Bibixanım - Sultanım surəti. Romanda Şah İsmayıla qarşı yaradılmış əsas müsbət qəhrəman Bibixanım surətidir. Fərrux Yəssarın vəliəhd olan oğlu Qazıbəy İçərişəhər qalasında oturur və Bakı bölgələrində Şirvanşahın valisi sayılırdı. O, ova gedərkən təsadüfən Bibiheybət kəndində Bibixanımı görüb ona aşıq olur və saraya gətirir. Yazıçı Bibixanım surətini böyük ustalıq və məhəbbətlə yaratmış, onun simasında Azərbaycan qadınının mərdlik və sədaqətini ümumiləşdirmişdir. O, yetimçiliklə, ata-anasını itirərək babasının himayəsində böyümüşdür. Bibixanımın babası Bibiheybət pirində xidmətçi olan şeyxdir: onun evi həm də ziyarətə gələn zəvvarların bir-iki günlüyə sığınacaq yeridir. Bibixanım kiçik yaşlarından babasına yardımçı olmuş, ziyarətə gələn qonaqları qəbul edərək gündəlik zəhmətə alışmışdır. Məhz onun sayəsində boş düzənlikdə olan həyət balaca cənnət parçasına çevrilmişdir.
İçərişəhər qalasındakı Şirvanşah sarayına düşən Bibixanım ilk vaxtlar sıxıntı keçirir: qaynanası, Fərrux Yəssarın arvadı onu qəbul etmir, çünki o, rəiyyət içərisindən çıxmışdır. Şah oğluna isə mütləq şah nəslindən bir qız lazımdır. Lakin Bibixanım qısa vaxtda böyük hörmət qazanır: əri Qazıbəydən yazıb oxumaq öyrənir, saray davranışını mənimsəyir. Qızılbaş ordusu Şirvana girəndə Caban kəndi yaxınlığında Qızılbaş ordusu ilə Şirvanşah arasında qanlı döyüş olur. Qazıbəy Bakı ətrafında qüvvə toplayıb atasına köməyə gedir. Lakin Bibixanım-Sultanım sarayda bunu heç kəsə demir, şəhəri mühasirəyə hazırlamağa başlayır. O, tərəddüd etmədən Şah İsmayılın təslim olmaq təklifi ilə gələn və ədəbsizlik edən elçisini və düşmənə satılmış şəhər darğasını asdırır. Bu, Bakı əhalisinin düşmənə qarşı nifrətini və mübarizliyini artırır. Qızılbaş ordusu yeddi gün şəhəri mühasirədə saxladıqdan sonra içəri soxula bilir.
Bibixanım-Sultanım tarixi şəxsiyyət olsa da, yazıçı onun obrazını öz fantaziyası ilə tamamlamışdır. O, sağlam düşüncəli bir qadın kimi Qızılbaşlarla müharibənin qardaş qırğını olduğunu başa düşür: anlayır ki, hər iki tərəfdə vuruşanlar dili, qanı və dini bir olan qardaşlardır. Yazıçı Bibixanım-Sultanımla cavan Şah İsmayılın qala ətrafında təsadüfi görüşünü və təkbətək döyüşünü təsvir edir. Yazıçı fantaziyasının romantik bəhrəsi olan bu döyüşdə əvvəlcə kişi paltarında olan Bibixanım şaha üstün gəlir, lakin onu öldürmür: Şirvanşahın gəlini Şah İsmayılı qardaş qırğını törətməkdə ittiham edir. İkinci döyüşdə Şah İsmayıl qalib gəlir və döyüşçünün qadın olduğunu görüb onu buraxır.
Bibixanım surəti romanın vətənpərvərlik ruhunu yaradan, dini müharibələrin tragizmini və mənasızlığını göstərən əsas obraz - müəllifin uğuru idi. Əzizə Cəfərzadə məhz bu obraz vasitəsi ilə tarixi hadisələrə müəllif münasibətini ifadə edirdi. Romanda ikinci planda olan, lakin dəfələrlə xatırlanan motiv milli birlik, torpaqların və tayfaların, təriqət və inamların vəhdəti məsələsi idi. Bu vəhdət bütöv, güclü və müstəqil Azərbaycan dövləti ideyası kimi romanda leytmotiv təşkil edir.
Xətai surəti. Roman boyu müəllif özü də Xətai surəti haqqında mülahizələr yürüdür, onun şəxsiyyətində əsas bir cizgi axtarır və romanın son parçalarında bunu onun şairliyində tapır. Lakin romanın müxtəlif yerlərində Şah İsmayıl Xətainin bir xüsusiyyəti onun qəddarlığı və intiqamçılığı xüsusilə diqqəti cəlb edir. O, Fərrux Yəssar öldürüldükdən sonra onun cəsədini yandırır, başını bədənindən ayırır və təhqir edir. Bakı qalası tutulandan sonra şahın əmri ilə Fərrux Yəssarın ata-babalarının Şirvanşahlar sarayındakı məqbərələri dağıdılır, onların sümükləri çıxarılıb yandırılır. Şah İsmayıl məğlub etdiyi Şeybani xanın kəllə sümüyünə qızıl çəkdirib onda şərab içir.
Romanda müəllif dəfələrlə Şah İsmayılın qəddarlığını göstərir və bunu onun ağır uşaqlığı ilə əlaqələndirir. Ərdəbil şeyxlərinin tərəfdarları Şeyx Səfi nəslinin sonuncu oğlan varisi olan İsmayılı böyük məxfilik şəraitində qoruyurlar. Onun atası, anası, qardaşları xüsusi amansızlıqla öldürülüblər. Bütün bunlar İsmayılın qorxu içində, daim ölüm təhlükəsi içində böyüməsinə səbəb olmuşdu. Doğru deyirlər: qəddarlıq qorxunun tərs üzüdür.
«Bakı - 1501» romanında Şah İsmayılın obrazı daimi inkişafdadır. O, əvvəlcə köməksiz körpə, sonra üzü kənar adamlar üçün bağlı olan mistik bir təriqət başçısı, sonra qılınc gücünə öz təriqətini yayan dini sərkərdə, sonra öz ilahi gücünə inanan peyğəmbər övladı, sonra öz nəslinin şöhrətini əbədiləşdirmək istəyən şöhrətpərəst hakim, sonra dünya cahangirliyi arzulayan hərbi sərkərdə, Çaldıran məğlubiyyətinin rüsvayçılığından sonra isə bədbinliyə qapılmış guşənişin və təriqətlərdə həqiqət axtaran dərviş kimi qarşımızda durur. Romanın sonunda onu dərviş və şairlər arasında daha çox görürük. Müəllif isə imkan düşdükcə Xətaini bir şair kimi daha qabarıq verməyə çalışır.
Romanda dəfələrlə müzakirə olunan motiv Şah İsmayıl Xətainin şairliyi ilə qəddarlığı arasındakı ziddiyyətdir. Bu baxımdan onun qəddarlığının da, şairliyinin də köklərini onun təriqətçiliyində axtarmaq lazımdır. Məlumdur ki, islam təriqətlərinin tam əksəriyyəti poetik və alleqorik formada öz əksini tapırdı. Xətainin kiçik yaşlarından öyrəndiyi təriqət ədəbiyyatı sufilik, hürufilik, nəqşbəndilik, şiəlik və s. poetik abidələrdən ibarət idi. Ona görə Xətainin öz təriqət görüşləri də poetik əsərlərdə, qəzəl və qoşmalarda əksini tapırdı. Bu mənada təriqət dövləti, daha dəqiq desək, dini dövlət yaradan Xətainin şeirləri onun bu fəaliyyətinin bir sahəsi idi.
Cavan Xətai hakimiyyətdə möhkəmlənən kimi ona rəğbət qazandıran layihələrlə məşğul olur: tutduğu ölkələrdən memar və ustaları, alim və xəttatları öz paytaxtı Təbrizə gətirir, quruculuq işləri ilə məşğul olmağa başlayır, özündən sonra böyük mədəni irs, kitabxanalar qoymaq barədə düşünür.
Amma müharibə başlanan kimi o, hər şeyi unudur və Allahla birgə qalır. Allah onun daxili dialoqlarının bir qütbü olur. Şah İsmayılda Allaha səmimi və mistik bir inam vardır və öz qələbələrinin əsas müəllifi onu hesab edir.
Uşaqlıqdan İsmayıla müqəddəs, ali, xilaskar bir məxluq kimi baxılmışdır, bu isə onun özündə, öz şəxsiyyətinə münasibətində əksini tapmışdı. Körpə vaxtdan onun üzünə salınan pərdə onun ilahiliyinə işarə idi. Uşaqlıqdan onu mələklər kimi başdan-başa yaşıl geyindirirdilər. Xətai özünü çox zaman Allaha yaxın, onun sevimlisi, onun lütfünün daşıyıcısı kimi hiss edirdi. Bir çox müharibələrdə, xüsusilə Sultan Səlimlə münasibətlərdə onun məntiqsiz ərköyünlüyü və arxayınlığı da onun mistisizmindən gəlirdi.
Onun müharibəyə mistik münasibəti, hazır qələbənin Allahdan gələcəyi ovqatları bütün qızılbaş ordusuna və onun əsgərlərinə də keçmişdi. Onlar bütün döyüşdə Allahı əsas müttəfiq sayır və qorxu bilmədən vuruşurdular. Qızılbaş ordusunun gücü bir də bunda idi: gündəlik təbliğat, fasiləsiz ibadətlər və namazlar onlarda Allahın himayəsinə inam yaratmışdı. Onların qəddarlığı və qoçaqlığı da bu inamdan qüvvət alırdı.
«Bakı - 1501» romanının əsas məziyyəti onun 80-ci illərdə Azərbaycan cəmiyyətinin milli fikir axtarışlarını ifadə etməsi idi. Romanın son hissələrində Xətaini öz ana dilinə məhəbbət bəsləyən, sarayda və diplomatik dairədə onun yayılmasına çalışan bir şəxs kimi görürük. O, milli dilin və dövlətin, mədəniyyət və incəsənətin inkişafına böyük əhəmiyyət verir, Təbrizin dünyanın böyük paytaxtları kimi gözəl olmasına çalışır. Bu epizodlarda yazıçı milli dövlətçilik ideallarının bədii təbliğatçısı kimi diqqəti cəlb edir.
Əzizə Cəfərzadə 1960-1980-ci illərdə tarixi nəsrin ən görkəmli nümayəndəsidir. Onun tarixi romanları 1970-1980-ci illər nəsrində xüsusi yer tutur. Sənədli bioqrafik tarixi roman janrının çiçəklənməsi onun adı ilə bağlıdır. Yazıçının tarixi əsərlərinin əsas mövzusu Azərbaycan xalqının milli varlığı, özünəməxsusluğu və taleyidir. Onun əsasını qoyduğu bioqrafik sənədli tarixi janr Sovet İttifaqının dağılması ərəfəsində Fərman Kərimzadə, Mahmud İsmayılov, Əlisa Nicat və digər yazıçıların yaradıcılıq axtarışlarında davam etmişdir.
Ədəbiyyat:
Məmmədli N. Budağın hərəsindən bir yarpaq, B., 2001
ÇİNGİZ HÜSEYNOV
(1929)
Həyatı və fəaliyyəti. Hüseynov Çingiz Həsən oğlu 1929-cu il aprelin 20-də Bakıda ziyalı ailəsində doğulmuşdur. Yazıçının uşaqlığı sovet vaxtı «beynəlmiləl» adlandırılan məhəllələrdən birində keçmişdir. 1920-ci ildə 11-ci Qızıl Ordu Bakını işğal edəndən sonra bolşeviklər şəhəri ruslaşdırmaq siyasəti aparırdılar: az-çox imkanlı ailələr həbsə və ya sürgünə göndərilir, onların mənzilləri rus hərbçilərinə və ya ermənilərə verilirdi. Buna görə 30-cu illərdə Bakı məhəllələrinin yarısı rusca danışır və şəhərdə dalbadal açılan rusdilli məktəblərə gedirdilər.
Belə gənclərdən biri də Çingiz Hüseynov idi. O, orta məktəbi rus dilində bitirib ADU-nun Filologiya fakültəsinə daxil olur. Bir il Bakıda oxuduqdan sonra Çingiz təhsilini davam etdirmək üçün M.Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülür və oranı bitirir. Bu zaman onun 23 yaşı vardı və gələcək bütün ömrünü Moskvada yaşayır.
1952-ci ildə Çingiz SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olur və Əziz Şərifin elmi rəhbərliyi altında «Müharibədən sonrakı nəsrdə Azərbaycan kəndinin təsviri» mövzusunda (1956) namizədlik dissertasiyası müdafiə edir. 1955-ci ildən onun taleyi SSRİ Yazıçılar İttifaqı ilə bağlanır: 1972-ci ilə qədər orada milli ədəbiyyatlar üzrə məsləhətçi işləyir. O, milli ədəbiyyatları izləməli, oradakı proseslər barədə İttifaqın rəhbərliyinə arayışlar verməli, yerlərdəki tədbirləri hazırlamalı idi. O dövr üçün bu nüfuzlu bir iş sayılırdı.
SSRİ dağılana qədər Çingiz Hüseynov Sov.İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasının Sosialist Mədəniyyəti kafedrasında müəllimlik etmiş, 1972-ci ildən kafedra müdirinin müavini olmuşdur. Bu Akademiya sovet vaxtı çox nüfuzlu bir təhsil ocağı idi. Orada rəhbər partiya kadrları təhsil alır və idarəçilik elmini öyrənirdilər. Çingiz Hüseynov 1979-cu ildə çoxmillətli Sovet ədəbiyyatının vahidliyi probleminə həsr olunmuş doktorluq dissertasiyasını Moskvada müdafiə etmişdir. O zaman onlarca SSRİ xalqının onlarla dildə yaranan ədəbiyyatının guya eyni ədəbiyyat olması barədə nəzəriyyə var idi.
Çingiz Hüseynov sağlam düşüncəli bir alim kimi bu problemlərə tarixi şəkildə yanaşır. Ədibin bu barədə iki iri monoqrafiyası rus dilində kitab şəklində çap olunmuşdur. «Çoxmillətli sovet ədəbiyyatının birgəlik formaları» (1978) və «Bu canlı fenomen: çoxmillətli sovet ədəbiyyatı dünən və bu gün» (1988) kitabları çap olunmuşdur.
Anadan olmasının 50 illiyi münasibəti ilə yazıçıya 1989-cu ildə Əməkdar İncəsənət xadimi adı verilmişdir.
Yaradıcılığı. Çingiz Hüseynovun yaradıcılıq taleyi çox mürəkkəb və ziddiyyətli olmuşdur. O, ədəbi yaradıcılığa rus dilində başlamış və ilk yazısı 1955-ci ildə Bakıda «Bakinskiy raboçiy» qəzetində çıxmışdır. Sonralar o həm rusca, həm də azərbaycanca nəsr yazmağa çalışmış, daim bu seçimdə tərəddüd etmişdir. Sonralar ədib özünü ikidilli yazıçılar qrupuna aid etmişdir: Avropa ədəbiyyatında belə hallar nadir hadisə sayılmır. İngilis və fransızca yazmış bir çox yazıçıların öz ana dillərində də əsərləri var idi.
Çingiz Hüseynov Azərbaycan ədəbiyyatı üçün qiymətli olan əsərlərini 40 yaşından sonra yazmağa başlamışdır. 1975-ci ildə yazıçının «Məhəmməd, Məmməd, Məmiş» romanı rus dilində çapdan çıxdı və sonralar bir sıra xarici dillərə tərcümə edildi. Bu əsərdə yazıçı rus dilində özü üçün xüsusi üslub yaratmışdı: canlı söhbətə bənzəyən yığcam, emosional üslub sonralar onun bütün romanlarında qaldı. Digər tərəfdən, bu romanla yazıçının bütün sonrakı əsərləri üçün səciyyəvi olan dağılma, böhran, cılızlaşma konsepsiyası meydana çıxmışdır. Bu romanla yazıçının bütün sovet və Azərbaycan gerçəkliyinə sırf tənqidi münasibəti özünü göstərir. Yazıçı Azərbaycan həyatına da tarixi müstəvidə baxmağa və qiymət verməyə başlayır.
70-ci illərin sonlarından sovet siyasi sisteminin çoxtərəfli və dərin böhranı baş verir. Onun çalışdığı Akademiyada bu problemlər açıq müzakirə olunur və yollar axtarılırdı. Çingiz Hüseynov bunları yaxşı bilirdi. Belə mürəkkəb zəmanədə Çingiz Hüseynov öz doğma xalqının yaxın tarixinə XIX əsr hadisələrinə, M.F.Axundov şəxsiyyətinə müraciət etdi. Lakin buna qədər yazıçı Azərbaycan və rus dillərində müasir mövzuda əsərlər yazmış və kitablar buraxmışdır.
Çingiz Hüseynov sovetlərin dağılması ərəfəsində və ondan sonra - 1980-1990-cı illərdə bioqrafik tarixi roman janrına siyasi kəskinlik və tarixi dərinlik gətirmiş vətənpərvər yazıçıdır. Onun romanlarında əsas mövzu Azərbaycanın keçmişi və gələcək taleyi məsələsidir.
Müasir həyatdan bəhs edən əsərləri. 1970-ci illərin ortalarına qədər yazıçılığa başladıqdan iyirmi il müddətində Çingiz Hüseynovun əsərləri ana dilində və Bakıda çap olunurdu; Moskva nəşriyyatlarının tələbləri daha yüksək idi. Onun soyadı ilə orada kitab buraxmaq asan deyildi. 1962-ci ildə yazıçının «Azərnəşr»də «Mənim bacım», 1964-cü ildə «Əriyən heykəl», 1969-cu ildə «Çətin yoxuş» və «Novruzgülü», 1973-cü ildə «Adını demədi», 1980-ci ildə «Adalar» kitabları çıxmışdır. Bunlar əsasən ziyalı mühitindən bəhs edən hekayələr və yığcam povestlərdir.
Yazıçının azərbaycanca yazdığı əsərlərində uşaqlıq xatirələri də ciddi yer tutur: ədib Moskvada yaşadığı üçün Bakı həyatı ilə bağlı hər şey xiffət və həsrət, nostalgiya hisslərinə bürünüb. Bu əsərlərdə Azərbaycan gerçəkliyinə yazıçının tənqidi münasibəti də güclü idi. Yazıçı məişətdə, yaşayış tərzində gördüyü məhdudluğu, gizliliyi, xüsusilə insanların şəxsi həyata aid hər şeyi gizlətmək təşəbbüslərini tənqid edir. Yazıçı bağda çəkilən hündür hasarda da, ömrü boyu işləməyən ev qadınlarının həyatında da eyni qüsuru görür. Bu, adamların öz həyatlarını, mənəvi qayğılarını başqalarından gizlətməsi, evi - ailəni kilidli bir qalaya çevirməsidir. Belə əsərlərdən bir neçəsi onun «Adalar» kitabında toplanmışdır. «Mənim bacım», «Qızıl», «Adını demədi» kimi povestlərdə təhkiyə bir qayda olaraq birinci şəxsin dilindən aparılır. Bu əsərlərdə əsas konflikt müasir tərbiyəli insanlarla köhnə, xəstə əxlaqi ənənələr arasındakı konfliktdir. «Mənim bacım» povestinin qəhrəmanı Məryəmin ailə tarixçəsi buna misal ola bilər. Ərli bir qadın olan Məryəm təsadüfi məclisdə Novruzla tanış olur. Subay oğlanın qadına marağı qeybətlərin yaranmasına səbəb olur. Əslində, Məryəm - Novruz münasibətləri birinci görüşdən sonra inkişaf etmir, onlar arasında heç nə olmur. Lakin ara qeybətləri, mühafizəkar təəssübkeşlik Məryəmə dərindən təsir edir, onun qəlbini yaralayır. Məryəm ərindən boşanır, tək qalır, taleyi sınır.
«Məhəmməd, Məmməd, Məmiş»dən on il sonra, 1986-cı ildə yazıçının rus dilində milli gerçəkliyimizi əks etdirən ikinci romanı «Ailə sirləri» əsəri meydana çıxdı. Bu əsərin əsasında sovet vaxtı - 20-ci illərdə hakimiyyətə yaxınlaşan bir nəslin tarixçəsi qələmə alınır. Bolşevik rejiminə xidmət əsasında mövqe qazanan bu ailə get-gedə maddi və mənəvi cəhətdən çürüməyə, xırdalanmaya, aşınmaya məruz qalır.
Sosial aşınma mövzusu SSRİ-nin dağılma prosesi ilə bağlı idi. Rəhbər vəzifədə çalışsa da, tipik feodal, tayfa lideri cizgilərini saxlayan Ağabəy obrazı canlı müşahidələrin nəticəsi idi. Sovet ritorikasını mənimsəmiş, qalstuk taxan, ictimai yerlərdə özünü gözə soxan bu adam daxilən cılız, paxıl, xırda hisslərlə yaşayan bir şəxsdir. Yaxın qohumlar arasında onun daxili eybəcərliyi, geriliyi, mənəvi kütlüyü daha qabarıq aşkarlanır.
Ağabəyin ailə və tayfası da əxlaqi və insani dəyərləri itirən, pozğunluq yoluna qədəm qoyan harınlamış, qarınqulu olmuş insanlardır. Müəllif bu romanda 20-ci illərdə bolşevizmə xidmətlə mövqe tutmuş təsadüfi ailələrin, avantüristlərin 60-70-ci illərdəki mənəvi iflasını böyük bədii qüvvə ilə qələmə almışdır. Bu əsərdə yazıçının sovet quruluşuna və milli mühitə tənqidi münasibəti bir-birini tamamlayır.
Sənədli tarixi-bioqrafik romana keçid. «Fətəli fəthi» romanını yazmaqla Çingiz Hüseynov mənəvi-əxlaqi qüsurları tənqid edən müasir mövzudan tarixə keçdi. Bu, yazıçının istedadının və vətəndaşlıq ağlının yeni mərhələsi, tapdığı yeni yaradıcılıq üfüqləri idi. «Fətəli fəthi» ilə Çingiz Hüseynov öz yaradıcılığının əsas mövzusunu və janrını tapdı. Bu tapıntıda janr seçimi daha mühüm və uğurlu idi.
İyirmi il fasiləsiz eyni yerdə Yazıçılar İttifaqında çalışan yazıçı üçün müasir mövzudan yazmaq çətin idi: ömrü dörd divar arasında keçən, fəal həyat konfliktlərindən uzaq olan bir adam üçün əxlaqi mövzuda müasir əsərlər yazmaq çətin idi. Xüsusilə həyat materialının azlığına görə. Ona görə də «Fətəli fəthi»də sənədli nəsrə keçmə yazıçının yaradıcılıq imkanlarının inkişafı üçün qeyri-məhdud perspektivlər açırdı: gözəl elmi araşdırma vərdişləri olan yazıçı Moskvada ən böyük arxivlərə girib tarixi sənədlərlə tanış ola bilirdi.
O biri tərəfdən bioqrafik roman XX əsrin ortalarında yenidən dirçəlmişdi. Bu dirçəlişi təmsil edən fransız yazıçısı Andre Morua öz xalqının yazıçıları Balzak, Flober, Hüqo, Corc Sand və başqaları barədə sənədli bioqrafik romanları ilə bütün dünyada məşhur olmuşdu. Azərbaycan ədəbiyyatında da Əzizə Cəfərzadə Nişat Şirvani, Seyid Əzim və Sabir haqqında qiymətli sənədli bioqrafik romanlar yazmışdı.
Lakin Çingiz Hüseynov sənədli bioqrafik nəsrə müraciət edərkən sürtülmüş yolla getmədi: o, sənədli roman janrına öz baxışı ilə müraciət etdi. Ona görə ki, Çingiz Hüseynova qədər Azərbaycan alimləri M.F.Axundovun həyatına dəfələrlə müraciət etmişdilər: bu barədə «Səbuhi» adlı bədii film çəkilmişdi, M.Rəfilinin və başqalarının əsərləri çap olunmuşdu.
Yazıçı «Fətəli fəthi»ndə başqa yolla getdi: o, xalqın qabaqcıl ziyalısının bioqrafiyasını xalqın öz bir əsrlik bioqrafiyası kimi qələmə aldı. M.F.Axundovun taleyi onun əsərində Azərbaycanın XIX əsr taleyi ilə qaynayıb-qarışdı. Nəzərə alaq ki, XIX əsr Azərbaycanın müstəmləkə bioqrafiyası dövrü idi. Sovet senzurası isə bu mövzunu sevmirdi. Belə qəbul olunmuşdu ki, müstəmləkə dövrü haqqında söhbətlər başqa şeylə əvəz olunsun, məsələn, bu mövzu qabaqcıl rus mədəniyyəti, xalqların dostluğu, maarifin inkişafı və digər məsələlərlə əvəz olunurdu. Amma Çingiz Hüseynov gözəl başa düşürdü ki, belə söhbətlərin vaxtı keçib və M.F.Axundov barədə bəhs edən roman xalqın elmsiz və hüquqsuz taleyinin bütün ağrı-acılarını əks etdirməlidir.
1930-1950-ci illərdə Azərbaycan ictimai-bədii fikri M.F.Axundovu mübariz maarifçi və ateist kimi təqdim edirdi. Amma Çingiz Hüseynovun romanında bu mübarizlik dərin bir tragizmlə əvəz olunur. M.F.Axundov öz layihələrini əlifba və pyeslərini çap etdirib yaymaq üçün nə qədər çalışıb mübarizə aparsa da, sonda onu tərəddüd və şübhələr bürüyür. O, həcc ziyarəti barədə düşünməyə başlayır.
Həcc mövzusu romanda dərin tarixi və bioqrafik həqiqətləri əks etdirən bir motivdir: çarizmə xidmət etdikdən sonra pensiyaya çıxan A.A.Bakıxanov, İ.Qutqaşınlı özlərində istifadə edilib atılmış bir adam nisgili hiss edirlər. Onların hər ikisi hərbi qulluğa yenidən qayıtmaq üçün təşəbbüslər edirlər, ərizə və müraciətlər yazırlar, fəqət bunların heç bir xeyri olmur. Sonda hər ikisi həcc ziyarətinə getmək qərarına gəlirlər və hər ikisi ağır həcc yolunda vəfat edirlər. Axundov bunları yaxşı bilir, o, bu iki şəxsdən sonra hərbi qulluğa giribdir. Axundov təqaüddə olanda onların heç biri sağ deyildi. Amma ədib onların taleyini təkrar etdiyini dərk edir və öz sələfləri kimi çıxılmaz bir vəziyyətə düşdüyünü anlayır.
İndi o da A.A.Bakıxanov kimi müstəmləkə rejiminə lazım deyil, onun da canişin dəftərxanasındakı yerini saysız-hesabsız cavan məmurlar tutublar. Lakin M.F.Axundovun vəziyyəti A.A.Bakıxanova nisbətən daha mürəkkəbdir. Mirzə Fətəli ateist idi və bunu molla cəmiyyətindən gizlətməmişdi. Ona görə onun həcc yolu da bağlı idi və bu cəhətdən o, A.A.Bakıxanovdan çox-çox mürəkkəb vəziyyətdə idi. Ömrünün sonunda Mirzə Fətəlinin əsas ümid yeri qoyub getdiyi ədəbi-fəlsəfi irsi və oğlu Rəşiddir. O, oğluna ümid və inam dolu məktublar yazır.
Ömrünün son günlərində Mirzə Fətəlini Tiflisdəki Şeytan Bazar məhəlləsində yerləşən mənzilində tamam tənha görürük. Bu sonluqda Çingiz Hüseynov öz tablosunun tragik cizgilərini daha da qatılaşdırır. Mirzə Fətəli vəfat edəndə evdə tənha can verir, sonra isə cənazəsi üç gün ortada qalır. Müsəlman ruhaniləri ateist ədibin ölüsü ilə də düşmənçilik edirlər, onu müsəlman qəbiristanlığında dəfn etməyə icazə vermirlər. Nəticədə dahi ədib bir neçə yaxın adamın müşayiəti ilə torpağa tapşırılır.
Çingiz Hüseynov ömrünü xalqın tərəqqisi ideyalarına həsr etmiş şəxsin dərin şəxsi faciəsini ortaya qoyur. Sovet ədəbiyyatının əvvəlki dövrlərində belə adamlar barədə ən xoşbəxt, ən nikbin adamlar kimi danışırdılar. Çingiz Hüseynovun romanda ifadə etdiyi tragizm tarixi şəxsiyyətləri işıqlandırmaqda obyektivliyə, tarixi həqiqətə doğru bir addım idi. Bu, tarixin həqiqi ziddiyyətlərini və gözlənilməz dönüşlərini göstərməkdə xüsusi bir uğur idi. Yazıçı inandırıcı şəkildə göstərir ki, böyük milli xadimlər belə, şəxsi planda bədbəxt və tragik adamlar ola bilərlər. Ömrü boyu milli ideallar, mütərəqqi ideyalar, tərəqqi uğrunda çalışan insanların özləri faciəli bir tale sahibi ola bilirlər.
Qabaqcıl ziyalı və xalq problemi. «Fətəli fəthi» romanında qoyulan ikinci mühüm məsələ qabaqcıl ziyalı və xalq münasibətlərinə yeni prizmadan baxış idi. XIX əsr ədəbiyyatında maarifçi ziyalı surətlərinin mübarizə apardığı əsas əks qüvvə cəhalət, gerilik və bunların daşıyıcısı olan xalq adamlarıdır. Nəcəf bəy Vəzirovun «Müsibəti-Fəxrəddin»ində Fəxrəddin, Ə.Haqverdiyevin «Bəxtsiz cavan»ında müsbət qəhrəman məhz belə surətlərdir. Hətta «Ölülər»də də əsas konflikt məhv edilmiş İsgəndərlə onu məhv etmiş mühit arasındadır.
Lakin «Fətəli fəthi» əsərində Mirzə Fətəliyə qarşı duran əsas qüvvə çar üsuli-idarəsidir. Onun ömrünün əsas hissəsi bu rejimə xidmətdə keçir. Onun reallaşdırmaq istədiyi əlifba islahatı da çarizm tərəfindən onun ağlına atılmış bir ideyadır. Yazıçı inandırıcı şəkildə göstərir ki, əlifba islahatı ideyasında əsas məqsəd müstəmləkə edilmiş, tutulmuş müsəlman ərazilərini və əhalisini mümkün qədər tez və rahat dini-mənəvi köklərdən ayırmaq, onları həmişəlik Rusiya dövlətçiliyinə bağlamaqdır. Məhz buna görə canişin dəftərxanası Mirzə Fətəlinin əlifba islahatı üçün bütün təşəbbüslərini himayə edir, hətta ona Osmanlı dövlətinə ezamiyyət də təşkil edirlər. Halbuki adi hallarda müsəlman zabitlərin və qulluqçuların Osmanlı sözünü dilə gətirməsi onların şübhə altına düşməsi üçün kifayət edirdi. Məhz İstanbuldakı rus səfirliyi M.F.Axundovun Türkiyə səfərinin baş tutmasını, onun sədri-əzəm və başqa rəsmi şəxslərlə görüşlərini təşkil etmişdi.
Qafqaz canişinliyində xidmətinin ilk vaxtlarında M.F.Axundov çarizmin zorakı xarici siyasətini, Qafqazda apardığı amansız müharibələrin mahiyyətini tam başa düşmür. İlk xidmət illərində onda hələ romantik ümidlər güclüdür, çarizmin mədəni simasına və siyasətinə inam da çoxdur. Lakin o, özü canişinlikdə öz problemlərini həll etməyə çalışdıqda müstəmləkə rejiminin amansız simasını tanıyır. Romanın sonunda Mirzə Fətəli tələyə düşmüş insanı xatırladır. İndi o da A.A.Bakıxanov, İ.Qutqaşınlı kimi məxfi nəzarət altındadır. Cavanlıq illərində Mirzə Fətəli onların izləndiyini bilirdi, amma belə halların ara-sıra baş verən kəndli qiyamları ilə bağlı olduğunu düşünürdü. Bəs onun özü? O ki, heç bir kəndli mühiti ilə bağlı deyil. Onun bütün qohumları Şəkidədir, özü isə Tiflisdə yaşayır. O, Şəkidə yaşamaq barədə xəyal da etmir, çünki ora Qafqazın yaxınlığıdır. Orada isə hərbi əməliyyatlar, dağlıların qiyamları səngimək bilmir. Ömrünün sonunda Mirzə Fətəli tərəddüd içindədir. Onu yaşadan bir şey varsa, o da xalqının tərəqqisinə gərək olmaq ümidləridir, gələcək nəsillərin onu mütləq anlayıb qiymətləndirəcəyinə dərin inamıdır.
Lakin bütün ömrünü xalq üçün çalışan insan təkdir. Mirzə Fətəli ilə xalqı arasında hər şeyə nəzarət edən və göz qoyan imperiya müstəmləkə sistemi durur. Hər addım üçün, hər xırdalıq üçün, qonşu qəsəbəyə getmək üçün belə canişinliyə xəbər vermək, icazə almaq lazımdır. Mirzə Fətəli öz sələfi A.Bakıxanovun adi həcc ziyarətinə icazə üçün nə qədər yazışmalar apardığını, nə qədər qapı döydüyünü bilir. İmperiya nə qədər böyük olsa da, icazə verən bir şəxsdir. İmperator özü «maarifli müsəlmanlar»ın hər addımına nəzarət edir, hətta həccə gedənlərə şəxsən icazə verir.
Çingiz Hüseynov M.F.Axundovun taleyindəki tragizmi xalqın geriliyində yox, maarifli ziyalının daş-qalaq edilməsində yox, müstəmləkə rejimi ilə toqquşmasında göstərir. Mirzə Fətəlinin ömrü boyu rejimin sadiq xidmətçisi olması bu konflikti daha bədbin və çıxılmaz edir. Mirzə Fətəli öz faciəli sonluğunu hamıdan yaxşı və dərindən dərk edir.
Dostları ilə paylaş: |