Qarabağ torpaqları mövzusu. Şair hələ 70-ci illərdə ən yaxşı poemalarından biri olan «Şuşa səfəri» əsərini yazmışdı. O zamanlar sovet dövləti möhkəm idi, beynəlmiləlçilikdən ən çox danışılan vaxtlar idi. Lakin milli bir şəxsiyyət olan Xəlil Rza Dağlıq Qarabağ torpaqları ətrafında 1905-ci il erməni-müsəlman qırğınlarından başlanan çəkişmələrin tarixini yaxşı bilirdi. Erməni millətçilərinin Dağlıq Qarabağ torpaqlarını mənimsəmək planları yaxşı məlum idi. Vaxtaşırı qırğın və qarətlər hələ o zamandan Azərbaycan türklərini Yuxarı Qarabağdan sıxışdırıb çıxarmaq niyyəti güdürdü. 1920-ci ilin aprelində Demokratik Cümhuriyyət yıxılan kimi erməni bolşevikləri Dağlıq Qarabağ ərazilərini Ermənistana birləşdirməyə cəhd etdilər. Lakin Nəriman Nərimanovun diplomatik ustalığı sayəsində bu, baş tutmadı. Amma ermənilər 1922-ci ildə Moskvanın hökmü ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına nail oldular. Ermənilər vahid SSRİ dövlətində yaşasalar da, Azərbaycana qarşı daim gizli və açıq ərazi iddiaları irəli sürür və Moskvada oturan ermənipərəst rus məmurlarının təzyiqi ilə öz planlarını həyata keçirməyə çalışırdılar.
Bütün bunları yaxşı bilən şair, ermənilərin ərazilər uğrunda yeni mübarizələrə qalxmaq üçün fürsət güddüklərini yaxşı başa düşürdü. Qədim Azərbaycan şəhəri olan Şuşanı ələ keçirmək ermənilərin köhnə planları idi. Ona görə də «Şuşa səfəri» poeması sətiraltı mənalarla dolu bir nümunə idi. Şairin Şuşa şəhərini şəxsləndirməsi, ona canlı bir insan kimi müraciətləri də bununla bağlı idi. O zaman da ermənilərin bu şəhərdə say üstünlüyü yaratmaq və orada möhkəmlənmək planları yaxşı məlum idi. Təəssüflər olsun ki, 1922-ci il qərarı ilə Şuşa şəhəri də ermənilər üçün qurum sayılan Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə verilmişdi.
Poemanın mühüm bir hissəsini şairin bu muzey-şəhərin keçmişinə lirik ricətləri təşkil edir. Həmin ricətlərin sətiraltı mənası şəhərin Azərbaycanın qədim qala şəhərlərindən biri olması fikri idi. Şair şəhəri xüsusi poetik məhəbbətlə tərənnüm edir:
Sən mənim bol havam, çörəyim, suyum,
Ağzımın dadısan, Azərbaycanım.
Atamın ağ saçı, anamın südü,
Balamın adısan, Azərbaycanım.
Sal qayalar kimi şöhrətin uca,
Qoy Cıdır düzünə baxım doyunca,
Durum keşiyində ömrüm boyunca,
Şuşa, Daşaltısan, Azərbaycanım.
Şair nə qədər uzaqgörən idi. Qarabağ torpaqları uğrunda ilk qanlı döyüşlərdən biri Şuşanın yanında olan Daşaltı kəndində baş verdi.
Qarabağın taleyi üçün narahatlıq hissləri «Çənlibel» poemasının da əsas məğzini təşkil edir. Azərbaycanın çətin günləri başlanandan, şair üçün insanlar iki qismə ayrıldı; xalqla bir cəbhədə olanlar və biganələr. İkincilər haqda şair yazırdı:
Fərarilər, ağciyərlər yanaşmasın Çənlibelə,
Zibil kimi yandırmışam mən onları bilə-bilə.
Belə qəzəbli sözlərlə şair xalq hərəkatına düşmən kəsilən qüvvələri ifşa edirdi: bu qüvvələr iri partiya məmurları, rəsmi mətbuat, komsomol kimi yarısiyasi ictimai birliklərin rəhbər adamları idi. Moskva onların köməyi və əli ilə xalq hərəkatına qarşı Dövlət Televiziyasında və mətbuatda əks-təbliğat təşkil etməyə çalışırdı. Şair «Eldənizə cavab» poemasında bu qüvvələrin fitnəkarlığını, xalqa zidd fəaliyyətini ifşa edirdi.
Xəlil Rzanın Qarabağ hərəkatı ilə bağlı yazdığı ən yaxşı əsərlərindən biri iri həcmli «Qanım bayrağımdadır» poemasıdır. Əsər 1991-1994-cü illərdə lirik parçalar kimi yazılıb dərc edilmişdir.
Bu əsər şairin Qarabağ hadisələrinə ümumi bir nəzər salmaq cəhdidir. Əsər 16 hecalı məsnəvi formasında yazılmış, misralar cüt-cüt qafiyələnmişdir. Poemanın bir hissəsini şəhidlərin tərənnümü təşkil edir. Şair onların heç birini öz şəhid oğlu Təbrizdən ayırmır, bir-bir onların adlarını çəkir. Həmin siyahıda Azərbaycanın görkəmli yazıçı və ziyalı ailələrindən olan bütün şəhid döyüşçülərin adlarına təsadüf etmək olar. Müəllif azadlıq və torpaq şəhidlərini nə vaxt əbədiyyətə qovuşduğundan asılı olmayaraq, vahid bir siyahı kimi təqdim edir.
Lakin onların sırasında 1918-ci il mart qırğınının qurbanları şair üçün xüsusilə əzizdir. Çünki onlar əli yalın dinc insanlar olaraq nizami erməni milli hissələrinin qurbanları olmuşlar. Onlar da indiki Şəhidlər Xiyabanında dəfn olunublar. Lakin milli yaddaşı silmək üçün bolşeviklər o zamankı Çəmbərəkənd qəbiristanlığını dağıdıb yerində park saldılar. Amma Bakı əhalisi bu parka getmədi və onu «ölülər bağı» adlandırdı. 20 yanvar şəhidlərini dəfn etmək məsələsi ortaya çıxanda, tarixi həqiqəti bərpa etmək və şəhidləri Dağüstü parkda dəfn etmək qərara alındı. Sonradan çoxlu Qarabağ şəhidinin dəfn olunduğu bu tarixi yer indi Şəhidlər Xiyabanı adlanır. Şair üçün bu xiyaban azadlıq simvoludur, onun öz balası da orada uyuyur. Buradakı məzarlıq şair üçün azadlıq gülüstanıdır:
Əsarətdən görünməz burda bir nişan, bir iz,
Azadlıq səma boyda, Azadlıq dəniz-dəniz.
Dağüstü park aləmin Azadlıq gülüstanı.
Müxtəlif hadisələri, müxtəlif zaman kəsiklərini ayrı-ayrı parçalarda poetikləşdirmək meyli poemanın kompozisiyasını və bədii məzmununu da zənginləşdirmişdir. Burada Bakını işğal edən Sovet tankları da, Milli Məclisdə gedən siyasi oyunlar da, Səttarxan zavodunun xalq hərəkatına dəstək verən qeyrətli fəhlələri də, şəhidlərin torpağa tapşırılma mərasimi də əhatəli əksini tapır və poemanı dövrün siqlətli bədii abidələrindən birinə çevirir.
Xəlil Rzanın yaradıcılığı 1960-1990-cı illərin milli, vətənpərvərlik poeziya cərəyanında fəxri yer tutur.
Ədəbiyyat:
Nəbiyev B. İstiqlal şairi, B., 2001.
Əsgərli Ə. Milli ideal mücahidi. B., Elm, 2006.
Axundlu Y. İstiqlal şairləri, B., 2002.
Xəlil Rzanın bədii əsərlərinin siyahısı üçün bax: Əlizadə Əsgərlinin kitabı.
III FЯSИL
SƏNƏDLİ BİOQRAFİK VƏ TARİXİ
NƏSRDƏ MİLLİ CƏRƏYANIN İNKİŞAFI
İSMAYIL ŞIXLI
(1919-1995)
Həyatı və fəaliyyəti. İsmayıl Şıxlı çoxlu görkəmli adamlar yetirmiş Şıxlinskilər nəslindəndir. Bu nəsildən çıxanlar sırasında XIX əsr şairləri Kazım ağa Salik, Mustafa ağa Arif, artilleriya generalı Əliağa Şıxlinski və b. vardır. Yazıçının atası Qəhrəman kişi Qori Müəllimlər Seminariyasını bitirmiş müəllim idi. İsmayıl 1919-cu il martın 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində dünyaya göz açmışdır. Onun boya-başa çatdığı kəndin sakinlərinin çoxu İsmayılla eyni nəsildən idi. Boylu-buxunlu, sağlam və dəcəl bir uşaq olan İsmayıl kiçik yaşlarından sabit xarakteri, yetkin davranışı ilə seçilirdi.
İsmayılın təhsil aldığı məktəb qonşu Kosalar kəndində idi. Qori Müəllimlər Seminariyasına yaxın olduğundan Qazax kəndlərindəki müəllimlərin əksəriyyəti savadlı və təcrübəli, öz işini sevən insanlar idilər. İsmayıl əla oxumasa da, gözəl hafizəsi sayəsində orta məktəb proqramını yaxşı mənimsəmişdi. Sonralar xatirələrində yazıçı orta məktəb müəllimlərini böyük məhəbbətlə yad etmişlər. Məktəbi bitirəndən sonra o, 1934-cü ildə Qazaxdakı Pedaqoji texnikuma daxil oldu. Bu texnikum 1918-ci ildə Qori Müəllimlər Seminariyasının bazasında yaradılmış, bu məşhur təhsil ocağının zəngin ənənələrini ciddi surətdə qoruyub saxlayır, müasir səviyyəli təhsil verirdi.
O biri tərəfdən təhsil ocaqları - məktəb və texnikumlar 20-30-cu illərdə Mədəni İnqilabın əsas ocaqları idilər. 1937-ci ildə böyük rus şairi A.S.Puşkinin ölümünün 100 illiyi qeyd olunarkən bu münasibətlə Texnikumda da böyük yığıncaq keçirilmişdi. Tədbirə qoşulmuş Səməd Vurğunun buradakı çıxışı, oxuduğu “Yadıma düşdü” şeiri İsmayıl Şıxlıda unudulmaz və dərin təəssüratlar yaradır. Tədbirin səhəri günü texnikumun direktoru, S.Vurğunun dostu olan Mir Qasım Əfəndiyev gənc İsmayılı böyük şairlə tanış edir. Bu tanışlığa qədər İsmayıl təhsilini davam etdirmək barədə qəti qərara gələ bilmirdi. Amma bu görüşdən sonra İsmayıl ədəbi təhsilini davam etdirmək üçün Bakıya gedib Dövlət Pedaqoji İnstitutuna daxil olmağa qərar verir. 1937-ci ildə İsmayıl imtahanları uğurla verir və Ədəbiyyat fakültəsinin tələbəsi olur.
1937-ci ildən Bakıda tələbəlik həyatı keçirən İsmayıl ictimai prosesləri, mətbuatı diqqətlə izləyirdi. Tarixə stalinizmin qırmızı terroru ili - qanlı 37 kimi daxil olmuş bu dövrdə mətbuatda ifşa məqalələrinin, Yazıçılar İttifaqında ifşa məclislərinin qızğın vaxtı idi. Ölkənin böyük yazıçı, şair və ziyalıları haqqında əvvəlcə mətbuatda məqalə çıxır, sonra bu məqalə üzrə yaradıcılıq ittifaqlarında müzakirələr olur, bir neçə gün sonra isə bu günahsız insanlar “antisovet və millətçilik” ittihamı ilə həbs olunur, güllələnirdilər. İsmayıl tələbə yoldaşları Tələt Əyyubov, Ənvər Əlibəyli, Böyükağa Qasımzadə ilə birgə Yazıçılar İttifaqındakı bu kimi bir sıra ifşa müzakirələrində iştirak etmişdi. Yazıçı xatirələrində bu qanlı və vahiməli illəri, o zaman insanların içinə dolan kütləvi qorxu hissini təsvir etmişdir.
Bakı mühitindəki sosial-siyasi gərginlikdən başqa, İsmayılın bir şəxsi problemi də vardı: maddi ehtiyac. Bir imtahana görə təqaüddən məhrum olan tələbə az qala təhsilini yarıda kəsmək məcburiyyətində qalır: lakin xeyirxah adamlar ona kömək edirlər. İsmayıl yenidən imtahan verib təqaüd almaq hüququ qazanır.
Belə çətinliklərə baxmayaraq, siyasi təqib aqibəti ondan da yan keçmədi: bəy nəslindən olduğu üçün xüsusi şöbə onunla maraqlandı, söhbətlər apardı. O, Şıxlinski familiyasını daşımağın ağrısını da çəkdi. Qazaxdan dəqiq məlumatlar alandan sonra onun bəy balası olması barədə uydurmalar yerimədi. Onu rahat buraxdılar.
Siyasi gərginliyə baxmayaraq, İsmayıl ədəbi prosesi diqqətlə izləyirdi. Gələcək yazıçı artıq institutda dram dərnəyinin üzvü idi. O zaman S.Vurğunun təzə yazdığı “Vaqif” pyesi əsasında Akademik Teatrda hazırlanmış tamaşa böyük mədəni hadisəyə çevrilmişdi. Tələbə İsmayıl tamaşanın monumental qəhrəmanlıq ruhuna heyran oldu. Tamaşanın Yazıçılar İttifaqındakı müzakirəsində İsmayıl iştirak etdi. Şəxsiyyətinə və yaradıcılığına pərəstiş etdiyi S.Vurğunla yeni görüşləri oldu.
Yaradıcılığı. İsmayıl tələbəlik çağlarında qələmini də sınamağa çalışırdı. O, S.Vurğunun və aşıq ədəbiyyatının təsiri ilə şeirlər yazırdı. İlk hekayələri isə mənsur şeirə daha yaxın idi. Nəhayət, 1938-ci ilin noyabrında “Ədəbiyyat qəzeti”ndə İsmayılın “Quşlar” adlı ilk şeiri dərc olundu. Şeirin sadə və axıcı dili, üslub səliqəsi diqqəti cəlb edirdi:
Dağların qoynunda sular axanda
Günəş üfüqlərdən dönüb baxanda,
Sevgilimlə səhər çölə çıxanda
Gəlirsiniz bizə sorağa quşlar!
Bir gün İsmayıl hekayələrini göstərmək üçün Mehdi Hüseynin evinə gəlir. Kənd həyatından bəhs edən “Bənövşə” adlı hekayəsini yazıçıya oxuyur. M.Hüseyn hekayə haqda fikirlərini bildirir, cavan müəllifin diqqətini surətlərin dilinə cəlb edir: onların bir-birinə romantik sözlərlə müraciəti hələ uğur gətirə bilməz. Təcrübəli yazıçı İsmayıla dünya ədəbiyyatını öyrənməyi, çoxlu oxumağı məsləhət görür, lakin cavan yazıçı bir qədər inciyir. Amma sonralar onlar yaxın dost olurlar, gənc yazıçılara qarşı qayğıkeş olan M. Hüseyn qayğısını İsmayıldan da əsirgəmir.
Müharibəyə qədər İsmayılın Bakıda qarşılaşdığı yeniliklərdən biri də əlifbanın dəyişməsi idi. Latın əlifbasına cəmi on il qabaq, 1928-ci ildə keçilmişdi. Böyük bir xalqın əlifbasını on ildən sonra yenidən dəyişmək - siyasi bir aksiya idi, bunun savad və maarifin inkişafı ilə əlaqəsi yox idi. Əksinə, bəlkə də Azərbaycan maarifinə ağır bir zərbə idi. Yuxarıdan və məcburi keçirilən bu “islahat”ı aşağılardan himayə olunan bir hal kimi qələmə vermək üçün bu barədə müxtəlif məclis və tədbirlər təşkil edirdilər. Bunların çoxunda iştirak edən tələbə İsmayıl bu məsələnin yuxarıda qəti həll olunduğunu hiss edirdi. Halbuki, təcrübəli yazıçı və ziyalıların çoxu latın əlifbasından kirilə keçmə kampaniyası ilə razı deyildilər.
1941-ci ilin iyununda faşizm ilə müharibə başlayanda İsmayıl dövlət imtahanlarını verməyə macal tapmadı. O, kəndə qayıdır və Birinci Şıxlı məktəbində dərs hissə müdiri təyin olunur. 1942-ci il sentyabrın 15-də hərbi xidmətə çağırılana qədər Qazaxda müxtəlif məktəblərdə direktor və dərs hissə müdiri işləyir. Hətta 1942-ci ilin yayında Bakıya gəlib dövlət imtahanlarını verir və müəllim diplomu alır.
İsmayıl Şıxlı cəbhəni istehkamçı qoşunların tərkibində keçmişdir. Bu qoşunlar hərbi obyektlərin tikinti və təmiri, xüsusilə körpü tikintisi ilə, qoşunların su maneələrindən keçməsinin təminatı ilə məşğul olurdu. 1942-ci ilin payızını İsmayıl Şıxlı Dağıstandakı istehkam hissələrində keçirmişdir. Bu zaman faşistlər gəlib Mazdok şəhərinə çıxmışdılar və oradan Cənuba dönüb neft Bakısını tutmaq niyyətində idilər. Mazdok ətrafında cəbhənin yarıldığı təqdirdə almanlar bir-iki gün ərzində Dağıstan ərazisinə gəlib çıxa bilərdilər. Ona görə, sovet komandanlığı Dərbənd istiqamətində hərbi istehkamlar qurur, müdafiə qurğuları yaradırdı.
1942-ci ilin noyabrında Mazdok istiqamətində faşistlər geri oturduldu. Dağıstan istiqamətində təhlükə aradan qalxan kimi İsmayıl Şıxlının qulluq etdiyi hissəni Azərbaycandan keçməklə Gürcüstana, ordan isə gəmilərlə Soçi ətrafına köçürdülər. İsmayılın peşəkar istehkamçı əsgər həyatı buradan başladı. Şimali Qafqazda gedən döyüşlərdə hər iki tərəf böyük itkilər verirdi. Ağır döyüşlərin izi ilə təzəcə azad edilmiş ərazilərə düşən İsmayıl saysız-hesabsız insan cəsədlərini görəndə cəbhə yollarında daxilən sarsılır, ağır fikirlərə dalırdı. O, müharibənin amansız itkilərinə və qanlı sifətinə yavaş-yavaş alışırdı. İsmayılın xidmət etdiyi rotada müxtəlif millətlərin nümayəndələri vardı: ölümlə üz-üzə keçən cəbhə həyatı bu adamları bir-birinə qardaşdan da yaxın etmişdi.
Cəbhə həyatının ilk aylarında İsmayıl hələ hərbi həyatın çətinlik və acılarına yenicə alışırdı. O, ev üçün, əzizləri üçün, kənd üçün darıxır, doğma yerlərin xiffətini çəkirdi. Amma bütün hallarda qələm onun əsas dayağı idi. Kədər və həsrət duyğularının təsiri ilə şeirlər yazır, hətta özünə “Yalqız” təxəllüsü götürmüşdü ki, bu da hərbi həyatın ilk dövründəki çətinliklərin əksi idi. O, şeirlərini bəzən evə yazdığı məktublara da əlavə edirdi. Nəticədə atasından da mənzum məktublar almağa başlamışdı.
Hərbi xidmətə başlayandan o, macal tapan kimi əsgər gündəliyi yazır, cəbhə həyatına dair fikir və müşahidələri qeyd edirdi. Hətta 1943-cü ildə cəbhədə yazdığı “Qızıl lalə” hekayəsini “Kommunist” qəzetinə yollamışdı. Təsadüfən əlinə keçən bədii kitabları mütaliə edirdi. Akademik Tarlenin “Napoleon” kitabını cəbhə yollarında böyük maraqla oxumuşdu.
Faşistlər Şimali Qafqazdan qovulandan sonra onların cəbhəsi Ukrayna torpaqlarına çıxdı. Sovet Ordusunun hücumlarının əsas istiqaməti isə Almaniya idi. İsmayılın hərbi hissəsini Belarus cəbhəsinə, Berlinə doğru hücum əməliyyatlarının mərkəzi istiqamətinə yolladılar. İsmayıl artıq bərkdən-boşdan çıxmış əsgər idi, daha şeir yazmır, müharibənin sonu barədə düşünürdü. Sovet qoşunları Almaniya ərazisinə daxil olandan sonra İsmayıl əsas hücum istiqamətində ağır döyüşlərdə iştirak edirdi. O, xidmətlərinin qarşılığında “Qafqazı Müdafiəyə görə” medalı, 1944-cü ilin noyabrında isə “Qızıl Ulduz ordeni” ilə təltif olundu.
Alman faşizmi üzərində qələbə barədə xəbəri İsmayıl radioda, əfsanəvi Levitanın səsi ilə, Baltik dənizindəki Fris-Qraf körfəzində növbədə olarkən eşitmişdi. Bakıya isə o, beş ay sonra 1945-ci il noyabrın 21-də çatdı. Bir gün sonra yazıçı artıq doğma Kosalar kəndində idi. Əsgəri borcunu şərəflə yerinə yetirmiş İsmayılı doğmalar, tanışlar böyük məhəbbətlə, əsl qalib əsgər kimi qarşıladılar.
Bir-iki fərəhli gündən sonra İsmayıl müharibə dövründə böyük məhrumiyyətlər çəkmiş Kosalar kəndinin ağır maddi vəziyyətini bütün dərinliyi ilə duydu. Bu reallıq onun müharibədən sonrakı həyatı barədə xəyalları ilə ziddiyyət təşkil edirdi. Kolxozun təsərrüfatı dağılmış, evlərdə ağır aclıq və qəhətlik, kasıblıq hökm sürürdü. Avropa şəhərlərini görmüş yazıçı atasının çiy kərpicdən tikilmiş evinə ümidsizlik və qüssə ilə baxırdı. Bütün bu yoxsulluqdan qurtarmaq üçün müharibənin dağıtdığı ölkəni bərpa etmək, gecə-gündüz çalışmaq, işləmək lazım idi.
Kosalar kəndindəki məktəbdə dərs-hissə müdiri təyin edilən İsmayıl 1946-cı ilin oktyabrında Azərbaycan Pedaqoji İnstitutunun aspiranturasına girmək üçün Bakıya gəlir. Aspiranturaya qəbul olunur, elmi şura onun namizədlik dissertasiyası üçün “Hötenin dramaturgiyası” mövzusunu təsdiq edir. Görkəmli ədəbiyyatşünas Əli Sultanlı isə onun elmi rəhbəri olur. Lakin kosmopolitizmə qarşı mübarizə kampaniyası İsmayıla ağır zərbə olur: Avropa mədəniyyəti qarşısında “sitayiş”çiliyə qarşı mübarizə bayrağı altında onun dissertasiya mövzusu ləğv olunur. Üstəlik onun aspirantı olduğu “Dünya ədəbiyyatı” kafedrası bağlanır. Bu, cavan alimin planlarına ağır zərbə idi. Əslində isə İsmayılı kosmopolitlikdə yox, bəlkə əksinə, xalqçılıqda günahlandırmaq daha doğru olardı. Lakin stalinizm dövründə yuxarılardan gələn ideoloji kampaniyalara müqavimət göstərmək heç kəsin ağlına gəlmirdi, bu, təhlükəli nəticələrlə, həbsxana və Sibirlə qurtara bilərdi.
Bir müddət sonra İsmayıl üçün yeni namizədlik işi kimi “Mehdi Hüseynin yaradıcılığı” mövzusunu təsdiq etdilər. Bu iş hazır olandan sonra İsmayıl yenə ədalətsizliklə üz-üzə qaldı: hansı münasibətlərə görə isə bu işi də ləğv etdilər, halbuki dissertasiya barədə yazılı müsbət rəylər vardı, hətta apponentlər də təsdiq olunmuşdu. İsmayıla yeni mövzu təklif edəndə o, razı olmadı.
Elmi sahədəki uğursuzluqlar İsmayılı bədii və jurnalistik fəaliyyətə daha artıq diqqət yetirməyə sövq edirdi. O, İngiltərə həyatından yazdığı hekayələrini Mehdi Hüseynə göstərdi. Yazıçı bu dəfə də hekayələri bəyənmədi və cavan yazıçıya məsləhət gördü ki, görmədiyi İngiltərə həyatından deyil, yaxşı bildiyi cəbhə həyatından hekayələr yazsın, cəbhə xatirələrini, gündəliklərini bir daha təhlil etsin.
İsmayıl əvvəlcə yazıçının iradlarını qəbul edə bilmirdi, hərdən onun xeyirxahlığına da şübhələri yaranırdı. Lakin emosiyalar çəkiləndən sonra İsmayıl yeni bir ehtirasla qələm götürüb təzə hekayələr yazmağa başladı. “Həkimin nağılı” hekayəsini başqa bir şəxs vasitəsi ilə Mehdi Hüseynə yolladı. Yazıçı bu zaman “İnqilab və mədəniyyət” jurnalının baş redaktoru idi. İsmayılın bu ilk mətbu nəsr əsəri 1947-ci ildə jurnalın 5-ci nömrəsində işıq üzü gördü.
İlk uğurdan ruhlanan cavan yazıçı təzə yazılarını M.Hüseynə göstərməyə başladı. Lakin yazıçı bu hekayələri oxuyub müəllifə məsləhətlər verir, hekayələrin dönə-dönə yenidən işlənməsini tövsiyə edirdi. “Kerç sularında” adlı hekayə bunlardan biri idi, cavan nasirin müharibə mövzusunda yazdığı ilk yetkin qələm təcrübəsi sayıla bilərdi. Burada İsmayıl ilk dəfə olaraq cəbhədə gördüyü hadisələri özünə məxsus yığcam və dəqiq üslubda qələmə alırdı. Lakin ümumilikdə, İsmayıl cəbhə mövzusunda partiya tələblərinə uyğun şəkildə yazmaqda çətinlik çəkirdi. Müharibənin öz gözü ilə gördüyü qanlı və adi gerçəkliyini nəsə başqa cür, sovet əsgərinin kütləvi qəhrəmanlığı kimi qələmə almaq İsmayıl üçün çətin idi, mənəvi cəhətdən əsgər İsmayıl buna hazır deyildi. Onun gördüyü müharibə ilə qəzetlərdə yaradılan müharibə obrazı tamam ayrı şeylər idi.
O biri tərəfdən İsmayıl cəbhəçi yazıçı Əbülhəsənin “Müharibə” romanı ətrafında getmiş müzakirələri eşitmişdi, yazıçının məruz qaldığı ədalətsiz tənqidlərə özü də şahid idi. Özünün də roman haqda mülahizələri mətbuatda çap olunmuşdu. “Müharibə” romanına qarşı tənqidlərin əksəriyyəti isə cəbhə gerçəkliyinin realistcəsinə təsvirinə etirazlar idi. İsmayılın qanlı səngərlərdə gördüyü qələbə yolu partiyanın tələbi ilə yaradılan romantik qələbəyə oxşamırdı. Müharibənin bir çox gerçəklikləri, verilən qurbanların əsl miqyası, orduya rəhbərlikdə səhvlər barədə danışmaq qadağan idi, çünki sovet rəhbərliyinin, Stalinin siyasəti qüsursuz və yeganə düzgün siyasət kimi təqdim olunurdu.
İsmayıl ilk hekayələrinin çapından sonra jurnalistikaya və bədii yaradıcılığa meylini daha da artırır. Oçerk janrı onun qələmini itiləşdirməklə yanaşı, maddi vəziyyətini də yaxşılaşdırırdı. O zaman partiya rəhbərliyi ədəbiyyatdan quruculuq işlərini, sovet adamlarının zəhmətini tərənnüm etməsini tələb edirdi. 1947-1952-ci illərdə İsmayıl 40 çap vərəqinə yaxın oçerk yazmış, nüfuzlu partiya mətbuatında dərc etdirmişdi.
1949-cu ildə İsmayıl Şıxlı Yazıçılar İttifaqına üzv qəbul edildi. Ədəbi sahədəki uğurlarının rəsmiləşməsi, İsmayılın istedadlı cavan yazıçı kimi tanınması onu daha da qanadlandırır, yaradıcılığa daha ciddi yanaşmasına səbəb olurdu.
O, böyük həvəslə Azərbaycanın rayonlarını, tikinti obyektlərini gəzir, xüsusilə yeni salınan Daşkəsəndə tez-tez olur, oçerklər yazırdı. Daşkəsəndə topladığı müşahidələr əsasında yazıçı “Dağlar silkələnir” adlı ilk povestini yazdı və əsər kitab halında 1951-ci ildə işıq üzü gördü. Povest Daşkəsəni və buradakı böyük tikinti işlərini, tikintidə çalışan fəhlələrin əməyini tərənnüm edirdi. Kitabda sosialist realizminin və konfliktsizlik nəzəriyyəsinin təsiri güclü idi.
Yazıçının quruculuq işlərini əks etdirən oçerklərindən biri “Raykom katibi” adlanırdı və 1948-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap olunmuşdu. Oçerkin əsas məziyyəti yazıçının doğma Kosalar kəndində gördüyü real hadisələri, kolxoz həyatındakı kəm-kəsirləri ürək ağrısı ilə qələmə alması idi. Ədəbi ictimaiyyət hekayəyə daha yaxın olan bu oçerki bəyəndi. Amma rayondakı və kənddəki başabəla rəhbərlər bu yazıdan narazı qalmışdılar və yazıçının valideynlərinə təzyiq göstərmişdilər.
İsmayıl Şıxlı 1952-ci ildə ailə qurdu. Yazıçının həyat yoldaşı onun uzaq qohumu, Şıxlı familiyası daşıyan Məmməd kişinin qızı idi. Yazıçının seçdiyi qız onun tez-tez baş çəkdiyi Mehdi Hüseynin həyətində yaşayırdı. S.Vurğun, M.Hüseyn və Əli Vəliyev o zaman İsmayıl üçün elçilik etmişdilər.
1954-cü ildə İsmayıl Şıxlı nəhayət, M.Hüseynin yaradıcılığından yazdığı namizədlik dissertasiyasını Azərbaycan Pedaqoji İnstitutunun elmi şurasında müdafiə etdi. Həmin ildən o, “Ayrılan yollar” romanı üzərində işləməyə başladı. Bu qiymətli roman, əvvəlcə jurnal variantında, sonra isə ayrıca kitab şəklində (1957) çapdan çıxdı. Əsər barədə yaxşı rəylər dərc olundu.
50-ci illərin ikinci yarısından yazıçının yaradıcılığında yüksəliş müşahidə olunur. 1957-1966-cı illərdə o, əsas əsəri - “Dəli Kür” romanı üzərində çalışır. 1962-1966-cı illərdə hissə-hissə jurnalda çıxan bu roman 1968-ci ildə kitab şəklində işıq üzü gördü və yazıçının şöhrətini artırdı.
Ədib 1965-1968-ci illərdə Yazıçılar İttifaqının katibi, APİ-də Rus və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri (1972), “Azərbaycan” jurnalında baş redaktor(1976-1978), 1981-ci ildən isə Yazıçılar İttifaqının birinci katibi vəzifələrində çalışmışdır. Vicdanlı və məsuliyyətli bir şəxs olan İ.Şıxlı bu illərdə iri əsərlər yazmağa macal tapmır, hekayələr, xatirələr, tənqidi məqalələr, publisist yazılarla çıxış edir. Bu dövrdə yazıçının qələmə aldığı xatirələri fakt və müşahidə dəqiqliyi, tarixi həqiqəti ümumiləşmiş əks etdirməsi ilə xüsusi bədii əhəmiyyət daşıyırdı. Bu illərdə yazıçının “Məni itirməyin”(1984), “Daim axtarışda” (1988), “Namərd gülləsi” (1991), “Ölüləri qəbiristanda basdırın” (1992) kitabları çıxmışdır.
Yazıçı artıq respublikanın nüfuzlu ağsaqqallarından biri idi. Azərbaycan Ali Sovetinin deputatı, AKP MK plenumunun üzvü idi. 1971-ci ildə “Şərəf nişanı”, “Qırmızı Əmək bayrağı” (1979) ordenləri ilə təltif olunmuşdu. 1994-cü ildə anadan olmasının 75 illiyi münasibəti ilə müstəqil Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə mükafatlandırılmışdı.
SSRİ-nin dağılması Azərbaycan xalqına həm də Qarabağ fəlakətini, müharibə və torpaqların itkisini gətirdi. Sovet quruluşunun dağılması ərəfəsində İsmayıl Şıxlı yaxınlaşan hərc-mərclik şəraitində cəsarətlə xalqımızın milli maraqlarını və azadlıq arzularını müdafiə edən ziyalılar dəstəsində idi. Bu zaman bir sıra görkəmli şəxsiyyətlər tərəddüd edir, tarixi dəyişikliklərin labüdlüyü-nə inanmırdılar. İsmayıl Şıxlı şair Bəxtiyar Vahabzadə, akademik Ziya Bünyadov kimi ziyalılarla birgə xalqımızın demokratik hərəkatının önündə idi.
1990-cı ilin qanlı yanvar hadisələri zamanı M.Qorbaçovun rejimi vətənpərvər Azərbaycan gəncliyinin qanını tökdü, milli ovqatlı qüvvələrə qanlı divan tutdu. İ.Şıxlı hadisələrin isti izi ilə baş verənləri “qanlı yenidənqurma” adlandırdı və o vaxtkı sovet rəhbərliyinin xalqımıza qarşı cinayətlərini ittiham və məhkum etdi.
İsmayıl Şıxlı 1995-ci il iyulun 26-da vəfat etdi. Onu son mənzilə minlərlə oxucusu yola saldı. İ.Şıxlının məzarı Fəxri Xiyabandadır.
“Cəbhə gündəlikləri”. Yazıçının bu əsərinin əsasını İ.Şıxlının cəbhə səngərlərində yazdığı əsgər gündəlikləri təşkil edir. Yazıçı bu qeydləri ilk dəfə 1975-ci ildə Böyük Vətən Müharibəsində qələbənin 30 illiyi qeyd olunduğu dövrdə “Ədəbiyyat qəzetində” çap etdirmişdir. Sonradan gündəliklərin kitab şəklində hər növbəti çapı zamanı əsər müəllif tərəfindən yenidən işlənib genişləndirilib. Əsərin sonuncu variantı 1986-cı ilə aiddir.
“Cəbhə gündəlikləri”nin əsas qəhrəmanı yazıçı özüdür, xatirələrin müəllifidir. Bu, təmkinli, qorxu bilməyən cəsur bir əsgərdir. Müharibənin dəhşətlərini, saysız qanlı faciələri hər gün cəbhə yollarında görsə də, onun zərif qəlbi daşa dönmür. Mərhəmət hissi, həyata və onun gözəlliyinə tükənməz məhəbbət, insanın yaşamaq hüququna dərin hörmət onu bir an da tərk etmir. Səngərdə, çayları keçəndə, düşmən üzərinə cumanda həlak olan hər bir əsgərin arxasında təkcə onun özünü yox, onu min bir əzabla, əziyyətlə ərsəyə gətirmiş ata-anasını, yaxınlarını, puç olmuş xəyalları görür.
Müharibə onun üçün insani olan hər şeyin: xoşbəxt həyat arzularının, yaxınlara məhəbbətin, sədaqət və əxlaqın, xeyirxahlıq və gözəlliyin faciəsidir. O, dəhşətlə anlayır ki, müharibə də həyatdır, yaşamaq tərzidir. İnsanlar ona da vərdiş edirlər, müharibəni vərdiş kimi yaşayırlar. Lakin bu adi əsgər bu vərdişə etiraz edir, onu qəbul edə bilmir. İnsani duyğularını saxlasa da, bu əsgər hissə qapılmağı özünə rəva bilmir. O, müxtəlif millətlərin nümayəndələri olan silah yoldaşları ilə vətəni həmişə göz önündə saxlayır. Bilir ki, hissə qapılmaq, müdhiş faciələr qarşısında zəifləmək daha böyük faciələrə səbəb ola bilər. Ona görə mətinliyini itirmir, doğma Kosalar kəndindən Almaniya torpaqlarına qədər öz əsgər borcunu qorxu və yorğunluq bilmədən, dözüm və səbirlə, sızıldayıb inildəmədən yerinə yetirir.
Bu əsgər əsərin ikinci qəhrəmanı olan müharibə ilə üz-üzədir. İ.Şıxlının yaratdığı müharibə obrazı sıravi əsgərin gördüyü müharibədir. O, şəhərlərin və kəndlərin, cəbhələrin və orduların taleyi barədə düşünmür. Ancaq qarşısında olan komandirlərinin əmrlərini yerinə yetirir. Sıravi əsgərin müharibəsi - bəlkə əsl müharibə anlayışının və obrazının özüdür. Böyük müharibə, hər tərəfdən milyonlarla insanın iştirak etdiyi qarşıdurma gözə görünməz bir şeydir, amma dəhşətli dərəcədə amansızdır: bir göz qırpımında illərlə, aylarla birgə olduğun adamı apara bilir: cavana, qocaya, qadına, uşağa fərq qoymur. Onun obrazını olduğu kimi yaratmaq, yazıçı üçün çox vacibdir. Ona görə o, hər bir detalı, təfərrüatı ehtiyatla göstərir, elə bil ki, yaratdığı obrazın əsilliyini pozmaqdan qorxur.
Yazıçı əsgər kimi keçdiyi hər bir yerin təsvirini vermir, lakin azad etdiyi kəndləri, şəhərləri, qan bahasına üzüb keçdikləri çayları, tikdikləri körpüləri nəzərdən qaçırmır. Onları yığcam, xəsis detallarla təsvir edir: çünki əsgər taleyindəki tragik bir dairənin, təkrarın qaçılmazlığını bilir. Müharibə davam etdikcə ölümlə oyun da hər gün davam edir. Hər əsgər qəlbində bənzərsiz və yalnız ölümlə bitə bilən bir dram yazılır. Bu dilə gəlməz bir dramdır və yaxşı əsgər ondan sərfi-nəzər edir. Bəlkə buna görə İ.Şıxlı təbiət təsvirlərində heç zaman xəsislik etmir: təbiət öz sabit və təmənnasız gözəlliyi ilə müharibə obrazının antipodudur. Toplar gurlayanda da, səngər dostun can verəndə də, qısa istirahət saatlarında da təbiət tam səxavəti ilə gözəldir, bütün insanlara məxsusdur.
Müharibə obrazının əsl sifəti ölümdür. Əsərdə insan ölümlərinin saysız variantları ilə üzləşirik. O, əsgəri kölgə kimi izləyir. Nəticədə əsgər ölümün qorxusuna da vərdiş edib, ölüm haqda fikri özündən uzaqlaşdırıb, elə bil o, artıq yoxdur. Əsgər üçün belə yaşamaq və vuruşmaq daha asandır.
Yazıçının “Cəbhə gündəlikləri” müharibə nəsrimizdə öz realizmi və bədii dəqiqliyi ilə xüsusi yer tutur. Bu əsərdə canlı əsgərin içindən keçdiyi həyat həqiqəti və bədii həqiqət üst-üstədir. Əsərin bədii dəyəri də məhz bundadır. Ədəbi-tənqidi fikir bu əsər haqqında dəfələrlə yüksək fikirlər söyləmişdir.
“Ayrılan yollar” romanı. “Ayrılan yollar” romanı 1957-ci ildə kitab halında çıxmış və rəğbətlə qarşılanmış bir əsərdir. Bu əsər 50-ci illər nəsrində xüsusi yer tutur. Romanda konfliktsizlik nəzəriyyəsinin təsiri olsa da, onun əsas qəhrəmanlarının münasibətlərində 1956-cı ildə İ.Stalinin şəxsiyyətinə pərəstişin ifşasından sonra cəmiyyətdə yaranan mənəvi vəziyyət öz əksini tapmışdır. Partiyanın ali qurultayında, dövlətin birinci şəxsi səviyyəsində Stalin tənqid olunmuşdu, amma bunun tərəfdarları da, əksinə olanlar da sakitcə durub gözləmə mövqeyi tutmuşdular. Stalin terrorunun sona çatdığına heç kəs inanmırdı, çünki cəmi üç-beş il əvvəl adamlar beş kəlmə müxalif sözə görə həbsxanaya atılır və Sibirə sürgün edilirdilər.
Cəmiyyətdəki belə ikili vəziyyət “Ayrılan yollar” romanında da öz əksini tapmışdı. Əsər cəmiyyətdə yeni bir yolun yarandığına işarə idi. Lakin romanın əsas konflikti ənənəvi idi: köhnəpərəst sədr Kosaoğlu ilə cavan aqronom İmran arasındakı ziddiyyət konfliktsiz ədəbiyyat dövrünün sxemi idi. Lakin obrazların səciyyəsində, onların qarşılıqlı münasibətini göstərməkdə İ.Şıxlı, dövrünə görə sərt bir mövqe tutmuşdu. Bunu xüsusilə ümumi yığıncaq epizodunda görürük.
Romandakı ümumi kolxoz yığıncağı çox böyük fikir yükü daşıyırdı. Burada adi kolxozçular, vəzifəcə aşağı olan Zeynəb, Kərim kişi kimi surətlər rəhbərliyi - kənddəki birinci şəxsi olduqca sərt tənqid edirlər. Bir növ rəhbərliyin üzünə heç nədən çəkinmədən ağ olurlar. Stalinin sağlığında belə hərəkətlərin və səhnələrin verilməsi ağlasığmaz idi. Lakin İ.Şıxlı bu baxımdan böyük cəsarət göstərərək kəndin kolxoz sədrinin adi kolxozçular tərəfindən çox sərt tənqidini qələmə almışdı. Bircə bu tənqidin bədii fakt kimi verilməsi oxucuların xoşuna gəlmişdi, onlar bu tənqidlərdə ölkənin dünənindən “ayrılıb” çıxdıqları yeni yolun ilk cığırlarını görürdülər. Məsələn, cavan və kimsəsiz bir qız olan Zeynəb qorxmadan sədri plandan artıq yer əkdirməkdə, saxtakarlıqda günahlandırır. Bu cəsarətli qız bir növ Stalin epoxasına xas qorxu xofunun aradan qalxdığını rəmzləndirdi. Zeynəb sovet hökumətindən qorxmayan bir sovet adamı idi və o dövr üçün bu qızın surəti həqiqətən də yeni tipli bir obraz idi.
Kolxoz sədri Kosaoğlu stalinizm dövrünün rəhbəridir: zorakılıq, kobudluq, savadsızlıq, kənddəki mütləq hakimiyyətindən ləzzət almaq onun tipik xüsusiyyətləridir. Kəndi idarə edən qanun - onun zorakı iradəsidir. O artıq əvvəlki dövrlərdəki kimi arxayın deyil, rəhbər adamın mütləq cəzasızlığı dövrü keçib. Bunu Kosaoğlu da, romanı oxuyub yüksək rəylər deyən oxucular və ədiblər də başa düşürdülər. Məhz bu xüsusiyyətlər romanın uğurunu və bədii təzəliyini təmin edirdi. Müsbət qəhrəmanların cəsarətli mövqeyi romanın adını doğruldurdu: ölkədə yeni bir iş və yaşayış tərzi ortaya gəlməkdə idi.
Əsərin uğurunda rayon prokuroru Əsədovun mənfi planda yaranan obrazı da mühüm rol oynayırdı. Prokuror sədrin dayağı və hakimiyyətini qoruyan vəzifəli şəxsdir. Stalinizm dövründə faktiki olaraq ölkəni idarə edən inzibati orqanların başçısı romanda açıq-aşkar ifşa və tənqid hədəfi olur. Bunun da rəmzi mənası vardı: məhz cəza orqanlarının hakimiyyətinin sona çatması - stalinizmin qurtarması mənasına gəlirdi. Ona görə də Kosaoğlu və prokuror Əsədov keçmişdə qalan yoldan yapışanlar kimi mənfi plandadırlar.
Əsərdəki danışıqlarda şəxsiyyətə pərəstiş barədə bir kəlmə də söz yoxdur: amma bütün danışıqlar mahiyyətinə görə bu idarə üsulunun dövrünün bitməsi məsələsi ilə bağlıdır. Əsərdə bu, ehtiyatla “həyatın gəlhagəli və gethagedi” məsələsi kimi mənalandırılır. Gəlhagəli olan qüvvələri - stalinizmə qarşı olanları - ali məktəbi bitirib kəndə gəlmiş İmran təmsil edir. İmrangil nə istəyirlər? Onlar qorxu, saxtakarlıq və yaltaqlıq olmadan işləmək və yaşamaq istəyirlər. Onlar yuxarıların iradəsinin kor-koranə icraçısı kimi yox, savadlı mütəxəssis, həm də qüruru olan azad şəxsiyyət kimi işləmək arzusundadırlar.
Lakin onlarda hələ kosaoğluları aradan götürmək üçün qüvvə və səlahiyyət yoxdur. Bu isə 50-ci illərin ikinci yarısında ölkədə olan vəziyyəti əks etdirirdi: stalinizmə haqq qazandıranlarla onun əleyhdarları açıq mübarizə aparmırdılar. Ölkədə gizli aparat, məmur mübarizələri gedirdi. Romanın dəyəri də ondaydı ki, İ.Şıxlı öz cəsarətli qəhrəmanları - İmran, Zeynəb və başqaları ilə ikincilərin tərəfində olduğunu açıq-aşkar bildirirdi.
Yazıçı ölkədə vəzifələrə gələn yeni tipli ziyalı və mədəni kadrlara rəğbətini Nərgizlə-İmranın məhəbbət xəttində də ifadə edir. Nərgiz şəhərli qızıdır, kəndə müəllimə kimi gəlmişdir. İmrana qarşı məhəbbəti get-gedə güclənir, qıza uğursuz xatirələrdən uzaqlaşmağa kömək edir. İmran isə bu zərif və gözəl ürəkli qızı tapmaqla özünə bir dayaq, etibarlı ömür yoldaşı seçir.
Romanın uğurunda İ.Şıxlının nəsr dilinin gözəlliyi də mühüm rol oynamışdı. Yığcam və aydın dil, bədii təsvirlərin dəqiqliyi, obrazların danışığının xəlqiliyi, obrazların düşdüyü vəziyyətlərin təbii verilməsi, canlı xalq dilindən geniş faydalanma, əsəri daha da oxunaqlı edirdi.
“Dəli Kür” romanı 1960-cı illər nəsrinin ən gözəl nümunələrindən biri idi. Əsər çap olunan kimi diqqəti cəlb etdi, ədəbi tənqidin yüksək qiymətini aldı. Bu isə təsadüfi deyildi. Bu roman tarixi mövzuya münasibətdə yeni ədəbi prinsiplərin təşəkkülünə yol açır, yeni bir mərhələyə çevrilirdi. Bu yeniliklər ümumilikdə, 60-cı illərdə sovet dövlətində mənəvi və ədəbi həyatda mənəvi azadlıq və demokratikləşmə mehinin daha bariz üzə çıxmasını ifadə edirdi.
Stalinin şəxsiyyətə pərəstiş siyasəti 1956-cı ildə ifşa ediləndən sonra dövlət-partiya kadrları içərisində qütbləşmə baş verdi. Köhnə bolşeviklər, fəhləlikdən gəlmiş savadsız və radikal kadrlar Stalinin ifşası ilə ürəklərində razılaşmırdılar. Bu adamları neytrallaşdırmaq üçün 50-ci illərin ikinci yarısında partiya aparatına peşəkar partiya məmuru yolu keçməmiş çoxlu yeni, savadlı adamlar cəlb etdilər. Çoxu ziyalılardan ibarət olan bu savadlı adamlar Stalin rejiminin cinayətlərini öz təcrübələrindən bilir və onlardan narazı idilər. Məhz bu təzə ziyalı partiya işçiləri 60-cı illərdəki demokratikləşmə mehinin hərəkətverici qüvvəsi idilər. Nəticədə ədəbiyyat üzərində partiya və senzura nəzarəti yumşaldı, yazıçıların və əsərlərin istedad cəhətinə, bədii səviyyəsinə daha artıq əhəmiyyət verilməyə başlandı.
“Dəli Kür” kimi tarixi roman məhz belə bir şəraitdə ortaya çıxdı. Yazıçı romanı şəxsiyyətə pərəstişin ifşasından bir il sonra - 1957-ci ildə yazmağa başlamış və ancaq 1966-cı ildə son fəsilləri çap etdirə bilmişdi. İ.Şıxlı bu əsər üzərində işləyərkən ölkədə gedən demokratik dəyişikliklərdən tam şəkildə istifadə etmək, yeni mərhələnin tələblərinə cavab verən bir əsər ortaya qoymaq istəyirdi. Əsər üzə çıxanda yazıçının məqsədinə nail olduğu aydınlaşdı. Nəzərə almalıyıq ki, tarixi mövzulara müraciət əvvəlki dövrlərdə ciddi tələblərlə şərtlənirdi: ədəbiyyatda hakim olan partiyalılıq prinsipi burada əsas rol oynayırdı. Həmin prinsipə görə, sənətkar janrından asılı olmayaraq tarixə müraciət edirdisə, keçmişi siniflərin mübarizəsi tarixi kimi qələmə almalı idi. Xüsusilə müsəlman türk xalqlarının və digər kiçik millətlərin keçdiyi yol və taleləri tarixi mövzulu əsərlərdən kənarda qalırdı. Hətta xalqların adət-ənənəsini, milli xüsusiyyətlərini ədəbiyyat və sənətə gətirmək cəhdlərinin qarşısı alınır, belə təşəbbüslər millətçilik kimi pislənir və tənqid edilirdi.
İ.Şıxlının romanı ilk əsərlərdən idi ki, Azərbaycan xalqının tarixindən sinfi mübarizə baxımından danışmırdı. Əksinə, bu romanın əsas qəhrəmanı -Cahandar ağa əməkçi sinfin nümayəndəsi yox, kəndli yox, böyük bir mülkədar idi. Həm də İsmayıl Şıxlı bu mülkədarı müsbət planda vermiş, ona öz rəğbətini gizlətməmişdi. Bu xüsusiyyətlər tarixə münasibətdə yazıçının böyük cəsarəti və ədəbiyyata gətirdiyi yenilik idi. Ən çox bu xüsusiyyətlərinə görə, roman çap olunan kimi böyük uğur qazandı. Bu, xalqımızın keçmiş həyat və yaşayış tərzi haqqında sovet dövründə yazılan ən realist və həyat həqiqətini düzgün verən romanlardan idi.
Bu əsəri yaradarkən yazıçı dünya ədəbiyyatının təcrübəsindən, xüsusilə böyük rus yazıçısı M.Şoloxovun “Sakit Don” epopeyasından təsirlənmişdi. Təsadüfi deyil ki, tarixi roman kimi düşünülmüş əsərdə başlıca və qiymətli müəllif qayəsi doğma torpaq və onun sahibi olan insan məsələsi idi. “Dəli Kür”ün əsas qəhrəmanı Cahandar ağadırsa, ikinci aparıcı qəhrəmanı doğma Azərbaycan təbiəti - Kür çayı, səma və meşədir. Təbiət obrazının özü də baş qəhrəmandan ayrılmazdır. Cahandar ağa, ilk növbədə, dədə-baba yurdunun, doğma torpağın və təbiətin sahibidir və bütün roman boyu özünü bu torpaqdan ayrı hiss etmir.
Çayın sahilində olan Göytəpə kəndi, onun insanları, Kür çayı, Kür qırağının meşələri romanda xüsusi rəğbətlə təsvir edilən ayrıca obraz səviyyəsinə qaldırılır. “Dəli Kür” vətən və torpaq obrazını xüsusi doğmalıq və səmimiyyətlə yaradır və bu, əsərin milli koloritini və fikir əsasını dərinləşdirir. Yazıçı sanki azərbaycanlılığın əsas köklərindən birini öz qəhrəmanlarının doğma təbiətlə ilkin və şüuraltı vəhdətində axtarır. Bu vəhdət romandakı əsas qəhrəmanların daxili azadlığının, təbii davranışının, milli düşüncəsinin ayrılmaz hissəsidir.
Romanın mərkəzində Cahandar ağanın ailəsi durur. Onun arvadı Zərnigar, bacısı Şahnigar, oğlu Şamxal romanın əsas surətləridir. Bu ailəyə düşən nifaq da təsadüfi xarakter daşıyır: bir gün Cahandan ağa evə ikinci bir arvad - Mələyi gətirir. Zərnigar bundan özünü təhqir olunmuş hiss edir, axı o, iyirmi yaşı keçmiş oğul anasıdır. Ərinə açıq narazılıq bildirməyi bacarmasa da, dözümlü, namuslu bir qadın olan Zərnigar daxili əzab çəkir, el içində, qonum-qonşu arasında alçalmış vəziyyətdə qaldığını hiss edir.
Yazıçı Zərnigarın obrazını da rəğbətlə yaratmışdır. Adi bir kənd qadını olan Zərnigarda dərin qürur hissi vardır. Lakin o, dədə-baba qaydasına görə əri qarşısında müti olmaq borcunu da yerinə yetirir, əri ilə aradakı pərdəni saxlamağa çalışır. O bir ümid yeri kimi oğlu Şamxalın gəlməsini gözləyir. Lakin Şamxalın gəlişi və anasına kömək etmək cəhdi Zərnigarın iztirablarını daha da artırır. Mələyi xəncərlə vurmaq istəyəndə atası gəlib çıxır. Şamxalın ata evindən didərgin düşməsi, kasıb bir ailədən qız qaçırıb kənarda yaşaması ananın qəlbini göynədir.
Ailəyə düşən bu ikitirəlikdə Mələyin özünün günahı yoxdur. Cahandar ağa onu qaçırıb evinə gətirincə, onlar heç bir-birilərini tanımayıblar. Mələk də taleyilə Zərnigar xanıma çox yaxındır. Hər ikisi kişilərə qarşı mütilik tələb edən əxlaq qarşısında köməksiz vəziyyətdədirlər. Mələk də Cahandar ağanın iradəsinin icraçısıdır, nə etiraz edə bilir, nə də vəziyyəti dəyişməyə iradəsi çatır. İkinci əri birinciyə nisbətən qat-qat varlı adamdır və bu da müəyyən mənada onun həyatına yeni və müsbət şeylər əlavə edir. Üstəlik Cahandar ağa onu incitmir, Allahyar kimi övladı olmadığı üçün gününü göy əskiyə bürümür. Amma Mələk təzə gəldiyi ocaqda ata və oğul arasında faciəli və çarəsiz bir ziddiyyət yaratdığını da görür. Lakin susmaq, dözmək və gözləmək onun qadın taleyidir.
Şamxal qətiyyəti, dikbaşlığı, özünə daxili inamı ilə atasını xatırladır, mülkədar əxlaqını təmsil edir. Göytəpə torpağında Cahandar ağanın varisi məhz o olacaqdır. Dədə-baba əxlaqına görə, o, anasına deyil, atasına tərəf durmalıdır. Lakin Şamxal hələ cavandır, anasına qarşı məhəbbət və pərəstiş hissləri onda üstün gəlir. Vəziyyətin təfərrüatını, Mələyin taleyini bilmədən onu aradan götürməklə vəziyyəti həll etməyə çalışır. O, ən ağır qəbahət edir - böyüyün iradəsinə qarşı çıxır, bir növ feodal ailəsinin əsas prinsipinə qarşı gedir. Lakin nəticə də ağır olur: o, ata evinin üzvü olmaq hüququnu itirir, ailədəki parçalanma dərinləşir. Hamı üçün yeri olan balaca ailə ən doğma dəyərini - böyük və əziz-xələf oğlunu itirir. Hər iki tərəf çıxılmaz vəziyyətdən əzab çəkir. Lakin bütün hissiyyatlara baxmayaraq, Şamxal öz daxili müstəqilliyini saxlayır, atasını bağışlamır, öz qürurunu sonadək qoruyur. Atasının var-dövlətindən istifadə etmək imkanı onu nəinki şirnikdirmir, bunu heç ağlına da gətirmir.
Romanın böyük rəğbətlə qarşılanmış qəhrəmanı Cahandar ağa həm bütöv, həm də ziddiyyətli bir insandır. O, öz davranışında tam müstəqildir. Lakin ona da adi insani hisslər yad deyildir. Mələyi evə gətirəndən sonra ailədə yaranan gərginlik ona da dərindən təsir göstərir. Düzdür, Cahandar ağa bunu ətrafdakılara büruzə vermir, dərdini içində çəkir, amma romanın sonuna doğru o da müəyyən dərəcədə tərəddüd edir, Mələyi gətirməkdə səhv etdiyini anlayır. Bu, ancaq keçici bir ovqat olur, çünki mülkədar sonda özünə haqq qazandırır, öz hərəkətinə el arasında təsadüf olunduğunu təskinlik kimi özünə xatırladır.
Cahandar ağa bir tərəfdən el əxlaqına və qanunlarına sadiqdir, bunları qorumağa çalışır və ətrafdakı adamlardan da eyni şeyi gözləyir. Onun öz dul bacısı Şahnigara münasibəti belədir. Vaxtsız ərini itirmiş, şux, nikbin bir qadın olan Şahnigar, Molla Sadığın “meyxana” toruna düşəndə Cahandar onu bağışlamır: əxlaq qanunlarının ağlasığmaz sərtliyini öz bacısına qıyır. Onu amansızcasına qətlə yetirir. Doğma bacıya qarşı bu qəddarlıq sanki Cahandarın xarakterini parçalayır. Başqasından tələb etdiyi qeyrət və namusun mütləq timsalı ola bilmir. Onun başqa bir kişinin qadınını götürüb qaçırtması, axı namus və qeyrət təsəvvürlərinə ziddir. Lakin əsərdə yazıçının müdrikliyi bir də ondadır ki, qəhrəmanlarından heç birini mühakimə etmək fikrinə düşmür, onlara qarşı mərhəmətlə təhkiyə aparır, surətlərin səhv addımlarına belə həyatın çoxmənalı mürəkkəbliyi yüksəkliyindən baxır.
Yazıçı özünün bütün sənətkarlığını və yaradıcılıq imkanlarını Cahandar ağa üzərində cəmləşdirmişdir. Bu monumental obraz üzərində yazıçı insan həyatının və özünütəsdiqinin tragizmi mövzusunu xüsusi bədii qüvvə ilə ifadə edə bilmişdir. Mələyi gətirəndən sonra onun həyatında bir-birinin ardınca pis hadisələr baş verir: Şamxal üzünə ağ olur, Allahyarla gərgin və üzücü düşmənçilik aparmaq lazım gəlir, Molla Sadıq və pristavla toqquşmaları baş verir, bacısını öldürməli olur. Ona elə gəlir ki, dədə-baba qaydalarının sabitliyi üçün çalışır. Ətrafdakı mənfi hadisələrin hamısını dünyanın xarab olması, pisliyə doğru dəyişməsi kimi anlayır, buna var gücü ilə müqavimət göstərmək istəyir. Lakin əslində isə baş verənlər onun taleyidir və bu tale müəyyən mərhələdə sanki onun iradəsinə zidd getməyə başlayır.
Sovet dövründə təhlilçilər Cahandar ağada milli psixologiyanın əlamətlərini xüsusilə yüksək qiymətləndirirdilər, digərləri isə bununla razı olmurdular. Sonralar aydınlaşdı ki, milli xarakter və psixologiya orta bir Azərbaycanlı feodalın psixologiyasından çox-çox genişdir. Bu monumental obraz, ilk növbədə, təbii insan ehtiraslarının və davranışının ifadəsi kimi qüvvətli və mənalıdır. Onun öz mühiti ilə, içərisində yaşadığı həyatla şəxsi draması, bu dramanın miqyası, məntiqi və səmimiyyəti bədii baxımdan dolğun və qiymətlidir.
Dostları ilə paylaş: |