AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ нур­лана яли­йева sovet döVRÜ azərbaycan əDƏBİyyati



Yüklə 2,78 Mb.
səhifə21/40
tarix02.12.2016
ölçüsü2,78 Mb.
#673
1   ...   17   18   19   20   21   22   23   24   ...   40

(1937 )
Həyatı və fəaliyyəti. Musa Səfiməmməd oğlu Yaqubov 1937-ci il mayın 10-da İsmayıllı rayo­nunun Buynuz kəndində dün­yaya göz açmışdır. Musa Yaqub anadan zəif doğulmuşdu və uşaqlıqda tez-tez xəstələnirdi. Böyük Vətən Müharibəsini keçmiş bütün uşaqlar kimi o illərin maddi məhrumiyyətləri, kasıblıq onun da taleyinə düşmüş, kolxoz quruluşunun zülmü onun da sağlamlığında və şəxsiy­yətində öz izlərini qoymuşdur. O, uşaqlıqdan dağ kəndlərində olan çətin, zəhmət dolu həyata öyrəşmiş, həyatın hər üzünü görüb özü üçün aydınlaşdırmışdır. Belə uşaqlıq və yeniyetməlik həyatı onu zəhmətkeş və dözümlü etmiş, məhrumiyyət dolu həyatın əsas gözəlliyini təbiətdə və onunla ünsiyyətdə tapmağa sövq etmişdir. Həyatın ağırlığı şairin düşüncə tərzinə güclü təsir göstərmiş, onun səbirli, həddən artıq təvazökar bir insan kimi formalaşmasına səbəb olmuşdur.

Dağların başında, meşənin əhatəsində olan Buynuz kəndinin təbiəti uşaqlıq illərindən gələcək şairin yaddaşına hopmuş, onun xarakterinin ayrılmaz hissəsinə çevrilmişdir. Bu kiçik kənddə məktəb olmadığından balaca Musa şəhərlərarası yola daha yaxın olan Topçu kəndindəki məktəbdə təhsil almışdır.

Müharibədən sonrakı illərdə ixtisaslı kadrlara böyük ehtiyac old­uğundan onların daha qısa vaxtda hazırlanmasına üstünlük verilirdi. 1953-cü ildə 7-ci sinfi yaxşı qiymətlərlə bitirən Musaya ibti­dai sinif müəllimləri hazırlayan Göyçay Pedaqoji Texniku­mu­nda təhsil almağı təklif edirlər. O, evdə atası ilə məsləhətləşib xeyir-dua alaraq Göyçay Pedaqoji Texnikumuna daxil olur.

Musa 1957-ci ildə texnikumu bitirərək əvvəlcə Tircan kənd məktəbində sinif müəllimi, sonra isə Buynuz kəndindəki səkkizillik məktəbdə müəllim işləyir. Sonra isə 1962-1973-cü illərdə öz doğma kəndindəki məktəbin direktoru olur.

Texnikumda təhsil aldığı illərdə poeziyaya məhəbbət bəs­lə­yən müəllimlərinin təsiri ilə onda ədəbiyyata və şeirə maraq artır. Ədi­bin ilk şeiri Göyçaydakı aztirajlı “Qalibiyyət bayrağı” qəze­tin­də dərc olunur. Bu illərdə o, Səməd Vurğunun yaradıcılığını sevir və diqqətlə öyrənirdi. Şairin 1959-cu ildə Bakı mətbuatında çıxan ilk əsəri - “İki qəlb, iki dünya” poemasında bu təsirin aşkar əla­mət­lə­ri görünməkdədir. Poemanı poçtla alan xalq şairi Məmməd Ra­him onu oxuyub bəyənmiş və 22 yaşlı kənd müəlliminə məs­lə­hətlər vermişdi. Poemanı işləyən Musa Yaqub onu yenidən Məm­məd Rahimə yollamış, o isə poemanı “Azərbaycan gəncləri” qəze­tinə təqdim edib cavan şairə uğurlu yol yazmışdı.

Lakin ədəbiyyata poema janrında iri əsərlə gələn kənd müəl­li­minin Bakı mətbuatında tanınma prosesi çətinliklərlə müşa­yiət olunmuşdur. Dağ kəndində yaşayıb Bakıda şeir çap etdirmək asan iş deyildi. Mətbuat mühitində çalışanların əksəriyyəti şairlər idi, ona görə şeir çap etdirmək yolunda ciddi rəqabət var idi. Bu çətin­liklərə görə Musa iki ilə yaxın müddətdə Bakı mətbuatında öz şeirlərini çap etdirə bilmir. Bunun digər ciddi səbəbi isə sairin o zaman aktual sayılan, nüfuzlu şairlərin müraciət etdiyi mövzulara üstünlük verməsi idi. Bu mövzular şairin daxili aləminə yad idi, ona görə də onlarda cavan şairin öz yaradıcılıq fərdiyyəti, həyat duyumu özünü göstərə bilmirdi. Bir sıra uğursuzluqlardan sonra şair ictimai sifariş xülyalarından uzaqlaşıb kənddə yaşayarkən ona dayaq olan əsas duyğu və müşahidələrini poeziyaya gətirməyə başladı. Aktual mövzular yox, şairin öz daxili aləmi onun şeirlərinin əsas mövzusu oldu. Bu mövzu dağ kəndində təbiətlə üzbəüz yaşayan şairin öz zəngin mənəvi aləmi, öz təbiət duyğusu və məhəbbəti oldu. 1962-1963-cü illərdə Musa Yaqub artıq dünyaya öz fərdi baxışı və münasibəti olan şair kimi formalaşmışdı.

1959-1962-ci illərdə Bakı ədəbi mətbuatında özünü təsdiqləmək üçün apardığı axtarışlar və çətinliklər onun poeziyaya məhəbbətini sarsıtmadı. Böyük çətinliklərlə, yolların pis olduğu şəraitdə Musa Bakıya gedib-gəlməyə, qəzet və jurnal redaksiyalarında əlaqələr yaratmağa başlayır. Fitrətən sadəlövh, istiqanlı bir adam olan cavan şair Bakıda özünə dostlar tapır. Onun qeyri-adi səmimiyyəti, daxili təmizliyi də buna imkan yaradırdı. Belə keyfiyyətləri sayəsində şair Bakı mətbuatında nəinki şeirlərlə çıxış etməyə, hətta kitablar buraxmağa da nail olur. 1973-cü ildə Bakıya köçənə qədər kənd müəllimi Musa Yaqubun üç kitabı işıq üzü görür.

Bu kitabların birincisi “Yarpaqlar oxuyur” adı ilə 1966-cı ildə çıxdı. Gənc şair istedadı, mövzu dairəsinin özünəməxsusluğu sayəsində 60-cı illər ədəbiyyatına imzasını atdı. Onun ikinci kitabı 1970-ci ildə “Dağlar çox qəribə olur gecələr” adı ilə dərc olundu. Şairin üçüncü kitabı isə onun Bakıya köçdüyü 1973-cü ildə “Mənim kainatım” adı ilə dərc olundu.

Şair Bakıya köçəndə onun 35 yaşı vardı və bu yaş şəhərliyə çevril­mək üçün həddən artıq böyük idi. Ona görə beş il daimi Bakıda yaşadıqdan sonra o, İsmayıllıda çıxan aztirajlı “Zəh­mətkeş” qəzetində redaktor olmaq təklifini məmnuniyyətlə qəbul edir. Bir təbiət şairi üçün Bakıda çoxmərtəbəli binada yaşamaq çə­tin idi. O biri tərəfdən, Musa Yaqub bu dəfə rayona dağ kən­dinin müəllimi kimi deyil, İsmayıllı rayonunun rəhbər şəxs­lərin­dən biri kimi qayıdırdı. O zamanlar rayon qəzetlərinin redak­torları raykom bürolarının üzvü olur, həm də rayon həyatının bütün sahələrini işıqlandıran qəzet redaktoru kimi rəhbər işçilər, ziyalılar arasında böyük nüfuza malik olurdular. Musa Yaqub bu vəzifədə on iki il, SSRİ dağılana qədər işlədi. Onun Buynuz kəndindəki ata evi bütün Azərbaycan qələm adamları üçün bir ocağa çevrildi. İsmayıllıya gələn bütün ziyalılar, ilk növbədə onun qapısını döyür, bu ocağın qonağı olur və şairin təbiət şeirlərinin prototipləri ilə tanış olurdular.

İsmayıllıya qayıdandan sonra sovetlərin süqutuna qədər şairin “Üzü bəri baxan dağlar” (1977), “Yaxşı ki, sən varsan” (1979), “Bir sim üstə” (1983), “İki qəlbin işığı” (1985), “Mənim sevgi taleyim”(1988) kitabları çıxdı. Sovetlərin dağılması ərəfəsində Musa Yaqub xalq hərəkatına rəğbət bəsləyən, xalqla, onun azadlıq arzuları ilə bir cəbhədə olan ziyalılardan idi. O, siyasətə həmişə soyuqqanlı yanaşan, ədəbiyyatın estetik ideallarını hər şeydən uca tutan bir sənətkar idi.



Yaradıcılığı. 1970-1990-cı illərdə lirik poeziyanın inkişa­fın­da Musa Yaqubun özünəməxsus xidmətləri olmuşdur. Kənd, me­şə, təbiətin ilkin gözəllikləri onun poeziyasında intim bir möv­zu kimi meydana çıxmış və şeirin ümumi mənzərəsində seçil­miş­dir. İnsan və təbiətin ayrılmazlığı motivləri onun yaradıcılığının əsas xəttini təşkil edir.

1960-1970-ci illərdə əsasən kənddə yaşayan şair sıravi, yox­sul kənd müəllimi idi. Kəndin məktəbi təzə olduğundan kitab­xa­na­sı da yox idi. Burada yaşayaraq şairin öz üzərində işləməsi də an­caq rayon mərkəzindən və Bakıdan əldə edilən kitablar sayə­sində başa gəlirdi. Lakin o, hədsiz zəhmətkeşliyi sayəsində öz təh­si­lindəki boşluğu doldurmuş, fərdi qaydada mütaliə ilə məşğul ol­muşdur.

“Yarpaqlar oxuyur” adlı ilk şeirlər kitabı artıq şairin gələcək yara­dıcılıq inkişafının əsas xüsusiyyətlərini göstərməkdə idi. Bu­ra­da torpaq, vətən və onun təbiətdən ayrılmazlığı ideyaları qa­ba-rıq şəkildə öz əksini tapmışdır. Şair özünü vətənə, ocağa borclu sayır, ona görə öləndən sonra vətən torpağına çevrilməyi də borc sayır və deyir:
Bəlkə də borcundan çıxmadım, Vətən,

Ömür bahar deyil bir də qayıtsın.

Ölsəm də qoy qoynunda ölüm ki, mən

Çürüyüm, bir ovuc torpağın artsın!

Təbiətə həsr olunmuş digər şeirdə müəllif ana yurdun mi­sil­siz gözəlliklərini sadaladıqdan sonra deyir: “Harda bu saydığım gö­zəl­lik olsa, orda Azərbaycan torpağı vardır”. Belə cəsarətli və­tən­çilik hissi 1960-cı illər poeziyasının ümdə xüsusiyyətlərindən biri idi. O zaman bütün mövzuları vətən anlayışı ilə bağlamaq va­cib və dəyərli bir xüsusiyyət sayılırdı. Gənc şair artıq ilk kit­a­bın­dan dövrün şeirində olan bu xüsusiyyəti öz əsərlərinə gətirir və bə­zən hətta ifrata da varırdı. Sonrakı dövr yaradıcılığında şairin dek­larativ, nümayişkar vətənçilik meylindən uzaqlaşdığını qa­ba­rıq şəkildə hiss etmək mümkündür.

Bundan sonra şairin “Bu məhəbbət yaşadır məni” (1966), “Mə­nim kainatım” (1973), “Üzü bəri baxan dağlar” (1977) kimi kitab­ları işıq üzü görmüşdür. Bu kitablar da şairin yaradıcılığında durul­ma dövrünün nümunələri sayıla bilər. Əvvəllər 1960-cı illər poezi­ya­sının müdrik görünmək meylinə və bir sıra deklarativ mövz­u­larına meyl etmiş şair 1970-ci illərin ortalarından başla­ya­raq öz poetik nəfəsinin özünəməxsusluğunun bərpası və daha da in­kişafı ilə məşğul olur. Bir şair fərdiyyəti kimi Musa Yaqub 1960-cı illərin bir qədər siyasiləşmiş şeir təfəkkürünə sığmırdı. Onun bu ənənədən ayrılması labüd idi.

1970-ci illərdə şair sanki öz doğma Şirvan torpağını və təbiətini yenidən kəşf etdi. Onun 1973-cü ildə Bakıya köçməsi bəlkə də bu prosesə təkan verdi. Bu ərəfədə Musa Yaqubun təbiət mövzusuna yenidən qayıdışı baş verir. Bu mərhələdə o artıq məşhur şair idi və öz düşüncə, yazı tərzinə inanır, öz ilhamının mənbələrini, istedadının qanadlarını düzgün təsəvvür edirdi.

Şairin bu seçimindən bizim poeziyamız qazandı: Musa Yaqub müasir Azərbaycan poeziyasında Səməd Vurğun ənənələrinin ən istedadlı davamçılarından birinə çevrildi. Musa Yaqub vətən təbiətinin yorulmaz tərənnümçüsü olan böyük xalq şairi Səməd Vurğunun doğma təbiət poeziyasını inkişaf etdirdi, oraya doğma kənd, oba, ocaq, ata evi və digər obrazları gətirdi. Həmin obrazlar Musa Yaquba qədər də bizim poeziyamızda vardı, amma bunlar heç bir şairin ilhamının əsas və konkret predmeti deyildi. Musa Yaqubun qələmində bu obrazlar böyüdü və onun lirikasının şəriksiz predmetinə çevrildi.

Vətən və ocaq mövzusu. Poeziyada atdığı ilk addımlardan Musa Yaqubun poeziyasının mərkəzi motivi doğma torpaq və doğma ocaq mövzusudur. Şair üçün dağların başındakı doğma Buynuz kəndi ancaq təbiətin gözəl guşəsi olduğuna görə onun üçün əziz deyil. Şirvan torpağının gözəlliyi, onun incisi olan İsmayıllı bölgəsinin misilsiz təbiəti bundan əvvəl də bizim ədəbiyyatımızda, tariximizdə öz əksini tapmışdır. Şair özü bunu yaxşı bilir və bir sıra şeirlərində tərənnüm edirdi. Lakin şair üçün təbiət mücərrəd bir anlayış deyildir. O öz doğma kəndinin gözəlliyini də ancaq estetik baxımdan tərənnüm etmir. Şair üçün doğma təbiət, ilk növbədə vətən və yurd yeri kimi əzizdir.

Bu baxımdan şairin “Kəndim, evim...” şeiri xüsusilə səciy­yə­vidir. 1973-cü ildə yazılmış bu şeirdə şairin doğma torpaq və tə­biət haqqında konsepsiyasının əxlaqi məzmununu izləmək müm­kündür. Şair üçün torpağın müqəddəsliyi və ülviliyi onunla ba­ğ­lıdır ki, burada onun ata və anasının ayaq izləri qalmışdır, bura­da onlar məzarlarında uyuyurlar. Torpağa məhəbbətin düsturunu şairə atası vəsiyyət etmişdir:



Atam son sözündə demişdi mənə,

Dünyanı bu yerdən baxanda sevin,

Yer var

Himalaydan görünməz mənə,

Ən dərin dərədən görünər evim.
Gətirdiyimiz sətirlərin sonuncusu xüsusilə mənalıdır. Şair demək istəyir ki, yetkin insan öz evini, ocağını, torpağını hər yerdən görməlidir. Ocağı görmək üçün Himalay dağlarının zirvəsində olmağa ehtiyac yoxdur. Onu yerin altından da görmək lazımdır. Belə görmə torpaq və ocaq sevgisidir. Sevgi isə insanın yaddaşında, qəlbində olur. Şair həm də vətən sevgisinin düzgün anlayışını təqdim edir: vətən doğulduğun evdən, ilk addımlarını atdığın ocaqdan, həyətdən, suyunu içdiyin bulaqdan, meyvəsini yediyin ağacdan başlanır. Torpağın müqəddəsliyi bundadır. Mücərrəd gözəllik ölçüləri ilə torpağı həqiqətən sevib dərk etmək müm­kün deyildir. Ona görə də Musa Yaqubun təbiət sevgisi onun Buy­nuz kəndinə gözünü açandan yaranmış bağlılığından ayrıl­mazdır. Şair doğma kəndini əhatə edən qayaları belə, özünün əsas həyat dayaqları və himayədarları hesab edir:
Hay desəm qayalar gələr haraya,

Atıb öz çiynindən dumanı, çəni,

Dağlar beşik kimi alıb araya

Uyudar kəndimi, uyudar məni.
Şair üçün bu, şübhəsiz bir həqiqətdir: dünyada yaşayan hər bir adamın ən müqəddəs hisslərinin mənbəyi onun üstündə boya-başa çatdığı torpaqdır. “Bir parça torpağa verib könül, can, yaşar bu dünyada bir ad, bir ünvan...” Bu, insan yaddaşının ümumi qanunudur: hətta digər canlılar da doğulduqları yerlərdən heç vaxt uzaqlaşmır, hər il ora dönür, tale onları didərgin edəndə isə onlar gec-tez ora, göz açdıqları bir parça torpağa qayıdırlar. Səməd Vurğunun “Azərbaycan” şeirindəki vətənçilik ənənələrini inkişaf etdirən şair özünün doğma ocaq və ev formulunu sadə sətirlərdə belə əyaniləşdirir:
Armudlu bir həyət,

Sadəcə bir ev,

Qaranquş yuvalı,

Dağlar havalı.

Bir də Canalıya baxan o eyvan.
Bu sətirləri oxuyan oxucu anlayır ki, şair öz kasıb hə­yət­lə­rini təsvir edir. Burada şair bilərəkdən sözə də xəsisliklə yer verir. Çünki o, bilərəkdən dünyanın böyüklüyü ilə müqayisədə bu həyətin balacalığını nəzərə çarpdırmaq istəyir. Şairin əsas məntiqi və məna vurğusu da bu həyətin fiziki balacalığı ilə mənəvi ülviyyəti arasındakı əksliyi ortaya qoymaqdır. Dünyanın nöqtə boyda balaca bir yeri - onun ata həyəti şair üçün ucsuz-bucaqsız dünyanın mərkəzidir. Bu mərkəzin, ocağın müqəddəsliyi şair üçün onun atasının adını və ünvanını daşımasındadır. Bu misrada və fikirdə dərin məna vardır. Çünki torpaq gözəl olduğuna görə sevilə bilər, amma konkret adamlar üçün müqəddəs bir ünvana və mahiy­yətə çevrilə bilməz. Nə üçün gözəllik torpağın müqəd­dəs­liyi üçün kifayət etmir? Ona görə ki, gözəllik bir andır, amma mü­qəddəslik isə əbədilikdir, yaddaşın fasiləsizliyidir, onun qanla nəsildən-nəslə keçmə qabiliyyəti ilə bağlıdır. Bu mövzu və motiv ilk addımlarından başlayaraq şairin yaradıcılığından, şeir və poemalarından fasiləsiz bir qızıl xətt kimi keçir. Bu da təsadüfi deyildir, çünki insanın həqiqi torpaq və vətən sevgisi onun yaddaşından doğur. Şair doğma ata evinin müqəddəsliyini də öz həyətləri və ocaqları timsalında əyaniləşdirir və oxucuya çatdırır:
Tapdım bir əbədi səcdəgah yeri,

Bir ata ruhu var,

Bir ana mehri.

Yaşar bu dünyada, yaşar bu daşda.

Bu oda, ocağa bağlandı könlüm.
Ata yurdunun müqəddəsliyi ondadır ki, burada insanın qanı və nəsli davam edir, babaları atalar, onları nəvələr əvəz edir və bu fasiləsizlik insan yaddaşının torpaqdan ayrılmazlığı kimi şərtlənir. Oca­ğın, ata yurdunun müqəddəsliyi də bundadır. Bu mü­qəd­dəs­liyin ­digər şəkli isə ocaqda fasiləsiz olaraq yeni nəsillərin dün­ya­ya gəlməsidir. Bunu da şair özünəməxsus sadə misralar şəklində poe­tikləşdirir:
Evimdə pöhrəli budaqlar kimi,

Hey körpə əlləri göyərir yenə.

Sonra da bu əllər yarpaqlar kimi

Bitib astanada əl eylər mənə.

Şair üçün böyük dünya ilə insanın bütün bağları, əlaqələri bu bir parça ata yurdu vasitəsilə bağlanmışdır. Bu fikri digər şeirlərindən birində konkretləşdirən şair Buynuz kəndinin təbiəti ilə dünyanın böyüklüyü arasında paralellər və əlamətlər tapır. Bəzən isə özünü bu kənddə kainatın mərkəzində olduğu kimi dərk və hiss edir. “Mənim kainatım” şerində şair qürurla deyir: mən balaca kəndimdə də böyük dünya ilə əlaqələr tapmışam:


Dünyaya gəlmədim hayla, harayla,

Bir sakit guşədə,

bir döşdəyəm mən.

Gündüzlər günəşlə,

Gecələr Ayla,

Səhərlər quşlarla görüşdəyəm mən.
Təbiət lirikası. Musa Yaqub yaradıcılığının orijinal bir ob­raz mənzərəsi vardır. Bu mənzərənin orijinallığı onun poe­zi­ya­sı­nın başlıca olaraq təbiətdən götürülən obrazlar üzərində qu­rul­ma­sı­dır. Hətta ən mücərrəd fəlsəfi və əxlaqi mətləblərdən bəhs edən­də belə o, öz fikirlərini təbiətdən gələn yarpaq, budaq, vələs, qara­ğac, qaya, bulaq, çiçək kimi obrazlar üzərində əyaniləşdirir. Ona gö­rə şairin əsərlərinə təbiət bir mövzu və mətləb olmaqdan başqa, həm də bir rəssam fırçasının rəngləri kimi, obraz sırası kimi də hop­muşdur. Şair hər şeydə təbiilik və doğruluq, torpaq halallığı tərəf­darıdır.

Hətta şairlik kimi incə bir peşə, söz sənəti də onun üçün təbiilik rəmzidir. Həqiqi şair hər şeydə təbii və əxlaqlı olmalıdır. “Bir şair dostuma məktub” adlı şeirində müəllif şairlik və şeir anla­yışlarını fərqləndirməyə çalışır. Şairlik peşədir, hər kəs istəsə şair­lik yolunu seçə bilər. Amma şeir anlayışı müqəddəsdir, çünki şair­lik edənlərin hamısı həqiqi şeir yaradıcısı ola bilmir. Siya­sət­baz­lıqla, hər məclisdə barmaq üstə qalxmaq hesabına olsa belə, gö­zə girmək cəhdləri şairi cəmiyyətdə populyar edə, geniş tanıda bilər. Amma populyarlıq Musa Yaquba görə şeirə aid məsələ deyil. Çünki şeir sözdən doğan bir qüdrətdir, möcüzə yaratmaq poten­sialıdır. Hər şairdə bu alınmır, ona görə şairlərin sayı min­lərlə, həqiqi şeirin ünvanı isə onlarla və ondan da az olur. Çünki həqiqi şeir zamanın ələyindən keçir, amma siyasətbaz şairlər bu ələkdən keçə bilmir:


Siyasətlə alınmış

Quru şöhrət, bu ad-san!

Şairə xeyri dəyər,

Bunun şerə nə dəxli?!
Şairlik də Musa Yaqub üçün dünyanın ən təbii peşəsidir, çün­ki həqiqi şeirləri təbiət özü yaradır, insan içindəki təbii səslər yarad­ır.

“Sözüm” adlı şeirində şair poetik sözü, həqiqi şeiriyyəti ov­sun və sehr adlandırır, məhəbbət kimi təbii adlandırır. Şerin hə­qiqisi təbiət və torpaq kimi əbədilik xassəsinə malikdir:



Tamam ovsun olan, tamam sehr olan,

Nisgil, giley sözüm, məhəbbət sözüm.

Bizimlə doğulub daha ölməzim,

Əbədiyyət sözüm, qənimət sözüm.
1960-70-ci illərdə şairin kitablarının adları belə təbiət obraz­ların­dan ibarətdir. Şair canında qurşun(güllə) gəzdirən maralı, zəlzələdən İsmayıllını tərk edən göyərçinləri, çılpaq daşlar üstün­də bitən vələsi, atasının məzarına yağan qarı, ağacdan əbədi düşən yarpağı, danışan söyüdü, dağ döşündə tənha daxmanı və digər onlarla belə obrazı öz poeziyasının əsas qəhrəmanlarına və leyt­motivinə çevirmişdir. Təbiəti duymağa, sevməyə və qorumağa çağı­rış onun poeziyasının mayasını təşkil edir.

1980-ci illərdən başlayaraq Musa Yaqubun təbiət poe­ziya­sına nisgil və kədər notları daha artıq qarışır. Kədər, ömrün qısa­lığı, tənhalıq motivləri onun ən yaxşı şeirlərində parlaq ifadəsini tapır. Doğru deyirlər ki, həqiqi lirika ilə kədər ayrılmazdır və bunun təsdiqini şairin yetkin illərinin çoxsaylı nümunələrində də görürük. Musa Yaqubun bu dövr lirikasında Şəhriyar kədərinin və nostalgiyasının notları güclüdür. Bu təsir onun bir sıra ən gözəl şeirlərinin dilində də öz əksini tapmışdır.

Musa Yaqub yeni və həzin ahəngi, vətən təbiətinə bağlılığı ilə böyük rəğbət qazanmışdır. Onun lirikasında meşə sükutunun, dağ yağışının əbədi ahəngi vardır. Azərbaycanın gözəl guşəsi olan İsmayıllı meşələrinin və dağlarının ab-havası şairin bütün düşüncəsinə hopmuşdur. Musa Yaqubun yaradıcılığında duyğu, hiss, ovqat, intuisiya fikir başlanğıcından daha aparıcıdır. O, şeirləri bütün varlığı ilə yazır. Ona görə də şairin şeir dili müasir poeziyada bənzərsiz bir hadisədir. İlk baxışda onun misraları adi danışığı xatırladır, lakin onları oxuduqca, daşıdığı emosiya və ovqat yükünü duyduqca şairin şeir dilinin sehri, qüdrəti üzə çıxır.
Musa Yaqub müasir poeziyada məhəbbət lirikasının ən parlaq nümayəndəsidir:
Taleyin qisməti rast saldı bizi,

Yolumuz hardasa qırılacaqsa,

İtirəcəyiksə bir-birimizi,

Xatirəm yadında qalmayacaqsa,

Bu əllər mənimki olmayacaqsa,

Bu tellər mənimki olmayacaqsa,

Sən Allah, özünə öyrətmə məni,

Hicran qorxusuyla göynətmə məni.
Şair ömrünün yarısından sonra qismən də şəhərdə yaşamış, şəhərli olmağa çalışmışdır. Onun bu illərdə yazılan şeirlərinin hamısı kənd nisgili, kənd həsrəti ilə doludur. Onlarda həzin bir poetik kədər vardır və bu kədər şairin poeziyasının lirik təsir qüvvəsinin kövrəkliyini daha da artırır. Şairin “Dəyirman”, “İndi desəm nağıldır” kimi poemalarında həmin duyğular öz əksini tapmışdır.

Poemaları. Musa Yaqub bütün yaradıcılığı boyu müxtəlif həcmli poemalar yazmışdır. Onların sayı iyirmidən çoxdur. Bu əsərlərin əksəriyyəti lirik poemalardır. İri, uzun süjetli mövzular onu bir şair kimi heç zaman cəlb etməmişdir. Əksinə, onun lirik poemaları poeziyasının əsas mövzuları ilə həmişə bağlı olmuş və bu mövzuları daha da dərinləşdirməsi ilə seçilmişdir. Bu poemaların ən yaxşıları onun doğma torpağı olan Buynuz kəndindəki həyatı ilə bağlıdır. Onun bəzi poemalarını süjetli uzun şeir­dən fərqləndirmək belə, çətindir. “Bu məhəbbət yaşadar məni”, “Şirvan alverçisi və Nəsimi”, “Ad”, “Neft daşlarında gecə yarı”, ”Quşların qış söhbəti”, “Dəyirman”, “Min ilin bir gecəsi”, “Qır­qovulam, təkəm mən”, “ Babadağın ağ dumanı” və sair nü­mu­nələr bu qabildəndir. Şairin “Dəyirman” və “Köhnə dəyir­mana sözüm” poemaları müxtəlif əsərlər kimi dərc olunsa da, onlar eyni mövzunun davamı təsiri bağışlayır. Dəyirman şair üçün əbədilik, həyatın fasiləsizliyi rəmzidir və bu barədə müəllifin lirik şeirləri də vardır.

Musa Yaqub uşaqlığı Böyük Vətən Müharibəsi dövrünə təsa­düf edən sənətkarlarımızdan biridir. 1960-cı illər ədəbiy­yatının digər yazıçıları kimi onun da yaradıcılığında və yad­da­şın­da müharibə dövrü həqiqətləri və xatirələri mühüm yer tutur. Bu mövzuda onun bir sıra lirik şeirləri kimi, lirik poemaları da vardır. “Hər məktubdan bir sətir” poeması da onlardan biridir. Bu əsər Böyük Vətən Müharibəsinin şöhrətli qəhrəmanlarından biri, 416-cı Azərbaycan diviziyasının döyüşçüsü Vahab Qasımova həsr edilmişdir.

“Un işığı” poeması şairin müharibə dövrünə həsr olunmuş ən yaxşı əsərlərindən biridir. Şairin müharibə başlananda dörd, qurtaranda isə səkkiz yaşı var idi. Ona görə əsərdəki müharibə obrazı, hadisələrin təsviri xəyalla gerçəklik arasındadır. Hətta müəllif özü poemanın bir yerində deyir ki, nəql etdiyi hadisəni şəxsən gördüyünü, yoxsa yuxusuna girdiyini ayırd eləyə bilmir. Belə detallar isə əsərin lirizmini, onun emosional təsirini artırır.

“Un işığı” poemasının süjeti çox sadədir. Burada əsas mövzu müharibə və mənəviyyat məsələsinə aiddir. Məlumdur ki, müharibə milyonlarla insanların yaddaşında, ilk növbədə aclıq və qıtlıq dövrü kimi qalıb. Bu aclıq isə yarım və ya bir il yox, dörd ildən artıq davam etmiş və müharibədən sonrakı iki-üç ildə də hiss olunmuşdur. Ona görə odun və alovun içində vuruşanlar üçün müharibə ölüm və qəddarlıq rəmzi idisə, arxa cəbhədəki ana və bacılar, qocalar və uşaqlar üçün aclıqla imtahandan ibarət olan uzun illər kimi yadda qalmışdır. Müharibə illərində cəmiyyətin ixtiyarında olan bütün maddi sərvətlər, ilk növbədə döyüşən ordunun ehtiyaclarına yönəldilirdi. Hətta kənddə yığılan taxılın, buğdanın hər bir dənəsi uçota alınır və döyüşən qızıl əsgərlərin ehtiyaclarına sərf olunurdu. Belə bir şəraitdə hətta təbiətdən gələn bərəkətin əsas ocağı olan kənddə də kəskin aclıq, ehtiyac hiss olunurdu.

Poemanın mərkəzində müharibədə olan əsgərin ailəsi - azyaşlı Səlim və onun anası Güllü xala dayanır. Bu ailənin sahibi olan əsgərdən sonuncu dəfə üç il əvvəl məktub gəlib, amma Güllü xala namuslu və dözümlü Azərbaycan qadınıdır, ərinin sağ olduğuna inanır və məktubların kəsilməsinə baxmayaraq, ərini mətanətlə gözləyir. O, inanır ki, Səlimin atası Cəfər mütləq davadan sağ-salamat qayıdacaq. Amma Səlim hələ balacadır, anasının balağından tutub gəzir. Başlıcası isə, onun canı hələ zəifdir, iradəsi bərkiməyib, böyüklər kimi aclığa dözə bilmir, “Çörək yoxdur” cümləsinin sərt mənasını anlamır. O, ağlayıb anasından çörək istəyir. Anası Güllü xala çarəsiz qalıb: çörək yoxdur. Kənddə isə bir Quzğun Zəki adlı möhtəkir var. O, kasıb evlərin, ailələrin qənimidir. Bir nimçə una evlərdə olan bütün qiymətli şeyləri tələb edir. Bahalı xalçaları, yorğan-döşəyi, gümüş qab-qaşığı alıb şəhərlərdə baha qiymətə satır və özünə mal-mülk toplayır. Kəndin sadə adamları, namuslu kişiləri kimi Güllü xala da ona nifrət edir. Ona görə Güllü xala məğrurluqla deyir:
Lap bir batman buğda verə,

Mən getmərəm Zəkigilə.
Zəki min bir fırıldaqla rayonda yetimxanaya müdir olub. Ona özü kimi tamahkarlar, digərlərinin faciəsi üzərində sərvət yığmaq istəyənlər kömək ediblər. İnsanların əksəriyyəti kasıb olsa da, aclıqdan əzab çəksə də, Quzğun Zəkiyə nifrət edirlər, onun topladığı sərvətdə günah görürlər və inanırlar ki, o, yığdıqlarını qan kimi qusacaqdır, pis əməlləri onun boynundan ilan olub sallanacaqdır.

Güllü xala aclıqdan ağlayan oğlu Səlimi ovutmaq üçün kənd qonşusu Zərif bacıgilə üz tutur. Poemanın digər müsbət qəhrəmanları bu ailədədir. Zərif bacının əri müharibədə deyil, kolxozda işləyir. Onların da Səlim yaşında oğlan uşaqları var. Bu adsız verilən uşağın prototipi şair özüdür. Üçüncü obraz isə onun yenə adsız təsvir edilən atasıdır. Şairin öz atası haqqında xeyli lirik şeirləri də vardır. Burada isə Musa Yaqub öz atasını poemanın əsas müsbət qəhrəmanı kimi təqdim etmişdir. Bu obraz şairin bütün poeziyasından qırmızı xətt kimi keçir və kənd halallığının timsalı kimi verilir.

“Un işığı” poemasında Zərif xalanın əri kimi verilən bu surət müəllifin əxlaqi mövqeyini və meyarını əks etdirir. İki qadının – Güllü xala ilə Zərif xalanın evin artırmasındakı söhbəti onunla bitir ki, Zərif arvad qapıya gəlmiş qonşunu əliboş geri qaytarmır, ona deyir:


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin