FƏRMAN KƏRИMZADƏ
(1937-1989)
Həyatı və fəaliyyəti. Kərimov Fərman İsmayıl oğlu 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur. O, ibtidai təhsilini 1944-1951-ci illərdə doğma kəndindəki orta məktəbdə almışdır. Lakin Stalin rejiminin Ermənistandan bir sıra kəndlərin əhalisinin Sovet Azərbaycanı ərazisinə köçürülməsi haqqında qərarı Fərmanın atası İsmayıl kişinin də ailəsinin taleyində faciəli rol oynayır və ailə sərgərdan bir həyata məhkum edilir.
Gələcək yazıçının ailəsi Azərbaycanın Jdanov (indiki Beyləqan) rayonunun Şahsevən kəndinə köçürülür və Fərman orta məktəbi 1954-cü ildə bu kənddə bitirir. Həmin il Fərman Bakıya gəlir və uşaqlıqdan əl qabiliyyəti olduğuna görə 1955-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. O, 1960-cı ildə buranı bitirdikdən sonra 1962-1965-ci illərdə İsmayıllı və Beyləqan rayonlarında orta məktəblərdə rəsm müəllimi işləyir.
Fərman gənc yaşlarından bir yerdə qərar tuta bilməyən adam idi, daimi köçmələr, yerdəyişmələr, iş yerlərinin dəyişdirilməsi onun həyat tərzinin xüsusiyyəti idi. Bu, bəlkə də onun köçkünlük taleyinin yaratdığı psixi xüsusiyyət idi. O, sərbəstliyi, azad yaradıcı həyatı, rəssam həyatını sevirdi. Amma həyat da öz tələblərini diktə edirdi. Rəssamlıqdan pul qazanmaq imkanı olmadığına görə Fərman orta məktəbdə müəllimlik etməyə məcbur idi. Amma o məktəb hüdudlarına sığan adam deyildi. Rayonda müəllim işləsə də, Bakıya tez-tez gedib gəlirdi. Yaradıcı mühit onu özünə çəkirdi. Məktəbdə isə bu hündür boylu, pəhləvan cüssəli, qalın lopa bığ saxlayan cavana hörmət edirdilər. O, çox qılıqlı adam idi, hamı ilə dil tapır, qəliz məsələləri sadələşdirir, yerlilərinin əlaqələrindən də istifadə edirdi.
Fərman hələ orta məktəbdə oxuyanda şeirlər yazırdı. Lakin bu şeirlər mətbuata çıxacaq dərəcədə uğurlu çıxmırdı. Amma onun ədəbiyyata, xalq yaradıcılığına, xalq nağıl və dastanlarına məhəbbəti keçici deyildi. O, bir əlində fırça, o birində qələm tutaraq yaşayırdı. Şeirlərlə yanaşı, uşaq hekayələri də yazır, özü də onlara illüstrasiyalar çəkirdi.
1961-ci ildə Fərmanın “Sonuncu eksponat” adlı 24 səhifəlik kitabçası çıxdı. Onun 1963-cü ildə çıxan ikinci uşaq kitabı “Ömrümüz, günümüz” adlanırdı və 40 səhifədən ibarət idi. 1965-ci ildə gənc yazarın üçüncü uşaq kitabı çıxdı və bu kitab artıq 64 səhifədən ibarət idi. Fərman bu kitabları xatırlamağı sevmirdi. Amma bunlar onun ədəbi mühitdə özünü yaxşı hiss etdiyini, özünə yol açmaq bacarığının yazmaqdan daha fəal olduğunu göstərirdi. O biri tərəfdən, onun yazıları dil cəhətdən sadə və aydın idi, xalq danışıq dilinin imkanlarını da özündə əks etdirirdi.
O dövrdə Bakıda əslən Vedibasardan olan çoxlu ziyalılar çalışırdı. Fərman onları axtarıb tapır və onların himayəsi sayəsində 1965-ci ildə onu Azərbaycandan kino mütəxəssisləri hazırlamaq üçün Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunun 2 illik Ali ssenari kurslarına yollayırlar.
1967-ci ildə Moskvadan qayıdan 30 yaşlı gənc yazıçı Dövlət Televiziyasında böyük redaktor vəzifəsinə işə düzəldi. Televiziyada canlı sözlə işləmək onun sözə qarşı həssaslığını artırdı. Amma bir yazıçı kimi o, hələ öz əsas mövzusuna - doğma Vedibasarın taleyi mövzusuna doğru gəlməkdə idi.
1970-ci ildə Kinostudiyada işə düzələnə qədər Fərman Kərimzadə bir müddət “Abşeron” rayon qəzetində, “Ədəbiyyat və incəsənət” qəzetində işlədi. Kinostudiya onun rəssamlıq və yazıçılıqdan sonra üçüncü sənət məhəbbəti idi. O, 7 il orada ssenari kollegiyasının üzvü oldu. Yazıçı oraya gələn ssenariləri oxuyub rəy verir, redaktə edirdi. Amma bu illərdə onun özünün bircə dənə “Axırıncı aşırım” tammetrajlı ssenarisi qəbul edildi. O, bir sıra sənədli filmlərin ssenari müəllifi oldu.
Ömrünün yeddi ilini kinostudiyaya həsr edən Fərman Kərimzadə kinodan uzaqlaşdı. 1971-ci ildə “Qarlı aşırım” romanının motivləri əsasında yazdığı ssenari əsasında çəkilən bədii film icarəyə buraxıldı və böyük uğur qazandı.
Yazıçı içindəki böyük potensiala inanırdı və kinostudiya-dakı vəzifəsindən çıxıb ədəbi mühitə qayıtdı. Bu sahədə onun yaxşı-pis dörd kitabı çıxmışdı. O, 1969-cu ildə “Ömrümüz-günümüz” kitabını genişləndirib 95 səhifə həcmində “Gənclik” nəşriyyatında çap etdirdi. O zaman bu kitablar ədəbi fakt olmaqdan başqa, yaxşı qonorar demək idi, uşaq kitabları böyük tirajlarla buraxılırdı. Həmin dövrdə Fərman “Ədəbiyyat və incəsənət” qəzetində xüsusi müxbir ştatına qəbul olundu. Bu, onun sevdiyi sərbəst ədiblik həyatı üçün gözəl fürsət idi, ona heç kim tapşırıq vermirdi, lazım olanda özü publisist yazılar yazırdı. Yazıçı 1980-81-ci illərdə bir müddət Şüvəlan Yaradıcılıq Evinin direktoru oldu. Lakin Fərman inzibati iş üçün doğulmamışdı. O, sonrakı qısa həyatını ədəbi yaradıcılığa həsr etdi.
1971-ci ildə Fərmanın “Qarlı aşırım” adlı ilk tarixi romanı həm də “Gənclik” nəşriyyatında çapdan çıxdı. Bu hadisə həm tarixi nəsrimizdə, həm də onun öz həyatında yeni mərhələ açdı. Roman görünməmiş uğur qazandı və Fərman onun tiraj pulundan firuzəyi rəngli VAZ-2101 markalı maşın aldı. Bu maşınla o Azərbaycanı qarış-qarış gəzib öz vedibasarlı yerlilərini axtarır, ata yurdunun folklor və rəvayətlərini toplayırdı. O, bu axtarışları ömrünün mənası sayırdı.
İlk romanın uğuru onun tarixlə ciddi maraqlanmasına səbəb oldu. Vedibasarın tarixindən başlayan axtarışlar onu Azərbaycanın tarixi taleyi ilə bağlı mövzulara gətirib çıxardı. Bu mövzu onun taleyi ilə sıx bağlı idi. O, 1970-ci illərin sonlarından Şah İsmayıl Xətainin dövrünü bir tədqiqatçı kimi öyrənməyə başladı və tarixi öyrənmək sahəsində axtarışları öz bəhrəsini verdi. Çətinliklərlə də olsa, onun səfəvilər dövrünə həsr etdiyi dilogiyası - “Xudafərin körpüsü”(1982) və “Çaldıran döyüşü”(1987) kitabları çapdan çıxdı. Bundan sonra Fərman romançı kimi, həm də vətənpərvər romançı kimi şöhrətləndi.
Tale Fərman Kərimzadəyə Ermənistandan qovulan növbəti köçkünlər dalğasının faciəsini də göstərdi. Köçkünlərin ikinci dalğası Bakıda onu bir qəhrəman kimi sevib təbliğ edirdi.
Fərman Kərimzadə 1989-cu il martın 17-də qəflətən vəfat etdi və Bakıda dəfn olundu.
“Qarlı aşırım” romanı. Fərman Kərimzadə 1970-ci illərdə tarixi mövzuda yazan ən istedadlı yazıçılardan biri idi. Onun “Qarlı aşırım” romanı sovet hakimiyyətinin qurulması illərinə həsr olunmuşdu. Əvvəlki dövrlərdə belə əsərlərdə əsas qəhrəman kimi inqilabçı fəhlə, kəndli, kasıb sinfin obrazı yaradılırdı. Adətən ya fəhlə kəndə gedirdi, ya da kəndli şəhərə gəlib bolşevik inqilabçı olurdu. Lakin Fərman Kərimzadə sovet hakimiyyətinin qurulması uğrunda ilk illərin tarixinə müraciət edərək sosialist realizminin qəliblərindən imtina etdi. S.Rəhimov. Ə.Vəliyev, Ə.Əbülhəsən, Mir Cəlal, M.Hüseyn və başqaları bu mövzuya müraciət edəndə, adi bir kəndlinin, məsələn çobanın necə gəlib inqilabçı olduğunu göstərməyə çalışmışdılar. Fərman isə sovet hakimiyyətinin qurulmasını sinfi mübarizə kimi deyil, vətəndaş müharibəsi kimi, hər iki tərəfin qəddarlığı kimi qələmə aldı. Digər tərəfdən o, sosialist realizminin əsas qəhrəman tipi olan əməkçi sinfi - fəhlə və kəndlini sovet quruluşunun yaradıcısı kimi göstərməkdən imtina etdi.
Romanda konfliktin hər iki tərəfində bəy obrazı durur. Əsərdə Şadlinski bolşeviklərin tərəfindədir, Kərbəlayı İsmayıl isə onlarla mübarizə aparır. Bu mübarizə vətəndaş müharibəsidir, tərəflər bir-birinin qanını içməyə hazırdır. Qəmlo obrazı bu baxımdan yazıçının uğuru idi. O, kafir bolşeviklərə nifrət edir, onların qanını tökəndə həzz alır.
“Qarlı aşırım” romanında əsas qəhrəman Abbasqulu bəy Şadlinskidir. Adından göründüyü kimi o, bəy nəslindən idi. Yazıçı sovet quruluşunun yaradılma dövrünə tam tarixi tərzdə yanaşmadan da imtina etmişdi. O, ata yurdu Vedibasarda sovet hakimiyyətinin qurulması barədə ağızlarda gəzən versiyalara əsaslandı. Əslində, yazıçı bir qədər folklorlaşmış tarixi qələmə almışdı. Azərbaycanda sosialist realizminin yuxarıda adları sadalanan yaradıcıları partiya təbliğatının tələb etdiyi müsbət inqilabçı obrazı yaratmışdılar və tarixi həqiqəti təhrif etmişdilər. Əslində, Azərbaycanda sosialist inqilabı, sinfi mübarizə olmamışdı. Ancaq vətəndaş müharibəsi olmuşdu. 1920-ci ildə Azərbaycanı işğal edən bolşeviklər yerli əhali arasında özlərinə meylli adamlar tapır və onlardan sovet quruluşunu yaratmaq üçün istifadə edirdilər. “Qarlı aşırım”da da hadisələr məhz belə verilirdi.
Əsərdə müsbət inqilabçı obrazı yaratmaqdan imtina edən yazıçı yeni tipli qəhrəman yaratmağa çalışır. O, burada milli xarakterin ən yaxşı və mərd xüsusiyyətlərini axtarmağa başlamışdı. Faktiki olaraq yazıçı, adətən belə əsərlərdə olduğu kimi, yeni quruluşun qələbəsini yox, xalqın ən yaxşı əxlaqi dəyərlərini təmsil edən insanların obrazlarını yaradır. Əsərin əsas müsbət qəh-rəmanı olan Şadlinski məşhur bəy nəslindən olan bir şəxsdir və o, sovetlərə tərəf olsa da, milli mentalitetə sadiqdir, mərdlik və qəhrəmanlıq ideallarının timsalıdır. Əslində, Abbasqulu bəy Şadlinskinin obrazı Fərman Kərimzadənin öz kəşfindən çox, el yaddaşının məhsulu idi. Yazıçı xalqın, elin tanıdığı, sevdiyi, nəsildən-nəslə ötürdüyü söhbətlərin qəhrəmanını ədəbiyyata gətirmişdi. Bu qəhrəmanın əsas cizgisi milli xarakterə bağlı olması idi.
Tarixi mövzuya müraciət edəndə inqilabçı kəndlini yox, milli xarakteri axtarmaq və göstərmək tarixə münasibəti kökün-dən dəyişirdi. Bu, tarixdə xalqın özünü, onun həqiqi tarixini axtarmağa bərabər idi. Fərman Kərimzadə “Qarlı aşırım”dan sonra yazdığı iki romanda - “Xudafərin körpüsü” və “Çaldıran döyüşü”ndə məhz bu yola gəlib çıxmışdı. Lakin ondan əvvəl bu istiqamətdə “Dəli kür” kimi roman yaranmışdı. Amma rəsmi tənqid o zaman Cahandar ağa obrazını tənqidi qəbul edirdi. Fərman Kərimzadə son iki romanı yaradanda isə tarixi vəziyyət başqa idi. Həmin vaxt Sovet İttifaqı dağılmaq ərəfəsində idi, milli ovqatlar hər yerdə üzə çıxmışdı.
Romanın uğur qazanmasında Kərbəlayı İsmayıl obrazının da mühüm rolu vardır. O, böyük bir elin həm gücü, həm də mənəvi rəhbəridir. Kərbəlayı sovet hakimiyyətinə tabe olmaq istəmir və əlində silah bu quruluşa qarşı mübarizə aparır. Əvvəlki dövrlərin tarixi əsərlərində belə adamlar karikatura kimi, ifrat qara boyalarla verilirdi. Lakin Fərman Kərimzadə Kərbəlayı İsmayılı kişilik, insanlıq və nəcib əxlaq mücəssəməsi səviyyəsinə qaldırır. Çünki yazıçı məhz bu qəhrəmanı xalqın milli cizgilərinin daşıyıcısı kimi qəbul edir. Hətta o, Kərbəlayı İsmayılı bolşevik Talıbovdan üstün mövqeyə qaldırır və daha yüksək rəğbətlə təsvir edir. Sovet dövrü nəsrində ilk dəfə idi ki, ədib əksinqilabçı surətini mənəvi cəhətdən bolşevik obrazından üstün bir surət kimi qələmə alırdı. Bu da ədəbi prosesdə gedən mühüm yeniliklərdən, tarixə münasibətdəki yeni prinsipləri göstərən amillərdən biri idi. Faktiki olaraq milli dəyərlər ədəbiyyatda sinfi dəyərlərin fövqünə qoyulurdu ki, bu da rejimin məfkurə böhranının əlaməti idi.
“Qarlı aşırım” romanında əks-inqilab cəbhəsini təmsil edən Qəmlo obrazı xüsusi qəddarlığı ilə seçilir. Lakin bununla yanaşı, onun bolşevik rejiminə qarşı çıxmasının aydın prinsipləri və əxlaqi əsasları vardır. Qəmlo və onun döyüşçüləri bolşevik kafirlərinin ideologiyasını, əxlaqını xalqımıza yad hesab edir və bunları qəbuledilməz saydıqları üçün silaha sarılıb dədə-baba dəyərlərinin müdafiəsinə qalxmışdılar. Yeni quruluşun gətirmək istədiyi sinfi dəyərlər, firqə və təşkilatlar tərəkəmə dağ kəndlərinin minillik həyat və əxlaq tərzinə, xalqın dini dəyərlərinə zidd idi.
“Qarlı aşırım” romanı sosialist realizmi estetikasının tarixi mövzuya münasibətlə bağlı ənənələrinə ağır bir zərbə vurdu. Bu zərbə, ilk növbədə Azərbaycan xalqının həqiqi tarixinin və taleyinin ədəbiyyata gəlməsinə yol açırdı.
“Xudafərin körpüsü” (1982) romanı bu istiqamətdə Fərman Kərimzadənin özünün atdığı addım idi. Onun növbəti qəhrəmanı Şah İsmayıl Xətai Azərbaycan torpaqlarını birləşdirən, vahid milli dövlət yaradan qəhrəman oldu. Əslində bu, XX əsrdə də Azərbaycan xalqı üçün aktual məsələ idi. Lakin yazıçı Şah Xətainin taleyində və tariximizdə Azərbaycanın milli birlik yaratmaq uğrunda mübarizələrinin ilk örnəyini görür və göstərirdi.
Lakin bu mövzu Fərmandan əvvəl Əzizə Cəfərzadənin “Bakı-1501” (1981) və Əlisa Nicatın “Qızılbaşlar” (1983) romanlarında qələmə alınmışdı. Əzizə Cəfərzadə öz romanını Xətainin Şirvana və Bakıya 1501-ci ildə etdiyi hücumu üzərində qurmuşdu. Böyük mədəniyyət sahibi olan bu qadın yazıçı həm mənbələrdən öyrəndiyi tarixi həqiqəti, həm də ədəbiyyat tarixindən və orta məktəb dərsliyindən tanıdığımız Xətai obrazını qorumağa çalışmış və buna nail olmuşdu. Əzizə Cəfərzadə öz romanında istər Şirvanşahlar, istərsə də Osmanlı Sultanlığı ilə Şah İsmayılın siyasi ziddiyyətlərini şişirtməməyə çalışırdı. Əlisa Nicat isə, əsasən Şah Xətainin Gilək bölgəsi ilə əlaqələrinə və fəaliyyətinin dini tərəflərinə diqqəti yönəltmişdi.
“Xudafərin körpüsü“ romanında Şah İsmayıl Xətainin (1487-1524) ömrünün 1487-1503-cü illərə aid hissəsi qələmə alınıb. Bu, təxminən Xətainin 1501-ci ildə tacqoyma mərasiminə qədərki dövrdür. Bu dövr isə onun və ailə üzvlərinin siyasi cəhətdən öz dayısı tərəfindən təqib olunduğu, anasının və Əlişah adlı qardaşının öldürüldüyü illərdir. Xətai Ağqoyunlu dövlətinin varislərinin hakimiyyət uğrunda qanlı mübarizələri dövründə böyümüşdü.
Romanda bu dövrün fəal siyasətçiləri, qəhrəmanın formalaşdığı tarixi şərait təsvir edilmiş, Uzun Həsən, Sara Xatun, Hüseyn Lələ bəy, Əbih Sultan kimi tarixi şəxsiyyətlərin yadda qalan obrazları yaradılmışdır. Yazıcı bir tayfa içində gedən hakimiyyət davalarının siyasi şərtlərini, hakimiyyət ehtiraslarının xalq üçün həmişə faciəli nəticələr verdiyini dəfələrlə vurğulamışdır. O, göstərmək istəyirdi ki, məhz bu ehtiraslar Azərbaycanın birliyi yolunda həmişə tarixi maneə olmuşdur.
Həmin obrazların bir qismi ilə “Çaldıran döyüşü” romanında da təzədən rastlaşırıq. Buradakı hadisələr Qərbi Azərbaycan torpaqlarının tarixi, taleyi, buradakı tayfalarla əlaqələndirilir. Fərman Kərimzadə Ağqoyunlu dövlətini və onun irsini sözügedən ərazilərlə, oradakı tayfalarla inandırıcı şəkildə bağlayır. Sonuncu romanda, yazıçı hətta Şah İsmayılın Böyük Vedi kəndində - Fərmanın doğulduğu kənddə - qala tikdirdiyini dəqiq tarixi sənəd əsasında göstərir. Bu qalanın qalıqları indiyəcən qalmaqdadır.
Adında körpü sözü olan bu roman sovet vaxtı yaradılmışdı. O illərdə yəqin ki, Fərman Kərimzadə sovet dövlətinin dağılacağını təsəvvürünə gətirmirdi. Amma bu əsərdə yazıçının Azərbaycanın müstəqilliyi və gələcək birliyi barədə romantik istəkləri də əksini tapmışdır. Ona görə əsərdə bədii uydurmanın məhsulu olan səhnələr də çoxdur.
“Çaldıran döyüşü” romanı 1984-85-ci illərdə yazılıb və “Xudafərin körpüsü”nün davamıdır. Əvvəl yazılan roman Xətainin həyatının 1503-cü ilə qədər həyatını, ikinci roman isə 1503-cü ildən 1514-cü ilə qədərki həyatını, yəni Şah İsmayılın Çaldıran vuruşunda məğlubiyyətinə qədər olan hadisələri əks etdirir. Çaldıran döyüşünün özü, onun hazırlanması və gedişi romanın həcmində az yer tutur. Bu da təbiidir. Fərman Şah İsmayılı ideal kimi sevirdi, ona görə onun məğlubiyyətini qələmə almaq onun üçün mənəvi cəhətdən çətin idi. Həm də məlumdur ki, Şah İsmayıl Çaldıran döyüşündən sonra səkkiz il hakimiyyətdə olmuşdur. Lakin bu illərin romanda təsviri yoxdur. Yəqin ki, yazıçı romanın üçüncü hissəsini bu illərə həsr edəcəkdi və onu trilogiya kimi tamamlayacaqdı. Amma vaxtsız ölüm buna imkan vermədi.
“Çaldıran döyüşü”ndə Şah İsmayıl xalqımızın milli qəhrəmanı kimi qələmə alınır və yazıçının bu tarixi şəxsiyyətə xüsusi məhəbbəti əsər boyu duyulur. Həmin döyüş 1514-cü ilin avqustunda Osmanlı sultanı Birinci Səlimlə Şah İsmayıl arasında olmuşdu. Osmanlı qoşunu səfəvilərin ərazisinə girmiş, döyüş Cənubi Azərbaycanın Maku şəhəri yaxınlığında baş vermişdi. Nəticədə səfəvi qoşunu məğlubiyyətə uğramış, Osmanlı qoşunu Təbrizi tutmuş və altı gün sonra oranı tərk etmişdir. Fərman Kərimzadə hadisələri milli faciə kimi, eyni dildə danışan türk tayfalarının faciəsi kimi qələmə almışdı və bu, tarixi həqiqət idi. Yazıçını ən çox xalqımızın qəhrəmanlıq ruhu və tarixi maraqlandırır və bu keyfiyyətləri öz romanlarının əsas məzmununa çevirə bilirdi.
Romanda Çaldırandakı məğlubiyyətin şərtləri də az-çox açıqlanır. Avropalılar Soltan Səlimə kömək edirdilər. Bunun sayəsində onun qoşunu odlu silahdan istifadə edirdi. Onların 300-ə qədər topu və tüfəngləri var idi. Şah İsmayılın ordusu isə əsasən dini tərbiyəyə və İsmayılın Allah tərəfindən himayə olunması ideologiyasına əsaslanırdı. Qarşı tərəfin məhz odlu silahdan istifadə etməsi Şah İsmayılın döyüşçülərinin əqidə üstünlüyünü, qorxmazlığını hərbi amil kimi heçə endirirdi. Odlu silahlara laqeyd münasibət, onlardan istifadəyə qorxaqlıq kimi baxmaq yanlış təsəvvürlər idi. Bunlar Xətainin qurduğu dövlətin, bütün müsəlman Şərqinin zəmanədən geri qalmasına səbəb oldu.
Bir tarixi roman kimi “Çaldıran döyüşü” əhatəli əsərdir. Burada həm Orta Asiya dövlətlərinin siyasi vəziyyəti, həm də Osmanlı sarayı həyatından geniş mənzərələr verilir. Bu isə Şah İsmayılın tarixi işlərinin miqyasını daha yaxşı göstərməyə, Azərbaycan dövlətinin yaranma prosesini Şərqin bütün siyasi həyatı fonunda göstərməyə xidmət edir. Romanda Hüseyn Bayqara, Şeybani xan, Sultan Bəyazid, Sultan Səlim və başqa bir necə hökmdarın bədii obrazları yaradılıb.
Əsərdə Şah İsmayılın Orta Asiyalı hökmdar, lovğa Şeybani xanla mübarizəsi də öz əksini tapmışdır. Onlar arasındakı həlledici döyüşlər əsərin ən maraqlı hissəsini təşkil edir. Şah İsmayılın sərkərdəliyi ilə onun qoşunu Şeybani xanı məğlub edir və özünü də qətlə yetirir.
“Çaldıran döyüşü” romanında Azərbaycan xalqının tarixi və mənəvi mədəniyyətinin təsvirinə də geniş yer verilmişdir. Fərman Kərimzadə ixtisasca həm də rəssam olduğuna görə incəsənət tariximizin gözəl bilicisi idi. Əsərdə o dövrün Kişvəri, Füzuli, Süruri, Aşıq Qurbani kimi şairlərinin də obrazları vardır. Qəhrəmanların geyimi, bəzəkləri, silahları, hökmdarların sarayları tarixi həqiqətə uyğun şəkildə qələmə alınmışdır. Xətai əsərdə ədəbiyyat və mədəniyyət hamisi kimi, Azərbaycan mədəniyyətinin qayğıkeşi kimi verilir. Yazıçı romanda Şah İsmayılın bizə çatmış yağlı boya ilə işlənmiş iki şəklinin müəllifi, florensiyalı rəssam Françeskonun da gözəl obrazını yaratmışdır. Əsərdə o dövrün bütün görkəmli rəssam, memar və şairlərinin obrazları vardır.
Qeyd etməliyik ki, Xətai dövrünə aid Osmanlı və İran mənbələri arasında ciddi fərqlər və ziddiyyətlər vardır. Fərman Kərimzadə bu ziddiyyətlərə, ilk növbədə, Azərbaycan vətənpərvəri kimi yanaşmış, nə Osmanlı, nə də İran tarixçilərinin təsirinə qapılmamış, tarixi hadisələri Azərbaycan dövlətinin yaranma prosesi kimi qələmə almışdır. Yazıçının bu mövqeyini qəbul etməyənlər, ona tənqidi yanaşanlar da vardır. Lakin Fərman Kərimzadənin vətəndaşlıq mövqeyi, həm də uzaqgörənliyi nəticəsində o, müstəqil Azərbaycan dövlətinin yaranmasından təxminən səkkiz-on il əvvəl bu dövlətin siyasi və ideoloji əsasları üçün gərəkli və zəruri olan bir əsər ortaya qoymuşdu.
Fərman Kərimzadənin tarixi romanları 1970-80-ci illər nəsrinin ən qiymətli nümunələrindəndir. Bu əsərlərin vətənpərvərlik pafosu və mənası bu gün də yeni nəsil üçün öz əhəmiyyətini saxlamaqdadır.
Ədəbiyyat:
Azərbaycan yazıçıları XX-XXI yüzilliklərdə, B., 2011.
Qəzənfər Kazımov. Ağlın və qəhrəmanlığın vəhdəti haqqında roman, (Fərman Kərimzadənin “Çaldıran döyüşü” (B., 1987) romanına son söz.)
SABİR AZƏRİ
(1938-2010)
Həyatı və fəaliyyəti. Sabir Azəri 1938-ci il martın 22-də Azərbaycanın Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olmuşdur. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1956-1961). Sonra «Azərbaycan gəncləri» qəzeti redaksiyasında ədəbi işçi (1961-1962), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor (1962-1966), «Ədəbiyyat və incəsənət» qəzeti redaksiyasında publisistika şöbəsinin müdiri (1967-1968), «Ulduz» jurnalında nəsr şöbəsinin müdiri (1968-1973), məsul katib (1973-1976), «Ulduz» jurnalında baş redaktor müavini vəzifələrində işləmişdir (1976-1993).
Yaradıcılığı. Sabir Azəri nəsr yaradıcılığına oçerk və hekayələrlə başlamışdır. “Nişan üzüyü”(1969), “Kar qaya”(1972) kitablarından sonra ictimaiyyət tərəfindən tanınmışdır. İlk nəsr əsərləri uşaqlıq xatirələrinə və kənd həyatı materialına əsaslanır.
“Ovçunun xatirələri” silsiləsindən olan hekayələri Sabir Azərinin yaradıcılığında dönüş nöqtəsi sayıla bilər. Bu əsərlərlə onun həyat biliyinin və materialının yeni bir qatı açılmağa başlayır. Məhz ov mövzusu ilə onun nəsrinin mövzu və material fərdiliyi qüvvətlənir. Bu hekayələrdə 1960-cı illər kənd nəsrinin tipləri artıq yoxdur, yazıçı fərdi müşahidələrə, bəzən avtobioqrafik materiala əsaslanan canlı obrazlar yaratmağa başlayır ki, bu da onun nəsrinə yenidən ayrıca maraq yaratmışdır. “İlk təkan”, “Günəşə sarı gedəndə”, “Darıxan şəhər” kimi povestləri yazıçının yaradıcılığının ən yaxşı keyfiyyətlərini əks etdirirdi. Bu əsərlərdə artıq hər bir qəhrəman bir tale, tamamlanmış bir həyat faktı səviyyəsində mənalandırılır və nəsrə gətirilir.
“Günəşə sarı gedəndə” yazıçının sovet cəmiyyətində sosial çürümə və deqradasiya mövzusunda yazdığı ən yaxşı əsərlərindən biri idi. Burada da hadisələr rayon mərkəzinə köçürülmüşdür: amma bütün cəmiyyətdən söhbət getdiyi aydındır. Əsərin qəhrəmanı Mustafa yaxşı ovçu, həm də mədəniyyət evinin direktorudur. O, ovda maralların sürüsündə gördüyü hadisələri müşahidə edir və orada öz rayonlarındakı vəziyyətə paralellər tapır və bu barədə düşünür. Onun birbaşa müdiri Səttarzadə rayon mədəniyyət şöbəsinin müdiridir. Səttarzadə öz vəzifə səlahiyyətlərini özəlləşdirmişdir. Sərəncamında olan bütün işçilər mədəniyyət işinə yox, şəxsən onun rifahına, rüşvət toplamağa və özündən yuxarı müdirləri ilə bölüşməyə xidmət edir.
Mustafa da hiss edir ki, əslində o, mədəniyyət evinin müdiri deyil, Səttarzadənin şəxsi köləsinə çevrilib, hətta onun göstərişi ilə cinayət edir, qoruqda ov edir. Amma çürümüş sovet həyatında Mustafa üçün başqa seçim yoxdur: ya öz müdirinə nökər olmalı, ya da lap həyatın dibinə düşməlisən. Seçimi olmayanda insan da maral sürüsündəki heyvanlardan birinə bənzəyir. Birpartiyalı sovet sistemi şəraitində iş yerlərinin alqı-satqısı onların belə qeyri-rəsmi özəlləşdirilməsinə səbəb olurdu.
Yazıçı Mustafanın halına acıyır, humanist bir mövqedə durur. Sovet quruluşunun böhranı şəraitində balaca adamların seçimsizliyi cəmiyyətdə bədbinlik, kütləvi içki düşkünlüyü, müxtəlif variantlı faciələr yaradırdı. Mustafanın ovda azıb yol tapa bilməməsi də bunun rəmzidir. Bu surət dövrün əsas faciələrindən birini əks etdirən bədii tapıntı idi.
1970-ci illərdə bütün nəsrin ortaq mövzusu olan seçimsiz insan taleyi məsələsi yazıçının “Dalanda” adlı ilk romanında da tədqiq olunur. Bu əsər müəllifin böyük yaradıcılıq uğurudur. Sabir Azəri Bakıda keçən tələbəlik və ilk gənclik illərinin xatirələri əsasında gözəl bir roman yazmışdır. Romanın uğurunda qəhrəmanların təzə, canlı və konkret müşahidənin nəticəsi olması əsas rol oynamışdır. Romanın niyyəti bir kəndli balasının şəhər taleyinə həsr olunmuşdur, buna kəndlinin şəhərliyə çevrilməsi prosesi də demək olar. Roman göstərir ki, bu proses tam şəkildə baş tutmur və şəhərliyə çevrilmə ağır və əzablı bir mənəvi faciədir. Qafarın kənddə ata evi, sevgilisi qalmışdır. O, ömrü boyu bunların xiffətini çəkir. Nə şəhərli ola bilir, nə də burada özünü xoşbəxt hiss edə bilir.
Balaca sovet adamının, orta ziyalı təbəqəsinin seçimsizliyi, həyatını dəyişmək imkanlarının yoxluğu mövzusu həmin romanda da qüvvətli səslənir. Bunu Qafarla onun şəhərli arvadı Fəridənin münasibətlərində görmək olur. Fəridə Qafardan əvvəl ərdə olmuşdur. O, zirək, diribaş, həssas bir dul qadındır. Qafar ömrü boyu dul qadınla evləndiyini kənddəki yaxınlarından gizlətməli olur və bunun özü onun daxili aləmini şikəst edən bir amilə çevrilir. Fəridə ilə bir ömür yaşasa da, sonda Fəridə birinci ərinin yanında basdırılmağı vəsiyyət edir. Bu, ömrün baş tutmadığını elan etməyə bərabər bir addımdır. Eyni sözləri Qafarın kəndə qayıtmaq qərarı haqqında da demək olar.
Yazıçı Qafar obrazına humanistcəsinə yanaşır, bütün zəifliyi ilə yanaşı, onu yaxşı bir insan, daxilindəki təmizliyə söykənib yaşayan bir şəxs kimi təsvir edir. Cəmiyyətin dəyərləri məhz belə tragik təbiətli, təmizliyə inanan insanların çiyinlərində dayanır. “Dalanda” 1960-1970-ci illər nəsrinin ən yaxşı əsərlərindən biridir. Oxucu “Dalanda” povestindəki Fəridə ilə Qafarın münasibətlərini, bəzən öcəşmələrini, çəkişmələrini, ailədə doğan ixtilafın təbii təsvirlərini heç zaman unutmur. Son əsərlərində müəllif bu məsələlərə xüsusilə geniş yer verir. Saf, təmiz ailə qurmaq, onu insani əməl və ideallarla möhkəmlətmək ən mühüm amillər kimi təsvir olunur.
Yazıçı elə bu çərçivədə mövzu sahələrini genişləndirmək qayğısına qalır. Onun sovet hakimiyyətinin ilk aylarından bəhs edən “Duman çəkilir” povestinin mərkəzində Cəmil bəy, onun düşüncələri, ailəsi dayanır. Əlbəttə, bir bəy kimi, yazıçı onun düşüncələrinə biganə qalmır. “Bəlkə də qaytardılar” ovqatı kasıblaşan Cəmil bəyin də varlığında hiss olunur. Onun ali təhsilli oğlu sovet məktəbində dərs deyir. Amma bəy oğlu olduğu üçün onu kolxoza üzv saymırlar. Kolxoza girəndən sonra Cəmil bəy həyəcan keçirir. Ona öz nökərləri ilə bir yerdə işləmək ağır gəlir. Digər tərəfdən, kəndin Əhməd kimi demaqoq, araqarışdıran, rəzil adamları Cəmil bəyin pətəyinə çöp uzadıb ona rahatlıq vermir, müxtəlif qara fikirlərə düşməyə vadar edirlər. Canı boğazına yığılan Cəmil bəy arvadı Badam xanımla meşəyə qaçır. Badam xanım burada xəstələnir, ölür. Cəmil bəy təsadüfən özünə düşmən saydığı Səməndərlə görüşür. Və bu görüş hər ikisinin faciəsi ilə nəticələnir. Yazıçı demək istəyir ki, Cəmil bəylərin özlərinə də ehtiyatla yanaşmaq lazımdır. Düşməni dost etmək daha böyük həssaslıq, ürək tələb edir. (Hərçənd bu əhvalat Əbülhəsənin “Yoxuşlar” romanında Qumru-Kamran-Kamal xəttini yada salır.)
“Bozdağın nağılı”nda da yazıçı təmiz ailə münasibətləri məsələsinə toxunur. Kolxozçu İsanın öz arvadı Mələyə səmimi insani münasibəti oxucuda xoş hisslər doğurur. Ailə həqiqətən, elə bir güzgüdür ki, həm ərin, həm qadının mənəviyyatı burada tam büllurluğu ilə əks olunur. Deyərlər, “dost-dosta tən gərək, tən olmasa gen gərək”. Həm İsa, həm də Mələk ailənin ağırlığını qoşa çəkirlər. Bu ər-arvad bir-birinin qayğısına qalaraq, can yandıraraq, bir-birini duyaraq mehriban yaşayırlar. S.Azəri çoban həyatından bəhs edən trilogiyasında (“Qaya” - 1969, “Yol üstündə toy” - 1970, “Sarı at” - 1972) Qiyas adlı gəncin körpəlikdən anadan yetim qalmasını, daha sonralar çobanlıq etməsini, Səmayə adlı qızla bir-birilərini sevməsini, onunla ailə qurmasını bir sıra lövhələrdə təbii və canlı vermişdir.
Sabir Azəri insanda ikrah doğuran, öz əməllərinin bir növ cəzasını çəkən, xalq lənətinə və qarğışına tuş gələn ən eybəcər tiplərdən birini “Ölə bilməyən adam” povestində yaratmışdır. Xüsusilə belə adamların daxili eybəcərlikləri çətin anlarda vəzifə başında daha qabarıq nəzərə çarpır. Kənd sovetinin sədri işləyən Fətulla o qədər riyakar, pozğun, rəzil adamdır ki, onun əməlləri müharibə illəri ilə məhdudlaşıb qalmır. O, sonralar da paxıllığından, mərdimazarlığından, riyakarlığından əl çəkmir. Fətullaya “İblis” demək azdır. O, şüurlu surətdə hər adama bədxahlıq etməyə hazırdır. İndi onu sanki öz qara əməllərinin qarğışı tutub; sanki ayılıb; ölmək istəyir. Çünki o qədər eybəcərliklər törətmişdir ki, heç kimin onu görməyə gözü yoxdur. Xeyrə-şərə çağırılmır, adam yerinə qoyulmur.
Sabir Azəri xalq qəzəbinə düçar olmuş bu adamı dərinliyinə qədər ifşa edir və onun mükəmməl xarakterini yaradır. Qəribədir ki, belə bir adamı qəbiristanlıqda ilan vurub öldürür. Və bu təsvirlərdə müəllif oxucunu inandırır. Yazıçının istedadına, qələminə, həyatı bilmək bacarığına heyran olmamaq mümkün deyil.
Göründüyü kimi, bu ailə münasibətlərindən də kəndimizin adamları, onların psixologiyası, sevgi münasibətləri barədə xeyli təsəvvür əldə etmək olur. Lakin o dövrdə yazıb-yaratmış bütün yazıçıların ünvanına cəsarətlə demək olar ki, dövrün kəndi, onun yüksəlişi, tərəqqisi, sosial münasibətləri bu əsərlərdə göstərilənlərdən çox-çox yüksək və dərindir. Təəssüf ki, 1950-ci illərdə yaradılan və sadəliyi, dərin səmimiyyəti, qayğıkeşliyi ilə insanda nəcib hisslər oyadan Rayon Partiya Komitəsinin birinci katibi Buludxanov surətinə və onun həyat yoldaşı Mələk xanımın gözəl insani münasibətlərinə 1980-ci illərin eyni rütbəli və vəzifəli, maddi cəhətdən çox zəngin olan ailələrinin surətlərinin heç birində rast gəlinmir. Əksinə, bu illərin lap sonuncu əsəri “Dəhnə”ni götürsək, görərik ki, buradakı raykom katibi Salman dünyanın ən riyakar, rəzil adamıdır. O, raykom katibi olmasına baxmayaraq, təmiz və namuslu adamlardan intiqam alır, hər cür şərəfsizliyə enir. Hətta bir qədər cəsarətlə demək olar ki, həm 1930-cu illərin (“Saçlı”da Vahidov), həm 1950-60-cı illlərin (“Aran”da Buludxanov, “Firəngiz”də Firəngiz) partiya rəhbərləri surəti bundan sonrakı illərdə yaranan partiya rəhbərləri surətindən çox-çox dərin və mündəricəlidir.
Sabir Azəri öz yaradıcılığında müharibə mövzusuna da müraciət etmişdir. Müharibənin həm ön cəbhədə vuruşanların, həm də arxa cəbhədə çalışanların sinələrinə necə dağ çəkməsini yazıçının “İlk təkan” povestində görmək olar. Burada bir tərəfdən Osman kimi varlı, harın, başqalarının məhəbbətini, qəlbini pulun, sərvətin hesabına ələ keçirməyə çalışan adamların iç üzü açılırsa, digər tərəfdən, Soltan və Sənəm kimi məhəbbəti müqəddəs və uca tutan gənclərin arzu və kamının qönçə halında solması, bir sıra realist səhnələrdə təsirli göstərilmişdir.
Ümumiyyətlə, Sabir Azərinin əsərlərində torpağa qayıtmaq, ondan yapışmaq, ona söykənmək, bir sözlə, ilk başlanğıca, milli kökə, milli zəminə bağlanmaq ən aparıcı motivlərdən biridir.
Ədəbiyyat:
S.Azəri. Gecə məşəl yanır, Bakı, 1978.
B.Vahabzadə “İki povest”, “Ədəbiyyat və incəsənət”, 30 sentyabr 1978.
S.Azəri. Dalanda, “Yazıçı”, 1984(müqəddimə), səh.9
Dostları ilə paylaş: |