, yazıçının hekayə ilə ədə­biy­yata gəlməsi çox qiymətli keyfiyyətdir. Bu həm müəllifin özü­nə inamından, həm də tələbkarlığından, ədəbiyyatın yaradıcılıq sirlərini öyrənmək əzmindən xəbər verir. Əli Vəliyev cavan ədibin orijinallığını və həyata münasibətinin təzəliyini xüsusi qeyd edirdi. Göstərirdi ki, cavan ədibdə az sözlə dəqiq, yaddaqalan obrazlar yaratmaq istedadı vardır. Bütün bunlar ədəbiyyata təzə və böyük bir istedadın gəlişindən xəbər verirdi.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin