AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ нур­лана яли­йева sovet döVRÜ azərbaycan əDƏBİyyati



Yüklə 2,78 Mb.
səhifə23/40
tarix02.12.2016
ölçüsü2,78 Mb.
#673
1   ...   19   20   21   22   23   24   25   26   ...   40

Yaradıcılığı. Yazıçının mətbuatda çıxan ilk hekayələri “Keçən ilin son gecəsi” və “Bayram həsrətində” 1960-cı ildə “Azərbaycan” jurnalında işıq üzü görmüşdür. Bu hekayələrdəki lirizm və kövrəklik sonralar yazıçının digər əsərlərində də özünü göstərmişdir. Ümumiyyətlə, Anar özünün ən uğurlu əsərlərinə yenidən qayıdıb əl gəzdirməyi, başqa janrda işləməyi sevir. Bu ilk hekayələrin taleyi də belə olmuşdur.

Yazıçının ilk yaradıcılıq nümunələrində – “Keçən ilin son ge­cəsi”, “Asılqanda işləyən qadının söhbəti”, “Taksi və vaxt”, “Gürcü familiyası”, “Mən, sən, o və telefon” hekayələrində senti­mentallıq çox güclüdür. Müəllif təsvir etdiyi adamların hisslərinə geniş yer verməklə bərabər, öz emosional münasibətini, qəlbinin dərinliyindən gələn sevgi hisslərini də gizlətmir. Bu əsərlərdə oxucunu təsirlənməyə məcbur edən açıqca bir sentimentallıq, müəllifin hissiyyatlı münasibəti, bir sözlə, aydın surətdə seçilən sentimentalizm onların bədii uğurunu təmin edən həlledici məqamlardan sayılmalıdır. Həm də həmin hekayələr meydana çıxdığı zaman Azərbaycan sovet nəsrində bu səpkidə hissiyyatla dolu, təbii və səmimi duyğuları ifadə edən əsərlər, demək olar ki, yox dərəcəsində idi. Ona görə də oxucuların bu cür əsərlərə ehtiyacı təbii hal idi.

Anarın yaradıcılığında bu hissiyyat bolluğu, emosionallıq, senti­mentalizmə meyl daim mövcud olmuş, özünü bu və ya digər də­rəcə­də həmişə göstərmişdir. Bu cəhət Anar yaradıcılığının özü­nə­məxsus xüsusiyyətlərindən və cəlbedici keyfiyyətlərindəndir.

Anar həm də uğurlu kino ustalarımızdandır. Onun ssenarisi və rejissorluğu ilə Üzeyir Hacıbəyov barədə “Üzeyir ömrü”, “Qəm pəncərəsi”, “Dantenin yubileyi” filmləri çəkilmişdir. Bö­yük bəstəkara həsr olunan əsər daha uğurlu idi və lirik-romantik üslub­da çəkilmişdi. Ədib bəstəkarın ədəbi və həyat müba­rizə­lə­rin­dən daha çox onun bioqrafiyasındakı əsas hadisələrə, böyük ziyalı kimi fərdi simasına diqqət yetirmişdir.

Ədibin klassik irsə münasibətinin digər nümunəsi kimi «Də­də Qorqud» eposunu göstərmək olar. Anar burada da xalq qəhrə­manlıq dastanının süjetində lirik xətlərə üstünlük vermiş, tarixi-folklor üslubunda ssenari yazmışdır. Filmdə Dədə Qorqudun obra­zı da uğurlu çıxmışdır. O, həm müdrik el rəhbəri, həm gözəl saz çalan musiqiçi, həm də gələcəyi xəbər verən bilicidir. Oğuzlar üçün ən çətin məqamlarda Dədə Qorqud peyda olur, öz ağıllı, müdrik məsləhətləri ilə soydaşlarını düz yola dəvət edir. Eyni za­ma­nda, oğuz igidləri də ona dərin hörmət bəsləyir, onun öyüd­lərinə əməl etməyə çalışırlar.

Ədib yaradıcılığa başladığı ilk addımlardan satiraya və publisis­tik janrlara meyl göstərmişdir. Radioda redaktor kimi çalış­dığı vaxtlarda o, dövrün tələblərindən gələn publisistik möv­zu­larda oçerklər yazıb radio efirində səsləndirmişdir. Qabaqcıl əmək qəhrəmanları, uğurlu nəticələr əldə edən müəssisələrin fəaliyyəti bu publisistik əsərlərin əsas mövzusu idi.

Lakin illər keçdikcə gənc ədibin satirik mövzulara marağı dərinləşir. “Molla Nəsrəddin – 66” adlı kitabı (1970) əsasən belə hekayələrdən tərtib olunmuşdu. O zamanlar satiraya yuxarıların münasibəti mənfi idi. Sovet həyatını, onun qüsurlarını tənqid edən əsərlərə pis baxılırdı. Belə tənqidlərdən qaçmaq üçün yazıçı “Molla Nəsrəddin” jurnalının tarixinə, onun hədəflərinə və əsas redaktoru olmuş Cəlil Məmmədquluzadənin fəaliyyətinə müraciət edir.

60-cı illərdə Mirzə Cəlilə münasibət yaxşı idi, 1966-cı ildə onun 100 illik yubileyi keçirilmiş, kitabları yenidən buraxılmış, haqqında yeni tədqiqat əsərləri çap edilmişdi. Lakin Mirzə Cəlilin publisistikasındakı sərt həqiqətpərəstlik, vətənpərvərlik, nadanlığa və cəhalətə qarşı mübarizə əzmi 60-cı illərdə də aktual idi.

Anarın “Sizi deyib gəlmişəm” pyesi də Mirzə Cəlil publisistikası ənənələrindən istifadə yolu ilə yaradılmışdır. Əsərin qəhrəmanı yazıçı özüdür: pyesin müxtəlif mərhələlərində Mirzə Cəlil vaxtilə işlətdiyi Lağlağı, Mozalan, Hərdəmxəyal adları ilə səhnəyə gəlir və bu yolla süjetə yeni əhvalatlar əlavə olunur. Mirzə Cəlilin Məmmədhəsən əmi, Xudayar bəy, Zeynəb, Kəramət ağa, Səkinə kimi qəhrəmanları da pyesin iştirakçıları sırasındadır.

Əsərin əsas mövzusu  cəhalətə, nadanlığa qarşı mübarizə də «Molla Nəsrəddin»dən gəlmədir. Anar yüz il əvvəl tənqid olunmuş bir sıra əxlaqi qüsurların bu gün də davam etdiyini, əl-ayağa dolaşdığını göstərir. Mirzə Cəlil ömrünün, sağlamlığının böyük bir hissəsini bu qüsurların islahına həsr etsə də, ömrünün sonunda cəhalətin yenidən meydan suladığını görür.

Əsərin sonunda Mirzə Cəlil özü də əsərin leytmotivini belə ifa­də edir: “… millətlər yuxudan oyanıb gözlərini açdılar və pəra­kəndə düşmüş qardaşlarını tapıb dağılmış evlərini bina et­mə­yə üz qoydular. Bəs sən hardasan, ay biçarə vətən? Ax unudulmuş və­tən, ax yazıq Vətən? Gəlin görək beşikdə yad millətlərin sü­dü­nü əmmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan xə­bər­siz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar? Sizi de­yib gəlmişəm!”

Anarın C.Məmmədquluzadə yaradıcılığına, şəxsiyyətinə çox böyük sevgisi təkcə onun bədii əsərlərindəki ənənəylə bağlılıqda, müəllifin Mirzə Cəlil üslubuna sadiqliyində öz əksini tapmayıb. Bu sevgi Anar yaradıcılığının bütün toxumalarına, “hüceyrələrinə” hopub. Hələ yaradıcılığa başladığı ilk illərdə yazdığı satirik hekayələr silsiləsini dahi ədibin ədəbi təxəllüsü ilə “Molla Nəsrəddin-66” adlandıran yazıçı əsərin epiqrafında bu sözləri yazmışdı: “Mirzə Cəlilə min rəhmət”.

Bir il sonra isə o, C.Məmmədquluzadənin həyat və yara­dı­cı­lı­ğı haqqında “Anlamaq dərdi” adlı essesini qələmə aldı. Bu əsər, ha­mılıqla etiraf olunduğuna görə, dahi ədibə həsr olunmuş ən yax­şı yazılardan biridir. Ümumiyyətlə, Mirzəcəlilşünaslığımızda san­ba­lına və dərinliyinə görə Anarın essesi səviyyəsində əsərlər çox azdır.

Essedə Anar C.Məmmədquluzadənin həyat və yaradı­cı­lı­ğı­na bütövlükdə nəzər salmış, ədibin bədii-estetik dünyasını, dün­ya­gö­rü­şünü, mübarizəsini, şəxsi taleyini, ideyalarının taleyini və bu ki­mi cəhətləri elmi-nəzəri baxış obyektinə çevirməklə bərabər, öz fər­di hiss və duyğularını da izhar etmişdir.

Yeni Azərbaycan nəsrinin Mirzə Cəlil ənənəsi ilə üzvi bağ­lı­lığını ­yazıçı Anar belə başa düşür: “... Əgər biz nəsillərin varis­liyi və əlaqəsindən danışsaq, “yeni Azərbaycan nəsri”nin axta­rış­la­rı­na sələflərindən ən yaxını yenə də Cəlil Məmmədquluzadə ola­caq. 60-cı illərdə bu sənətkar sanki yenidən kəşf edildi, onun yara­dıcılıq irsi xrestomatiya parıltısından təmizləndi və biz onun sima­sında öz böyük və həmişəyaşar müasirimizi gördük.”(Anar. Nəsrin fəzası. “Azərbaycan jurnalı”, 1984, 7-ci say, səh.167)

Ümumiyyətlə, bir çox tənqidçilərin fikrincə, Anar öz yara­dı­cı­lığında Cəlil Məmmədquluzadə ənənələrini davam etdir­miş­dir. Anarın Mirzə Cəlil adına, mövzusuna müraciəti daimi bir xa-rak­ter daşımışdır. O, bir yazıçı kimi nə qədər inkişaf etsə də, də­yişib kamilləşsə də, onun öz kumirinə - Mirzə Cəlilə, “Azərbaycan Molla Nəsrəddini”nə münasibəti, sevgisi dəyişmir, azalm­ır: “... Mən bilirəm ki, bizim nəsil də gedəcək, hamımız ölə­cə­yik, amma o qalacaq və oğlumun yaşıdı olacaqdır. Bütün za­manların yaşıdıdır o, hər nəslin yol yoldaşıdır.”

Anarın “Adamın adamı” satirik komediyasında isə Sabit Rəh­ma­nın sadə, şirin süjetlərinin təsiri hiss olunur. Bu əsərində ya­zı­çı antipodlara, zəhmətsiz gəlir dalınca qaçanlara sərt müna­si­bə­ti­ni bildirir. Belələri mehmanxanalarda, kolxoz bazarlarında yuva salır, insanların sadəlövhlüyündən istifadə edib varlanırlar. Bu pyes Anarın bazar mühitini də yaxşı öyrəndiyini, buradakı mənfi tiplərin canlı obrazlarını yaratmağı bacardığını sübut edir.

Yazıçı göstərir ki, tamahkar və rüşvətxor bazar adamları əliəyriliyi başqalarına da öyrədir, öz yaramaz ənənələri ilə maneəsiz məşğul olmaq üçün hamıya rüşvət və pay təklif edirlər. Nəticədə aşağıdan yuxarı ələbaxımlıq və rüşvətxorluq toru əmələ gəlir. Əsərdə hadisələr “Az. Yaz. Poz.” adlı idarədə baş verir. Prototipi Yazıçılar Birliyi olan bu idarədə sonralar Anar özü də iyirmi il sədr oldu. Müəllif cəmiyyətdə qanunları yazan adamların onları ilk pozanlar olduğunu demək istəyir.

Anara yazıçı şöhrəti gətirən əsas əsəri kiçik həcmli “Ağ liman” povesti (1969) olmuşdur. Əsər çap olunandan sonra onun ünvanına tənqidi rəylər söylənmişdir. Bu tənqidlərin birincisi əsərdə müsbət qəhrəmanın olmaması idi. O zamanlar belə hal nadir hadisə sayılırdı. Digər tənqidlər isə povestin baş qəhrəmanı olan Təhminə ilə bağlı idi. O, eyni zamanda iki kişinin məşuqəsi kimi görünür. Bu qadın sərbəst xarakteri, müstəqilliyi ilə seçilir. O, adi nəşriyyat işçisi olan Zaurla görüşsə də, qohum-qonşu onu gah Spartakla, gah da digər kişilərdən ayrılan görürlər. Bir sözlə qonşular Təhminəni yüngül əxlaqlı qadın sayırlar. Bu barədə Zaurun anası da xəbərdardır. Ona görə qadın oğlunun yüngül xarakterli qadından uzaqlaşmasını istəyir.

Zaur özü də Təhminə haqqında olan söz-söhbətdən xəbər­dar­dır. Elə öz anasının ona dediklərini az da olsa, eşidib. Lakin bu gənc oğlan üçün Təhminədən uzaqlaşmaq, onu ürəyindən çıxar­maq çətindir.

“Ağ liman”a 1968-ci il Fransa tələbə inqilabının müəyyən təsiri olmuşdu. Vərdişlə yaşamaqdan imtina bu inqilabın şüar­la­rın­dan biri idi. Buradakı Nemət surəti vərdişlər barədə, insan hə­ya­tın­da bunların yeri barədə bəzən birtərəfli düşünür: “Əslində insan­la­rın yaxşı və pis vərdişləri vardır. İnsanların zəhmət­keş­li­yin­də, nəzakətli olmasında, dostlarına sədaqətində pis bir şey yox­dur.”

Anar “Ağ liman”dakı süjet əsasında üç müxtəlif variantda əsər yazmışdır. “Beşmərtəbəli evin altıncı mərtəbəsi” ayrıca po­vest kimi 1989-cu ildə çap olunmuşdur. İkinci povestdə Təhminə sa­ğalmaz xəstəlikdən və Zaura məhəbbətində qalaraq ölür. Çox gü­man ki, yazıçı bu ölümlə Təhminəyə qarşı mərhəmət yaratmaq istəyir, ona haqq qazandırmağa səy edir. Onun yüngül qadın ol­ması barədə söhbətlər və şübhələr “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə də davam edir.

Bu əsər “Ağ liman”a nisbətən daha lirik və sentimental boya­larla yazılmışdır. Məhz buna görə əsər çox rahat oxunur və gənc oxucuların rəğbətini qazanır.

Anarın ilk yaradıcılıq nümunələri olan hekayələrində və ilk poves­tində onun yaradıcılıq üslubunu xarakterizə edən diqqət­çə­kən keyfiyyətlərdən biri də ondakı psixologizmdir. O, təsvir etdiyi in­sanların əhval-ruhiyyəsinə, onların dünyanı öz daxili aləm­lə­rin­də necə qəbul etdiklərinə, bir sözlə, qəhrəmanların duyğu və dü­şün­cə­lərinə geniş yer verir və bunu müxtəlif formalarda (daxili monoloq, “şüur axını”, surətin hərəkət və davranışlarının psixoloji təs­viri və s.) həyata keçirir. Anarın hekayələrində psixologizm hə­lə başlanğıc mərhələdə, yəni müəyyən epizod və detallarda, ştrix­lər­də üzə çıxırdısa, “Dantenin yubileyi” povestində artıq əsərin bü­tün toxumasını təşkil edir. O, burada qəhrəmanın – Kəbir­lins­kinin psixoloji durumunu daim diqqət mərkəzində saxlayır.

Yazıçının “Dantenin yubileyi” povesti nəinki Anar yaradıcılığında, habelə müasir nəsrimizdə ən maraqlı əsərlərdən biridir. “Dantenin yubileyi”ndə Anar, nəsrimizdə vətəndaşlıq hüququ qazanmış tipajlardan birini – “maraqsız insanı”, zahirən heç bir cəhəti ilə diqqəti cəlb etməyən qəhrəmanı təqdim edir. Yazıçı Feyzulla Kəbirlinski kimi bir adamı qəhrəman seçməklə, onun maraqsız, son dərəcə sadə, hətta bəsit görünən həyatını təsvir etməklə göstərdi ki, istənilən insanın həyatı özlüyündə yazıçı üçün də, digər insanlar üçün də maraqlı ola bilər və başlıcası, hər bir insan onun ictimai mövqeyindən, dəyərindən asılı olmayaraq özlüyündə dəyərlidir, qiymətlidir.

“Dantenin yubileyi” povestində qocaman və savadsız bir aktyo­run teatr mühitindəki çətinlikləri qələmə alınır. Kəbirlins­ki­lə­rin səhnəyə gəldiyi vaxt bu, vətəndaşlıq hünəri idi, aktyorlara isə “mütrüb” deyirdilər. Lakin zəmanə dəyişmişdi: teatra müasir sa­vad görmüş, peşəkar məktəb keçmiş insanlar gəlirdi. Amma on­la­rın çoxu kəbirlinskilərin həqiqi qiymətini bilmir, onları lağa qo­yur­du­lar. Yazıçı bu qoca aktyora humanistcəsinə yanaşır, oxu­cu­da ona qarşı rəğbət hissləri yarada bilir.

Qəhrəmanın psixoloji durumunun təsviri, onun daxili ya­şan­tı­la­rına diqqət yazıçının əsərlərində get-gedə güclənmiş, hər yeni əsə­rində əvvəlkindən daha parlaq tərzdə özünü büruzə vermişdir. Məsə­lən, “Dantenin yubileyi”ndən sonra “Macal” povestində psixo­lo­gizm daha yüksək səviyyədə və daha geniş surətdə özünü gös­tə­rir. Burada artıq psixologizm təhkiyənin aparıcı rol, domi­nantlıq təşkil edən bədii ifadə üsuluna çevrilir. Özü də bu əsər­lər­də psixologizm müxtəlif formalarda təzahür edir. “Dantenin yu­bi­leyi”ndə qəhrəmanın daxili aləmi, onun iç yaşantıları daha çox za­hi­ri davranış və hərəkətlərin təsviri üsulu ilə çatdırılır. Düzdür, bu­rada qəhrəmanın düşüncələrinin birbaşa təsvirinə də yer verilir, lakin əsas etibarilə onun zahiri davranış və hərəkətlərinin təsviri vasitəsilə biz qəhrəmanın psixoloji durumundan xəbər tuturuq. “Ma­cal”da isə vəziyyət başqadır: əsərdə başlıca olaraq qəhrə­ma­nın düşüncə və hisslərinə yer verən müəllif onun daxili yaşan­tı­la­rı­nı təsvir etməyi ön plana çəkmişdir.

Əvvəlki əsərlərdən fərqli olaraq “Macal” artıq sırf psixoloji əsərdir. Psixoloji analitik üslubda yazılan bu povestdən sonra gələn əsərlərin, demək olar ki, hamısında yazıçı psixologizmi artıq mühüm bədii ifadə üsulu olaraq aparıcı xəttə çevirir. Bundan sonrakı əsərlər istər ideya-problematika nöqteyi-nəzərindən, istərsə də poetika-sənətkarlıq baxımından daha da mürəkkəbləşir. Ümumiyyətlə, “Macal”dan sonra yazıçının yaradıcılığında artıq yeni bir mərhələ başlayır. Həmin mərhələni tənqidçi Yaşar Qarayev də sezmiş və qeyd etmişdir.

Yazıçının əsərləri içərisində sürrealist üsluba ən yaxın olanı isə, şübhəsiz, “Əlaqə” povestidir. Maraqlıdır ki, ki, əsərin janr və üslub özəllikləri tənqidi xeyli məşğul etsə də, o zaman bu məsələyə tam aydınlıq gətirilmədi. Bəziləri onun fantastik janrda, bəziləri isə qotik üslubda yazılan bir əsər olduğunu güman etmişlər. Digər bir maraqlı mülahizə isə ondan ibarətdir ki, əsər menippeya janrında yazılıb. (Antik dövrə və orta əsrlər Avropa ədəbiyyatına aid olan bu ədəbi janr haqqında M.M.Baxtində geniş məlumatlara rast gəlirik.)

Doğrudan da, menippeya janrına aid olan bir sıra əsas xüsusiyyətlər əsərdə aydın şəkildə özünü göstərir: fantastik və ağlasığmaz təsvirlər çox dərin, düşündürücü fəlsəfi məsələlərlə çulğalaşır, qəribə, əcaib, çox zaman da vahiməli situasiyalar qəhrəmanın mənəvi-psixoloji vəziyyətindəki anormallıqla qarışıb itir, hansının daha önəmli olduğu bilinmir; (baş verən hadisələrdə rasional-məntiqi bağlılıq, ardıcıllıq əsla gözlənilmir), bütün bunlar sanki qarabasma, hallüsinasiya, xəstə, qeyri-normal təfəkkürün sayıqlamaları təsiri bağışlayır, heç nə aydın surətdə axıracan izah olunmur...

Anarın povesti tam mənası ilə bu janrın tələblərinə uyğun gəlir. Lakin yazıçı sadəcə qədim bir ədəbi janrda özünü sınamaq xatirinəmi bu əsəri qələmə almışdır?

Şübhəsiz, Anar kimi ciddi bir yazıçı yalnız ədəbi ekspe­ri­ment xatirinə qələmə aldığı bir əsəri “Seçilmiş əsərləri”nə daxil et­məz­di. Deməli, söhbət daha ciddi mətləblərdən getməlidir. Müəl­lif personajların birinin dili ilə bunu belə ifadə edir: “... Biz şüurumuzun dəyişməz məntiqi qanunlarının pozulmasına razı ola­cayıq­mı? Hadisələrin səbəb-nəticə bağlılığının qırılmasıyla barışa biləc­əyikmi? Tamam başqa bir şüur sisteminin olmasını qəbul edə­cəyikmi? Uzaq dünyalarla əlaqənin yaranıb-yaranmayacağı məhz bunlardan asılıdır. Əgər bütün qeyri-adi, dərkolunmaz, izah­edil­məz, şüurumuza sığışmaz şeylərə yenə də məntiqi-rasional sə­bəb­lər axtaracayıqsa, vərdişli analogiyalar arayacayıqsa, hər şeyi kasıb zehnimizin qısa arşınıyla ölçəcəyiksə, o zaman heç kəslə heç bir əlaqə yaratmaq mümkün olmayacaq.”

Povestdə müəllifi insanlar arasında ünsiyyət, yaxud da kosmik əlaqələr problemindən daha çox bizim adi düşüncə tərzimizin, məntiqi təfəkkürümüzün özünün birtərəfliliyi – son dərəcə mürəkkəb dünyanın dərkində vərdiş etdiyimiz rasional, yalnız ağla söykənən ölçü və meyarların yetməzliyi problemi düşündürür. Əsərin bu hissəsində dünyanın sürrealist dərki və bədii ifadəsi prinsipi özünü açıq şəkildə göstərir və aydın olur ki, Anarın bədii axtarışlarının sürrealist yönümü onu menippeya janrına müraciət etməyə sövq edib. Sürrealizmə məxsus bədii qavrayış, sürrealist üslub Anar yaradıcılığında ilk dəfə olaraq ən bariz şəkildə məhz bu əsərdə özünün ifadəsini tapıb və bu əsər nəsrimizdə ilk sürrealist nümunə kimi ədəbiyyat tarixinə daxil ola bilər. Yazıçının “Vahimə”, “Qırmızı limuzin” əsərləri də sürrealizm bədii metodunun, üslubunun tamamilə aparıcı olduğu bədii nümunələrdir. Bu əsərlərdə qəhrəmanların intuisiyası, sövq-təbii duyğuları onların hərəkət və davranışlarını müəyyən edən əsas amildir.

Anarın yaradıcılığında xüsusi yer tutan əsərlərdən biri də “Otel otağı” povestidir. “Otel otağı” povesti 1990-cı illərdə Azər­bay­can ziyalısının vəziyyətindən bəhs edən maraqlı və təsirli əsər­dir. Bu, eyni zamanda, xalqımızın o illərdə düşdüyü ağır mə­şəq­qət­lərdən bəhs edən əsərdir. Bu əsəri yanğısız, həyəcansız, ürək ağrı­sız oxumaq olmur.

Müəllif Azərbaycan ziyalısının o illərdəki faciəsini bir tərəf­dən sərt realist boyalarla təsvir etmiş, digər tərəfdən, onun bu faciə­si­nin arxasında duran dəhşətli gerçəkliyin sürrealist mənzə­rə­si­ni yaratmışdır. Tamamilə realist səpkidə yazılan əsər məhz sürrealist sonluqla bitir.

Povestin qəhrəmanı – Bakıdakı ali məktəblərdən birinin müəl­li­mi, filologiya elmləri namizədi Kərim Əsgəroğlu milli ziyalıl­arımızın ən təmiz, saf və işıqlı keyfiyyətlərini özündə cəmləşdirmiş bir insandır. Ömür boyu mənsub olduğu xalqın mənəvi zənginləşməsi, onun milli özünüdərki və özünü tanıması üçün elm aləmində təmənnasız, gecəli-gündüzlü “külüng çalan” istedadlı və zəhmətkeş bir alim olan Kərim müəllim zamanın, gərdişin fəsadlarına görə az qala səfil vəziyyətinə düşmüşdür. İş o yerə çatıb ki, belə bir namusu insan ailəsinin dolanışığını təmin etmək üçün başqalarına dissertasiyalar yazır. Qızına cehiz vermək problemi azman bir alimin heç cür həll edə bilmədiyi müşkülə dönüb. Belə bir vaxtda Türkiyədən elmi konfransa gələn bir universitet dekanı Kərim müəllimi oraya dərs deməyə dəvət edəcəyini vəd edir. Əgər bu vəd yerinə yetsəydi, onun güzəran və məişət problemləri, o cümlədən cehiz müşkülatı aradan qalxacaqdı. Lakin təəssüf ki, ona verilən vədin dalınca Türkiyəyə gedən Kərim müəllim orada öyrənir ki, həmyerlisi, universitetdə bir yerdə işlədikləri və hamının çuğulçu, donosçu, riyakar və iyrənc bir şəxs kimi tanıdığı Çopur Cabbar onun işini burada da burub və Kərim müəllimin yerinə başqa birisini artıq universitetə götürüblər. Bu amansız xəbərdən gen dünya onun başına fırlanır və Kərim müəllimin xəstə ürəyi buna tab gətirmir. Demək olar ki, pulsuz-parasız qalıb İstanbul küçələrini dolaşan Kərim müəllim şəhərin kasıb otellərinin birində - “ölüm odası”nda can verir.

Povestin bütün süjeti məhz bu kədərli, qəmli əhvalatdan ibarətdir. Qalan bütün fabula Kərim müəllimin xatirə və dü­şün­cə­lə­ri­ni ­əhatə edir. Elə əsərin məzmunu, məğzi də həmin xatirə, dü­şün­cə, assosiasiya və anımlardadır. Bunların vasitəsilə biz həm Kə­rim müəllimin ömür tarixçəsi ilə, onun həyat prinsipləri, dost­la­rı, düşmənləri ilə tanış oluruq, həm də onun yaşadığı mühitin, xal­qın, cəmiyyətin ümdə problemlərinə münasibətini öyrənirik. Ya­zı­çı bütün bu məsələlərlə bağlı bir çox dərin mətləblərə toxu­nur, bunlar barədə oxucuda ətraflı fikir formalaşdırır.

Povestdə Qarabağ müsibəti ilə bağlı oxucunun yaddaşından heç zaman silinməyəcək sarsıdıcı məqamlar var. Bunlardan biri də Kərim müəllimin yaxın qohumu Səmayə xalanın Xocalıda ya­şa­mış qızı Lətifənin söhbətidir. Ərini, qardaşını, yeganə balasını ermə­nilərin öldürdüyünü qəribə bir sakitliklə nəql edən, artıq dünyada hər şeyə tam biganələşmiş bu cavan gəlin baş vermiş faciəni tükürpədici bir dəqiqliklə danışır. Anarın yazdığı bu sətirləri oxuyanda, qısa, son dərəcə yığcam, hətta xəsis boyalarla təsvir etdiyi bu səhnəni təsəvvüründə canlandıranda mütəəssir olmamaq, göz yaşı axıtmamaq, sarsılmamaq mümkün deyil.

Anarın yaradıcılığının son mərhələsində yazdığı bədii nəsr nü­munələri (“Əlaqə”, “Qırmızı limuzin”, “Otel otağı”, “Vahimə”) sür­realizm nümunələridir. Lakin “Otel otağı” povesti digər üç əsər­dən fərqli olaraq, həm də realist əsərdir. Yəni əsərdə bir tərəf­dən, xalis gerçəklik sərt realist cizgilərlə əks olunur, digər tərəf­dən, bu gerçəkliyin özünün sürreal mahiyyəti bütün vasitələrlə qa­bardılır. Belə hesab etmək olar ki, Anarın ənənəvi realist üslubu ilə sonradan yiyələndiyi sürrealist üslubu qəribə və maraqlı bir tərz­də bu əsərdə birləşib bütöv halına gəlmişdir. Və yenə də inam­la demək olar ki, müəllifin iki müxtəlif üslubun sintezinə nail ol­ma­sı həmin əsərin bədii uğurunu müəyyən edən əsas amil­lər­dən­dir.

Anar müasir ədəbiyyatımızda əsasən görkəmli bir nasir kimi ta­nınsa da, özünü ədəbiyyatın digər növlərində, o cümlədən, dra­ma­turgiyada da sınamışdır. Diqqətəlayiq haldır ki, onun səhnəmiz üçün yazdığı bu əsərlər xeyli müvəffəqiyyət qazanmışdır. Yazıçı-dra­maturqun “Keçən ilin son gecəsi”, “Adamın adamı”, “Sizi de­yib gəlmişəm”, “Səhra yuxuları”, “Evləri köndələn yar”, “Təh­mi­nə və Zaur”, “Şəhərin yay günləri”, “Yaşıl maşın”, “Qaravəlli” ki­mi bir-birindən maraqlı dram əsərləri televiziyada göstərilmiş, ra­dioda səsləndirilmiş, teatrlarda tamaşaya qoyulmuşdur. Bu əsər­lərin hər biri geniş tamaşaçı auditoriyasında uğur qazanmaqla bə­rabər, həm də teatr tənqidinin diqqətini cəlb etmişdir.

Anarın dram əsərləri ən müxtəlif mövzulara həsr olun­muş­dur: ailə-məişət mövzusu, sosial problematika, mənəvi ülfət, mə­həb­bət, ictimai bəlalar, sosial əxlaq, fərdi əxlaq və s. Dramaturji yara­dıcılığında müəllif əsasən aparıcı mövzu kimi ictimai-sosial məsələlərdən bəhs edir. Bu da yəqin ki, səhnəmizin, teatrımızın ənənələri ilə müəyyən dərəcədə bağlıdır. Eyni zamanda, şübhəsiz, ya­zıçı dərin fəlsəfi, psixoloji, mənəvi mətləbləri nəsrdə daha uğur­la ifadə etdiyindən, sosial kolliziyaları, günün ictimai prob­lem­lə­rini teatrın birbaşa tamaşaçıya yönələn ruporu vasitəsilə əks etdir­məyə üstünlük verir.

Anarın dramaturji yaradıcılığında onun bədii təfəkkürünə xas olan bir cəhət daha bariz şəkildə özünü hiss etdirir: bu, onun özü­nə­məxsus bədii gülüşüdür. Bu gülüş müxtəlif formalarda və səciy­yələrdə - yüngül ironiya, xəfif yumor, satira, qrotesk, hiper­bo­la və sair şəkildə meydana çıxır. Yazıçının nəsrində də gülüş, mə­lum olduğu kimi, əhəmiyyətli yer tutur. Lakin onun bədii təfək­küründəki və üslubundakı bu gözəl və cəlbedici keyfiyyət ən çox dramaturji əsərlərində özünü göstərir. Bir-iki əsərini çıxmaqla (“Təhminə və Zaur”, “Sizi deyib gəlmişəm”, “Yaşıl maşın”) digər əsərlərində bədii gülüş əvəzsiz rol oynayır.

Anarın ən məşhur pyeslərindən biri “Şəhərin yay günləri” adlı üçpərdəli, yeddi şəkilli dramıdır. Əsər o dövr üçün Azər­bay­can­da çox aktual olan bir ictimai məsələyə - ali məktəblərə rüş­vət­lə tələbə qəbulu məsələsinə həsr olunub. Hadisələr, əsərin məz­munu əsas etibarilə bu məsələ ətrafında cərəyan etsə də, söh­bət ümumən halallıq və haramlıqla yaşamaqdan, insan ləyaqəti və onun hər zaman uca tutulmasından gedir.

“Şəhərin yay günlərində” pyesində Anarın əsərlərinə məx­sus bir cəhət xüsusilə qabarıq nəzərə çarpır: burada təsvir olunan mü­hit nə qədər natəmiz və estetik idealdan uzaqdırsa da, bədii qəh­rə­man, onun təsdiq etdiyi ideal özünü yaşada, mühitin çirkin­lik­lə­rindən, eybəcərliklərindən həmişə yuxarıda dayana bilir. Ana­rın nəinki bu pyesində, ümumiyyətlə, bütün əsərlərində (“Otel” otağı povesti və bir neçə sürrealist hekayəsi istisna ol­maq­la), nikbin bir ruh, təsvir olunan sərt reallıqların, acı həqiqətlərin mü­qa­bilində həmişə romantik bir nəsnəyə, gözəllik idealına nəsə bir ümid işığı mütləq özünü göstərir. Bu, onun bir yazıçı kimi bə­dii dünyagörüşünü, dünyaduyumunu xarakterizə edən ən mühüm cə­hət­lərdəndir.

Yazıçı-dramaturq Anarın ən maraqlı dram əsərlərindən biri də onun iki hissəli, səkkiz şəkilli “Səhra yuxuları” pyesidir. Siyasi pamflet üslubunda yazdığı bu əsəri müəllif “pyes-qəzet” ad­la­n­dır­mış­dır. Tənqidin yazdığına görə, “ümumiyyətlə”, “dram-qəzet” möv­cud komediya poetikamızda ilk hadisədir. Əsas obraz – jur­nalist-reportyor, dialoq forması monoloqvari reportajlardır.

Anarın bir sıra tərcümələri və ədəbi-tənqidi məqalələri də var­dır. O, müxtəlif vaxtlarda Vilyam Şekspirin “Tufan” pyesini ana dilimizə tərcümə etmiş, 1961-ci ildə Rabindranat Taqorun heka­yə­lərindən ibarət “Bağban” adlı tərcümə kitabı çap olun­muş­dur.

Ədibin müasir şeirin və nəsrin problemlərinə dair maraqlı mə­qa­lələri dərc edilmişdir. Onun C.Məmmədquluzadə haqqında qələ­mə aldığı “Anlamaq dərdi”, “Nəsrin fəzası” kimi məqalələri, “Də­də Qorqud” dastanları barədə qeydləri bura misal ola bilər. Bir sözlə, Anar polemikaya, mövqe aydınlığına meylli olan ma­raq­lı bir yazıçıdır.
Ədəbiyyat:
Əsədullayev S. “Tarix, sənətkar, müasirlik”, B., 1975.

Hüseynov A. “Nəsr və zaman”, B., 1980.

Məmmədov A. “Sözümüz eşidilənədək”, B., 1998.

Əliyeva N. “Anar-şəxsiyyət və sənətkar”, B., 1999.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin