Romanın bədii xüsusiyyətləri. “Dəli Kür” epik miqyaslı bir romandır. Yazıçı bir feodal ailəsi timsalında XIX əsrin sonlarında Azərbaycan kəndinin geniş mənzərəsini verir, demək olar ki, bütün sosial təbəqələrin bədii obrazlarını yaradır, onların həyat şəraitinə işıq sala bilir. Romandakı mühit inkişafda, yeniləşmədədir. Burada yeni ilə köhnə üz-üzə durmuşdur. Cahandar ağanın timsalında bəyliyin böhranı, xalq müəllimi və maarifçi A.Çernyayevskinin simasında isə yeni maarifin inkişafı ümumiləşdirilir, tarixi prosesin əsas istiqamətinə bədii işıq salınır.
Bu epizmin əsas əlaməti hadisələrin genişliyində deyil, həm də obrazların daxili dünyasında və davranışında, həyat yolundakı çarpışmalarda, təbiətə və bir-birilərinə münasibətin dərinliyində və genişliyindədir. Romandakı epizmin mühüm cəhəti yazıçının insan münasibətlərinə və əxlaqına münasibətindəki yüksəklikdir. Yazıçı əxlaqdan, ideyadan həyata deyil, insanın təbii həyatının mürəkkəbliyindən çıxış edərək ümumiləşdirici qənaətlərə doğru gedir. “Dəli Kür”ün fikir vüsəti orada canlandırılan həyat həqiqətinin dərinliyi və təbiiliyi ilə şərtlənir, müəllif sanki həyatın çoxmənalı mürəkkəbliyini leytmotiv kimi qələmə almağa çalışır.
Romanda doğma təbiətin bir obraz səviyyəsinə qaldırılması müasir Azərbaycan romançılığı üçün təzə idi, bu janrın poetikasını zənginləşdirirdi. Əsərdə ifadəli və dəqiq bir dillə verilən təbiət təsvirləri bəzən lirik şeir kimi səslənir. İ.Şıxlı doğma təbiəti milli psixologiyanın ayrılmaz bir tərəfi kimi qələmə alır. Bu, milli psixologiyanı anlamaq və göstərmək baxımından da mühüm bir addım idi.
“Dəli Kür” sözün həqiqi mənasında xəlqilik ideyalarına əsaslanan bir əsərdir. Heç bir süni qəhrəmanlıqla, uydurma hadisələrlə bəzənməyən adi, təbii xalq həyatı, bu həyatın təbiətlə, dünən və gələcəklə vəhdəti romanın əsas mövzusunu təşkil edirdi. Yazıçı xalq xarakterini və xalq həyatını bu həyatın gedişatının öz adiliyində, sadə və əbədi özəlliyində, proses kimi tükənməzliyində axtarır.
Roman İsmayıl Şıxlının, onun təkrarsız bir yazıçı kimi dünya duyumunun şah əsəri idi. Bütün axtarışlarının yekunu olaraq, bu əsərdə o, özünü məhz xalq həyatını və xalq köklərini sevən və bilən romançı kimi təsdiq etdi. Əslində, İ.Şıxlı heç zaman şəhər yazıçısı olmağa çalışmamışdı. Ona görə ki, o bir qələm sahibi kimi xalqa, onun kənd köklərinə, kənd varlığına daha yaxşı bələd idi və bunun da səmimi tərənnümü olan gözəl bir roman yaratdı. «Dəli Kür» Azərbaycanın romançılıq təfəkküründə, xəlqilik dəyərlərinin və həqiqətlərinin bədii təsvirində bir addım oldu.
İsmayıl Şıxlı Böyük Vətən Müharibəsi cəbhələrindən ədəbiyyata gəlmiş yazıçılar nəslinin ən istedadlı simalarından biridir. Müasir Azərbaycan romançılığının, nəsr təfəkkürünün və dilinin inkişafında onun öz yeri vardır.
Ədəbiyyat:
İsmayılov Y. İsmayıl Şıxlı, B.,1999
ƏZİZƏ CƏFƏRZADƏ
(1921-2003)
Həyatı və fəaliyyəti. Əzizə Məmməd qızı Cəfərzadə 1920-ci il dekabrın 29-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Onun babaları Bakıya Şamaxı zəlzələsi zamanı köçmüşdülər. Orta məktəbi bitirdikdən sonra Əzizə Cəfərzadə ADU-nun Filologiya fakültəsində oxumuş, 1945–1946-cı illərdə ekstern yolu ilə bu təhsil ocağını bitirmişdir. Hələ tələbə olduğu vaxtlarda Ağsu rayonunun Çaparlı kəndində müəllimlik etmiş, bu dövrdə xalq həyatı, xüsusilə onun ata-baba yurdu olan Şamaxının taleyi ilə maraqlanmağa başlamışdır. Sonralar bu maraq gələcək ədibin bütün fəaliyyətinin əsasını, əsərlərinin başlıca mövzusunu təşkil etmişdir.
Əzizə Cəfərzadənin təhsil illəri (1928-1946) ölkədə əlifba islahatları ilə bir vaxta düşmüşdür. Lakin çoxları kimi Əzizə xanım bu islahatlara görə təhsildən soyumamışdır. Onun valideynləri, xüsusilə anası savadlı bir qadın, ömrü boyu müqəddəs Quranın qiraəti ilə məşğul olan bir ziyalı idi, fars klassiklərini orijinaldan oxuyurdu.
Əzizə Cəfərzadənin ilk təhsili ilə anası məşğul olmuş, ona ərəb əlifbasında yazmaq və bu əlifbadakı müxtəlif xəttatlıq nümunələrini oxumağı öyrətmişdi. Əzizə hələ körpə vaxtlarından gözəl nitqi və hafizəsi ilə hamını heyran qoyurdu. Dindar bir ailədə böyüsə də, o, gözüaçıq, fəal ictimai həyata maraq göstərən bir qız idi. 1937-ci ildə, cəmi on altı yaşı olanda yazıçının «Əzrayıl» adlı hekayəsi çapdan çıxmışdı. Həmin vaxtdan Əzizə xanım ardıcıl olaraq ədəbi mətbuatda çıxış edir, ədəbi həyatda və qadın hərəkatında tanınmağa başlayır.
Müharibə başlanan kimi savadlı gənc qızları da səfərbər edib tibb bacısı kurslarına yollayır və sonra cəbhəyə yola salırdılar. Amma kişi müəllimlər səfərbər edildiyi üçün cavan və savadlı qızların bir qismi kənd rayonlarına müəllimliyə göndərilirdilər. 1941-1944-cü illərdə Əzizə Cəfərzadə Ağsu rayonunun “Çaparlı” kəndində müəllimlik etmiş, burada müharibənin bütün ağırlığını daşımalı olmuşdur. Gənc qıza anasının yaxın kəndlərdə yaşayan qohumları həyan olmuşdular. O, şagirdləri ilə birgə pambıq yığımında iştirak edir, at və dəvə belində yaxın kəndləri gəzib dərsə gəlməyən uşaqları dərsə cəlb edirdi. Yazıçı həyatının bu dövrünə aid xatirələrində bu dörd ili bir ömür adlandırmışdır. Onun müharibə illərindəki yorulmaz fəaliyyəti diqqəti cəlb etdi və 1944-cü ilin sonunda o zaman Maarif Komissarı olan Mirzə İbrahimov onu Bakıya işə dəvət etdi.
Əzizə Cəfərzadə bu zaman hələ universitetin tələbəsi ikən Azərbaycan Kinostudiyasında ssenari şöbəsinin rəisi (1944-1946), sonra isə Teatr məktəbinin müdiri təyin olunur (1947-1949). Məsul işlərdə çalışmasına baxmayaraq, müharibədən sonra Əzizə xanım öz savadını artırmağı və təhsilini davam etdirməyi qərara alır. Bu, ölkədə ehkamçılığın və əzbərçiliyin böhran keçirdiyi bir dövr idi. Yazıçı 1948-1950-ci illərdə ADU-nun aspiranturasında təhsilini davam etdirir. O, XIX əsrdə xalq şeiri üslubu problemi üzərində tədqiqat aparır və 1950-ci ildə namizədlik dissertasiyası müdafiə edir.
Namizədlik işi ilə bağlı Əzizə Cəfərzadə dövrün Qasım bəy Zakir, Baba bəy Şakir kimi tanınmış şairləri ilə yanaşı, əsərləri arxivlərdə və əlyazma fondlarında saxlanan bir çox el şairlərinin əlyazmalarını axtarıb tapmış və tədqiqata cəlb etmişdi. Namizədlik işi əsasən aşıq şeiri üslubu ilə bağlı olduğundan ədib sonralar ömrü boyu Azərbaycan folklorunun yorulmaz araşdırıcısı və naşiri olmuşdur. 1981-ci ildə Əzizə Cəfərzadənin «XIX əsrdə xalq şeiri üslubu» kitabı ADU-nun nəşriyyatında çapdan çıxmışdır. Əzizə xanım el şairi Abdulla Padarlının «Seçilmiş şeirləri» (1979), «Fatma xanım Kəminə» (1971), «Azərbaycanın aşıq və şair qadınları» (1974), «Şirvanın üç şairi» (1976) kimi kitabları böyük elmi zəhmət hesabına tərtib və çap etdirmişdir.
Elmi fəaliyyət və araşdırmalarla yanaşı, Əzizə Cəfərzadə həmişə pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Aspiranturanı bitirdikdən sonra o, qiyabi Pedaqoji İnstitutda dosent və kafedra müdiri (1950-1956) vəzifəsində çalışmış, bir müddət BDU-nun Azərbaycan Ədəbiyyatı tarixi kafedrasında professor olmuşdur.
Ədib 1983-1990-cı illərdə Respublika Qadınlar Şurasının sədri işləmişdir. Respublikanın ictimai həyatında yaxından iştirak edən Əzizə Cəfərzadə xalqımızın aşıq və şair qadınlarının ədəbi irsinə həsr olunmuş doktorluq dissertasiyası yazıb müdafiə etmiş (1970), filologiya elmləri doktoru elmi dərəcəsini almışdır.
Ədib yorulmaz bir qələm sahibi idi: o, Ə.Sabatlının «Əjdaha başı», və Atatürkün həyatına dair Şəmsi Tellinin kitabını ana dilimizə tərcümə etmişdir.
Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də 82 yaşında Bakıda vəfat etmiş və öz vəsiyyətinə əsasən, Hacıqabulun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn olunmuşdur.
Yaradıcılığı. Əzizə Cəfərzadə çox erkən yaşlarından nəsr əsərləri yazmağa başlamışdır. 60-cı illərə qədər onun əsərləri uşaq hekayələrindən və ziyalı mühiti haqda nümunələrdən ibarət idi. İctimai həyatda fəal iştirakı və tutduğu pedaqoji vəzifələr onun vaxtını alır, ədəbi yaradıcılıqla məşğul olmaq imkanlarını məhdudlaşdırırdı. Lakin 1963-cü ildə çıxan «Natəvan haqqında hekayələr» kitabından başlayaraq ədibin yaradıcılığında tarixi mövzu aparıcı olur. Adından da göründüyü kimi, yazıçının ilk kitabında görkəmli qadın şairə Xurşudbanu Natəvan haqqında hekayələr toplanmışdı. Bu zamana qədər yazıçı kifayət qədər həyat təcrübəsi toplamış və tarixi materiallar və mənbələrlə iş sahəsində lazımi təcrübəyə yiyələnmişdi. Digər tərəfdən, 50-60-cı illərdə xarici ölkələrdə, xüsusilə Avropada da sənədli tarixi mövzu geniş işlənirdi.
Azərbaycanda o zaman tarixi mövzular ancaq sosialist realizmi məcrasında işlənə bilərdi: hansı tarixi şəxsiyyətdən bəhs edirdinsə, onu mütləq inqilabçı və kasıb siniflərin nümayəndəsi kimi qələmə almaq lazım idi. Tarixi mövzuda mütləq sinfi mübarizə göstərilməli idi. Ona görə 60-cı illərə qədər tarixi mövzuda əsərlər az yazılırdı, oxucuların isə öz xalqının tarixi ilə tanış olmaq imkanı yox idi. Kommunist rejimi xalqların öz tarixini bilməsini istəmirdi.
Belə bir şəraitdə Əzizə Cəfərzadə tarixi mövzuları sənədlilik əsasında və konkret ədəbi şəxsiyyətlərin bioqrafiyası timsalında qələmə almağa başladı. Ədəbi şəxsiyyətlərin tarixini siyasiləşdirmək mümkün deyildi: Natəvan, Nişat Şirvani, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət kimi tarixi-ədəbi simaların bioqrafiyaları məlum idi və hamı bilirdi ki, onlar inqilabçı olmayıblar. Tarixi mövzuda yazmaq və ədəbiyyat məmurlarının hücumlarından qorunmaq üçün sənədli tarixi nəsr bir çıxış yolu idi; tarixi saxtalaşdırmadan, hər yerdə inqilab izi axtarmadan xalqın tarixi keçmişi haqqında əsərlər yazmaq olardı.
Əzizə Cəfərzadə bu işə başlamaq üçün hazır idi: o, xalq həyatını və xalq ədəbiyyatını gözəl bilir, ilkin tarixi mənbələrlə işləyir, hətta fars dilindəki tarixi sənədlərdən də istifadə edirdi. Yazıçının ilk sənədli bioqrafiyaları isə daha yaxşı bildiyi və araşdırdığı XIX əsrin ədəbi və elmi şəxsiyyətləri ilə bağlı idi.
1957–1974-cü illərdə ədib Respublika Əlyazmalar Fondunda baş elmi işçi və şöbə müdiri kimi çalışdığı vaxt külli miqdarda tarixi sənədləri və əlyazmaları oxumuş, XIX əsr tariximizin gözəl bilicisinə çevrilmişdi.
1960-cı illərin ortalarından başlayaraq Əzizə Cəfərzadə Azərbaycanın XIX əsrdə yaşamış böyük ədibi və maarifçisi Seyid Əzim Şirvaninin həyat yolundan və yaradıcılıq taleyindən bəhs edən «Aləmdə səsim var mənim» adlı roman üzərində işləməyə başladı. 1972-ci ildə əsərin birinci və ikinci cildləri ayrıca kitab şəklində çap olundu.
Yazıçı tarixi materiallar əsasında Seyid Əzimin parlaq bədii obrazını yaratmışdı. Bu obraz bizim tarixi nəsrdə yeni bir hadisə idi. XIX əsr maarifçilərinin çoxundan fərqli olaraq, Seyid Əzimin Rusiyadan daha çox Şərq dünyası, müsəlman aləmi və Cənubi Azərbaycanla əlaqələri var idi. Böyük şair dəfələrlə səyahətlərə çıxmış, bizə qohum elləri qarış-qarış gəzmişdi. Onun divanı öz sağlığında Təbrizdə çap olunmuşdu. Bütün bunlarla yanaşı, Seyid Əzim Avropa maarifinə müsbət yanaşır, yeni tipli məktəblərdə dərs deyir və «Əkinçi» qəzetində də öz poetik və publisistik əsərləri ilə çıxış edirdi. Yazıçı tarixi faktlara sadiq qalmış və Seyid Əzimi inqilabçı kimi müasirləşdirməmişdi. Qısqanc partiya tənqidçiləri əsərə hücum etmək üçün heç bir formal bəhanə belə tapmadılar. Oxucular və ədəbi ictimaiyyət isə bu əsəri böyük rəğbətlə qarşıladı. Romanda XIX əsr Azərbaycan həyatının geniş mənzərəsi verilmiş, xalqın həyatının həm müsbət, həm də mənfi tərəfləri əks etdirilmişdi.
Seyid Əzim Şirvaninin «Aləmdə səsim var mənim» romanında yaradılan obrazı bizim tarixi nəsrdə siyasətdən uzaqlıq, tarixi doğru-düzgün göstərmək baxımından yeni hadisə oldu. Əsərin sənədli roman sayılması onun müəllifini çoxlu qınaqlardan xilas edirdi.
O zaman sənədliliyi hələ bədii nəsrdən aşağı, publisistikaya yaxın hesab edənlər də var idi. Əslində isə, Seyid Əzim haqqında romanın bədii səviyyəsi yüksək idi. Əzizə Cəfərzadə kimi istedadlı nasirin qələmində sənədli süjet həqiqi nəsr səviyyəsinə qaldırılmışdı. O, təcrübəli yazıçı kimi sadə həyat hadisələrini böyük tarixi həqiqətlər mövqeyindən ümumiləşdirməyi bacarırdı. Bu, tarixi sənədli nəsr üçün mühüm keyfiyyət idi.
Əzizə Cəfərzadə əslən şirvanlı olan daha iki ədəbi şəxsiyyət haqqında roman yazıb trilogiyaya çevirdi: bunlardan biri on səkkizinci əsrin sonlarında yaşamış Nişat Şirvani, o birisi isə XX əsrin əvvəllərində yazıb-yaratmış Abbas Səhhət idi. Nişat Şirvaniyə həsr olunmuş roman 1977-ci ildə «Vətənə qayıt» adı ilə çapdan çıxdı və trilogiyanın birinci hissəsini təşkil etdi. Trilogiyanın üçüncü hissəsi 1980-ci ildə «Yad et məni» adı ilə işıq üzü gördü. Onun qəhrəmanı unudulmaz romantik şairimiz, Şirvan ədəbi mühitindən çıxmış vətənpərvər şairlər nəslinin sonuncusu olan Abbas Səhhət idi.
«Vətənə qayıt» romanı ədəbiyyatımızda az işlənmiş bir dövrün xanlıqlar dövrünün hadisələri fonunda qələmə alınmışdır. Böyük imperiyaların əhatəsində olan Azərbaycanın o zamankı mürəkkəb vəziyyəti, yadelli qoşunların torpaqlarımıza girməsi və talançılıqla məşğul olması əsərdə konkret insan taleləri timsalında qələmə alınmışdır. Bu əsər xanlıqlar dövrünü tarixi cəhətdən, vətən məhəbbəti mövqeyindən doğru-düzgün qələmə alan, siyasətbazlıqdan uzaq olan qiymətli bir romandır. Romanda qadın surətləri xüsusilə cazibədar və dolğun verilmişdir.
Yaradıcılıq təcrübəsi artdıqca yazıçı tariximizin daha qədim dövrlərinə müraciət edir, lakin bütün romanlarında sənədli bioqrafiya janrının tələblərini qorumağa çalışır. Bu baxımdan 1983-cü ildə kitab şəklində çıxmış «Cəlaliyyə» romanı xüsusilə maraqlı və qiymətli idi. Bu əsərin qəhrəmanı siyasi şəxsiyyətdir XII əsrdə Naxçıvanda hökmranlıq etmiş xanım – hökmdar Cəlaliyyədir. Yazıçı onun şəxsində vətənpərvər bir qadın hökmdar obrazı yaratmışdır. Əsərin qəhrəmanı xalqı düşünən, vətən üçün qurub yaradan, gələcəyə ümidlərlə baxan müdrik dövlət adamıdır.
Müstəqillik dövründə yazıçının romanlarında vətənpərvərlik motivləri daha da güclənmişdir. «Zərrintac-Tahirə» romanındakı hadisələr XIX əsrin birinci yarısında Cənubi Azərbaycanda baş verir. Hadisələr Babilər hərəkatı ilə bağlı olsa da, yazıçı Tahirəni vətənpərvər bir türk qızı, qorxmaz bir qəhrəman və mübariz kimi qələmə almışdır.
1996-cı ildə yazıçının ikinci bir tarixi mövzulu romanı da çap olundu: bu «Gülüstandan öncə» adlı əsərdə müəllif yenidən xanlıqlar dövrünə qayıdır, sovet çağlarında deyə bilmədiyi ideya və mətləbləri daha dərindən və əsaslı şəkildə açıb göstərməyə çalışır. Müstəqillik illərində yazdığı hər iki əsərdə milli dövlətçilik ideyaları, Azərbaycanın müstəqilliyi məsələləri böyük bədii qüvvə ilə səslənir. Bu romanlarda da Əzizə Cəfərzadəni qadın xarakterinin parlaq təsvirçisi kimi görürük. Onun yaratdığı gözəl, namuslu, ailəsini və elini sevən qadın obrazları ana-bacılarımızın ən yaxşı əxlaqi məziyyətlərini təmsil edirlər. Ümumiyyətlə, Azərbaycan qadınlığının tərənnümü və təsviri Əzizə Cəfərzadənin həm tarixi, həm də müasir mövzuda yazdığı romanlarından qırmızı xətt kimi keçir.
«Hun dağı» povestində türk keçmişinin təsviri. Yazıçı doğma xalqının tarixi keçmişini, mənəvi köklərini yaxşı öyrəndikcə, sənədli xarakter daşımayan tarixi əsərlər də yazmışdır. Bunlardan ən mühümü «Hun dağı» adlı povestdir. Müəllif bu əsəri 1981-ci ildə yazmış və 1983-cü ildə «Cəlaliyyə» adlı kitabında ilk dəfə nəşr olunmuşdur. Əsərin yazıldığı illərdə Azərbaycanın türk köklü xalq olması problemi nə bədii fikirdə, nə də elmi-tarixi fikirdə müzakirə olunmurdu. Ona görə yazıçı bu mövzuya əl atmaqla dövrün bədii fikrini qabaqlamış və xalqımızın qədim tarixi köklərinə dair qiymətli bir əsər yazmışdı.
Povest türk xalqlarının tarixində ən az məlum olan bir dövrə tarixə hunlar kimi daxil olmuş qədim türkdilli tayfaların müasir türk xalqları şəklində parçalanması dövrünə müraciət etmişdi. Bu parçalanmaya qədər türkdilli xalqlar əsasən hunlar kimi tanınırdı. Müəllif dəqiq tarix göstərməsə də, əsərdə təxminən 5-6-cı əsrlərdə baş verən hadisələr qələmə alınır. Bu dövr tarixi ilə müqayisə etsək, müəllif dəqiq tarixi ünvan göstərmədən Böyük Türk Xaqanlığının qərbi və şərqi türk xaqanlıqlarına parçalanması hadisələrini bədii şəkildə qələmə almağa çalışmışdır. Yazıçının tarixi ünvan göstərməməsi bu dövr hadisələri haqqında elmi fikirdə yekdil mövqeyin olmaması ilə bağlı idi.
Əzizə Cəfərzadənin digər əsərlərində olduğu kimi, burada da süjet çox sadədir: Xaqan çox qocalmışdır, onu əvəz edə biləcək varisi iki oğlundan biri təyin olunmalıdır: kiçik oğlu Alptəkin pəhləvan kimi güclü, ağıllı və tədbirlidir, möhkəm iradəyə malikdir. Onu tayfanın ağsaqqalları, xaqanın silahlı ordusu xaqan görmək istəyir. Böyük oğul Güntəkin isə zəif iradəli, sözə gedən, hərbi işə meyl etməyən bir gəncdir. Dayıları və anası Damla xatun onun xaqan olmasını istəyirlər. Bu niyyətlərini gerçəkləşdirmək üçün onlar ov zamanı qoca xaqanı oxla yaralayır və öz xəyanətlərini Alptəkinin üstünə atırlar. Lakin xaqan tayfa bilicisi şamanın köməyi ilə həqiqəti aşkara çıxarır və qəsdin kiçik oğluna qarşı təşkil edildiyini anlayır. Xaqan qocaldığını hiss edərək çəkişmələrə son qoymaq üçün qədim türk adətinə uyğun olaraq qızqovdu yarışları elan edir. Bu yarışda qalib gələn döyüşçü xaqanın böyük yay-oxuna sahib olur və onun varisi sayılır.
Qızqovdu yarışları qədim hərbi demokratiya qaydalarına uyğun olaraq cıdır şəklində aparılır. Cıdır iştirakçıları gələcək xaqanın arvadı ana xaqan olacaq gözəli atla qovurlar və birincilik qazanan həm də şad titulu qazanır, yəni varis elan olunur. Parlaq bədii dillə, gözəl təsvirlərlə qələmə alınan qızqovdu yarışlarında Alptəkin qalib gəlir. Qoca xaqanın yarışda xaqan-ana roluna təyin etdiyi gözəl isə xaqanın qardaşı qızı Aylaxatundur.
Saray intriqaları və növbəti xəyanət nəticəsində xaqan vəzifəsinə Güntəkin çıxarılır. Xaqan-ana Damlanın və qardaşlarının bu əməli tayfa birliyində böyük narazılıq və qiyamla nəticələnir. Sıravi adamlar və döyüşçülər qanuni xaqan olan Alptəkinin hüquqlarını müdafiə etmək istəyirlər. Lakin tayfa ağsaqqalları və Alptəkin özü qardaş qanı axıdılmasına razı olmur: nəticədə Alptəkini xaqan kimi tanıyan tayfalar və böyük el ağsaqqalı Turqut hərbi tədbirlərə əl atmadan yeni otlaqlar və yurd yeri tapmaq ümidi ilə Qərbə tərəf yola düşürlər və uzun yollar qət edəndən sonra yurd salırlar. Lakin onların yeni vətənində də əkinçilər türk dilində danışırlar. Alptəkinin tayfa birləşməsi ondan çox-çox əvvəl türklərin yaşadığı səfalı, suyu bol otlaqlara gəlib çıxmış olur.
Müəllifin əsas ideyalarını xaqan Alptəkin və Turqut baba surətləri təmsil edir. Qədim türklərin dini görüşlərinin, adət-ənənəsinin, etnoqrafik xüsusiyyətlərinin təsviri ən çox bu surətlər üzərində verilir. Yazıçı qədim türk tayfa birləşmələrində hakimiyyətin iki qoldan ibarət olduğunu göstərir. Əsas hakimiyyət xaqana məxsusdur. Bütün xaqanlar qədim türklərin mifik allahı olan Göktanrının oğlanları və yerdə nümayəndəsi sayılır. Xaqanlar çox zaman öz adı da əlavə olunmaqla göylər tanrısının oğlu adlandırılır. Məsələn, tayfadaşları öz xaqanlarını çox zaman Göktanrı oğlu Alptəkin çağırırlar.
Xaqanların mifik atası sayılan Göktanrının səltənəti göylərdədir. Onunla ancaq bilici-şamanlar xüsusi mərasimlər şəklində ünsiyyət saxlaya bilirlər. Qədim türk-hunlar Göktanrıdan qorxurlar. O, yağışı yağdıran, bərəkət və hərbi qələbələr verən tanrı hesab olunur. Ağsaqqallar və şamanlar sıravi adamları Göktanrının qəzəbinə səbəb ola biləcək hərəkətlərdən çəkindirirlər. Göktanrı qəzəblənəndə insanları müxtəlif şəkildə cəzalandırır, onların əzizləri üçün ölüm göndərir, müharibələr başlayır, quraqlıqlar olur və s.
Göktanrının yerdə, insanlar arasında oğlu və əvəzi Xaqan sayılır. O, tayfa birliklərində ən güclü adamdır: sıravi tayfa üzvləri onun oxunun yayını qaldırmağa belə qadir deyillər. Xaqan hər gün öz gücü, ədaləti, ovçuluğu ilə öz rəhbər mövqeyini nümayiş etdirməlidir. O, silahlı ordunun başçısı və tərbiyəçisidir. O, günün çox vaxtını gənc döyüşçülərin tərbiyəsi, onların döyüş ustalığının artırılması ilə məşğul olur.
Alptəkin müdrik bir siyasətçidir. Türk qəbilələri arasında yaxşı otlaqlara görə çoxlu düşmənçilik və çəkişmələr olur. Alptəkin bu düşmənçiliyi dinc yolla nizamlamağa çalışır. Bu heç də onun zəifliyindən irəli gəlmir. Onun yeritdiyi sülhsevər siyasətin əsas məqsədi dağınıq türk tayfalarını bir bayraq altında birləşdirməkdir. Əzizə Cəfərzadə Alptəkin obrazı timsalında türk tayfalarının birliyi ideyasını əsərin əsas fikir leytmotivi kimi dərinləşdirir. Köçəri həyat sürən, daim yeni otlaqlar axtaran, başqa soylara məxsus tayfalarla qanlı toqquşmalarda olan türklər üçün birlik, güclü vahid dövlət həyati bir zərurətdir. Yalnız belə dövlət onları çoxsaylı müharibələrdən qurtarar, düşmənlərə üstün gəlmək üçün mərkəzləşmiş hərbi qüvvələr yaradar.
Karluq tayfalarının hücumu zamanı Alptəkin müdrik siyasətçi kimi hərəkət edir, xüsusi hərbi qəddarlıq olmasın deyə orduya göstərişlər verir. Bütün bunlar bir siyasi məqsəd güdür: karluq türklərinin məğlubiyyəti onların Alptəkin Xaqanın bayrağı altında birləşməsi üçün əsas olsun. Karluqlarla vuruşların nəticəsi məhz belə olur: onlar məğlubiyyətdən sonra Alptəkin Xaqanın ədalətli bir insan olduğunu görüb onun tayfa birləşmələri ilə qaynayıb-qarışmaq qərarına gəlirlər.
Povestdə ikinci rəhbər obrazı Turqut babanın şəxsiyyətidir. Yazıçı onu yarımifik bir şəxsiyyət kimi qələmə alıb. Onun yaşı üçüncü əllini yəni yüz əlli yaşı adlamaqdadır. Povestdə baş verən bütün mühüm hadisələr zamanı, bütün taleyüklü qərarlar qəbul olunanda Turqut baba Xaqanın yanındadır. Xaqan da ciddi qərarlar qəbul edəndə, ilk növbədə, Turqut babaya müraciət edir, o isə öz növbəsində bütün tayfa ağsaqqallarını toplayıb problemlərin müzakirəsini təşkil edir və Ağsaqqallar Şurası müvafiq qərar verir. Bu şura Xaqanın hakimiyyəti yanında məşvərətçi bir qurumdur.
Turqut baba surəti tayfaların həyatındakı roluna görə xalq dastanlarımızın qəhrəmanı olan Dədə Qorqudu xatırladır. O, mənəvi, əxlaqi normalara, ata-baba qaydalarına əməl olunması ilə bağlı məsələlərdə tayfaların mənəvi rəhbəridir. O, öz tayfadaşlarının tarixi müdriklik və mənəvi mədəniyyət timsalıdır. Bununla yanaşı, Turqut baba tarixi keçmişin, türkdilli insanların topladığı həyat biliklərinin və təcrübəsinin daşıyıcısıdır.
«Hun dağı» povesti qədim Hun türklərinin dini görüşləri, etnoqrafiyası, dili, hərbi mədəniyyəti barədə dəqiq tarixi məlumatlar verən gözəl bir dərsliyi xatırladır. Hun türklərinin maldarlıq həyatında at başlıca yer tutur. Onlar onun südünü içir, ətini yeyir, özündən də nəqliyyat, hərbi alət, estetik gözəllik timsalı kimi istifadə edirlər. Romanda Əzizə Cəfərzadə özünü atçılıq mədəniyyətini gözəl bilən, atların bütün növ və rənglərini fərqləndirən, atçılıq idmanı növlərini dramatik şəkildə təsvir edə bilən bir yazıçı kimi göstərir. Bir qadın müəllif üçün bu nadir bir keyfiyyətdir və oxucu da əsəri oxuduqca türklərin ən qədim və sevimli ev heyvanı olan at və atçılıq barədə çoxlu məlumatlar, terminlər öyrənir.
Povestin dili dəqiq və rəvandır. Yazıçı mövzu ilə bağlı müasir oxucuya və gəncliyə az məlum olan onlarla qədim türk söz və terminlərini işlədir. Atçı tayfaların məişəti ilə, geyimləri, silahları, toy və bayram adətləri ilə bağlı povestdə dəqiq işlənmiş epizod və vəziyyətlər vardır. Müəllif atçı tərəkəmələrin müxtəlif dərilərdən istifadə, onların aşılanması və müxtəlif məqsədlər üçün istifadəsi barədə çoxlu etnoqrafik məlumatlar verir.
«Bakı-1501» yazıçının ən qiymətli bioqrafik-sənədli tarixi əsərlərindən biri - Şah İsmayıl Xətaiyə həsr olunmuş romanıdır. Əsər 1981-ci ildə ayrıca kitab şəklində çap olunmuş, sonralar dəfələrlə çap edilərək oxucuların və ədəbi ictimaiyyətin rəğbətini qazanmışdır. 1989-cu ildə romanın rus dilinə tərcüməsi Bakıda çap olunmuşdur.
«Bakı - 1501» vətənpərvər bir Azərbaycan yazıçısının romanıdır. Əzizə Cəfərzadə romanı qələmə almaq üçün Şah İsmayılın həyatına və hərbi yürüşlərinə həsr olunmuş farsca və digər dillərdə olan külli miqdarda tarixi mənbələri, o cümlədən Xətainin hərbi yürüşlərində iştirak etmiş tarixçilərin əsərlərini diqqətlə öyrənmişdir. Lakin yazıçı tarixə böyük fateh kimi düşmüş Şah İsmayılın bütün yürüşlərini yox, onun ancaq Bakıya və Şirvana 1501-ci ildə etdiyi hərbi hücumları qələmə almışdır. Bunun böyük mənası var idi, xüsusilə Azərbaycanın hələ müstəqil dövlət kimi mövcud olmadığı illərdə. Yazıçı şüurlu olaraq Şah İsmayılın Azərbaycan xalqının tarixində və taleyində oynadığı xüsusi rolu bədii şəkildə qələmə alırdı. Bu milli mənlik şüurumuza şüurlu xidmət idi, vətənimizin müstəqil tarixinin bədii səlnaməsini yaratmaq işinə xidmət idi.
Şah İsmayıl öz yürüşləri və fəaliyyəti ilə İran dövlətinin də sərhədlərini genişləndirmiş, öz qızılbaş ideologiyasını İran dövlətinin rəsmi ideologiyasına çevirmişdi. Onun əsasını qoyduğu Səfəvilər sülaləsi İranda 1737-ci ilə Nadir şahın tacqoyma mərasimi keçirdiyi vaxta qədər təxminən iki əsr yarım davam etmişdir.
Şah İsmayılın ulu babası və səfəvi şeyxləri sülaləsinin banisi olmuş Şeyx Səfiəddin Ərdəbilə XIV əsrdə indiki Türkiyə ərazisindən gəlmişdi. Onlar Məhəmməd peyğəmbərin əmisi oğlu, qızı Fatimeyi-Zəhranın əri və xilafət ordusunun əsas sərkərdələrindən olmuş Əli ibn Əbutalibi ilahiləşdirirdilər. İslamın tərifində İmam Əliyə xüsusi yer ayıran, bəzən hətta onu Allahla eyniləşdirən əliallahilik, əslində siyasətə daha çox bağlı olan dini cərəyan idi. Bu cərəyanı yayan hökmdarların və feodalların hamısı özünü Əlinin, onun nəvəsi imam Cəfəri Sadiqin və deməli, Məhəmməd peyğəmbərin qohumu kimi təqdim edirdilər. Bu, orta əsrlərdə tez-tez yaranan və dağılan feodal dövlətlərini peyğəmbərlə qohumluq adı ilə legitimləşdirmək və möhkəmləndirmək istəyi idi.
Ərdəbil şəhərində kök salan səfəvi şeyxləri də istisna deyildi. Onlar da hərbi və dini xarakterli bir sektanı təmsil edir, dini təbliğat işini hərbi təlim və təhsillə vəhdətdə aparırdılar. Bunu onlar islamı yaymaq, missionerlik kimi təqdim edir, öz zabitlərini qazi Allahın iradəsini icra edənlər kimi adlandırırdılar. Beləliklə, Şah İsmayılın ordusundakı savadlı zabitlər həm peşəkar döyüşçü, həm də islamın əsaslarını gözəl bilən və təbliğ edən missionerlər idilər. Onların düşmənləri digər dini cərəyanların nümayəndələri idi.
Romanda Şah İsmayılın qoşununun Şirvana yürüşünün formal səbəbi «yezid» elan edilmiş Şirvanşah Fərrux Yəssarı və onun nəslini məhv etmək idi. Qızılbaş qoşunundakı əsgərlərə yürüşün məqsədi belə izah olunurdu. Lakin Fərrux Yəssar da müsəlman idi və bütün ata-babaları kimi sünnilik təriqətinə mənsub idi, onun müsəlman dini qarşısında heç bir günahı yox idi. Lakin Qızılbaş qoşununun əsgərləri bu incəlikləri bilmirdilər: onlardan az adam Şah İsmayılın Şirvana qisasçılıq niyyəti ilə gəldiyini bilirdi: onun babası Şeyx Cüneyd, atası Şeyx Heydər Şirvanşahlar dövlətinin şimal ərazilərində, Samur çayına yaxın yerdə hərbi-dini döyüşlər zamanı həlak olmuşdular. Bu zaman Azərbaycan Şirvanşahlar dövlətinin və sülaləsinin yeddi yüz ilə qədər tarixi var idi. Ona görə də yazıçı Şah İsmayılın 1501-ci ildə Bakı qalasını mühasirəyə alması hadisəsini milli faciə kimi, qardaş qırğını kimi qələmə alır.
Şah İsmayıl Xətai tarixdə çox ziddiyyətli və qəddar bir hökmdar olmuşdur. Lakin yazıçı əsərdə Xətainin tarixi xidmətləri ilə şəxsiyyətini eyniləşdirmir. Yazıçı bir tərəfdən onun şəxsi qüsurlarını tarixi mənbələrdə olduğu kimi qələmə alır. Digər tərəfdən isə, onun Azərbaycan türklərinin tarixi ərazilərini birləşdirmək, bu ərazilərdə mərkəzləşmiş və vahid dövlət yaratmaq sahəsindəki xidmətlərini konkret faktlar əsasında ortaya qoyur.
Əzizə Cəfərzadə romanda Şah İsmayılın şəxsiyyətindəki və hərbi yürüşlərindəki çoxlu ziddiyyətləri qələmə alarkən obyektiv və yeganə düzgün yol tutur: o, Şah İsmayılı ideallaşdırmır, əksinə, onu tarixi mənbələrdə təqdim edildiyi şəkildə qələmə alır, tarixi həqiqətə sadiq qalır. Əzizə Cəfərzadədən sonra, bəlkə «Bakı - 1501»-in təsiri ilə daha iki roman yazılıb: F.Kərimzadənin «Xudafərin körpüsü» (1982), Əlisa Nicatın «Qızılbaşlar» (1983) romanlarında müəlliflər Şah İsmayılı bir fateh kimi reallaşdırmağa, onu müsbətləşdirməyə çalışmışlar.
Lakin Əzizə Cəfərzadə böyük ölçü hissinə, tarixi prosesləri daha dərindən duymaq qabiliyyətinə malik idi, ona görə Şah İsmayılın hərbi, dini fəaliyyətindəki ifratlarını, tarixi mənbələrdə özünə yer tapmış saysız-hesabsız macəralarını qələmə almaqdan imtina edir və bütün diqqətini xalqımızın taleyi ilə bağlı 1501-ci ilin Şirvan hadisələrinə verir. Romanın mənalı və təsirli hissələrindən biri «Bir tayfanın sonu» adlı parçadır.
Bələdçilər hələ yeniyetmə olan şahı Fərrux Yəssarın Şamaxının uca dağlıq yerində, Fit dağı ətəyində olan yaylağına aparanda qədim bir türk kəndini «kafir» kimi nişan verirlər. Bu tayfanın küfrü ondadır ki, onlar islamı qəbul edəndən sonra bir sıra qədim türk inam və adətlərini də davam etdirirlər. Cavan şah bələdçinin «kafir tayfa» haqda sözünü dərindən aydınlaşdırmadan bu tayfaya qanlı divan tutur. Əsir edilmiş müsəlman əqidəli əhali sıraya düzülür və hamısı şiə məzhəbinə keçməyə dəvət olunur. Bundan imtina edən adamların birinə də rəhm edilmir, onlar Şah İsmayılın gətirdiyi «təmiz dini» qəbul etmədikləri üçün digərlərindən ayrılır. 2-3 gün müddətində «kafir» kimi boyunları vurularaq qardaş qəbiristanlıqlarında kəfənsiz basdırılırlar. Eyni qəddar qırğın Bakı qalası tutulduqdan sonra orada da icra edilmişdir.
Dostları ilə paylaş: |